Mühazirə 4.
QQDS-IN QURULMA ƏSASLARI
Plan:
4.1. Əsas anlayışlar
4.2.Qərar qəbulunu dəstəkləyən sistemlərin yaranma və inkişaf tarixi
4.3. Qərar qəbulunu dəstəkləyən sistemlərin təsnifatı
4.1. Əsas anlayışlar
Qərar qəbulu baxılan anda idarə olunan obyektin fəaliyyətində baş verən sapmaların aradan qaldırılması üçün lazımi tədbirlərin formalaşdırılması prosesidir. Qərar qəbulunu dəsdəkləyən sistem bu prosesin avtomatlaşdırılması üçün qurulur. Girişdə QQDS-ə verilmiş tərif ümumən qəbul olunmuşdur. Lakin burada QQDS-in əsas xüsusiyyətləri nəzərə alınır. Odur ki, bəzi mənbələrdə QQDS-in xüsusiyyətlərini nəzərə alan digər tərifləri də verilir. Məsələn, Daniel Paner QQDS-ə aşağıdakı tərifi verir[1]: “QQDS-qərarların formalaşdırılması üçün əlaqələrdən, sənədlərdən, biliklərdən və modellərdən istifadə etməklə qərar qəbul edən şəxsə kömək etmək məqsədilə interaktiv kompyuter sistemidir”. QQDS-in xüsusiyyətlərini açan digər tərif: “QQDS formalaşdırıla bilməyən, strukturlaşdırılmış (və ya yarımstrukturlaşdırılmış) məsələlərin həllində qərar qəbul edən şəxsə kömək etməlidir; interktiv sorğuların predmet dilinə yaxın olan və asan başa düşülən təbii dildə formalaşdırılmasına imkan verməlidir”[3].
Strukturlaşdırılmamış məsələ yalnız keyfiyyət baxımından təsvir olunur və bu cür təsvir QQŞ-in mülahizələrinə əsaslanır. Məsələnin əsas xarakteristikaları arasında kəmiyyət asıllıqları məlum olmur.
Strukturlaşdırılmış məsələ kəmiyyət baxımından təsvir oluna bilən asıllıqlarla xarakterizə olunur.
Yarımstrukturlaşdırılmış məsələ aralıq mövqe tutur və “kəmiyyət və keyfiyyət asıllıqlarını özündə birləşdirir, məsələnin qeyri-müəyyən və az-müəyyən tərəfləri daha çox olur”[4].
QQDS anlayışı ilə bağlı olan “Biznes-İntellektin İnstrumental Vasitələri ((ing. Business İntelligence Tools)” anlayışı da mövcuddur. Həmin anlayış istifadəçilərə böyük həcmli mürəkkəb verilənlərlə işləmək imkanını verən proqram təminatını nəzərdə tutur. Bu cür instrumental vasitələrin üç tipini ayırırlar:
1.Verilənlərin çoxölçülü analizi üçün vasitələr (ing. On-Line Analytical Processing-OLAP)-verilənlərə müxtəlif ölçülərdə, istiqamətlərdə və kəsiklərdə baxmağa imkan verən proqram təminatı.
2.Sorğuların instrumental vasitələri (ing.Query Tools)-verilənlərə məzmununa və ya nümunəyə görə sorğuları formalaşdırmağa və interaktiv rejimdə onlarla işləməyə imkan verən proqram təminatı.
3.Verilənlərin çıxarılması üçün instrumental vasitələr (ing. Data Mining Tools)-mühüm nümunələrin (modellərin) və ya asıllıqların çıxarışını aparan proqram təminatı.
QQDS-in proqram təminatının əsasını da bu üç tip instrumental vasitələr təşkil edir. Bundan əlavə, QQDS-in proqram təminatına verilənlər bazasının və modellərin idarə edilməsi üçün proqramlar da daxil edilir. VB-nin idarə olunması üçün məlum VBİS-lərdən istifadə edilir. Modellərin idarə edilməsi proqramları modellərin qurulmasını və onlarla işləməyi təmin edirlər.
QQDS-in verilənlər bazası onun fəaliyyətini dəstəkləmək üçün yaradılır. Burada digər verilənlər bazalarından (daxili və xarici), menecerlərin şəxsi VB-lərindən götürülən verilənlər, həmçinin yekun informasiya saxlana bilər.
QQDS-in fərqli cəhətlərindən və vacib komponentlərindən biri qərarların dəstəklənməsi üçün modellər bazasından istifadə edilməsidir. Modellər sistemin əsas elementlərinin və onlar arasındakı əlaqələrin sadələşdirilmiş təsviridir. Menecmentdə və biznesdə problemlərin analizi və formalaşdırılması üçün sadə üsul kimi xüsusi modellərdən istifadə edilir. Bu modellər adətən cədvəl, riyazi və ya qrafik formada təsvir edilir.
Müxtəlif səviyyəli və təyinatlı QQDS-lər var:
-müəssisədə mürəkkəb kompleks məsələlərin (məsələn, strateji planlaşdırma) həlli üçün. Onlara instirusional QQDS deyilir;
-nisbətən sadə və birdəfəlik problemlərin həlli üçün;
Onları “ad hoc” (xüsusi, baxılan hal üçün) adlandırırlar.
-konkret sahələrdə (maşınqayırma, bank işi və s.) problemləri həll etmək üçün. Onlara sahə və ya funksional QQDS deyilir;
-dövlət səviyyəli QQDS-lər.
QQDS-in tətbiq olunduğu müəssisələrdə idarəetmənin operativliyi və keyfiyyəti yüksəlir, bu isə son nəticədə iqtisadi səmərəliliyə gətirib çıxarır.
Dostları ilə paylaş: |