İnsan resurslarının idarə edilməsi ” mühazirələrin icmalı Mövzu İnsan resursları: mahiyyəti və məzmunu


Mövzu 3. Əmək ehtiyatları, əmək potensialı və iş qüvvəsi



Yüklə 0,58 Mb.
səhifə8/60
tarix03.02.2022
ölçüsü0,58 Mb.
#52030
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   60
referat 3325

Mövzu 3. Əmək ehtiyatları, əmək potensialı və iş qüvvəsi
3.1. Əmək ehtiyatları, əmək potensialı və iş qüvvəsi

anlayışları:ümumi və fəqli cəhətlər

3.2. Əmək ehtiyatlarının və iş qüvvəsinin təkrar

istehsalının başlıca şərti

3.1. Əmək ehtiyatları, əmək potensialı və iş qüvvəsi

anlayışları: ümumi və fəqli cəhətlər
Əmək ehtiyatları və onun tərkib hissəsi olan iş qüvvəsi xalq təsərrüfatının inkişafının təmin edilməsində, ölkənin milli və dövlətçilik mənafelərinin təmin edilməsində mühüm rol oynayır. Əmək ehtiyatları istehsal prosesinin yaradıcısı, cəmiyyətin inkişafının hərəkətverici qüvvəsidir.

Qeyd etmək lazımdır ki, bir iqtisadi kateqoriya kimi “əmək ehtiyatları” anlayışının mahiyyəti haqqında iqtisadçı alimlər arasında fərqli fikirlər mövcuddur. Hələ XIX əsrdə K.Marks “iş qüvəsi” kateqoriyasını şərh edərkən yazırdı ki, bu anlayış həm insanların əmək qabiliyyətini, həm də iş qüvvəsi daşıyıçısının ictimai istehsal sistemindəki sosial-iqtisadi vəziyyətini müəyyən edir. K.Marksa görə, iş qüvvəsi insanların malik olduqları və onların istehlak dəyərləri istehsal edərkən istifadə etdikləri fiziki və ruhi qabiliyyətlərinin məcmusudur.

Sovet iqtisadi ədəbiyyatında “əmək ehtiyatları” anlayışı ilk dəfə 1920 – ci ildə işlədilmiş, XX əsrin 50 –ci illərinin sonu, 60 –cı illərin əvvəlinədək bu anlayış əsasən işləmək qabiliyyətli yaşda olan əhalinin məcmusu kimi nəzərdən keçirilmişdir. 60-cı illərin ikinci yarısından etibarən “əmək ehtiyatları”na bir iqtisadi kateqoriya kimi yanaşılmağa başlandı, bu sahədə geniş tədqiqatlara start veridi və nəticədə, bu iqtisadi kateqoriyaya müxtəlif yanaşılmalara rəğmən, bir sıra qiymətli tədqiqat əsərləri meydana çıxdı.

Bir sıra görkəmli rus alimləri, o cümlədən A.E.Kotlyar, M.Y.Sonin, P.P.Litvyakov, “əmək ehtiyatları” ilə “iş qüvvəsi” anlayışlarını eyniləşdirmişlər. Onların fikrincə, “əmək ehtiyatları” kateqoriyası özündə iş qüvvəsi subyektinin məcmusunu əks etdirir. M.Y.Soninə görə, “iş qüvvəsi” ifadəsi altında təkcə fərdi əmək qabilyyəti deyil, əmək qabiliyyətinə malik olan bütün əhali başa düşülməlidir. P.P.Litvyakov hesab edir ki, “əmək ehtiyatları” iki anlayışın - “iş qüvvəsi” və “əmək qabiliyyətli əhali”nin vəhdətindən ibarətdir. A.E.Kotlyarın fikrincə, əmək ehtiyatları iş qüvvəsi daşıyıcılarının məcmusundan ibarətdir və bu iki anlayış eyni məzmuna malikdir.

Zaman ötdükcə iqtisadi ədəbiyyatlarda “əmək ehtiyatları” anlayışının “iş qüvvəsi” anlayışından geniş olduğu fikri özünə yer tapmağa başlamış, hətta bəzi iqtisadçı alimlər ( məsələn, A.E.Kotlyar, M.Y.Sonin) bu kateqoriyaların məzmunu barədə öz əvvəlki fikirlərini dəyişmişlər.

Azərbaycanın görkəmli iqtisadçı alimləri də eyni fikri bölüşürlər. Məsələn, Ş.M.Muradov hesab edir ki,“əmək ehtiyatları” “iş qüvvəsi”nə nisbətən geniş məfhumdur. Belə ki, əgər “əmək ehtiyatları”na işləmək qabiliyyətinə malik olub, həm ictimai istehsalda işləyənlər, həm də şəxsi yardımçı və ev təsərrüfatında məşğul olanlar daxildirsə, “iş qüvvəsi”nə bütün əmək ehtiyatlarından yalnız ictimai istehsalda məşğul olanlar daxildir. Başqa sözlə desək, “əmək ehtiyatları” dedikdə konkret tarixi inkişaf mərhələsində ölkə miqyasında və ya ayrı-ayrı ərazilərdə mövcud olan bütün əmək qabiliyyətli əhalinin müəyyən demoqrafik və kəmiyyət müəyyənliyi, “iş qüvvəsi”nə isə həmin əmək ehtiyatlarının həm əmək fəaliyyətində və həm də potensial halda ehtiyatda olan hissəsi kimi baxmaq lazımdır.

T.Ə.Quliyevin fikrincə, iş qüvvəsi dedikdə üstün olaraq məşğul olanlar, işləyənlər, əmək ehtiyatları dedikdə isə yalnız məşğul olanlar deyil, olmayanlar da nəzərdə tutulur. Həm də əmək ehtiyatları real deyil, potensial işçi qüvvəsi kimi təzahür edir. Bir sözlə, əmək ehtiyatları həm fəaliyyət göstərən və həm də potensial işçi qüvvəsini özündə inteqrasiya edir. Bundan başqa, “iş qüvvəsi” anlayışı “əmək ehtiyatları” anlayışı ilə müqayisədə daha çox sosial məzmun kəsb edir. Məsələn, bir qayda olaraq iş qüvvəsinin alqı-satqısı deyilir, amma əmək ehtiyatları haqqında bu ifadə işlədilmir.

Biz də “əmək ehtiyatları” anlayışının “iş qüvvəsi” anlayışından geniş oldüğu fikrinə şərik çıxırıq və hesab edirik ki, bu, əmək ehtiyatlarından daha səmərəli istifadə edilməsi yollarının müəyyənləşdirilməsində xüsusi əhəmiyyət kəsb edir.

Qeyd etmək lazımdır ki, XX əsrin 70 –ci illərinin ikinci yarısından etibarən getdikcə daha çox “əmək potensialı” anlayışından istifadə edilməyə başlanmışdır. Bu anlayışı ilk dəfə elmi dövriyyəyə gətirən V.Q.Kostakovun məqsədi, “əmək ehtiyatları” kateqoriyasını daha geniş izah etmək, onu həm mövcud və ehtiyatda olan və həm də yalnız gələcəkdə ictimai istehsalın real aspektləri kimi çıxış edə biləcək potensial əmək resursları kimi izah etməkdən ibarət olmuşdur .Sonralar bir sıra alimlər də (L.S.Çijova, Q.P.Serqeyev, V.Yakimov və s.) eyni baxışlarla çıxış etməyə başlamışlar.

T.Ə.Quliyev hesab edir ki,: ...“əmək potensialı”... insana həm təbii, genetik qaydada verilir və həm də sonradan əldə edilir. ...Məsələn, buna təhsili, peşə-ixtisası, yaradıcı potensialı, biliyi, həyat təcrübəsini, mənəvi dəyərlərini, işgüzarlığı, mütəşəkkilliyi və s. aid etmək olar. Əhalinin potensialını artırmaq, onun keyfiyyətini yüksəltmək əsas, ilkin şərtdir... iş qüvvəsinin keyfiyyəti, onun səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi hər hansı peşə sahibinin, real işçinin yaradıcı imkanlarını genişləndirir.

V.S.Bulanovun fikrincə, əmək potensialı həm ayrılıqda insanın, həm də bütövlükdə cəmiyyətin müxtəlif işçi qruplarının bütün əmək imkanlarının məcmusudur. Əməyin kəmiyyətini və strukturunu müəyyən edən əmək ehtiyatlarından fərqli olaraq, əmək potensialı onun keyfiyyətini və potensial imkanlarını xarakterizə edir. Bununla yanaşı bu keyfiyyət tərəfi əmək ehtiyatları ilə müəyyən vəhdət təşkil edir.
3.2. Əmək ehtiyatlarının və iş qüvvəsinin təkrar

istehsalının başlıca şərti


Hər bir ölkədə, eləcə də onun regionlarında əmək ehtiyatlarının və onun tərkib hissəsi olan iş qüvvəsinin təkrar istehsalı prosesinin baş verməsi üçün başlıca şərt, bu ərazilərdə müəyyən sayda əhalinin mövcud olması və onun doğulub törəməsidir. Əhali, forma və məzmunundan asılı olmayaraq, bütün cəmiyyətlərdə ictimai istehsal prosesinin baş verməsi və onun daim təkrarlanması üçün zəruri şərtdir. K.Marks qeyd edirdi ki, ictimai istehsalın formasından asılı olmayaraq iş qüvvəsi və istehsal vasitələri onun amilləri olaraq qalır, iş qüvvəsi ancaq canlı fərdin qabiliyyəti kimi mövcuddur, deməli, iş qüvvəsinin istehsalı canlı fərdin olmasını tələb edir. Canlı fərdlərin mövcud olmasının təbii əsasını isə demoqrafik proseslər təşkil edir. Deməli, hər bir ölkədə əmək ehtiyatlarının və onun tərkib hissəsi olan iş qüvvəsinin istehsalının başlıca mənbəyi həmin ölkədə yaşayan əhalinin təbii təkrar istehsal yolu ilə artımından ibarətdir. Beləliklə, əmək ehtiyatlarının istehsalının və təkrar istehsalının səviyyəsi (onların sayı) ölkədə yaşayan əhalinin ümumi sayından, yaş-cins tərkibindən, təhsil səviyyəsi və peşə hazırlığından, təbii təkrar istehsal göstəricilərindən (doğum, ölüm və təbii artım), kəbin və boşanma səviyyəsindən, miqrasiyası və yerləşməsi vəziyyətindən asılıdır. Əhalinin təbii təkrar istehsalı dedikdə, nəslin dəyişilməsi vasitəsilə əhalinin yeniləşməsi prosesi başa düşülür və onun səviyyəsi əhalinin doğum, ölüm əmsalları və onlar arasındakı nisbətlə müəyyən edilir. Bu prosesin normal gedişi isə hər bir ölkənin malik olduğu istehsal münasibətlərinin xarakteri və məhsuldar qüvvələrin inkişaf səviyyəsindən asılıdır .

Əmək ehtiyatlarının böyük əksəriyyətini əmək qabiliyyətli yaşlı əhali təşkil edir. Əhalinin əmək fəaliyyəti ilə məşğul olmasının aşağı və yuxarı yaş hədləri hər bir ölkədəki tarixi –iqtisadi şəraitdən, məhsuldar qüvvələrin inkişaf səviyyəsindən, əhalinin sosial-iqtisadi vəziyyətindən və s. asılı olaraq müəyyən edilir. İstehsalın texniki inkişaf səviyyəsinin yüksəlməsi, zehni əməyin rolunun artması ilə insanın əmək qabiliyyətlilik dövrünün yuxarı yaş həddi yüksəlir. Əmək qabiliyyəti yaşı üçün müəyyən edilən aşağı və yuxarı hədlər ayrı-ayrı ölkələr üzrə müxtəlfdir. Məsələn, ABŞ –da 16-64, Kanada və Yaponiyada 15-64, Böyük Britaniyada kişilər üçün 16-64, qadınlar üçün 16-59, Rüsiyada kişilər üçün 16-59, qadınlar üçün 16-54 yaşdır .

Azərbaycan Respublikasında əmək qabiliyyəti yaşı üçün müəyyən edilmiş hədlər müxtəlif illər üzrə fərqlənmişdir. Respublikamızda ikinci dünya müharibəsindən əvvəl əmək fəaliyyəti ilə məşğul olma yaşı hədləri həm kişilər, həm də qadınlar üçün 18-48 yaş idi. 1956 –cı ildən sonra uzun müddət ərzində bu hədd kişilər üçün 16-60 yaş, qadınlar üçün 16-55 yaş qəbul edilmişdi. 1990-1998 –ci illərdə ölkəmizdə əmək qabiliyyəti yaşı üçün müəyyən edilmiş hədlər kişilər üçün 16-59, qadınlar üçün 16-54 yaş olmuşdur. 1999-2000 –ci illərdə “əmək qabiliyyətli yaşlı əhali” ifadəsi altında 16-61 yaşlı kişilər və 16-56 yaşlı qadınlar nəzərdə tutulurdu. 2001-2009 –cu illərdə əmək qabiliyyətli yaşlı əhali sırasına 16-62 yaşlı kişilər, 16-57 yaşlı qadınlar aid edilrdi. 2010-cu ildən etibarən Azərbaycanda əmək qabiliyyətli yaşlı əhali sırasına 16-63 yaşlı kişilər, 16-59 yaşlı qadınlar (mərhələlərlə) aid edilir.

Əmək ehtiyatlarının bir hissəsini də əmək qabiliyyətli yaşdan böyük olmasına baxmayaraq, əmək fəaliyyətini davam etdirən əhali təşkil edir. Bunlarla yanaşı, əmək fəaliyyəti ilə məşğul olan 16 yaşınadək yeniyetmələr də əmək ehtiyatlarının tərkib hissəsi hesab olunur.




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin