Məsələ 2288: Əmanətçi və malını əmanət verənin hər ikisinin ağıllı və baliğ olmaları gərəkdir. Başqa birisi tərəfindən də məcbur edilməməlidirlər. Buna görə əgər insan bir malı dəlinin və ya uşağın yanına əmanət qoyarsa, ya da dəli və ya uşaq bir malı kimsənin yanında əmanət qoyarsa, səhih deyildir. Lakin ağlıkəsən uşağın başqasının malını onun icazəsi ilə bir şəxsin yanında əmanət qoyması caizdir. Həmçinin əmanət qoyan şəxsin səfeh və ya müfəlləs olmaması da lazımdır. Amma əgər müfəlləs olmasına baxmayaraq, əmanət qoyduğu mal istifadəsi onun üçün qadağan olunmuş mallardan olmazsa, eybi yoxdur. Həmçinin əmanəti qorumaq əmanətçinin öz malından istifadə etməsini yaxud malın tələf olub aradan getməsini gərəkli etdiyi halda əmanətçinin də səfeh və ya müfəlləs olmaması gərəkdir. Məsələ 2289: Əgər bir uşaqdan mal sahibinin izni olmadan bir şeyi əmanət olaraq alarsa, o şeyi sahibinə verməlidir. Əgər əmanət aldığı o şey uşağın öz malıdırsa, onu uşağın vəlisinə çatdırmalıdır. Belə ki, o şey onlara təhvil verməzdən öncə tələf olarsa, əvəzini verməlidir. Amma əgər o malın zay olmasından qorxduğu üçün onu sahibinə çatdırmaq qəsdi ilə uşaqdan alıb və onu qorumaq və çatdırmağa da səhlənkarlıq etməzsə və icazə verilməyən təsərrüf etməzsə, zamin deyildir. Əmanət qoyan şəxs dəli olsa da, eyni hökmü daşıyır. Məsələ 2290: Əmanəti qorumağa qadir olmayan şəxs, əmanət qoymaq istəyən şəxsin onun vəziyyətindən xəbəri yoxdursa, əmanəti qəbul etməməlidir. Əgər qəbul etsə və tələf olsa, zamindir. Məsələ 2291: İnsan, mal sahibinə onun malını qorumağa hazır olmadığını başa salsa və malı əmanətə götürmədiyi halda mal sahibi malı qoyub gedərsə və o mal tələf olarsa, əmanəti qəbul etməyən şəxs zamin deyildir. Lakin, mümkün olduğu təqdirdə o malı qoruması, müstəhəbb ehtiyatdır. Məsələ 2292: Bir şeyi əmanət qoyan şəxs istədiyi vaxt əmanət qərarını poza bilər. Həmçinin əmanəti qəbul edən şəxs istədiyi vaxt əmanət qərarını poza bilər. Məsələ 2293: Əgər insan əmanəti qorumaq fikrindən dönüb əmanət əqdini pozarsa, mümkün qədər tez bir zamanda o malı sahibinə, ya sahibinin vəkilinə, ya da vəlisinə çatdırmalıdır, yaxud malı qorumağa hazır olmadığını onlara xəbər verməlidir. Əgər üzrsüz olaraq malı onlara çatdırmazsa, xəbər də verməzsə, o mal tələf olduğu təqdirdə əvəzini ödəməlidir. Məsələ 2294: Əmanəti qəbul edən şəxsin əmanəti qorumaq üçün münasib bir yer yoxdursa, münasib bir yer tapmalıdır və əmanəti camaatın onu qorumaqda «səhlənkar davrandı» deməyəcəyi bir şəkildə qorumalıdır. Əgər bu mövzuda qüsurlu davransa və əmanət tələf olsa, əvəzini ödəməsi lazımdır. Məsələ 2295: Əmanəti qəbul edən bir şəxs onun qorunmasında səhlənkarlıq və israfçılıq (yə`ni icazə verilməyən istifadə) etmədiyi halda təsadüfən əmanət tələf olarsa, zamin deyildir. Amma əgər onu qorumaqda səhlənkarlıq etsə, məsələn; onu bir zalımın xəbərdar olub götürə biləcəyi yerə qoyarsa və ifrata vararsa, (yə`ni o maldan sahibinin icazə vermədiyi şəkildə istifadə edərsə) məsələn; paltarı geyərsə və ya heyvana minərsə, tələf olduğu təqdirdə bunun əvəzini sahibinə verməlidir. Məsələ 2296: Əgər mal sahibi malının qorunması üçün müəyyən bir yer tə`yin edərsə və əmanəti qəbul edən şəxsə «bu malı burada saxlamalısan, tələf olacağına ehtimal versən belə, başqa bir yerə qoymamalısan» deyərsə, onu başqa bir yerə qoya bilməz. Əgər başqa bir yerə qoyarsa və zay olarsa, zamindir. Amma əgər malın orada tələf olacağına yəqin etsə, bu halda daha möhkəm yerə aparması caizdir. Məsələ 2297: Əgər mal sahibi malının qorunması üçün müəyyən bir yer tə`yin edərsə, amma sözündən o yeri tə`yin etməsinin o yerin onun nəzərində xüsusi əhəmiyyət daşıdığından deyil, sadəcə qoruma yerlərindən biri olduğu üçündürsə, əmanəti qəbul edən şəxs onu malından daha yaxşı olan və ya əvvəlkinin bənzəri olan başqa bir yerə qoya bilər. Bu halda mal orada zay olsa da, zamin deyildir. Məsələ 2298: Əgər mal sahibi həmişəlik olaraq dəli və ya bihuş olarsa, əmanət əqdi batil olur və əmanəti qəbul edən şəxs dərhal əmanəti onun vəlisinə verməli və ya onu xəbərdar etməlidir. Bundan qeyri hallarda mal tələf olduğu halda onun əvəzini ödəməsi gərəkdir. Amma əgər mal sahibinin dəlilik və ya bihuşluğu hərdənbir olursa, bu halda da vacib ehtiyata görə həmin işi etməlidir. Məsələ 2299: Əgər mal sahibi ölərsə, əmanət əqdi batil olur. Bu halda o mal başqasının bir haqqı deyilsə və meyyitin varislərinə keçirsə, əmanətçinin onun varislərinə verməsi, ya da xəbər çatdırması gərəkdir. Bundan qeyri halda əgər o mal tələf olarsa, zamindir. Amma əgər meyitin başqa varisinin olub-olmadığını, ya varisinin kim olmasını öyrənmək üçün malı saxlasa bu səbəbdən də mal tələf olarsa, zamin deyildir. Məsələ 2300: Əgər mal sahibi ölərsə və mal onun varislərinə keçərsə, əmanəti qəbul edən şəxs, o malı meyyitin bütün varislərinə, ya da bütün varislərin vəkilinə verməlidir. Əgər o biri varislərin icazəsi olmadan malın hamısını varislərin birinə verərsə, qalanların payına zamindir. Məsələ 2301: Əgər əmanəti qəbul edən şəxs ölərsə və ya həmişəlik olaraq dəli ya da bihuş olarsa, əmanət əqdi batil olur və onun varis və ya vəlisi mümkün qədər tez mal sahibinə vəziyyəti xəbər verməli, ya da əmanəti ona çatdırmalıdır. Amma əgər onun dəlilik və ya bihuşluğu hərdənbir olursa, bu halda da vacib ehtiyata görə həmin işi etməlidir. Məsələ 2302: Əgər əmanəti qəbul edən şəxs, özündə ölüm əlamətləri görməyə başlarsa, mümkün olduğu halda vacib ehtiyata görə əmanəti ya onun sahibinə, ya vəli, ya da vəkilinə yetirməli, ya da xəbər verməlidir. Əgər mümkün deyilsə, onun ölümündən sonra malı sahibinə çatdırılacağına əmin olduğu bir şəkildə əməl etməlidir. Məsələn; şahid tutub vəsiyyət etməli və vəsiyyət etdiyi şəxsə və şahidə mal sahibinin adını, malın cinsini, xüsusiyyətlərini və yerini söyləməlidir. Məsələ 2303: Əgər əmanətçi üçün bir səfər qarşıya çıxsa, əmanəti öz əhl-əyalının yanında saxlaya bilər. Amma əgər onun qorunması həmin şəxsin onun yanında olmasına bağlıdırsa, bu halda ya səfərdən qalmalı, ya da onu sahibinin vəlisinə, ya vəkilinə qaytarmalıdır, ya da vəziyyəti ona xəbər verməlidir.
ARİYƏNİN HÖKMLƏRİ Məsələ 2304: Ariyə odur ki, insan öz malını digərinin istifadə etməsi üçün versin və əvəzində heç nə almasın. Məsələ 2305: Ariyədə əqd oxumaq lazım deyil və əgər, məsələn; paltarını ariyə niyyəti ilə bir kəsə versə və o da həmin niyyətlə alsa, ariyə düzdür. Məsələ 2306: Qəsb edilmiş bir şeyi və ya mənfəəti başqasına aid olan malı (məsələn; kirayə verdiyi bir şeyi) başqasına ariyə vermək, ancaq qəsb edilən şeyin sahibinin və ya o şeyi kirayəyə götürənin ariyəyə verməyə icazə verdiyi təqdirdə səhih olur. Məsələ 2307: İnsan, mənfəəti özünə aid olan bir şeyi, məsələn; kirayələdiyi bir şeyi, ariyə verə bilər. Amma əgər icarə əqdində şərt edilsə ki, təkcə özü istifadə etsin, onda ariyə verə bilməz. Birinci halda vacib ehtiyata əsasən, onun sahibinin razılığı olmadan onu o şəxs ki, ariyə etmişdir, təhvil verə bilməz. Məsələ 2308: Əgər uşaq, dəli, müfəlləs və ya səfeh öz malını ariyə verirsə, düz deyildir, amma əgər vəlisi məsləhət bildiyi surətdə o kəsin malını ki, ona vilayəti var, ariyə versə, eybi yoxdur. Həmçinin uşağın, malı ariyə edənə çatdırmaqda vasitə olması, işkalsızdır. Məsələ 2309: Əgər ariyə etdiyi bir şeyi qorumaqda səhlənkarlıq etməsə və ondan icazə verilməyən istifadə etməsə təsadüfən o şey xarab olsa, zamin deyil. Amma əgər şərt etsələr ki, əgər ariyə edilmiş şey xarab olsa, zamin olsun, ya ariyə edilmiş şey qızıl və gümüş olsa, gərək onun əvəzi verilsin. Məsələ 2310: Əgər qızıl və gümüşü ariyə etsə və şərt etsə ki, əgər tələf olsa, zamin deyil, əgər tələf olarsa, zamin deyildir. Məsələ 2311: Əgər ariyə verən ölərsə, ariyə alan şəxs (əmanət bölümünün) 2300-cü məsələdə mal sahibinin ölməsi barəsindəki əmanət hökmünün tərtibi ilə əməl etməlidir. Məsələ 2312: Əgər ariyə verən, şər`ən öz malından istifadə edə bilməsə, məsələn; dəli və ya huşsuz olsa, ariyə edən şəxs (əmanət bölümünün) 2298-ci məsələdə açıqlanan hökmə görə əməl etməlidir. Məsələ 2313: Bir şeyi ariyə verən adam istədiyi vaxt onu poza bilər və ariyə edən adam da istədiyi vaxt ariyəni poza bilər. Məsələ 2314: Halal istifadəsi olmayan bir şeyi məsələn; əyləncə, qumar alətləri, yeməkdə və içməkdə istifadə olunan qızıl və gümüş qabların, hətta lazım ehtiyata əsasən, bütün istifadələrdə də, ariyəyə verilməyi batildir. Amma zinətdən ötrü ariyə verilməsi caizdir. Məsələ 2315: Süd və dərisindən istifadə etməkdən ötrü qoyunu ariyə vermək və dişi heyvanın mayalanmasından ötrü erkək heyvanı ariyə vermək düzdür. Məsələ 2316: Əgər ariyə etdiyi bir şeyi sahibinə, ya onun vəkil və ya vəlisinə versə və sonra o şey tələf olsa, ariyə edən zamin deyildir. Amma əgər malın sahibindən, ya onun vəkil və ya vəlisindən icazəsiz olaraq hətta sahibinin adətən apardığı bir yerə apararsa, məsələn, atı sahibi at üçün düzəltdiyi tövləyə apararsa və sonra tələf olarsa ya bir kəs onu tələf edərsə, zamindir. Məsələ 2317: Əgər nəcis bir şeyi ariyə versə, gərək 2014-cü məsələdə deyildiyi vəziyyətdəki kimi, onun nəcis olduğunu ariyə edən şəxsə deməlidir. Məsələ 2318: Ariyə etdiyi bir şeyi sahibindən icazəsiz başqasına icarə və ya ariyəyə verə bilməz. Məsələ 2319: Əgər ariyə etdiyi bir şeyi sahibinin icazəsi ilə başqasına ariyə versə, belə ki, bir şəxs birinci şeyi ariyə etdikdən sonra ölsə və ya dəli olsa, ikinci ariyə batil olmur. Məsələ 2320: Əgər ariyə etdiyi malın qəsbi olduğunu bilsə, onu sahibinə çatdırması lazımdır; ariyəyə verən şəxsə geri verə bilməz. Məsələ 2321: Əgər qəsbi olduğunu bildiyi bir malı ariyə edib, ondan istifadə etsə və onun əlində tələf olsa, malın sahibi malın əvəzini və ariyə edənin etdiyi istifadənin əvəzini ondan və ya malı qəsb edən adamdan tələb edə bilər və əgər ariyə edəndən alsa, o, sahibə verdiyi şeyi ariyə verəndən tələb edə bilməz. Məsələ 2322: Əgər ariyə etdiyi malın qəsbi olmasını bilməsə və onun əlində tələf olsa, belə ki, mal sahibi əvəzini ondan alsa, o da mal sahibinə verdiyini ariyə verən şəxsdən tələb edə bilər. Amma əgər ariyə etdiyi şey qızıl və gümüş olsa, ya ariyə verən onun ilə şərt etmiş olsa ki, əgər o şey aradan getsə, onun əvəzini versin, malın sahibinə verdiyinin əvəzini ariyə verəndən tələb edə bilməz. Amma əgər malik ondan, bu maldan istifadə etmək müqabilində bir şey alsa, ariyəyə verəndən ala bilər.
NİKAHIN HÖKMLƏRİ İzdivac əqdi ilə qadın və kişi bir-birinə halal olurlar. İzdivac iki qismdir: 1. Daimi. 2. Qeyri-daimi (müvəqqəti izdivac). Daimi əqd odur ki, izdivacın müddəti əqddə müəyyən olmasın və həmişəlik olsun. Belə əqd olunan qadına «daimə» deyərlər. Qeyri-daimi əqd odur ki, onda izdivacın müddəti müəyyən olunar, məsələn; qadını bir satt, ya bir gün, ya bir ay, ya bir il, ya da daha artıq müddətə əqd edərlər. Amma gərək izdivacın müddəti kişi ilə qadının, ya onlardan birinin ömründən çox olmasın. Bu surətdə əqd batil olacaq. Bu cür əqd olunan qadına mut`ə, ya siğə deyərlər.
ƏQDİN HÖKMLƏRİ Məsələ 2323: İzdivacda, istər daimi olsun, istər qeyri-daimi, gərək siğə oxunsun və təkcə kişi və qadının razı olması və yazmaq vacib ehtiyata əsasən kifayət deyil. Əqd siğəsini, ya kişi ilə qadının, özləri oxuyurlar, ya başqasını vəkil edərlər ki, onların tərəfindən oxusun. Məsələ 2324: Vəkilin kişi olması vacib deyil, qadın da əqd siğəsini oxumaq üçün başqasının tərəfindən vəkil ola bilər. Məsələ 2325: Kişi və qadın vəkilin siğəni oxumasında xatircəmlik hasil etməyincə bir-birinə məhrəmcəsinə baxa bilməzlər. Vəkilin siğəni oxumasını güman etmək kifayət deyil. Hətta əgər vəkil desə ki, siğəni oxumuşam, amma onun sözlərindən xatircəmlik hasil olmasa, vacib ehtiyat odur ki, onun sözünə e`tibar etməsinlər. Məsələ 2326: Əgər bir qadın bir kəsi vəkil etsə ki, məsələn; on günlük onu bir kişiyə əqd etsin və on günün əvvəlini müəyyən etməsə, o vəkil istədiyi vaxt, onu on günlük o kişiyə əqd edə bilər. Amma əgər mə`lum olsa ki, qadın müəyyən bir gün, ya saatı qəsd edib, gərək siğəni qəsdə uyğun oxusun. Məsələ 2327: Bir nəfər iki nəfərin tərəfindən həm daimi, həm də qeyri-daimi əqdin siğəsini oxumaq üçün vəkil ola bilər. Həmçinin, insan qadının tərəfindən vəkil olaraq onu özü üçün daimi və ya qeyri-daimi əqd edə bilər. Amma müstəhəbb ehtiyat odur ki, əqdi iki nəfər oxusun.
ƏQD OXUMAĞIN QAYDALARI Məsələ 2328: Əgər daimi əqdin siğəsini kişi və qadının özləri oxusalar, mehriyyənin miqdarını tə`yin etdikdən sonra, əvvəl qadın desin: «Zəvvəctukə nəfsi ələssidaqil-mə`lum» – yə`ni özümü sənə arvad etdim, müəyyən olunmuş mehr ilə. Ondan sonra kişi fasiləsiz «Qəbiltut-təzvicə» – yə`ni, izdivacı qəbul etdim, desə, əqd səhihdir. Əgər təkcə «qəbiltu» da desə, səhihdir. Əgər başqasını vəkil etsələr ki, onların tərəfindən əqd siğəsini oxusun, belə ki, məsələn; kişinin adı Əhməd və qadının adı Fatimə olsa, qadının vəkili desin: «Zəvvəctu muvəkkiləkə Əhmədə muvəkkiləti Fatimətə ələssidaqil-mə`lum», Sonra kişinin vəkili e`tina olunacaq fasilə olmadan: «Qəbiltut-təzvicə limuvəkkili Əhmədə ələssidaqil-mə`lum» desələr, əqd düz olar. Müstəhəbb ehtiyat odur ki, kişi deyən kəlmə, qadın deyən kəlmə ilə uyğun olsun. Məsələn; əgər qadın «zəvvəctu» deyirsə, kişi də, «qəbiltun-nikah» deyil, «qəbiltut-təzvicə» deməlidir. Məsələ 2329: Əgər kişi və qadın özləri qeyri-daimi əqdinin siğəsini oxumaq istəsələr, müddət və mehriyyəni tə`yin edəndən sonra, qadın desin: «Zəvvəctukə nəfsi fil-muddətil-mə`luməti ələl-məhril-mə`lum». Ondan sonra e`tina ediləcək fasilə olmadan kişi desin: «qəbiltu» – əqd düzdür. Əgər başqasını vəkil etsələr, əvvəl qadının vəkili, kişinin vəkilinə desin: «Zəvvəctu muvəkkiləti muvəkkiləkə fil-muddətil-mə`luməti ələl-məhril-mə`lum». Sonra fasiləsiz kişinin vəkili desə ki, «qəbiltut-təzvicə limuvəkkili hakəza» – əqd səhih olar.
ƏQDİN ŞƏRTLƏRİ Məsələ 2330: İzdivac əqdinin bir neçə şərti var: 1. Vacib ehtiyata görə ərəbcə oxunsun. Əgər kişi və qadın özləri siğəni ərəbcə oxuya bilməsələr, ərəb dilindən başqa dildə də oxuya bilərlər və vəkil tutmaqları lazım deyil. Amma gərək elə bir kəlmə desinlər ki, «zəvvəctu» və «qəbiltu» mə`nasını anlatsın.
2. Kişi və qadın, ya onların siğəsini oxuyan vəkilin inşa qəsdləri olsun, yə`ni kişi və qadın özləri siğəni oxuyurlarsa, qadın «zəvvəctukə nəfsi» deməklə qəsdi bu olsun ki, özünü ona arvad qərar verir və kişi «qəbiltut-təzvicə» deməklə, onu özü üçün arvad kimi qəbul etsin. Əgər kişi və qadının vəkili siğəni oxuyarlarsa, «zəvvəctu» və «qəbiltu» deməklə qəsdləri bu olsun ki, onları vəkil etmiş kişi və qadın, ər-arvad olsunlar. 3. Siğə oxuyan şəxs, istər özü üçün oxusun və ya başqası tərəfindən vəkil olsun, gərək baliğ də olsun. Hətta vacib ehtiyata görə, həddi-büluğa çatmayan, amma müməyyiz (ağlıkəsən) uşağı başqası üçün əqd oxuması kifayət deyil; əgər oxusa, ya təlaq verilməli, ya yenidən əqd oxunmalıdır. 4. Əgər ər və arvadın vəkili, ya onların vəlisi siğəni oxusalar, əqd zamanı ər və arvadı müəyyən etsinlər, məsələn; onların adlarını çəksinlər, ya onlara işarə etsinlər. Deməli, bir kəsin neçə qızı olsa, əgər kişiyə desə ki, «zəvvəctukə ihda bənati» – yə`ni, öz qızlarımdan birini sənə arvad etdim və kişi desə ki, «qəbiltu» – yə`ni qəbul etdim, əqd zamanı qızı müəyyən etmədiklərinə görə, əqd batildir. 5. Kişi və qadın izdivaca razı olsunlar, amma zahirən kərahət ilə izn versələr və mə`lum olsa ki, qəlbən razıdırlar, əqd səhihdir. Məsələ 2331: Əgər əqddə bir hərf yaxud daha çox səhv oxunsa, amma onun mə`nası dəyişməsə, əqd səhihdir. Məsələ 2332: Əqd siğəsini oxuyan şəxs, əgər icmal (qısaca) olsa belə, onun mə`nasını bilsə və onu gerçəkləşdirmək qəsdi etsə, əqd səhihdir və siğənin mə`nasını geniş şəkildə bilməsi lazım deyildir, məsələn; ərəb dilinin qrammatikasına görə, fe`l və ya failin hansı olduğunu bilməsi lazım deyil. Məsələ 2333: Əgər bir qadını, bir kişi üçün onların icazəsi olmadan əqd etsələr və sonradan kişi və qadın o əqdə icazə versələr, əqd düzdür. İcazə üçün də, razılıqlarına dəlalət edən bir söz demələri, yaxud bir iş etmələri kifayətdir. Məsələ 2334: Əgər kişi və qadını, ya ikisindən birini izdivaca məcbur etsələr və əqd oxuyandan sonra əvvəlki məsələdə deyildiyi kimi icazə versələr, əqd səhihdir. Yaxşısı budur ki, əqdi təzədən oxusunlar. Məsələ 2335: Ata və ata tərəfdən olan baba öz nabaliğ oğlan ya qız övladını, ya dəli halda baliğ olan, dəli övladlarını evləndirə bilərlər və uşaq baliğ olandan sonra, ya dəli əqilli olandan sonra, əgər onun üçün olunan izdivacın ona bir zərəri olduğunu görərsə, ya qəbul, ya da rədd edə bilər. Amma bir zərəri olmasa, belə ki, həddi-büluğa çatmamış oğlan və ya qız öz izdivacının əqdini pozsa, vacib ehtiyata görə təlaq verməli, ya təzədən əqd oxunmalıdır. Məsələ 2336: Həddi-büluğa çatmış və rəşidə, yə`ni öz məsləhətini ayırd edə bilən bir qız əgər ərə getmək istəsə, belə ki, bakirə olsa və özü öz məişət və yaşayışında ixtiyar sahibi olmasa, gərək ata tərəfdən olan babasından, ya atasından icazə alsın. Vacib ehtiyata əsasən, əgər özü öz işlərinin ixtiyar sahibi olsa belə, yenə də icazə almalıdır. Ana və qardaşın icazəsi lazım deyil. Məsələ 2337: Əgər qız bakirə olmasa, ya bakirə olsa, amma atası, ya ata-babası ona şər`ən və ürfən həmtay olan bir kişiylə evlənməsinə icazə verməsələr, ya da əsla qızı evləndirmək işlərində iştirak etməyə əsla hazır olmasalar və yaxud dəlilik və ya ona bənzər səbəblərdən icazə vermək səlahiyyətinə malik olmazlarsa, bu kimi yerlərdə onların icazəsi lazım deyil. Həmçinin əgər onlardan icazə almaq ğaib olmaq, ya başqa səbəblərə görə mümkün olmasa və qızın həmin vaxtda ərə getməyə çox ehtiyacı olsa, ata və babasının icazəsi lazım deyil. Məsələ 2338: Əgər ata və ya ata tərəfindən olan baba öz həddibüluğa çatmamış oğlu üçün qız alsa, gərək oğlan həddi-büluğa çatdıqdan sonra o qadının xərcini versin. Hətta həddi-büluğa çatmamışdan əvvəl bir surətdə ki, ləzzət almaq yaşına çatmışsa və qız da əri ondan ləzzət almaq imkanı olmayacaq qədər kiçik deyilsə, o qadını nəfəqəsi (yaşayış xərci) oğlanın öhdəsindədir. Bundan başqa hallarda nəfəqə vacib deyil. Məsələ 2339: Əgər ata və ya ata tərəfindən olan baba öz həddibüluğa çatmamış oğlu üçün qız alsa, belə ki, əqd vaxtı oğlanın malı olmasa, ata və ya ata tərəfindən olan baba gərək qadının mehrini versinlər. Həmçinin əgər malı olsa, amma ata və ya ata babası mehrə zamin olsalar, hökm eynidir. Bu iki haldan başqa əgər mehr, adi mehr miqdarından çox olmazsa və ya bir məsləhət o mehrin adi miqdardan çox olmasını tələb edirsə, ata və ya ata babası mehri, oğlanın malından ödəyə bilərlər. Əks təqdirdə oğlanın malından adi mehr miqdarından çox verə bilməzlər. Amma o həddi-büluğa çatandan sonra onların işini qəbul etsə, verə bilərlər.
ƏR VƏ ARVADIN ƏQDİ POZA BİLƏCƏYİ YERLƏR Məsələ 2340: Əgər kişi əqddən sonra başa düşsə ki, aşağıda deyiləcək altı eybdən biri əqd halında qadında vardır, o eybin vasitəsi ilə əqdi poza bilər. 1. Dəlilik, ara-bir olsa belə. 2.Cüzam xəstəliyi. 3. Bərəs xəstəliyi. 4. Korluq. 5. İflic olmaq, yerdə qalacaq şəkildə olmasa belə. 6. Onun bətnində ət, ya sümüyün olması ki, istər yaxınlıq etməyə və ya hamiləliyə mane olsun, istər olmasın. Əgər əqddən sonra kişi, qadının əqd vaxtı ifza, yə`ni bövl və heyz, ya heyz və ğait, ya da hər üçünün yolunun bir olduğunu başa düşərsə, əqdi poza bilməsi işkallıdır. Bu halda əqdi pozsalar, lazım ehtiyata əsasən gərək təlaq da versin. Məsələ 2341: Əgər qadın əqddən sonra başa düşsə ki, onun ərinin kişilik aləti yoxdur, ya əqddən sonra yaxınlıqdan qabaq və ya ondan sonra onun aləti kəsilərsə, ya bir xəstəliyi var ki, yaxınlıq edə bilmir, hərçənd o xəstəlik əqddən sonra və yaxınlıqdan qabaq və ya ondan sonra ariz olsa (irəli gələrsə), bütün bu surətlərdən sonra qadın təlaqsız əqdi poza bilər. Əgər qadın əqddən sonra başa düşsə ki, əri əqddən əvvəl dəli imiş və ya əqddən sonra, istər yaxınlıqdan sonra və ya ondan qabaq dəli olarsa və ya başa düşsə ki, əqd vaxtı onun kişilik yumurtalığı çıxarılmış və ya əzilibmiş, ya da bu vaxtda onun korluq, cüzam və ya bərəs xəstəliyi var imiş, bütün bu hallarda vacib ehtiyat budur ki, qadın əqdi pozmasın. Əgər belə etsə, vacib ehtiyat odur ki, əgər ər-arvadlığı davam etdirmək istəsələr, yenidən əqd etsinlər. Əgər ayrılıb təlaq vermək istəsələr, o halda ki, kişi yaxınlıq edə bilməsə və qadın əqdi pozmaq istəsə, lazımdır ki, əvəl qadın şəriət hakiminə, ya onun vəkilinə müraciət etsin. Hakim ərə bir il möhlət verər, belə ki, ər o qadın ilə ya başqa qadın ilə yaxınlıq edə bilməsə, ondan sonra əqdi poza bilər. Məsələ 2342: Əgər kişinin yaxınlıq edə bilmədiyinə görə qadın əqdi pozarsa, ər gərək mehrin yarısını versin, amma yuxarıda deyilmiş başqa eyblərdən birinə görə, kişi ya qadın əqdi pozsa, belə ki, kişi qadınla yaxınlıq etməyibsə, onun üçün bir şey vacib deyil, əgər yaxınlıq edibsə, gərək mehrin hamısını versin. Məsələ 2343: Əgər onunla evlənməyə rəğbətlənməsi üçün, kişi ilə qadın qarşı tərəfə olduğundan daha yaxşı tanıdılarsa, istər əqd vaxtı olsun, istər ondan sonra, bir surətdə ki, əqd onun əsasında baş verərsə, belə ki, əqddən sonra bu iş digər tərəfə mə`lum olarsa, o əqdi poza bilər, bu məsələnin hökmləri «Minhacus-salihin» kimi başqa kitablarda geniş açıqlanmışdır.
İZDİVACI HARAM OLAN QADINLAR Məsələ 2344: İnsanın ona məhrəm olan ana, bacı, öz qızı, bibi, xala, qardaş qızı, bacı qızı, qaynana kimi qadınlarla izdivac etməsi haramdır. Məsələ 2345: Əgər bir kəs bir qadını özü üçün əqd etsə, onunla yaxınlıq etməsə də, onun anası, anasının anası, atasının anası və nə qədər yuxarı getsə, o kişiylə məhrəm olurlar. Məsələ 2346: Əgər bir qadını əqd edib onunla yaxınlıq edərsə, qadının qızı, qızla oğlan nəvəsi və nə qədər aşağıya kimi getsə, istər əqd vaxtında olsun, istər sonradan dünyaya gəlsin, o kişiylə məhrəm olurlar. Məsələ 2347: Əgər bir qadını özü üçün əqd edib, onunla yaxınlıq etməsə, nə qədər ki, o qadın onun əqdindədir, vacib ehtiyata əsasən, onun qızı ilə izdivac edə bilməz. Məsələ 2348: İnsanın xala və bibisi, atasının xala və bibisi, atasının atasının xalası və bibisi, ya atasının anası, anasının xala və bibisi, anasının anasının xala və bibisi, ya anasının atası və nə qədər yuxarı getsə, insana məhrəmdirlər. Məsələ 2349: Ərin atası və babası və nə qədər yuxarı getsə; və onun oğlu və qız və oğlan nəvəsi və nə qədərki aşağı gedir, istər əqd vaxtı olsalar, istər sonradan dünyaya gəlsinlər, onun arvadına məhrəmdirlər. Məsələ 2350: Əgər bir qadını özü üçün əqd etsə, istər daimi olsun, istər siğə, nə qədər ki, o qadın onun əqdindədir, o qadının bacısı ilə izdivac edə bilməz. Məsələ 2351: Əgər öz arvadına, təlaq kitabında deyiləcək tərtib ilə ric`i təlaqı versə, iddə arasında onun bacısını əqd edə bilməz. Amma ba`in təlaq iddəsində təlaq verən, onun bacısı ilə izdivac edə bilər. Müt`ə iddəsində vacib ehtiyat odur ki, izdivac etməsin. Məsələ 2352: İnsan öz arvadının icazəsi olmadan onun bacısı qızı və qardaşı qızı ilə izdivac edə bilməz. Amma əgər arvadının icazəsi olmadan onları əqd etsə və sonradan arvadı icazə versə, eybi yoxdur. Məsələ 2353: Əgər qadın başa düşsə ki, əri onun bacısı qızı və ya qardaşı qızını əqd edib və bir söz deməsə, belə ki, sonradan razılıq versə, əqd səhihdir. Əks təqdirdə isə onların əqdi batildir. Məsələ 2354: Əgər insan öz bibisi və xalası qızını almamışdan qabaq onun anası ilə zina etsə, vacib ehtiyata əsasən, daha o, qızla izdivac edə bilməz. Məsələ 2355: Əgər öz bibisi qızı və xalası qızı ilə izdivac etsə, onlar ilə yaxınlıq edəndən əvvəl və ya sonra onların anaları ilə zina etsə, onların ayrılmasına səbəb olmaz. Məsələ 2356: Əgər öz xalası və bibisi olmayan başqa qadın ilə zina etsə, ehtiyat müstəhəbb odur ki, onun qızı ilə izdivac etməsin.