İş №1(105)-62/17 azərbaycan respublikasi sumqayit apelyasiyaməHKƏMƏSİ



Yüklə 93,81 Kb.
Pdf görüntüsü
tarix26.02.2017
ölçüsü93,81 Kb.
#9861

İş № 1(105)-62/17

AZƏRBAYCAN RESPUBLİKASI



SUMQAYIT APELYASİYAMƏHKƏMƏSİ

CİNAYƏT KOLLEGİYASI



Q Ə R A R

(Apelyasiya şikayətinin və apelyasiya protestinin yekun baxışına dair)

18 yanvar 2017-ci il

Sumqayıt şəhəri

Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyası:

Sədrlik edən və məruzəçi hakim – Mövsümov Nazim Rasim oğlu,

Hakimlər – Nəbiyev Hüseyn Əmir oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə,

Əlimərdanov Fərid Qalib oğlunun katibliyi ilə,

dövlət ittihamçısı Ramazanov Zəfər Akif oğlunun, təqsirləndirilən şəxs Yusifov Zəka Qabil

oğlunun və onun müdafiəçisi Atakişiyev Gürsel Firəddin oğlunun iştirakları ilə, Yusifov Zəka Qabil

oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı

Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli hökmündən dövlət ittihamçısı Həmzə

Eldar Əkbər oğlu tərəfindən verilmiş apelyasiya protestinə və təqsirləndirilən şəxsin müdafiəçisi

Atakişiyev Gürsel Firəddin oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında

baxaraq,

m ü ə y y ə n e t d i:

Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim C.İ.Hüseynov, hakimlər

Ə.N.Osmanov və E.H.İsmayılov) 07 oktyabr 2016-cı il tarixli hökmü ilə

24 may 1969-cu ildə Sumqayıt şəhərində anadan olmuş,

Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində

2 nəfər azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu

olmayan, işləməyən, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi,

Ə.Qarayev küçəsi, ev 51, mənzil 26-da qeydiyyatda olan

və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan

tədbiri seçilmiş Yusifov Zəka Qabil oğlu

Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay

müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur.

Hökmə əsasən Yusifov Zəka Qabil oğlu satış məqsədi olmadan qanunsuz olaraq naməlum

vaxtda və naməlum mənbədən ümumi xalis çəkisi 3,275 qram təşkil edən heroin narkotik vasitəsini

şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək özündə saxlamış və Azərbaycan Respublikası

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları

tərəfindən 27 aprel 2016-cı il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, saat 20-də

Sumqayıt şəhərinin Bakı küçəsində, 36-cı məhəllədə yerləşən “Rəvan” kafesinin qarşısında

saxlanılmış, üzərinə baxış keçirilmiş, baxış zamanı Zəka Yusifovun əynində olan göy rəngli cins

şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq

miqdarda əldə edib özündə saxladığı 3,275 qram çəkidə heroin narkotik vasitəsi bir ədəd sellofan

bükümdə aşkar edilərək götürülmüşdür.

İbtidai istintaq orqanı nəticəyə gəlmişdir ki, Z.Q.Yusifov onda aşkar edilmiş narkotik

vasitəni satış məqsədi ilə qanunsuz əldə edib saxlamış və ona qarşı Azərbaycan Respublikası

CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür.


2

Birinci instansiya məhkəməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən

təqsirləndirilən şəxs Z.Q.Yusifovun onda aşkar edilmiş narkotik vasitəni satış məqsədi olmadan əldə

etməsi və saxlaması barədə nəticəyə gələrək təqsirləndirilən şəxsin əməlini Azərbaycan

Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etmiş və Z.Q.Yusifovu həmin maddə ilə nəzərədə

tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmişdir.

Hökmdən dövlət ittihamçısı Həmzə Eldar Əkbər oğlu apelyasiya protesti verərək Yusifov

Zəka Qabil oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmasına

dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli hökmünün ləğv edilməsini,

Yusifov Zəka Qabil oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli

bilinib göstərilən maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni hökmün çıxarılmasını

xahiş etmişdir.

Apelyasiya protesti onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin həmin

hökmlə gəldiyi nəticə əsassızdır, yəni məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun

deyildir. Z.Q.Yusifovun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş

cinayəti törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunmuşdur. Apelyasiya

protestində qeyd edilmişdir ki, işdə olan sübutlarla müəyyən edilmişdir ki, Z.Q.Yusifov

narkomaniyadan əziyyət çəkmir, külli miqdarda 3,275 qram miqdarında heroin onda aşkar

edilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları tam və

hərtərəfli araşdırmamış, iş üzrə artıq formalaşmış təcrübədən fərqli olan nəticəyə gəlmişdir.

Apelyasiya protestinin müəllifinin fikrincə Bakı Ağır Cinayətlər Məhkəməsinin Zəka Yusifov

barəsində olan hökmündə narkotik vasitənin satış məqsədi ilə əldə edilməməsinə dair, yəni ictimai

təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir edən gəldiyi

nəticələr işin faktiki hallarına uyğun olmamışdır.

Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Atakişiyev Gürsel Firəddin oğlu apelyasiya

şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli hökmünün ləğv

edilib Yusifov Zəka Qalib oğlunun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında tədqiq edilmiş

sübutlarla Z.Q.Yusifovun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsiri sübuta

yetirilməmiş, ittiham tərəfi onun narkotik dövriyyəsi ilə məşğul olması barədə heç bir sübut təqdim

etməmişdir. Z.Q.Yusifovun tutulması və üzərində axtarış keçirilməsi qanun pozuntuları ilə

keçirilmiş, bu da həmin tədbirlərin keçirilməsi nəticəsində əldə edilmiş sübutları və narkotik

vasitənin mövcudluğunu şübhə altına salır.

Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi

tərəfindən müəyyən edilmiş işin faktiki halları apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız

apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya

məhkəməsi tərəfindən Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarına riayət edilməsi

apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayəti və apelyasiya protestinin

dəlillərindən asılı olmayaraq yoxlanılır.

Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci

instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları

Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə

iclasında tədqiq edərək yoxlamışdır.

Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Z.Q.Yusifovun Azərbaycan Respublikası CM-nin

234.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə cəza təyin edilməsinin əsaslılığını

müzakirə edərək birinci instansiya məhkəməsində təqdiq edilmiş sübutlara nəzər salır.

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Yusifov Zəka Qabil oğlu

özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26 aprel

2016-cı il tarixdə, saat təxminən 20:00 radələrində İsmayıl Əliyev adlı dostuyla birlikdə Sumqayıt

şəhəri, 36-cı məhəllədə yerləşən “Rəvan” kafesində çay içərkən ona bir nəfər başqa dostu zəng

etmiş, olduqları yeri soruşmuş, həmin vaxt o, dostlarıyla “Rəvan” kafesində çay içdiyini ona

demişdir. Zəng edən dostu ora gələcəyini desə də, gəlməmiş, lakin az müddət sonra mülki geyimli

polislər kafeyə daxil olaraq ona yaxınlaşmış və onlarla birlikdə Polis İdarəsinə getmək təklif

olunmuşdur. Səbəbini soruşsa da ona heç nə deyilməmiş, ona hər hansı qərar elan edilməmiş və

öyrənə bilmədiyi səbəbdən onu Bakıya DİN-nin BMCMİ-nə aparmışlar. Polislər onu apararkən

dostu İsmayıl səbəbini soruşduqda tanımadığı polislərdən biri onu əli ilə vurub kənara itələmişdir.



3

Onu saxlayan polis əməkdaşlarının heç birini tanımamış və onların heç biri ilə onun düşmənçiliyi

olmamışdır. BMCMİ-də onun üzərinə heç bir baxış keçirilmiş, ciblərində 45-46 manat puldan və

mobil telefondan başqa heç nə olmamışdır. Həmin pullar və mobil telefon polis əməkdaşları

tərəfindən götürülmüşdür. Bundan sonra ona mənəvi təzyiqlər edilmiş, stolun üstünə narkotik vasitə

qoyulmuş və həmin narkotik vasitənin onun özündən çıxmasını təsdiq etməsi ona tövsiyə

edilmişdir. Təsdiq etməyəcəyi təqdirdə ona hədə-qorxu gəlinmiş, qorxusundan razılıq vermiş,

bununla da üzərində narkotik vasitə olduğu onun boynuna qoyulmuşdur.

Təzyiq altında izahatı

alınmış, həmin izahatında öz xətti ilə polis əməkdaşlarının diqtəsi ilə guya

26 aprel

2016-cı il tarixdə şəxsi işləri ilə bağlı Bakı şəhərində olarkən saat təxminən 14 radələrində

“Montin”-də yerdən bir ədəd sellofan büküm tapdığını, həmin bükümün içərisinə baxdıqda orada

sarımtıl rəngli maddə gördüyünü, guya həmin maddə narkotik vasitə olduğundan polisə təqdim

etməsi üçün götürüb cibində saxladığını və yadından çıxdığı üçün həmin vaxtdan etibarən həmin

maddənin onda qaldığını bildirmişdir. O, narkotik vasitə qəbul etməmiş, 2001-ci ildən başlayaraq

boks üzrə idman müəllimi kimi təlimlər keçmiş, heç siqaret belə çəkməmişdir. Bakıya DİN-nin

BMCMİ-nə aparılarkən onun üzərində hər hansı qadağan olunmuş əşya, o cümlədən narkotik vasitə

olmamışdır. Barəsində

qətimkan tədbiri seçilərkən müdafiəçisinə və işə baxan hakimə

istintaq vaxtı protokolu imzalamağa məcbur edildiyini bildirsə də, onun sözlərinə

əhəmiyyət verən olmamışdır.

Məhkəməyədək icraat zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində

təqsirləndirilən şəxs Z.Q.Yusifov elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 26

aprel 2016-cı il tarixdə şəxsi işləri ilə bağlı Bakı şəhərinə getmiş, saat təxminən 14 radələrində Bakı

şəhərinin Nərimanov rayonunda, Montin qəsəbəsində olarkən yerdən bir ədəd sellofan büküm

tapmış, həmin bükümün içərisinə baxarkən orada sarımtıl rəngli maddə görmüşdür. Həmin

maddənin narkotik vasitə olmasını fikirləşdiyinə görə onu polisə təqdim etmək üçün götürmüş,

lakin yadından çıxdığına görə həmin vaxtdan etibarən həmin maddə onda qalmışdır. 27 aprel

2016-cı il tarixdə, saat təxminən 20 radələridə Sumqayıt şəhəri, Bakı küçəsində 36-cı məhəllədə

yerləşən “Rəvan” kafesinin qarşısında dayanarkən 3-4 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış,

həmin şəxslər ona DİN-nin BMCMİ-nin işçiləri olduqlarını bildirmişlər. Polis işçiləri onun narkotik

vasitələrin satışı ilə məşğul olması haqqında məlumat olmasını bildirərək ona üstündə qeyri-qanuni

əşya olduğu təqdirdə təqdim etməsini təklif etmişlər. O, əynindəki şalvarının sol yan cibindən bir

ədəd sellofan bükümdə olan heroini çıxardıb polislərə təqdim etmişdir. Polis işçiləri iki nəfər hal

şahidinin iştirakı ilə həmin bükümün içərisinə baxdıqdan sonra bükümü qablaşdırıb möhürləmişlər.

Polislər ondan həmin bükümü haradan əldə etməyini soruşduqda o, hər şeyi olduğu kimi polislərə

danışmışdır. Bundan sonra o, BMCMİ-yə aparılmış və orada polis əməkdaşlarından biri protokol

yazmışdır. O, həmin protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamış və

izahatında hər şeyi olduğu kimi yazmışdır.

Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil

Cinayətkarlığa Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Bektaşi Fəxrin Fikrət oğlu

göstərmişdir ki, 27 aprel 2016-cı il tarixdə Yusifov Zəka Qabil oğlunun heroin narkotik vasitəsinin

qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatına əsasən əməliyyat-axtarış

tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra

Zəka Yusifov ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi məqsədi ilə 27 aprel 2016-cı il

tarixdə, saat 19:40 radələrində onun olması ehtimal olunan Sumqayıt şəhəri, Bakı küçəsi, 36-cı

məhəllədə yerləşən “Rəvan” kafesinə yollanmışlar. Qeyd olunan vaxtda onlar kafenin qarşısına

çatıb orada müşahidə mövqeyi seçərək gözləməyə başlamışlar. Saat təxminən 20-da həmin yerdə

zahiri əlamətləri əməliyyat məlumatında göstərilən Zəka Yusifova bənzər şəxsi, yəni baxılan iş üzrə

təqsirləndirilən şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını

bildirmiş və həmin şəxsin Zəka Yusifov olduğu müəyyən edilmişdir. Bundan sonra Zəka Yusifova

üstündə qanunsuz əşya olduğu halda, təqdim etməsi təklif edilmişdir. Zəka Yusifov üstünə baxışın

keçirilməsinə etiraz etməmiş, üstündə heroin narkotik vasitəsi olduğunu bildirmiş və əynində olan

göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan büküm çıxararaq, onlara təqdim etmiş,

təqdim etdiyi həmin bükümün içərisində heroin narkotik vasitəsi olduğunu bildirmişdir. Zəka

Yusifovun təqdim etdiyi həmin büküm hal şahidlərinin iştirakı ilə onlar tərəfindən götürülmüş,

büküm açılmaqla baxış keçirilmiş, baxış zamanı siqaret qutusuna aid bir ədəd sellofan bükümün

içərisində heroin narkotik vasitəsinə bənzər maddə aşkar edilmişdir. Zəka Yusifovun təqdim etdiyi


4

büküm hal şahidlərinin və onun özünün iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və DİN-in 6 saylı

möhürü ilə möhürlənmişdir. Sorğu zamanı Zəka Yusifov içərisində heroin olan bükümü bir gün

əvvəl Bakı şəhərində, Nərimanov rayonu, Montin qəsəbəsində yerdən tapmasını bildirmişdir. Baxış

keçirilən ərazidə protokol tərtib edilməsi üçün əlverişli şərait olmadığından bütün iştirakçılar Baş

İdarəyə dəvət edilmiş, onlar birlikdə Bakıya gəlmişlər. İdarədə protokol tərtib edilməzdən əvvəl

Bakı şəhər 16 saylı hüquq məsləhətxanasının vəkili Qasımov Süleyman Ələsgər oğlu Zəka

Yusifovun hüquqlarının müdafiəsi üçün baş idarəyə dəvət edilmiş və bundan sonra protokol tərtib

olunmuşdur. Protokol ucadan oxunulduqdan sonra iştirakçıların heç bir etirazı daxil olmamış, hamı,

o cümlədən Zəka Yusifov tərtib olunan protokolu imzalamışdır. Zəka Yusifovun narkotik vasitələrin

satışı ilə məşğul olması və ya satış məqsədilə narkotik vasitələr saxlaması barədə onlarda məlumat

olmamışdır. Onun barəsində əvvəllər də hər hansı məzmunda məlumat onlara daxil olmamışdır.

Zəka Yusifovun barəsində əməliyyat məlumatı yalnız onun heroin narkotik vasitəsinin qanunsuz

dövriyyəsi ilə məşğul olması barədə daxil olmuşdur. Əməliyyat tədbiri zamanı Zəka Yusifovun

şəxsiyyəti müəyyənləşdirilmiş, Sumqayıt şəhərinə məlumatda qeyd olunan ünvana gedilmiş, Zəka

Yusifov saxlanılmışdır. Əməliyyat tədbiri keçirilərkən onun kiməsə narkotik vasitə satdığını və ya

kiməsə satacağını müəyyənləşdirə bilməmiş, onun narkotik maddənin satışı ilə məşğul olmasını

sübut edə bilməmişlər. Hətta cinayət işi başlanıldıqdan sonra Zəka Yusifovun ətrafında əməliyyat

tədbirləri davam etdirilmiş, lakin onun narkotik vasitələrin satış ilə məşğul olması barədə konkret

olaraq heç bir məlumat əldə edə bilməmişlər. Zəka Yusifov saxlanılarkən nə ona, nə də qeyrisinə

qarşı heç bir təsir və ya təzyiq göstərilməmiş, narkotik maddə ilə bağlı ona heç bir böhtan

atılmamışdır.

Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil

Cinayətkarlığa Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Eyvazov Bəxtiyar Taryel oğlu şahid

F.F.Bektaşinin ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.

Məhkəmədə şahid qismində dindirilmiş Talıbov Ravil Əli oğlu göstərmişdir ki, 27 aprel

2016-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa

Mübarizə İdarəsinin əməliyyatçıları tərəfindən keçirilmiş əməliyyatda hal şahidi kimi iştirak

etmişdir. 27 aprel 2016-cı il tarixdə, saat 19:40 radələrində polis əməkdaşları ilə Sumqayıt

şəhərində Bakı küçəsində yerləşən “Rəvan” kafesinin qarşısına getmişdir. Təxminən 20-25 dəqiqə

sonra kafenin qarşısında müşahidə aparan polis əməkdaşları Yusifov Zəka Qabil oğluna

yaxınlaşaraq onu saxlamış, özlərini təqdim etmiş və onun şəxsiyyəti ilə maraqlanmışlar. Saxlanılan

şəxs özünü Yusifov Zəka Qabil oğlu kimi təqdim etmişdir. Bundan sonra Zəka Yusifova üzərində

qanunsuz əşya olduğu halda təqdim etməsi təklif edilmişdir. Zəka Yusifov üstünə baxışın

keçirilməsinə etiraz etməmiş, həmçinin üzərində heroin narkotik vasitəsi olduğunu bildirərək

əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd büküm çıxararaq polis

əməkdaşlarına təqdim etmişdir. Həmin büküm onun və digər hal şahidinin iştirakı ilə polis

əməkdaşları tərəfindən açılaraq baxış keçirilmiş, siqaret qutusuna aid sellofanda olan bükümdə

heroin narkotik vasitəsinə bənzər maddə olduğu müəyyən edilmişdir. Zəka Yusifovun təqdim etdiyi

həmin büküm onun, digər hal şahidinin və Zəka Yusifovun özünün iştirakı ilə zərfə qoyularaq

qablaşdırıldıqdan sonra DİN-in möhürü ilə möhürlənmiş, zərfin üzəri bütün iştirakçılar, o cümlədən

Zəka Yusifov tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən aparılan sorğu-sual zamanı

Zəka Yusifov içərisində heroin olan bükümü bir gün əvvəl Bakı şəhərində olarkən, Nərimanov

rayonunun Montin qəsəbəsində yerdən tapdığını bildirmişdir. Bundan sonra, Zəka Yusifov da daxil

olmaqla onlar Bakı şəhərinə DİN-nin BMCMİ-nə aparılmış, orada vəkilin iştirakı ilə Zəka

Yusifovdan narkotik vasitə aşkar edilib götürülməsi ilə əlaqədar protokol tərtib edilmiş, ucadan

oxunmuş və hamı tərəfindən imzalanmışdır. Zəka Yusifov saxlanılarkən və üzərinə baxış

keçirilərkən ona qarşı hər hansı formada zor tətbiq edilməsinin və ya təsir göstərilməsinin şahidi

olmamışdır. Zəka Yusifovun narkortik vasitələrin satışı ilə məşğul olması mövzusunda nə Zəka

Yusifov saxlanılanadək və nə də o, saxlanıldıqdan sonra onlarla heç bir söhbət aparılmamış, polis

əməkdaşları tərəfindən bu barədə onlara heç nə deyilməmişdir.

Məhkəmədə şahid qismində dindirilmiş Hümbətov Elşən Qabil oğlu şahid R.Ə.Talıbovun

ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.

Apelyasiya instansiyası məhkəməsində şahid qismində dindirilmiş Əliyev İsmayıl Xasay

oğlu göstərmişdir ki, Zəka Yusifov onun uşaqlıq dostudur. Zəka Yusifovla Sumqayıt şəhərində

yerləşən “Rəvan” kafesində olan zaman kimsə Zəkanın telefonuna zəng etmiş, Zəka ona zəng edən



5

adama “Rəvan” kafesində olduğunu bildirmişdir. Sonra Zəka araq almaq üçün kafedən çıxıb

getmişdir. Zəka araq alıb gələndən təxminən 10 dəqiqədən sonra 3 nəfər tanımadığı şəxs kafeyə

daxil olmuş və Zəkanın əllərini qandallamışdılar. Sonra onlar Zəkanı kafedən cölə çıxararaq ağ

rəngli avtomobilə mindirib aparmışlar. Zəka tutularkən üzərində axtarış aparılmamışdır.

Məhkəməyədək icraata zamanı şahid qismində verdiyi və birinci instansiya məhkəməsində

tədqiq edilmiş ifadəsində Əliyev İsmayıl Xasay oğlu Zəka Yusifovu uzun müddət ərzində bir

idmançı kimi tanıdığını, bir-biri ilə hal-əhval tutmaları üçün telefonla Zəka ilə tez-tez əlaqə

saxladığını, Zəka Yusifovun narkotik vasitələri əldə edib saxlamasından və daşımasından xəbərsiz

olduğunu, aralarında narkotik vasitələrlə bağlı heç vaxt söhbət etmədiklərini göstərmişdir.

Məhkəmə-kimyəvi ekspertizasının 27 aprel 2016-cı il tarixli, 9098 nömrəli rəyindən

görünür ki, Zəka Yusifovun üstündən aşkar edilib götürülmüş bir ədəd bükümdə olan kütlə kustar

üsulla hazırlanmış narkotik vasitə heroindir, təmiz çəkisi 3,275 qramdır.

Cinayət işinə əlavə olunumuş məhkəmə-narkoloji ekspertizasının 23 iyun 2016-cı il tarixli,

1039 nömrəli rəyindən görünür ki, Zəka Yusifovda narkomaniya xəstəliyinin əlamətləri aşkar

olunmamış, o narkomaniya xəstəliyindən əzab çəkmir, onun narkomaniyadan məcburi müalicəyə

ehtiyacı yoxdur.

İşdə olan Zəka Yusifovun 27 aprel 2016-cı il tarixli izahatından görünür ki, həmin izahatda

Z.Q.Yusifov Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən “Rəvan” kafesinin qarşısında

dayanan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və üzərində qanunsuz əşya

olduğu halda təqdim etməsini təklif etmişlər, o, da cibində olan bir büküm narkotik vasitə olan

heroini polis əməkdaşlarına təqdim etmiş və izah etmişdir ki, həmin büküm onun tərəfindən Bakı

şəhəri Nərimanov rayonu Montin qəsəbəsində tapılmışdır.

Məhkəmə kollegiyasının fikrincə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin

ifadələrinə qiymət verib haqlı olaraq Z.Q.Yusifovun narkotik vasitənin qanunsuz olaraq əldə

etməməsi və üzərində saxlamaması barədə məhkəmə iclasında verdiyi ifadəsinin məhkəmə

iclasında tədqiq edilmiş digər sübutlarla təkzib olunduğu üçün həmin ifadəni müdafiə xarakterli

kimi qiymətləndirmiş, onun məhkəməyədək icraat zamanı verdiyi ifadəni isə düzgün və doğru

hesab etmişdir.

Məhkəmə kollegiyası həmçinin şahid İ.X.Əliyevin Z.Q.Yusifovu polis əməkdaşları

tərəfindən heç bir axtarış aparılmadan tutulması barədə ifadəsinə qiymət verərək, onun

Z.Q.Yusifovla dostluq münasibətində olmasını və cinayət işi üzrə ibtidai istintaq zamanı

dindirilərkən bu xüsusatları göstərməməsini, habelə bu ifadənin əməliyyat axtarış tədbirində iştirak

edən polis əməkdaşlarının və hal-şahidlərinin ifadələri ilə təkzib olunduğunu nəzərə alıb hesab edir

ki, şahidin həmin ifadəsi həqiqətə uyğun gəlmir, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən

azad edilməsi məqsədilə verilmiş ifadədir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya

məhkəməsində tədqiq edilmiş sübutlara qiymət verərək nəticəyə gəlir ki, həmin sübutların

məcmusu ilə Z.Q.Yusifovun qanunsuz olaraq 3,275 qram narkotik vasitə olan heroini əldə etməsi

və saxlaması təsdiq edilmişdir.

Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs Z.Q.Yusifovun

onda aşkar edilmiş narkotik vasitəni satış məqsədi olmadan əldə etməsi və saxlaması barədə gəldiyi

nəticəni əsaslı hesab edir.

Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, ittihamın əsaslı olması təqsirləndirilən şəxsə

qarşı irəli sürülmüş ittiham üzrə cinayət tərkibinin hər bir elementinin sübutlarla təsdiq

olunmasında ifadə edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sübutlarla

məhkum edlilmiş şəxs Z.Q.Yusifovun narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və

saxlaması təsdiq olunmur.

Apelyasiya protestinin Z.Q.Yusifovun narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi

və saxlaması barədə mövqeyi Z.Q.Yusifovda aşkar edilmiş narkotik maddənin külli miqdarda

olması, onun özünün narkomaniyadan əziyyət çəkməməsi, cinayət işində olan ilkin təhqiqat

materiallara əsaslanır.

İş materiallarından görünür ki, Z.Q.Yusifovun barəsində əməliyyat-axtarış tədbirlərinin

keçirilməsi üçün əsası olan Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla

Mübarizə İdarəsinin əməliyyat müvəkkili Bəktaşi Fəxrin Fikrət oğlunun 27 aprel 2016-cı il tarixli

raportunda qeyd edilmişdir ki, “Yusifov Zəka Qabil oğlunun narkotik vasitə olan heroinin qanunsuz

dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur”. Lakin raportda bu xüsusatı



6

əsaslandıran hər hansı bir konkret fakt və ya məlumat göstərilməmişdir.

Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş F.F.Bəktaşi göstəmişdir ki,

Zəka Yusifovun narkotik vasitələrin satışı ilə məşğul olması və ya satış məqsədi ilə narkotik

vasitələr saxlaması barədə onlarda məlumat olmamış, əməliyyat qrupu tərəfindən aparılmış

araşdırma zamanı Zəka Yusifovun narkotik vasitələrin satışı ilə məşğul olması və ya ondan aşkar

edilərək götürülmüş narkotik vasitəni kiməsə satacağı barədə hər hansı bir sübut növü əldə

olunmamışdır.

İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Z.Q.Yusifovla telefon əlaqələri saxlayan

şəxslər müstəntiq tərəfindən dindirilmiş, lakin Z.Q.Yusifovun narkotik vasitələrin satışı ilə məşğul

olması faktı müəyyən edilməmişdir.

Həmçinin, cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası DİN-nin

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin rəisi C.Daanov tərəfindən

Z.Q.Yusifovun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi üzrə təqsirləndirilməsinə dair

cinayət işi ilə əlaqədar Z.Q.Yusifovun narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının

əməliyyat yolu ilə araşdırılması barədə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil

Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə ayrıca tapşırıq verilmişdir. Həmin tapşırıq əsasında

Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin

əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilmiş, lakin heç bir müsbət nəticə əldə edə

bilməmişlər.

Beləliklə, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə

İdarəsinin baş əməliyyat müvəkkili Bəktaşi Fəxrin Fikrət oğlunun 27 aprel 2016-cı il tarixdə tərtib

etdiyi ilkin raportda Z.Q.Yusifovun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə

göstərilən xüsusatlar cinayət işi üzrə istintaq zamanı və əlavə olaraq keçirilmiş əməliyyat-axtarış

tədbirləri nəticəsində öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda

polis əməkdaşı F.F.Bəktaşinin ilkin təqriri təqsirləndirilən şəxs Z.Q.Yusifovun narkotik vasitələrin

satışı ilə məşğul olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz.

Azərbaycan Respublikası CPM-nin 125.6-cı maddəsinə əsasən müvafiq cinayət işi üzrə

əhəmiyyət kəsb edən hər hansı hal üzrə verilmiş şikayət və çıxarılmış prosessual qərar yalnız

şikayətin verilməsi və ya prosessual qərarın çıxarılması faktını təsdiq edir və sübut kimi qəbul edilə

bilməz. Ona görə də, polis əməkdaşı F.F.Bəktaşınin raportunun əsasında tərtib edilmiş

“əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar da təqsirləndirilən şəxs

Z.Q.Yusifovun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən sübut kimi qəbul edilə

bilməz.


İşə əlavə edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi

haqqında 27 aprel 2016-cı il tarixli protokolda da Z.Q.Yusifov tərəfindən narkotik vasitənin məhz

satış məqsədilə əldə edilməsini və saxlanmasını təsdiq edən heç bir məlumat yoxdur.

Beləliklə iş materiallarından görünür ki, Z.Q.Yusifovun üzərindən bir bükümdə 3,275 qram

çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Z.Q.Yusifovun narkotik vasitənin

digər şəxslərə satmasını, bu barədə digər şəxslərlə razılaşmaya gəlməsini təsdiq edən heç bir sübut

cinayət işinə əlavə edilməmişdir.

Apelyasiya protestində Z.Q.Yusifovda aşkar edilmiş narkotik maddənin miqdarını əsas

götürərək qeyd edilmişdir ki, “bu da onun həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə deyil,

satış məqsədilə əldə etməsindən xəbər verir.”

Təqsirləndirilən şəxsdən alınmış narkotik vasitə olan heroinin miqdarı - 3,275 qram

olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, başqa sübutlar olmadan narkotik vasitənin bu

miqdarı birmənalı olaraq həmin narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi və

saxlanılması barədə nəticəyə gəlmək üçün əsas vermir.

Məhkəmə kollegiyasının mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən bu

kateqoriya cinayət işlərinə baxan məhkəmələrə verilmiş tövsiyələrə də uyğun gəlir. Belə ki,

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, güclü təsir edən və

zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04

mart 2011-ci il tarixli, 2 №-li qərarında qeyd edilmişdir ki, “təqsirkar şəxsin narkotik vasitələri

satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, onların xeyli miqdarda

olması, istehlakçı ilə əvvəlcədən razılıq olması, narkotik vasitədən istifadə etməyən şəxs tərəfindən

onun əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr



7

hazırlanması üçün avadanlıqların olması və işin digər halları nəzərə alınmalıdır”.

İttiham tərəfi narkotik vasitənin miqdarından başqa, təqsirləndirilən şəxs tərəfindən narkotik

vasitənin satış məqsədilə əldə edilməsi və saxlanılmasını sübut edən hər hansı bir hal göstərməmiş,

ittihamın bu xüsusatını təsdiq edən heç bir sübutu işə əlavə etməmişdir. Məhkəmə kollegiyası öz

fikrini təkrarlayaraq qeyd edir ki, təqsirləndirilən şəxsdən götürülmüş narkotik vasitə olan heroinin

miqdarı (3,275 qram) birmənalı olaraq həmin narkotik vasitənin məhz satış məqsədi ilə əldə

edilməsi və saxlanılması barədə nəticəyə gəlmək üçün əsas vermir. İttihamın Z.Q.Yusifov

tərəfindən narkotik vasitənin satışı məqsədi ilə əldə edilməsinə, saxlanılmasına dair gəldiyi nəticə

hər hansı bir sübuta deyil, ehtimala əsaslanır və Azərbaycan Respublikası CPM-nin 351.2-ci

maddəsinə əsasən sübut olunmuş kimi qəbul edilə bilməz.

Beləliklə, təqsirləndirilən şəxs Z.Q.Yusifov tərəfindən onda aşkar edilmiş narkotik vasitənin

əldə edilməsi və üzərində saxlaması işdə olan sübutlarla təsdiq edilsə də, onun bu əməli satış

məqsədi ilə törətməsi sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsi tərəfindən əsaslı

olaraq onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin məcəllənin

234.1-ci maddəsinə tövsif edilmişdir.

Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, Z.Q.Yusifovun qanunsuz olaraq

narkotik vasitəni əldə etməsi və saxlaması əməlinin sübuta yetməməsinə dair müdafiəçinin

apelyasiya şikayətində göstərilən dəlil, habelə Z.Q.Yusifovun satış məqsədi ilə qanunsuz olaraq

narkotik vasitəni əldə etməsi və saxlaması əməlinin sübuta yetirməsinə dairapelyasiya protestinin

dəlili əsassızdır, həmin dəlillərə görə təqsirləndirilən şəxs barəsində bəraət və ya Azərbaycan

Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair yeni ittiham hökmünün

çıxarılması üçün əsaslar yoxdur.

Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Z.Q.Yusifova Azərbaycan Respublikası CM-nin

234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın əsaslılığını müzakirə edərək aşağıdakıları qeyd edir.

Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cəza ədalətli olmalıdır, yəni

cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət

törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş

cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını

yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və

onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

Z.Q.Yusifov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qəsdən az ağır cinayəti

törətmişdir. Həmin cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə üç

ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Z.Q.Yusifov tərəfindən qanunsuz əldə

edildiyi və saxlanıldığı narkotik vasitə heroinin miqdarı 3,275 qram olmuşdur.

İşə əlavə edilmiş sənədlərdən görünür ki, Z.Q.Yusifov ailəlidir, onun himayəsində iki azyaşlı

uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Həmçinin müəyyən edilmişdir ki,

təqsirləndirilən şəxsin həyat yoldaşı 2015-ci ilin senyabr ayında qaraciyərin sağ tərəfli donor

hepatektomiyası ilə əlaqədar cərrahiyyə əməliyyatı olunmuşdur.

Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Z.Q.Yusifova cəza təyin edərkən onun

himayəsində iki azyaşlı uşağının olmasını və həyat yoldaşının xəstə olması ilə əlaqədar onun ailə

vəziyyətini, onun şəxsiyyətini, yəni məhkumluğunun olmamasını və yaşayış yeri üzrə müsbət

xarakterizə olunması cəzanı yüngülləşdirən hallar qismində müəyyən edilmişdir. Cinayət işi üzrə

Z.Q.Yusifovun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs

Z.Q.Yusifovun yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları hökmdə qeyd etsə də, ona cəza

təyin edərkən həmin halları, habelə təyin edilmiş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini

kifayyət qədər nəzərə almamış, Z.Q.Yusifova təqsirli bilindiyi maddənin sanksiyasının yuxarı

həddində, onun şəxsiyyətinə və işin hallarına uyğun olmayan sərt cəza təyin edərkən Azərbaycan

Respublikası CM-nin 8.1 və 58.3-cü maddələrinin tələblərinə riayət etməmişdir.

Məhkəmə kollegiyası Z.Q.Yusifovun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik

dərəcəsini, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının

olmasını, həyat yoldaşının xəstəliyi ilə əlaqədar ailə vəziyyətini nəzərə alaraq, onun islah edilməsi

və cəzanın digər məqsədlərinə nail olmaq üçün Z.Q.Yusifova Azərbaycan Respublikası CM-nin

234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini



8

məqsədəuyğun hesab edir.

Azərbaycan Respublikası CPM-nin 399.1.4-cü maddəsinə əsasən təyin edilmiş cəzanın

cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin

hökmünün dəyişdirilməsi üçün əsasdır.

Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərini

iş materialları ilə əlaqəli şəkildə araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını nəzərə

alaraq hesab edir ki, apelyasiya şikayəti və apelyasiya protesti təmin edilməməli, Bakı Ağır

Cinayətlər Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli hökmü isə təqsiləndirilən şəxsə təyin edilmiş

cəzanın sərt olması ilə əlaqədar dəyişdirilməlidir.

Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 407-410 və 412-ci

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası



Q Ə R A R A

A L D I:

Yusifov Zəka Qabil oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum

olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli hökmü

dəyişdirilsin.

Yusifov Zəka Qabil oğluna Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin

edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay

müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin.

Hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılsın.

Apelyasiya şikayəti və apelyasiya protesti təmin edilməsin.

Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş

müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti

və kassasiya protesti verilə bilər.

Sədrlik edən hakim imza:

Hakimlər imzalar:

Əsli ilə düzdür:

Hakim:


Nazim Mövsümov

Yüklə 93,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin