İlqar Fəhminin “Bakı tarixindən kollaj



Yüklə 1.04 Mb.
Pdf просмотр
səhifə1/12
tarix30.06.2017
ölçüsü1.04 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   12

  

 

İlqаr Fəhmi 

 

 

 



 

Bakı tarixindən kollaj 

(roman) 

 

 



 

Gənc yazar İlqar Fəhminin “Bakı tarixindən kollaj” bədii‐publisistik romanı Bakı tarixinə, etnoqrafiyasına, 

mədəni irsinə özünəməxsus, subyektiv bir baxışı əks etdirir. Əsər fraqmentar roman üslubunda  yazılıb, ilk 

baxışdan bir‐biriylə əlaqəsi olmayan, lakin daxili bağlılığı olan fraqmentlərdən ibarətdir. 

 

 



 

Bakı ‐ 2007 



 

 

  

Birinci kitab 

 

Mən indi öz şəhərimi yalnız yuxularda görə bilirəm.  



Bəxtimdən son vaxtlar əməlli yatmaq da olmur.  

Yuxusuzluq axırıma çıxacaq. 

 

 

Gecələr göydə səni çox gəzib axtardı yuxum 

 

Zülmətin bağrını ağ eşqi ilə yardı yuxum. 

 

Gəlməyirsən yuxuma xeyli zamandır, bəlkə 

Hüsnünün hədsiz olan nuru üçün dardı yuxum? 

 

 

Gah buludlu göy olur, gah dəli, tufanlı dəniz, 

 

Gah da qəm ətri verən laləli gülzardı yuxum. 

 

            Ağlayıb yalvarıram hər gecə ki, rəhm eləyib 

   

Səni bir anlığa bəlkə mənə qaytardı yuxum. 

 

 

Gözümə xeyli zamandır ki, görünmür, utanır 

 

Tapa bilmir səni, qarşımda günahkardı yuxum. 

 

Sən ki, getdin, o zamandan da yuxum qeyb olmuş, 

Ayrılıq sanki günəşdi, əriyən qardı yuxum. 

 

 

Vardı günlər ki, görərdi yuxuda Fəhmi səni, 

 

Necə xoşbəxt zamanlardı, hələ vardı yuxum. 

 

 

Oxunması vacib olmayan müqəddimə 

 

Ceyms  Coys  İtaliyada,  Triyest  şəhərində  oturub  Dublin  haqqında  romanını  yazırdı,  qələminin 



belinə  minib  İrlandiya  paytaxtının    köhnə  kvartallarını,  küçələrini  gəzirdi,  hər  məhəllənin  keçmişinə, 

tarixinə  baş  vururdu,  hər  tikilinin  tarixçəsində  eşələnirdi.  Buna  baxmayaraq  uzaqdaydı  öz  şəhərindən. 

Bəlkə  ona  görə  gəlib  əsərini  İtaliyada  yazırdı  ki,  hər  hansı  bir  predmet  içəridən  bir  cür,  kənardan  isə 

tamam başqa cür görünür və Coys da öz Dublininə kənardan baxmaq istəyirdi. 

Orxan  Pamuk  Amerikada  –  Nyu‐Yorkun  «Kolumbiya  universiteti»ndə  oturub  «Qara  kitab»ı 

yazırdı,  yaratdığı  obrazın  cildinə  girib  İstanbulun  köhnə  məhəllələrini,  dükan  bazarını  gəzirdi,  qayığa 

minib Bosforda üzürdü, köhnə İstanbul əhlinin xarakterini açırdı.  

Qəribə də olsa, mənə elə gəlir ki, həm adıçəkilən iki əsərin, həm də oxşar taleli, oxşar məzmunlu 

başqa  əsərlərin  uğur  qazanmasına  səbəb  istedad  faktoru  ilə  bərabər  yazıçının  öz  şəhərinə  bir  qədər 

aralıdan baxa bilməsi olub və bu uzaqlıq yazıçıya öz doğma şəhərinin bir çox spesefik xüsusiyyətlərini 

açmaqda yardımçı olub. Hər halda, mən belə düşünürəm. 

Mən    Bakının  göbəyində,  yəni  Respublika  Sarayının  arxasındakı  evlərin  birində  rahatca  oturub 

Bakı tarixi haqqında nəsə yazmaq istəyirəm, amma şəhərin ortasında olsam da, özümü Bakıdan o qədər 


  

uzaqda hiss edirəm ki, bu uzaqlığın yanında Dublinlə Triyest, İstambulla Nyu‐York arasındakı məsafə 

insan  ömrü  qədər  qısa,  balaca  görünür.  Çünki  bu  şəhərlər  arasındakı  məsafə  yalnız  kilometrlərlə 

ölçülürdüsə,  mənim  Bakımı  məndən    varlıq‐yoxluq  sərhəddi  ayırır,  yəni  mən  varam,  Bakım  isə  artıq 

varlıq çərçivəsindən kənardadır. 

Bəli,  mən  təsvir  etmək  istədiyim  Bakıdan  çox  uzaqdayam,  hərçənd  ki,  zaman  etibarilə  bizi  cəmi 

bir neçə onillik ayırır.  İyirmi‐iyirmi beş il bundan əvvələcən sürünə‐sürünə də olsa mənim Bakım hələ 

yaşayırdı, çox qocalsa da, haldan düşsə də, görkəmi çox dəyişsə də diqqətlə baxanda hiss olunurdu ki, 

bu,  mənim  Bakımdır,  bu,  həmin  Bakıdır;  həyətləri  qır  iyi  verən,  asfalt  yollarının  qıraqlarında  sınıq 

limonad  şüşələri  parıldayan,  dəniz  sahillərində  neft  qalıqları  yığılan,    qağayılarının  da  rəngi  neftdən 

qaralan, toz‐torpağı adamın ağız‐burnuna dolan, xəzrisi əldən çanta, başdan papaq qapan (bu siyahını 

sonsuzluğa qədər uzatmaq da olar) bizim Bakı. 

Amma  indi  həmin  Bakı  yoxdur,  nənəm  demişkən,  pişik  apardı.  Mənim  Bakımı    «Yevroremont 

mütəxəssisləri»  fasilə  vermədən,  gecə‐gündüz  böyük  həvəs  və  şövq  ilə  ütüləyirlər‐əhəngləyirlər, 

ütüləyirlər‐əhəngləyirlər və bir azdan Bakı tarixi ağappaq, hamar bir kəfənə çevriləcək ki, mənim kimi 

kiflənmiş  köhnə  bakılıları  ağuşuna  alıb  aparacaq  ora,  bütün  gərəksiz  məxluqların  atıldığı  yerə,  yəni,  o 

dünyaya… 

Hərdən  mənə  elə  gəlir  ki,  şəhərlərin  də  öz  kainatları,  o  dünyaları‐bu  dünyaları,    cənnətləri‐

cəhənnəmləri  olur;  yaranırlar,  inkişaf  edirlər,  böyüyürlər,  sonra  da  yavaş‐yavaş  tənəzzülə  uğrayırlar, 

məhv olub gedirlər. Dünya tarixində bir çox şəhərlər olub ki, onlardan indi yalnız xarabalıqlar qalıb. Bu 

nöqteyi‐nəzərdən yanaşsaq, mənim Bakım bu saat Bərzəx aləmindədi, yəni, o dünyanın astanasındadı və 

sakitcə  oturub  cənnətə,  yaxud  cəhənnəmə  düşəcəyi  barədə  dərin,  monumental  düşüncələrə  dalıb,  bu 

dünyada etdiyi əməlləri götür‐qoy edir, günahlarına görə Allaha nə cavab verəcəyini düşünür… 

Kimlərsə  etiraz  edib,  deyə  bilər  ki,  Bakı  heç  də  uçulub‐dağılmır,  əksinə,  günü‐gündən  böyüyür, 

inkişaf edir, gözəlləşir, təmizlənir və s. Yox, əzizlərim, xahiş edirəm diqqətli olun, çünki indi hamımızın 

gördüyü Bakı, mənim haqqında danışmaq istədiyim Bakı deyil, onun oğludur. Ümumiyyətlə, insanların 

ailə şəcərəsi ilə şəhərlərin taleyi arasında da oxşarlıq çoxdur və müxtəlif paralellər aparmaqçün saysız‐

hesabsız  faktorlar  var.  Fərq  isə  məncə  bircə  bundan  ibarətdir  ki,  insan  ailəsində  övlada  adətən 

valideynlərin adını qoymurlar. Şəhərlərin taleyi isə başqa cürdür, övladın adı çox vaxt valideynin adıyla 

üst‐üstə  düşür,  yaxud,  yalnız  cüzi  dəyişikliyə  uğrayır.  Bu  mənada  şəhərləri  rus  ailələrinə  bənzətmək 

olar,  onlarda  uşağa  valideynin  adını  qoymaq  praktikası  çox  yayılıb,  məsəlçün,  İvan  İvanoviç,  Pyotr 

Petroviç və s.  

İndiki  Bakını  da,  məncə,  Bakı  Bakıyeviç  adlandırmaq  düzgün  olar.  Oğul  Bakı  hamımızın  indi 

gördüyü  şəhərdir,  mən  isə  bu  şəhərin  atası,  babası  və  ümumiyyətlə,  əcdadları  barədə  danışmaq 

istəyirəm.  Məni  buna  vadar  edən  isə  aşağıdakı  səbəblərdir.  Adətən  hər  oğul  atasından  yadigar  olaraq 

həmişə nə isə saxlayır ‐ şəkillər, hansısa  məişət predmetləri,  daha nə bilim nələr. Şəxsən mənə rəhmətlik 

atamdan  bir albom şəkil, mal sümüyündən düzəlmiş iki təsbeh,  bir qutu saatsazlıq alətləri və beş dəftər 

fəlsəfi rübai (əlbəttə ki, bu rübailər  gecə‐gündüz Xəyyamı oxuyub «Staliçnı» araqdan gillədən köhnə bir 

bakılının  sayıqlamalarından  başqa  bir  şey  deyil,  yoxsa  indiyəcən  çoxdan  onları  çap  eləmişdim)  və  bir 

neçə  başqa  şey  qalıb  ki,  hal  hazırda  mənə  lazım  olmasalar  da  onları  az  qala  göz  bəbəyim  kimi 

qoruyuram, çünki rəhmətlik atamla surətbəsurət söhbət etmək, öz dərdimi bölüşmək, məsləhət almaq, 

bir  sözlə,  öz  əslimə  qayıtmaq  istəyəndə  bu  predmetlər  mənə  yardımçı  olur,  onlara  toxunmaqla,  əlimə 

götürüb diqqətlə ora‐burasını nəzərdən keçirməklə elə bil, mənimlə rəhmətlik atam arasındakı keçilməz 

sədd  əriyib  itir,  arada  mistik  bir  pəncərə  açılır  və  mən  atamı,  onun  vasitəsiylə  babamı,  ümumiyyətlə, 

bütün əcdadlarımı açıq aydın görürəm.  

Normal  şəhərlər  də  belədir.  Müasir  Roma  öz  ata‐  babasından  yadigar  kimi  müqəddəs  Pyotr 

kilsəsini,  Paris  Luvr  sarayını,  London  Biq‐Beni,  Milan  «La‐skala»  operasını,  Moskva  «Vasili  Blajennı» 

məbədini,  Nyu‐York…        Yox  Nyu‐York    heç  nəyi  saxlamayıb,  çünki  saxlamalı  bir  şeyi  yoxdur,  əgər 



  

olsaydı onu, atam demişkən: «qəzet eliyib soxardı gözümüzə», bu şəhərin atası‐anası bilinmir, bir sözlə, 

Nyu‐York bicbala şəhərdir, Amma Bakı axı bicbala şəhər deyil, onun dağ kimi ata‐babası, nəsli‐nəcabəti 

olub.  Məsəlçün,  indiki  Bakının  atası  olan  mənim  kinolu‐teatrlı,  trolleybuslu‐tramvaylı,  Leninli‐Kirovlu 

Bakım  bu  qədər  vəfasız,  etibarsız  deyildi.  Nə  qədər  müasirləşsə  də,  yeniləşsə  də,  təzə  mikrorayonlar, 

yeni qəsəbələr dünyaya gətirsə də onları şəhərin kənarındakı düzənliklərdə yerləşdirirdi, ata‐babasından 

qalma İçərişəhəri də, kəhnə məhəllələri də əzizləyirdi, bircə daşına da toxunmurdu. 

Amma  indiki  Bakı  bilmirəm  kimə  oxşadı,  belə  bifər  çıxdı,  nihilist  oldu.  Qərara  gəldi  ki  ata‐

babadan ona heç nə qalmasa da olar, keçmişdən birdəfəlik əl üzüb yalnız və yalnız gələcəyə üz tutmaq 

lazımdır.  Beləliklə,  indiki  müasir  Bakı  nihilizmi  əlində  bayraq  edib  başladı  ata‐babasından  miras 

qalanları  dağıtmağa,  İçərişəhərin  yarıdan  çoxu  sökülüb  yerində  yeni  villalar  tikildi,  yuxarı  və  aşağı  

məhəllələrdəki  qədim  evlər,  rahat  həyətlər,  köhnə  olsa  da,  indikilərdən  yüz  dəfə  etibarlı  olan  qədim 

mülklər  dağıdılıb  yerində  kvadrat  göydələnlər  ucaldıldı,  hər  daşından  babalarımızın  iyi  gələn 

imarətlərin yerində beton mutantlar, kvadrat heyvərələr qaldırıldı.  

Bəlkə  də  bu  arzuolunmaz  prosesin  günahkarı  təkcə  müasir  Bakı  deyil,  bəlkə  də  burda  düşmən 

barmağı var. Bizimlə mərd,  igid, qeyrətli müsəlman babalarımızın arasında olan ruhani‐mənəvi bağları 

qırıb  bizi  yaddaşsız  manqurtlara  çevirmək  və  bu  yolla  daha  asan  istismar  etmək  istəyən  qüvvələrin 

təsiridir  bəlkə  bütün  bunlar?  Bəlkə  məhz  bu  qüvvələr  müasir  Bakının  beynini  doldurublar  ki,  əgər 

inkişaf  etmək,  sivil  bir  şəhər  olmaq  istəyirsənsə,  səni  keçmişə  bağlayan  bağları  mütləq qırıb  atmalısan, 

gələcəyini öz keçmişinin xarabalıqları üstündə qurmalısan. Yəqin ki, məsələ məhz bu cür olub, müasir 

Bakı da bütün bu qüvvələrin təsiri altına düşüb, başlayıb onların dediyini canü‐dildən həyata keçirməyə, 

yəni,  ata  babasından  qalma  nə  varsa  hamısını  uçurub  dağıtmağa.  Amma  binəva  heç  cür  başa  düşmək 

istəmir  ki,  əgər  sən  gələcəyini  öz  keçmişinin  üstündə  qursan,  ata‐babanın  bütün  nişanələrini  dağıdıb 

töksən,  birdəfəlik  məhv  etsən,  daha  sənin  o  bicbala  Nyu‐Yorkdan,  Vaşinqtondan  nə  fərqin  olacaq?  Və 

sabah onlar kimi bicbala olmadığını nəylə sübut edəcəksən?  

Yazımın bu hissəsi bədii əsərdən çox müxalifət qəzetlərinin köşə yazılarına oxşasa da, başqa çıxış 

yolu yoxdur. İstəyirəm ki, oxucu məni Bakı tarixi barədə yazmağa vadar edən səbəbləri lap yaxşı başa 

düşsün. 


Bəziləri deyə bilər ki, tutalım İçərişəhəri başa düşdük, bəs axı Bakının başqa yerlərindəki köhnə 

evlərin sökülüb yerində də təzə binaların tikilməsinin nəyi pisdir ki?  

Belə  düşünənlər  əlbəttə  ki  yanılırlar.  Əgər  İçərişəhər  bizim  beş  yüz‐üç  yüz  il  bundan  əvvəlki 

tariximizin simvoludursa, şəhərin mərkəzində, yaxud yuxarı məhəllələrindəki həmin tikililər də yüz əlli 

il bundan əvvəlki Bakının yadigarlarıdır. 

Qoy  İçərişəhəri  gəzən  adam  özünü  on  beşinci  əsrdə  hiss  etdiyi  kimi,  yuxarı  məhəllələrdə 

dolaşanlar  da,  özlərini  on  doqquzuncu  əsrdə  hiss  etsin.    Bunun  kimə  ziyanı  var  ki?    Qoy  tariximizin 

bütün dövrlərindən, hətta sovet dövründən də nəsə qalsın… 

Amma bizə qulaq asan kimdi ki… Təzə Bakı öz işindədir.  Yeganə gözü oxlanmış qəzəbli Təpəgöz 

kimi  ətrafdakı  hər  şeyi  sındırır,  dağıdır,  tapdalayır,  xaraba  qoyur.  Bir  sözlə  müasir  Bakı  bu  saat  ata‐

babasının  sümüklərini  yeməklə  məşğuldur.  Ümumiyyətlə,  indi  yemək  zəmanəsidir,    təzələr  dişlərini 

itiləyib  düşüblər  köhnələrin  canına  ‐  təzə  musiqi  köhnə  musiqini  yemək  istəyir,  təzə  ədəbiyyat  köhnə 

ədəbiyyatı, təzə evlər də köhnə evləri və s. 

 

Keçən  həftə  bizim  köhnə  həyətimizin  yerində  ucaldılmış  iyirmi  mərtəbəli  nəhəng  göydələni 



görəndə mənə həqiqətən də elə gəldi ki, bu bina bizim həyətimizi yeyib və bu saat yaraşıqlı qapısından 

içəri  keçsəm  onun  mədəsində,  yəni,  hansısa  anbarında,  zirzəmisində  nənəmin  namaz  otağını,  dayımın 

göyərçin  saxladığı  çardağı,  babamın  qır  tiyanını,  atamın  hərdənbir  dınqıldatdığı  tarı  və  nəhayət,  öz 

qamış  çərpələnglərimi,  taxta  avtomatlarımı,  tapançalarımı  tapacağam  (Əlbəttə  ki,  çeynənmiş,  didilmiş, 

bir sözlə, həzm‐rabedən keçmiş vəziyyətdə). 


  

Elə  bu  vaxt  içimdə  nə  isə  qaynadı,  istədim  ki,  öz  taxta  avtomatlarımı  götürüb  çərpələngimin 

ipindən  yapışım,  səmaya  qalxıb  yuxarıdan  mənim  Bakımı  udmuş  bu  nəhəng  binaları  atəşə  tutum, 

dağıdım  və  onların  mədəsindən  çıxan  qırıntıları  bir  yerə  toplayıb  öz  Bakımı,  mənim  Bakımı  təzədən 

yığım, ikinci həyat verim, dirildim. 

Qeyri‐ixtiyari təzə binaya tərəf addımladım, qapıda qarşıma çıxan əcaib geyimli , cibinin üstündə 

«Sekyuriti» yazılmış sarışın, göygöz oğlan mənə yaxınlaşıb soruşdu: 

– Du yus pik inqliş? 

Başa  düşdüm  ki,  məni  içəri  buraxmayacaq,  onunçün  də  özümdən  asılı  olmayaraq  ingiliscə 

bildiyim  yeganə  kəlmə  dilimə  gəldi,  «Kis  may  əz»  qışqırıb  raqatkadan  çıxan  daş  sürətiylə  üzüaşağı 

götürüldüm. Və qaça‐qaça hiss etdim ki mən öz doğma şəhərimdə yavaş‐yavaş qaçqına çevrilirəm, əsl 

qaçqına. Hə, Bakıda yaşayan bakılı qaçqın... Ən dəhşətlisi isə bu idi ki bu qaçış mənim xoşuma gəlirdi, 

daha dəqiq desəm, ürəyim buna etiraz etsə də, ruhən özümü çox yüngül hiss edirdim, elə bil çiynimdən 

çox ağır yük götürülmüşdü. İndi başımıza gələnləri izah etməkçün bəhanə tapılmışdı sanki.  Bəhanə isə 

bu idi ‐ bütün günahlar onlardadır, şəhərimi udan məxluqlarda, onlar güclüdürlər, mənim daha əlimdən 

heç nə gəlmir, istəsəm də bir şey edə bilmərəm, bacarmaram, gücüm çatmaz… 

 

 

          Dincəl bir az, ey hər gün özündən qaçan oğlan, 



          Ahıyla içindən çölünə yol açan oğlan.  

 

          Düşsən yağışa, tez dəyəcəksən yerə, vallah, 

 Kağız qanad ilə göy üzündə uçan oğlan. 

 

          Yanma bu qədər boş yerə, səndən günəş olmaz. 

          Ey şölələnib hər tərəfə nur saçan oğlan. 

 

 

 Çox başqasının qanın içən görmüşəm, ancaq 

          Heç görmədim öz qanını səntək içən oğlan. 

 

          Vaxtın çatıb artıq, daha bir gözdə məkan tut, 

          Dünya kimi gözdən‐gözə daim köçən oğlan. 

 

          Sən ki, ölüsən, dəfn eyləyiblər öz içində,  

          Yorma özün, ey qəbri üçün yer seçən oğlan. 

 

          Kim Fəhmini gördü dedi: əhsən hələ sağmış 

          Dünyada cəhənnəm alovundan keçən oğlan. 

 

 

Təngnəfəs  olub  dayandım,  anladım  ki,  müasir  Bakının  bu  cür  nihilist  olmasının,  öz  keçmişini 



udmasının  bir  səbəbkarı  da,  elə  mən  özüməm,  mənim  içimdəki  tamahdı.  Milyonlarla  dollar  alıb 

İçərişəhərdə hansısa qədimi binanı əcnəbilərə satan məmurla, əlli min dollar alıb nənəmin namaz otağını 

satan mənim aramda zərrə qədər də fərq yoxdur. Fərq olsa – olsa yalnız satış obyektinin ölçüsündə və 

ödənişin miqdarındadır. 

 

 Bu  yazdıqlarım  yenə  də  kiməsə  gülməli  görünə  bilər.  Deyərlər  ki,  axı  darısqal,  şəraitsiz 



həyətlərdə, alçaq evlərdə nə var ki, onların itirilməsi sənə bu qədər təsir edib? Axı sən indi daha rahat 

  

mənzildə  yaşayırsan.  Hər  cür  kommunal  şəraitin  var,  hamamın‐ayaqyolun  evin  içində,  işığın‐qazın 

normal gəlir, yağış yağanda evin dammır, qonşular gəlib ağzının içinə girmir, hər şey yaxşıdır, daha nə 

istəyirsən? 

Belə  düşünənlər  bəlkə  də  haqlıdır.  Mənim  indiki  şəraitim,  həqiqətən  də  əvvəlkindən  qat‐qat 

yaxşıdır və əgər nəsə itirmişəmsə də, ondan beş dəfə artığını əldə etmişəm. 

Amma  məni  bir  sual  düşündürür  ‐  babalarım,  nənələrim  onilliklər  boyu  bu  darısqal,  alçaq 

evlərdə,  beş‐altı  mənzillik  xırda  həyətlərdə  yaşayırdılar,  ayaqyolundan  tutmuş  süpürgə‐xəkəndazacan 

hər  şeyləri  ümumiydi,  bişirdikləri  yeməklərdən  hamıya  paylayardılar,  söz‐söhbətlərini  biri‐birindən 

gizlətməzdilər,  sirr  saxlamazdılar,  xırda  uşaqlar  qonşunun  evinə  girəndə  heç  icazə  də  istəməzdilər, 

birinin  qonağı  çox  olanda  o  birinin  evində  yatızdırardılar,  xalça‐palazı,  pal‐paltarı  birgə  yuyardılar, 

şüşəbəndlərin pərdələrini demək olar ki, heç vaxt çəkməzdilər, çünki bilirdilər ki, qonşulardan heç biri 

keçəndə başını qaldırıb o birinin evinə baxmaz, lakin bütün bunlara baxmayaraq, heç kim özünü narahat 

hiss  eləməzdi,  ev‐eşiyindən,  şəraitsizliyindən  şikayətlənməzdi,  daha  artığına  nail  olmaqçün  dəridən‐

qabıqdan çıxmazdı, Allahın yetirdiyinə qane olardı, şükür eliyərdi. Eləcə yaşayardılar özləriyçün sevinə‐

sevinə, gülə‐gülə; elə gülə‐gülə də ölərdilər, şair demişkən.  

Yaxşı, bəs birdən‐birə nə oldu ki, ata‐babalarımızın qane olduqları, rahat yaşadıqları şərait birdən‐

birə bizə dözülməz gəldi, öz evimizi sıxıntılı, darısqal hesab elədik, daha genişliyə, asudəliyə can atmağa 

başladıq,  nəyə  görə?  Yoxsa  onlar  avam    idilər,  zırramaydılar,  yoxsa  adam  kimi  yaşamağın  yolunu 

bilmirdilər? Yox, hər şeyi bilirdilər, çox yaxşı da bilirdilər. Bəs onda dəyişən nədir? Nə baş verdi? O baş 

verdi  ki,  bizə  göstərdilər;  görmədiyimiz  və  görmədiyimizə  görə  də  istəmədiyimiz  şeyləri  göstərdilər, 

bizim içimizdə, ruhumuzun dərinliklərində yatmış şeytanı oyatdılar,  tamahımızı qıcıqlandırdılar. Bizə 

göstərdilər ki, ayaqyolu evin içində olarsa  daha rahat olar,  soyuqda, küləkdə həyətə düşməyə ehtiyac 

qalmaz.  Bizim  də  içimizdəki  tənbəlliyi  qıdıqladılar,  biz  də  qulaqlarımızı  sallayıb  sözsüz  razılaşdıq. 

Arvad‐uşağın gözünün qabağında nazikdivavrlı ayaqyoluya girib, onların qulaqlarının dibində min cür 

bədheybət səslər çıxartmaqla arada olan ar pərdəsini götürdük,  özümüz də hiss etmədən ailədəki abır‐

həyanı əldən verdik. 

Bizə    başa  saldılar  ki  mətbəx  şüşəbənddə,  camaatın  gözünün  qabağında  olanda  qonşulara  iy 

dəydiyinə görə bişirdiyin yeməklərdən onlara da pay göndərməli olursan, amma dəmir qapılı mənzilin 

dərinliklərində  olarsa,  heç  kim  sənin  nə  bişirdiyindən  xəbər  tutmaz,  qonum‐qonşuya  da  pay  verməyə 

ehtiyac  qalmaz.  Bu  dəfə  içimizdəki  simiclik  hissləri  yuxudan  oyandı,  yenə  də  qulaqlarımızı  sallayıb 

razılaşdıq, bu dəfə səxavətimiz, əliaçıqlığımız bada getdi. 

Bizə  öyrətdilər  ki,  həyət  evində  yaşayırsızsa,  yanınıza  gəlib‐gedən  adamları  hamı  görür,    hamı 

bilir ki, kimin yanına kim gəlir, nə vaxt gəlir, hansı məqsədlə gəlir. Amma bina evində belə deyil, hamı 

öz  mənzilinin  dəmir  qapısını  bağlayıb  girir  içəri  və  sən  də  öz  evinə  kimi  istəsən,  nə  vaxt  istəsən,  nə 

məqsədlə istəsən gətirə bilərsən, istər oğlan olsun, istər qız  və bundan da heç kim xəbər tutmayacaq, heç 

kim  sənin  daxili  işlərinə  burun  soxmayacaq.  Bu  dəfə  də  içimizdəki  şəhvət  hissləri  baş  qaldırdı,  yenə 

qulaqlarımızı  sallayıb  sevinə‐sevinə  razılaşdıq  və  heç  özümüz  də  hiss  etmədən  namus‐qeyrəti  verdik 

əldən.  

Daha sonra qonaqpərvərliyimiz, mehribançılığımız və başqa xüsusiyyətlərimiz də bala‐bala əriyib 

getdi. Dönüb olduq beton evlər kimi soyuq, kvadrat məxluqlar. 

Bu yerdə də etiraz edənlər ola bilər, deyərlər ki, hər şey insanın xarakterindən asılıdır simic hər 

yerdə simicdi, avara hər yerdə avaradır, tərbiyəsiz də ki, eynən. Yaşadığı şərait insanın xasiyyətini bir o 

qədər də dəyişmir. 

Bununla  da  razı  deyiləm,  çünki  ilk  baxışdan  adi  görünən  bir  çox  faktorlar  var  ki,  onların  təsiri 

zahirən  sezilmir.  Amma  bu  təsirləri  heç  vəchlə  nəzərdən  qaçırmaq  olmaz.  Mən  də  bu  faktorların 

bəzilərinə açıqlıq gətirmək istəyirəm.  


  

Ən  əvvəl  mistik‐sakral  faktora  nəzər  salaq.  Qədim  evlərimizin  tikintisində  məlum  məsələdir  ki, 

heç  bir  texniki  vasitələrdən  istifadə  olunmayıb.  Hər  daşı,  taxtanı  əllə  yonub  düzəldirdilər  və  tikinti 

prossesində  iştirak  edən  hər  bir  yaradıcı  insanın  müsbət  enerjisi  həmin  daşların,  taxtaların  bətninə 

hopur.  Beləliklə,  bu  evlərin  hər  daşın,  taxtanın  ətrafında  müəyyən    mistik  aura  olur  ki,  bu  da 

babalarımızın  daxili  bioenerjisinin  bizə  qədər  gəlib  çatmasına  şərait  yaradıb.  Əlbəttə  ki,  bu  cür 

irrassional faktoru bir çoxları qəbul etməyəcək, amma bu, heç nəyi dəyişmir. 

İkinci  faktor  icma  faktorudur.  O  vaxt  insanlar  bizim  köhnə  Bakı  həyətlərindəki  bir  növ,  açıq 

mənzillərdə  yaşayırdısa,  canında  bəd  xasiyyətlər  olanlar  da  özlərini  o  birilərinə  oxşatmaqdan, 

yazılmamış  qanunlara  tabe  olmaqdan  başqa  əlacı  qalmırdı,  çünki  bilirdi  ki,  əks  halda  bu  həyətdə,  bu 

məhəllədə  rahat  yaşaya  bilməz.  Məsəlçün,    kimsə  simicdisə,  həyət  evində  yaşadığından  şüşəbəndin 

arxasında  biş‐düş  edirdi,  yemək  hazırlayırdı,  və  təbii  ki,  bunu  qonşulardan  gizlədə  bilmirdi,  məcbur 

olurdu ki, bişirdiyindən iki‐üç qab çəkib onlara paylasın. Bir dəfə, iki dəfə, üç dəfə və insanın içindəki 

simiclik hissi islah olurdu, onun yerinə səxavət gəlirdi. Yaxud, öz evini avaraxanaya döndərmək istəyir 

əxlaqsız  bir  adam  könüllü  olmasa  da,  bundan  vaz  keçmək  məcburiyyətində  qalır,  çünki  bilir  ki,  evinə 

artıq  adam    gəlib‐getsə,  evdən  artıq‐əskik  səslər  çıxsa,  yaxud  başqa  xoşagəlməz  hallar  olsa,  qonşular 

onun başına oyun açar, rahat yaşamağa qoymaz. 

Azadlıq  sevər  həmvətənlərim  növbəti  dəfə  etiraz  edib  deyər  ki,  bu  cür  yaşayış  zamanı  insanın 

azadlığı, müstəqilliyi əlindən alınır, o ətraf mühitin iradəsinə tabe olur, icmanın əsirinə çevrilir. 

Düzdü,  mənim  təsvir  etdiyim  mühitdə  həqiqətən  də,  konkret  bir  fərdin  hərəkət  meydanı  çox 

kiçikdir,  insanı  bu  çərçivədən  kənara  çıxmağa  qoymurlar  və  əlbəttə  ki,  azadlığı,  müəyyən  mənada, 

əlindən alınmış olur. Lakin gəlin problemə başqa tərəfdən yanaşaq:  məgər insan dünyaya  yalnız azad 

olmaqçün gəlib? Başqa bir məqsəd yoxdur?  

İkincisi  də  ki,  azadlıq  heç  də  bizim  beynimizə  yeridildiyi  kimi  hansısa  əxlaqi  çərçivələrin 

sındırılması  və  insanın  bütün  davranışının  yalnız  nəfsin  istəklərinə  tabe  olması  deyil.  Azadlıq  tamam 

ayrı bir şeydir.              

Əslində,  mütləq  azadlıq  yoxdur.  İnsan  ya  iradəsini  nəfsinə  tabe  edib  bütün  ömrünü  daxili 

istəklərini yerinə yetirməyə həsr edir, yəni nəfsinin əsirinə çevrilir, ya da əksinə, insan nəfsini, istəklərini 

iradəsinə tabe edir, nəfsinin hakimiyyətindən azad olur. 

İndi baxaq görək bunlardan hansı əsl azadlığa daha yaxındır? Cahil insanlar şəksiz ki, birincisini 

seçəcəklər. Çünki onların fikrincə,  əsl azadlıq insan hissiyyatının tam sərbəst buraxılmasıdır.  

Ağıllı adamlar isə əsl ruhi azadlığı nəfsin əqlə tabe olmasında görəcəklər. 

Deyəsən, söhbəti çox uzatdım. Məqsədimiz heç də ağıl və nəfs barədə moizə oxumaq deyil, bunu 

ilahiyyat alimləri bizdən daha yaxşı edirlər. 

Bizsə,  sadəcə,  onu  demək  istəyirik  ki,  köhnə  Bakının  açıq  həyətlərində  elə  bir  ab‐hava  hökm 

sürürdü  ki,  hər  bir  sakin  öz  istəklərini  cilovlamağa  bir  növ  məcbur  edilirdi,  bu  da  insanın  nəfsin 

əsirliyindən  qurtulub  həmin  azadlığa  doğru  addımlamasına  yardımçı  olurdu,  əlbəttə  bu,  çox  yaxşı  bir 

hal idi. 

Köhnə  Bakını  deyəsən  çox  şişirtdim,  ideallaşdırdım.  Tanımayanlar  elə  bilər  ki,  o  vaxtkı  Bakı 

cənnətməkan idi, adamları da huri‐mələk. Bütün günü can deyib can eşidirdilər, bir‐birinə əl tutardılar, 

mehribanlıqla dolanardılar… Əslində o vaxtkı Bakıda da kifayət qədər oğurluq, avaraçılıq, dava‐dalaş, 

qırğın,  qiyamət,  saçyoldu,  dişsındırdı,  bıçaqlaşdı  olardı.  Hətta  müəyyən  parametrlərinə  görə,  o  vaxtkı 

Bakı indikindən qat‐qat pis idi. Lakin insanların düşüncəsində müəyyən bir çərçivə var idi və heç kim  

bu  çərçivədən  kənara  çıxmağı  ağlına  belə  gətirmirdi.  İndi  isə,  ümumiyyətlə,  heç  bir  çərçivə  yoxdur, 

yaxud, demək olar ki, çox az qalıb (fikrim yenə yayındı, abzası təzədən başlamalı olacam). 

Köhnə Bakını, deyəsən, çox şişirtdim, ideallaşdırdım. Yalnız işıqlı cəhətlərini göstərdim, qaranlıq 

tərəflərindənsə  vaz  keçdim.  Əslində,  o  vaxtkı  Bakı  çox  adi  bir  şəhər  olub,  heç  nə  ilə  başqalarından 

fərqlənməyib, adamları da fövqəladə olmayıblar, yaxşısı da olub, pisi də. Lakin bütün bunların mənim 





Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə