K. Bünyadzadə Gəncliyin fəlsəfəsi Bakı – 2009 Könül Yusif qızı Bünyadzadə



Yüklə 2.18 Mb.
səhifə1/10
tarix15.05.2017
ölçüsü2.18 Mb.
  1   2   3   4   5   6   7   8   9   10



K.Bünyadzadə


Gəncliyin

fəlsəfəsi


Bakı – 2009

Könül Yusif qızı Bünyadzadə

Gəncliyin fəlsəfəsi

Bakı, ­­­­“Nurlar”, Nəşruyyat Poliqrafiya Mərkəzi, 2009, 256 səh.
İki hissədən ibarət olan bu kitabın birinci hissəsində gənc­­liyə xas bir sıra keyfiyyətlərin fəlsəfi təhlili verilir, hər bir his­­sin, duy­ğu­nun primitiv səviyyədən ən ali dərəcəyə qə­dər yük­­­­səl­mə­si­, bu yolda hansı mərhələlərdən keç­mə­si izlənir, cə­miy­­­yətin gənclərin həyatında oynadığı rol araşdırılır. Gəncliyin öz hikmətinin, öz har­mo­ni­ya­sının, öz qanunlarının olması fik­ri­ni əsaslandırmaq üçün həm klassik, həm də mü­asir dövrün Şərq və Qərb filosflarına, şairlərinə müraciət edilmişdir.

Kitabın ikinci hissəsi isə ictimai həyatın və onun ayrı-ayrı hadisələrinin elmi məqalələr, fəlsəfi esse və hekayətlər vasitəsilə özünəməxsus təhlilindən ibarətdir.



Kitab geniş oxucu kütləsi, xüsusilə gənclər üçün nəzərdə tutulmuşdur.


İSBN: 978-9952-450-28-6
”K.Bünyadzadə”, 2009
Müəllifdən
Hər kitab, həcmindən asılı olmayaraq, müəllifin öz oxu­­cusuna demək istədiyi bir sözdür. Zamanından, mə­ka­nın­­dan, şəraitdən asılı olaraq bu söz müxtəlif formalarda de­­yilə bildiyi kimi, müxtəlif də qəbul edilir. Yəni hər sözün bir neçə baxış bucağı var. Bu bucağı təyin edən isə ruhun və tə­­fəkkürün səviyyəsidir.

«Gənc» sözü fars dilindən tərcümədə (ﮔﻨﺞ ) «xəzinə, özündən sonra zəngin irs qoymaq», – deməkdir. Görünür, öm­­rün ən parlaq illəri, həyat enerjisinin aşıb-daşdığı vaxt­lar, istedadın, potensialın kəşf olunduğu dövr təsadüfən gənc­­lik adlandırılmır. Kitabın da məqsədi oxucuları məhz bu xəzinə ilə tanış etməkdir.

Xəzinəni, qiymətli daş-qaşları tapmaq, əldə etmək özü də asan iş deyil, amma onu cilalayıb için­dəki, mahiyyətin­dəki nuru, gözəlliyi aşkarlamaq daha böyük səy, us­ta­lıq, məharət tələb edir. Yəni hissin, emosiyanın bolluğu genetik istedadın özündə saxladığı zənginliyi, bu zənginliyin bərq vuran parıltısını ətrafa saçmaq üçün yetərli bir potensiala malik olsa da, hər halda onun cilalanmağa ehtiyacı vardır.

Təsadüfi deyildir ki, gənclər öz qəlbinin potensialını adətən sənət vasitələri ilə ifadə edirlər və bunların arasında poeziya yüksək ülvi duyğuların tərənnümü üçün ən uyğun vasitədir. Lakin bu zəngin duyğu potensialının sadəcə duyğu şəklində deyil, cilalanmış halda, yəni fikir, düşüncə, fəlsəfə səviyyəsində ifadə oluna bilməsi üçün, bir tərəfdən uzun illərin təcrübəsinə, digər tərəfdən də “zər qədrini bilən zərgərlərə”, ustadlara və nəhayət, zəmanənin, mühitin yetkinliyinə ehtiyac vardır.

Gənc-i «cilalayanlar» onu sıradan birinə də, bütün varlığının nu­ru ilə göz qamaşdıran mükəmməl bir sənət əsərinə və ya kamil bir İnsana da döndərə bilərlər.

Eyni zamanda, hər bir gənci ən qiymətli daşdan daha dəyərli edən bir amil də var ki, bu – ruhdur. Məhz ruhunun saldığı işıqla gənc öz ağlının gücünü hiss edər, iradəsi möh­kəmlənər, naqis bir varlıq, yoxsa kamil bir İnsan olmaq arasında düzgün seçim edə bilər.

İki hissəli «Gəncliyin fəlsəfəsi»ni iki ayrı-ayrı hissin ifa­­­dəsi də adlandırmaq olar. Birinci – gəncliyə kənar­dan, ob­­yektiv bir baxışdır. Burada söhbət çox az yaşamış, lakin elə gənc yaşlarından parlamağa başlamış, dünyadan tez köçsələr də böyük estetik-mənəvi xəzinə qoyub getmiş gənclərdən gedir. İkinci isə – gəncliyin sub­yek­tiv təq­di­matıdır. Birinci – keçilmiş təcrübələrin, yaşanmış ömürlərin təh­lili, ikinci – çıxarılmış nəticələrin təzahürüdür. Bi­rin­ci – həyatın hər üzünə dik baxan gözlərə və həqiqəti görən göz­lərdir, ikinci – onların gördüklərini görmək, yaşamaq və yaşatmaq cəhdidir.


I hissə

GƏNClİYİN
fəlsəfəsi







Ön söz

Qurani Kərimdə deyildiyinə görə, Allah yal­nız özü­nün bildiyi bütün adları insana da öyrətdi (Quran 2/31) və bu­nunla onu bütün yaratdıqları arasında ən qüdrətli et­di. İnsan elm­lər öyrənir, kəşflər edir, göyün əngin­lik­lə­ri­nə uçur, suların də­rinliklərinə enir və ruhuna öyrədilən hə­min adları (elmləri, hə­qiqətləri, bilikləri) «yadına salır». Bu­nunla yanaşı, insan Al­lah­dan öyrəndiyi həmin adlar­dan da­ha bir yerdə də istifadə edir: övladına ad qoyanda. Pey­ğəm­bər öz hədislərindən bi­rin­də müsəlmanlara belə bir məsləhət verir: «Övladlarınıza gözəl ad­lar qoyun». Hə­­­lə Ki­ta­bi Dədə Qor­qudda da xüsusilə vur­ğu­lan­dığı ki­mi, qə­dim­də adqoydu mə­rasimini məhz ağsaqqallar, dün­ya­görmüş şəxs­lər ke­çirir­miş. Hər kəs öz ruhuna, öz tə­bi­ə­ti­­nə uyğun ad da­şıyır, adı və özü bir-birini tamamlayır. Bu­nu dərk edən valideyn ad qoy­maqla bir növ öz öv­la­dı­nın taleyini yaz­mış olur və bu sə­bəbdən o, doğulan kör­pə­si qarşısında öz mə­suliyyətini dərk etməlidir. Yaxud bəlkə də hər ad artıq ya­zıl­mış bir taleyin valideynə mistik bir təl­qininin nəticəsidir? Bilən Allahdır.

Maraqlıdır ki, bu gün heç bir dərin məna daşı­ma­yan, sa­­dəcə səslənməsi gözəl olan adlar çoxalır və mü­va­fiq ola­raq… cə­miyyətdə də bir mənasızlaşma, səthiləşmə prosesi gedir.

Gənclik fəlsəfəsini adlarla bağlı düşüncələrlə baş­la­ma­­ğım təsadüf deyil. Bu fəlsəfənin qapıları ilk olaraq mə­nim üçün Ülviyə səbəb açıldı. Mən ülvi sözünün mənasını əv­vəllər bi­lirdim – ucalıq, saflıq. Lakin bu adın tarixçəsini öy­rənəndən son­ra yuxarıda dediklərimin həqiqət ol­du­ğu­na bir daha əmin ol­dum: hər insan öz adının canlı maddi tə­zahürüdür.


  
Ülvi Bünyadzadənin adı oxuculara müəyyən qədər ta­­nış­dır. Adı deyəndə mən onun şeirlərini, tərcümeyi ha­lını nə­zərdə tuturam. Yəni adının zahiri tərəfini.

«Ülvi» adının tarixçəsini və dolayısı ilə mahiyyətini Ülvinin atası nəql edir:

«Məndən həmişə soruşanda ki, bu adın mənası nə­dir? Ni­yə məhz Ülvi? Mən həmişə susurdum. Bilirdim ki, de­səm də inan­mazlar. Bir də, mənim üçün məhrəm, əziz olan bir şeyin baş­qası tərəfindən adi bir hadisə kimi qəbul edilməsini istə­mir­dim. Buna görə də, sualların üzərindən sa­dəcə gülüm­sə­mək­lə keçərdim. Əsl tarixçə isə budur.

Bu ad Ülvi doğulmamışdan çox illər əvvəl «doğu­lub». Alt­mışıncı illərin əvvəllərində. Mən Azərbaycan Neft və Kim­ya institutunun tələbəsi idim.

Həmin dövrü milli təfəkkürün oyanışı ilə sə­ciyyə­lən­dir­­mək olar. «Bütöv Azərbaycan» ideologiyası hər kəsin dü­­şün­cə­sini çulğalamışdı. Uzun illərdən sonra ilk dəfə mil­­­­li bayram olan Novruzun təntənə ilə qeyd edilməsi, hət­­ta uzaq Ame­ri­ka­da Con Kennedinin qətli də xalq ara­sında bir həyəcan, dir­çəliş yaratmışdı. O illər (1962-1964-cü illər) qışın sərt keçməsi, dəhşətli aclıq, çörəyin qıtlığı, ge­cədən tutulan növbələr belə in­san­ları ruhdan salmır, on­ların milli mənliyinin get-gedə daha artıq oyanmasına ma­ne ola bilmirdi.

Bu həyəcan gəncləri, xüsusilə tələbələri öz ağuşuna al­­mış­dı. Onlar ayrı-ayrı ziyalıların ətrafında birləşir, milli möv­­zu­da söhbətlər aparılır, müzakirələr keçirilirdi. Məsə­lən, Xəlil Rza Azərbaycan dilinin təmizliyini qorumaq üçün öz ətra­fın­da­kılara rus kəlməsi işlətməyi qadağan et­mişdi və bu qaydanı pozan 5 qəpik cərimə verməli idi.

Əlbəttə, cəmiyyət arasında milli ruhun, təfəkkürün get-ge­də aparıcı qüvvəyə çevrilməsi, ən əsası isə, bu oya­nı­şın, özü­nə­qayıdış prosesinin nəinki baş qaldırması, hətta sü­rətlə in­ki­şaf etməsi kimlərin isə xoşuna gəlmirdi və ona hər vasitələrlə ma­ne olurdular. Təzyiqlər göstərilir, hansı isə «bədbəxt hadi­sə­lər» baş verirdi. Təbii ki, tələbələr də bu «diqqətdən» kə­nar­da qalmırdılar. Onlar yataqxana­lar­dan, hətta institutlardan çı­xarılır, təqaüdləri kəsilirdi. Mə­­sələn, iki saat dərs buraxan tə­ləbə bir aylıq təqaüddən mər­­hum edilirdi. İki aylıq mər­hu­miy­yət isə artıq insti­tut­dan qovulmaq idi.

Mən də bu cərəyana qoşulmuşdum. Bütün günü şü­ar­lar, ça­ğırışlar, şeirlər yazırdım. Hətta olmuşdu ki, düz bir həftə dərs­dən də qalmışdım. Fakültəmizin dekanı, ge­o­logiya elmlər na­mizədi Faiq Bağırzadə yataqxanaya gə­lib mənim dərsdən qal­­mağımın səbəbi ilə maraqlandı və mə­ni dərsə qayıtmaq üçün xeyli dilə tutdu, ilk növbədə təh­silin tamamlanmasının da­ha vacib olduğunu izah elə­di. Sonra bütün qanunları po­zaraq mənim bir həftəlik qai­bimi gizlətdi və mən dərsə qayıtdım.

Həmin vaxtlar hərənin bir təxəllüsü var idi. Onda mən ÜLVİ sözünü tapdım. Lakin söz mənə elə bir sehrli tə­sir ba­ğış­ladı ki, mən onu bir təxəllüs kimi yox, xeyirxah, gö­zəl iş­lə­ri­min kodu olaraq təyinləşdirdim. Sözün mə­na­sı­nı dəqiq bil­mir­dim. Heç o adda adama da rast gəlmə­miş­dim. Düzdür, Ülvi Rəcəb adlı bir aktyorun olduğunu eşitmişdim, la­kin onun mə­nim ideyamla heç bir əlaqəsi yox idi. Ola bil­sin, nə vaxtsa oxu­duğum bir şeirdən mənim yad­daşıma həkk olunmuşdu. Mə­nasını sonralar öy­rən­dim. Yalnız onu bilirdim ki, o, mə­nim qəlbimin də­rin­­li­yin­­də məskun­la­şan, mənim ən saf, yüksək amal­la­rı­mı, əməl­­lərimi top­la­yan bir guşə, kod olacaq.

Təbii ki, mənim pis işlərimin də adı var idi, ancaq Ül­vi adı elə güclü, elə cazibəli oldu ki, onu unutdurdu.

Bu sözü heç bir yerdə işlətmirdim, sanki bir sehrli san­dıq idi, ora hər kəsdən gizli, ən yaxşı şeylərimi yı­ğır­dım. Onun var­lığından kiminsə xəbər tutmasını istəmir­dim. Bir dəfə ins­ti­tut­da şahmat yarışı keçirilirdi. Orada bir tələbə ilə tanış ol­dum. Adı Ülvi idi. Sonralar öyrəndim ki, o, tanınmış bir akademikin oğludur. Çox gözəl, meh­riban, tərbiyəli bir oğlan idi. Elə bil mənim düşün­cəm­dəki Ülvi qarşımda canlanmışdı. Qıs­qandım. Mənə elə gəldi ki, o, mənim ideyamın bir hissəsini mə­nimsəyib. Tez ondan aralandım, sanki ideyamın, sirrimin tam oğur­lan­masından qorxdum və çalışdım bir də onunla rastlaş­ma­yım.

Qeyd etdiyim kimi, milli dirçəliş hərəkatı maneəsiz ötüş­mür­dü. Belə tədbirlərdə iştirak edən tələbələrə qarşı cid­di təd­bir­lər görülürdü, hər yerdə xəbərçilər var idi. Be­lə bir «agen­tin» xidməti sayəsində mən də yataqxanadan qo­vuldum, an­caq buna baxmayaraq, işlərimi yenə davam et­dirirdim. Hərə­kat artıq öləziməkdə idi. Həmin vaxtlar mən institutumuzun «Neft Kadrları uğrunda» qəzetinin (re­­daktoru gözəl ziyalı İn­qilab Babayev) redaksiyasında yaranan dərnə­yin üzvü idim. Dər­nə­yin məq­sə­di görkəmli ya­zıçı və şairlərlə gö­rüşlər keçirt­mək idi. Bu is­tiqamətdə xey­li işlər görürdük: Sə­məd Vurğunun, Şəh­ri­yarın yu­bi­ley­lərini, Bəx­ti­yar Vahabzadə, Hüseyn Arif, Nəriman Həsənzadə ilə ədəbi gö­­rüş­lər, ya­radıcılıq ge­cə­ləri ke­çir­dirdik. Rəsul Rzanın yaradıcılıq ge­cə­sində hət­ta insti­tu­tun rektoru İsmayıl İbrahimov da iştirak et­di və həmin görüşdən sonra biz təşkilatçılar bir aylıq təqaüd həc­­mində mükafat belə aldıq. Belə görüşlərdən ən ma­raq­lı­sı Sə­məd Vurğunun yubileyinin keçirilməsi oldu. O vaxt şairin qo­humları ilə əlaqə saxlayıb onları dəvət etmək mə­nə həvalə olun­muşdu. Cəmi 20 yaşım var idi. Mən Yazı­çı­lar İttifa­qı­nın məs­ləhətçisi Osman Sarıvəllinin zəngindən son­ra Meh­dixan Və­kilovun evinə getdim. Onun Səməd Vur­ğu­na – mənim ən se­vimli şairimə bənzəməsi məni elə hə­yə­can­landırmışdı ki, nə mə­nə süzülən çayı içə bildim, nə də mənim üçün qoyulmuş şaf­talı mürəbbəsini yeyə bildim.

Belə görüşlərimiz biz gəncləri həmin dövrün ən ta­nın­mış simaları ilə tanış edirdi, onlarla yaxından ünsiy­yət­­­­də ol­ma­ğa imkan yaradırdı. Əliağa Kürçaylı, İslam Sə­fər­­li, Osman Sa­rı­vəlli, Vilayət Rüstəmzadə, Hikmət Ziya, Məmməd Araz, Zeynəb Xanlarova, Rübabə Mu­ra­do­­­va, Əbülfət Əli­yev və daha kimlər. Bütün bu yaxşı əməl­­­­lərimi mən Ülvi ko­du­nun altına yığırdım. Bəlkə də Ül­­­­vi ko­du­nun xatirinə belə dü­şün­dürücü, yaradıcı əməl­lə­rə qaçır­dım, milli təfəkkürümün ci­la­lanmasına, dilimin, dü­­­­şün­cəmin saflığının qorunmasına xü­su­si diqqət ye­tirirdim.

İnstitutu bitirəndən sonra təyinatla Rusiyanın Sverd­­­lovsk vilayətində işləməyə getdim. Amma 1968-ci il­də ailə qur­maq­la doğma el-obamla daha sıx bağlandım. 1969-cu ildə Ül­vi dünyaya gəlməzdən 3 ay qabaq Sverd­lovsk­dan mənzil al­maq üçün bir arayış lazım oldu. Qa­yıt­dım kəndimizə – Göy­çə­nin Kəsəmən kəndinə. Kənd So­ve­tin­dən arayış alanda oraya be­lə bir məlumat da yaz­dır­dım: oğlu – Ülvi Yusif oğlu Bün­yad­zadə. Arayışı görən qohum-əqrəba bu­na çox təəccübləndilər.

…Və Ülvi doğuldu. Sözümün hər mənasında.

Mən hiss etdiklərimi, düşündüklərimi, illər boyu bəs­­­lə­yib saxladıqlarımı yenicə doğulan körpəyə tez çat­dır­maq is­tə­yirdim:


Qızıl güldən dəstə tutcaq səadət

Qızıl payız heyrət etdi, keyindi.

Mən bilmədim gəlişinlə təbiət

Boğçadakı zər donunu geyindi.
Səyyarələr cilvələnsin qoy bu gün

Üzündədi üzlərinin həyası.

Mən günəşdən pay ummuram nur üçün

Gözlərindi gözlərimin ziyası.
Özün gülsən, anan nazlı bir gözəl,

Bəxtiyardı taleyimin bu çağı.

Sənin totuq əllərindən öpüm gəl,

Əllərindi ümidimin dayağı.

Duzlu balam, unutma ki, illərə,

Vicdanını günəş deyə verirəm.

Ürəyimsən, ürəyimi ellərə,

Elə bil ki, mən hədiyyə verirəm.
Qızıl payızın əvvəllərində (sentyabrın 23-də) doğu­lan Ül­vi­yə yazdığım bu misralar 1970-ci ildə rayon qə­ze­tin­də, 1974-cü ildə isə mərhum xalq şairimiz Hüseyn Ari­fin təqdimatı ilə «Azər­baycan gəncləri» qəzetində dərc olundu.

Sonralar Ülvi böyüdükcə sanki illər uzunu qoru­du­ğum «san­dığın açılmasını», kodumun reallaşmasını, hə­ya­ta keç­mə­si­ni müşahidə edirdim. Hələ kiçik yaşlarından onun­la ədəbi qəh­rəmanlar, hadisələr haqqında təhlillər apa­rır, müxtəlif şairlərin yazdığı şeirləri müzakirə edirdik, iki yol­daş kimi mü­ba­hi­sə­lər edirdik. Mən Ülvidən başqa şey göz­ləmirdim də.

Mən bu gün də o adı daşıyan hər kəsə xüsusi bir diq­­­qət­lə, qısqanclıqla yanaşıram. Bu səbəbdən mən bütün Ül­­­vi­lər­dən yalnız millətinin adını ucaldan xeyirxahlıq, gö­zəl əməllər, mərd­lik gözləyirəm və görəndə çox sevinirəm. Çünki bu adın da­şıdığı mahiyyəti, məsuliyyəti bilirəm, onun necə ali bir şə­kil­də və dəqiqliklə təzahürünün şahidi olmuşam».
Giriş
Cavanlıq, gənclik daha çox dəliqanlılıq, hərdəm­xə­yal­­lıq­la assosiasiya yaradır. Sufi mütəfəkkir Mənsur Həl­lac şeir­lə­rin­­dən birində gəncin məhz qeyri-sabit tə­bi­ə­tinə, İra­də­siz­li­yi­nə, səbrsizliynə işarə edərək deyir:
Aşiq gənclikdə kamala çatarsa,

Sərxoşluqdan həbibinin vüsalını unudar.1
Bununla yanaşı, insan ömrünün ən qısa, qısa ol­du­ğu üçün də ən şirin, ən ziddiyyətli dövrü olan gənclik həm də bü­tün həyatın təyinatının verildiyi, ömür sa­ra­yı­nın təmə­li­nin atıldığı bir çağdır. Deməli, onun öz hikməti, öz har­mo­ni­ya­sı, öz qanunları olmalıdır və onlar gözardı edi­lə bilməz. Biz öz kitabımızda məhz bu barədə söz de­mə­yə çalışırıq. Bunun üçün həm klassik dövrə, həm də mü­asirlərimizə üz tutmalı olduq.

Bizim müraciət etdiyimiz müəlliflər kimlərdir? 37 yaş­­lı Şi­ha­bəd­din Sührəvərdi, 32 yaşlı Eynəlqüzat Mi­ya­nə­ci, 37 yaşlı Alek­­sandr Puşkin, 36 yaşlı Corc Qordon Bay­ron, 26 yaşlı Mi­xa­il Ler­mon­tov, 44 il ömür sürsə də 38 yaşa qədər ən dəyərli əsər­lərini yaz­mış Syören Kyerkeqor, 79 illik ömrünün ilk 33 ilin­də müdrik­li­yin zir­vəsini fəth et­miş və sonralar yalnız bu zir­vənin nuru ilə yaşamış Frid­­­rix Şellinq, 29 yaşlı Mikayıl Müş­fiq, 20 yaşlı Ülvi Bün­yadzadə.

Bu gənclərdən hər birinin taleyi bir faciə ilə yarıda qı­­rı­lıb. Sührəvərdi, Miyanəci, Müşfiq edam olunub, Puş­kin, Ler­mon­tov, Ülvi namərd gülləyə tuş gəlib, Bayron və Kyer­­ke­qo­run isə bu dünya ilə vidalaşmasına səbəb xəs­tə­lik olub. Şellinq öz «ilham pərisini», həmfikrini – həyat yol­daşını 33 yaşında iti­rəndə sanki onun ulduzu da, ya­ra­dı­cılıq eşqi də öz xanımı ilə bərabər söndü, dəfn olundu. Şel­linqin fəlsəfəsini təhlil edən F.Engels onu nəzərdə tu­ta­raq yazırdı: «…Allah tərəfindən vəhy verilmiş peyğəmbər ye­ni zamanın gəlişini xəbər verirdi. Ona nazil olan ruhla il­hamlanaraq onun özü də çox vaxt öz de­diklərini an­la­mır­dı. O, filosofluğun qapılarını geniş açdı və mü­cərrəd dü­şüncələrin hücrələrində təbiətin təzə-tər nəfəsi əsdi; isti ba­har şüası kateqoriyaların toxumları üzərinə düşdü və on­lardakı mürgüləyən qüvvəni oyandırdı. Ancaq ocaq sön­­dü, mərdlik itdi, qıcqırma ərəfəsində olan üzüm təmiz şəraba çevrilməmiş turş sirkəyə döndü».1

Şübhəsiz ki, Engels Şellinqin öz fəlsəfə şöhrətini ya­şa­­yan­dan sonra ömrünün 46 ilini 33 ildə qalxdığı zirvə­dən en­mə­yə sərf etməsini nəzərdə tutur. Lakin, zənnimcə, onun nə­dən öz fəlsəfəsinin zirvəsini məhz bu yaşda fəth etməsinin sə­bə­bini və bu yaşdakı zirvənin digər yaşdakı zir­vələrdən nə ilə fərq­lənməsini, nə ilə əhəmiyyətli ol­ma­sı­nı bilmək daha va­cibdir.

Bəlkə də kənardan baxana bu talelər qırıq görünür, əs­lin­də isə, onlar deyəcəkləri sözü söyləyə biliblər. Bu, hər ada­­ma, hətta uzun illər yaşayanlara belə qismət olan bir xoş­b­əxt­lik deyil. Yox, bu, nakam tale, qırıq ömür haq­qın­da bir kitab deyil. Onların fiziki həyatı qeyri-təbii şəkildə sü­quta uğrasa da, ruhlarının bəşəriyyətə çatdırdıqları da­ha möhtəşəmdir və onu unudub, arxa plana keçirib yalnız fa­ciəli bir ölümü, na­kam gənc ömrü ön plana çıxartmaq hə­min gənclərin öz­lə­ri­nə deyil, onların dedikləri sözə qar­şı ədalətsizlikdir. Sə­la­həd­din Xəlilov yazır: «Ölməzlik qa­zananlar ideya müəllifləridir. Baş­qasının ideyasının ic­ti­mai realizasiyası prosesinə qatılaraq re­al ictimai həyatın uza­dılması bir şeydir, sənin ideyanın icti­mai prosesə çev­ri­lərək yaşaması başqa şeydir. Bu, artıq sosial-mə­nəvi sfe­ra­da ölməzlikdir».1 Gənclik fəlsəfəsinin ən vacib ide­ya­la­rı gəncliyin ilk baxışda nəzərə çarpan keyfiyyətləri fo­nun­­da ya diqqətdən kənarda qalır, ya da bir təsadüf kimi qə­­bul edilir. Halbuki hər ideyanın özünə xas forması, re­al­laşma me­­todları var. Həmçinin elə ideyalar var ki, onlar məhz öm­rün gənc çağı üçün nəzərdən tutulur. İllər ke­çən­dən sonra o, nə­inki öz formasını, mənasını dəyişə bilir, hət­ta ümumiyyətlə ma­lik olduğu saflığı, ülviyyəti itirir, ma­hiyyəti dəyişir. Onların də­rinliyinə, əsl mənasına yalnız əq­lin, ruhun gənc yaşdakı sə­viy­yəsi çata bilər.

Bu, qısa ömür ərzində deyilmiş böyük hikmət haq­qın­da bir ki­tabdır. Bu, Allahın pak, ülvi ruhlar vasitəsilə in­sanlara çat­dırmaq is­tədiklərinin şərhidir. S.Xəlilov ya­zır: «Tarixdə çox nadir hallarda şairin və ya filosofun əsas ya­radıcılıq ide­ya­sı, çağırışları onun şəxsi həyat nümunəsi ilə üst-üstə düşür, re­al təcəssümlə tamamlanır. Belə olan­da, ideya hələ kifayət qə­dər inkişaf edib öz zirvəsinə çat­ma­mış bir həyat həqiqəti bu zir­vəni fəth edir».1 Bu, qısa gənc bir ömürə sonsuz müd­rik­li­yi sığ­dırmaq, dəli-dolu nəf­si dərin düşüncə ilə cilovlamaq, zəif, gənc çiyinlərdə bə­şəriyyətin ağır yükünü çəkmək, gəncliyin mən­fi, na­qis he­sab edilən keyfiyyətlərini ən müqəddəs zirvəyə qal­dıra bil­­mək qüdrəti və bunun Allah tərəfindən insana bəxş edi­­lən ne­mət­lər­dən, lütflərdən biri olması haqqında təh­lil­dir. Bu, dünənə, yaxud bugünə aid bir həqiqət deyil. Bu, in­sanın ma­hiyyətində ta-a yaranışından var olub ona in­san­lığını an­ladan, xatırladan bir həqiqətdir. Belə bir sə­bəb­dən biz məkanı, za­manı, milliyyəti heçə sayaraq həm Şər­qə üz tutmuşuq, həm Qər­bə, orta əsrləri, yeni dövrü bir-birinə qatıb indi-də da­yan­mışıq. Çünki Allah birdir. Əbu Turxan demiş, «qütblər zir­və­də birləşir».

Əl­bəttə, müraciət etdiyimiz gənclərdən Ülvi bizə doğ­­ma ol­maq­la yanaşı, həm də zamanca ən yaxın olan­dır. Lakin Ül­vi elə bir hikmət aləminin sakinidir ki, orada ya­xın-uzaq an­lamları yox­dur. Və bu aləmdən söz açanda bizim üçün Ülvi qə­dər Sührəvərdi də, Lermontov da, digər söz açacağımız gənclər da doğmadır, yaxındır.

Kitabda şərh edilən mövzularda iki qanunauyğun­lu­ğu qo­ru­yub saxlamağa çalışmışıq. Əvvəla, qoyulan hər bir hissin, duy­ğu­nun primitiv səviyyədən ən ali dərəcəyə qə­dər yük­səl­mə­si­ni və bu yolda hansı mərhələlərdən keç­mə­sini izləmişik. Yəni hər anlamın, həm hissin iki üzü ol­du­ğunu və təfəkkür sə­viy­yə­sin­dən asılı olaraq onun hansı tə­rəfinin təzahür etməsini gös­tər­mişik. İkincisi isə, hər növ­bəti başlığı özündən əvvəlkinin üzə­rində qurmuşuq. Kon­sentrik çevrələr kimi, hər yeni başlıq əv­vəlkini də əha­tə etməklə yanaşı, gəncliyin əlavə xüsu­siy­yət­lə­rini də açıq­layır. Məqsədimiz isə gənclik fəlsəfəsinin bütöv bir mən­zərəsini yaratmaqdır.

Bu kitabda gənc deyəndə məhz bu missiya daşı­yı­cı­ları, öz istedadları ilə nur kimi yanmağı bacaran gənclər nə­zərdə tutulacaq, daha doğrusu, gənc müdriklər.

Əslində, bizim təqdim edəcəyimiz hər bir hissi öz mis­­­si­ya­sını anlamış və bu missiyasını həyata keçirməklə öz həyat yo­lunu ge­dən hər kəs gənc yaşlarında yaşayıb, ya­­xud ya­şa­maq­dadır. Bəlkə də onlar haqqında oxuduqca tanış duyğular rast gələcək, ya zəif, ya güclü şəkildə. Bu, be­lə də olmalıdır. Çün­ki bu bir-iki nəfərin de­yil, ümu­miy­yət­lə gəncliyin fəl­­fəsidir və ya fəlsəfənin gənclik çağıdır.

Bu gənclər özlərindən sonra məktəb yaratma­yıb­lar. Bu, onların yaşadıqları qısa müddətdə mümkün də de­­yildi. Hət­ta 79 il ömür sürmüş Şellinqə belə bu, qismət ol­mamışdır. Onun kitabının ön sözündə A.V.Qulıqa ya­zır: «Şellinq …öz şöh­rətini yaşadı və heç bir fəlsəfi da­vam­çı qoymadı. Bu, al­man fəlsəfəsində vulqar materi­a­liz­mi­nin üstünlük təşkil etdiyi bir vaxt idi. Tezliklə şüar səs­ləndi: «Geriyə Kanta doğru!» Neo­kantçılıqla yanaşı, Al­ma­niya­da güclü neohegelçilik, hətta nə isə neofixteçilik ki­mi bir şey də var idi. Neoşellinqçilik isə ol­mayıb».1 La­kin bu gənclər başqa bir fəlsəfə çatdırırlar: gənclik fəl­sə­fəsi – pak, təmiz ruhun mübarizəsi, ilahi aləmlə qo­vuş­ma­sı, digər həmyaşıdlarında nöqsan sayıla biləcək bir key­­­fiyyəti ən ülvi mərtəbəyə qaldırıb, onun kamil forma­sı­nı nü­ma­yiş etdirmək bacarığı, ən qısa ömürdə hikmətli söz demək qüdrəti.

Mən orta hesabla hazırda bizim bu gənclərlə eyni yaş­da­­yam. Əbu Turxan deyir ki, «odun necə yandığını kül yox, so­nuncu köz daha yaxşı bilər». Mən də məhz gənclik çağından çıx­maq ərəfəsində gənclik fəl­sə­fə­sin­dən yazmağa ürək elədim.



İstedad, missiya və cəmiyyət
Allahdan üflənən ruhla qara torpağın vəhdətini təş­kil edən insan elə yaranışından ziddiyyətlər, mübarizələr içə­ri­sin­dədir. Allahın insana verdiyi nemətləri düz­gün də­yər­lən­di­rə bilənlər Allahdan onlara tərəf uzanan ila­hi yolun qa­pı­sın­dan keçib ucalmağa, kamilləşməyə üs­tün­lük verir. Bu nemət­lə­ri yalnız dünya gözü ilə görənlər isə elə yerdəcə, bu mad­diy­yat hüdudlarındaca vurnuxa-vur­­nuxa «qapılar» açır, sərvətlər top­layır, elmlər öyrənir və heç xəbərləri də olmur ki, qapalı bir dai­rə boyu dur­ma­dan qaçır, amma nə bir pillə ucalır, nə bir zər­rə nurlanır, nə də bir mərtəbə kamilləşirlər.

Maddiyyatın şirin cazibəsindən qopmaq çətin və əzab­­lı bir prosesdir və illərin, uzun təcrübələrin nəticəsi ola bilər. Ma­raqlıdır ki, təsəvvüf fəlsəfəsində bu yolçu­lu­ğa məhz təfək­kü­r­ündə, imanında müəyyən mərhələyə çat­mış kəslər çıxa bi­lər: iradəsinin, səbrinin, dünyagörü­şü­nün çata biləcəyi bir çağ­da. Başqa sözlə desək, gənclik döv­rünü yaşayandan sonra.

İnsan həyatının müəyyən bir dövründə öz-özündən bu dün­yaya nə üçün gəldiyini soruşur. Bu sualı insan tə­fək­kür sə­viy­yəsindən asılı olaraq uşaqlıq çağında da verə bi­lər, gənc­li­yin­də də, ahıl vaxtında da, …ölüm ayağında da. Bu sualın ca­va­bı da müxtəlif olur və onu verənin tə­fək­kür səviyyəsi, həyat tər­zi və əxlaqı ilə bilavasitə əlaqəli olur. Kimi cavab üçün va­li­deyn­lərinə müraciət edir, kimi cə­miyyətə, kimi də öz könlünə. Lermontov yazır:
Xeyir və şərin badəsini mənə içirdib

Nəyə hazırlayıb məni Yaradan,

Nədən sədlər çəkib etirazlardan

Mənim gənclik ümidlərimə?

Sənin həyatını mən bəzəyəcəm,

İnsanlar arasında şanın olacaq dedi!1
Ülvi isə özünə bu sualı belə bir şəkildə verir:
Mən bir koram, kor bir rəssam, kor bir şair,

kor bir insan,

Bu cahanı görürəmmi, görmürəmmi?

Bəs nə üçün? 2
Bu sualı verən insanın öz mən-idir və cavabı da, əs­lin­də, elə özündədir. Yəni bu, bir növ mən-in öz varlığını in­sana bəl­li etməsi, diqqəti özünə yönəltməsidir. Onu da xü­susilə vur­ğu­la­­maq lazımdır ki, bu sualı vermək öz mən-i­nin dərkinə isti­qa­mət­lənən ilk addımdırsa, ona cavab verə bilmək ikinci ad­dımdır.

Mən-i görmək gənc yaşında daha rahatdır. Uşaq­lıqda tə­fəkkür hələ tam formalaşmadığından, yaşlananda isə əsl ma­hiy­yətin üzərinə qabıq üzərindən qabıq gəl­di­yin­dən mən-i ayırd etmək, onun səsini duymaq, məqsədini an­lamaq çox çətinləşir.

Mən – insanda Allahdan olan ilahi zərrədir və ya in­sa­nı Allahla vasitəsiz olaraq əlaqələndirən ilahi bağdır. Mən-in səsi əslində ilahidən gələn və məhz bu ruh üçün nə­zərdə tutulan hik­mətin, həqiqətin səsidir. Bu səbəbdən onun səsini vaxtında eşi­dəndə, dediklərini vaxtında ol­du­ğu kimi dəqiq həyata ke­çi­rən­ buna istedad deyillər. Bə­zi­lə­rinə bu səs musiqi ilə, bəzilərinə rəqəmlərlə, bir baş­qa­sı­na rənglə, birinə də şeir miss­ra­ları ilə çatdırılır və buna mü­vafiq olaraq bəstəkarlıq, rəs­sam­lıq, riyaziyyatçılıq, şa­ir­lik istedadı ortaya çıxır. Lakin bu, yal­nız böyük bir nu­run ilk işartısıdır. Ən çətini isə onun ma­hiy­yətindəki hik­mə­ti sezib, onu çatdırmağı bacarmaq lazım­dır. Axı qeyd et­diyimiz kimi, bunların heç biri boş, mənasız in­for­ma­si­ya­lar olmayıb, özlərində əhəmiyyətli, dərin və mü­qəd­dəs bir hikmət daşıyırlar. Yəqin buna görədir ki, deyilən ix­ti­sas­lar arasında gənc yaşlılara rast gəlmək olur, ancaq fi­lo­­soflar – çatdırılan informasiyaların, hikmətlərin vəh­də­ti­ni gö­rüb dərk edən, onu bəşəriyyətə çatdıran şəxslər isə nis­bətən ya­şa dolmuş, müəyyən həyat yolu keçənlər ara­sın­da olur. S.Xə­lilovun yazdığı kimi, riyaziyyatla fəlsə­fənin əsas fərqlərindən biri də özünü bunda göstərir ki, riyaziy­yat­çı­lar yeni söz deməyi, böyük kəşfləri adətən gənc yaşlarında edə bildiyi halda, filosoflar bir qayda olaraq, ən samballı əsər­lərini ömür yarıdan keçdikdən sonra yazırlar. Yəni fəl­sə­fə üçün tək istedad yetərli olmur və insanın özünü dərk mə­qa­mına yüksəlməsi də şərtdir. Baş­qa sözlə de­sək, Allahın ver­diyi istedadı duymaqdan əla­və, onun daşıdığı hik­məti də dərk etmək həmin is­te­da­dın tamamlanmasıdır. Bu, isə ar­tıq filosofluq zirvəsidir.

Əlbəttə, bu, danılmaz bir faktdır ki, «mən»ini du­yanlar duy­mayanlardan qat-qat azdırlar. Lakin bəzilərinə bu səs o qə­dər bərkdən, o qədər böyük bir tələblə səslənir ki, onu duy­ma­maq olmur. Məsələn, Bethoven belə hesab edib ki, Allah hər kəsin qulağına nə isə pıçıldadğı halda, onun qulağına qış­qı­rır. Bethoven yalnız öz karlığına işarə et­mir. O, həm də bu sə­si duymağın qaçılmazlığına, bunun Allah qarşısında bir borc olduğuna və bu səbəbdən se­çi­min də özünə deyil, Allaha aid olmasına işarə edir. S.Kyer­koqor yazır: «Dahi – qüdrətli Ansichdir ki, bütün dün­yanı silkələyə bilər. Buna görə də, onun­la bərabər, ni­za­mı qorumaq xatirinə, başqa bir fiqur da ya­ranır – tale. Ta­le – Heçnədir; dahinin özü onu görür və bu dahi nə qə­dər dərindirsə, taleyi də bir o qədər dərindən görür; be­lə ki, bu obraz sadəcə öngörmədir. Ancaq əgər dahi insan yal­­nız dahi olmağı inadla istəyirsə, üzünü ətrafa çevirirsə, o, müt­ləq qəribə şeylər edir və əgər özündən kənarda de­yilsə ye­nə də, yenə də taleyə tabe olacaq».1

Qeyd etdiyimiz kimi, mən-i duymaq yalnız başlan­ğıc­dır. Onun dediklərinin həyata keçirilməsi insan üçün se­­çilən həyat yo­ludur. Bu – missiyadır. Bu, Allah qar­şı­sın­­da öz borcunu ye­ri­nə yetirməkdir. Missiyainsanın is­te­­dadının Allah tərəfindən edi­lən seçimə yönəldilməsidir. Qu­­rani Kərimin bir ayəsində de­yi­lir: «Biz əmanəti göy­lə­rə, yerə və dağlara verdik, onlar onu da­şımaq istəmədilər, on­­dan qorxdular. İnsan onu götürdü (yük­ləndi), o, zalım və cahil idi (Quran 33/72)». Missiya – da­ğın, daşın apara bil­­mədiyi yükdür ki, insan ona boyun olub. Amma bu yü­kü tanımayana qədər onun ağırlığından da xəbərsiz olur­san. Elə ki, tanıdın…

Şəxsiyyət mən-in cəmiyyətin tələblərinə müvafiq tə­za­­­hü­rü­dür və bir mən-in müxtəlif şərait və zamandakı tə­za­­hürləri bir-birindən kəskin şəkildə fərqlənə bilər, bun­lar­­dan hər biri va­hid substan­si­ya­nı – mən-i müəyyən də­rə­­­cədə ifadə edir. Məhz cəmiyyətdən asılıdır ki, şəxsiyyət öz mən-ini az və ya çox dərəcədə əks etdirə bilsin. Təbii ki, bəzi hallarda cə­miy­yə­tin tələbləri ilə formalaşan şəx­siy­­­yətin özü üçün seçdiyi (və ya va­lideynlərin öz övladları üçün seçdiyi) həyat yolu onun da­şı­dı­ğı missiya ilə üst-üstə düş­­­mür. Belə olan halda insan əziyyət çə­kir. İçindəki ya­ra­­­dıcılıq enerjisi, istedadı çıxmaq, yaratmaq is­təyir və …re­­­­allaşmayanda bu ilahi nur oda çevrilir, sahibini yan­dırır.

Yeri gəlmişkən, burada bir hal üzərində xüsusilə da­ya­­naq. Öz uşağını daim diqqət mərkəzində saxlayan, onun dü­şün­düklərinə, hərəkətlərinə nəzarət edən valideyn onun iste­da­dı­nı çox erkən yaşlarında görür və onu inkişaf et­dirməyə ça­lı­şır. Bunun üçün bəzən öz uşaqlarını incit­mə­yə belə razı olur, tə­ki istedad cilalanıb üzə çıxsın, düz­gün istiqamətlənsin. Belə uşaq­lar əksər hallarda görkəmli şəxsiyyət kimi tarixdə qa­lıb­lar. Lakin bunda maraqlı bir mə­­qam var: həmin istedadlı şəxs­lərdən heç biri sonralar öz övladına (əgər evlənibsə və uşaq sahibidirsə) eyni mü­na­­sibəti göstərməyib. Niyə?! Öz aqi­bə­tini uşağına rəva gör­­mədiyi üçünmü? Öz missiyasından baş açıb, vaxt ayı­rıb övladının missiyası barədə düşünə bilmədiyi üçün­mü? Bir vaxtlar valideyninin ona göstərdiyi qəddar, sərt mü­na­­sibətdən pozulan psixikasının övladına da qismət ol­ma­­­­­sı­nı istəmədiyindənmi? Əlbəttə, cəhd edənlər olub. Am­­­­­ma öv­la­dının əziyyəti qarşısında dözməyib onu rahat buraxıblar.

Öz missiyasını dərk edən və bu həyat yolu ilə barı­şan in­san çox ziddiyyətli hisslər yaşamaq məcburiyyə­tin­də qalır. O, ət­rafa sanki rentgen baxışlarla baxır, adi göz­lə görünməyən rəng­ləri seçir, adi qulaqla duyulmayan səs­ləri eşidir, harmo­ni­ya­nı duyur, heç kəsin unamadığı yerdə se­vinc və ya qəm gö­rür. Kyerkeqorun fikrinə görə, «etik mən-ə ayrı-ayrı, par­ça­lan­mış anlara dağılmağa qoymayan mənəvi məsuliyyətdir: bu­ra­da mən – həyatın müxtəlif şə­ra­itlərinin təsiri ilə fərdlə baş ve­rən bir şey deyil, onun müs­­təqil seçiminin nəticəsidir və bu­na görə də, ona aid olan bir reallıqdır. Belə mən daimi cəhdlər tə­ləb edir, çün­ki onun reallaşması xəyal və arzulardan deyil, kə­nardan ve­rilən istənilən şərtlərin diqtə etdiyi əxlaqi ar­dı­cı­lıq­dan ası­lıdır».1 Bu dünyanın hər şeyini öz rəngində gö­rən gənc ilahi vəhdətin parçalanmasını da, zahiri parıl­tı­nın, yaxud çir­kabın əsl mahiyyətin görünməz etdiyini də çox aydın görür. Bay­ron yazır:


Mən yalana yabanam, mən hələ də bacarmıram

Dəbin laklı örtüyü ilə həqiqəti gizlədim

Bəs bu nifrət dolu baxışlara nədən dözürəm,

İllərimi hədər yerə ötürürəm.1
Dünyanın təzadlarını görən Ülvi isə belə deyir:
Ən dərin dərələr, müdhiş yarğanlar,

Əlçatmaz dağların özülü olur.

Gülüşlər, haraylar, ahlar, amanlar,

Həmişə yan-yana düzülü olur. 2
Bu gənc həm özünün Allah tərəfindən seçildiyini hiss edir. Eyni zamanda, cəmiyyət arasında fərqli oldu­ğu­nu görür və bundan sıxılır, təcrid olunur. Lermontov ya­zır:
Yerlərin, göylərin əzəl hakimi

Mənə peyğəmbərlik verəndən bəri,

Açılıb qarşımda bir kitab kimi,

Qəzəbli, qərəzli bəşər gözləri.3
Özünü həm hamıdan yüksəkdə, həm də hər kəsdən bəd­­bəxt görür. Hər kəsin gördüyü onun üçün maraqlı de­yil, pri­mi­tivdir, amma onun gördüklərini də heç kim gör­mür, an­lat­dıq­­larını hər kəs anlamır. Əbu Turxan yazır: «Bö­yük insanın fa­­ci­əsi əslində onun ali xoşbəxtlik məqa­mı­na yüksəliş cəh­din­dən doğur. Bu məqam isə özünü ya­ra­dıcılıqda və xilaskarlıq mis­siyasında büruzə verir». O, əzab çəkir… və xoşbəxt ol­du­ğu, sayılıb-seçildiyi, ülviyyət və müqəddəslik dolu dünyasına çə­kilir və ətrafı da məhz bu­radan seyr etməyə, buradan də­yər­lən­dirməyə çalışır. Ül­vi insanın bu dünya ilə «ünsiyyətini» be­lə təsvir edir:
Ağlamaq insanın ilk adətidir,

Danışmaq həyatla ilk vəhdətidir.

Hər şey ilk olsa da, ömrü uzunu,

Bir yalnız ölməyi son heyrətidir. 1
Əlbəttə, gəncin bu günah, çirkab dolu, gö­zəl­lik­lə­rin üs­tü tozla örtülü aləmə döndüyü vaxtlar da olur. Mis­si­yasından ası­lı olaraq ya öz duyduğu gözəlliyi bö­lüş­mə­yə, ya da kimi isə xi­las etməyə. Amma digərlərindən onun fər­qi, üstünlüyü on­da­dır ki, onun istədiyi vaxt sığına bi­lə­cə­yi, nurlana biləcəyi, ye­nə təmizlənib paklaşacağı bir dün­yası var. Lermontov yazır:
Varlığın yükü altında

Məğrur ruh heç yorulmur,

əgər bacarsa,



Minlərlə insana bəxtəvərlik verərdi,

Belə bir ruhla sən ya Tanrısan, ya da zalım.2
Allahın yaratdıqları arasında İnsan ən uca ada, ən yük­­sək məqama və təbii ki, bütün bu «ən»ləri doğ­rult­ma­sı üçün ən ağır yükə sahib varlıqdır. İnsan artıq doğu­lan­da bu key­fiy­yət­lərlə, bu məsuliyyətlə doğulur və bö­yü­dük­cə əlavə key­fiy­yət­lərə, xüsusiyyətlərə yiyələnir, üzərinə baş­qa məsuliyyətlər gö­türməli olur: övlad, qardaş-bacı, va­lideyn, yoldaş, vətəndaş və s. kimi «vəzifələr». Əslində, ikin­cilər birincinin yanında qat-qat yüngül, asandır, çün­ki keçicidir, dəyişkəndir. Lakin əksər hal­larda ikincilər bi­rin­ciləri üstələyir, çünki onları cəmiyyət ve­rir, cəmiyyət tələb edir.

Cəmiyyət müəyyən struktura malik, stabilləşmiş qay­­­­­da­la­rı, ənənələri olan və sosial münasibətlər üzərində tə­şəkkül ta­pan bir «qurumdur». Bu «quruma» daxil olan tə­­fəkkürlər, dün­yagörüşləri yonulub, rəndələnib onun tə­ləb­lərinə uy­ğun­laş­malıdır. Əks halda kənarda qalmaq, təc­­­rid olunmaq, məhv edil­mək təhlükəsi yaranır. Əslində, az adam tapılar ki, belə bö­yük bir təhlükə ilə üz-üzə dur­maq istəsin. Bu cəmiyyətdə do­ğulan, onun «ənənələri» ilə tər­biyələnib böyüyən hər kəs is­tər-istəməz mənən də, za­hi­rən də onun formasını mənimsəyir, onun «divarına» hö­rülüb, onun «rənginə» boyanır.

Onu da qeyd edək ki, məhz bu cəmiyyətdə doğulub bö­­yü­düyünə görə, onun bir saraymı, yaxud bir uçuq ha­sar­mı ol­du­ğunu görmək çətindir. Çünki bunun üçün gə­rək həmin «ti­ki­lidən» yüksəyə qalxaraq ona kənardan ba­xa biləsən.

Bəli, «palaza bürünüb elnən sürünməklə» sakit və sta­­bil bir həyat tərzi keçirmək missiya daşıyıcıları üçün de­­yil. Bəzən və ya əksər hallarda bu missiya cəmiyyətin qa­­nunları ilə səs­ləş­mir. Bu, ilahi tələblərlə cəmiyyət tələb­lə­­rinin üz-üzə gəlməsi, ila­hi çağrışla vətəndaşlıq məsuliy­yə­­tinin çarpışmasıdır. Şellinq bu­nu mən-in subyektiv və ob­­­yektiv tərəfləri kimi şərh edərək yazır: «Mən-də əzəli zid­­­diyyətlər mövcuddur – subyekt və ob­yekt; hər ikisi bir-bi­­­rini inkar edir, amma biri digəri olmadan ola bilmir. Sub­­yekt özünü yalnız obyektə zidd olaraq təsdiq edə bi­lir, obyektə də subyektə, yəni nə birinci, nə də ikinci di­gə­­ri­ni məhv etmədən real ola bilməz».1 Cəmiyyət be­lə­lə­ri­ni qə­­­bul edə bilmir. Hazır divarın yanında düşüb qalmış, hör­­­­güyə ya­raşmayan bir daş kimi. O, bir almaz dənəsi ol­sa belə, bu gün onun dəyəri, qiyməti bu hörgüylə ölçülür. Həm də bu hörgü bü­tünlükdə həmin daşdan qat-qat aşağı sə­­­viyyədə olsa belə. Gə­ləcəkdə nə qədər onunla fəxr etsə də, onu tarixinin şanlı sə­hi­fəsinə salsa da, cəmiyyət bu gün onu sevmir, rədd edir, yad ün­sür kimi onun məhvinə çalışır.

Bu, tədricən, illər uzunu baş verəndə o qədər də ağ­rı­­lı pro­ses olmur, nəinki qısa müddətdə, anidən. Çünki il­lər insa­na həyatın, gerçəkliyin acı həqiqətlərini asta-asta, da­­mızdıra-da­mızdıra anladır. Gənc isə bu zərbələri qəfil al­malı olur və bun­dan sarsılır, dəhşətə gəlir. Lap Ülvi kimi:
Uran atomunu alimlər böldü,

Uran alovundan şəhərlər öldü,

Amma məhşər günü, məncə, dünyada

Ürək atomları bölünən gündü. 2

Bununla belə, ilahi əlaqəsi gəncə dayaq olur, mis­si­ya­sı qar­şısındakı məsuliyyəti onu yıxılmağa qoymur. Bu sə­bəbdən ya­şadığı halların hər birində gənc aşağıdan yu­xa­rıya, na­qis­lik­dən kamilliyə, cəmiyyətin bir üzvü olan şəx­siyyətdən daxili mən-ə doğru bir yol keçir. Gənc tə­biətən ona bəxş olunmuş key­fiyyətləri, onların ən atəşli, ən enerjili vaxtında özünə tabe edib, içində gizli olan daha yüksək səviyyəsini üzə çıxara bilir: atə­şi nura, enerjini qüv­­və­yə çevirə bilir. Lap nağıllardakı kimi, gənc bir gü­nündə bir ilini başa vurur.

Ger­çəklik və ideya dünyası arasında qalan gənc üs­tün­­lü­yü ikinciyə verir: onun gücünü, qüdrətini, eyni za­man­­­da, uca­lığını, saflığını, ən əsası isə doğmalığını dərk et­­­diyi üçün. Şel­linq yazır: «Həqiqi azadlıq müqəddəs zə­ru­­­rətlə barışıqdadır ki, biz onu mahiyyətin dərkində du­yu­­­ruq, belə ki, öz qa­nun­la­rı­na tabe olan ruh və ürək kö­nül­lü olaraq zəruri olanı təs­diq­lə­yirlər».1 Bəlkə də bu gənclərin romantikliyi məhz bun­da­dır: reallığı görə-görə, duya-duya nicatı ideyalar aləmində axtarır.

Lakin onlar yalnız bu seçimlə kifayətlənmir, oraya çə­­ki­lib gizlənmirlər, həm də onun vasitəsilə gerçəkliyə tə­sir gös­tər­mə­yə, onu çirkabdan təmizləməyə cəhd gös­tə­rir­lər. Ma­raq­lı­dır, Bayronun «Prometey»i doğurdanmı mi­fik qəhrəman haq­qın­dadır?


sən istəyirdin

Bədbəxtliyə son qoyasan,

Hər kəsin ağlı nurlansın.



İnsan həyatı – nurlu bir axındır



Axıb – çirkabı yuyur. 2
Ülvi də eyni arzularla yaşayır:
Axtarın elmin nər balasını,

Versin haqsızların haqq bəlasını.

Söküb ürəklərin kin qalasını,

Təzədən şəfqətlə qura ağlaya. 1

Gənc – İnsan əzab çəkir. Sınmamaq üçün bütün gü­cü­nü-qüdrətini toplayır… və bu, onu gənc yaşında qocaldır, də­liqanlı vaxtında müdrikləşdirir. Bayron deyir:


O! mən qoca deyiləm! Şübhəsiz

Bu dünya mənim üçün yaranmayıb!



Gerçəklik! Sən hakim səsinlə



Mənim xəyallarımı qovdun.2

Ülvi isə sanki gerçəkliyin bütün ziddiyyətlərini həll et­mə­yə, bütün sualları cavablandırmağa çalışır:


Özünə gəlməmiş bu zərbələrdən,

Yenə də gün gəlir – götürüb gəlir.

Yeni müəmmalar, yeni suallar,

Axtar cavabını, axtar birbəbir,

Tapmasan üstünü o toppuz alır.3
İstedad bir cəmiyyət, bir xalq, bir millət üçündür və bu çər­çi­və daxilindədir. Missiya isə daha genişdir. Burada millət, mə­kan, za­man anlamları yox olur. Onu istəsən də bir cə­miy­yət çərçi­və­sin­də saxlaya bilməzsən. Burada artıq insan var, bə­şə­riyyət var.

Vaxtında öz missiyasını həyata keçirmək üçün çar­pı­şıb vu­ruşan, gəncliklərində müdrikliyin zirvəsinə qal­xa bilən və ar­tıq tarixə qovuşan adlar üçün zaman və mə­kan həddi olmur. Əs­lində bu missiya sahibləri, bu əma­nətin daşıyıcıları keç­miş­dən bu günə rahatca, hər şeyin föv­qünə qalxaraq (cəmiyyətin, döv­rünün bütün sərt qa­da­ğalarına baxmayaraq) gəldikləri ki­mi, bugünün mə­sul­ları da o rahatlıqla keçmişə – öz sə­ləf­lə­ri­nin yanına və gə­lə­cəyə keçə bilirlər. Çünki onların dedikləri, yaz­dıqları bir gün­lük, bir qurum üçün deyil. Bu missiya in­san­lıq missi­ya­sıdır. İnsan yaranandan ta-a bu günə kimi gələn son­suza kimi davam edəcək bir əmanət.



  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə