Yeni və ən yeni dövrün mənbələri. XIX əsr Azərbaycan tarixinin öyrənilməsində “Qarabağnamələr”in böyük əhəmiyyəti vardır. Mirzə Adıgözəl bəyin “Qarabağnamə”, Mirzə Camal Cavanşir Qarabağinın “Qarabağ tarixi” (1847), Əhməd bəy Cavanşirin “Qarabağ xanlığının 1747 – 1805-ci illərdə siyasi vəziyyətinə dair”, Mirzə Yusif Qarabağinin “Tarixi - Safi”, Mirmehdi Xəzaninin “Kitabi –tarixi Qarabağ”, Mirzə Rəhim Fənanın “Tarixi-cədidi Qarabağ”, Məhəmməd Baharlının “Əhvalati – Qarabağ”, Həsən İxfa Əlizadənin “Şuşa şəhərinin tarixi” əsərləri Qarabağ və ümumən Azərbaycan tarixinin öyrənilməsində çox qiymətli mənbələrdir.
Kərim ağa Fateh və Hacı Seyid Əbdul Həmid Şəki xanlığının tarixinə dair əsərlər yaratmışlar. A.A. Bakıxanov “Gülistani-İrəm” əsərində Azərbaycan və Dağıstanın qədim zamanlardan öz dövrünə kimi baş vermiş tarixi hadisələrini şərh etmişdir. 1866-1917-ci illərdə Tiflisdə çap olunan 12 cildlik “Qafqaz Arxeoqrafiya komissiyasının sənədləri” adlı topluda yer alan əhəmiyyətli materiallardan Azərbaycan tarixinin müxtəlif məsələlərinin tədqiqində istifadə olunur.
Azərbaycan tarixinin işıqlandırılması üçün o dövrün qəzet və jurnal materiallarının böyük əhəmiyyəti var. «Закавказские вести», «Каспий», «Кавказ», «Неделя», «Кавказское сельское хозяйство», “Kəşkül”, “Əkinçi”, “Açıq söz” və sair mətbu orqanlarda da Azərbaycan tarixinin yeni dövrünə dair qiymətli məlumatlar çap olunmuşdur.
Azərbaycan tarixinin ən yeni dövrü 1918-ci ildən bu günümüzə qədərki dövrü əhatə edir. Bu dövrün öyrənilməsində ən qiymətli mənbələr arxiv sənədləridir. Azərbaycanın yeni tarixinə aid ən əhəmiyyətli sənədlər Azərbaycanda və qonşu ölkələrin – Rusiyanın, Gürcüstanın, Ermənistanın, İranın, Türkiyənin və sair ölkələrin arxivlərində saxlanılır. Azərbaycanın ən yeni tarixinin öyrənilməsində, həmçinin müxtəlif siyasi partiyaların arxivlərində saxlanılan sənədlərdən, statistik toplulardan, qəzet və jurnal materiallarından, epistolyar materiallardan və sair nəşr olunmuş mənbələrdən istifadə olunmuşdur.
Dostları ilə paylaş: |