Sual 5. Etnik münaqişələrin tənzimlənməsi. Artıq on illərdir ki, dünyanın bir çox ölkələrində fəaliyyətləri etnik münaqişələrin həllinə istiqamətlənmiş xidməti təsisatlar var. Amerikada bu qurumlar 50-ci illərdən, Rusiyada 90-cı illərdən fəaliyyət göstərir.
Etnik münaqişələrin həllinin, adətən, üç əsas strategiyasını ayırd edirlər:
hüquqi mexanizmlərin tətbiqi
danışıqlar
informasiya yolu
Birinci strategiyada polietnik dövlətlərdə bütün qanunvericiliyin maksimum dəyişdirilməsi proqramı nəzərdə tutulur. Burada etnoslararası münasibətlərin harmonikləşdirilməsi, sosial strukturun dəyişilməsi yer alır. Vacib şərtlərdən biri qruplar arasıındakı sədləri psixoloji baxımdan dağıtmaqdır. Bu isə qanunların, ictimai institutların və s. dəyişilməsinə kömək edir.
Konfliktoloji xidmətdə psixoloqların əsas iştirak forması danışıqların aparılması üçün vasitəçiliyin təşkilidir.
Münaqişələrin həllinin informasiya yolu dedikdə, ilk növbədə informasiya mübadiləsi nəzərdə tutulur. Bu işdə psixoloqlar informasiyanın verilmə üsullarının seçilməsində iştirak edir. Çünki ehtiyatsız informasiya, hətta neytral xəbərlər də emosiyaları qızışdıra, gərginliyi artıra bilər.
Qruplararası, o cümlədən etnoslararası münaqişələrin tənzimlənməsi üçün müxtəlif psixoloji nəzəriyyə tərəfdarları hansı metodları təklif edirlər? Ən yaxşı halda onlar münaqişə və qarşıdurmaların cəmiyyət üçün təhlükəsiz müstəviyə keçirilməsinə çalışa bilərlər.
Freydin fikrincə, insan aqressivliyini elə yönəltmək lazımdır ki, müharibələrə gətirib çıxarmasın. Buna isə insanlar arasında emosional ünsiyyət yaratmaq, hisslərin ümumiliyinə nail olmaq lazımdır.
Lorents isə aqressivliyin öhdəsindən gəlmək üçün bir neçə üsul təklif edirdi. Bunlardan biri, aqressivliyin istiqamətini dəyişməkdir. Bu, aqressivliyin zərərli nəticələrinin qarşısını almağa qadirdir. Məsələn, o, mədəni-ritual mübarizə formasından istifadə etməyi məsləhət görür.
Şerif qruplararası münaqişələrin həllinin daha bir çarəsini təklif edirdi. Bu, hər tərəf üçün cəlbedici olan fövqəlqrup məqsədlərin işə salınmasıdır. Həmin məqsədlər isə tərəflər güclərini birləşdirməklə nail ola bilərlər. Real münaqişə nəzəriyyəsinin tərəfdarları qeyd edilən məqsədlərə bəşəri ekoloji problemlərin həllini, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasını, məhvedici xəstəliklərlə mübarizəni aid edirlər. Lakin Şerif laborator şəraitdə belə, münaqişənin tam həllini tapa bilmədi. O, hesab edirdi ki, psixoloqun xidməti münaqişəni aradan qaldırmaq deyil, insanlara situasiyanın qavrayışlarını dəyişmələrində kömək etməkdədir.
Münaqişələrin həllində uğur qazanmaq onun hələ tərəflərin qavrayışında olduğu mərhələdə, hələ münaqişə hərəkətləri başlayana qədər və o, başa çatandan sonra mümkündür. Münaqişələri psixoloji tənzimləmə üsullarının heç biri ideal deyil, belə ki, heç bir psixoloji mexanizm sosial problemləri həll etmək iqtidarında deyil.