KOLLEGİAL İNZİBATİ ORQANDA İNZİBATİ İCRAAT
Maddə 53. Kollegial inzibati orqanda inzibati icraat qaydası
53.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial inzibati orqanda icraat bu fəslin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
53.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial orqana təqdim olunmuş ərizəyə dair qərar yalnız kollegial orqan tərəfindən qəbul edilir.
53.3. Bu Qanunun 53.2-ci maddəsində nəzərdə tutulmuş qayda, ərizənin həmin kollegial orqanın rəhbər vəzifəli şəxsi tərəfindən aidiyyəti üzrə müvafiq inzibati orqana göndərilməsi və ya ərizənin baxılmamış saxlanılması hallarına şamil olunmur.
Maddə 54. Kollegial orqanın iclasının keçirilmə qaydası
54.1. Kollegial orqanın iclasını bu orqanın rəhbər vəzifəli şəxsi, o olmadıqda isə qanunvericiliyə müvafiq şəkildə iclasın sədri seçilmiş şəxs açır və bağlı elan edir.
54.2. İclasın sədri iclası cari gündəliyə müvafiq olaraq aparır.
Maddə 55. Kvorum
55.1. Kollegial inzibati orqanın iclasına onun bütün üzvləri dəvət olunur.
55.2. Kollegial inzibati orqan onun üzvlərinin ən azı yarısı (üç nəfərdən az olmamaq şərtilə) iclasda iştirak etdiyi hallarda qərar qəbul etmək səlahiyyətinə malikdir.
55.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial inzibati orqanın qərarı, iclasda iştirak edən üzvlərin yarısından çoxu həmin qərarın lehinə səs verdikdə qəbul edilmiş sayılır.
Maddə 56. Kollegial inzibati orqanın iclasının protokolu
56.1. Kollegial inzibati orqanın iclası haqqında aşağıdakı məlumatları özündə əks etdirən protokol tərtib olunur:
56.1.1. kollegial inzibati orqanın adı barədə;
56.1.2. iclasın keçirildiyi vaxt və yer barədə;
56.1.3. iclasın sədri və üzvləri haqqında;
56.1.4. müzakirənin predmeti barədə;
56.1.5. qəbul edilmiş qərar barədə.
56.2. İclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır.
V I f ə s i l
Dostları ilə paylaş: |