MİLLƏTLƏR QURULTAYINDAN
ALDIĞIM TƏSİRLƏR
Kiyevin Pedaqogika Muzesinin salonunda millətlər nümayəndələrinə ötəri bir nəzər atdıqda da Rusiyada ədəmi-mərkəziyyət fikrinin tarixi aydınca müşahidə olunur. Bu fikrin doğulduğu çoxdandırmı? Bunu da vəkillərin qiyafəsindən bilmək olar. Ukraynanın qoca mürşidinə bir nəzər yetirək: saç-saqqalı ağappaq qar kimidir. Vəkillərin içində bundan yaşlısı yoxdur. Ukraynanın mürşidi qoca olan kimi, ədəmi-mərkəziyyət fikri də orada qocadır. Bu yolda ukraynalılar çoxdan işləməyə başlayıblar və bu fikri qüvvədən felə çıxatmaq üçün çox qurbanlar veriblər.
Götürək Litva və latış vəkillərini. Bunlar da cavan deyillər, alınlarının qırışında uzun mübarizələr[in] izi görünür. Həqiqətdə də nitq və məruzələrindən görürük ki, bunlar da ədəmi-
mərkəziyyət fikrini çoxdan başlayıblar.
Nəcib gürcü nümayəndəsinin də tüklərinə ağ qarışıb. Bilirik, ayıq qonşumuz da ədəmi-mərkəziyyət fikrinin nə dərəcə millətə xeyirli olmağını çoxdan düşünürmüş.
Nitqlərindən məlum olur ki, bu sayladığım millətlər bir-birinin hərəkət və məsləkindən köhnə idarə zamanından xəbərdar imişlər, işıqlı gün üçün çalışırmışlar. Biz isə bunlardan bixəbər imişik. Bu sözlər sübut istəməz.
Qurultaydakı vəkillərimiz hamısı cavan, yeniyetmədirlər. Vəkillərimiz cavan olan kimi, ədəmi-mərkəziyyət fikri də aramızda cavandır. Lakin lənət heçə, gec başlamışıqsa da, başlamışıq. Cavan vəkillərimizin sözləri, meylləri, gələcəyə nəzərləri, möhkəm ruhları parlaq ümidlər doğururlar. Gec başlamışıqsa da, nəticələr bəzi yerlərdə gözəl meyvələr verir. Cürətli və fürsəti keçirməyən krımlı qardaşlarımız milli təşkilat vasitəsilə millət işini tamam öz əllərinə alıblar.
Krım vəkili sevinc ilə vəqf mülklərini hökumətdən geri qaytarmaqlarını nəql eləyir. Doğrudan da, sevinməli bir hal! Bu müzəffəriyyət dövlətindən Krım camaatının əlinə bir milyon manat pul və səkkiz yüz min desyatin topraq düşüb. Bu pul və topraq ilə Krım türkləri qeyri milli məsələlərin həllinə daha da asanlıq ilə nail olacaqlar. Daha köhnə idarə zamanı kimi türklər topraqsızlıqdan şikayət edə-edə vətənlərindən diyarbədiyar düşməyəcəklər. Bu ədəmi-mərkəziyyət fikrinin bir meyvəsi!
Əsgərlər vəkili Krımın milli alaylarından danışır. Bu da ikinci meyvə. Hal-hazırkı Rusiyada “başlı başını gözləsin” zamanıdır. Millətin də başını gözləyən onun milli qoşunu olar. Yaşadığımız qarışıqlıq içində vay o millətin halına ki, qolunun zoruna inanmır, öz gücünə bel bağlamır!
Müvəqqəti hökumətin nümayəndəsi açıqcasına söylədi: “Ədəmi-mərkəziyyət üzrə qurduğunuz binaya hökumət mane olmur”. Bu sözləri sadə bir dilə tərcümə eləyəndə nə çıxır? Bu çıxır ki, cəmi milli məsələlərimizi həll eləməliyik, heç bir tərəfdən izn və rüxsət gözlə[nil]məməlidir.
Qurultayda natiqlərin biri dedi: “Deyirlər, Rusiyada hökumət var. Gündə bir adam gəlib, biri gedir. Buna biz hökumət deyə bilmərik”. Doğrudan da, hər məsələnin həllini hökumətdən və ya onun rüxsətindən gözləmək olmaz. Hökumətin başı o qədər qarışıqdır ki, millətlər işini islah eləməyə vəqti yoxdur. Odur ki, hər millət milli avtomobilinin dəstəyini öz əlinə alıb, xahiş elədiyi yol ilə sürür. Böylə də gərək olsun. Hər avtomobilin bir xasiyyəti var və o da yiyəsinə məlumdur. Özgə adam dəstəyi əlinə alarsa, maşını aşırar və içindəkiləri tələf elər.
Bizim aramızda Məclisi-Müəssisana çox ümidlər bağlayıb, onu gözləyirlər. Millətlərin səsi isə bizimkinə əsla bənzəmir. Bir vəkil söylədi: “Məclisi-Müəssisan, kim bilir, nə vaxt olacaq, olsa da, nə qərarlar çıxardacaq. Yaxşısı budur ki, biz öz işimizi keyfimiz istəyən kimi görək, sonra məclis qabağına çıxaq. Onda məclisin əmri-vaqeə deyəcək sözü olmaz”.
Bu sözlərin nə qədər doğru olduğu göz qabağındadır. Bir vaxt ukraynalılara hamı söyürdü, deyirdilər: “Hara tələsirsiniz, budur, Məclisi-Müəssisan gəlir, hamıya öz payını verər”. Məclisi-Müəssisan vaxtında gəlmədi. Ukrayna öz payını götürüb oturdu kənarda. İmdi hamı ukraynalıların müvəffəqiyyətlərini alqışlayırlar. Hökumət də bu saat onların ehtiramını gözləyir. Hal-hazırda Ukrayna millətinin imarəti tikilib qurtarır. Əlbəttə, Məclisi-Müəssisan onu tərpətməyə belə cürət eləməyəcək.
Rusiya türkləri arasında krımlıların xəta hərəkətləri artıqdır: nəqdi qoyub, nisyəyə getmirlər.
Bəzi batil fikirlər var ki, guya hər millət öz yükünü tutmaq ilə Ümumrusiya işlərinə xətər yetirir. Biləks, hansı millət öz yükünü bu saat dutmasa, Ümumrusiyaya kömək əli uzatmır. Çünki hal-hazırda Rusiyada işlər bir-birinə böylə qarışıbdır ki, dövlət ipi böylə dolaşıq və pırtdaşıq düşübdür ki, bunu açmağa mərkəziyyət idarəsi acizdir. Get-gedə hal pərişanlaşır. Dövlətin divarlarına zahir tərəfdən almanlar balta çalırlar, iç tərəfdən də başsızlıq və nizamsızlıq. Barışıq və sülh məsələsi də hələ nəzərə gəlmir. Dava uzanır və lap da uzana bilir. Dava uzandıqda da xalqın yemək və geymək məsələsi daha da müşkülləşəcək, hər şeyin qiyməti birə beş, on, on beş və daha artıq olacaq. Bu müsibət hər yerdən artıq Rusiyanın ətraf vilayətlərində baş verə bilər. Qafqaziya və Türküstan ağır günlər və aylar çəkə bilər.
Məsələ o qədər aydındır ki, bunu görməyə bir o qədər də durbinlik lazım deyil. Böylə olan surətdə çarə aramalıdır. Çarə də varsa, o da ədəmi-mərkəziyyətdədir. Hər millət öz işini öz əlinə alıb ölkəsində nizam və qayda yapmalıdır. “Lalın dilini anası bilər”, – deyirlər. Qafqaziyalıların dilini gərək Qafqaz başa düşsün, türküstanlılarınkını Türküstan və qeyrə. Üzləri Peterburqa döndərib oradan çarə gözləməməli, çünki Peterburq öz başı həşirinə qalıbdır.
Yusif Vəzirov
Dostları ilə paylaş: |