Məsələ 1737: Əgər qazanc əldə etdikdən sonra, ilin ortasında ölərsə, ölüm zamanına qədərki xərcini qazancından götürüb, yerdə qalanının xumsunu verməlidirlər.
Məsələ 1738: Əgər ticarət üçün aldığı bir malın qiyməti qalxarsa və onu satmazsa və ilin ortasında qiyməti düşərsə, yüksələn miqdarın xumsu ona vacib deyildir.
Məsələ 1739: Əgər ticarət üçün aldığı malın qiyməti qalxdığı halda daha da qalxma ümidi ilə il bitdikdən sonraya qədər onu satmazsa və onun qiyməti düşərsə, qalxan miqdarın xumsu ehtiyata əsasən ona vacib olar.
Məsələ 1740: Əgər ticarət malından başqa bir malı satın alarsa və ya bu kimi bir yolla əldə edərsə və xumsunu verərsə, sonra da onun qiyməti yüksələrsə, onu satdığı təqdirdə, qiymətinə əlavə və illik xərcindən artıq qalmış olan miqdarın xumsunu verməlidir. Həmçinin, əgər məsələn; ağac meyvə verərsə və ya ətindən istifadə etmək üçün saxlanılan qoyun kökələrsə, gərək artan miqdarın xumsunu versin.
Məsələ 1741: Əgər xumsunu verdiyi, yaxud xums düşməyən bir pul ilə qiyməti yüksəldikdən sonra satmaq niyyəti ilə bir bağ salarsa, meyvələrin, ağacların və əkilən, yaxud öz-özünə əmələ gələn cavan ağacların, (tinglərin), kəsilib istifadə olunmağa yararlı olan quru budaqların, eləcə də bağın qiymətinin artan hissəsinin xumsunu verməlidir. Amma əgər məqsədi o ağacların meyvələrini sataraq faydalanmaq olsa, qiymətin artan miqdarına xums vacib deyil, amma yerdə qalanların xumsunu verməlidir.
Məsələ 1742: Əgər bir şəxs söyüd, çinar və bu kimi başqa ağaclar əkərsə, hər il onun artan hissəsinin xumsunu verməlidir. Həmçinin, əgər adətən hər il budanan budaqların da illik xərclərindən çox olarsa, gərək onun xumsunu versin.
Məsələ 1743: Bir neçə ticarət sahəsi olan, məsələn; öz sərmayəsi ilə bir qədər qənd, bir qədər də düyü alan şəxs, əgər o ticarət işlərinin hamısı mədaxil-məxaric, hesabdarlıq, qazanc və ziyan kimi ticarət işlərində bir olsa, ilin sonunda onun xərclərindən artıq qalan qismin xumsunu verməlidir. Bu təqdirdə, əgər bir bölümdən mənfəət, digər bölümdən isə zərər edərsə, bir bölümün zərərini o biri bölümün mənfəəti ilə bərpa edə bilər. Amma əgər iki müxtəlif işdə çalışırsa, məsələn; ticarət və əkinçilik edirsə, yaxud bir sahədə də olsa, mədaxil-məxaric hesabları bir-birindən ayrıdırsa, bu iki təqdirdə, vacib ehtiyata əsasən, bir bölümün zərərini o biri bölümün mənfəəti ilə bərpa edə bilməz.
Məsələ 1744: İnsan qazanc əldə etmək üçün xərclədiyi kommersiya və daşıma xərci kimi məsrəfləri, həmçinin onun iş vasitələrinə dəyən xəsarəti qazancdan çıxa bilər və o miqdarın xumsunu vermək lazım deyildir.
Məsələ 1745: İnsanın qazanclarından il əsnasında yemək, geyim, ev və ev əşyaları, oğlunu evləndirmə, qızın cehizi, ziyarət və bu kimi işlər üçün etdiyi xərclərin, öz mövqeyindən (şə`nindən) yüksək olmadığı təqdirdə xumsu yoxdur.
Məsələ 1746: İnsanın nəzir və kəffarə üçün xərclədiyi məsrəflər, onun illik məxaricindən hesab olunur. Həmçinin, başqasına hədiyyə etdiyi və ya mükafat olaraq verdiyi bir mal onun ictimai mövqeyindən yuxarı olmadığı təqdirdə onun illik məxaricindən hesab olunur.
Məsələ 1747: El arasında olan adətə görə qızın cehizliyini bir neçə ilə, tədricən hazırlayarsa və bu halda qızı üçün cehizlik tədarükü görməməsi onun ictimai mövqeyi (şə`ni) ilə zidd olarsa, hətta vaxtında hazırlaya bilmədiyinə görə olsa belə, əgər il boyu həmin ilin qazancından, öz şə`nindən artıq olmamaq şərti ilə bir miqdar cehizlik alsa və camaat arasında o miqdarın bir ildə tədarük görülməsi onun adətən illik xərclərindən sayılsa onun xumsunu vermək lazım deyildir. Amma əgər şə`nindən yuxarı olsa və ya bu ilin qazancından sonrakı ildə cehiz alarsa, gərək onun xumsunu versin.
Məsələ 1748: İnsanın həcc səfəri və digər ziyarətlər üçün xərclədiyi mal, o il xərclədiyi, illik xərcindən hesab edilir, amma əgər onun səfəri, sonrakı ildən bir müddətə qədər davam edərsə, sonrakı ildə xərclədiyi miqdarın xumsunu verməlidir.
Məsələ 1749: Ticarət, iş və ya bu kimi yolla mənfəət əldə edən bir şəxsin, xumsu vacib olmayan başqa bir malı da olsa, illik xərclərini, yalnız əldə etdiyi mənfəətlərdən hesab edə bilər.
Məsələ 1750: İllik məsrəfi üçün qazancından aldığı yeyinti maddələri ilin sonunda artıq qalsa, gərək onun xumsunu versin və əgər onların qiymətini vermək istərsə, əgər satın aldığı zamana nisbətlə qiymətləri artıq qalarsa, gərək il sonundakı qiymətini hesablasın.
Məsələ 1751: Əgər qazancından, xumsu verməzdən əvvəl evi üçün əşya alarsa, mənfəət ili keçdikdən sonra ehtiyacı qalmazsa, onun xumsunu vermək lazım deyildir. Həmçinin əgər ilin ortasında ehtiyacı aradan qalxsa, amma o şey qışlıq və yaylıq paltarı kimi adətən sonarkı illər üçün saxlanan bir şey olsa, bu təqdirdə xumsu yoxdur. Bu kimi şeylərdən başqasında il boyu ona ehtiyacı aradan qalxsa, vacib ehtiyat odur ki, xumsunu versin. Qadınların zinət əşyaları da, qadının onlardan zinət kimi istifadə etməsi zamanı keçdiyi təqdirdə, xumsu yoxdur.
Məsələ 1752: Əgər şəxs bir il qazanc mənfəəti götürməzsə, o ilin məsrəfini gələn ilin qazancından çıxa bilməz.
Məsələ 1753: Əgər ilin əvvəlində mənfəət götürməyib sərmayədən xərcləyərsə və il tamam olmazdan əvvəl qazanc əldə edərsə, sərmayədən xərcləmiş olduğu miqdarı qazancdan çıxa bilər.
Məsələ 1754: Əgər sərmayənin bir miqdarı ticarət və bu kimi şeylərdə aradan gedərsə, sərmayədən azalan miqdarı həmin ilin mənfəətindən çıxa bilər.
Məsələ 1755: Əgər sərmayədən qeyri mallarından başqa bir şey əlindən çıxsa, həmin il boyunca o şeyə ehtiyacı olarsa, qazancdan il ortasında onu tə`min edə bilər və xumsu da yoxdur.
Məsələ 1756: Əgər il boyunca qazanc əldə edə bilməsə və məsrəfləri üçün borc edərsə, borcunu gələcək illərin mənfəətindən çıxaraq onun xumsunu verməyə bilməz. Amma il boyu xərcləri üçün borc etsə və il tamam olmazdan əvvəl qazanc əldə edərsə, borcunu o qazancdan çıxa bilər. Həmçinin, birinci təqdirdə də, borcunu il boyu əldə etdiyi mənfəətlərdən ödəyə bilər və o miqdarın xumsu yoxdur.
Məsələ 1757: Malını çoxaltmaq və ya ehtiyacı olmayan bir mülkü almaq üçün borc edərsə, əgər il ərzində əldə etdiyi qazancdan xumsunu verməzdən o borcu ödəsə, gərək xums ili gəlib çatandan sonra o malın xumsunu versin. Amma əgər borc aldığı mal və ya borcla satın aldığı bir şey il boyunda əlindən gedərsə, (bu təqdirdə, borcunu o ilin mənfəətindən ödəyə bilər).
Məsələ 1758: İnsan, xumsu vacib olan şeylərin xumsunu o şeylərdən, eləcə də vacib olan xumsun qiyməti miqdarında xumsu verilmiş pul da verə bilər. Amma əgər üzərinə xums vacib olmayan bir mal vermək istəsə, bu şəriət hakiminin icazəsilə olmadığı təqdirdə məhəlli-işkaldır.
Məsələ 1759: Malının üzərinə xums gəlib və üzərindən bir il keçdiyi halda, xumsunu verməyincəyə qədər o maldan istifadə edə bilməz.
Məsələ 1760: Xums borcu olan şəxs, onu öz zimməsinə götürə bilməz, yə`ni özünü xums əhlinə borclu qəbul edib, malın hamısından istifadə edə bilməz. Əgər istifadə edərsə və mal tələf olarsa, gərək onun xumsunu versin.
Məsələ 1761: Xums borcu olan şəxs, şəriət hakimi ilə əldə dolandırsa və xumsu öz zimməsinə alarsa, malın hamısından istifadə edə bilər, əldə dolandırdıqdan sonra o maldan əldə edilən qazanclar da onun özünündür. Borcunu da tədrici olaraq, səhlənkarlıq sayılmayacaq şəkildə qaytarmalıdır.
Məsələ 1762: Bir kəslə şərik olan bir şəxs, əgər öz qazancının xumsunu versə və onun şəriki öz xumsunu verməsə və gələn il üçün xumsunu vermədiyi maldan şirkətə sərmayə qoyarsa, birinci şəxs 12 imam şiəsi olan müsəlmandırsa, şərikli maldan istifadə edə bilər.
Məsələ 1763: Həddi-büluğa çatmamış (səğir) uşaq üçün bir qazanc əldə edilsə, hərçənd hədiyyə olsa belə, əgər il boyunda onun məişət xərclərinə sərf olunsa onun üzərinə xums gəlir və o uşağın vəlisinə (qəyyumuna) onun xumsunu verməsi vacibdir. Əgər verməsə, uşağın özünə həddi-büluğa çatdıqdan sonra, onun xumsunu verməsi vacibdir.
Məsələ 1764: Başqa şəxsdən, xumsunu verib-vermədiyində şəkk etdiyi bir mal əldə edən şəxs, o maldan istifadə edə bilər. Hətta əgər onun xumsunu vermədiyinə yəqini olsa da, o, xums verən adam deyilsə, alan şəxs də 12 imam şiəsi olan müsəlmandırsa, o maldan istifadə edə bilər.
Məsələ 1765: Əgər bir şəxs il arasında qazancından illik vəsait və xərclərindən sayılmayan bir şey alarsa, il tamam olandan sonra onun xumsunu verməsi vacibdir. Əgər o şeyin xumsunu verməsə və qiyməti yüksələrsə, onun hal-hazırdakı qiymətinə görə xumsu ödənilməlidir.
Məsələ 1766: Əgər bir şəxs bir şey alıb onun pulunu, üstündən bir il keçdiyi və xumsunu vermədiyi puldan versə, və onun qiyməti qalxsa, əgər onun məqsədi qiyməti qalxandan sonra satmaq deyilsə, məsələn; əkin əkmək üçün almış olsa və onu almaq üçün verdiyi pulun xumsunu verməlidir. Amma əgər məsələn; xumsu verilməmiş pulu satıcıya verərək və ona «bu mülkü bu pulla alıram» – deyərsə, gərək o mülkün hal-hazırdakı dəyərinin xumsunu versin.
Məsələ 1767: Təklifinin əvvəlindən, yaxud müəyyən müddət, məsələn bir neçə il xums verməyən şəxs, əgər il arasında qazancından ehtiyacı olmayan bir şeyi satın almış olsa və o ticarətdən bir il vaxt keçsə, əgər ticarətçi deyilsə, qazanc əldə etdiyi vaxtdan bir il keçsə, gərək onun xumsunu versin. Amma əgər ictimai mövqeyinə uyğun olaraq ev əşyaları və ehtiyacı olan şeyləri alıbsa, bu şəraitdə əgər onları qazandığı ilin ərzində və o ilin qazancından aldığını, elə o ildə də ondan istifadə etdiyini bilirsə, onların xumsunu vermək lazım deyildir. Əgər bunu bilmirsə, vacib ehtiyata əsasən ehtimal verdiyi nisbətdə şəriət hakimi ilə razılaşmalıdır. Yə`ni əgər, misal üçün onun xumsunun vacib olmasına 50 faiz ehtimal versə, onun 50 faizinin xumsunu versin.
2. MƏ`DƏN
Məsələ 1768: Qızıl, gümüş, qurğuşun, mis, dəmir, neft, daş kömür, firuzə, əqiq, kükürd, duz və digər mə`dən əşyaları ənfaldan sayılır, yə`ni Mə`sum İmamındır (ə). Amma əgər bir şəxs, onlardan bir şey istixrac edərsə, şər`i bir maneə olmadığı təqdirdə, onu öz mülkiyyətinə daxil edə bilər. Əgər nisab miqdarında olarsa, gərək onun xümsünü versin.
Məsələ 1769: Mə`dəndən çıxarılan şeylərin nisabı, on beş misqal normal sikkəli qızıldır. Yə`ni mə`dəndən çıxarılan şeyin qiyməti, onun təmizlənməsi kimi işlərinə çəkilən xərclər çıxıldıqdan sonra, on beş misqal sikkəli qızıla çatarsa, gərək yerdə qalanın xümsünü versin.
Məsələ 1770: Mə`dəndən əldə etdiyi şeyin dəyəri 15 misqal sikkəli qızıla çatmazsa, yalnız onun özü və digər qazanclarıyla birlikdə illik xərclərindən artıq qalarsa, onun xumsunu vermək lazımdır.
Məsələ 1771: Əhəng və gəc, lazım ehtiyata əsasən, mə`dən hökmündədir. Əgər nisab həddinə yetişərsə, illik xərclərini çıxmadan gərək onun xümsünü versin.
Məsələ 1772: Mə`dəndən bir şey əldə edən şəxs, istər mə`dən torpağın altında olsun, istər üstündə, istər öz mülkü olan bir yerdə olsun, istər sahibi olmayan bir yerdə, gərək onun xümsünü versin.
Məsələ 1773: Mə`dəndən əldə etdiyi şeyin qiymətinin on beş misqal sikkəli qızıla yetişib-yetişmədiyini bilməzsə, lazım ehtiyata əsasən, çəkməklə və ya başqa bir yolla onun qiymətini mə`lum etməlidir. Əgər bu da mümkün olmasa, ona xüms vacib deyil.
Məsələ 1774: Əgər bir neçə nəfərin mə`dəndən çıxardıqları şeyin qiyməti 15 misqal sikkəli qızıla yetişərsə, amma onlardan hər birinin payı bu qədər olmazsa, xümsü yoxdur.
Məsələ 1775: Əgər bir şəxs, başqasının mülkündə olan mə`dəni onun icazəsi olmadan yeri qazaraq çıxararsa, məşhur nəzərə əsasən, hər nə əldə edilmişsə, yer sahibinindir. Amma bu hökm işkalsız deyildir. Ehtiyat bir-birləri ilə razılaşmalıdır. Əgər sazişə (müsalihəyə) razı olmasalar, onların mübahisəsini həll etmək üçün şəriət hakiminə müraciət etməlidirlər.
3. XƏZİNƏ
Məsələ 1776: Xəzinə adət üzrə olmayan yerdə – torpaqda, ağacda, dağda və ya divarda saxlanan mənqul (nəql olunan, daşına bilən) və bir kəsin asanlıqla tapa bilmədiyi maldır.
Məsələ 1777: İnsan, bir şəxsin mülkü olmayan, yaxud məvat olan və özünün becərməsi ilə sahib olduğu bir yerdə xəzinə taparsa, onu özünə götürə bilər. Amma onun xümsünü verməlidir.
Məsələ 1778: Xəzinənin nisabı, yüz beş misqal sikkəli gümüş və ya on beş misqal sikkəli qızıldır. Yə`ni xəzinədən əldə etdiyi şeyin qiyməti, bu ikisindən birisinin qiymətinə bərabər olarsa, onun xümsünü vermək vacibdir.
Məsələ 1779: Başqasından satın aldığı, yaxud icarə və s. yolla təsərrüf etdiyi mülkdə şər`ən hər hansı bir müsəlman və ya zimmi kafirə aid olmayan bir mülkdə, yaxud əgər aid olsa da, çox qədim zamanlarda aid olsa, belə ki, çox qədim olması onun üçün bir varisin olmadığına səbəb olsa, orada xəzinə tapsa xəzinəni özünə götürə bilər. Amma gərək onun xümsünü versin. Lakin, əvvəlki sahibinə aid olduğuna ağıl kəsən bir ehtimal verirsə, əgər mülkə, yaxud xəzinəyə və ya onun olduğu yerə (torpaq sahəsinə) sahiblik hüququ çatırsa, ona xəbər verməlidir. Əgər onun öz malı olduğunu iddia etsə, ona təhvil verməlidir. Əgər onun malı olmasını iddia etməzsə, ondan əvvəlki yerin sahibi olub, ona sahiblik hüququ çatan şəxsə xəbər verməlidir. Bu qayda ilə ondan əvvəl o yerin sahibi olub, o yerdə əli olan şəxslərin hamısına xəbər verməlidir. Əgər onların heç birisi onun malı olmasını iddia etməzsə, onun bir müsəlmana və ya zimmiyə aid olmasını da bilməsə, onu özünə götürə bilər. Amma gərək onun xümsünü versin.
Məsələ 1780: Əgər eyni zamanda bir neçə yerdə basdırılmış bir neçə qab xəzinə tapılarsa və üst-üstə qiymətləri yüz beş misqal gümüş və ya on beş misqal qızıla çatarsa, gərək onun xümsünü versin. Amma əgər bir neçə vaxtda xəzinə taparsa, onların arasında çox zaman fasiləsi olmazsa, üst-üstə hesablanmalıdır. Əgər zaman fasiləsi çox olsa, hər biri ayrılıqda hesablanmalıdır (və qiyməti bu miqdara çatan hər birinin xümsünü vermək vacibdir. Qiyməti bu miqdara çatmayan xəzinənin isə xümsü yoxdur).
Məsələ 1781: Əgər iki şəxs bir xəzinə tapsalar və onun qiyməti yüz beş misqal gümüş və ya 15 misqal qızıla yetişsə, amma hər birisinin payı bu qiymətə yetişməsə, onun xümsünü vermək lazım deyildir.
Məsələ 1782: Satın almış olduğu bir heyvanın qarnından mal tapan şəxs, əgər o malın, satıcının və ya heyvanın əvvəlki sahibinin malı olduğuna ehtimal verib və onların da heyvana və qarnından tapılan malda əli (mülkiyyət hüququ) olarsa, onlara xəbər verməlidir. Əgər onun üçün bir sahib tapmasa, o, xəzinənin nisab miqdarına yetişsə, onun xümsünü verməlidir. Üstəlik ehtiyat vacibə əsasən, əgər ondan az da olsa, xumsunu versin, yerdə qalanı onun malı olur. Bu hökm xas bir yerdə yetişdirilən bir şəxsin onların yeməyini öhdəsinə aldığı balıq və bu kimi heyvanlara da aiddir. Amma əgər dəniz və ya çaydan tutulmuş olsa, heç bir şəxsə xəbər vermək lazım deyildir.
4. HARAMA QARIŞMIŞ HALAL MAL
Məsələ 1783: Əgər halal mal, haram mal ilə bir-birinə ayırd edilməyəcək şəkildə qarışarsa, haram malın sahibi və miqdarı da mə`lum olmasa, eləcə də haram malın miqdarının xumsdan az və ya çox olduğu da bilinməzsə, malın xumsunu verdikdən sonra, qalan hissəsi halal olur. Ehtiyat vacibə görə, (onun xumsunu) xumsa və məzalim verilməsinə müstəhəqq olan şəxsə verməlidirlər.
Məsələ 1784: Əgər halal mal haramla qarışsa və insan haramın miqdarını – xumsundan az ya çoxunun miqdarını bilsə, amma sahibini tanımasa gərək o miqdarı sahibinin niyyətinə sədəqə versin və vacib ehtiyat odur ki, şəriət hakimindən də icazə alsın.
Məsələ 1785: Əgər halal mal haramla qarışsa və insan haram miqdarını bilməsə, amma sahibini tanısa, bir-birlərini razı sala bilməsələr, gərək o şəxsin malı olduğunu yəqin etdiyi miqdarı ona versin. Hətta əgər o iki malın – halal və haramın qarışmasında özü günahkardırsa, ehtiyata əsasən onun malı olduğunu ehtimal etdiyi artıq miqdarı da ona verməlidir.
Məsələ 1786: Harama qarışmış halal malın xümsünü verdikdən sonra, haramın miqdarının xümsdən çox olduğunu başa düşərsə, gərək çox olduğunu bildiyi miqdarı da sahibinin adından sədəqə versin.
Məsələ 1787: Əgər harama qarışmış halal malın xümsünü versə və ya sahibini tanımadığı təqdirdə malı onun niyyətilə sədəqə verərsə və sahibi tapıldıqdan sonra buna razı olmasa, lazım ehtiyata əsasən gərək onun malının miqdarını özünə versin.
Məsələ 1788: Əgər halal mal haramla qarışsa və haramın miqdarı mə`lum olsa, insan onun sahibinin bir neçə nəfərdən başqası olmadığını bilərsə, lakin kimin olduğunu bilməsə, gərək onlara xəbər versin. Belə ki, onlardan biri «mənim malımdır» deyərsə və o biriləri isə onların malı olmadığını desələr və ya birincinin sözünü təsdiq etsələr, onu «mənim malımdır» deyən şəxsə verməlidirlər. Amma iki və daha çox adam «mənim malımdır» deyərlərsə, onların mübahisəsi razılaşma və bu kimi yolla həll olunmazsa, mübahisələrinin həll edilməsi üçün, şəriət hakiminə müraciət etsinlər. Əgər onların hamısı məsələdən xəbərsiz olduğunu bildirib razılaşmaya hazır olmasalar, zahirə əsasən o malın sahibi püşk ilə tə`yin edilər. Ehtiyat odur ki, şəriət hakimi və ya onun nümayəndəsi püşk işini icra etsin.
5. DƏNİZƏ BAŞ VURMAQLA ƏLDƏ OLUNAN CƏVAHİRAT
Məsələ 1789: Əgər üzgüçülük, yə`ni dənizə girmək vasitəsilə mirvari, mərcan və bu kimi cəvahirat əldə edilərsə, istər göyərən, istərsə də mə`dəni olsun, onun qiyməti 18 noxud qızıla yetişərsə, onun xümsü verilməlidir. Bu xüsusda, onun bir dəfəyə və ya neçə dəfəyə çıxarılması arasında bir fərq yoxdur. Amma birinci dəfə ilə ikinci dəfə arasında zaman fasiləsi çox olmamalıdır. Əgər iki dəfə arasında çox fasilə olarsa, məsələn, iki fəsildə suyun altına girərsə, hansının qiyməti 18 noxud qızıla yetişməsə, onun xümsünü vermək vacib deyildir. Həmçinin üzgüçülükdə iştirak edən bir neçə şəxsdən hansının payı 18 noxud qızıla yetişməzsə, onun xümsünü vermək vacib deyildir.
Məsələ 1790: Əgər dənizə baş vurmadan başqa müəyyən vasitələrlə cəvahirat əldə edilərsə, ehtiyata əsasən onun xümsü vacibdir. Amma əgər dənizin suyu üzündən və ya dənizin kənarından cəvahirat əldə edilərsə, yalnız o təklikdə və ya başqa qazancları ilə birlikdə, illik xərclərindən artıq qalarsa, gərək onun xümsü verilsin.
Məsələ 1791: İnsanın dənizin dibinə girmədən tutduğu balıq və ya digər heyvanların xümsü o surətdə vacibdir ki, təklikdə, yaxud başqa mənfəətləri ilə birlikdə illik xərclərindən artıq olsun.
Məsələ 1792: Əgər insan dənizdən bir şey çıxarmaq məqsədi olmadan dənizin dibinə girib, təsadüfən cəvahirat əldə edib, ona sahib olmağı qəsd edərsə, gərək onun xümsünü versin. Hətta vacib ehtiyat odur ki, hər təqdirdə onun xümsünü versin.
Məsələ 1793: Əgər insan dənizin dibinə girib bir heyvan çıxarıb, onun qarnından cəvahirat tapsa (sədəf kimi heyvan bunlara aiddir, çünki adətən onun qarnında cəvahir olur), əgər nisab həddinə yetişərsə, gərək onun xümsünü versin. Amma əgər təsadüfən cəvahiri udmuşsa, lazım ehtiyat odur ki, onun nisab miqdarına çatmasa da, xümsü verilsin.
Məsələ 1794: Əgər Dəclə və Fərat kimi böyük çayların dibinə girib cəvahirat çıxartsa, gərək onun xümsünü versin.
Məsələ 1795: Əgər suya girib qiyməti 18 noxud qızıl və ya daha çox olan bir ənbər çıxartsa, gərək onun xümsünü versin. Hətta əgər suyun üzündən və ya dəniz kənarından da ələ gətirsə, eyni hökmü daşıyır.
Məsələ 1796: Qazancı üzgüçülük və ya mə`dən çıxarmaq olan şəxs, əgər bunların xümsünü versə və bunlar onun illik xərclərindən artıq qalarsa, ikinci dəfə onların xümsünü vermək lazım deyildir.
Məsələ 1797: Əgər bir uşaq mə`dən çıxarsa və ya bir xəzinə tapsa, yaxud da dənizə baş vurmaqla bir cəvahir əldə edərsə, gərək vəlisi onun xümsünü versin. Əgər vəlisi verməsə, özü həddi-büluğa çatdıqdan sonra onun xümsünü verməlidir. Həmçinin əgər uşağın harama qarışmış bir halal malı varsa, gərək vəlisi qarışıq malda deyilən hökmə əməl etsin.
6. QƏNİMƏT
Məsələ 1798: Müsəlmanların İmamın (ə) əmrilə kafirlərlə müharibədə vuruşduqları zaman əldə etdikləri əşyalar qənimət adlanır. Qənimətdən, İmama (ə) məxsus olan əşyalar ayrıldıqdan sonra yerdə qalanının xumsu verilməlidir. Qənimətə xumsun vacib olması xususunda, onun mənqul və qeyri-mənqul olması arasında bir fərq yoxdur. Amma ənfaldan olmayan ərazilər, döyüş İmamın (ə.) əmrilə olmasa da, müsəlmanların hamısına aiddir.
Məsələ 1799: Əgər müsəlmanlar, İmamın (ə) icazəsi olmadan kafirlərlə döyüşüb, onlardan qənimət ələ keçirsələr, ələ gətirdikləri qənimətlərin hamısı İmamındır (ə) və döyüşə gedənlərin onda heç bir haqqı yoxdur.
Məsələ 1800: Kafirlərin əllərində olan malların sahibləri, malının qorunması lazım olan şəxslərdən olarsa, yə`ni müsəlmanın, yaxud İslamın zimməsində olan bir kafirin, yaxud əhd (müqavilə) bağlanan kafirin malı olsa, o mallara qənimət hökmü cari deyildir.
Məsələ 1801: İslamın zimməsində olmayan hərbi kafirin malını oğurluq və bu kimi yolla almaq, xəyanət və amanı pozma sayılarsa, haramdır. Bu yollarla onlardan alınan əşyalar da, ehtiyata əsasən gərək qaytarılsın.
Məsələ 1802: Məşhur nəzərə əsasən, mö`min olan bir şəxs, nasibi olan (Əhli-Beytlə düşmənlik edənlər) şəxslərin malını özünə götürüb xümsünü verə bilər. Amma bu hökm işkalsız deyildir.
7. ZİMMİ-KAFİRİN MÜSƏLMANDAN ALDIĞI ƏRAZİ
Məsələ 1803: Əgər zimmi kafir, müsəlmandan bir yeri satın alsa, məşhur nəzərə əsasən, onun xümsünü həmin yerdən və ya başqa malından verməlidir. Amma xumsun mə`lum mə`nasıyla bu yerdə vacib olması mübahisəlidir.
XUMSUN XƏRCLƏNMƏSİ
Məsələ 1804: Xums iki hissəyə bölünməlidir: onun yarısı seyyidlərin hissəsidir. O, fəqir, yetim və ya səfərdə möhtac qalmış seyyidlərə verilməlidir. Onun digər yarısı İmamın (ə) payıdır ki, onu bu zamanda gərək camiüş-şərait müctəhidə versinlər, ya da onun icazə verdiyi bir yerdə xərcləsinlər. Lazım ehtiyata görə o müctəhid, ümumi cəhətləri bilən ə`ləm müctəhid olmalıdır.
Məsələ 1805: Xüms verilən yetim seyyid, gərək fəqir olsun. Lakin səfərdə çətinliyə düşmüş seyyidə, vətənində fəqir olmasa da, xums vermək olar.
Məsələ 1806: Səfərdə çətinliyə düşmüş seyyidin səfəri, günah olan bir səfər olarsa, vacib ehtiyata əsasən, gərək ona xums verilməsin.
Məsələ 1807: Ədalətli olmayan seyyidə xums vermək olar. Amma on iki imama (ə) inanmayan seyyidə gərək xums verilməsin.
Məsələ 1808: Xumsu günah işdə sərf edən seyyidə xums vermək olmaz, hətta, xums vermək onun günah etməsinə kömək edərsə, ehtiyat vacibə görə gərək ona xums verməsinlər, hətta onu günaha sərf etməyəcəksə belə. Həmçinin ehtiyat vacib odur ki, şərab içən, namaz qılmayan və ya aşkar günah edən bir seyyidə xums verməsinlər.
Məsələ 1809: «Seyyidəm» deyən şəxsə, bu sözünə əsasən, xums verilə bilməz. Amma əgər iki adil şəxs onun seyyid olduğunu təsdiq edərsə və ya insan onun seyyid olmasına yəqin və ya əmin olarsa, ona xums verilə bilər.
Məsələ 1810: Öz şəhərində seyyid olması ilə məşhur olan şəxsə, əgər insanın onun seyyid olmasına xatircəmliyi, ya yəqinliyi olmasa da, xums vermək olar.
Məsələ 1811: Xanımı seyyidə olan bir şəxs, vacib-ehtiyata əsasən, öz xumsunu onun özünün xərcləməsi üçün ona verə bilməz. Amma əgər başqalarının xərcini ödəmək o qadına vacib olsa, belə ki, o da onların xərcini ödəyə bilməsə, onlara xərcləməsi üçün, əri ona xums verə bilər. Həmçinin vacibdən qeyri-nəfəqələrə sərf etməkdən ötəri ona xums verilə bilər.
Məsələ 1812: Əgər bir kişi seyyidin və ya insanın öz arvadı olmayan bir qadın seyyidin xərclərini tə`min etmək insana vacib olsa, vacib ehtiyata əsasən onun yeməyini, paltarını və digər vacib xərclərini xumsdan verə bilməz. Amma vacib olmayan məsrəflərinə xərcləməsi üçün ona bir miqdar xums verməsinin maneçiliyi yoxdur.
Məsələ 1813: Xərci başqasının üzərinə vacib olan bir fəqir seyyidə, əgər o şəxs xərcini vermə gücünə sahib olmasa və ya vermə gücünə sahib olduğu halda verməsə, ona xums vermək olar.
Məsələ 1814: Vacib ehtiyat odur ki, bir ilin xərcindən artıq bir fəqirə xums verilməsin.
Məsələ 1815: Əgər insan, yaşadığı şəhərdə müstəhəqq bir seyyid tapmasa gərək başqa şəhərə aparsın. Hətta əgər öz məntəqəsində müstəhəqq olsa da, başqa şəhərə apara bilər, bu şərtlə ki, xumsu verməkdə səhlənkarlığa yol verməsin. Hər halda, əgər tələf olsa, hərçənd onu qoruyub saxlamaqda səhlənkarlıq etməsə belə, zamindir və onu aparmaq xərcini xumsdan götürə bilməz.
Dostları ilə paylaş: |