İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 0.59 Mb.
Pdf просмотр
səhifə1/11
tarix01.06.2017
ölçüsü0.59 Mb.
  1   2   3   4   5   6   7   8   9   10   11

 İlkin Əsgər
 AZƏRBAYCAN DILINDƏ 
MƏHSULDARLIQ YARADAN 
QEYRI-MƏHSULDAR ŞƏKILÇILƏR
(Monoqrafiya)
Monoqrafiya Naxçıvan Dövlət 
Universitetinin Elmi şurasının 
28 noyabr 2014-cü il tarixli iclasının 
03 № li protokoluna əsasən çap olunur.
“Elm və təhsil“
Bakı-2015

Elmi redaktor:  
Fikrət Ramazan oğlu Xalıqov
 
 
 
filologiya elmlər doktoru, professor 
 
Rəyçilər: 
 
Elbəyi Sadıq oğlu Maqsudov
 
 
 
pedaqoji elmlər doktoru, professor
 
 
 
Vaqif Tapdıq oğlu Qurbanov
 
 
 
pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent 
 
 
 
Elşad Şərəfxan oğlu Abışov
 
 
 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
  
 
 
Vahid Dumanoğlu
  
 
 
Bakı Şəhər üzrə Təhsil İdarəsi 323 saylı 
 
 
 
tam orta məktəbin Azərbaycan dili 
 
 
 
və ədəbiyyatı müəllimi, AYB-nin üzvü
İlkin  Əsgər  (İlkin  Vahid  oğlu  Əsgərov).  “Azərbaycan  dilində 
məhsuldarlıq  yaradan  qeyri-məhsuldar  şəkilçilər”.  Monoqrafiya. 
Bakı, “Elm və təhsil” nəşriyyatı, 148 səh.
Kitab  müəllifin  “Morfoloji  yolla  söz  yaradıcılığında  qeyri-məhsuldar  şə-
kilçilərin rolu” adlı monoqrafiyası əsasında yenidən işlənmiş və təkmilləşdi-
rilmişdir. Müasir Azərbaycan dilində işlənən nisbətən az məhsuldar və qey-
ri-məhsuldar  şəkilçilərdən  bəhs  edir.  Əsərdə  əsasən,  isim,  sifət,  zərf  və  feil 
düzəldən  qeyri-məhsuldar  şəkilçilər  milli,  Ərəb-fars  və  Rus-avropa  mənşəli 
olmaqla  qruplaşdırılmış,  omonimlik,  sinonimlik,  antonimlik  xüsusiyyətləri 
haqqında məlumat verilmiş, onların söz yaradıcılığı prosesində iştirakı praktik 
nümunələr üzərində göstərilmiş və dilimizdəki söz-şəkilçilər linqvistik təhlil 
müstəvisinə cəlb olunmuşdur. Əsər tarixi və təsviri qrammatikanın nailiyyət-
lərinə  əsaslanmaqla,  söz  yaradıcılığında  qeyri-məhsuldar  şəkilçilərin  hazırkı 
vəziyyətini əks etdirir.
Monoqrafiyadan abituriyentlər, ali məktəblərin filologiya fakültəsinin tələ-
bələri, magistrantlar, doktorantlar, müəllimlər, ümumiyyətlə ana dilimizlə ma-
raqlanan hər kəs istifadə edə bilər.
 
© Əsgərov İ.V - 2015
© Elm və Təhsil, 2015
4602000000
N098 - 2015
qrifli nəşr

3
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
 
Müəllifdən, yaxud da 
“Sözümün canı var”
Unudulmaz müəllimlərim Fərrux Həsənov və 
 Şəfəq Cabbarovanın əziz xatirəsinə ithaf edirəm.
Dilimizin formalaşmasında böyük rol oynayan söz yara-
dıcılığı prosesi dilin bütün inkişaf mərhələlərində mühüm 
əhəmiyyət kəsb edir. Xüsusilə də, morfoloji yolla söz yara-
dıcılığı qədim tarixi köklərə malik olan ana dilimizi təkmil-
ləşdirir, lüğət ehtiyatını daha da zənginləşdirir. 
Tarix  boyu  söz  yaradıcılığı  prosesində  morfoloji  yol-
la  əmələ  gələn  leksik  vahidlər  digər  yollarla  əmələ  gələn 
sözlərdən  üstün  və  məhsuldar  olmuşdur.  Morfoloji  yolla 
söz yaradıcılığının tədqiq olunmasına XX əsrin ikinci yarı-
sından başlayaraq dilçilikdə sistemli tədqiqatlar aparılmış, 
monoqrafiyalar yazılmış, məqalələr həsr olunmuşdur. La-
kin  bununla  bərabər,  dilçiliyimizdə  bir  sıra  məsələlər  öz 
elmi həllini tapmamış, ayrı-ayrı tədqiqatçılar arasında fikir 
ayrılığı yaratmışdır. Buna görə də bəzi dilçilik məsələləri 
yeni yanaşma tələb edir.
Monoqrafiya tarixi və təsviri qrammatikanın nailiyyətlə-
rinə əsaslanmaqla, müasir Azərbaycan dilinin söz yaradı-
cılığında işlənən qeyri-məhsuldar şəkilçilər, onların dildə 
rolu və əhəmiyyəti, işlənmə dairəsi, omonimliyi, sinonimli-
yi, mənşəyi, söz yaratma qabiliyyəti kimi aktual məsələləri 
özündə əks etdirir. Dilimizdə rast gəlinən qeyri-məhsuldar 

4
İlkin Əsgər
şəkilçilər həm kəmiyyət, həm də keyfiyyət nöqteyi-nəzərin-
dən məhsuldar şəkilçilərdən geri qalır və azlıq təşkil edir. 
Məhsuldar şəkilçilər çoxmənalı sözlərdən törəmiş və daha 
qədim tarixi köklərə malikdir. Qeyri-məhsuldar şəkilçilər 
isə təkmənalı sözlərin müstəqilliyini itirərək şəkilçiləşməsi, 
sözlərin lüğəvi mənasının daralması əsasında əmələ gəlmiş 
və dil tarixinin nisbətən sonrakı inkişaf mərhələsinin məh-
suludur.
Dilimizdə işlənən qeyri-məhsuldar şəkilçilər digər söz-
düzəldici  şəkilçilərlə  bərabər  S.Cəfərov,  H.Mirzəzadə, 
M.Hüseynzadə, Y.Seyidov, Ə.Rəcəbli, Q.Kazımov, Ə.Tan-
rıverdi,  B.Xəlilov  kimi  dilçi  alimlər  tərəfindən  müxtəlif 
monoqrafik  tədqiqatlarda,  ayrı-ayrı  mövzuların  tərki-
bində  linqvistik  təhlil  müstəvisinə  gətirilmiş,  etimoloji 
cəhətdən şərh olunmuş, sözdüzəldicilik qabiliyyəti konk-
ret  nümunələr  əsasında  izah  olunmuşdur. A.Ağalarovun 
“Azərbaycan dilində qeyri-məhsuldar şəkilçilər” adlı mo-
noqrafiyasında (2010) 140-a yaxın qeyri-məhsuldar şəkilçi 
haqqında  sistemli  məlumat  verilmişdir.  Kitabın  bu  nəşri 
2014-cü  ildə  çap  olunan  “Morfoloji  yolla  söz  yaradıcılı-
ğında qeyri-məhsuldar şəkilçilərin rolu” adlı monoqrafiya 
əsasında  yenidən  işlənmiş,  təkmilləşdirilmişdir.  300-dən 
artıq qeyri-məhsuldar şəkilçini özündə əks etdirən həmin 
monoqrafiyada müxtəlif dilçilik ədəbiyyatlarında yer alan 
qeyri-məhsuldar şəkilçilərlə yanaşı, ana dilimizin inkişafı-
nın son dövrlərində meydana çıxan və şəkilçi hüququ qa-
zanan morfemlər praktik nümunələr üzərində şərh edilmiş, 
işlənmə xüsusiyyətləri, omonimlik, sinonimlik, antonimlik 
keyfiyyətləri göstərilmişdir.
Sizlərə təqdim ounan bu kitab isə, həm kəmiyyət, həm 
keyfiyyət baxımından əvvəlki nəşrdən fərqlənir, bir sıra ye-

5
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
nilikləri ilə diqqət çəkir. Kitabın üstünlüklərindən biri də 
“söz-şəkilçi”lərin tədqiqata cəlb olunması, onların linqvis-
tik təhlil müstəvisinə gətirilməsidir. Söz-şəkilçilər dilçiliyin 
az öyrənilən mövzularından biri olub, bu günə kimi sistemli 
tədqiqata cəlb olunmamışdır. Orta və ali məktəb dərsliklə-
rində də əsasən, bu məsələyə münasibət bildirilməmişdir. 
Yalnız ayrı-ayrı mövzuların tərkibində (bax: 29.,101; 39.,110), 
yaxud da məqalə səviyyəsində yanaşılmışdır. Bədii mətn-
lər üzərində aparılan müşahidələr, müxtəlif dil faktlarının 
tədqiq  olunması  göstərir  ki,  müasir  Azərbaycan  dilində 
söz-şəkilçilərin öyrənilməsinə, onların omonimlik, antonim-
lik, sinonimlik kimi xüsusiyyətlərinin müəyyən edilməsinə 
böyük ehtiyac vardır. Hazırda dilimizdə söz-şəkilçi funk-
siyasına malik olan morfemlər arasında sözdüzəlici şəkil-
çilər üstünlük təşkil edir ki, onların da kəmiyyət etibarı ilə 
böyük bir qismi qeyri-məhsuldar şəkilçilərin payına düşür. 
Kitabın II fəslinin sonunda qeyri-məhsuldar şəkilçilər ara-
sında söz-şəkilçi kimi işlənən yüzdən artıq morfem vermi-
şik. Həmin morfemlərin də bir qrupu həm şəkilçi, həm də 
söz vəzifəsində müvafiq cədvəldə praktik nümunələr əsa-
sında  izah  olunmuşdur.  Qeyd  edək  ki,  tədqiqtın  obyekti 
əsasən, qeyri-məhsuldar şəkilçilər olduğu üçün, digər söz-
düzəldici (leksik) və sözdəyişdirici(qrammatik) şəkilçilərə 
mənsub olan söz-şəkilçilərə münasibət bildirilməmiş, onlar 
haqqında fikir söylənməmişdir.
Kitabın  bu  nəşri  430-dan  artıq  qeyri-məhsuldar  şəkil-
çini əhatə edir. Eyni zamanda məhsuldarlığından asılı ol-
mayaraq  bir  qrup  şəkilçiyə,  onların  dildəki  funksiyasına, 
ifadə  etdikləri  semantik  çalarlar  ilə  əlaqədar  münasibət 
bildirilmişdir. Bu şəkilçilər arasında elələri vardır ki, onlar 

6
İlkin Əsgər
tədqiqat müstəvisinə ilk dəfə gətirilir. Məsələn, dialekt və 
şivələrimizdə, danışıq dilimizdə, məişət üslubumuzda elə 
sözdüzəldici şəkilçilər var ki, ədəbi dildə onlardan istifadə 
olunmur. Bu şəkilçilər arasında qeyri-məhsuldar şəkilçilər 
xüsusi əhəmiyyət kəsb edir və bu şəkilçilər ayrı-ayrı dialekt 
və şivələrimizdə sözyaratma prosesinə təkan verir.
Qeyri-məhsuldar şəkilçilər mənşəyinə görə, milli, Ərəb-
fars və Rus-avropa mənşəli olmaqla 3 qrupa ayrılırlar. Qeyd 
edək ki, bu şəkilçilərin bir qismi mənbə dildə müstəqil lek-
sik mənaya malik olub, müstəqil söz kimi işləndiyi halda 
müasir dilimizdə şəkilçi kimi çıxış etməkdədir. “Müəyyən 
sözlərlə  birlikdə  Azərbaycan  dilinə  gələn,  lakin  tədricən 
şəkilçiləşməyə doğru inkişaf edən və yeni söz yaratmaqda 
əsil milli sözlərimizə qoşulan alınma sözlərdir ki, belələri 
tarixən həmin vəzifədə işlənmiş, bütün dövrlərdə asanlıqla 
söz kökündən ayrıla bilmişdir”. (39.,110)
Məsələn,  –xana,-dar,-saz,-bənd,-pərəst,-abad,-zad,-zadə,-a-
miz,-bər,-nüma,-əsər,-kar,-for,-post və s. kimi Ərəb-fars mən-
şəli,  Rus  və  avropa  mənşəli  qeyri-məhsuldar  şəkilçilər 
mənbə dildə müstəqil söz kimi işlənirlər. 
Müasir  Azərbaycan  dilindəki  sözdüzəldici  şəkilçilər 
qeyri-məhsuldar  şəkilçilər  də  daxil  olmaqla  müvafiq  nitq 
hissələri  ilə  işlənməsinə  görə,  bir-birindən  əsaslı  şəkildə 
fərqlənir.  S.Cəfərov  onları  nitq  hissələri  üzrə  aşağıdakı 
kimi qruplaşdırmışdır: 
1) 
Ad düzəldən şəkilçilər
  a) adlardan ad düzəldənlər;
  b) feillərdən ad düzəldənlər.

7
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
2. Feil düzəldən şəkilçilər
  a) adlardan feil düzəldənlər;
  b) feillərdən feil düzəldənlər.
3. Zərf düzəldən şəkilçilər
  a) adlardan zərf düzəldənlər;
  b) feillərdən zərf düzəldənlər.
 Zərf düzəldən qeyri-məhsuldar şəkilçilər dilimizin inki-
şafının bütün mərhələlərində kəmiyyət etibarı ilə azlıq təş-
kil etdiyindən əsərdə bu qrup şəkilçilər ad düzəldən qey-
ri-məhsuldar şəkilçilərin tərkibində verilmişdir. 
Tədqiqatın yeniliklərindən biri də, Azərbaycan dili üçün 
xarakterik  olmayan  iç  şəkilçilərin  qeyri-məhsuldar  şəkil-
çilər sırasında verilməsidir. –a, -ə,-ha,-ba,-bə kimi infikslər 
həm orta məktəb, həm də ali məktəb dərsliklərində “şəkil-
çi”, “birləşdirici” başlıqları altında verilmiş, məhsuldarlı-
ğı haqqında isə əsaslı fikir söylənilməmişdir. Bu şəkilçilər 
adətən,  təkrar  olunan  iki  sözün  arasında  işlənərək  quru-
luşca mürəkkəb sözlər əmələ gətirir. İnfikslər dilimizin söz 
yaradıcılığı prosesində zəif iştirak edir, isim, sifət, zərf kimi 
nitq  hissələrinə  aid  quruluşca  mürəkkəb  leksik  vahidlər 
əmələ gətirir. Məsələn:
Adətimiz daş idi dəva günü,
Tullardıq əldə sapan qıjhaqıj!
Hər kəsə dəysəydi edərdi haman
Bir neçə gün ahü fəğan, ufhauf!
Mərhəm olurdu, sağalırdı yara,
Əldə qalırdı yenə can sapbasağ!

8
İlkin Əsgər
İmdi revolverdi, dönüm başına,
Nagəh olur gülləfəşan partapart!
Onda görürsən yıxılıb yanbayan
Bir neçə növrəstə cəvan laybalay!
Tuf belə dövranə ki, bədtər olur
Seyri-fələk, dövri-zəman ilbəil!
Milləti-islam qırır bir-birin,
Allah, aman, bu nə yaman qırhaqır!
Qardaşa bax, qardaşını öldürür,
Vəhşi olub əhli-cəhan sərbəsər!
Milləti gördükcə belə hərcü mərc
Könlüm olur dopdolu qan qatbaqat... 
(M.Ə.Sabir).
Sabirin  bu  şeirində  qıjhaqıj,  ufhauf,  sapbasağ,  parta-
part,  yanbayan,  laybalay,  ilbəil,  qırhaqır,  sərbəsər,  qat-
baqat kimi sözlər –a,-ha,-ba,-bə qeyri-məhsuldar infikslə-
rinin iştirakı ilə yaranmışdır.
Dilçilik ədəbiyyatlarında bu şəkilçilərin dilimizin daxi-
li imkanları hesabına yarandığı göstərilir. M.Adilov yazır: 
“Beləliklə,  aydındır  ki,  bir  sıra  təkrar  konstruksiyalarda 
özünü göstərən “ba”, “bə” ünsürlərini fars dilindəki “ba”, 
“bə” ünsürləri ilə qarışdırmaq olmaz. Əvvələn, fars dilinə 
məxsus  həmin  ünsürlər  yarımçıq  təkrarların  (dübbədüz, 
qıpqırmızı, darbadağın kimi sözlər nəzərdə tutulur- İ.Ə ) arasın-
da işlənməz... Nəhayət, dilimizdə sifətlərin hətta tam tək-
rarında işlənən “ba”, “bə” ünsürləri də alınma hesab oluna 
bilməz”.(69.,72). 
Başqa  sözlə  desək,  dilimizin  daxili  imkanları  hesabına 
yaranan  –ba,-bə  kimi  qeyri-məhsuldar  iç  şəkilçilər  sözün 

9
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
semantikasını  qüvvətləndirməyə,  intensivliyini  artırmağa 
xidmət edir.
Kitabın  adında  olan  ziddiyyət  isə  əslində  həqqiqətdən 
irəli gəlir. Çünki qeyri-məhsuldar şəkilçilər də sözyaratma 
prosesində əsasən, fəal iştirak edərək, müxtəlif məzmunlu 
söz qrupları ilə birgə işlənərək yeni mənalı müstəqil leksik 
vahidlər  əmələ  gətirir.  Ənənəvi  dilçilik  ədəbiyyatlarında 
təsnifat aparılarkən “qeyri-məhsuldar şəkilçilər” adı altın-
da verilən bu termin əslində şərti xarakterə malik olub, bu 
qrupa aid olan morfemlərin ifadə etdiyi semantikanı tam 
dəqiq və düzgün ifadə edə bilmir. Qeyri-məhsuldar şəkil-
çilərin özləri də dildə məhsuldarlığın yaranmasına və art-
masına xidmət edir, dilin lüğət ehtiyatını daha da inkişaf 
etdirərək zənginləşdirir. Qeyd edək ki, bu monoqrafiyada 
qeyri-məhsuldar  şəkilçi  kimi  təqdim  olunan  morfemlərin 
sayəsində müasir Azərbaycan ədəbi dilində 1000-dən artıq 
yeni məzmunlu leksik vahidlər əmələ gəlmişdir. Məgər bu 
məhsuldarlıq deyil?! Yaxud da, bu, qeyri-məhsuldar şəkil-
çilərin  məhsuldarlığın  yaranmasında  göstəricisi,  rolu  de-
yilmi?!
Nəzərə almaq lazımdır ki, qeyd olunan morfemlər va-
sitəsilə əmələ gələn sözlərin özləri də mikro və makromətn-
lərin tərkibində işlənməklə predikativ və qeyri-predikativ 
birləşmələrin əmələ gəlməsində olduqca mühüm əhəmiy-
yət kəsb edir. Dolayısı ilə bu da, məhsuldarlığın bir forması 
olub,  dilimizin  inkişafına  xidmət  edir.  Düzdür,  dilçilikdə 
qeyri-məhsuldar  şəkilçilərə  münasibət  birmənalı  olma-
mışdır.  Məsələn,  prof.  H.Mirzəzadə  “Azərbaycan  dilinin 
tarixi morfologiyası” (bax: 39) adlı kitabında həm tarixən, 
həm  də  bu  gün  işlənən  bəzi  qeyri-məhsuldar  şəkilçiləri 

10
İlkin Əsgər
müstəqil şəkilçi hesab etmir. Belə şəkilçilər –gir,-zar, -xah,-
əng olmaqla, əsasən fars mənşəli şəkilçilər qupuna aiddir. 
H.Mirzəzadə  bu  kimi  şəkilçilərin  həm  mənbə  dildə,  həm 
də bizim dilimizdə zəif iştirakını əsas gətirməklə, –gir,-zar, 
-xah,-əng  şəkilçisi  işlənmiş  sözləri  sadə  götürməyi  daha 
münasib hesab edir.(bax: 39.,110-111). Əlbəttə, bu fikir dil-
də özünü doğrultmur. Ona görə ki, göstərilən şəkilçilər ar-
tırıldığı sözdə yeni semantika yaratmaqla bərabər, əsasən, 
artırıldığı sözün mənsub olduğu söz qrupunu da dəyişdi-
rir. Məsələn, fənd, cib, pul kimi sözlər nitq hissəsi etibarı 
ilə  isim  olduğu  halda,  -gir  şəkilçisi  qəbul  etdikdən  sonra 
sifətə çevrilir: fəndgir uşaq, pulgir adam, cibgir şəxs. Bun-
dan əlavə bu şəkilçilərin əsasında da yeni sözlər əmələ gələ 
bilir. Məsələn: fənd-fəndgir-fəndgirlik, azad-azadxah-aza-
dxahlıq, üzr-üzrxah-üzrxahlıq və s. 
Bu hal milli mənşəli şəkilçilərə də aiddir. Məsələn, bir 
cür yazılan –tuq şəkilçisi əsasında müasir Azərbaycan ədə-
bi  dilində  19  leksik  vahid  (sadə,  düzəltmə,  mürəkkəb  ol-
maqla) əmələ gəlmişdir: “qoltuğuboş, qoltuğudolu, qoltuq, 
qoltuqağacı,  qoltuqaltı,  qoltuqçu,  qoltuqçuluq,  qoltuqfü-
ruş, qoltuqfüruşluq, qoltuqqulu, qoltuqlama, qoltuqlamaq, 
qoltuqlanma,  qoltuqlanmaq,  qoltuqlatma,  qoltuqlatmaq, 
qoltuqlu, qoltuqsazı, qoltuqsuz”.(bax: 17., 419) 
Misallardan da göründüyü kimi –tuq şəkilçisi olmadan 
bunları  əmələ  gətirmək  mümkün  deyil.  Daha  doğrusu, 
-tuq  şəkilçisini  çıxartsaq,  ya  sözün  semantikasında  fərq 
əmələ gələr, ya da söz ümumilikdə məna verməz. Məsələn: 
qoltuqlama- qollama, qoltuqçu-qolçu, qoltuqlanmaq-qol-
lanmaq, qoltuqqulu-qolqulu, qoltuqsazı-qolsazı və s. 

11
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
İşin əsas predmetini əsas və köməkçi-budaq morfemlər 
təşkil edir. Monoqrafiyada öz əksini tapmış fikir və müla-
hizələr həm şərti, həm təqsimi, həm də, qəti hökümlər kimi 
səciyyələndirilməlidir. 
Əsərin  ərsəyə  gəlməsində  dilçiliyin  son  dövr  nailiy-
yətləri saf-çürük edilmiş, mövzu ilə əlaqədar monoqrafik 
tədqiqatlar  nəzərdən  keçirilmiş,  ayrı-ayrı  fikir  və  müla-
hizələrə inkari və iqrari münasibət bildirilmişdir. Əvvəlki 
nəşrdə  olan  texniki  qüsurlar  aradan  qaldırılmış,  praktik 
nümunələrin sayı artırılmışdır.
 Monoqrafiya haqqında qeyd, təklif, münasibət, tənqidi 
fikir bildirənlərə əvvəlcədən təşəkkürümüzü bildiririk.

12
İlkin Əsgər
I FƏSİL
AD DÜZƏLDƏN QEYRI-MƏHSULDAR
ŞƏKILÇILƏR VƏ ONLARIN MƏNŞƏYI
1.1. Ad düzəldən milli mənşəli 
qeyri-məhsuldar şəkilçilər.
Ad  düzəldən  qeyri-məhsuldar  şəkilçilər  ana  dilimizin 
bütün tarixi inkişaf mərhələlərində kəmiyyət və keyfiyyət 
nöqteyi-nəzərindən zərf və feil düzəldən qeyri-məhsuldar 
şəkilçilərdən üstün olmuşdur. Bu qrup şəkilçilər daha çox 
isim, sifət və feil sonuna qoşulmaqla yeni sözlər əmələ gəti-
rir. Zərf düzəldən qeyri-məhsuldar şəkilçilər dilimizdə az-
lıq təşkil etdiyindən onları da “ Ad düzəldən qeyri-məhsuldar 
şəkilçilər” başlığı altında təqdim edirik. Ad düzəldən qey-
ri-məhsuldar şəkilçilər həm milli, həm də alınma mənşəli 
sözlərlə  işlənə  bilir.  Bu  bölgüyə  daxil  olan  şəkilçilər  şərti 
olaraq milli, Ərəb-fars və Rus-avropa mənşəli qeyri-məh-
suldar  şəkilçilər  kimi  qruplaşdırılır.  Milli  mənşəli  qey-
ri-məhsuldar şəkilçilər bəzi istisna halları nəzərə almaqla 
əsasən aşağıdakılardan ibarətdir.
-uc. İsimdən isim düzəldən milli mənşəli qeyri-məhsul-
dar söz-şəkilçidir. Qoşulduğu sözdə əşya, nəticə, aqibət ça-
ları ifadə edir. Məsələn: sonuc
-sal. Müasir Azərbaycan dilində -lı,-li,-lu,-lü şəkilçisinin 
sinonimi  kimi  çıxış  edir.Bəzi  türk  dillərində  şəkilçi  sel 

13
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
formasında işlənir. Daha çox isimlərin sonuna qoşulmaq-
la əlamət, keyfiyyət bildirən yeni sözlər düzəldir. Məsələn: 
rəqəmsal, duyğusal, qumsal.
-in.  Omonim  şəkilçi  olub,  bəzi  say  və  isimlərdən  şəxs 
adı  bildirən  onamastik  vahidlər  düzəldir.  Məsələn:  İlkin, 
Eşqin.
-ti. Bu şəkilçi feildən isim düzəldən –ti şəkilçisi ilə omo-
nimlik  təşkil  edir.  Qeyri-məhsuldar  şəkilçi  kimi  isimdən 
əşya, mücərrəd, kiçiltmə mənalı isim düzəldir. Hənir sözünə 
qoşularaq hənirti sözünü yaradır. Məsələn: Alıb hənirimi haya 
gəlmisən...(A.Laçınlı), Hənirtiyə həyətə çıxan Qönçə xanım bir 
xeyli  heyranlıqla  qardaşının  yanakı  qoyduğu  papağına,  əyninə 
kip  yapışan  gödəkcəsinə,  qara  məxmər  şalvarına,  günün  işıltı-
sında burnu parıldayan çəkməsinə və zər baftalı dolağına xeyli 
baxmışdı.(İ.Şıxlı).
-pər.  Sifətdən  sifət  düzəldən  qeyri-məhsuldar  söz-şə-
kilçidir.  Dilimizdəki  “yekəpər”  sözü  bu  şəkilçi  vasitəsilə 
əmələ gəlmişdir.
-bab. Müasir Azərbaycan dilində sifətdən sifət düzəldən 
qeyri-məhsuldar söz şəkilçi olub, babat sözünün şəkilçiləş-
məsi, ixtisarı nəticəsində meydana gəlmişdir. Dilimizdə bu 
model əsasında onlarla söz yaranmışdır. Tədricən sabitləş-
məyə doğru inkişaf mərhələsindədir. Məsələn: ortabab.
-düz. Bu şəkilçi qədim türk yazılı abidələrinin dilində 
tüz şəkilində işlənmişdir. Yaranma tarixi qədim olmasına 
baxmayaraq söz yaradıcılığı prosesində olduqca zəif iştirak 
edir. Dilimizdəki gündüz sözü bu şəkilçi vasitəsilə yaranıb. 
Qoşulduğu sözdə zaman məfhumu yaradır:
 Sinəsində dağlar qalan,
 Bir həsrətlə ağlar qalan,

14
İlkin Əsgər
Gecə, gündüz çağlar qalan
Araz kimi çayım varmış. 
(V.Dumanoğlu)
-a,-ə.  Söz  yaradıcılığı  prosesində  omonimlik  keyfiyyə-
tinə  malik  budaq  morfem  kimi,  həm  məhsuldar,  həm  də 
qeyri-məhsuldar şəkilçi yerində çıxış edir. Əsasən adların 
sonuna əlavə olunmaqla zaman, bənzətmə, əşya, alət bil-
dirən  sözlər  düzəldir.  Məsələn:  küpə,  qoza,  gecə,  lavaşa. 
Siçanla  pişik  bir  küpə  tapıb  yağı  doldurdular  içinə,  aparıb  bir 
ağacın dibində yer qazıb basdırdılar, sonra qayıdıb gəldilər ev-
lərinə.(folklordan), Gecə ulduzludur, hava da sərin.(S.Vurğun)
-ə.  Qeyri-məhsuldar  omonim  şəkilçi  olub,  feldən  sifət 
əmələ gətirir. Məsələn: kəsə (yol); Məktəbdə oxuduğu vaxt, 
qış və yay tətillərində yoldaşları ilə şəhərə həmin bu kəsə cığırla 
gəlib-gedərdi.(İ.Şıxlı)
-n.Omonim səciyyəsi daşıyan və isimdən isim düzəldən 
qeyri-məhsuldar  şəkilçidir.  Qoşulduğu  sözdə  daha  çox 
mücərrədlik yaradır. Məsələn. qadağan, məsələn və s.



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə