İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


TƏXƏLLİNİN MÜSTƏHƏBBATI VƏ MƏKRUHATI



Yüklə 2,13 Mb.
səhifə2/43
tarix13.02.2017
ölçüsü2,13 Mb.
#8401
1   2   3   4   5   6   7   8   9   ...   43

TƏXƏLLİNİN MÜSTƏHƏBBATI VƏ MƏKRUHATI

Məsələ 75: İnsanın təxəlli vaxtında kimsənin görməyəcəyi bir yerdə oturması, təxəlli yerinə daxil olduğu zaman əvvəl sol ayağını və çıxanda əvvəl sağ ayağını atması, təxəlli halında ikən başını örtməsi və bədəninin ağırlığını sol ayağına salması müstəhəbbdir.
Məsələ 76: Təxəlli vaxtında Günəşlə və ya Ayla üzbəüz oturmaq məkruhdur. Amma əgər övrətini bir şeylə örtsə məkruh deyildir. Habelə külək qabağında, yolda, xiyabanda, küçədə, evin qapısında və meyvə verən ağacın altında təxəlli etmək, təxəlli vaxtı nə isə yemək, çox oturmaq, sağ əl ilə paklanmaq məkruhdur. Həmçinin təxəlli vaxtı danışmaq, (da məkruhdur) amma əgər məcbur qalarsa və ya zikr edərsə işkalı yoxdur.
Məsələ 77: Ayaq üstə bövl etmək, bərk yerə və heyvanların yuvasına bövl etmək, suya, xüsusi ilə durğun (axarı olmayan) suya bövl etmək məkruhdur.
Məsələ 78: Ğaitdən və bövldən özünü məcburi saxlamaq məkruhdur. Əgər saxlamasından bədənə küllü bir zərər yetişsə, haramdır.
Məsələ 79: İnsanın namazdan, yatmazdan, cima etməzdən əvvəl və məni gəldikdən sonra bövl etməsi müstəhəbbdir.
NƏCASAT
Məsələ 80: Nəcasat 10-dur: 1) Bövl (sidik), 2) Ğait (nəcis), 3) Məni, 4) Murdar (murdar olmuş heyvan), 5) Qan, 6, 7) İt və donuz, 8) Kafir, 9) Şərab, 10) Nəcis yeyən heyvanın təri.

1 - 2. Bövl və ğait
Məsələ 81: İnsanın, eləcə də damarı kəsildikdə qanı sıçrayan və əti yeyilməsi haram olan hər bir heyvanın bövl və ğaiti nəcisdir. Amma əti haram olan bə’zi balıqlar kimi qanı sıçramayan heyvanların və ya milçək və ağcaqanad kimi əti olmayan kiçik həşəratların ğaiti pakdır. Lakin ehtiyat-lazım olaraq qanı sıçramayan əti haram heyvanların bövlündən çəkinmək gərəkdir.
Məsələ 82: Əti haram olan quşların bövl və ğaitləri pakdır, amma onlardan çəkinmək daha yaxşıdır.
Məsələ 83: Nəcasat yeyən heyvanın bövl və ğaiti nəcisdir. Yeməlilərin və içməlilərin hökmlərində aydınlaşdırılacağı kimi donuz südü əmən keçi balasının, habelə insanın yaxınlıq etdiyi heyvanın bövl və ğaiti də eyni hökmü daşıyır.

3. Məni
Məsələ 84: Kişinin və sıçrayan qanı olan hər heyvanın mənisi, nəcisdir. Qadından şəhvətlə xaric olan və onun cənabətli olmasına səbəb olan rütubət, 345-ci məsələdə qeyd olunacağı kimi, məni hökmündədir. Ehtiyat vacibə görə, sıçrayıcı qanı olan əti halal erkək heyvanında mənisindən çəkinmək lazımdır.

4. Murdar
Məsələ 85: İnsanın, eləcə də istər özü ölmüş olsun, istərsə şər’i qaydalara görə kəsilməmiş olsun, sıçrayan qanı olan heyvanın ölüsü nəcisdir. Balığın sıçrayan qanı olmadığından, suyun içində belə ölsə, pakdır.
Məsələ 86: Murdar olmuş heyvanın yun (qoyun), qıl (keçi), kürk (dəvə), sümük və diş kimi, ruhu olmayan hissələri pakdır.
Məsələ 87: İnsanın və ya sıçrayan qanı olan bir heyvanın bədənindən diri ikən, ət və ya ruhu olan başqa bir şey qoparılsa, o şey nəcisdir.
Məsələ 88: Dodaqdan və bədənin ayrı yerlərindən qoparılan azacıq dərilər ruhu olmasa və asanlıqla qoparılmış olsa, pakdır.
Məsələ 89: Ölən toyuğun qarnından çıxarılan yumurta qabığı bərkiməmiş olsa belə, pakdır. Amma gərək zahiri suya çəkilsin.
Məsələ 90: Ot yeməyə başlamadan ölən quzu və çəpişin qursağından tutulan pendir mayası pakdır, amma adətən maye olması sübut olunmasa murdarın zahirinə ət toxunan hissəsinin yuyulması lazımdır.
Məsələ 91: İnsan xarici ölkələrdən gətirilən maye dərmanlar, ətir, krem, yağ və sabunun nəcis olduğuna əmin olmazsa, pakdır.
Məsələ 92: Şəriət qaydalarına əsasən kəsilən heyvandan olduğuna ehtimal verilən ət, piy və dəri pakdır. Amma əgər kafirin əlindən alınarsa və ya kafirdən, şər’i üsullara görə kəsilmiş olan heyvandan olub-olmadığını araşdırmadan almış olan bir müsəlmanın əlində olarsa, bu ət və piyin yeyilməsi haramdır. Amma belə bir dəridə namaz qılmaq caizdir. Bununla belə müsəlmanların bazarından və ya kafirdən almış olduğu bilinməyən halda bir müsəlmandan alsa, və yaxud kafirdən alınmışsa da, təhqiq edildiyi ehtimal verilərək alınan ət və piyin yeyilməsi caizdir. Bu şərtlə ki, o müsəlman, onda halal ətə məxsus olan bir təsərrüf etsin, məsələn, yeyilmək üçün satsın.

5. Qan
Məsələ 93: İnsanın və sıçrayan qanı olan, yə’ni damarı kəsildikdə qanı sıçrayaraq axan hər bir heyvanın qanı nəcisdir. Buna görə, balıq və ağcaqanad kimi sıçrayan qanı olmayan heyvanların qanı pakdır.
Məsələ 94: Şəriət qanunlarına görə kəsilən, əti halal heyvanın qanı normal miqdarda axdıqdan sonra, bədənində qalan qan pakdır. Amma nəfəs alması və ya heyvanın başının yuxarıda olması səbəbilə qan heyvanın bədəninə qayıdarsa, o qan nəcisdir.
Məsələ 95: İçərisində qan zərrəsi olan toyuq yumurtasının sarısından çəkinmək ehtiyat müstəhəbbdir.
Məsələ 96: Bə’zən süd sağılırkən görünən qan nəcisdir və südü də nəcis edər.
Məsələ 97: Dişlərin arasından gələn qan, əgər ağızın suyu ilə qarışması nəticəsində aradan gedirsə, ağızın suyundan çəkinmək lazım deyil.
Məsələ 98: Əzilmə nəticəsində dırnaq və ya dəri altında ölən qan, artıq qan deyilməyəcək bir formaya gəlmişdirsə, pakdır. Amma əgər, ona qan deyilirsə, xaricə çıxarsa, nəcisdir. Bu halda dırnaq və ya dəri deşilmişdirsə, qan bədənin zahirindən bir hissə hesab olunursa, dəstəmaz və ya qüsl almaq üçün, o qanı xaricə çıxararaq oranı paklamaq əziyyətlidirsə, təyəmmüm etməlidir.
Məsələ 99: Əgər insan, dəri altında ölü qan toplandığını və ya əzilmə nəticəsində ətin o hala gəldiyini bilməzsə, pakdır.
Məsələ 100: Yemək qaynadığı zaman içərisinə bir zərrə qan düşərsə, yeməyin hamısı və onun qabı, ehtiyat lazım olaraq nəcis olur. Qaynamaq, istilik və atəş pakedici deyildir.
Məsələ 101: Yaranın sağaldığı zaman, ətrafında meydana gələn irinin qanla qarışdığı bilinməzsə, pakdır.

6 - 7. İt və donuz.
Məsələ 102: Quruda yaşayan it və donuz və hətta onların tükü, sümüyü, pəncəsi, dırnağı və rütubəti nəcisdir.

8. Kafir
Məsələ 103: Kafir, yə’ni Allaha və Onun vahidliyinə inanmayan şəxs və ğulat, (yə’ni İmamlardan (əleyhimussalam) hər hansı birisinin Allah olduğuna inanan və ya Allahın onlarda hülul etdiyini söyləyən kimsə), həmçinin xəvaric və nəvasib, (yə’ni İmamlara düşmənlik e’lan edənlər,) nəcisdirlər. Həmçinin nübüvvəti (Allah tərəfindən peyğəmbərlər göndərildiyini) və ya dinin zəruri hökmlərindən birini (namaz və oruc kimi), inkar edərsə, bu iş hətta ümumi şəkildə olsa belə, Peyğəmbərin (s) təkzib olunmasını lazım tutarsa, nəcisdir. Amma kitab əhlinin, (yəhudi, xristian və məcusilər) pak olmasına hökm olunur.
Məsələ 104: Kafirin bütün bədəni, hətta dırnaq, tük və rütubəti də nəcisdir.
Məsələ 105: Əgər həddi-büluğa çatmamış uşağın atası, anası, babası və nənəsi kafir olarsa, nəcisdir. Amma o, ağlıkəsən olub müsəlman olduğunu izhar etsə, pakdır. Əgər öz ata-anasından üz döndərib müsəlmanlara meyl etsə, yaxud təhqiqat və araşdırma halında olsa, onun nəcis olmasına hökm etmək müşküldür. Amma əgər ata, ana, baba, və nənəsindən biri müsəlman olarsa 217-ci məsələdə aydınlaşdırıldığına əsasən o uşaq pakdır.
Məsələ 106: Müsəlman olub-olmadığı bilinməyən və müsəlman olduğuna dəlil olacaq bir nişanə də olmayan kimsə pakdır. Amma müsəlmanların digər hökmlərinə malik deyildir. Məsələn, müsəlman bir qadın ilə evlənə bilməz və müsəlmanların qəbiristanlığında dəfn olunmamalıdır.
Məsələ 107: Əgər bir şəxs, on iki imamdan (ə.s) birini düşmənlik üzündən söyərsə, nəcisdir.

9. Şərab
Məsələ 108: Şərab nəcisdir. Amma insanı məst edən (sərxoş edən) sair şeylər nəcis deyil.
Məsələ 109: Texniki spirtin bütün növləri pakdır.
Məsələ 110: Üzüm suyu, özü-özünə və ya bişirmək vasitəsilə qaynayarsa pakdır, amma içilməsi haramdır. Həmçinin vacib ehtiyata əsasən qaynadılmış üzümün də içilməsi haramdır, amma nəcis deyil.
Məsələ 111: Xurma, tumlu və tumsuz kişmiş, və onların suyu qaynasa da belə, pak və yeyilməsi halaldır.
Məsələ 112: Əksər hallarda arpadan çəkilən yüngülvari sərxoşluq gətirən və pivə deyilən şeyin içilməsi haramdır. Və vacib ehtiyata görə nəcisdir. Amma heç bir məstliyə səbəb olmayan arpa suyu pak və halaldır.

10. Nəcis yeyən heyvanın təri
Məsələ 113: İnsan nəcisini yeməyə adət edən dəvənin təri nəcisdir. Həmçinin, ehtiyat vacibə görə, belə olan sair heyvanlar da belədir.
Məsələ 114: Haram yolla cünub olanın təri pakdır, onunla namaz qılmaq səhihdir.

NƏCASATI SÜBUT ETMƏYİN YOLLARI
Məsələ 115: Bir şeyin nəcis olmasını üç yolla sübut etmək olar:
1) Bir şeyin nəcis olduğuna, insanın özünün yəqin etməsi və ya ağıl kəsən yolla əmin olmasıyla. Əgər bir şeyin nəcis olduğunu zənn (güman) edərsə, ondan çəkinməsi lazım deyildir. Buna görə murdar və paklığa riayət etməyən , bu kimi məsələlərə laqeyd olan adamların yemək yediyi çayxana və mehmanxanalarda insan, onun üçün gətirilmiş xörəyin nəcis olmasına əmin deyilsə, bunun eybi yoxdur.
2) Yalançılıqla müttəhim olmayan bir şəxsin öz ixtiyarında olan bir şeyin nəcis olmasını söyləməsi. Məsələn, arvadı, nökəri, külfəti öz əlindəki şeyin (qab, yaxud başqa bir əşyanın) nəcis olduğunu söyləsə, o şey nəcisdir.
3) İki adil kişinin bir şeyin nəcis olmasını xəbər vermələri. Amma bir şərtlə ki, onların nəcis olmasının səbəbini desinlər. Məsələn, filan şeyin qan, ya bövlə dəyməsindən nəcis olmasını desələr. Əgər bir adil, yaxud e'tibarlı sayılan bir kişi xəbər versə və onun sözündən xatircəmlik hasil olmasa, ehtiyat vacib odur ki, o şeydən çəkinsinlər.
Məsələ 116: Əgər məsələni, bilmədiyi üçün bir şeyin, məsələn, siçan füzləsinin nəcis olub-olmadığını bilməzsə, məsələni soruşub öyrənməsi lazımdır. Amma əgər məsələni bildiyi halda, bir şeyin nəcis və ya pak olduğunda şəkk edərsə, məsələn, bir şeyin qan olub olmadığından və ya insan, yoxsa ağcaqanad qanımı olduğuna şəkk edərsə, o şey pakdır. Axtarış aparmaq və soruşmaq lazım deyil.
Məsələ 117: İnsan əvvəlcədən nəcis olan şeyin sonradan pak olub-olmamasında şəkk edərsə, nəcisdir. Əgər əvvəlcədən pak olan bir şeyin sonradan nəcis olub-olmaması barədə şəkk edərsə, pakdır. Onun nəcis və ya pak olmamasını başa düşmək imkanı olsa belə, axtarış lazım deyildir.
Məsələ 118: Hər ikisindən istifadə etdiyi iki qabdan və ya libasdan birinin nəcis olduğunu bildiyi halda, müəyyən şəkildə hansı birinin nəcis olduğunu bilməzsə, hər ikisindən çəkinməsi lazımdır. Amma əgər məsələn, nəcis olan libasın öz libasımı, yoxsa onun istifadə etmədiyi və digərinin malı olan ayrı libas olduğunu bilməzsə, öz libasından çəkinməsi lazım deyil.
PAK ŞEYLƏR NECƏ NƏCİS OLUR?
Məsələ 119: Əgər pak bir şey, nəcis bir şeyə dəyərsə və onlardan biri və ya hər ikisi rütubətin bir-birinə keçəcəyi şəkildə yaş olarsa, pak olan şey də nəcis olar. Amma vasitələr çoxaldığı halda nəcis olmur. Məsələn: sağ əl bövl dəyməsi nəticəsində nəcis olarsa və təzə bir rütubətlə sol ələ dəyərsə, sol əl də nəcis olacaq. Sol əl quruduqdan sonra yenidən yaş olan bir libasa dəyərsə, o libas da nəcis olur. Amma əgər o libas ayrı bir rütubətli şeyə dəyərsə, o şeyin nəcis olduğuna hökm edilməz. Əgər rütubət o birinə sirayət etməyəcək qədər az olsa, pak olan şey nəcisin eyninə dəysə belə, nəcis olmaz.
Məsələ 120: Əgər pak şey nəcis şeyə dəyərsə və insan onlardan birinin və ya hər ikisinin rütubətli olub-olmadığında şəkk edərsə, pak olan şey nəcis olmaz.
Məsələ 121: İnsanın hansının nəcis, hansının pak olduğunu bilmədiyi iki şeydən birinə, yaş olan pak bir şey sonradan toxunarsa, ondan çəkinmək lazım deyil. Amma bə’zi hallarda, məsələn: Hər iki şeyin əvvəl nəcis olduğu halda, yaxud başqa bir vasitə ilə digər pak bir şeyə rütubətlə toxunmuş olduqda, çəkinmək lazımdır.
Məsələ 122: Yer, parça və buna bənzər şeylər yaş olduqları zaman, bunların yalnız nəcasətin dəydiyi hissələri nəcis olur, qalan hissələri pakdır. Xiyar, qovun və buna bənzər şeylər də eyni hökmü daşıyır.
Məsələ 123: Şirə, yağ və buna bənzər şeylərdən, bir az götürüldükdə, yeri boş qalmayacaq qədər axıcıdırsa onun bir nöqtəsi nəcis olduğu halda, hamısı nəcis olur. Amma əgər ondan bir az götürüldüyü zaman yeri boş qalacaq şəkildə qatı olsa və sonradan dolursa, bu halda yalnız nəcisin dəydiyi yer nəcis olur. Buna görə əgər siçanın füzləsi (zılı) ona düşərsə, sadəcə onun düşdüyü yer nəcis, qalan hissəsi isə pakdır.
Məsələ 124: Milçək və ya ona bənzər həşərat yaş olan nəcis bir şeyin üzərinə qonduqdan sonra, uçub yenə yaş olan pak bir şeyin üzərinə qonarsa, insan da onun özü ilə birlikdə nəcasat daşıdığını bilsə, o pak şey də nəcis olur. Əgər bilməsə, pakdır.
Məsələ 125: Bədənin tərləmiş olan bir yeri nəcis olduğu halda, tər oradan bədənin ayrı hissələrinə yayılarsa, tərin yayıldığı yerlər nəcis olar. Əgər tər başqa bir yerə yayılmazsa, bədənin digər hissələri pakdır.
Məsələ 126: Burun və boğazdan gələn qatı bəlğəmin içində qan varsa, qan olan hissələri nəcis, digər hissələri isə pakdır. Buna görə əgər bu bəlğəm ağızın və burunun xaricinə dəyərsə, bəlğəmin nəcis hissələrinin toxunduğuna yəqin edilən yerlər nəcis, şəkk edilən yerlər isə pakdır.
Məsələ 127: Dib tərəfi deşik olan aftafanı nəcis bir yer üzərinə qoysalar, əgər aftafanın suyu sızarsa və onun altında aftafadakı su ilə bir sayılacaq şəkildə su toplanırsa, aftafanın suyu nəcis olur. Amma əgər aftafanın suyu təzyiqlə axmaya davam edərsə, nəcis olmaz.
Məsələ 128: Bədənə daxil olaraq nəcasətə dəyən bir şey, bayıra çıxdıqdan sonra nəcasətə bulaşıq olmazsa pakdır. Buna görə ğait məxrəcinə daxil edilən imalə aləti və ya onun suyu və yaxud bədənə batan iynə, bıçaq və buna bənzər şeylər, xaricə çıxdıqdan sonra nəcasətə bulaşıq olmazsa, nəcis deyildir. Həmçinin içəridə qana dəyən ağız suyu və burun suyu, bayıra çıxdıqdan sonra qana bulaşıq olmadığı halda, eyni hökmü daşıyır.

NƏCASATIN HÖKMLƏRİ
Məsələ 129: Qur’anın yazısını və eləcədə hörmətsizliyə səbəb olduqda vərəqini nəcis etmək haramdır. Əgər nəcis olsa, gərək dərhal suya çəkilsin. Hətta vacib ehtiyata əsasən hörmətsizlik olmasa da nəcis etmək haram və suya çəkmək vacibdir.
Məsələ 130: Əgər Qur’anın cildi nəcis olsa və bu, Qur’ana hörmətsizlik hesab edilsə, onu suya çəkmək lazımdır.
Məsələ 131: Qur’anı qan və murdar kimi eyni nəcisin üstünə qoymaq eyni nəcis quru olsa da ona hörmətsizlik olduğu halda, haramdır.
Məsələ 132: Nəcis mürəkkəblə Qur’an yazmaq, hətta bir hərf olsa belə, onu nəcis etmək kimi bir şeydir. Əgər yazılmışdırsa, ya suya çəkməklə, yonmaqla, ya da buna bənzər bir yolla həmin yazı aradan qaldırılmalıdır.
Məsələ 133: Əgər Qur’anın vərəqi, yaxud Allahın, Peyğəmbərin (s.ə.v.v) və imamların adı üstünə yazılan kağız kimi, hörməti vacib olan şey tualetə düşsə, hərçənd xərci də olsa onu çıxartmaq və suya çəkmək vacibdir. Əgər onu çıxartmaq mümkün deyilsə, vərəqin tamamilə aradan getməsinə yəqin etməyənə kimi o tualetə getmək olmaz. Həmçinin tualetə türbət düşsə və çıxardılması mümkün olmasa, tamamilə aradan getməsinə yəqin edilməyənə kimi oraya getmək olmaz.
Məsələ 134: Nəcis olan bir şeyin həm yeyilib-içilməsi, həm də başqasına yedirdilib-içirdilməsi haramdır. Amma uşaq və dəliyə yedirdilməsi zahirən caizdir. Yenə əgər uşağın və dəlinin özü, nəcis olmuş bir yeməyi yeyərsə və ya əli ilə yeməyi nəcis etdikdən sonra yeyərsə, onun qarşısını almaq lazım deyil.
Məsələ 136: Paklanması mümkün olan nəcis bir şeyi satmağın və ya başqasına icarəyə verməyin eybi yoxdur. Amma aşağıdakı iki şərtlə qarşı tərəfə o şeyin nəcis olduğunu deməlidir:
1. Tərəfin (alıcının), şər'i təkliflə müxalifət etməsi gözlənilərsə, məsələn, onu yeməkdə və içməkdə işlədəcəyi bilinərsə, (ona bildirməlidir). Amma əgər belə olmazsa deməsi lazım deyil. Məsələn, tərəf (alıcı, icarəçi) onunla namaz qılmaq istəsə, ona libasının nəcis olduğunu bildirməsi lazım deyil. Çünki, libasın pak olması real şərt deyildir.
2. Tərəfin, onun sözünə e’tina edəcəyinə ehtimal verməlidir. Amma əgər tərəfin onun sözünə e’tina etməyəcəyini bilirsə, söyləməsi lazım deyil.
Məsələ 137: İnsan, birisinin nəcis bir şeyi yediyini və ya nəcis libasla namaz qıldığını görsə, ona deməsi lazım deyil.
Məsələ 138: Əgər evinin və ya xalçasının bir yeri nəcis olan bir kimsə, onun evinə girən şəxslərin bədən, libas və ya başqa bir şeylərinin rütubətli olaraq o nəcis yerə dəydiyini görsə, onda onun özü buna səbəb olmuşsa, əvvəlki məsələdə açıqlanan iki şərtlə məsələni onlara deməlidir.
Məsələ 139: Əgər ev sahibi, yemək yeyən zamanda yeməyin nəcis olduğunu anlayarsa, yuxarıdakı məsələdəki ikinci şərtlə vəziyyəti qonaqlara deməlidir. Amma qonaqlardan biri başa düşsə, digərlərinə söyləməsi lazım deyil. Lakin onlarla müəyyən şəkildə bağlı olub onlara söyləmədiyi halda özünün də nəcis olaraq lazım hökmə müxalifət etməyə mübtəla olacağı halda, söyləməsi vacibdir.
Məsələ 140: Əgər insanın kirayə etdiyi bir şey nəcis olarsa, 136-cı məsələdə keçən iki şərtlə, onun sahibinə söyləməlidir.
Məsələ 141: Əgər uşaq, bir şeyin nəcis olduğunu və ya nəcis bir şeyi yuduğunu söyləyərsə, sözü qəbul edilməməlidir. Amma müməyyiz və pak-nəcisi yaxşı-yaxşı dərk edən bir uşaq bir şeyi yuduğunu söyləyərsə, əgər o şey onun istifadə etdiyi bir şey olsa və ya onun sözündən insana xatircəmlik gəlsə, sözü qəbul edilməlidir. Həmçinin bir şeyin nəcis olduğunu söyləyərsə yenə də hökm eynidir.

MÜTƏHHİRAT
Məsələ 142: On iki şey nəcasatı pak edir. Bu şeylərə mütəhhirat (pak edicilər) deyilir: 1. Su. 2. Torpaq. 3. Günəş. 4. İstihalə. 5. İnqilab. 6. İntiqal. 7. İslam. 8. Təbiyyət. 9. Eyni nəcasətin aradan getməsi. 10. Nəcis yeyən heyvanın istibrası. 11. Müsəlmanın (bir müddət) gözdən qeyb olması. 12. Başı (şəriət qaydaları əsasında) kəsilən heyvandan bir miqdar qan axması.
Bunların hökmləri gələcək məsələlərdə geniş şəkildə açıqlanacaqdır.

1. Su
Məsələ 143: Su, nəcis bir şeyi dörd şərtlə pak edər:
1. Su saf (mütləq) olsun, gülab suyu və söyüdün suyu kimi, muzaf olan su nəcis şeyi pak etməz.
2. Pak olsun.
3. Su, nəcis şeyi yuyarkən muzafa çevrilməsin və təkrar yumanın lazım olmadığı halda son yuyulmada su nəcasatın qoxu, rəng və ya dadını özünə almasın; amma ondan qabaqkı yuyulmalarda dəyişməsinin bir zərəri yoxdur. Məsələn, iki dəfə yuyulması lazım olan bir şeyi, kürr və ya az su ilə yuduqda, birinci yuyulmada su dəyişsə də, ikinci dəfə dəyişilməmiş su ilə paklasalar, o şey pak olar.
4. Nəcis şeyi yuduqdan sonra, onda eyni nəcisin kiçik zərrələri qalmamalıdır. Nəcis şeyin az su, yə’ni kürrdən az olan su ilə paklanmasının digər şərtləri də vardır ki, onlar daha sonra açıqlanacaq.
Məsələ 144: Nəcis qabın iç hissəsi, az su ilə üç dəfə yuyulmalıdır. Həmçinin ehtiyat vacib olaraq kürr, axar suda da və yağış suyunda üç dəfə yuyulmalıdır. Amma içərisində itin su və ya buna bənzər axıcı bir şeyi yediyi qaba, əvvəlcə pak torpaq sürtülməli, torpaq təmizlənib aradan aparıldıqdan sonra az, kürr və ya axar suda iki dəfə yuyulmalıdır. Həmçinin, itin yaladığı qab yumaqdan qabaq torpaqla sürtülməlidir. İçinə itin ağzının suyu töküldüyü yaxud bədəninin bir yeri toxunan qabın da ehtiyat lazım olaraq əvvəlcə torpaqla sürtülməsi və sonra üç dəfə su ilə yuyulması lazımdır.
Məsələ 145: İtin ağzını sürtdüyü qabın ağzı dardırsa, əvvəlcə içinə torpaq töküb o qabın içinin hər tərəfinə torpaq çatıncaya qədər şiddətlə silkələməli və sonra qeyd edildiyi şəkildə yuyulmalıdır.
Məsələ 146: Donuzun yaladığı və ya içində axıcı bir şey içdiyi və yaxud içində çöl siçanı öldüyü qab az, kürr və ya axar suda yeddi dəfə yuyulmalıdır; torpaqla sürtülməsi lazım deyil.
Məsələ 147: Şərabla nəcis olan qab kürr, ya, axar və ya bu kimi sularla olsa belə 3 dəfə yuyulmalıdır. Müstəhəbb ehtiyat budur ki, yeddi dəfə yuyulsun.
Məsələ 148: Nəcis palçıqdan hazırlanmış və ya nəcis su, hopmuş kuzə əgər axar su və ya kürr suya buraxılarsa, suyun dəydiyi hər yer pak olur. Onun içini də paklamaq istəsələr, kürr su və ya axar suda su hər tərəfinə dəyincəyə qədər qalmalıdır. Əgər o qabda onun içinə suyun toxunmasına mane olan bir rütubət varsa, qabaqca onu qurudub sonra axar və ya kürr suya qoymaq lazımdır.
Məsələ 149: Nəcis qabın az su ilə iki şəkildə yuyulması mümkündür:
1) Üç dəfə doldurub boşaltmaqla;
2) Üç dəfə içərisinə bir az su tökülür, hər dəfəsində su, qabın nəcis olan hər yerinə çatacaq şəkildə çalxalanıb çölə tökülür.
Məsələ 150: Qazan və xum kimi nəcis olmuş böyük bir qab su ilə doldurulub-boşaldılmaqla pak olur. Həmçinin, əgər ona yuxarıdan aşağıya doğru hər tərəfinə yetişəcək şəkildə üç dəfə su töksələr və hər dəfəsində dibində toplanan suyu çıxarıb atsalar pak olur. Suları kənara çıxarmaq üçün işlədilən qabın ikinci və üçüncü dəfəsində yuyulması ehtiyat müstəhəbbdir.
Məsələ 151: Əgər nəcis mis və ona bənzər şeyləri əridib sonra suya çəksələr, onun zahiri pak olur.
Məsələ 152: Bövl ilə nəcis olan təndirə, hər tərəfinə yetişəcək şəkildə yuxarıdan aşağıya doğru bir dəfə su tökərlərsə, pak olar. Amma bu işin iki dəfə görülməsi ehtiyat-müstəhəbbdir. Bövldən başqa bir şeylə nəcis olmuşdursa, nəcasatın özü aradan qaldırıldıqdan sonra, qeyd edildiyi şəkildə üzərinə bir dəfə su tökülməsi kifayətdir. Suların cəm olması üçün təndirin dibində bir çuxur qazıb, orda yığılan suları çıxardıqdan sonra, o çuxuru pak torpaqla doldurmaq daha yaxşıdır.
Məsələ 153: Nəcis bir şey, nəcis olan yerlərin hər tərəfinə su çatacaq şəkildə, kürr və axar suya bir dəfə salınarsa, pak olar. Xalça, libas və buna bənzər şeyləri sıxmaq, tapdalamaq lazım deyil. Amma bədən və ya libas bövl ilə nəcis olmuşdursa, kürr suda iki dəfə yumaq lazımdır. Amma cari (axar) suda bir dəfə yumaqla pak olur.
Məsələ 154: Bövl ilə nəcis olan bir şeyi az su ilə yumaq istəsələr, əgər bir dəfə üzərinə su tökülüb ondan su ayrıldıqdan sonra, o şeydə bövl qalmazsa, pak olur. Amma libas və xalçanın pak olmaları üçün onların üzərinə iki dəfə su tökülməsi lazımdır. Ancaq libas, xalça və bunlara bənzər şeylər az su ilə yuyulduğu təqdirdə, ğüsalənin çıxması üçün sıxılması lazımdır (Ğüsalə, yuyulan bir şeydən, yuyulduğu zaman və ya ondan sonra, öz-özünə və ya sıxılmaq nəticəsində, normal olaraq ayrılan suya deyilir).
Məsələ 155: Yemək yeməyə başlamamış, südəmər oğlan və qız uşağının bövlü ilə nəcis olan bir şeyin üzərinə, nəcis yerlərin hər tərəfinə yetişəcək şəkildə bir dəfə su tökülsə, hərçənd su az da olsa, pak olar. Amma ikinci dəfə üzərinə su tökmək müstəhəbb-ehtiyatdır. Libas və xalça kimi şeyləri sıxmaq da lazım deyil.
Məsələ 156: Bövldən başqa bir nəcisə bulaşan şeyin üzərinə, nəcis aradan aparıldıqdan sonra bir dəfə az su tökülərsə, su ondan axıb ayrıldıqdan sonra pak olar. Amma libas və buna bənzər şeyləri sıxaraq ğüsaləsini çıxarmaq lazımdır.
Məsələ 157: Əgər iplə toxunmuş nəcis bir həsiri kürr və ya axar suya salsalar, eyni nəcis aradan aparıldıqdan sonra pak olur. Amma onu az su ilə yumaq istərlərsə, mümkün olan bir yolla, tapdalamaqla olsa belə, sıxılaraq ğüsaləsi çıxarılmalıdır.
Məsələ 158: Əgər buğda, düyü, və buna bənzər şeylərin zahiri nəcis olarsa, kürr və ya axar suya salınarsa, pak olar. Onları az su ilə də paklamaq olar. Amma içləri nəcis olsa, kürr və ya axar su onların içinə dəysə, pak olar.
Məsələ 159: Əgər sabunun zahiri nəcis olsa, onu paklamaq olar. Amma əgər onun içi (batini) nəcis olsa, onu paklamaq mümkün deyil. Əgər insan, nəcis suyun içinə işləyib-işləmədiyində şəkk edərsə, onun içi pakdır.
Məsələ 160: Əgər düyü, ət və bunlara bənzər şeylərin zahiri nəcis olsa onları pak bir qaba qoyaraq, üzərinə bir dəfə su töküb boşaltsalar, pak olur. Amma nəcis bir qaba qoyarlarsa, bu işi üç dəfə təkrarlamaq lazımdır. Bu zaman qab da pak olur. Əgər libas və buna bənzər sıxılması lazım olan bir şeyi qabın içərisində yumaq istərsələr, üzərinə su töküldüyü hər dəfəsində sıxılmalı və qabı əyərək içərisində cəm olan ğüsaləsi tökülməlidir.
Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin