İKİNCİ Cİld on iKİNCİ FӘSİL



Yüklə 1,43 Mb.
səhifə5/30
tarix05.05.2017
ölçüsü1,43 Mb.
#16977
1   2   3   4   5   6   7   8   9   ...   30

7. CİHAD AYƏSİNİN NƏSXİ


«Onlar sizinlə Məscidul-haram yanında vuruşmayınca, siz də onlarla vuruşmayın! Əgər [orada] sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası ancaq budur!» (Bəqərə-191).

Əbu Cə᾽fər Nəhas və nəsx nəzəriyyəsinin bir çox tərəfdarları bu ayənin nəsx olunduğuna dair öz fikir və mülahizələrini irəli sürmüşlər. Çünki ayə Məscidul-haramın yaxınlığında müşriklərlə müharibə etməyin haram olduğunu bildirir. Bir halda ki, onlarla harada olursa olsun, hətta Məscidul-haramın içində belə vuruşmağın heç bir haramlığı yoxdur. Deyilənlərə görə Qətadə də ayənin nəsx olunduğuna əmin olmuşdur.



Müəllif:

Bu ayə də digər ayələr kimi nəsx olunmamış və verdiyi hökm hələ də qüvvədədir. Əgər nəsx olunsaydı hökmən bu ayəyə də dəlalət edərdi.

«Müşrikləri harada görsəniz, öldürün.» (Tövbə-5).

Lakin bu ayə heç də cihad hökmünü bəyan edən (Bəqərə surəsinin 191-ci) ayəsinin nəsx olunmasına dəlalət edə bilməz. Çünki, bu ayə qan tökülməsinin yalnız müəyyən bir yerdə, yə᾽ni Məscidül-haramda haram olduğunu bildirir və göründüyü kimi istina xarakteri daşıyır. İkinci ayədə isə, «ümumiyyət xarakteri» daşıyan bir hökmün verildiyini müşahidə edirik. Necə ki, ayədə deyilir (Müşrikləri harada görsəniz öldürün). Və mə᾽lum olduğu kimi ümumiyyət xarakteri daşıyan bir hökm, hər hansı bir müəyyən məsələyə dəlalət edən hökmü nəsx etməyə qadir deyildir. Bəlkə əksinə olaraq müəyyən hökmlər ümumiyyət xarakteri daşıyan hökmləri təfsir və izah edir.

Hər iki ayənin ümumi məfhumunu nəzərdən keçirərək belə bir mə᾽na əldə edirik. (Müşriklər harada olurlarsa olsunlar, onlarla vuruşun və harada görsəniz öldürün. Məscidul-haramın isə əzəmət və ehtiramını qoruyub saxlayın. Sizinlə orada vuruşmayınca, vuruşmayın. Yox əgər həddi aşaraq onun yaxınlığında belə sizlərə həmlə edərlərsə, özünüzü müdafiə edin və onlarla mübarizə aparın).

Verilən izahları nəzərə alaraq deyə bilərik ki, cihad hökmünü verən ayənin nəsx olunması qeyri-məntiqi və əsassızdır. Çünki, hər iki ayənin məfhum və məzmununda ziddiyyət nəzərə çarpmır.

Bə᾽zən ayənin nəsx olunmasına dair bu məzmunda nəql olunmuş rəvayətə istinad olunur. Rəvayətdə deyilir: «Peyğəmbər (s), Kə᾽bənin pərdəsindən asılmış ağır cinayət törədən İbni Xətlin qətlinə fərman verdi.»

Lakin bu rəvayətlə ayənin nəsx olunduğu sübuta yetməyir. Əvvəla ona görə ki, rəvayət vahid xəbər halında nəql olunmuşdur. Vahid xəbərlə isə ayənin nəsx olunduğu sübuta yetirilmir. Digər tərəfdən isə rəvayət ayənin nəsx olunmasına əsla dəlalət etmir. Çünki əhli sünnə alimləri Peyğəmbərdən (s) nəql edirlər ki, «Məscidul-haramda bir şəxsin qətlə yetirilməsi məndən əvvəl kimsəyə icazə verilmirdi. Mənim özümə də yalnız Fəth (Məkkənin fəthi) günü bir saat ərzində bu şəxsin qətlə yetirilməsinə icazə verildi.

Rəvayətdən belə mə᾽lum olur ki, bu yalnız Peyğəmbərə (s) xas bir hərəkət olmuş və ayənin nəsx olunması ilə heç bir əlaqəsi yoxdur. Belə bir əsassız məntiqə isə yalnız bə᾽zi fəqihlərin şəxsi rə᾽yləri əsasında verdikləri fitvalarla əsaslanmaq olar. Bir halda ki, bizim istinad edəcəyimiz yeganə mənbə müxtəlif şəxslərin verdikləri fitvalar deyil, həqiqəti bəyan edən Qur᾽an ayələridir.

8. HARAM [MÜQƏDDƏS] AYLARDA MÜHARİBƏNİN HARAM OLDUĞUNU BƏYAN EDƏN AYƏNİN NƏSXİ


«[Ya Məhəmməd!] Haram olan ayda vuruşmaq haqqında səndən soruşanlara söylə: O ayda vuruşmaq böyük günahdır...» (Bəqərə-217).

Əbu Cə᾽fər Nəhas deyir: Əta istisna olmaqla, əhli-sünnə alimlərinin bir çoxu belə bir fikirdədirlər ki, ayə nəsx olunmuş və haram aylarda müşriklərlə müharibə etmək halal və mubahdır (yə᾽ni icazə verilir). Ətanın fikrincə ayə nəsx olunmamışdır və möhkəm ayələr icrasına daxildir. Və haram aylarda müşriklərlə müharibə etmək ayənin verdiyi hökmə əsasən haram və yol verilməzdir.

Amma şiə alimlərinin fikrincə ayə nəsx olunmamış və nəql olunmuş rəvayətlərə, verilən fitvalara əsasən ayənin verdiyi hökm qüvvədə qalmaqdadır. Belə ki, «Təfsir tibyan» və «Cəvahirul kəlam» kitablarında bu nəzəriyyə haqda ətraflı mə᾽lumatlar verilmişdir.

Müəllif:

Bizim fikrimizcə haqq şiə alimləri tərəfindədir və ayənin nəsx olunduğuna dair irəli sürülmüş nəzəriyyələr bir neçə səbəbdən zəif və əsassızdır.

1. Əgər nəsx nəzəriyyəsinin tərəfdarları Nəhas dediyi kimi bu ayəyə (Müşrikləri harada görsəniz öldürün.)6 istinad etsəydilər təəccüb doğurar və bir o qədər inandırıcı olmazdı. Çünki, ayə müşriklərlə müharibənin haram ayları başa çatdıqdan sonra e᾽lan olunduğunu qətiyyətlə bəyan edir. Həmən ayədə bu haqda buyurulur:

«Haram aylar [onlara möhlət verilmiş, Zilhiccə, Məhərrəm, Səfər və Rəbiuləvvəl ayları] çıxınca müşrikləri harda görsəniz öldürün.» (Tövbə-5).

Belə bir qəti hökm verildiyi bir halda haram aylarda müşriklərə qarşı müharibə etməyi və ayənin nəsx olunduğunu qəbul etmək nə dərəcədə düzgün olardı?!

2. Əgər nəsx nəzəriyyəsinin tərəfdarları Səyf ayəsinin nəzərdə tutulduğuna istinad edirlərsə («Müşriklər hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun.)7, bilmədikləri ayə «mütləq» xarakter daşıyır və mə᾽lum olduğu kimi «mütləq» xarakteri daşıyan ayələr məzmun baxımından qeyri-müəyyən və qeydli ayələri nəsx etmir. Xüsusilə elə bir şəraitdə ki, qeydli ayələrdə verilən hökmlər zaman baxımından mütləq ayələrdən bir qədər sonra verilmiş olsun.

3. Və əgər İbni Abbasdan və Qətadən nəql olunan hədisə istinad edərək bu ayənin Səyf ayəsi ilə nəsx olunduğunu iddia edərlərsə bilmədidirlər ki, əldə etdikləri nəticə bir neçə səbəb üzündən batil və əsassızdır.

1. Nəsx vahid xəbərlə sabit olunmur (sübuta yetirilməyir);

2. Rəvayət, mə᾽sum tərəfindən nəql olunmuşdur və bəlkə də İbni Abbasın və Qətadənin şəxsi ictihadları olmuş və əməli olaraq həyata keçirilmişdir;

3. Bu rəvayət İbrahim ibni Şərikdən nəql olunmuş başqa bir rəvayətlə ziddiyyət təşkil edir. O deyir: «Əhməd ibni Abdulla ibni Yusif, Əbi Əzhərdən, o da Cabirdən Peyğəmbərdən (s) bu hədisi nəql edir. «Haram aylar düşmən müharibəyə başlamayınca onlarla vuruşmamalıyıq.»

4. Əgər Peyğəmbərin (s) haram aylarda (Şəvval, Ziqə᾽də və Zilhiccə) Hunəyndə, Bəni-həvazən və Taifdə Bəni-səqiflə müharibə etməsinə istinad edərlərsə bilməlidirlər ki, onların istinad etdikləri bu dəlil bə᾽zi səbəblər üzündən əsassızdır.

1. Qur᾽anın nəsxi vahid xəbər halında nəql olunmuş rəvayətlərlə sabit olunmayır;

2. Müharibənin hansı şəraitdə baş verdiyi bizlərə bir qədər mə᾽lum deyildir. Bəlkə də Peyğəmbər (s) zərurət üzündən verilən ümumi hökmdən istifadə edərək müsəlmanlara cihad hökmünü vermişdir. Və belə bir halda rəvayətin, ayəni nəsx edəcəyinə heç də istinad etmək olmaz.


9. ƏHLİ KİTAB QADINLARI İLƏ EVLƏNMƏYİ BƏYAN EDƏN AYƏLƏRİN NƏSXİ


«Allaha şərik qərar verən [Onu inkar edən] qadınlar imana gəlməyincə onlarla evlənməyin.» (Bəqərə-221).

Bə᾽zilərinin irəli sürdükləri nəzəriyyəyə əsasən, bu ayə ehsan ayəsi ilə nəsx olunmuşdur.



«Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin [yəhudilərin və xaçpərəstlərin] azad və ismətli [özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan] qadınları mehrlərinizi verdiyiniz, namuslu olub zina etmədiyiniz və asina saxlandığınız təqdirdə [evlənmək üçün] sizə halaldır.» (Maidə-5).

İbni Abbas, Malik ibni Ənəs, Süfyan və Əbdürrəhman ibni Əmr Əuzai belə bir fikirdədirlər ki, Bəqərə surəsinin 221-ci ayəsi bu ayə ilə nəsx olunmuşdur. Lakin Abdulla ibni Əmr onların əksinə olaraq Tövbə surəsinin 5-ci ayəsinin qeyd olunan ilk ayə ilə nəsx olunduğuna dair fikir irəli sürmüşdür. Beləliklə müsəlmanların əhli kitab qadınları ilə evlənməsini haram etmişdir.



Müəllif:

Bu bir həqiqətdir ki, ayə nə nəsx olmuş, nə də öz qanunvericilik xüsusiyyətini itirmişdir. Əgər evlənmənin haram olduğunu bəyan edən birinci ayədə müşrik qadınlar deyildikdə, bütpərəst qadınlar nəzərdə tutulursa – belə ki, ayənin zahiri mə᾽nası bu mətləbə işarə edir – bunun haram olması ikinci ayədə əhli kitab qadınları ilə evlənməyə icazə verilməsi ilə heç bir ziddiyyət təşkil etməyir. Və belə bir halda ayələr bir-birini nəsx etməyəcəkdir. Və əgər nəsx nəzəriyyəsinin tərəfdarlarının dedikləri kimi müşrik qadınlar dedikdə, istər bütpərəst, istərsə də əhli kitab qadınları nəzərdə tutularsa birinci ayə «ümumi», ikinci ayə isə «xüsusi» xarakter daşıyacaqdır. Və həmişə olduğu kimi xüsusi (müəyyən) hökm ümumiyyət xarakteri daşıyan başqa bir hökmü nəsx deyil, əksinə olaraq onu xüsusiləşdirir. Çünki, belə bir mə᾽naya əsasən birinci ayə (ümumi hökm) istər müşrik, istərsə də əhli kitab qadınlarına da şamil olunur. İkinci ayə isə yalnız əhli kitab qadınlarına aid olmaqla ümumi hökm verən birinci ayəyə əlavə olunacaqdır. Və nəticədə hər iki ayənin [ümumi] mə᾽nası bundan ibarət olacaqdır. Müsəlmanların bütpərəst qadınlarla evlənməsi haram [birinci ayə], əhli kitab qadınlarla isə halaldır [ikinci ayə].

Göründüyü kimi əvvəlki ayələrdə olduğu kimi nəsxə səbəb olası hər iki ayənin mə᾽na və məfhumunda ziddiyyət nəzərə çarpmır.

Lakin sual doğuran məsələlərdən biri də əhli kitab qadınları ilə müvəqqəti evlənmə məsələsidir. Şiə alimləri əhli kitab qadınları ilə müvəqqəti evlənməyi düzgün və halal hesab edirlər. Belə bir əqidəyə əsaslanmağın əsas səbəbi ayədə istifadə olunan və müvəqqəti evlənməni bəyan edən (vəlmuhsinat) ibarət və əhli kitab qadınları ilə daimi evlənmənin haram olduğunu bəyan edən nəql olmuş bir çox hədis və rəvayətlərdir.

Bu əqidənin müqabilində şiə alimlərinin bir qismi əhli kitab qadınları ilə daimi evlənmənin halal olduğuna dair öz fikir və mülahizələrini irəli sürmüşlər. Həsən və Əli Babəveyhi, həmçinin Məhəmməd ibni Babəveyhi buna misal çəkmək olar. Onlar əhli kitab qadınları ilə daimi evlənməni halal hesab etməklə bu məsələyə dair yaranmış bütün nöqsanları aradan götürmüşlər. Və biz gələcək fəsillərdə bu məsələyə dair ətraflı söhbət açacağıq.

10. ƏQİDƏ AZADLIĞI AYƏSİNİN NƏSXİ


«Dində məcburiyyət [zorakılıq] yoxdur. Artıq doğruluq [iman] azğınlıqdan [küfrdən] aydın fərqlənir.» (Bəqərə-256).

Lakin bə᾽zilərinin fikrincə bu ayə cihad hökmünü verən Tövbə surəsinin 73-cü ayəsi ilə nəsx olunmuşdur. Belə ki, bu ayə cihad hökmü verilməklə zorakılığın dində vacib olduğuna əmr olunur.



«[Ya Peyğəmbər!] Kafirlərə və münafiqlərə qarşı vuruş [kafirləri qılıncla, münafiqləri isə dəlil-sübutla, sözlə məhv et!]»

Alimlərin başqa bir qismi isə belə bir fikirdədirlər ki, birinci ayə nəsx olunmamış, sadəcə olaraq ikinci ayə ilə istisna olunaraq yalnız əhli kitaba aid olunmuşdur. Çünki, bir qədər əvvəl qeyd etdik ki, əhli kitabla yalnız o zaman müharibə etmək olar ki, onlar küfr edərək hətta öz dinlərindən belə çıxmış olsunlar və bunun üçün də əsaslı səbəblər olmalıdır.



Müəllif:

Biz isə belə bir fikirdəyik ki, bu ayə möhkəm ayələr sırasına daxildir və onun verdiyi hökm nə istisna olmuş, nə də başqa bir ayə ilə nəsx olunmuşdur.



İzah:

«İkrah» «kərəh» sözündən götürülmüşdür və lüğətdə iki mə᾽na verdiyi göstərilir.

1. «Xoşlamamaq», «xoşa gəlməmək;»

Bəqərə surəsinin 216-cı ayəsində məhz bu mə᾽nada işlənmişdir.



«Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli olur.»

2. «İcbar», «zəhmət», «qeyri-ixtiyari iş».

Məsələn, Əhqaf surəsinin 15-ci ayəsində deyilir:

«Anası onu [doqquz ay bətnində] zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur.»

Ananın hamilə olub uşağı dünyaya gətirməsi onun razılı olsa da, icbari və onun ixtiyarından xaric olan bir işdir. Göründüyü kimi «kərihə» burada – icbar və qeyri-ixtiyari iş mə᾽nasında işlənmişdir.

Haqqında söhbət açdığımız ayənin nəsx olunduğunu o zaman qəbul edə bilərik ki, «kərihə» bu ayədə də «xoşlamamaq» mə᾽nasında işlənmiş olsun. Və belə olduqda ayədən belə bir mə᾽na əldə edəcəyik. Dinin [islamın] qəbul olunması gərək razılıq və könüllülük əsasında həyata keçsin. Lakin cihad ayəsi nazil olmaqla ayə nəsx olunmuş və onlara qarşı cihad hökmü verilmişdir: «Dini qəbul etməyincə və buna razı olmasalar da belə, onlarla vuruşun və dini qəbul etməyi onlara məcbur edin.» Lakin bir neçə əsaslı səbəblər üzündən biz «ikrah» sözünü bu ayədə «icbar və xoşlamamaq» mə᾽nalarında işlədə bilmərik.

1. Ayəni belə bir mə᾽nada təfsir etməyə heç bir əsaslı dəlil yoxdur. Belə ki, hər hansı bir kəlmənin verdiyi mə᾽nalara dəlalət edəcək səbəb və dəlil olmalıdır.

2. Ayədə din deyildikdə həm onun əsasları, həm də şaxələri nəzərdə tutulur və sonradan işarə olunan küfr və imanı (ğəyy-ruşd) yalnız dinin əsaslarına dəlalət etdiyinə dəlil hesab edə bilmərik. Çünki, hidayət və zəlalət yollarının aşkar olması dini hökm və üsullara əməl etməkdə heç də tə᾽sirsiz deyildir. Əksinə olaraq onların arasında möhkəm və qırılmaz əlaqə bərqərardır.

Digər tərəfdən bilirik ki, islam dininin şaxələrini təşkil edən bə᾽zi məsələlərdə elə ilk gündən təbii olaraq icbari qanunlar tərtib olunmuşdur. Məsələn, borcu olan şəxs icbari olaraq borcunu qaytarmalı, qadın hökmən ərindən itaət etməli, oğru hökmən oğurluqdan əl çəkməli və s.

Bütün bunları nəzərə alaraq islam dinində heç bir məcburiyyətin olmadığını iddia etmək olarmı?!

3. Əgər (ikrah) «məcburiyyət» və «xoşlamamaq» kimi təfsir ediriksə, ayənin ikinci yarısı ilə yə᾽ni (təbəyyənə) «Artıq doğruluq [iman] azğınlıqdan [küfrdən] aydın fərqlənir» cümləsi ilə bir o qədər də uyğun gəlməyəcəkdir. Və belə bir halda ayəni bu kimi ifadələrlə təfsir etməliyik. Dinin haq olmasını aşkar edən dəlillər insanın qəlbində özünə qarşı meyl, istək və razılıq hissi yaradır. Dinə qarşı insanda belə bir müsbət təəssürat yaranmaqla onu öz razılığı ilə qəbul edir. Və belə şəraitdə insanların dini qəbul etməkdə heç bir zorakılıq və məcburiyyətə ehtiyacı qalmır.

Əgər ayə belə təfsir olunarsa, onun cihad ayəsi ilə nəsx olunmasına dair irəli irəli sürülmüş nəzəriyyə tamamilə əsassız və qeyri-məntiqi qəbul ediləcəkdir. Çünki, islam dini zühur etdiyi ilk gündən onun haqq olmasını sübuta yetirən dəlillər möhkəm və məntiqi olmuşdur. Və zaman keçdikcə o öz mövqeyini qoruyub saxlayır və mübarizə meydanına əsaslı dəlillərə arxalanaraq uğurla qədəm qoyur. İman və küfrün bir-birindən fərqlənməsi isə illər və əsirlər keçməsinə baxmayaraq, bütün dövrün insanları üçün zəruri məsələlərdən biri olmuşdur. İnsanlar bu məsələyə daim ehtiyac duymuş və gələcəkdə bu ehtiyac hissi daha da güclənəcəkdir.

Bütün bunları nəzərə alaraq necə təsəvvür etmək olar ki, islamın zühur etdiyi ilk illərdə insanlar bu müqəddəs dini heç bir məcburiyyət olmadan asanlıqla qəbul edir, cihad hökmü verilməklə isə bütün bunlar nəsx olur və dinin qəbul olunması məcburi xarakter daşımağa başlayır?! Bir halda ki, küfrlə imanı bir-birindən fərqləndirən və dinin həqqaniyyətini aşkar edən amillər sonrakı dövrlərdə daha çox və daha məntiqi olmuşdur. Əgər iman (hidayət) və küfr (zəlalət) yolunun aşkar olunması (fərqlənməsi) azadlıq üçün dəlil və dinin qəbul olunması üçün meyl və rəğbət hissi olsaydı, cihad hökmünün verilməsinə heç bir lüzum olmazdı. Bir halda ki, cihad islam dinində sabit və qəti hökmlərdən biri hesab olunur.

Bu səbəbdən də deməliyik ki, «ikrah» kəlməsi ayədə meyl və rəğbət hissinin müqabilində «xoşa gəlməmək», «xoşlamamaq» mə᾽nasında deyil, «icbar» mə᾽nasında işlənmişdir. Və bu bir halda ayə belə bir mə᾽na daşıyacaqdır:

Allahın dini ikrah və məcburiyyətə əsaslanmır. İstər ümumi dində (əqidəvi məsələlərdə), istərsə də firuiddində (şər᾽i hökmlərdə) müəmma və çətinlik nəzərə çarpmır. Din olduqca asan və sadədir. O hər bir insanın fitrət və təbiətində dərin kök salmışdır.

Allah-taala, insanları dinin göstərişlərindən agah etmək üçün onlara peyğəmbərlər və onlarla birlikdə səmavi kitablar göndərmişdir. Beləliklə insan kor-koranə təqliddən əl çəkib ixtiyarında olan sübut və dəlillərlə öz müqəddəratını həll etmiş olur. Düzgün nəticəyə gələrək haqq yolu seçir və beləliklə əbədi səadətə qovuşur. Şeytani vəsvəsələrə uyaraq haqq yoldan üz çevirdikdə isə həlakət və bədbəxtçiliyə düçar olur. Allah-taala başqa bir ayədə bu həqiqəti bəyan edərək buyurur:

«Biz ona haqq yolu göstərdik. İstər [nemətlərimizə] minnətdar olsun, istər nankor [bu onun öz işidir].» (Dəhr-3).

Allah öz dinini qəbul etməyi kimsəyə vadar etməmişdir. O, haqq yolunu insanlara göstərməklə onları tam ixtiyar sahibi etmişdir. Azad yaradılmış hər bir insan haqq yolunu seçməklə həm özünü əbədi səadətə qovuşdurar, həm də haqdan üz çevirərək həlakət və bədbəxtçiliyə düçar edə bilər. Bir sözlə təzyiq və məcburiyyət olmadan ixtiyari olaraq öz həyat yolunu seçə bilər.

Bir halda ki, elm və qüdrəti hər şeyi əhatə edən Allah, insanları dini qəbul edib Onun göstərişlərinə tabe olmağa vadar edə bilər və onları ixtiyari olaraq gördükləri bütün işlərdən məhrum edərdi. Lakin O, öz bəndələrinə sonsuz məhəbbət göstərməklə onlara hansı yolu seçməkdə tam ixtiyar vermişdir. Onlar da ya haqq yolu seçməklə əbədi səadətə qovuşur, ya da haqdan üz çevirərək özlərini fəlakət və uçruma sürükləyirlər.

Demək «La ikrahə fiddin qədtəbəyyənərruşdu minəl ğəy – Dində məcburiyyət [zorakılıq] yoxdur. Artıq doğruluq [iman] azğınlıqdan [küfrdən] aydın fərqlənir» ayəsinin əsas məzmunu bundan ibarətdir: «Dində məcburiyyət yoxdur. Çünki, həm hidayət, həm də uçrum və bədbəxtçiliyə aparan yollar bəşəriyyətə bəyan olunmuşdur.



1. «Əgər Allah istəsəydi, sizi [eyni şəriətə tabe] vahid bir ümmət edərdi. Lakin [bu müxtəliflik] Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın [bir-birinizlə yarışın]. Hamınızın axır dönüşü Allahadır. Allah aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir.» (Maidə-48).

2. «De ki: Tutarlı dəlil yalnız Allaha məxsusdur. Əgər o istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi.» (Ənam-149).

3. «Müşriklər nadanlıqları üzündən və istehza məqsədi ilə dedilər: Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız Ondan başqa bir şeyə tapınmaz, Onsuz [Allahın razılığı, hökmü olmadan] heç bir şeyi haram etməzdik. Onlardan qabaqkılar da belə etmişdilər. Peyğəmbərin vəzifəsi isə yalnız açıq-aşkar bir təbliğdir. [Peyğəmbər heç kəsi zorla bir işə vadar etməz. Onun borcu ancaq Allahın hökmlərini insanlarabliğ etmək, insanların borcu isə Allahın onlara verdiyi ağıl və iradə ilə haqqı batildən ayırmaq, yaxşı işlər görüb savab qazanmaqdır.» (Nəhl-35).

11. ZİNAYA DAİR VERİLƏN ŞƏHADƏT AYƏLƏRİNİN NƏSXİ


«Qadınlarınızdan zina edənlərə qarşı öz aranızdan [möminlərdən] dörd şahid tutun! Əgər onlar [bu işə] şəhadət verərlərsə, həmin qadınları ölənə qədər, yaxud Allah onlar üçün bir yol açanadək evlərdə həbs edin!

İçərinizdən belə qəbih iş görənlərin hər ikisinə əziyyət verin. Əgər tövbə edib özlərini düzəltsələr, onları incitməkdən vaz keçin! Əlbəttə Allah tövbələri qəbul edən və [bəndələrini] bağışlayandır.» (Nisa 15-16).

Əkrəmə və İbad ibni Samit kimi müfəssirlər, Həsən Bəsrinin «Rəqqaiş»dən nəql etdiyi rəvayətə istinad edərək ayənin nəsx olunduğuna dair fikir irəli sürmüşlər. Onların fikrincə yuxarıda qeyd olunan birinci ayə (15-ci), ikinci (16-cı) ayə və ikinci ayədə başqa bir cəza hökmü ilə nəsx olunmuşdur. Belə ki, əgər subay kişi və qadınlar bir-birləri ilə zina edərlərsə, yüz şallaq zərbəsi və bir illik sürgünlə cəzalandırılmalı, evli kişi və qadınlar zina etdikdə isə yüz şallaq zərbəsindən sonra daş-qalaq olunaraq öldürülməlidirlər.

Qətadə və Məhəmməd ibni Cabir birinci ayənin evlilərə, ikinci ayənin subaylara aid olduğunu və hər iki ayənin şallaq və daşqalaq hökmü ilə nəsx olunduğuna işarə etmişdir.

İbni Abbas, Mucahid və Nəhasın davamçıları isə belə bir fikirdədirlər ki, birinci ayə qadınlara (istər subay olsun, istərsə də evli), ikinci ayə isə ümumilikdə kişilərə aid olmuş və sonradan hər ikisi şallaq və daşqalaq hökmü ilə nəsx olunmuşdur.

Əbu Bəkr Cəccas deyir: Müsəlmanlar arasında bu kimi ayənin nəsx olunmasına dair heç bir ixtilaf və fikir ayrılığı mövcud deyildir.

Müəllif:

Ayələrin heç biri nəsx olunmamışdır və onlar öz qüvvəsində qalmaqdadır. O ki, qaldı ayədə sual doğuran bə᾽zi ifadələrə, qeyd etmək lazımdır ki, «fahişə» lüğətdə görülən hər bir nalayiq və xoşagəlməz (pozğunluq xüsusiyyəti daşıyan) işlərə deyilir. Bu kimi işlər bə᾽zən iki qadın (buna musahiqə deyilir), bə᾽zən iki kişi (buna ləvat deyilir) bə᾽zən də kişi ilə qadın arasında baş verir və belə bir qeyri-qanuni əlaqə «zina» adlanır. Və fahişə sözü ərəb dilinin istər lüğət, istərsə də terminologiyasında «zina» mə᾽nasını daşımır. O ki, qaldı ayənin nəsx olunmasına bu, iki mühüm mətləbdən asılıdır.

1. Zinakar qadınları ev dustağı etmək, zinanın qarşısını almaq məqsədilə deyil, cəzalandırmaq məqsdilə olmalıdır.

2. Ayənin zahiri mə᾽nasından belə mə᾽lum olur ki, zinakar qadınları ev dustağı etməkdən əsas məqsəd onların yenidən zinaya qurşanmalarının və ictimai pozğunluqlarının qarşısını almaqdır.

Şübhəsiz ki, nalayiq və pozğunçuluğun qarşısını almaq, sağlam ictimaiyyətin və cəmiyyət üzvlərinin can sağlamlığının, namus və qeyrətinin keşiyində durmaq hər bir vətəndaşın insanlıq borcudur. Bə᾽zi alimlərin fikrincə bu iş bir o qədər də əhəmiyyət kəsb etməsə də vacib və zəruridir. Bu ayədə də göründüyü kimi insanlara cəmiyyətdə yaranmış pozğunçuluğun qarşısını almağa və pozğun qadınları ev dustağı etməyə əmr olunur. Beləliklə yaranmış çətinliklər aradan götürülmüş və ictimai sabitlik bərqərar olunmuşdur.

Demək, şallaq və daşqalaq kimi cəza üsullarını onlar üçün qabaqcadan tə᾽yin olunmuş nicat yolu hesab etmək olmazdı. Və tamamilə qənaətbəxş şəraitdə yaşayan hər bir düşüncəli qadın şallaq və daşqalaq olunmasına təbii ki, heç vaxt razı olmaz və belə bir ağır cəza üsulu onların nicat tapması üçün heç də tə᾽sirli olmazdı. Bəs nicat yolu deyildikdə nə nəzərdə tutulur? Bir qədər əvvəl qeyd etdik ki, «fahişə» deyildikdə həm kişilərin bir-birləri ilə cinsi yaxınlığı (ləvat), həm qadınların bir-biri ilə cinsi yaxınlığı (musahiqə), həm kişi və qadınların bir-birləri ilə qeyri-qanuni cinsi yaxınlığı nəzərdə tutula bilər.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, zina etmiş qadını [müəyyən müddət] ev dustağı etməkdə məqsəd onun tutduğu işdən peşiman olub sidq ürəkdən tövbə edib islah olunmasıdır. Belə ki, bu müddət ərzində onun əvvəlki nalayiq işlərindən əl çəkib sözün həqiqi mə᾽nasında islah olunduğuna yəqinlik hasil etmək lazımdır. Və qadının nicat tapması deyildikdə, məhz belə bir tərbiyə olunma üsulu nəzərdə tutulur.

Göründüyü kimi ayənin verdiyi hökm qüvvədə qalmışdır və onun nəsx olunmasına dair hər hansı bir fərziyyə irəli sürmək tamamilə əsassızdır.

Şallaq və daşqalaq hökmü isə nalayiq və pozğunçuluq ilə məşğul olan bə᾽zi əxlaqsız şəxslərin islah olunmaları üçün qüvvəyə minmişdir və onun birinci ayəni nəsx etmək üçün heç bir əlaqəsi yoxdur. Başqa sözlə desək, birinci hökmün verilməsindən əsas məqsəd ictimai pozğunçuluğun qarşısını almaq və bunun təkrar olunmasına yol verməmək, ikinci hökmün verilməsindən isə günahkarları cəzalandırmaq və ibrət olsun deyə başqalarında qorxu hissi yaratmaqdır. Göründüyü kimi bu iki hökmün arasında bir-birini nəsx etməyə səbəb olası heç bir ziddiyyət nəzərə çarpmır. Lakin əgər qadın şallaq zərbələri və daşqalaq nəticəsində ölərsə, onun ev dustağı etmək hökmü istər-istəməz aradan götürülmüş olur. Çünki, qadın ölməklə mövzu tamamilə əvəz olunmuş olur. Və bu hökm indinin özündə də nəsx olunmadan qüvvədə qalmaqdadır.

İkinci ayənin nəsx olunması da iki halda mümkündür.

1. «Ya᾽tiha» fe᾽lindən əvəzlik zinaya dəlalət etmiş olsun. Yə᾽ni əgər kişi zina etmiş olarsa...

2. «Fə᾽zuhuma» – əziyyət edin deyildikdə isə, təhqir edib nalayiq sözlər demək nəzərdə tutulur. Belə olduqda yə᾽ni ümumi məfhumu bundan ibarət olacaqdır. «Əgər kişilər zina edərlərsə təhqir edib nalayiq sözlər deməklə cəza məqsədi ilə ruhi işgəncə vermək lazımdır.»

Belə bir mə᾽nanı nəzərə alaraq demək lazımdır ki, zinakar kişilərin cəzalandırılmalarına dair verilmiş hökm nəsx və onun yerinə şallaq və daşqalaq hökmü tə᾽yin olunmuşdur.

Lakin «ya᾽tiha» fe᾽lindən əvəzlik nə «zina»ya dəlalət edir, nə də əziyyət və işgəncədən məqsəd söymək və nalayiq sözlər deməkdir. Əvvəla ona görə ki, bu mə᾽naya dəlalət edəcək heç bir dəlil yoxdur. Digər tərəfdən isə burada ayənin zahiri mə᾽nası ilə heç bir bağlılıq nəzərə çarpmır.

Açıqlama:

Cəm əlaməti olan ikinci şəxs əvəzliyindən bu ayədə üç dəfə istifadə olunmuşdur və bu əvəzliklərin hər biri eyni mə᾽na daşıyır. Mə᾽lum olduğu kimi ilk iki əvəzlik yalnız kişilərə dəlalət edir və ikilik bildirən bu əvəzliyi həm kişiyə, həm də qadına aid etmək bir o qədər düzgün olmazdı. Və ikinci ayədə istifadə olunan «əlləzani – iki nəfər şəxs» kəlməsində həm kişi, həm də qadına dəlalət etmir. Belə olduğu bir halda buradan zinanın nəzərdə tutulduğuna dair heç bir fikir irəli sürmək olmaz.

İfadənin bəlağətli olması üçün isə «ikilik əlaməti olan, şəxs əvəzliyindən həm kişi həm də qadın üçün istifadə etmək bir o qədər də münasib olmazdı. Belə bir halda cəm əlaməti bildirən şəxs əvəzliyindən istifadə etmək daha məqsədəuyğun olardı.

Demək, ikinci ayədəki ikilik bildirən şəxs əvəzliyi iki kişiyə dəlalət edir. Və «fahişə» deyildikdə kişi ilə qadının qeyri-qanuni cinsi əlaqəsi, yə᾽ni «zina» deyil, iki kişinin bir-biri ilə cinsi yaxınlığı, yə᾽ni «ləvat» nəzərdə tutulur.

Dediklərimizdən belə mə᾽lum olur ki, ayədən məqsəd zina deyil, kişilərin bir-biri ilə cinsi yaxınlığı, yə᾽ni «ləvat»dır. Və belə bir halda ayə nə özünədn əvvəlki ilə, nə də zinakarlar üçün müəyyən olunmuş şallaq və daşqalaq hökmü ilə nəsx oluna bilər.

Bir sözlə ayənin nəsx olunuğunu qəbul edənlər ya elmi və əməli nəticə verməyən vahid xəbər halında nəql olmuş rəvayətlərə istinad etməli, ya da kor-koranə heç bir məntiqi dəlilə əsaslanmadan başqalarından təqlid etməlidirlər.


HALAL QADINLAR HAQDA NAZİL OLMUŞ AYƏNİN NƏSXİ


«Bunlardan başqaları isə namusla [iffətlə] zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi.» (Nisa-24).

Diqət yetirmək lazımdır ki, bu iddianın sübutu və qeyd olunan ayənin nəsx edilməsi üçün məhdud mə᾽nalı sonrakı ayəni ümumi mə᾽na daşıyan əvvəlki ayə üçün «məhdudlaşdırıcı» deyil, nəsxedici hesab etməyimizdən asılıdır. Çünki belə olmadıqda bu ayə nəsx edilmiş deyil, müəyyən qeydlərlə məhdudlaşdırılmış hesab ediləcəkdir.

Lakin bizim fikrimizcə məhdud mə᾽nalı ayələr ümumiyyət xarakteri daşıyan ayələr və ümumi qanunlar nəsxə deyil, müəyyən istisnalara səbəb ola bilər. Və bu da qüvvəyə mindiyi andan əvvəl və ya sonra gəlməsindən asılı deyildir.

Başqa sözlə desək, məhdud mə᾽nalı ayələr ümumi mə᾽na daşıyan ayələri nəsx deyil, məhdudlaşdıra bilər. Bu səbəbdən də alimlər ümumi mə᾽na daşıyan ayələrin məhdudlaşdırılmasında vahid xəbər halında nəql olunmuş hədis və rəvayətlərlə kifayətlənir və onlara istinad edirlər. Bir halda ki, məhdud mə᾽na daşıyan ayələr nəsxedici xüsusiyyətə malik olsaydı, vahid xəbərlə kifayətlənmək olmazdı. Çünki, Qur᾽anın nəsx olunmasının vahid xəbərlə sübuta yetirlmədiyini dəfələrlə qeyd etmişik.

Bunlarla yanaşı qeyd etmək lazımdır ki, ayədə ümumi mə᾽na daşıdığın sübuta yetirəcək heç bir ifadədən istifadə olunmamışdır. Belə bir qənatə də yalnız xarici amillərlə gəlmək olar. Və belə olduqda əgər ayəni məhdudlaşdıra biləcək başqa bir dəlil olsaydı, belə bir qənaətə gəlməli olacağıq ki, ayə ümumiyyət xarakteri deyil, məhdud mə᾽na daşımaqla müəyyən zaman və məkana dəlalət edir.

13. MÜT᾽Ə AYƏSİNİN NƏSXİ


«İstifadə [yaxınlıq] etdiyiniz qadınların mehriyyələrini lazımı qaydada verin.» (Nisa-24).

Nəsx tərəfdarlarının irəli sürdükləri nəzər sahibləri olan sünni alimlərinin fikrincə müt᾽ənin halal olduğunu bəyan edən bu ayə sonralar nəsx olmuş və qadınlarla müvəqqəti evlənmə haram olmuşdur.

Lakin şiə alimlərinin fikrincə hökm qüvvədə qalmış və başqa bir ayə və ya [Peyğəmbər (s) tərəfindən] nəql olunmuş hədislə, daha dəqiq desək, verdiyi hökmlə nəsx olunmamışdır.

Tarixə nəzər saldıqda bunun şahidi oluruq ki, əshab və tabeinlərin bə᾽ziləri müt᾽ənin halal olduğunu hesab etmişlər. İbni Həzn bu barədə deyir: Peyğəmbərdən (s) sonra İbni Məs᾽ud, Müaviyə, Əbu Səid, İbni Abbas, Üməyyət ibni Xələfin oğlanları Sələmə və Mə᾽bəd, Cabir, Əmr ibni Həris və başqaları müt᾽əni hələ də halal hesab edirdilər. Sonra deyir: Cabir nəql edir ki, Peyğəmbərin (s) əshabı və ona yaxın olan hər bir şəxs Ömərin xəlifə olduğu son illərə qədər müt᾽əni halal hesab edirdi.

Tabeinlərdən olan Tavus, Səid ibni Cubeyr və Əta kimi Məkkənin tanınmış fiqh alimləri də müt᾽əni halal hesab edirdilər. Şeyxul islam Mərcinani, müt᾽ənin halallığına dair verilmiş hökmü Malik ibni Ənəs (əhli sünnə məzhəblərinin birinin banisi) ilə əlaqələndirmişdir. O, müt᾽ənin halal olması haqda deyir: Hökmün nəsx olunması sabit olunmayınca qüvvədə qalacaqdır.

İbni Kəsir deyir: Əhməd ibni Hənbəl zərurət üzündən müvəqqəti evlənməni (müt᾽əni) halal hesab etmişdir.

Məkkənin tanınmış fiqh alimlərindən biri olan İbni Cərih yetmiş qadınla müvəqqəti olaraq müt᾽ə etmişdir.

1. «Əl-hidayə fi-şərhil bidayə» 375-ci səh. Kitabı şərh edən şeyx Məhəmməd, hökmün Malik ibni Ənəs tərəfindən verildiyini təsdiq etmişdir. Lakin İbni Humam «Fəthul Qədir» adlı kitabda bu fərziyyəni qətiyyətlə rədd etmişdir. Əbdül-baqi Maliki Zərçani «Əbil Ziya»nın xülasəsini şərh etdikdə deyir: Müt᾽ə müvəqqəti evlənmə olduğu üçün kişinin məqsədi, qadına ya onun özü və ya qadının ixtiyar sahibi (ata-baba, qardaş) tərəfindən qadına başa salınmalı və tə᾽yin olunmuş vaxtın müddəti əvvəlcədən ona bildirilməlidir. Və əgər müddət əqd zamanı müəyyən olunmasa lakin bunu nəzərdə tutmuş olarlarsa – qadın bunu bilsə belə heç bir nöqsanı yoxdur. Malik sonra deyir: Bu, səfərdə olan hər bir şəxsin seçdiyi ən münasib evlənmək üsuludur. (3-cü cild, 190-cı səh.)

2. İbni Kəsrin təfsiri 1-ci cild, 474-cü səh.

3. Əbil Ziya Zərqanin xülasəsinə yazılmış şərh, 8-ci cild, 76-səh.



Cavab:

Ayənin nəsx olunması bu iki halda mümkündür.

1) Sübut olunmalıdır ki, ayədə yaxınlıq deyildikdə, qadınlarla müvəqqəti (müt᾽ə) yaxınlıq nəzərdə tutulur.

2. Sübut olunmalıdır ki, müt᾽ə sonralar haram olunmuşdur.

Birinci mətləb:

İstər sünni, istərsə də şiə alimləri ayədə «yaxınlıq« ifadəsinin müvəqqəti yaxınlığa dəlalət etdiyini nəzərdə tuturlar. Və burada heç bir ixtilaflı məsələ nəzərə çarpmır.

Qurtəbi deyir: Bütün alimlər bu fikirdədirlər ki, yaxınlıq deyildikdə, ayədə islamın zühur etdiyi ilk illərdə mövcud olan müvəqqəti evlənmə nəzərdə tutulur. Hətta İbni Abbas, Ubey və İbni Cabir ayəni belə qiraət etmişlər.

(Fəmas-təmtə᾽tum bihi minhunnə ila əcməin musəmma fə᾽tuhunnə ucurəhunnə).8 Yə᾽ni onların fikrincə «ila əcəmin musəmma» ifadəsi də ayənin bir hissəsini təşkil etmişdir. Bu da yaxınlığın müvəqqəti və müt᾽ə hökmünə aid olmasına açıq-aşkar dəlalət edir.

Bu məzmunda nəql olunmuş hədis və rəvayətləri, alim və mütəfəkkirlərin irəli sürdükləri nəzəriyyələri nəzərə alaraq deyə bilərik ki, Həsən Bəsrinin bu barədə irəli sürdüyü nəzəriyyə tamamilə əsassızdır. O, deyir: Bu ayə müvəqqəti deyil, daimi evlənməyə dəlalət edir. Onun fikrincə ümumiyyətlə müvəqqəti evlənmə barəsində heç bir ayə nazil olmamışdır. O, hətta İbni Abbasın və Cubeyrin də bu fikirdə olduqlarını iddia etmişdir. Bir halda ki, nəql olunmuş digər rəvayətlərdə İbni Abbasın bu ayənin müvəqqəti evlənməyə istinad etdiyi göstərilir.

Müvəqqəti evlənmə barəsində nəql olmuş bir çox hədis və rəvayətlər bir daha belə bir qənaətə gəlməyə imkan verir ki, müt᾽ə hökmü islamın zühur etdiyi ilk illərdən qüvvədə olmuş və ayədə yaxınlıq deyildikdə müvəqqəti evlənmə nəzərdə tutulmuşdur.



İkinci mətləb:

Sual doğuran məsələlərdən biri də budur ki, görəsən müt᾽ə hökmü qüvvədən salınaraq digər hökm ilə nəsx olunmuş və ya qüvvədə qalmışdır? Bizim fikrimizcə müt᾽ə hökmünün nəsx olunmasına dair irəli sürülmüş nəzəriyyə tamamilə zəif və əsassızdır və bu baradə heç bir məntiqi dəlil və sübuta istinad etmək mümkün deyildir.



Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin