İxtisas: 141555-Hüquqşünaslıq
Qrup:311
Fənn:Konstitusiya hüququ
SƏRBƏST İŞ
Qanunvericilik hakimiyyətinin dövlət hakimiyyəti sistemində yeri
Müəllim: Nəsib Şükürov
Tələbə: Nuri Mehriban
PLAN
Hakimiyyət bölgüsü mexanizmində ən əsas vasitə hakimiyyətin bölünməsini təmin edən elementlər - səlahiyyətlərdir. Məhz bu səlahiyyətlərin bir-birinə olan münasibətindən, onların həcmindən asılı olaraq hakimiyyət bölgüsünün mövcud olub olmadığını demək olar. Ona görə də hakimiyyət bölgüsünü analiz edərkən, əsas diqqət onlara yetirilməlidir. Hakimiyyət bölgüsünün elementləri bu və ya digər hakimiyyət budağına aid edilən bütün səlahiyyətləri əhatə etmir. Buraya məhz o səlahiyyətlər aiddir ki, hakimiyyət budaqlarının bir-birinə təsir etməsi, bir-birinin fəaliyyətinə müdaxilə etməməsi və nəzarət etməsini təmin edir. Bu səlahiyyətlər istisnasız olaraq məhz hakimiyyət bölgüsü mexanizminin həyata keçirilməsi naminə müdaxilə imkanmı təmin etməlidir. Başqa sözlə, bu səlahiyyət mütləq digər hakimiyyət budağına yönəlməli, ən başlıcası onun fəaliyyət sahəsinə təsir etməyə imkan verməlidir. Lakin iş sadəcə olaraq bununla bitmir. Ayrı-ayrı hakimiyyət budaqlarının bölgüsü sistemində tutduğu yeri müəyyənləşdirmək üçün onların formalaşdırılması əsaslarını, təyinatını müəyyən edən normalar da nəzərə alınmalıdır.
Azərbaycan Respublikasının Konstitusiyasında hakimiyyətin bölünməsi ilə əlaqədar səlahiyyətlər yalnız bir hakimiyyət budağına münasibətdə kəskin fərqləndirməklə təsbit edilmişdir. Bu da qanunverici hakimiyyəti həyata keçirən Milli Məclisdir. Milli Məclisin səlahiyyətinə aid edilən məsələlər 94 və 95-ci maddələrdə öz əksini tapmışdır. 95-ci maddə Milli Məclisin həll etdiyi məsələlər adlanır və burada bu və ya digər şəkildə icra hakimiyyətinin fəaliyyətinə müdaxilə etməyə imkan verən məsələlər əks olunmuşdur. Milli Məclisin həll etdiyi məsələlər içərisində 1-5-ci bəndlər istisna olmaqla yerdə qalan bütün məsələlərin həlli üçün qərar qəbul edilir. Konstitusiyasının 95-ci maddədə əsasən prezidentin vəzifəyə təyin etdiyi ayrı-ayrı şəxslərin və irəli sürdüyü müxtəlif proqramların, təkliflərin təsdiqlənməsindən söhbət gedir. Bu maddədə əks olunan məsələlərin bir qismi investitura institutu ilə əlaqədardır. İnvestitura - konkret şəxslərin vəzifəyə təyin olunması ilə bağlı səlahiyyətlər məcmusudur. İnvestitura icra hakimiyyətinə müəyyən üstünlüklər verən institutdur. Belə ki, vəzifəyə təyin edilən şəxslərin şəxsi keyfiyyətləri nəzərə alındığından, bir çox hallarda icra hakimiyyətinin bundan sui-istifadə ehtimalı mövcud olur. Yəni icra hakimiyyəti başçısı təyin edilən şəxslərin peşəkarlıq, təcrübəlilik meyarları ilə yanaşı, onların sədaqətlilik, partiya mənsubiyyəti və sair keyfiyyətləri də nəzərə alınır. 95-ci maddəyə görə Milli Məclis prezidentin təqdim etdiyi hərbi doktrinanı, dövlət büdcəsini təsdiq edir, Baş nazirin təyin olunmasına razılıq verir, yuxarı instansiya məhkəmələrinin - Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, apelyasiya məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir, Baş prokurorun təyin olunmasına və vəzifədən kənarlaşdırılmasına razılıq verir, beynəlxalq müqavilələri, Milli Bankın İdarə Heyətinin üzvlərini təsdiq edir. Bundan başqa qanunverici orqan Nazirlər kabinetinə etimad, prezidentin impiçment qaydasında vəzifədən kənarlaşdırılması, prezidentin müraciətinə əsasən müharibə və sülhə razılıq verilməsi, ordunun təyinatı ilə bağlı olmayan işlərə cəlb edilməsi məsələlərinə razılıq verir. Bunların da içərisində ən təsirlisi dövlət büdcəsinin təsdiqi və onun icrasına nəzarətdir. Dövlət büdcəsini təsdiq etməklə qanunverici orqan bütövlükdə icra hakimiyyətinə təsir edə bilir və çox vacib faktor olan maliyyə sferasında bu hakimiyyət budağının fəaliyyətinə müdaxilə edir. Lakin bu səlahiyyətdən ildə, ancaq bir dəfə istifadə edilməsi dövlət büdcəsinin icrası zamanı baş verən dəyişikliklərə Milli Məclisin əsaslı və adekvat cavab vermək imkanını məhdudlaşdırır. 95-ci maddənin 1-5-ci bəndlərində nəzərdə tutulan məsələlər üzrə (MM-in işinin təşkili, prezidentin təqdimatı ilə diplomatik nümayəndəliklərin təsis olunması, inzibati ərazi bölgüsü, dövlətlərarası müqavilələrin təsdiqi, dövlət büdcəsinin təsdiqi) qanunlar qəbul edilir. Milli Məclis konstitusiya ilə nəzərdə tutulan hallarda prezident fərmanlarını təsdiq edir. 111 və 112-ci maddələrə görə hərbi və fövqəladə vəziyyət elan edilməsi haqqında fərmanlar Milli Məclisin təsdiqinə verilir. O cümlədən, Milli Məclis Baş nazirin vəzifəyə təyin edilməsinə razılıq verir.
İcra hakimiyyətinin Milli Məclisin fəaliyyətinə müdaxilə etməsinə imkan verən əsas səlahiyyət promulqasiya - qanunları imzalamaq və dərc etmək, habelə veto qoymaq hüququdur. Prezidentin veto hüququ Konstitusiyada birbaşa göstərilməsə də 110-cu maddənin I hissəsində deyilir ki, qanun prezidentin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə Milli Məclisə qaytara bilər. Bu maddənin II hissəsində isə nəzərdə tutulur ki, Milli Məclis 83 səs çoxluğu ilə qəbul olunan qanunları 95 səs çoxluğu, 63 səs çoxluğu ilə qəbul olunan qanunları isə 83 səs çoxluğu ilə qəbul edərsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir. Qanunlar isə Milli Məclisin hər sessiyası zamanı qəbul olunur və hər biri də mütləq prezident tərəfindən imzalanmalıdır. Bu isə icra hakimiyyətinə böyük imkanlar verir.
Azərbaycan Respublikası Milli Məclisinin hakimiyyətin digər qolu - məhkəmə hakimiyyəti ilə də qarşılıqlı əlaqəsi vardır.
Məhkəmə hakimiyyətinin fəaliyyəti müəyyən mənada qanunverici hakimiyyətdən asılıdır. Məhz qanunverici hakimiyyət məhkəmə quruluşu, hakimlərin statusu, məhkəmə icraatı və s. ilə bağlı məsələləri nizama salır. Belə hüquqi tənzimlənmənin əsasını isə Konstitusiya təşkil edir. Məhz konstitusiyalarda məhkəmə hakimiyyətinin Konstitusiya əsasları yığcam şəkildə təsbit olunur.
Qanunverici hakimiyyətin məhkəmə hakimiyyətinə təsiri eyni zamanda hakimlərin təyinində və amnistiya aktlarının tətbiqində özünü göstərir.
Lakin qanunverici hakimiyyətin məhkəmə hakimiyyətinə təsiri birtərəfli deyildir. Məhkəmə hakimiyyəti də qanunverici orqanın qəbul etdiyi aktların Konstitusiyaya zidd olduğu barədə qərar qəbul etməklə qanunverici hakimiyyətə qarşılıqlı təsir göstərir. Bu təsir eyni zamanda Milli Məclis deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqində də özünü göstərir. Konstitusiyanın 86-cı və 2003-cü il 27 may tarixli «Azərbaycan Respublikasının Seçkilər Məcəlləsi»nin 171-ci maddəsinə görə Milli Məclis deputatları seçkilərinin nəticələrini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.
Dostları ilə paylaş: |