21.4. Azərbaycan SSR 1960-1980-cı illərin birinci yarısında
Uğursuz islahatlar, Sov.İKP XXII (1961, oktyabr) qurultayında elan etdiyi yaxın gələcəkdə SSRİ-də kommunizm qurulacağı haqqında utopik ideyalar N.S.Xruşşovu cəmiyyətdə və partiyada hörmətdən salmışdı. Partiya elitasında ona qarşı müxalifət formalaşırdı. 1961-ci ildə qəbul olunmuş nizamnaməyə görə, partiyanın seçkili orqanlarına bir nəfərin dalbadal iki dəfədən çox seçilməsini qadağan edən maddə daxil edilməsi də rəhbər partiya vəzifəlilərinin ona qarşı birləşməsinə səbəb olmuşdu. Hakimiyyəti əldə saxlamaq üçün Xruşşov partiyanı parçalamaq, siyasi məsələlərin həllində təşkilatların birgə fəaliyyətini məhdudlaşdırmaq, onların diqqətini təsərrüfat məsələlərinə, islahatlara operativ rəhbərliyə yönəltmək istədi. Sov. İKP MK-nın 1962-ci il Noyabr plenumu rəhbər partiya orqanlarının istehsalat prinsipi üzrə yenidən təşkil edilməsini qərara aldı.
Mərkəzi komitələrdə iki büro - sənaye, tikintiyə və kənd təsərrüfatına rəhbərlik üzrə bürolar yarandı. Azərbaycanda da AKP MK-ya bilavasitə tabe olan sənaye-istehsal, kolxoz-sovxoz istehsalat idarələri, şəhər, dağlıq rayon partiya komitələri təşkil olundu. Başqa ictimai təşkilatlar da bu prinsip üzrə yenidən quruldu. Xruşşov partiya və dövlət nəzarətini birləşdirməklə partiyanın nəzarət funksiyasını da xeyli zəiflətdi. Lakin onun xüsusən 1958-ci ildən, SSRİ Nazirlər Sovetinin sədri olduqdan sonra xeyli intensivləşən partiya aparatını zəiflətmək cəhdlərindən narazı qalan ali partiya və təsərrüfat rəhbərləri birləşdilər. Sov.İKP MK-nın 1964-cü il 14 Oktyabr plenumunda N.S.Xruşşov vəzifəsindən kənar edildi. L.İ.Brejnev Sov. İKP MK-nın birinci (1966-cı ildən Baş katibi) katibi seçildi.
İqtisadiyyata partiya rəhbərliyi gücləndirildi. Milli dəyərlərə diqqət artdı. Bu işdə 1966-1967-ci illərdə AKP MK katibi vəzifəsində işləmiş Şıxəli Qurbanovun və onun həmfikirlərinin önəmli xidməti olmuşdu. 1966-cı ildə İranda yaşayan böyük Azərbaycan şairi Seyid Məhəmməd Hüseyn Şəhriyarın "Heydərbabaya salam" poeması Bakıda çap olundu. Mütərəqqi fikirli yaradıcı gənclər üçün 1967-ci ildə "Ulduz" jurnalının nəşrinə başlandı. Novruz bayramı "Bahar bayramı" adı ilə rəsmi şəkildə qeyd edildi. Ədəbiyyatda yeni milli motivlər, tənqidi ruh qüvvətləndi.
Milli-azadlıq uğrunda mübariz nəsil yetişməkdə idi. 1960-cı illərin əvvəllərində Azərbaycan Dövlət Universitetinin azadfikirli tələbələrindən bir qrupu Əbülfəz Əliyevin rəhbərliyi ilə gizli siyasi mübarizəyə başlamışdılar. Onlar gizli özək təşkil edərək, üçlük qruplar yaradır və tələbə gəncləri azadlıq uğrunda mübariz ruhda tərbiyələndirməyə çalışırdılar.
1962-ci il dekabrın 17-də 95 nəfərin iştirak etdiyi gizli yığıncaqda "Milli Azərbaycan Qərargahı" (MAQ) təşkil olundu. Onun sədri Oqtay Rəfili, sədr müavini Xudu Məmmədov seçildi. MAQ-ın rayonlarda şöbələri yaradıldı. Təşkilat üzvlərinin əksəriyyəti vəzifəli şəxslər idi. Başlıca məqsəd rəhbər vəzifələrdə azərbaycanlıların olmasına, respublika büdcəsinə ayırmaların Moskvada deyil, Bakıda həll olunmasına çalışmaq, milli oyanışa xidmət etmək idi. MAQ-çılar bir neçə mühüm vəzifəyə azərbaycanlı kadrların təyin edilməsinə nail oldular.
1964-cü ilin yazında Azərbaycanın Rusiyanın tərkibinə "daxil olması"nın 150 illiyi "bayram" edildi, bu, geniş ictimai-siyasi kampaniyaya çevrildi. Azərbaycan tarixçilərindən bu "bayramın" keçirilməsinə zidd çıxanlar da oldu. 1969-cu ilin martında Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin elmi şurasında çıxış edən tarixçi alimlər Z.M.Bünyadov, M.Ə.İsmayılov və S. Əliyarov qeyd etdilər ki, Azərbaycan XIX əsrin əvvəllərində Rusiyaya birləşməmişdir, onu çar Rusiyası işğal etmişdir. Bu çıxışa görə onlar müəyyən müddət təqibə məruz qaldılar. O vaxt Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində rəhbər vəzifələrdə çalışan, 1964-cü ildən bu komitənin sədr müavini, 1967-ci ildən isə sədri olmuş Heydər Əliyevin Azərbaycanın milli düşüncəli vətənpərvər ziyalılarının müdafiəsində mühüm xidmətləri olmuşdur.
1960-cı illərin ortalarında Ermənistan SSR-də növbəti dəfə anti-Azərbaycan hərəkatı qızışdı. 1965-ci il aprelin 23-də uydurma "erməni genosidi"nin 50 illiyi, cəllad Andronikin isə 100 illiyi Ermənistanda geniş qeyd edildi və bu da burada ata-baba torpaqlarında yaşayan azərbaycanlıların daha da sıxışdırılmasına yeni, güclü təkan verdi. DQMV-də erməni millətçiliyi açıq surətdə dərin kök salırdı. Azərbaycanlılar burada - öz torpaqlarında sıxışdırılırdı. 1965-ci ildə Ermənistanda anti-Azərbaycan “Qarabağ komitəsi” açıq fəaliyyətə başladı. 1965-ci ildə Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi barədə 45 min nəfərin “imzaladığı” petisiya Moskvaya təqdim edildi, lakin ermənilərin əsassız iddiaları təmin edilmədi. Vilayətin azərbaycanlılar yaşayan məntəqələrinə kömək etmək məqsədilə 1967-ci ildə ayrılan vəsaitin Bakıda DQMV-nin rayonları üzrə konkret tələblər üzrə bölünüb təsdiq olunması cəhdinə erməni lobbisi ciddi müqavimət göstərdi. Həmin il Stepanakertdə bir neçə azərbaycanlı qətlə yetirildi.
N.Xruşşov nə qədər çalışsa da, məsələni Ermənistanın xeyrinə həll edə bilmədi. Mərkəzin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969 -cu il 7 may tarixli qərarı ilə sərhəd rayonlarında 2 min hektardan çox Azərbaycan torpağının Ermənistana verilməsi haqqında hələ 1938-ci il mayın 5-də qəbul olunmuş qərarı təsdiq etdi. 1969-cu il 14 iyul tarixdə Azərbaycan SSR- də rəhbərliyə gələn Heydər Əliyev bu qərarın icrasına imkan vermədi.
1960-cı illərin sonunda respublikanın əhalisi 5 milyondan çox idi. İşləyən əhalinin 75%-i dövlət müəssisələrində çalışırdı. Azərbaycanın əmək ehtiyatlarından SSRİ-nin Sibir, Qazaxıstan, Türkmənistan, Şimali Qafqaz və digər regionlarında istifadə olunurdu. 1961-ci ildə pul islahatı keçirildi. Qiymətlər artırıldığına görə pulun alıcılıq qabiliyyəti aşağı düşmüşdü. Digər tərəfdən, şəxsi təsərrüfatlar sıxışdırıldığına görə 1963-cü ildə, SSRİ-nin hər yerində, o cümlədən, Azərbaycanda da əsas ərzaq məhsulları qıtlaşdı.
Bu dövrdə Bakıda indiki Şəhriyar adına klub, Hökumət Evi, Respublika stadionu, Akademiya şəhərciyi, Dövlət sirki və s. tikildi. Tikintisi 1949-cu ildən başlayan Bakı Metropolitenin ilk xətti 1967-ci ildə işə salındı. 1960-cı illərdə Bakıda soyuducular (1960), Azərbaycan qaz emalı (1960), kimya kombinatı (1963), Gəncədə alüminium (1966) zavodları işə salındı. Bakı-Krasnovodski gəmi-bərə nəqliyyat yolu istifadəyə verildi (1962). Yevlax-Bərdə-Ağdam dəmir yol xətti işə salındı (1967).
Dostları ilə paylaş: |