İş №1(108)-04 / 2014 Azərbaycan Respublikası adından



Yüklə 104.41 Kb.

tarix10.07.2017
ölçüsü104.41 Kb.

İş № 1(108)-04 / 2014 

 

 

 

 



                                  

Azərbaycan Respublikası adından 

 

Apellyasiya şikayətinə baxılmasına dair 

  Q Ə R A R 

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 

cinayət kollegiyası 

 

 

 «10» iyul 2014-cü ildə   



 

 

 



 

 

Naxçıvan şəhərində 



 

 

Hakimlər Həsənov Polad Vəli oğlunun sədrliyi (məruzəsi), Allahverdiyev Əli Kərim 



oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Atakişiyev 

Aqil Məzəddin oğlunun katibliyi, 

Dövlət  ittihamçısı  Naxçıvan  Muxtar  Respublikası  Prokurorluğunun  dövlət 

ittihamının  müdafiəsi  üzrə  şöbəsinin  böyük  prokuror-metodisti  kiçik  ədliyyə  müşaviri 

Məmmədov  Tural  Firəddin  oğlunun,  məhkum  edilmiş  şəxslər  A.B.C.  oğlu  və  D.E.F. 

oğlunun və onların müdafiəçisi H.T.C. oğlunun iştirakları ilə, 

09  aprel  1974-cü  il  tarixdə  Rusiya  Federasiyasının 

Vorkuta  şəhərində  anadan  olmuş,  Azərbaycan 

Respublikası  vətəndaşı,  natamam  orta  təhsilli, 

işləməyən, II qrup əlil, pensiyaçı, subay, bir uşaq atası, 

əvvəllər məhkum olunmuş, Bakı şəhər X rayonu, Y.Y. 

küç.  ev-00,  mənzil-00  da  yaşamış  və  həmin  ünvanda 

pasport qeydiyyatında olan A.B.C. oğlunun      

        Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  206.3.2,  234.4.1  və  234.4.3-cü 

maddələri ilə; 

 

 



23  mart  1981-ci  il  tarixdə  Bakı  şəhərində  anadan 

olmuş,  Azərbaycan  Respublikası  vətəndaşı,  orta 

təhsilli,  işləməyən,  II  qrup  əlil,  pensiyaçı,  subay, 

əvvəllər  məhkum  olunmuş,  Bakı  şəhəri  B.  qəsəbəsi, 

X.X  küç.  ev-00,  mənzil-00  da  yaşamış  və  həmin 

ünvanda pasport qeydiyyatında olan D.E.F. oğlunun               

  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  206.3.2,  234.4.1  və  234.4.3-cü 

maddələri  ilə  təqsirli  bilinib  məhkum  olunmalarına    dair  Naxçıvan  Muxtar  Respublikası 

Ağır  Cinayətlər  Məhkəməsinin  28  noyabr  2013-cü  il  tarixli  1(109)-6/2013  nömrəli 

hökmündən  məhkum  edilmiş  şəxslər  A.B.C.  oğlu  və  D.E.F.  oğlu  tərəfindən  verilmiş 

apellyasiya  şikayətlərinə  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məhkəməsinin  inzibati 

binasında, açıq məhkəmə iclasında baxaraq 

 


 

 



m ü ə y y ə n    e t d i : 

 

 

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2013-cü il 



tarixli  1(109)-6/2013  nömrəli  hökmü  ilə  (Novruzov  Səxavət  Hüseyn  oğlunun  sədrliyi, 

hakimlər  Novruzov  Əsgər  Novruz  oğlu  və  Nağıyev  İsfəndiyar  Səfər  oğlundan  ibarət 

tərkibdə) A.B.C. oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi 

ilə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, həmin 

məcəllənin  234.4.1  və  234.4.3-cü  maddələri  ilə  təqsirli  bilinib  9  (doqquz)  il  6  (altı)  ay 

müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 

 

Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  66.3-cü  maddəsinə  əsasən  təyin 



olunmuş  cəzalar  qismən  toplanmaq  yolu  ilə  A.B.C.  oğluna  qəti  olaraq  11  (on  bir)  il 

müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.  

 

Təyin olunmuş cəzanın xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən 



olunmuşdur. 

 

Həmin hökmlə D.E.F. oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-



ci  maddəsi  ilə  təqsirli  bilinib  6  (altı)  il  6  (altı)  ay  müddətinə  azadlıqdan  məhrumetmə 

cəzasına, həmin məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 9 (doqquz) 

il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 

 

Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  66.3-cü  maddəsinə  əsasən  təyin 



olunmuş  cəzalar  qismən  toplanmaq  yolu  ilə  D.E.F.  oğluna  qəti  olaraq  11  (on  bir)  il 

müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 

 

Təyin olunmuş cəzanın xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən 



olunmuşdur.  

Məhkəmənin  hökmünə  görə  A.B.C.  oğlu  cəzaçəkmə  müəssisəsində  tanış  olub 

dostlaşdığı, Bakı şəhər sakini D.E.F. oğlu ilə satış məqsədi ilə, qanunsuz olaraq narkotik 

vasitə əldə etmək üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 18 iyul 2013-cü il 

tarixdə  Biləsuvar  sadələşdirilmiş  keçid  məntəqəsindən  keçib  İran  İslam  Respublikasına 

getmiş,  İran  İslam  Respublikasının  Culfa  şəhərində  olduqları  müddət  ərzində  özlərinə 

məlum  olan  mənbədən 1700  (min  yeddi yüz)  manata külli  miqdarda  ümumi  xalis çəkisi 

159,587  qram  tiryək  və  1,13  qram  həşiş  qətranı  narkotik  vasitələrini  əldə  edib  saxlamış, 

gömrük  nəzarətindən  gizli  keçirmək  üçün  63,42  qram  tiryək  narkotik  vasitəsini  öz  düz 

bağırsağında,  96,167  qram  tiryək  və  1,13  qram  həşiş  qətranı  narkotik  vasitələrini  isə 

D.E.F. oğlu düz bağırsağına yerləşdirməklə gizlədib, üzərlərində daşımaqla 19 iyul 2013-

cü il tarixdə İran İslam Respublikası ərazisindən Culfa sadələşdirilmiş keçid məntəqəsinin 

gömrük  nəzarətindən  gizli  keçirərək  Naxçıvan  Muxtar  Respublikası  ərazisinə  gətirərkən 

Culfa  Gömrük  İdarəsinin  əməkdaşları  tərəfindən  saat  10:30  radələrində  saxlanılmış, 

üzərlərində  şəxsi  axtarış  aparılarkən  həmin  miqdarda  narkotik  vasitələr  onların  düz 

bağırsaqlarından aşkar edilərək götürülmüşdür. 

 D.E.F.  oğlu  cəzaçəkmə  müəssisəsində  tanış  olub  dostlaşdığı,    Bakı  şəhər  sakini 

A.B.C.  oğlu  ilə  satış  məqsədi  ilə  qanunsuz  olaraq  narkotik  vasitə  əldə  etmək  üçün 

qabaqcadan  əlbir  olub  cinayət  əlaqəsinə  girərək  18  iyul  2013-cü  il  tarixdə  Biləsuvar 

sadələşdirilmiş  keçid  məntəqəsindən  keçib  İran  İslam  Respublikasına  getmiş,  İran  İslam 

Respublikasının Culfa şəhərində olduqları müddət ərzində özlərinə məlum olan mənbədən 


 

1700  (min  yeddi  yüz)  manata  külli  miqdarda ümumi  xalis  çəkisi 159,587  qram  tiryək və 



1,13 qram həşiş qətranı narkotik vasitələrini əldə edib saxlamış, gömrük nəzarətindən gizli 

keçirmək  üçün  96,167  qram  tiryək  və  1,13  qram  həşiş  qətranı  narkotik  vasitəsini  öz  düz 

bağırsağında,  96,167  qram  tiryək  və  1,13  qram  həşiş  qətranı  narkotik  vasitələrini  isə 

D.E.F. oğlu düz bağırsağına yerləşdirməklə gizlədib, üzərlərində daşımaqla  19 iyul 2013-

cü il tarixdə İran İslam Respublikası ərazisindən Culfa sadələşdirilmiş keçid məntəqəsinin 

gömrük  nəzarətindən  gizli  keçirərək  Naxçıvan  Muxtar  Respublikası  ərazisinə  gətirərkən 

Culfa  Gömrük  İdarəsinin  əməkdaşları  tərəfindən  saat  10:30  radələrində  saxlanılmış, 

üzərlərində  şəxsi  axtarış  aparılarkən  həmin  miqdarda  narkotik  vasitələr  onların  düz 

bağırsaqlarından aşkar edilərək götürülmüşdür. 

Hökmdən narazı qalan məhkum edilmiş şəxs D.E.F. oğlu 14 may 2014-cü il tarixdə, 

hökmdən  narazı  qalan  digər  məhkum  edilmiş  şəxs  A.B.C.  oğlu  isə  20  may  2014-cü  il 

tarixdə eyni məzmunlu apellyasiya şikayətləri verərək barələrində hökm çıxarılarkən ciddi 

hüquqi  səhvə  yol  verildiyini,  məhkumluqlarının  üst-üstə  toplanaraq  səhv  olaraq  onların 

xüsusi təhlükəli residiv hesab edilərək bu halın ağırlaşdırıcı hal kimi qiymətləndirildiyini 

və bununla da onlara həm ağır cəza verildiyini, həm də cəzaçəkmə müəssisəsinin rejiminin 

ağırlaşdırıldığını  göstərərək  Naxçıvan  Muxtar  Respublikası  Ağır  Cinayətlər 

Məhkəməsinin 28 noyabr 2013-cü il tarixli 1(109)-6/2013 nömrəli hökmü ilə təyin edilmiş 

cəzanın  yüngülləşdirilərək  11  (on  bir)  ildən  aşağı  həddə  cəza  təyin  edilməsini  və 

cəzaçəkmə  müəssisəsinin  rejiminin  yüngülləşdirilməsini  məhkəmə  kollegiyasından  xahiş 

etmişlər. 

Məhkum edilmiş şəxslər A.B.C. oğlu və D.E.F. oğlunun apellyasiya şikayətləri eyni 

məzmunlu  olmaqla  dəlilləri  əsasən  ondan  ibarətdir  ki,  birinci  instansiya  məhkəməsi 

tərəfindən  barələrində  hökm  çıxarılan  zaman  təyin  olunmuş  11  (on  bir)  il  azadlıqdan 

məhrumetmə  cəzası  onların  şəxsiyyətinə,  əməlin  ictimai  təhlükəliliyinə  və  cinayətin 

törədilmə hallarına uyğun olmamışdır. Cəza təyin olunarkən onların 2-ci qrup əlil olmaları 

(A.B.C.  oğlunun  Qarabağ  müharibəsi  əlili  və  himayəsində  1  (bir)  azyaşlı  uşağının 

olmasını),  xəstə  olmaları  və  törətdikləri  əməldən  peşmançılıq  hissi  keçirmələri  qeyd 

olunmasına baxmayaraq faktiki olaraq nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi 

ciddi  hüquqi  səhvə  yol  verərək  məhkumluqlarının  heç  birinin  ödənilmədiyi  qənaətinə 

gələrək,  məhkumluqlarını  üst-üstə  toplamış  və  cəzalarının  xüsusi  rejimli  cəzaçəkmə 

müəssisəsində  çəkilməsini  qərarlaşdırılmışdır.  Halbuki,    qüvvədə  olan    cinayət 

qanunvericiliyinə  görə  məhkumluq  müddətləri  cəza  çəkildikdən  dərhal  sonra 

hesablanmağa  başlayır  və  əvvəlki  məhkumluqları  sonrakı  məhkumluq  və  azadlıqdan 

məhrumetmə  müddətlərinin  içində  (müstəqil  olaraq)  hesablanmalıdır.  Həmin 

məhkumluğun  hesablanmasının  qarşısı  alına  bilməz  və  hətta  başqa  bir  cəzanın  təyin 

olunması  belə  həmin  müddətin  axımını  dayandırmır.  Azərbaycan  Respublikası 

Konstitusiya  Məhkəməsinin  25  may  2009-cu  il  tarixli  qərarına  əsasən  Azərbaycan 

Respublikası  Cinayət  Məcəlləsinin  83.3,  83.4-cü  maddələrinin  mənasına  görə  şəxs 

cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum edildikdə, məhkumluğun ödənilmə 

müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın 

çəkilib  qurtarması  və  ya  cəzadan  azad  edilməsi  anından  başlayaraq  cinayətlərin  hər 

təsnifatı  üçün  müstəqil  şəkildə  hesablanmalıdır.  Birinci  instansiya  məhkəməsi  bu  qərarı 

nəzərə almayaraq onları xüsusi təhlükəli residiv hesab edərək, bu halı ağırlaşdırıcı hal kimi 

qiymətləndirmiş  və  bununla  da  onlara  həm  ağır  cəza  vermiş,  həm  də  cəzaçəkmə 



 

müəssisənin  rejimini  ağırlaşdırmışdır.  Məhkəmə  hökm  çıxararkən  Azərbaycan 



Respublikası  Konstitusiyasının  127-ci  maddəsinin  2-ci  bəndinə  və  CPM-in  28.1-ci 

maddəsinə əsasən ədalətlilik prinsipinə əməl etməmişdir.  

Məhkəmə baxışı iclasında məhkum edilmiş şəxslər A.B.C. oğlu və D.E.F.  oğlu və 

onların  hüquqlarını  müdafiə  edən  H.T.C.  oğlu  apellyasiya  şikayətlərini  müdafiə  edərək, 

apellyasiya  şikayətlərində  göstərilmiş  eyni  dəlillərə  istinad  edib,  çıxışlarında  apellyasiya 

şikayətlərinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. 

Məhkəmə  baxışı  iclasında  iştirak  edən  dövlət  ittihamçısı  Naxçıvan  Muxtar 

Respublikası  Prokurorluğunun  dövlət  ittihamının  müdafiəsi  üzrə  şöbəsinin  böyük 

prokuror-metodisti  kiçik  ədliyyə  müşaviri  Məmmədov  Tural  Firəddin  oğlu  apellyasiya 

şikayətində  göstərilən  dəlillərlə  qismən  razılaşdığını  bildirib,  çıxışında  birinci  instansiya 

məhkəməsinin  hökmünün  cəzaçəkmə  müəssisəsinin  müəyyənləşdirilməsinə  dair  hissədə 

dəyişdirilməsini, təyin olunmuş azadlıqdan məhrumetmə növündə cəzalarının ciddi rejimli 

cəzaçəkmə  müəssisəsində  çəkilməsinin  müəyyən  edilməsini  və  məhkum  edilmiş  şəxslər 

A.B.C.  oğlu  və  D.E.F.  oğluna narkomaniyadan  məcburi  müalicə  təyin  olunması  ilə  bağlı 

müddəaların  hökmdən  xaric  edilməsini,  hökmün  qalan  hissədə  isə  dəyişdirilmədən 

saxlanımasını kollegiyadan xahiş etmişdir. 

Kollegiya  apellyasiya  şikayəti  ilə  əlaqədar  cinayət  prosesi  tərəflərinin  dəlillərini, 

məhkum  edilmiş  şəxslər  A.B.C.    oğlu  və  D.E.F.  oğlunun  və  onların  müdafiəçisi  H.T.C. 

oğlunun,  dövlət  ittihamçısı  T.F.Məmmədovun  çıxışlarını  dinləyib,  Azərbaycan 

Respublikası  Cinayət-Prosessual  Məcəlləsinin  397.1-ci  maddəsinə  əsasən  birinci 

instansiya  məhkəməsi  tərəfindən  işin  faktiki  hallarının  müəyyən  edilməsini  apellyasiya 

şikayətinin  hüdudlarında,  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  və  Cinayət-

Prosessual  Məcəlləsinin  tələblərinə  əməl  edilməsini  isə  apellyasiya  şikayətinin 

dəlillərindən  asılı  olmayaraq  yoxlayıb,  bütün  bunlara  qiymət  verərək  aşağıdakı  əsaslara 

görə  belə  hesab  edir  ki,  məhkum  edilmiş  şəxslər  A.B.C.  oğlu  və  D.E.F.  oğlunun 

apellyasiya  şikayətləri  qismən  təmin  edilməli,  Naxçıvan  Muxtar  Respublikası  Ağır 

Cinayətlər  Məhkəməsinin  28  noyabr  2013-cü  il  tarixli  1(109)-6/2013  nömrəli  hökmü 

dəyişdirilməlidir. 

Belə  ki,  cinayət  işinin  kollegiyada  öyrənilməsi  zamanı  müəyyən  olunmuşdur  ki, 

məhkum  edilmiş  şəxslər  A.B.C.  oğlu  və  D.E.F.  oğlunun  törətdikləri  cinayət  əməllərində 

təqsirləri,  birinci  instansiya  məhkəməsində,  özlərinin  qismən  etirafedici  ifadələri  ilə 

yanaşı, araşdırılmış  sübutlar, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları 

ilə  təsdiq  olunmuşdur.  Birinci  instansiya  məhkəməsi  tam,  hərtərəfli  və  obyektiv 

araşdırılmış  və  mənbəyinin  mötəbərliyi  məhkəmə  kollegiyasında  heç  bir  şübhə 

doğurmayan  sübutlar  əsasında  məhkum  edilmiş  şəxslər  A.B.C.  oğlu  və  D.E.F.    oğlunun 

ittiham  olunduqları  cinayət  əməllərini  törətməsi  haqda  işin  faktiki  hallarına  uyğun  olan 

qanuni  və  əsaslı  nəticəyə  gəlmiş  və  onların  əməllərini  düzgün  olaraq  Azərbaycan 

Respublikası  CM-in  206.3.2,  234.4.1  və  234.4.3-cü  maddələri  ilə  tövsif  etmişdir. 

Apellyasiya şikayətlərində əməlin hüquqi tövsifi mübahisələndirilmir. 

Kollegiya  belə  hesab  edir  ki,  qeyd  edilən  əməllərin  cinayət  olmasını  aradan 

qaldıran hallar, həmçinin məhkum edilmiş şəxslər A.B.C. oğlu və D.E.F. oğlunun cinayət 

məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. 

Kollegiya  məhkum  edilmiş  şəxslər  A.B.C.  oğlu  və  D.E.F.  oğlunun  apellyasiya 

şikayətlərində barələrində hökm çıxarılan zaman birinci instansiya məhkəməsi tərəfindən 



 

ciddi  hüquqi  səhvə  yol  verilməsi,  onların  xüsusi  təhlükəli  residiv  hesab  edilərək, 



cəzaçəkmə  müəssisənin  rejiminin  ağırlaşdırılaraq,  cəzalarının  xüsusi  rejimli  cəzaçəkmə 

müəssisəsində  çəkilməsinin  müəyyən  edilməsi  ilə  bağlı  dəlillərini  müzakirə  edib  belə 

hesab  edir  ki,  məhkum  edilmiş  şəxslər  A.B.C.  oğlu  və  D.E.F.  oğlunun  apellyasiya 

şikayətlərində istinad etdikləri həmin dəlillər əsaslıdır.  

Belə  ki,iş  materiallarında  olan  A.B.C.  oğlu  və  D.E.F.  oğlunun  adına  verilmiş 

tələbnamələrdən  və  cinayət  işinə  əlavə  olunmuş  hökmlərin  surətlərindən  görünür  ki, 

A.B.C.  oğlu  əvvəllər  08  sentyabr  2000-ci  il  tarixdə  Azərbaycan  Respublikası  Cinayət 

Məcəlləsinin  220.1-ci,  15-ci  və  93-5.1-ci    maddələri  ilə  təqsirli  bilinərək  Bakı  Şəhəri 

Nəsimi  Rayon  Xalq  Məhkəməsinin  həmin  tarixli  hökmü  ilə  5  (beş)  il  müddətinə 

azadlıqdan  məhrum  etmə  cəzasına  məhkum  olunmuş,  Azərbayan  Respublikası 

Apellyasiya  Məhkəməsinin  02  aprel  2001-ci  il  tarixli  qərarı  ilə  cəzası  4  (dörd)  ilə 

endirilmiş,  Azərbaycan  Respublikası  Milli  Məclisinin  06  may  2003-cü  il  tarixli 

Amnistiya  Qərarına  əsasən  cəza  çəkməkdən    azad  olunmuş,  24  mart  2005-ci  il  tarixdə 

Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  221.2.1-ci  maddəsi  ilə  təqsirli  bilinərək 

Bakı Şəhər Xətai Rayon Məhkəməsinin həmin tarixli hökmü ilə 2 (iki) il 6 ay müddətinə 

azadlıqdan  məhrumetmə  cəzasına  məhkum  olunmuş,  Azərbaycan  Respublikası  Milli 

Məclisinin 08 may 2007-ci il tarixli Amnistiya Qərarı ilə cəza çəkməkdən azad edilmiş

11  avqust  2010-cu  il  tarixdə  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  234.1-ci 

maddəsi ilə təqsirli bilinərək Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin həmin tarixli 

hökmü  ilə  1  (bir)  il  6  (altı)  ay  müddətinə  azadlıqdan  məhrum  etmə  cəzasına  məhkum 

olunmuş, 28 noyabr 2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.  

D.E.F.  oğlu  isə  əvvəllər  29  sentyabr  2000-ci  il  tarixdə  Azərbaycan  Respublikası 

Cinayət  Məcəlləsinin  180.2.1  və  180.2.5-ci  maddələri  ilə  təqsirli  bilinərək  Ağır 

Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin həmin tarixli hökmü 

ilə  6  (altı)  il  müddətinə  azadlıqdan  məhrum  etmə  cəzasına  məhkum  olunmuş  və 

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 10 noyabr 2000-ci il tarixli hökmü 

ilə  barəsində  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  62.2-ci  maddəsi  tətbiq 

edilərək cəzası 2 (iki) il müddətinə endirilmiş, 02 iyul 2002-ci il tarixdə cəzasının sonu ilə 

azad olunmuş, 29 aprel 2003-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 

132-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhər Səbail Rayon Məhkəməsinin həmin tarixli 

hökmü  ilə  6  ay  müddətinə  azadlıqdan  məhrum  etmə  cəzasına  məhkum  olunmuş  və 

barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 

6 ay sınaq müddəti təyin edilmiş, 24 yanvar 2007-ci il tarixdə Azərbaycan Respublikası 

CM-in  234.1-ci  maddəsi  ilə  təqsirli  bilinərək  Bakı  Şəhər  Səbail  Rayon  Məhkəməsinin 

həmin tarixli hökmü ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına 

məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 17 mart 2009-cu il tarixli 

Amnistiya Qərarı ilə cəza çəkməkdən azad edilmiş, 02 iyul 2009-cu il tarixdə Azərbaycan 

Respublikası  CM-in  234.2-ci  maddəsi  ilə  təqsirli  bilinərək  Bakı  şəhər  Səbail  Rayon 

Məhkəməsinin  həmin  tarixli  hökmü  ilə  4  (dörd)  il  azadlıqdan  məhrum  etmə  cəzasına 

məhkum olunmuş, 30 mart 2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.  

Kollegiya  belə  hesab  edir  ki,  işə  baxan  birinci  instansiya  məhkəməsi  residivi 

müəyyən  edən  zaman  A.B.C.  oğlunun  və  D.E.F.    oğlunun  əvvəllər  törətmiş  olduqları 

cinayətlər üzrə məhkumluqlarının ödənilib-ödənilməməsi ilə bağlı məsələni həll edərkən 

qanunvericiliyin aşağıda sadalanan tələblərini nəzərə almamışdır. 



 

Belə ki, Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə görə cinayət törətməyə 



görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən 

məhkumluğun  götürüldüyü  və  ya  ödənildiyi  günə  qədər  məhkum  olunmuş  hesab  edilir. 

Cinayətlərin  residivi  zamanı  və  cəza  təyin  edilərkən  bu  Məcəlləyə  uyğun  olaraq 

məhkumluq  nəzərə  alınır  (83.1-ci  maddə).  Cəzadan  azad  edilmiş  şəxs  məhkumluğu 

olmayan  hesab  edilir  (83.2-ci  maddə).  Şərti  məhkum  edilmiş  şəxslər  barəsində—sınaq 

müddəti  başa  çatdıqda  (83.3.1-ci  maddə);  azadlıqdan  məhrum  etməyə  nisbətən  daha 

yüngül  cəzaya  məhkum  edilmiş  şəxslər  barəsində  —  onlar  cəzanı  çəkib  qurtardıqları 

gündən bir il keçdikdə (83.3.2-ci maddə); böyük ictimai təhlükə törətməyən və ya az ağır 

cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — 

onlar  cəzanı  çəkib  qurtardıqları  gündən  üç  il  keçdikdə  (83.3.3-cü  maddə);  ağır  cinayət 

törətməyə  görə  azadlıqdan  məhrum  etməyə  məhkum  edilmiş  şəxslər  barəsində  — onlar 

cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə (83.3.4-cü maddə); xüsusilə ağır cinayət 

törətməyə  görə  məhkum  edilmiş  şəxslər  barəsində  —  onlar  cəzanı  çəkib  qurtardıqları 

gündən  səkkiz  il  keçdikdə  (83.3.5-ci  maddə)  məhkumluq  ödənilmiş  hesab  olunur. 

Məhkumluğun  ödənilməsi  və  ya  götürülməsi  məhkumluqla  bağlı  olan  bütün  hüquqi 

nəticələri ləğv edir (83.6-cı maddə). 

 Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi  Plenumunun  Azərbaycan 

Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair  08 iyul 2008-

ci  il  tarixli  Qərarına  əsasən  amnistiya  aktına  əsasən  cəzadan  azad  edilmiş  şəxslər  də 

məhkumluğu olmayan hesab edilir. 

Göründuyü  kimi  cinayət  qanunvericiliyi  tərəfindən  şəxsin  məhkumluğunun 

başlanğıc  və  qurtarma  anı  müəyyən  edilir.  İttiham  hökmünün  qüvvəyə  mindiyi  an  şəxs 

barəsində  məhkumluğun  başlanğıcı,  məhkumluğun  ödənildiyi  və  ya  götürüldüyü  an  isə 

onun  son  anı  sayılır.  Qanunvericiliyə  görə  cəza  çəkildikdən  sonra  məhkumluğun 

ödənilməsi  üçün  cinayətlərin  kateqoriyası  üzrə  qanunda  göstərilən  məhkumluq 

müddətlərinin ödənilməsi tələb olunur. Qanunvericiliklə şəxs tərəfindən yeni cinayətlərin 

törədilməsi  halında,  həmin  müddətlərin  axımının  kəsilməsinə  səbəb  olacaq  qaydalar 

müəyyənləşdirilməmişdir.  Bu  isə  onu  deməyə  əsas  verir  ki,    şəxs  tərəfindən  yeni 

cinayətlərin  törədilməsi  onun  əvvəllər  törətmiş  olduğu  cinayətlər  üzrə  cəza  çəkdikdən 

sonra  məhkumluğun  ödənilməsi  üçün  qanunda  göstərilən  məhkumluq  müddətlərinin 

axımını kəsmir. 

Qanunvericiliyin  sadalanan  bu  tələbləri  baxımından  kollegiya  belə  hesab  edir  ki, 

barələrində  birinci  instansiya  məhkəməsi  tərəfindən  hökm  çıxarılan  zaman,  məhkum 

edilmiş şəxslərdən A.B.C. oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-

ci maddəsi ilə təqsirli bilinərək Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin  11 avqust 

2010-cu il tarixli hökmü ilə, D.E.F. oğlunun isə Azərbaycan Respublikası CM-in 234.2-ci 

maddəsi ilə təqsirli bilinərək Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 02 iyul 2009-cu il 

tarixli hökmü ilə məhkum olunduqları cinayətlərə görə məhkumluqları istisna olunmaqla 

qeyd  olunan  digər  cinayətlər  üzrə  məhkumluqları  ödənilmişdir.  Bu  isə  onu  göstərir  ki, 

onlar  tərəfindən  yenidən  qəsdən  cinayətlərin  törədilməsi  cinayətlərin  xüsusilə  təhlükəli 

residivini deyil, sadəcə residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət 

Məcəlləsinin 18.3-cü maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum 

olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır 

(18.1-ci maddə). 



 

Birinci  instansiya  məhkəməsi  tərəfindən  A.B.C.  oğlu  və  D.E.F.  oğlunun  qəsdən 



yenidən  cinayət  törətmələrini  xüsusilə  təhlükəli  residiv  hesab  etməsi  Azərbaycan 

Respublikası  Cinayət  Məcəlləsinin  yuxarıda  qeyd  olunan  tələbləri  ilə  yanaşı,  həmin 

məcəllənin  18-ci  maddəsinin  də  tələblərinin  pozulması  ilə  nəticələnmişdir.  Belə  ki, 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinə görə qəsdən  az ağır və 

ya  qəsdən  ağır  cinayət  törətməyə  görə  əvvəllər  hər  hansı  ardıcıllıqla  üç  dəfədən  az 

olmayaraq  azadlıqdan  məhrum  etmə  cəzasına  məhkum  olunmuş  şəxs  yenidən  qəsdən 

cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda (18.3.1-ci 

maddə); qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət 

törətməyə  görə  əvvəllər  bir  dəfə  azadlıqdan  məhrum  etmə  cəzasına  məhkum  olunmuş 

şəxs yenidən qəsdən ağır cinayət törətdikdə (18.3.2-ci maddə); qəsdən ağır və ya xüsusilə 

ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 

şəxs  yenidən  xüsusilə  ağır  cinayət  törətdikdə  (18.3.3-cü  maddə)  cinayətlərin  residivi 

xüsusilə təhlükəli sayılır. Həmin məcəllənin 83-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada 

götürülmüş  və  ya  ödənilmiş  məhkumluqlar,  habelə  on  səkkiz  yaşına  çatmayanlar 

tərəfindən törədilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı 

nəzərə alınmır (18.4-cü maddə). 

Bütün  bunları  nəzərə  alan  kollegiya  belə  qənaətə  gəlir  ki,  birinci  instansiya 

məhkəməsi  məhkum  edilmiş  şəxslər  A.B.C.    oğlu  və  D.E.F.  oğlunun  qəsdən  yenidən 

cinayət törətmələrini xüsusilə təhlükəli residiv hesab etməklə işin faktiki hallarına uyğun 

olmayan  nəticəyə  gəlmiş  və  düzgün  olmayaraq  təyin  olunmuş  cəzaların  xüsusi  rejimli 

cəzaçəkmə  müəssisəsində  çəkilməsi  qənaətinə  gəlmişdir.  Bu  səbəbdən  kollegiya  belə 

hesab  edir  ki,  məhkum  edilmiş  şəxslər  A.B.C.  oğlu  və  D.E.F.  oğlunun  təyin  olunmuş 

cəzalarını çəkmək üçün müəyyənləşdirilmiş xüsusi rejimli cəzaçəkmə müəsissəsinin növü 

dəyişdirilməli  və  cinayətlərin  residivi  nəzərə  alınmaqla,  təyin  olunmuş  cəzaların  ciddi 

rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyənləşdirilməlidir. Belə ki, Azərbаycаn 

Respublikаsı  Cinayət  Məcəlləsinin  56.1  və  56.1.3-cü  maddəsinə  əsasən  cinayətlərin 

residivi  zamanı  azadlıqdan  məhrum  etmə  növündə  cəzanın  ciddi  rejimli  cəzaçəkmə 

müəsissələrində çəkilməsi müəyyən edilir. 

Kollegiya  məhkum  edilmiş  şəxslər  A.B.C.  oğlu  və  D.E.F.  oğlunun  apellyasiya 

şikayətlərində onların xüsusi təhlükəli residiv hesab edilərək bu halın ağırlaşdırıcı hal kimi 

qiymətləndirildiyi  və  bununla  da  onlara  ağır    cəza  təyin  edilməsi  barədə  dəlillərini 

müzakirə  edərək  həmin  dəlilləri  əsaslı  hesab  etmir.  Belə  ki,  birinci  instansiya 

məhkəməsinin  hökmündən  aydın  olur  ki,  birinci  instansiya  məhkəməsi  məhkum  edilmiş 

şəxslər  A.B.C.  oğlu  və  D.E.F.  oğluna  törətdikləri  əməllərə  görə  cəza  təyin  edən  zaman 

Azərbаycаn  Respublikаsı  Cinayət  Məcəlləsinin  58.1  və  58.3-cü  mаddəsinin  tələblərinə 

riаyət  etməklə  onların  törətdiyi  cinayətlərin  xarakterini,  ictimai  təhlükəlilik  dərəcəsini, 

şəxsiyyətlərini,  o  cümlədən  cəzanı  ağırlaşdıran  və  yüngülləşdirən  hallar  kimi 

qiymətləndirilən  halları,  habelə  təyin  olunan  cəzanın  onların  islah  olunmasına  və 

ailələrinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və onlara təqsirli bilindikləri 

maddələrin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə cəzalar təyin etmişdir.  

Azərbaycan  Respublikası  CM-in  58.3-cü  maddəsinə  görə  cəza  təyin  edilərkən 

törədilmiş  cinayətin  xarakteri  və  ictimai  təhlükəlilik  dərəcəsi,  təqsirkarın  şəxsiyyəti,  o 

cümlədən  cəzanı  yüngülləşdirən  və  ağırlaşdıran  hallar,  habelə  təyin  olunmuş  cəzanın 

şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.  



 

Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumunun  “Məhkəmələr  tərəfindən 



cinayət  cəzalarının təyin  edilməsi  təcrübəsi  haqqında” 25 iyun 2003-cü  il  tarixli,  4 saylı 

qərarında  məhkəmələrə  tövsiyə  olunur  ki,  hər  bir  konkret  halda  təqsirləndirilən  şəxslərə 

təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə 

müvafiq  olaraq  cinayətin  törədilməsi  şəraitinə,  təqsirkarın  şəxsiyyətinə  uyğun  olmaqla 

ədalətli olmalıdır.  

Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  8.1-ci  maddəsinə  görə  cinayət 

törətmiş  şəxs  haqqında  tətbiq  edilən  cəza  və  ya  digər  cinayət-hüquqi  xarakterli  tədbirlər 

ədalətli  olmalıdır,  yəni  cinayətin  xarakterinə  və  ictimai-təhlükəlilik  dərəcəsinə,  onun 

törədilməsi  hallarına  və  cinayət  törətməkdə  təqsirli  bilinən  şəxsin  şəxsiyyətinə  uyğun 

olmalıdır. 

Məhkum  edilmiş  şəxslər  A.B.C.  oğlu  və  D.E.F.  oğlu  apellyasiya  şikayətlərində 

onların  xüsusi  təhlükəli  residiv  hesab  edilərək  bu  halın  ağırlaşdırıcı  hal  kimi 

qiymətləndirilməsinə  dair  dəlillərinə  münasibətdə  kollegiya  qeyd  edir  ki,  cinayət 

qanunvericiliyi növlərinə ayırmadan cinayətlərin residivini ümumilikdə cəzanı ağırlaşdıran 

hal  kimi  qəbul  edir.  Belə  ki,  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  61.1  və 

61.1.1-ci  maddələrinə  görə  cinayətlərin  residivi  cəzanı  ağırlaşdıran  hallar  hesab  edilir. 

Kollegiya  belə  hesab  edir  ki,  məhkum  edilmiş  şəxslər  A.B.C.  oğlu  və  D.E.F.    oğlunun 

məhkum  olunduqları  cinayət  əməllərində,  cinayətlərin  residivi  olduğundan,  cəzanı 

ağırlaşdıran hallar mövcuddur və birinci instansiya  məhkəməsi də düzgün olaraq onların 

əməllərində cəzanı ağırlaşdıran halların olması qənaətinə gəlmişdir.  

Kollegiya  qeyd  edir  ki,  birinci  instansiya  məhkəməsi  məhkum  edilmiş  şəxslər 

A.B.C.  oğlu  və  D.E.F.  oğlunun  barələrində  göstərilmiş  iş  üzrə  mühüm  əhəmiyyət  kəsb 

edən  halları  cəza  təyini  zamanı  nəzərə  almaqla  əsaslandırmış,  onların  şəxsiyyətinə  və 

törətmiş olduqları cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun cəzalar 

təyin etmişdir.  

Apellyasiya  şikayətinin  baxışı  mərhələsində  də  məhkum  edilmiş  şəxslərin  

cəzalarını yüngülləşdirən yeni hallar müəyyən edilməmişdir.  

Kollegiya  Azərbaycan  Respublikası  Cinayət-Prosessual  Məcəlləsinin  397.1-ci 

maddəsinə  əsasən  birinci  instansiya  məhkəməsi  tərəfindən  Azərbaycan  Respublikası 

Cinayət  Məcəlləsinin  və  Cinayət-Prosessual  Məcəlləsinin  tələblərinə  əməl  edilməsini  

apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, birinci 

instansiya  məhkəməsi  məhkum  edilmiş  şəxslər  A.B.C.  oğlu  və  D.E.F.    oğluna 

narkomaniyadan məcburi müalicə təyin edən zaman onların hər ikisinin də 2-ci qrup əlil 

olmalarını  nəzərə  almamışdır.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  9  fevral 

2006-cı  il  tarixli  39  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  «Narkotik  vasitələrin  və  psixotrop 

maddələrin  tibbi  məqsədlərlə  istifadə  edilməsi  qaydasının  və  şərtlərinin,  habelə 

narkomanlıq  xəstəliyinə  düçar  olan  şəxslər  barəsində  tibbi  tədbirlərin  tətbiq  edilməsi 

Qaydası»nın 3-cü bəndinin 3.2-ci hissəsinə görə narkomanlıq xəstəliyinə düçar olmuş əlil 

şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Bu səbəbdən kollegiya belə hesab edir ki, 

məhkum edilmiş şəxslər A.B.C.  oğlu və D.E.F.  oğluna narkomaniyadan məcburi müalicə 

təyin olunması ilə bağlı müddəalar hökmdən xaric edilməlidir. 

Qeyd  olunanlardan  başqa  istər  işin  ibtidai  istintaqı  zamanı,  istərsə  də  birinci 

instansiya məhkəməsində məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun 


 

pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların araşdırılmaması 



iş materialları ilə müəyyən edilməmişdir. 

Ümumilikdə  məhkəmə  kollegiyası  belə  hesab  edir  ki,  birinci  instansiya 

məhkəməsində  icraat  zamanı  cinayət  qanununa  və  Azərbaycan  Respublikası  Cinayət 

Prosessual Məcəlləsinin normalarına əsasən riayət edilmişdir. 

Bütün sadalananlara əsasən kollegiya belə nəticəyə gəlir ki, məhkum edilmiş şəxslər 

A.B.C.    oğlu  və  D.E.F.    oğlunun  apellyasiya  şikayətləri  qismən  təmin  edilərək,  A.B.C.  

oğlu və D.E.F.  oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 

və  234.4.3-cü  maddələri  ilə  təqsirli  bilinib  məhkum  olunmalarına  dair  Naxçıvan  Muxtar 

Respublikası  Ağır  Cinayətlər  Məhkəməsinin  28  noyabr  2013-cü  il  tarixli  1(109)-6/2013 

nömrəli  hökmü  cəzaçəkmə  müəssisəsinin  müəyyənləşdirilməsinə  dair  hissədə 

dəyişdirilməli,  A.B.C.    oğlu  və  D.E.F.    oğluna  Naxçıvan  Muxtar  Respublikası  Ağır 

Cinayətlər Məhkəməsinin 28 noyabr 2013-cü il tarixli 1(109)-06/2013 nömrəli hökmü ilə 

təyin  olunmuş  azadlıqdan  məhrumetmə  növündə  cəzalarını  ciddi  rejimli  cəzaçəkmə 

müəssisəsində  çəkilməsi  müəyyən  edilməli,  məhkum  edilmiş  şəxslər  A.B.C.    oğlu  və 

D.E.F.    oğluna  narkomaniyadan  məcburi  müalicə  təyin  olunması  ilə  bağlı  müddəalar 

hökmdən  xaric  edilməlidir.  Birinci  instansiya  məhkəməsinin  hökmü  qalan  hissədə 

dəyişdirilmədən saxlanılmalıdır. 

Göstərilənlərə  əsasən  və  Azərbaycan  Respublikası  CPM-nin  397,  398.1.4,  399.1.4 

və 407-410 maddələrini rəhbər tutaraq kollegiya  

 

q ə r a r a   a l d ı : 

Məhkum  edilmiş  şəxslər  A.B.C.    oğlu  və  D.E.F.    oğlunun  apellyasiya  şikayətləri 

qismən təmin edilsin. 

Məhkum edilmiş şəxslər A.B.C.  oğlu və D.E.F.  oğlunun Azərbaycan Respublikası 

Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum 

olunmalarına dair Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 

2013-cü 


il  tarixli  1(109)-6/2013  nömrəli  hökmü  cəzaçəkmə  müəssisəsinin 

müəyyənləşdirilməsinə dair hissədə dəyişdirilsin. 

A.B.C.    oğlu  və  D.E.F.    oğlu  Naxçıvan  Muxtar  Respublikası  Ağır  Cinayətlər 

Məhkəməsinin 28 noyabr 2013-cü il tarixli 1(109)-06/2013 nömrəli hökmü ilə Azərbaycan 

Respublikası  Cinayət  Məcəlləsinin  206.3.2,  234.4.1  və  234.4.3-cü  maddələri  ilə  təqsirli 

bilinərək,  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  66.3-cü  maddəsinə  əsasən  təyin 

olunmuş cəzalar qismən toplanmaq yolu ilə hər birinə qəti olaraq təyin olunmuş 11 (on bir) 

il  müddətində  azadlıqdan  məhrumetmə  cəzalarını  ciddi  rejimli  cəzaçəkmə  müəssisəsində 

çəksinlər. 

Məhkum  edilmiş  şəxslər  A.B.C.  oğlu  və  D.E.F.  oğluna  narkomaniyadan  məcburi 

müalicə təyin olunması ilə bağlı müddəalar hökmdən xaric edilsin. 

Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. 

Qərar elan edildiyi andan qanuni qüvvəyə minir.  

Qərardan  Azərbaycan  Respublikası  Cinayət-Prosessual  Məcəlləsinin  410-cu 

maddəsində  göstərilən  müddətlərdə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  cinayət 

kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.  



 





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə