2. Tərbiyənin rolunu şişirdən nəzəriyyələr. Y.A.Komenski (XVII əsr), K.A.Helvetsi (XVIII əsr) tərbiyənin roluna böyük qiymət vermişlər. Y.Komenskiyə görə, insan tərbiyə sayəsində insan olur. O, "hamıya hər şeyi öyrətməyin" mümkün olduğunu qeyd edirdi. Fransız materialisti K.Helvetsi də tərbiyənin rolunu şişirdirdi. O deyirdi: "Tərbiyə hər şeyə qadirdir". Onun fikrincə, insanların xarakterindəki və zehni inkişafındakı fərqlər tərbiyənin nəticəsidir.
3. Mühitin rolunu şişirdən nəzəriyyələr. C.C.Russo "Azad və təbii tərbiyə" nəzəriyyəsi (XVIII əsr) ilə bu mövqedə durmuşdur. O, tərbiyədə insana sərbəstlik verməyi tələb edirdi, məcburiyyətin, qadağanın əleyhinə idi. Onun fikrincə, uşağın şəxsiyyətinə hörmət etmək, onun maraq və tələbatları ilə hesablaşmaq lazımdır.
4. Mühit və tərbiyənin rolunu şişirdən nəzəriyyələr. C.Lokk "Ağ lövhə" nəzəriyyəsi ilə (XVII əsr) məhz bu mövqedən çıxış edirdi: guya insan "ağ lövhə" kimi doğulur, yəni özü ilə heç nə gətirmir, bütün keyfiyyətləri sonradan tərbiyə və mühitin təsiri ilə qazanır. Bu nəzəriyyə şəxsiyyətin inkişafında bioloji amili inkar edirdi.
5. İrsiyyət və tərbiyənin rolunu şişirdən nəzəriyyələr. Fransız filosofu D.Didro (XVIII əsr), İsveçrə pedaqoqu İ.Pestalotsi (XVIII-XIX əsrlər) bu mövqedən çıxış etmişlər.
İ.Pestalotsi insanın təbii qüvvələrini, yəni irsi imkanlarını mütləqləşdirməyin (C.C.Russonun "Təbii tərbiyə" nəzəriyyəsində olduğu kimi) əleyhinə çıxırdı. Təbii imkanlar özlüyündə, tərbiyənin iştirakı olmadan inkişaf edə bilməz: özbaşına buraxılmış, kortəbii inkişaf edən insan (C.C.Russonun "Azad tərbiyə" nəzəriyyəsində olduğu kimi) ahəngdar şəxsiyyət kimi formalaşa bilməz, onun təbii qüvvələri lazımi dərəcədə inkişaf etməz.
6. İrsiyyət və mühitin rolunu şişirdən nəzəriyyələr. "İki amil" nəzəriyyəsi (XIX əsr) bumövqedə durmuşdur: guya hər şey insanın irsiyyətindən və düşdüyü mühitdən asılıdır. Sonrakı dövrlərdə irəli sürülən bəzi nəzəriyyələr də "Konvergensiya" nəzəriyyəsi (C.Piace, Ştern), "İstedadlılıq" nəzəriyyəsi (Q.Ayzek, Qrey) irsiyyət və mühitin rolunu şişirdir, tərbiyənin rolunu inkar edir. Hətta bəziləri genlərin təsir faizini rəqəmlə göstərməyə cəhd etmişlər: guya şəxsiyyətin zehni inkişafı 80% genlərin, 20% isə mühitin təsiri ilə formalaşır (Q.Ayzek).
Bu nəzəriyyələr şəxsiyyətin formalaşması məsələsinə birtərəfli yanaşmış, bu prosesə təsir göstərən amillərdən ya birini, ya da ikisini qəbul edərək digərlərinin rolunu inkar etmiş və ya məhdudlaşdırmışlar. Bu nəzəriyyələrdə habelə şəxsiyyətin özünün fəallığı qiymətləndirilməmişdir.