1.İctimaiyyətlə əlaqələrdə ünsiyyət əsas vasitələrdən biri kimi
Ünsiyyət bəşər tarixinin ilkin dövrlərində instink xarakter daşıdığı halda, yeni əmək formalarının yaranması, eləcə də kainatın dərk olunmasına olan maraq insan zehniyyətini dərinləşdirmiş, onu fizioloji varlıqdan, ictimai varlığa çevirmişdir. Bunun da nəticəsində şüurlu ünsiyyətin təkamül prosesi başlanmışdır. Maraqlıdır ki, görkəmli alman alimi F.Şiller “Estetik tərbiyə haqqında məktublar” adlı yazısında insanın bilavasitə ünsiyyətlə bağlı olan gözəllik duyumunu fitri istedad əsasında inkişaf edən bir oyun, düşünülmüş məqsədin həllini ifadə edən bir əyləncə adlandırmışdır. İnsan, cəmiyyətin təkamülü haqqında əldə olunmuş bilgilərə görə üst poleolit dövründən başlayaraq ünsiyyətin mahiyyətini şüurun təkamülünə uyğun şəkildə inkişaf etdirməyə başlamışdır. Adi ünsiyyət get-gedə məqsədli ünsiyyət həddinə çatmışdır. İnsanı əhatə edən aləmin mürəkkəbliyinin dərki prosesində ünsiyyətin özünün də yeni keyfiyyətləri və xassələri meydana çıxmışdır. Əvvələr ov üzərində qalib gəlmək, düşmənini məğlub etmək üçün birləşən insanlar sonralar daha mürəkkəb və məqsədli ünsiyyət formalarından istifadə etmək məcburiyyəti qarşısında qalmışlar. İnsan təbiət və cəmiyyətdə hökm sürən qanunauyğunluqların mahiyyətini, onların hər birinin özünəməxsusluğunu müəyyənləşdirmək istəyirdi. Məhz bu müəyyənləşdirmək istəyi insan təfəkküründə bir sıra inanclar, vərdişlər, adət və ənənələr yaratmışdır.İnsan təbiət və cəmiyyətdəki hadisələrlə daha yaxın və emosional ünsiyyət yaratdıqca onun baxışları və zövqü də müəyyən istiqamətdə formalaşır, onu yeniləşməyə doğru çəkib aparırdı. Bəllidir ki, ünsiyyət həmişə duyğular vasitəsilə müşaiyət olunur. Duyğularımız müşaiyət olunan obyektin xassələri haqqında biliklər yaradır, bu isə obyektin xassələrini öyrənməyə, ona bu və ya digər formada təsir göstərməyə sövq edir. Bu baxımdan ünsiyyət zamanı aparılan müşahidələrin məhz duyğularımız vasitəsi ilə inikas olunması, yeni dərketmə keyfıyyətlərini yaradır. Bu keyfiyyətlər isə özlüyündə yeni məzmuna çevrilir. Məsələn, vaxtı ilə dünyada mövcud olan özünüdərketmənin məzmununu və mahiyyətini müşahidələr və birbaşa ünsiyyət vasitəsilə dərk etməyə çalışan insan, tarixən bir sıra dini anlayışlar, etiqadlar, adət və ənənələr yaratmışdır. Bununla da əvvəlki ünsiyyət anlayışları toplusundan yaranan yeni məzmunlu ünsiyyət vasitələri və formaları meydana gəlmişdir.Yeni ünsiyyət vasitələrinin həm forması, həm də məzmunu mahiyyət etibarı ilə idraklaşdırılmış, daha mücərrəd anlayışlarla zənginləşmişdir. Buna animistik anlayışların, adət və ənənələrin meydana gəlməsini, onların etiqad və xüsusiyyətlərini misal göstərmək olar. Qeyd etmək lazımdır ki, ictimai formasiyalar birbirini əvəz etdikcə dini anlayışların və mərasımlərin meydana gəlməsi ünsiyyətin daha kütləvi olması üçün başlıca vasitəyə çevrildi. Dini bayram və mərasimlər insanları fövqəltəbii inam ətrafında daha sıx şəkildə birləşdirə bildi. Bu birləşmə öz növbəsində həm də insanların inkişafı üçün əbədi bir zəmin varatdı. Həm də insanların təklənməsinin qarşısını, dini qanun və inanclara istinad edərək ala bildi. Küləvi ünsiyyətin dini forması insanların vahid cəmiyyət şəklində birləşmək mühitini yaratdı. Dini ünsiyyət insanları fövqəltəbiiləşdirilmiş obyektlər və fikirlər ətrafında toplaya bildi. Daha sonralar isə insanların çoxu tək Allah ideyası ətrafında birləşdi. Sinaqoqlar, kilsələr, məscidlər və başqa dini mərkəzlər onların ünsiyyət yerlərinə çevrildi. Beləliklə də, kütləvi dini ünsiyyətlər kütləvi dini mədəniyyətlərin formalaşmasına səbəb oldu. Dini ünsiyyət vasitəsilə müxtəlif xalqlar, millətlər, irqlər birləşə bildi. İndi dünyada “İslam mədəniyyəti”, “Xristian mədəniyyəti” və s. kimi anlayışlar reallıqlara əsaslanır. Dini zəmində baş verən ünsiyyət milli münasibətlərin prosesini vahid Allah ideyası ətrafında tarazlaşdırır. İnsanın Allah qarşısında günahlar törətməsinə qadağalar qoymaqla mənəvi birlik, xeyirxah əməllərlə yaşamaq prinsipini irəli sürür. Qurani Kərimdə deyilir ki, ey iman gətirənlər! Allaha peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allah və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarı ilə daha yaxşıdır. Təəssüflər olsun ki, kommunist ideoloqları uzun müddət dinin sosial-psixoloji təsir gücünün əxlaqi cəhətlərini danmış, onu xalq üçün “tiryək” adlandırmışlar. Lakin din ictimai şüurun xüsusi forması kimi qədim daş dövründə meydana gəlmiş və özünün müxtəlif adət və ənənələrini yaratmışdır. Bu adət və ənənələr ictimai həyatın bütün tərəflərini əhatə etmiş, insanların davranış normalarına çevrilmişlər. Adət və ənənələr ünsiyyət vasitəsi olaraq təkcə mənəvi cəhətlərin təzahürü deyil, cəmiyyətin sosial-mənəvi və mədəni tərəqqisinin göstəriciləridir. Öz adət və ənənələrinə görə xalqlar, millətlər bir-birindən qismən də olsa fərqlənirlər. Bu mənada adət və ənənələr maddi və mənəvi təkamülün nəticəsini nümayiş etdirir və ayrı-ayrı millətə və xalqa xas olan mənəvi dəyər kimi nəzərə çarpır.Adət və ənənənələr hər bir fərdi özünün sosial-psixoloji mühitinin təsiri altına salır və ənənəvi olan əxlaq vərdişlərini, davranış normalarını ona icra etdirir. Xüsusilə, mərasim anları qanuni hal kimi hamı tərəfındən qəbul olunan emosional təsir mərhələsi və ya anıdır. Onda iştirak edən hər bir fərdin bu emosional təsir anından kənarda qalması isə qeyri-mümkündür. Dini və milli adət-ənənələr xalqın yaradıcılıq məhsulu olduğundan əsrlər boyu yaşamışdır. T.Haqverdiyev yazır ki, adət və ənənələr insanların kədər anının təsəllisi, sevincinin isə carçısı olmuş, xalqın mənəvi təbliğat tribunasına çevrilmişdir.Buradan aydın olur ki, adət və ənənələr xalqın həyat tərzi ilə bağlı olduqda əbədi yaşamaq şansı əldə edir. Onlar müxtəlif formasiyalarda qismən modernləşsə də, öz mahiyyətlərini qoruyub saxlaya bilmişlər. Məsələn, Novruz bayramı yarandığı gündən bəri beş ictimai formasiyanı yaşamış, insanların mədəni ünsiyyət vasitəsi olmuşdur. Bundan sonra da yaşayacaq və ünsiyyət vasitəsi kimi mənəvi saflaşmanın, yeniləşmənin, paklaşmanın rəmzi xüsusiyyətlərini qoruyub saxlayacaqdır. Bayramların mənəvi dəyərini yüksək qiymətləndirən fransız filosofu J.J.Russo demişdir: ... “Əgər xalqı zəhmətkeş və yaradıcı etmək istəyirsinizsə, ona bayram etmək imkanı verin”. Təbii ki, xalqa təntənəli bayram etmək imkanını güclü iqtisadiyyata malik olan cəmiyyət verir. Cəmiyyətin sosial-iqtisadi durumu pis olduqda onun ənənəvi xalq bayramları da sönük olur. Xalq bayramları kütləvi ünsiyyətin ən güclü emosional təsir formalarıdır. Xüsusilə, belə bayramların emosional təsiri altında kütlə psixologiyası fərdilikdən ümumiliyə doğru dəyişir, bayram ünsiyyətinin ideoloji mühitini yaşayaraq vahidləşir. Fransız psixoloqu Q.Lebon “Kütlənin psixologiyası” kitabında yazır ki, kütləni təşkil edən fərdlərin necə, nə cür adam olmasından, xarakter və ağlından asılı olmayaraq birləşib kütlə əmələ gətirdiyi zaman, onların hamısında eyni qəlb, eyni ağıl, eyni hissiyyat və eyni xarakter olur. Kütləni əmələ gətirən fərdlərdə tamamilə yeni ideyalar və hisslər yaranır. Q.Lebon kütləvi ünsiyyətin üç əsas təsir mərhələsinə diqqət yetirir. Onun fikrincə birinci mərhələdə, kütləyə qarışan fərd, ətrafındakı adamların çoxluğundan ruhlanıb yeni qüvvə və cəsarət alır. Bu mərhələdə fərdin tənhalıq zamanı daşıdığı məsuliyyət, cavabdehlik mahiyyət etibarı ilə dəyişir, kütlə düşüncəsi səviyyəsinə düşür. İkinci mərhələ, adamların bir-birinə sirayət etməsidir. Məsələn, kütləvi bayramın iştirakçısı olan hər bir adam özündən asılı olmayaraq kütlənin yaşadığı hisslərə, əhval-ruhiyyəyə, davranışa və s. psixoloji vəziyyətlərə yoluxur. Bu proses, 1988-1990-cı illərdə Azərbaycanda baş verən meydan hərəkatında da təsdiqlənmişdir. Fərdin sosial qrupundan asılı olmayaraq meydan psixologiyası onun davranışına və düşüncəsinə də sirayət etmişdir. . Üçüncü mərhələ, xasiyyətin dəyişməsi mərhələsidir. Kütləvi tədbirin (bayram, mərasim və s.) iştirakçısı bu mühitdə təsir altına tez düşür və onda yeni bir xasiyyət formalaşır. Beləliklə də, külləvi ünsiyyət zamanı təqliq edilən hər bir şey yeni mahiyyət və məzmun kəsb edir. Maraqlıdır ki, fərdin kütləvi tədbirdə fizioloii xüsusiyyətləri daha da aktivləşir, o özünəməxsus olan şüurdan müəyyən mərhələdə uzaq düşür və öz şüuru üzərindəki hökmranlığını itirib kütlə üçün proqramlaşdırılmış ideyalarla, əxlaqi amillərlə yoluxur. Bu baxımdan kütlənin sosial fəallığına təsir göstərən tarixi-ənənəvi ünsiyyət formalarını da şərti olaraq üç qrupa bölmək olar:
1. Kütləvi ünsiyyətin cəmiyyət üçün ən yararlı formaları ilk növbədə onun özünün yaratdığı sosial, tarixi, inqilabi və vətənpərvərlik ənənələridir. Buraya rəsmi dövlət bayramları, tarixi bayramlar, xatirə günləri, görkəmli şəxslərin ad günləri və s. daxildir. Belə formalı kütləvi ünsiyyət tədbirləri əsasən rəsmi şəkildə təşkil olunur. Təbii ki, onların təşkil olunmasında əsasən hakimiyyətin, mövcüd rejimin və ya ictimai birliyin maraqları üstünlük təşkil edir. Buna görə də, hakimiyyət kütləni özü ilə həmrəy etmək, onu daima öz təsiri altında saxlamaq məqsədi ilə adamları kütləvi ünsiyyətə cəlb etmək imkanlarını əldən vermir. Məlum məqsədə görə də, belə ünsiyyət tədbirlərində əsas təşkilatçı hakimiyyət olur. Ayrı-ayrı fərdi keyfıyyətlər kütlənin real şüur səviyyəsinə enir. Onlar kütləni idarə edən adamların düşünüb hazırladığı plana itaət edir, verilən əmrlərə tabe olurlar. Məlum olduğu kimi, məhz, qeyd olunan səbəbə görə kommunizm rejimi dövründə süni şəkildə olsa da bir çox adət və ənənələr yaradılmışdır. Lakin, hakimiyyət tərəfindən təşkil olunmuş bu bayram tədbirləri xalqın sosial maraqlarına uyğun gəlmirdi. Hər halda idarə, müəssisə rəhbərləri vasitəsilə geniş xalq kütləsi bu təbliğat məkanına cəlb edilir, onların davranışına təsir göstərirdi. Maraqlıdır ki, xalqın özü tərəfindən yaradılmış və onun milli-mənəvi xüsusiyyətlərini qoruyub saxlayan tarixi-ənənəvi ünsiyyət formaları irsi xarakter daşıdığından təşkil olunmadan da belə kütlələri daima özünə cəlb edə bilmişdir. Bu tipli kütləvi bayram və mərasimlərdə könüllülük prinsipi üstünlük təşkil etmiş, onların təşkilatçısı da, ifaçısı da xalq özü olmuşdur. Dini, milli-ənənəvi, fəsil bayramları və s. məhz bu qəbildən hesab edilir. 2. İstehsal ənənələrini, ayin və mərasimləri, əmək bayramlarını ünsiyyət vasitələri kimi ikinci qrupa daxil etmək olar. Bu tipli ünsiyyət formaları da tarixi-ənənəvi xüsusiyyətləri özlərində qoruyub saxlaya bilmişlər. Dini adət və ənənələrdən fərqli olaraq onlar ictimai-siyasi quruluşların ruhuna, həyat tərzinə uyğunlaşa bilmişlər. Bu ünsiyyət vasitələri zamanı, əməyin tərənnümünə daha çox üstünlük verilmiş, zəhmət adamlarının fəaliyyəti, əldə etdiyi nailiyyətlər yetişməkdə olan gənc nəsil üçün örnək olmuşdur. Qeyd olunan ünsiyyət formalarının təşkili və məsuliyyəti əsasən mədəniyyət müəssisələri və əmək kollektivlərinin üzərinə düşmüşdür. Belə tədbirlərdə incəsənət vasitələrindən istifadə etmək imkanı olan mədəniyyət müəssisələri, xüsusi fəallıq göstərmiş, tədbirlərdə ünsiyyətin emosionallığına təminat yaratmaq üçün peşəkarlıq mövqeyinə əsaslanmışlar. Ünsiyyət prosesinin emosional mühitinin yaradılması incəsənət vasitələri ilə daha effektli hesab edilir. İncəsənət iqtisadi, ictimai və digər problemləri məhz etiestetik məzmunda açmaqla, onların həlli üçün insanları yüksək əməli fəaliyyətə sövq edir.Deməli, şəxsiyyətin tələb diapazonu nə qədər genişdirsə onun fəaliyyət dairəsi də bir o qədər geniş olur. Bu baxımdan arzu və tələblər insani fəaliyyətin “ictimai proqramı” sayıla bilər. Bu gün kütləvi ünsiyyət vasitələri insanların bir sıra arzu və tələblərinin ödənilməsində və onların cəmiyyətdə əsl vətəndaş kimi formalaşmasında xüsusi əhəmiyyətə malikdir.
3. Ailə və məişət adətlərini, ənənələrini, mərasimlərini və sair həyati ünsiyyət vərdişlərini, üçüncü qrupa aid etmək olar. Bu tipli ünsiyyət vasitələrinin tarixi, ailənin və məişətin yaranmasının tarixi qədər qədimdir. Ailəməişət adət və mərasimləri əsasən, şəxsi səbəb motivləri üzərində qurulsa da, ümumilik onun aşkaredici atributudur. Fərdin həyatında baş verən əlamətdar tarixi hadisənin və ya anın kütləvi şəkildə qeyd olunması şəxsiyyətin varlığının mahiyyətini təsdiq edir. Bu təşəbbüsdə əsasən qohumlar, dostlar, tanışlar iştirak edirlər. Onların köməyi ilə toylar, nişanlar, ad günləri və s. kütləvi ünsiyyət vasitəsinə çerilir. Ailə-məişət bayramlarında ünsiyyət zamanı, millietik münasibətlər özünü daha qabarıq şəkildə büruzə verir və ənənəviliyin mühafizəkar təbiəti heç kəsin diqqətindən yayınmır. Burada məişət mühafizəkarlığına bu və ya digər formada təsir etmək olduqca çətindir. Çünki, məişət adət və ənənələrində dini cəhətlərlə milliliyin vəhdəti mövcuddur. Xüsusən də keçmiş kommunist rejimi dövründə ümumsovet mədəniyyəti yaratmaq üçün və xalqı dindən uzaqlaşdırmaqdan ötrü çox cəhdlər edilmişdir. Sovet tədqiqatçıları millətləri bir-birinə yaxınlaşdırmaq pərdəsi altında cəmiyyətin dini-milli olan tərəflərinə qarşı çıxır dılar. Həmin“tədqiqatçılar ordusundan” biri olan O.Abdullayev yazır ki, şəxsi ailə-məişət ənənələri millətlərin bir-birinə daha da yaxınlaşmasında, məişət münasibətləri sistemindəki zəhərli, mühafizəkar adət və mərasimlərin aradan qardırılmasında olduqca böyük əhəmiyyətə malik idi.
Dostları ilə paylaş: |