İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq



Yüklə 2,13 Mb.
səhifə30/43
tarix13.02.2017
ölçüsü2,13 Mb.
#8401
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

2. Müamilə vaxtı satıcı «bu malı bütün qüsurları ilə bərabər satıram» – demişsə, amma bir qüsuru göstərib və «bu qüsurla satıram» – demişsə və sonradan onda başqa bir qüsurun da olduğunu anlamışsa, alıcı satıcının göstərmədiyi qüsura görə malı geri qaytara bilər və geri qaytara bilmədiyi təqdirdə də qiymət fərqini ala bilər.
Məsələ 2094: Əgər alıcı aldığı malın qüsurlu olduğunu başa düşərsə və aldıqdan sonra onda ayrı bir qüsur meydana çıxarsa, müamiləni poza bilməz. Amma qüsursuz ilə qüsurlu arasındakı qiymət fərqini ala bilər. Lakin aldığı heyvan qüsurlu olsa, fəsx etmə haqqına sahib olduğu üç gün keçməmişdən əvvəl başqa bir qüsur meydana gələrsə, onu təhvil almış olsa belə, yenə də geri qaytara bilər. Həmçinin yalnız alıcının müəyyən müddətə qədər fəsx etmə haqqına sahib olsa, o müddət ərzində malda başqa bir qüsur meydana gələrsə, onu təhvil almış olsa belə, müamiləni poza bilər.
Məsələ 2095: Əgər insanın özünün görmədiyi bir malı olarsa və digəri ona malın xüsusiyyətlərini başa salarsa, o da başqasının ona anlatdığı xüsusiyyətləri alıcıya söyləyərək onu satarsa, sonra da onun dediklərindən daha yaxşı olduğunu başa düşərsə, müamiləni poza bilər.

MÜXTƏLİF MƏSƏLƏLƏR
Məsələ 2096: Əgər satıcı malın alış qiymətini alıcıya söyləyərsə, həmin qiymətə, ya da daha aşağı qiymətdən satsa belə, qiymətin azalmasına və ya artmasına səbəb olan digər bütün şeyləri də söyləməlidir. Məsələn; nəqd və ya nisyə aldığını da deməlidir. Əgər o xüsusiyyətlərin bə`zisini söyləməsə və alıcı sonradan başa düşsə müamiləni poza bilər.
Məsələ 2097: Bir şəxs başqa birinə bir mal verib onun qiymətini müəyyən edərək «bu malı bu qiymətdən sat, nə qədər baha sata bilirsən artığı sənin satma haqqın olacaq» – deyərsə, bu halda nə qədər bahaya satarsa, mal sahibinindir və satıcı yalnız öz zəhmət haqqını sahibindən ala bilər. Amma əgər cüalə şəklində olarsa və «əgər bu malı bu qiymətdən artığına sata bilsən, artığı sənin olsun» – deyərsə, maneçiliyi yoxdur.
Məsələ 2098: Əgər bir qəssab erkək heyvan əti satarsa və yerinə dişi heyvan əti verərsə, günah işlətmiş olur. Bu halda əgər onun müəyyən edib «bu erkək heyvan ətini satıram» – demişsə, alıcı müamiləni poza bilər. Əgər onu bildirməmişsə, müştəri aldığı ətə razı olmazsa, qəssabın ona erkək heyvan əti verməsi lazımdır.
Məsələ 2099: Alıcı parça satıcısından rəngi solmayan bir parça istəyərsə, satıcı isə ona rəngi tez solan bir parça verərsə, alıcı müamiləni poza bilər.
Məsələ 2100: Əgər satıcı satdığı malı təhvil verə bilməsə, məsələn, satdığı at qaçarsa, bu halda müamilə batil olur, müştəri də öz pulunu tələb edə bilər.

ŞƏRİKLİK HÖKMLƏRİ
Məsələ 2101: İki nəfər, şərikli olan malları ilə ticarət edib əldə etdikləri qazancları aralarında bölməyi qərara alarlarsa və ərəbcə və ya başqa bir dildə şəriklik əqdini oxuyar, ya da bir-birləri ilə şərik olmaq istədiklərini müəyyən edən bir iş görərlərsə, onların şərikliyi səhihdir.
Məsələ 2102: Əgər bir neçə nəfər öz işlərindən aldıqları pullarda şərik olsalar, məsələn; bir neçə dəllək bir-birləri ilə razılaşarlar ki, hər nə qədər gəlir götürsələr, birlikdə bölsünlər, bu şəriklik səhih deyildir. Amma əgər məsələn; müəyyən bir müddətə qədər hər birinin zəhmət haqqının yarısının əvvəlkinin zəhmət haqqının yarısı əvəzində müəyyən müddətə qədər onun olması üzrə bir-birilə danışıq (razılaşma) edərlərsə, bu razılaşma səhihdir və hər biri əvvəlki ilə onun aldığı qazancda şərik olurlar.
Məsələ 2103: Əgər iki nəfər bir-birilə şərik olsalar ki, hər birinin öz hesabına alıb, əvəzini özü borclu olduğu bir malda bir-birləri ilə hər birisinin aldığı maldan əldə edilən qazancda şərik olmalarını qərarlaşdırarlarsa, bu şəriklik səhih deyildir. Amma əgər hər biri digərinin borc olaraq aldığı şeydə onu da şərik etməyə vəkil edər, yə`ni hər ikisi də borclu olmaq üzrə o malı həm özü, həm də şəriki üçün alırsa, hər ikisi də o malda şərik olurlar.
Məsələ 2104: Şəriklik siğəsi oxuyaraq bir-birləri ilə ortaq olan şəxslərin ağıllı və baliğ olmaları, öz qəsd və ixtiyarları ilə şərik olmaları və həmçinin öz malından istifadə haqqına sahib olmaları gərəkdir. Deməli, səfeh (malını boş işlərə xərcləyən şəxs) öz malından istifadə etmə haqqına sahib olmadığından şərik olsa, səhih deyildir.
Məsələ 2105: Əgər şəriklik əqdində işləyən və ya digər şəriki ilə müqayisədə daha çox işləyən, ya da işi o birinə görə daha əhəmiyyətli olan şəxsin daha çox qazanc götürməsini şərt qoyarlarsa, şərt qoyduqları miqdarı ona verməkləri gərəkdir. Həmçinin əgər işləməyən və ya daha çox işləməyən, ya da işi o biri ilə müqayisədə daha əhəmiyyətli olmayan şəxsin daha çox qazanc almasını şərt qoyarlarsa, yenə də şərt səhihdir və şərt qoyduqları miqdarı ona verməlidir.
Məsələ 2106: Əgər qazancın hamısını sadəcə birisinin götürməsini və ya zərərin hamısını onlardan birinin üzərinə qoymalarını qərarlaşdırsalar, bu şərikliyin səhih olması məhəlli işkaldır.
Məsələ 2107: Əgər şəriklərdən birinin, mənfəətdən çox xeyir götürməsini şərt qoymamışlarsa, belə ki, şəriklərin sərmayələri bərabərdirsə xeyir və zərəri eyni miqdarda paylaşmalıdırlar. Amma əgər sərmayələri eyni ölçüdə olmazsa, xeyir və zərəri də sərmayələrinə mütənasib olaraq bölməlidirlər. Məsələn; şərik olan iki nəfərin birinin sərmayəsi digərinin sərmayəsindən iki qat çox olsa, ona düşən xeyir və zərər payı istər hər ikisi eyni miqdarda işləsin və ya biri az işləsin, ya əsla işləməsin, o birinin payının iki qatı olur.
Məsələ 2108: Əgər şəriklik əqdində hər ikisinin birlikdə alış-veriş etmələrini və ya hər birinin tək başına müamilə etməsini, yaxud tək birinin müamilə etməsini, ya da müamilə etmək üçün üçüncü bir şəxsin əcir tutulmasını şərt qoymuşlarsa, qərarlarına əməl etmələri gərəkdir.
Məsələ 2109: Şəriklik iki cür ola bilər: 1- İzni şəriklik. O da bundan ibarətdir ki, şərikli müamilədən əvvəl ticarət malı şəriklərin arasında müşa şəklində olsun. 2- Müavizi (dəyişmək) şəriklik. O da bundan ibarətdir ki, şəriklərdən hər biri öz malını şirkət üçün hazır edir, nəticədə hər biri öz malının yarısını digərinin malının yarısı ilə dəyişir. Əgər sərmayə ilə hansının alış-veriş edəcəyini müəyyənləşdirməmişlərsə, izni şəriklikdə onlardan heç biri digərinin icazəsi olmadan o sərmayə ilə müamilə edə bilməz. Amma müavizi şəriklikdə onların hər biri şirkətə zərər vurmadan müamilə edə bilər.
Məsələ 2110: Şirkətin sərmayəsinin ixtiyarı əlində olan şərik, şərikliyin şərtinə görə hərəkət etməlidir. Məsələn; əgər onunla nisyə alması, ya nəqd satması və ya malı müəyyən bir yerdən alması qərarlaşdırılmışdırsa, bu şərtə görə əməl etməlidir. Amma əgər onunla bir qərar qoyulmamışsa, adi qaydada müamilə etməli və şirkətin zərər etməyəcəyi alış-verişləri etməlidirlər.
Məsələ 2111: Şirkətin sərmayəsi ilə alış-veriş edən şəxs, əgər onunla edilən şərtə zidd alış-veriş edərsə və ya onunla şərt kəsilməmiş olarsa və adi qaydanın əksinə müamilə edərsə, bu iki halda əqva nəzərə görə müamilənin səhih olmasına baxmayaraq, bu müamilədən zərər edərsə və ya şirkətin malının bir miqdarı tələf olarsa, şərtləşmənin və ya normanın əksinə hərəkət etmiş olan şərik buna zamindir.
Məsələ 2112: Şirkətin sərmayəsi ilə müamilə edən şərik, həddini aşmadığı və sərmayənin mühafizəsində başısoyuqluq etmədiyi halda, təsadüfən sərmayənin bir miqdarı və ya hamısı tələf olsa, zamin deyildir.
Məsələ 2113: Şirkətin sərmayəsi ilə müamilə edən şərik sərmayənin tələf olduğunu söyləyərsə, digər şəriklər yanında inanılmış bir şəxsdirsə, onun sözünü qəbul etmələri lazımdır. Amma əgər belə deyilsə, şəriət qazilik üsullarına görə mübahisələrini həll etmələri üçün şəriət hakiminə müraciət edə bilərlər.
Məsələ 2114: Əgər izni şəriklikdə şəriklərin hamısı bir-birlərinə verdikləri istifadə icazəsindən imtina edərlərsə, artıq heç birisi şirkətin malından istifadə edə bilməzlər. Amma əgər onlardan biri icazəni geri götürərsə, digərlərinin istifadə haqqı yoxdur. Amma icazəsini geri götürən şəxs, şirkətin malından istifadə edə bilər. Hər bir halda onların sərmayədə iştirakları öz halında qalır.
Məsələ 2115: İzni şəriklikdə şəriklərin biri sərmayənin bölünməsini istərsə, şəriklik müddəti bitməmiş olsa belə, digərlərinin qəbul etmələri gərəkdir. Amma əgər qisməti rədd şəklində olsa və ya şəriklərə çox bir zərəri olarsa, bölgü qəbul edilməyə bilər.

Məsələ 2116: Əgər izni şəriklikdə şəriklərin birisi ölərsə, ya dəli və ya bihuş olarsa, digər ortaqlar şirkətin malından istifadə edə bilməzlər. Həmçinin onlardan biri səfeh olarsa, yə`ni öz malını boş işlərə xərclərsə, hökm eynidir.
Məsələ 2117: Əgər şəriklərdən biri, özü üçün nisyə bir mal alarsa, xeyir və zərəri onun özünə aiddir. Amma əgər şirkət üçün alarsa və şəriklik şərti nisyə müamiləni də əhatə edirsə, xeyir və zərəri hər ikisinə aiddir.
Məsələ 2118: Şirkətin sərmayəsi ilə bir müamilə etdikdən sonra şərikliklərinin batil olduğunu başa düşərlərsə, bu halda əgər müamiləyə icazə vermək şərikliyin doğruluğuna bağlı deyildirsə (bu mə`nada ki, şərikliyin doğru olmadığını bildikləri halda yenə də bir-birlərinin istifadəsinə razı olsaydılar), müamilə səhihdir və o müamilədən hər nə əldə edilərsə, hamısının malıdır. Amma əgər belə deyilsə, o birilərin istifadəsinə razı olmayan şərik yoldaşları «bu müamiləyə razıyıq» – deyərlərsə, müamilə səhihdir. Əks təqdirdə batil olur. Hər iki təqdirdə də onlardan hansı biri şirkət üçün işləmişsə, əgər pulsuz olaraq işləmək qəsdi olmayıbsa, zəhmətinin əvəzini normal bir şəkildə digər şəriklərdən sərmayə qaydasına görə ala bilər. Amma əgər normal zəhmət haqqı şərikliyin səhih olduğu fərz olunan halda, bu müamilədən ələ gələn qazancdan çox olarsa, ancaq o, qazanc götürə bilər.

RAZILAŞMA (SÜLH) HÖKMLƏRİ
Məsələ 2119: Sülh odur ki, insan başqası ilə razılaşa ki, öz malının və ya malının mənfəətinin bir miqdarını onun mülkü etsin, ya öz tələb və ya haqqından keçsin ki, onun tərəf müqabili də bunun əvəzində öz malını, ya malının mənfəətinin bir miqdarını buna tapşırsın, ya öz haqqından və ya tələbindən keçsin. Əgər əvəz almadan, razılaşsa ki, öz malından, ya malının mənfəətindən bir qədərini ona tapşırsın, ya öz tələbindən, ya haqqından keçsin, bu halda yenə də sülh səhihdir.
Məsələ 2120: Öz malını başqası ilə sülh edən şəxs həddi-büluğa çatmış, aqil olmalı, sülh etmə qəsdi olmalı bir kəs onu bu işə məcbur etməməlidir. Həmçinin səfeh və müflisləşmə səbəbi ilə öz malında təsərrüf etmə haqqında məhrum edilməməlidir.
Məsələ 2121: Sülhün siğəsinin ərəbcə oxunması vacib deyil; əksinə bir-biri ilə razılaşmalarını çatdıran hər bir kəlmə ilə və ya iş ilə də olsa səhihdir.
Məsələ 2122: Əgər bir nəfər öz qoyunlarını, misal üçün bir il saxlayaraq onun südündən istifadə edib bir qədər də ona yağ verməsi əsasında çobanla sülh edərsə, bu halda əgər qoyunların südünü çobanın çəkdiyi zəhmətlər və o yağ müqabilində sülh edərsə, səhihdir. Hətta əgər qoyunları bir illik çobana icarəyə versə və südündən istifadə edərək əvəzində bir qədər yağ verməsini desə, amma o qoyunların süd və yağı olmasını qeyd etməsə də, səhihdir.
Məsələ 2123: Əgər bir şəxs alacağını və ya haqqını başqa birisi ilə sülh etmək istərsə, qarşı tərəf qəbul etdiyi təqdirdə səhihdir. Amma əgər öz haqq və ya alacağından keçmək istərsə, qarşı tərəfin qəbul etməsi lazım deyil.
Məsələ 2124: İnsan borcunun miqdarını bilsə, alacaqlı olan bilməzsə, alacaqlı olan alacağını olduğundan az miqdarda sülh etmək istərsə, məsələn; əlli manat almalıykən, on manatla sülh edərsə, qalan miqdar borclu üçün halal deyildir. Amma əgər borcunun miqdarını ona deyərsə və onu razı salarsa, yaxud alacaqlı, alacığı miqdarı bilsəydi, yenə də o miqdara sülh edərdisə, bu halda halal olur.
Məsələ 2125: Əgər iki nəfərin bir-birlərinin əlində və ya zimmətində malları olsa və bunlardan birinin digərindən çox olduğu bilinərsə, o malların bir-biri əvəzində alqı-satqısı ribaya (faizə) yol açdığı üçün haram olursa, onların bir-biri ilə sülh etməsi də haramdır. Hətta onların birisinin malı digərindən çox olduğu bilinməzsə, amma birinin çox olduğuna ehtimal verilərsə, lazım ehtiyata görə, o iki malı bir-birilə sülh edə bilməzlər.
Məsələ 2126: Əgər iki nəfər bir adamdan alacaqlı olsa və ya iki kişi digər iki kişidən alacaqlıdırsa və öz alacaqları barədə bir-birilə sülh etmək istərlərsə, əvvəlki məsələdə söylənildiyi kimi, bu ribaya yol açmazsa, maneçiliyi yoxdur. Məsələn; hər ikisi (biri keyfiyyətli, digəri orta keyfiyyətli olan) on batman buğda alacaqlı olsa və hər ikisinin müddəti sona çatmışsa, onların sülh etməsi səhihdir.
Məsələ 2127: Əgər bir şəxsdən bir müddət sonra alması lazım gələn alacağının qalanını nəqd almaq məqsədi ilə bir miqdarından keçərək qalan az miqdarı üçün onunla sülh edərsə, maneçiliyi yoxdur. Əlbəttə bu hökm alacağın qızıl və ya gümüş, ya da çəki və ya ölçü ilə satılan bir mal olduğu təqdirdədir. Bunlardan kənar qalan mallarda 2248-ci məsələdə izah olunduğu kimi, alacaqlının alacağını borclu olan şəxsə və ya başqası ilə alacağından daha az miqdar üçün sülh etməsi və ya satması caizdir.
Məsələ 2128: Bir şey üçün sülh edən iki nəfər, hər ikisi razı olduğu təqdirdə sülhü poza bilərlər. Həmçinin əgər müamilə zamanı hər ikisi üçün və ya birisi üçün müamiləni ləğv etmə haqqı qoyarlarsa, haqqı olan şəxs anlaşmanı poza bilər.
Məsələ 2129: Satıcı və alıcı müamilə məclisindən ayrılmamış müamiləni poza bilərlər. Həmçinin heyvan alan bir müştərinin üç günə qədər müamiləni pozma haqqı vardır. Aldığı bir malın pulunu üç günə qədər verməzsə və malı götürməzsə, 2081-ci məsələdə izah olunduğu kimi, satıcının müamiləni pozma haqqı vardır. Amma malı sülh edən bir şəxsin bu üç halda sülh pozma haqqı yoxdur. Lakin əgər tərəf müsalihə olunan şeyi verməyi normadan artıq gecikdirərsə və ya məsələn; müsalihə olunan malı nəqd verməsi şərt qoyulmuş olarsa və tərəf şərtə əməl etməzsə, sülhü poza bilər. Həmçinin alış-verişin sair hökmlərində izah olunan müamiləni ləğv etmə haqqı olan digər hallarda da sülhü ləğv edə bilər. Amma əgər sülh edən tərəflərin biri uduzarsa; bu təqdirdə sülh münaqişəni aradan qaldırmaq üçün olarsa, sülhü poza bilməz. Hətta bundan başqa hallarda da vacib ehtiyata görə uduzan şəxs müamiləni pozmamalıdır.
Məsələ 2130: Sülh yolu ilə aldığı şey qüsurlu çıxarsa, sülhü poza bilərlər. Amma qüsursuz ilə qüsurlu arasında olan qiymət fərqini almaq istərsə, bu, işkallıdır.
Məsələ 2131: Əgər öz malını başqa birisi ilə sülh edərsə və «mən öldükdən sonra səninlə sülh etdiyim şeyi, məsələn; vəqf edəcəksən» – deyə, şərt qoyarsa və o da bu şərti qəbul edərsə, şərtə əməl etməlidir.

İCARƏ HÖKMLƏRİ
Məsələ 2132: İcarə verən və icarəyə götürən şəxslərin ağıllı və baliğ olmaları, öz ixtiyarı ilə icarə qurmaları gərəkdir. Həmçinin onlar öz mallarından istifadə haqqına sahib olmalıdırlar. Deməli, səfeh olan şəxs öz malından istifadə haqqına sahib olmadığından bir şeyi icarəyə götürə bilməz və ya icarəyə verə bilməz. Həmçinin iflasa uğramış olan bir şəxs istifadə haqqı olmadığı mallardan bir şeyi icarəyə verə bilməz və ya onunla bir şeyi icarəyə götürə bilməz. Amma özünü (iş qüvvəsini) başqasına əcir edə bilər.
Məsələ 2133: İnsan başqası tərəfindən vəkil olub, onun malını icarəyə verə bilər və ya onun üçün bir malı icarəyə götürə bilər.
Məsələ 2134: Uşağın vəlisi və ya qəyyumu uşağının malını icarəyə versələr, ya uşağın özünü başqasına əcir versələr, maneəsi yoxdur. Əgər uşağın həddi-büluğa yetişmə müddətindən bir qismini də əcir olma müddəti qərar versələr, uşaq həddi-büluğa çatdıqdan sonra icarənin qalanını poza bilər, baxmayaraq ki, əgər uşağın həddi-büluğa çatma zamanını, icarənin müddətindən hesab etməsəydi, uşağın məsləhətinin xilafına olardı. Bəli, əgər şər`ən lazım olan məsləhətə xilaf olsa, yə`ni müqəddəs şəriət onun tərk olunmasına razı olmadığı bir məsləhət olsa, bu halda əgər icarə, şəriət hakiminin izni ilə olsa, uşaq həddi-büluğa çatandan sonra, icarəni poza bilməz.
Məsələ 2135: Vəlisi olmayan səğir bir uşaq müctəhidin icazəsi olmadan əcir tutula bilməz. Əgər müctəhid olmazsa, adil bir mö`minin icazəsi alınaraq o uşaq əcir tutula bilər.
Məsələ 2136: İcarə verənin və ya icarəyə götürənin icarə əqdini ərəbcə oxumaları lazım (vacib) deyil. Sadəcə olaraq mülkün sahibi bir şəxsə «bu malı sənə icarəyə verdim» – deyərsə, o da «qəbul etdim» – deyərsə, icarə səhihdir. Hətta heç bir danışıq olmadan mal sahibi icarəyə vermək qəsdi ilə malı icarəyə götürənə verirsə və o da icarəyə götürmək qəsdi ilə alırsa, icarə səhihdir.
Məsələ 2137: Əgər insan icarə əqdi oxumadan bir iş görmək üçün əcir olmaq istərsə, o işə başladığı təqdirdə icarə səhihdir.
Məsələ 2138: Danışa bilməyən şəxs, əgər işarə ilə mülkü icarəyə verdiyini və ya icarəyə götürdüyünü başa salarsa, icarə səhihdir.
Məsələ 2139: Bir ev, dükan, gəmi və ya otağı icarəyə götürdüyü zaman, mülk sahibi onlardan sadəcə icarəçinin özünün istifadə etməsini şərt qoyarsa, icarəçi onları başqasına icarəyə verə bilməz. Amma əgər icarə özünə məxsus olsa, məsələn; bir ev və ya otağı icarəyə götürmüş olan qadının ərə gedib sonra o ev və ya otağı özünün qalması üçün ərinə icarəyə verməsi kimi. Amma əgər mülk sahibi belə bir şərt qoymamışsa, onu başqasına icarəyə verə bilər (əlbəttə, mülkü ikinci icarəçiyə vermək üçün ehtiyata əsasən mülk sahibindən icazə almalıdır). Əgər icarəyə aldığı mülkü icarə etdiyi haqqdan çox icarəyə vermək istəsə, hərçənd icarə başqa cinsdən olsa belə, əgər ev, dükan, gəmi olsa, onda tə`mir və ya ağartma kimi işlər görməlidir, ya da onu mühafizə etmək üçün bir xəsarət vermiş olmalıdır.
Məsələ 2140: Əgər əcir olunan sadəcə əcir olduğu şəxsə işləyəcəyini şərt qoymuşsa, əvvəlki məsələdə izah olunan haldan başqa, əcir tutan onu başqasına əcir verə bilməz. Amma belə bir şərt qoymamışsa, onu başqasına əcir verə bilər. Amma ona ücrət olaraq tə`yin etdiyi şey qiymət baxımından əcir olan şəxsə verdiyi haqqdan çox olmamalıdır. Həmçinin əgər özü başqasına əcir olmuşsa və o işi görmək üçün başqa birini öz ücrətindən daha az bir miqdara əcir tutmaq istərsə, hökm eynidir. Lakin əgər o işin bir miqdarını özü görmüş olsa, başqasını öz ücrətindən daha aza əcir tuta bilər.
Məsələ 2141: Əgər ev, dükan, otaq, gəmidən başqa bir şeyi, məsələn; bir yeri icarələyərsə və mülkün sahibi də «sadəcə özün istifadə etməlisən» – deyə bir şərt qoymamışsa, onu öz icarələdiyindən çox icarəyə verərsə, bu icarənin səhih olması məhəlli işkaldır.
Məsələ 2142: Əgər ev və ya bir dükanı, məsələn; illik yüz manata icarəyə götürərsə, onun yarısından özü istifadə edib, yarısını da yüz manata icarəyə verə bilər. Amma əgər onun yarısını icarəyə götürdüyündən daha çox qiymətə, məsələn yüz iyirmi manata kirayəyə vermək istərsə, onda orada tə`mir işi kimi bir iş görməlidir.

İCARƏYƏ VERİLƏN MALIN ŞƏRTLƏRİ
Məsələ 2143: İcarəyə verilən malın bir neçə şərti vardır:
1. Müəyyən olmalıdır; başqa sözlə, əgər «evlərimdən birini sənə icarəyə verdim» – deyərsə, doğru deyildir.
2. İcarəçi onu görməli, ya da əgər orada hazır olmasa, ya külli olsa, icarəyə verən onun icarəyə verilməsinə meyl etməkdə tə`sirli olan xüsusiyyətlərinin hamısını aydın şəkildə söyləməlidir.
3. Onun təhvil verilməsi mümkün olmalıdır. Buna görə qaçmış olan bir atı icarəyə vermək, icarəçinin onu tuta bilmək imkanı olmazsa, batildir və tuta bilmək imkanı varsa, səhihdir.
4. İstifadə olunarkən tələf edilib aradan aparılan bir şey olmamalıdır. Buna görə çörək, meyvə və digər yeməkləri icarəyə vermək doğru deyildir.
5. Mal hansı məqsədlə icarə verilibsə, həmin istiqamətdə istifadə mümkün olmalıdır. Buna görə əkin üçün icarəyə verilən bir tarlanın suvarılmasına yağış suyu yetişmirsə, çay suyu da çatmazsa, icarə səhih deyildir
6. İcarəyə verdiyi şey də, hansı məqsədlə icarəyə verirsə, onun mənfəətinə sahib olmalıdır. Əgər nə onun maliki, nə qəyyumu nə də vəkili olmazsa, (başqa birinin malını icarəyə verirsə) onun sahibinin razılığı olduğu vaxt səhih sayılır.
Məsələ 2144: Meyvəsindən istifadə etmək üçün ağacını icarəyə vermək ağacın meyvəsi hal-hazırda mövcud olmasa da, səhihdir. Bir heyvanı südündən istifadə üçün icarəyə vermək də eyni hökmü daşıyır.
Məsələ 2145: Qadın südündən istifadə üçün əcir ola bilər. Ərindən icazə alması da lazım deyil. Amma süd verməklə ərinin haqqı zay olursa, ərindən icazəsiz əcir ola bilməz.

MALIN İCARƏSİNDƏN İSTİFADƏ ETMƏYİN ŞƏRTLƏRİ
Məsələ 2146: Malın icarəsindən istifadənin dörd şərti vardır:
1. Halal olmalıdır; deməli, yalnız haram mənfəəti olan, yaxud haram işdə istifadə olunması şərt olunan, yaxud müamilədən əvvəl haram istifadəni müəyyənləşdirib müamiləni o əsasda qursalar, müamilə batildir. Buna görə də dükanı şərab satışı və ya onun saxlanması üçün icarəyə vermək və ya heyvanı şərab daşımaq üçün icarəyə vermək batildir.
2. O iş şəriət nəzərində havayı olaraq vacib olmamalı; vacib ehtiyata görə halal və haram hökmlərini öyrətmək gündəlik qarşıya çıxan halda, eləcə də ölünün kəfən-dəfn işlərinin vacib miqdarı bu cürdür. Başqa sözlə bu işlər üçün əcir olmaq caiz deyildir. Vacib ehtiyata görə o istifadəyə pul vermək camaatın nəzərində hədər yerə gedən pul kimi sayılmamalıdır.
3. İcarəyə verilən şeyin bir neçə istifadəsi olursa, icarəyə götürən onun hansı cəhətindən istifadə edəcəyini bildirməlidir; məsələn, həm minilən, həm də yük daşınılan bir heyvan icarəyə verilirsə, icarə etmə zamanında minilməsinin və ya yük daşınmasının ya da bütünlüklə hər iki cəhətinin icarəyə götürənə aid olduğu bildirilməlidir.
4. İstifadəsinin miqdarı bildirilməlidir. Bu isə icarənin müddətini bildirməklə olur. Ev və dükanın icarə verilməsində olduğu kimi ya da işin aydınlaşdırılması ilə olar. Məsələn; dərzi ilə bəlli bir libası, məxsus bir tərzdə tikməsi qərarlaşdırılır.
Məsələ 2147: Əgər icarə müddətinin başlanğıcını müəyyən etməzlərsə, onun başlanğıcı icarə əqdinin bitməsindən e`tibarən başlayar.
Məsələ 2148: Əgər bir evi, məsələn; bir illiyə icarəyə verib və onun başlanğıcını icarə əqdinin oxunmasından sonra bir ay sonraya müəyyənləşdirsələr, əqd oxunduğu zaman ev digəri tərəfindən icarəyə götürülmüş olsa belə, icarə səhihdir.
Məsələ 2149: Əgər icarə müddətini bildirməyib və «evdə yaşadığım müddət, məsələn; icarəsi ayda min manatdır» – deyərsə, icarə səhih deyildir.
Məsələ 2150: Əgər icarəçiyə «evi sənə ayı min manatdan icarəyə verdim» – deyərsə və ya «evi sənə bir aylığına min manat icarəyə verdim, ondan sonra da hər nə qədər qalsan, onun icarəsinin ayı min manatdır» – deyərsə, icarə müddətinin başlanğıcı mə`lum olarsa, ilk ayın icarəsi səhihdir.
Məsələ 2151: Müsafir və ziyarətçilərin nə qədər qalacaqları bəlli olmayan bir evin hər gecəsinə yüz manat verməyi qərarlaşdırarlarsa və ev sahibi də buna razı olarsa, o evdən istifadə etməyin maneçiliyi yoxdur. Amma icarə müddətini müəyyənləşdirmədikləri üçün ilk gecədən sonraya icarə səhih deyildir. Ev sahibi də ilk gecədən sonra istədiyi vaxt onları evdən çıxara bilər.

İCARƏNİN SAİR MƏSƏLƏLƏRİ
Məsələ 2152: İcarəçinin icarə əvəzi olaraq verdiyi malın müəyyən edilməsi lazımdır. O halda əgər bu, buğda kimi çəki və ya ölçü ilə müamilə edilən şeydirsə, çəkisinin bilinməsi və əgər mütədavil pullar kimi sayılaraq müamilə edilən şeydirsə, sayının bilinməsi və əgər at, qoyun kimi bir şeydirsə, icarəyə verənin onu görməsi, ya da icarəçinin onun xüsusiyyətlərini söyləməsi lazımdır.
Məsələ 2153: Əgər bir tarlanı əkin üçün icarə versə və icarə əvəzini də fe`lən mövcud olmayan o tarlanın və ya başqa bir yerin məhsulunu tə`yin edərsə və ya o tarlanın öz məhsulundan verilməsi şərti ilə əsaslı olaraq zimməsinə alarsa, icarə səhih deyildir. Amma əgər yerin məhsulu fe`lən mövcud olarsa, bir maneçiliyi yoxdur.
Məsələ 2154: Bir şeyi icarəyə verən şəxsin o şeyi təhvil verməyincə onun kirəsini istəməyə haqqı yoxdur. Həmçinin bir işi görmək üçün əcir olan şəxsin də o işi görməyənə qədər haqqını istəməyə hüququ yoxdur. Amma həcc üçün əcir olmaq kimi adətən haqqı əvvəlcədən alınan bir iş üçün əcir olmuşsa, ala bilər.
Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin