KİYEVDƏ MİLLƏTLƏR QURULTAYI
Millətlər qurultayı haqqında əvvəlcə qəzetlərdən iqtibasla bir parça məlumat vermişdik. Bu kərə mühərrirlərimizdən Yusif bəy Vəzirovdan aldığımız təfsilatı aşağıda dərc ediriz.
Sentyabrın səkkizində qurultay təntənəli surətdə açıldı. Lakin gözlənən vəkillərin çoxu gəlməmişdi, cəmi 93 nümayəndə var idi. Ukrayna Mərkəzi Radası tərəfindən çağırılan bu qurultaya gərək Rusiyada sakin bütün millətlər vəkillər göndərəydi. Rada 35 dəvətnamə göndərmişdi. Hər millət sayı və oturduğu toprağın böyüklüyünə baxmayaraq, on nümayəndə göndərməyə ixtiyarlı idi. Həqiqətdə isə ancaq litvalılar, latışlar, estonlar, Ukrayna polyakları, belaruslar, rumınlar, gürcülər, qazaxlar, yəhudilər, ukraynalılar, Krım türkləri və Azərbaycan türkləri qurultayda iştirak edirdilər. Nümayəndə göndərməyənlər finlər, ermənilər və Volqaboyu tatarları, türküstan[lı]lar, qırğızlar, başqırdlar, polyaklar və qeyriləri idi. (…)2)
Əvvəl dörd gününü qurultay salam və təbrik nitqlərinə həsr elədi. Ən əvvəl nitq söyləyən qurultay müəssisi Mərkəzi Rada sədri professor Qruşovski oldu. Ədəmi-mərkəziyyət yolunda baş ağardan ukraynalıların mürşidi xütbə kürsüsünə çıxdıqda sürəkli alqışlar qopdu (Professordan sonra hökumət nümayəndəsi Slavinski danışmış ki, bunların nitqi vaxtilə Kiyev qəzetələrindən “Açıq söz”ə nəql edilmişdir). Müsəlmanlar tərəfindən nitq söyləyənlər bunlardır: Əminə xanım Şabarov, Aişə xanım İshaqov, Özbənaşlı, Müzəffərov, İdrisov, Şəfi bəy Rüstəmbəyov, Mustafa bəy Vəkilov, Cahangir Həmzəyev və Yusif Vəzirov.
Qurultay müsəlman xanımlarının nümayəndəsi Əminə xanım “sabiqdə qul olub, hal-hazırda hürriyyət sayəsində azad olmuş müsəlman xanımlarından” qurultaya salam yetirir. Sonra Əminə xanım Krım xanımlarının camaat yolunda gördüyü işlərdən nəql eləyir: “Kəndlərdə məktəblər açırlar, camaatı hazırkı övzai ilə tanış edirlər”, – deyir. Nitqinin axırını xanım əfəndi böylə qurtarır: “27 fevralda hürriyyət yolu açıb şəhid olan qəhrəmanların ruhu şad olsun!”
Krım Müəllimlər İttifaqının nümayəndəsi Aişə xanım uzun nitqi zamanında dəfələrlə alqışlanır. “Hər millət, – xanım əfəndi söyləyir, – öz vətənini, öz ölkəsini öz əlinə almaq zamanı gəldi. Bizi imdiyə qədər göz açmağa qoymurdular, deyirdilər, siz dinməyin, siz mədəni deyilsiniz. Məgər bizi müdhiş Avropa davasına gətirənlər mədənidirlərmi? Rus hökuməti bizi gah Balkana çəkirdi, gah istəyirdi İstanbulda Ayasofya məscidinin üstə xaç qondarsın. Amma içəridə öz işimiz başına qalmışdı. Ona qulaq asan yox idi”.
Xanım əfəndi sonra Avropa müharibəsinə dair danışır: “Biz güc ilə cavanlar böyüdürük, bəsləyirik. Camaatımıza lazım olan zamanı götürüb göndərirlər müharibəyə. Nə üçün? Onun üçün ki, almanlar ilə ingilislərin bazar üstə sözləri çəp gəlib”.
Sonra natiq Krım tatarlarının çar hökuməti tərəfindən başına açılanları nəql eləyir və axırda: “Rusiyada gərək hər millətin müqəddəratına meydan verilsin. Onda imdiki maska əvəzində Rusiyanın hər guşəsi öz simasına, öz gözəlliyinə malik olar” – deyə nitqini tamam edir.
Öznabaşlı cənabları Krım tatarlarının keçmişinə və hal-hazırına dair yazılmış şairanə bir məruzəni oxuyur. Cənab Müzəffərov Kazan Müsəlman Hərbi Komitəsi tərəfindən qurultayı təbrik edib, müsəlman əsgərlərinə dair söz açır. Onların həmişə nökərçilik, işbazlıq, mehtərlik qulluqlarına təyin olmalarını söyləyir. Və bunların səbəblərini saldatların rus dili bilməməyində görür.
Cənab İdrisov Krım müsəlman alaylarına dair danışır: “Biz tatar polkları düzəldib cəbhəyə göndəririk”, – deyir, – “komandanlarsa onları dağıdıb, ruslar ilə qarışdırır”. Sonra cənab İdrisov köhnə rus hökumətinin məhkum millətlərə olan əlaqə və rəftarından söz açır.
Qafqaz vəkili Şəfi bəy Rüstəmbəyov cənabları türk ədəmi-mərkəziyyət Müsavat firqəsinin məqsədlərini nəql eləyir. Sonra yeni müvəqqəti hökumətdən şikayətdə bulunur: “Qafqazda və Türküstanda böyük həlakətlər baş verir, hədsiz-hesabsız müsəlmanlar tələf olur. Hökumət bu fəlakətlərə qarşı bir iş görmür”, – deyir.
O biri Qafqaz vəkili cənab Mustafa bəy Vəkilov hürriyyətin qorxulu halını təsvir edir. Natiq qorxur ki, yenə Kornilov əhvalı yenidən baş verə. Ona görə ən əvvəl hürriyyəti mühafizə etməyi tövsiyə eləyir. Sonra Qafqaz müsəlmanlarına dair danışıb, deyir ki, biz məclisi-müəssisanı gözləyirik və gələcək Rusiyanı düzəltdikdə rus demokratları ilə əlbir iş görəcəyik.
Kiyev Tatar Komitəsinin nümayəndəsi Cahangir Həmzəyev cənabları deyir ki, biz ədəmi-mərkəziyyət istədikdə Rusiyadan ayrılmaq istəmirik. Onun millətləri ilə bir yerdə yaşamaq istəyirik. Köhnə hökumət Qafqazda bizə “tatar” deyirdi, qorxurdu ki, türklüyümüzü bilib, osmanlılara bitişək. Lakin biz heç vədə bu fikrə düşməmişik.
Kiyev Müsəlman Hərbi Komitəsinin vəkili Yusif Vəzirov deyir: “Sizə yəqin qəribə gəlir, niyə bizim milliyyətimiz deyil, ən əvvəl müsəlmanlığımız qabağa gəlir: “Müsəlman komitəsi, müsəlman nümayəndəsi”… Natiq tarixi dəlillər ilə bunun səbəbini qurultaya məlum edir. Deyir: “Rus hökuməti İoan Qroznıdan tutmuş axırkı Nikolayadək zahiri və daxili siyasətini islamı yox eləməyə işlədirdi. Kazan, Astraxan, Sibir, Krım, Qafqaz və Türküstan xanlıqlarının uçurulması, osmanlı müharibələri, Balkanda və İranda yeridilən siyasətlər buna dəlil ola bilərlər. Rusiyanın zahiri siyasəti kimi daxili siyasəti də Rusiyada yaşayan müsəlman millətlərini məhv və tabe etməyə çalışırdı”. Natiq Rusiya müsəlmanlarının köhnə idarə zamanında çəkdiklərini müfəssəl nəql eləyib, deyir: “Hökumət türk, tatar, başqırd və qeyrə deməyirdi, müsəlman deyə hamısına qarşı bir alət, yox eləmək aləti işlədirdi. Bu səbəbdən islamlıq bayrağının altına toplaşıb, zərbələrə qarşı durduq.”
Sonra Yusif Vəzirov hərbi komitənin fəaliyyətindən danışıb deyir: “Müsəlman Hərbi Komitəsindəki əsgərlər arasında Rusiyada yaşayan türk, tatar qövmlərinin hamısından var; bunların içində biri yoxdur ki, ədəmi-mərkəziyyət tərəfdarı olmasın. Bu fikri bu sadə əsgərlərdə yetişdirən xalqın salamət əqli olubdur. Çünki köhnə idarənin səhv və xətalarını əbədilik yox eləyib, Rusiya qövmlərinə xoşbəxt yaşayış bəxş eləsə, ancaq ədəmi-mərkəziyyət edəcək.”
Qurultayın aldığı qərarlara görə, Kiyev şəhərində (lazım olsa, özgə yerə də keçirmək şərtilə) bir Millətlər Şurası təşkil olunur (müfəssəl qərarlarda yazılmışdır). Bu şuraya bəzi millətlər namizədlərini yazdırdılar. Azərbaycan vəkilləri də bu şuraya iki adam adı qeyd elədilər: biri doktor Əli bəy Əlibəyov, o birisi yurist Yusif Vəzirov.
Yusif Vəzirov
Dostları ilə paylaş: |