2. FOTOMETRİYA
Kainatda baş verən bir çox hadisələr elektromaqnit dalğaları və bu dalğa şkalasının müəyyən bir bölgəsində yerləşən işıqla əlaqədardır. İşıq gündəlik həyatımızın da ayrılmaz hissəsidir. Ona görə, işıqla əlaqədar hadisələri öyrənmək məcburiyyətindəyik. Bu hadisələr işığın maddə ilə qarşılıqlı təsirinin nəticəsi olduğundan, onları öyrənmək üçün işığın xarakteristikalarını – enerjisini, gücünü, intensivliyini, mənbənin parlaqlığını və sairləri müəyyənləşdirmək lazımdır. Optikanın fotometriya adlanan bölməsi məhz belə kəmiyyətlərin müəyyənləşməsi və ölçülməsi ilə məşğuldur. Bu kəmiyyətlər fotometrik kəmiyyətlər adlanır. Müşahidə üsulundan və işıq enerjisini qeyd edən cihazların işləmə prinsipindən asılı olaraq işığın müxtəlif xarakteristikalarından istifadə olunur. Məsələn, gözlə ulduzları müşahidə edərkən ulduzun tam səthinin yalnız müşahidəçi istiqamətində göndərdiyi işıq enerjisini, fotoelektrik hadisəsində isə şüa enerjisinin tam selini bilmək lazımdır. Elə bu səbəbdən, müxtəlif işıq qəbuledicilərinin ölçdüyü işıq kəmiyyətləri – fotometrik kəmiyyətlər müxtəlif olur. Həmin kəmiyyətlər və onların ölçülməsi haqqında qısa məlumat verək.
Dostları ilə paylaş: |