K. Bünyadzadə Şərq və Qərb



Yüklə 2.52 Mb.
səhifə1/16
tarix22.07.2017
ölçüsü2.52 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   16



K.Bünyadzadə

ŞərqQərb


ilahi vəhdətdən keçən

özünüdərk
1

Mütləq Həqiqətə çatmaq üçün ən saf və ülvi yolu – şəhidliyi seçən

şair qardaşım

Ülvi Bünyadzadənin

əziz xatirəsinə

Azərbaycan Milli Elmlər Akademiyası

Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun

Elmi Şurasının qərarı ilə çap olunur.

Elmi redaktor:
Fəlsəfə elmləri doktoru Z.Quluzadə
Rəyçilər:
Fəlsəfə elmləri doktoru Ə.Abasov

Fəlsəfə elmləri namizədi S.Rzaquluzadə

Üz qabığında: umutrehberi.com
Bünyadzadə KönÜl Yusif qızı

Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk.

Bakı, 2006, 242 səh.
Monoqrafiya rasional idraka nisbətdə daha az araşdırılan, idrak prosesinin əhəmiyyətli bir mərhələsini təşkil edən, məkan və zaman fövqündə insanın ilahi vəhdətə çatması ilə özünüdərketməsi prosesi olan irrasional idrakın şərhinə həsr edilmişdir.

Tədqiqat fəlsəfə tarixinin ən zəngin və mürəkkəb dövrü sayılan orta əsrləri əhatə edir. Burada Qərb və Şərq mütəfəkkirlərinin fəlsəfi görüşləri həm ayrılıqda, həm də müqayisəli şəkildə təhlil edilməklə irrasional idrakın Qərb və Şərqə məxsus spesifik və oxşar cəhətləri araşdırılmış, ümumiləşdirmələr aparılmışdır.

Kitab filosof, şərqşünas, Şərq və Qərb fəlsəfə tarixinin, orta əsrlərin tədqiqatçıları, o cümlədən, idrak nəzəriyyəsi ilə maraqlananlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

© K.Bünyadzadə

Mündəricat

Ön söz

İrrasional bilik və irrasional idrak elmi ədəbiyyatımızda az araşdırılan məsələlərdəndir. Bəzi alim­lər tərəfindən bu problemlər müxtəlif kontekstlərdə verilsə də, ayrıca tədqiqat obyekti ola­raq öyrənilməmişdir. Məlum elmi ədəbiyyatda irrasional idrakın mahiyyəti və strukturunu xüsusi mövzu kimi nisbətən geniş təhlil edən hər hansı bir tədqiqat əsərinin adını çəkmək çətindir.

Təqdim edilmiş kitabda Könül Bünyadzadə ilk olaraq bu çə­tin mövzuya müraciət etmiş və qaldırdığı ciddi problemlərin həl­linə cəhd göstərmişdir. Müəllif bu işin məsuliyyətini öz üzə­ri­nə götürərək irrasional idrakın mahiyyət və strukturunu xüsusi təd­qiq edir və əldə etdiyi nəticələri oxucunun mühakiməsinə verir.

İrrasional idrakın tədqiqini müəllif əsasən nisbətən az işlənmiş orta əsr Şərq və Qərb fəlsəfi abidələrinə müraciət edərək apa­rmış ki, bu da araşdırmanın orijinallığı və aktuallığına dəlalət edir. Abidələrin bilavasitə təhlili və bu əsasda Şərq və Qərb fəl­sə­fi fikrinin ümumi və özünəməxsus cəhətlərinin aşkarlanması fəlsəfə tarixinin şərh və təfsiri baxımından xüsusi əhəmiyyətə malikdir.

İşin müsbət tərəflərindən biri də monoqrafiyada Qərb və Şərq fəlsəfəsinə eyni meyarlarla yanaşılması və obyektiv dəyərləndirilməsidir. Müxtəlif bölgə fəlsəfələrinə birtərəfli yanaşmadan fərqli olaraq təqdim edilmiş kitabda Şərq və Qərb filosoflarının irsi ayrı-ayrılıqda şərh edildikdən sonra müqayisə aparılır və ümumiləşdirilmiş nəticələr verilir.

Əsər müxtəlif regionların fəlsəfi təfəkkürü arasında fərqləri göstərməklə yanaşı, dünya fəlsəfə tarixində universal məqamları da aşkarlamışdır ki, bu da elmi nailiyyət hesab edilə bilər.

Kitabda çox sayda ərəb, fars, türk, rus və ingilis dillərində ədəbiyyata müraciət edilmişdir.

Maraq kəsb edən məsələlərdən biri də müəllifin elmə artıq məlum abidələrin təhlilinə yeni rakursdan yanaşmasıdır. O, müa­sir fəlsəfə tarixi, azərbaycanşünaslıq və şərqşünaslıq elmlərində bir sıra ziddiyyətli problemlərin həllində də özünəməxsus mövqe ilə çıxış etmişdir.

Bildirdiyim kimi, əsər orijinaldır, yenidir və bu səbəbdən ona iradların olması da təbiidir. Tədqiqat zamanı qaldırılan problemlərə, xüsusən sufizm fəlsəfəsinə, vəhdət əl-vücud və panteizm anlamlarına müasir elmdə müxtəlif münasibətlərin olması təbii ki, bu məqamlar haqqında öz mövqeyini bildirən müəllifə iradlar üçün imkan yaradacaq. Məsələn, bir sıra fəlsəfə tarixçiləri, o cümlədən, şəxsən mən müəllifin panteizm və vəhdət əl-vücudla bağlı mülahizələri, irrasional idrakın yalnız Allahla əlaqələndirilməsi ilə razı deyiləm. Lakin mövqeyini şərh və müdafiə etmək Könül Bünyadzadənin müəllif hüququdur.

Zümrüd Quluzadə

fəlsəfə elmləri doktoru



G i r i ş
Hər kim əfsanə deyə oxusa əfsanədir;

Qiymətini bilənə misilsiz xəzinədir.


Mövlanə
Müasir qloballaşma şəraitində və Şərq-Qərb dialoqunun daha çox genişləndiyi bir dövrdə ümumbəşəri mədəniyyət tarixinin tədqiqi xüsusi əhəmiyyət kəsb edir. Hər iki regionun mənəvi mədəniyyətinin həm postsovet məkanında, həm də dünya fəlsəfə tarixində nisbə­tən az araşdırılan mövzularından biri də irrasional idrak prosesidir. Araşdırmalardan be­lə məlum olur ki, tədqiqatçılar tərəfindən ya rasional təfəkkürün bir hissəsi hesab edil­ən, ya da ümu­miyyətlə mövcudluğu inkar edilən irrasional təfəkkür özünün kateqoriya və prinsipləri ilə idrak prosesinin əhəmiyyətli bir mərhələsidir və onun tədqiqi həm Şərq, həm də Qərb fəlsəfə tarixinin kölgədə qalmış səhifələrinin tədqiqi baxımından xüsusi aktuallıq kəsb edir.

Təqdim olunan iş üç əsas istiqamət üzrə aparılmışdır ki, bu istiqamətlərdən hər birinin həm ayrılıqda, həm də kompleks şəkildə araşdırılması fəlsəfə tarixi elmi üçün böyük əhəmiyyət daşıyır:



  1. İdrak nəzəriyyəsinin vacib və ayrılmaz bir hissəsi kimi irrasional idrakın təhlil və tədqiq edilməsi;

  2. Problemin orta əsrlər dövründə inkişaf qanunauyğunluqlarının izlənməsi;

  3. Qərb və Şərq fəlsəfə tarixi kontekstində problemin spesifik cəhətlərinin öyrənilməsi.

Bədən və ruhun, yəni maddi və mənəvinin vəhdətindən yaranmış insanın bir şəxsiyyət kimi formalaşması və kamil­ləş­mə­si adı çəkilən hər iki fenomenin inkişafından asılıdır. Qədimdən bəri özünün əbədi və əzəli var­lıq­la əla­qə­si­ni tapmağa çalışan insan kainatdan, əbədiyyətdən onda da bir əlamətin ol­­du­ğuna inanmış və bu əla­qənin mahiyyətinin dərki üçün ontoloji, kosmoloji dəlillərlə yanaşı, dini-mistik dünyagörüşlərinin də­lil­lə­rindən də istifadə etmişdir. Məlumdur ki, sonuncular əsasən irrasional biliyə istinad edir və bu səbəbdən idrak nəzəriyyəsinin tam və sistemli öyrənilməsi üçün irrasional idrakın daha dərindən tədqiq və təhlili bir zərurətdir.

Müasir dövrdə elm və texnikanın inkişafı irrasional təfəkkürə də müəyyən mənada qida vermişdir. Maraq dünyası genişlənmiş, kosmosun və yer kürəsinin qatları haqqında məlumatı olan bugünkü insanın dünyagörüşü, təbii ki, bir neçə əsr bundan qabaq yaşamış əcdadınkından fərqlidir. Lakin irrasional idrakın inkişaf tarixini izləyərkən belə məlum olur ki, qədim və müasir insanın həqiqət axtarışı, mənəvi dünyasını kamilləşdirərək öz «mən»ini təsdiq etməsi arasında, demək olar ki, prinsipial bir fərq yoxdur, yəni forma, dəyişsə də, mahiyyət, məqsəd eyni qalmışdır.

Məlum olduğu kimi, hər bir fəlsəfi nəzəriyyənin yaxud prinsipin düzgün və sistemli araşdırılması üçün ilk növ­bədə onun kateqorial aparatı müəyyənləşdirilib təhlil edilməlidir. İrrasional dü­şün­­cəyə meyllərin artdığı bir dövrdə təqdim olunan monoqrafiya irra­si­onal idrak prosesinin kateqoriyalarının müəyyənləşdirilməsi isti­qa­mə­tində bir addım cəhdidir. Kateqorial aparatın definisiyası irrasional id­rak prosesinin mahiyyətinin və mənbəyinin öyrənilməsində olduğu ki­mi, onun strukturunun təyinində də vacib rol oynayır. Bununla ya­na­şı, rasional düşüncədən az əhəmiyyətli olmayan irrasional dü­şün­cənin təhlili, struktur və metodologiyasının təqdim və təsvir edilməsi idrak nəzəriyyəsinin fəlsəfi dəyərləndirilməsinə yeni istiqamət verə bilər.

Təqdim etdiyimiz monoqrafiiyanın ikinci istiqamətinə gəlincə, məlum olduğu kimi, orta əsrlər Qərb və Şərq fəlsəfi təfəkküründə əhəmiyyətli dövr hesab edilir. Belə ki, qədim ənənənin davam etdiyi digər bölgələrdən (məs. Cin və Hind fəlsəfələrindən) fərqli olaraq həm Qərbdə, həm də Şərqdə yaranmış yeni səmavi dinlər – Xristianlıq və İslam insanların düşüncəsinə, əxlaqına, həyat tərzinə, ümumiyyətlə dünyagörüşünə güclü təsir göstərmiş, fəlsəfi təfəkküründə yeni istiqamətlərin yaranmasına imkan yaratmışdır. Maraqlıdır ki, bir çox müasir fəlsəfi sistem və nəzəriyyələr məhz orta əsrlərdə təşəkkül tapmış, bəziləri isə, rüşeym halında da olsa, filosofların baxışlarında özünü göstərmiş və sonralar digərləri tərəfindən inkişaf etdirilərək sistemləşdirilmişdir. Qeyd olunan faktlar irrasional idrakın inkişafına da öz təsirini göstərmişdir. O, (irrasional idrak) yeni mənbə və istinad nöqtəsi ilə bərabər, həm də yeni təzahür forması və çatdırılma metodu qazanmışdır.

Şərq və Qərb mü­tə­fək­kirlərinin fəlsəfi görüşləri əsasında aparılan tədqiqat hər iki regiona xas olan spesifik cəhətləri mey­dana çıxartmaqla yanaşı, problemin özünün də inkişaf tarixini izləməyə imkan yaradır. Lakin onu da mütləq qeyd etməliyik ki, müxtəlif re­gi­on­larda eyni problem sinxron şəkildə inkişaf mərhələsi keçmədiyindən, onlar arasında xronoloji baxımdan sinxron müqayisə aparmaq hər zaman mümkün olmur. Bu səbəbdən məsələnin həllinə, zənnimizcə, yalnız region prizmasından deyil, təfəkkürün, şüur formasının özünün inkişaf prosesi baxımından yanaşsaq məsələnin həlli başqa istiqamət alar. Belə ki, ön planda region yox, təfəkkürün yaranması və formalaşması səbəbləri, tarixi dövr, ictimai-siyasi şərait, hakim ideologiya və s. faktlar, yəni insan, onun idrak prosesi və bu proses nəticəsində əldə etdikləri durmalıdır. Məsələyə bu cür yanaşmada S.Xəlilovun bildirdiyi kimi, «hansı ideyanın nə vaxt və kim tərəfindən söylənməsi deyil, ideyanın özü önə çəkilir. Belə olduqda, min il bundan əvvəl söylənmiş ideya ilə, yüz il bundan qabaqkı və ya ən müasir ideya eyni qrupa düşə bilər. Qədimdə irəli sürülmüş bir fikir çağdaş tədqiqatçı tərəfindən yenidən canlandırılır və müasir fəlsəfi araşdırmaların struk­turuna daxil edlir. Bu zaman tarixilik elə bir önəm daşımır, belə ki, fəlsəfə tarixi elə fəlsəfənin özü olur» [9, 17-18].

Monoqrafiya işinin aktuallığını artıran amillərdən biri də burada Şərq və Qərb düşüncələri arasında paralellər aparmaqla yanaşı, ayrıca bir təfəkkür formasının inkişaf qanunauyğunluqlarını izləmək və bu inkişafın regionlara müvafiq xüsusiyyətlərini araşdırmaqdır.

Problemin məhz orta əsrlər çərçivəsində təqdiminin aktuallığını vurğulayan digər məsələ qeyd olunan dövrdə həm Qərb, həm də Şərq təfəkküründə Renessans hadisəsinin baş verməsidir. Təbii ki, bu dirçəliş rasional təfəkkürə olduğu kimi, irrasional təfəkkürə də aid olmuşdur. Bu baxımdan, irrasional idrakın orta əsrlərdə öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.

Əsərin daha böyük hissəsini təşkil edən üçüncü istiqamət irrasional idrakın iki ən aktual prinsipinin – Tanrı-aləm və nu rvə nurlanmanın Qərb və Şərq mütəfəkkirlərinin fəlsəfi görüşləri əsasında araşdırmasını ehtiva edir. Əhatə etdikləri məsələlərin məzmun və xarakterini nəzərə alaraq bildirmək olar ki, bu, Qərb və Şərq mütəfəkkirlərinin ontoloji (Tanrı-aləm münasibəti, yaradılış prosesi, insan varlığı və s.) və qnoseoloji (nurlanma – ilahi biliyin verilməsi kimi, onun xarakteri və s.) görüşlərində irrasional mövqeyin və ya həmin problemlərin irrasional baxımdan təhlilinin araşdırılmasıdır.

Nəhayət, tədqiqat işinin regionlararası dialoqun yeni səhifəsi ola bilmək məqsədi də onun aktuallığını artırmış olur. Belə ki, Qərb-Şərq mənəvi mədəniyyətlərinin, fəlsəfi təfəkkürlərinin müqayisəli təhlili, oxşar və spesifik xüsusiyyətlərinin üzə çıxarılması, ümumbəşəri mənəvi dəyərlərin regiona görə deyil, zamana və şəraitə, həmçinin istinad etdiyi mənbəyə müvafiq olaraq fərqli forma qazanmasının, prinsipcə isə fərqlənmədiklərinin ayırd edilməsi bu sahədə atılan əhəmiyyətli addım ola bilər.

Bir neçə aspektdən aktuallıq kəsb etməsi, geniş əhatəli və mürəkkəb mövzu olması baxımından qeyd olunan problem ayrı-ayrı alimlər tərəfindən yalnız müxtəlif istiqamətlərdə öyrənilmişdir.

Qərb-Şərq problemi elm və mədəniyyətin bir çox sahələrində tədqiqatçıların üz tutduğu mövzudur. İstər tarixi və ya bədii, istərsə də iqtisadi və ya siyasi aspektlərdə hər iki region arasında müqayisəli təhlillər aparılmış, gah bənzər inkişaf xətləri aranmış, gah da onlar kəskin şəkildə qarşı-qarşıya qoyulmuşdur. Problem, təbii ki, fəlsəfi aspektdə də araşdırılmış və bu sahədə dəyərli fikirlər söylənilmiş, əsərlər yazılmışdır. Bunların sırasında ilk olaraq Amerika filosofu Anna-Tereza Timiniçkanın redaktorluğu ilə nəşr edilən, həm özünün və başqa Qərb filosoflarının, həm də Şərq alimlərinin tədqiqat əsərlərini cəmləşdirən «İslam fəlsəfəsi və Qərb fenomenologiyası arasında dialoq» (Islamic Philosophy and Occidental Phenomenology in Dialogue) seriyasından «Yaranışın metamorfozunda ruhun həyəcanları» (The passions of the soul in the metamorphosis of becoming» (Dötrix, 2003) kitabını göstərmək olar [137].

Avropada Şərq və Qərb mədəniyyətlərinin öyrənilməsi istiqamətində əhəmiyyətli rolu olan nəşrlərin sırasına həmçinin Türkiyədə dərc edilən «Doğu Batı» (Şərq Qərb) jurnalını [33] əlavə etmək mümkündür.

Bu görülən böyük miqyaslı işlər sırasında azərbaycanlı alimlərin də əməyi az deyil.

Azərbaycanda ilk dəfə Qərb-Şərq problemi sistematik şəkildə XX əsrin sonlarında görkəmli şərqşünas alim Aida İmanquliyeva tərəfindən öyrənilməyə başlanmış və bir sıra dəyərli əsərlər yazılmışdır. Bunlardan «Qələmin assosiasiyası» və Mixail Nuayme» («Assoüiaüiə pera» i Mixail Nuayme. Moskva, 1975), «Cübran Xəlil Cübran» (Bakı, 1975) və «Yeni ərəb ədəbiyyatı korifeyləri» (XX əsrin əvvəllərində Şərq və Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqəsi probleminə dair) (Bakı, 1991) [13; 91; 92].

Fəlsəfi aspektdə Qərb-Şərq problemi ilk dəfə XX əsrin sonlarında tanınmış fəlsəfə tarixçisi Zümrüd Quluzadə tərəfindən «XIII-XVI əsrlər Şərq fəlsəfəsinin inkişaf qanunauyğunluqları və Qərb-Şərq problemi» (Bakı, 1983) [102] əsərində araşdırılmağa başlanmışdır.

Hazırda mövzu ilə bağlı bir çox sanballı əsərlər yazılmışdır ki, bunlardan Anar Əzimovun «İşraqilik və müasir Qərb fəlsəfəsinin genezisi» (Bakı, 2003) [72], Səlahəddin Xəlilovun «Şərq və Qərb. Ümumbəşəri ideala doğru». Fəlsəfi etüdlər (Bakı, 2004) [11], Həsən Hüseynov və Tofiq Bəhərçinin «Qərb-Şərq münasibətləri xristian və islam təfəkkürü baxımından» (Bakı, 2005) [8] kitablarını xüsusi qeyd olunmalıdır.

Kitablarla yanaşı Respublikada sivilizasiyalararası əlaqələri genişləndirmək məqsədi ilə müəyyən nəşrlər də vardır ki, bunlardan «İpək yolu» (Bakı, baş redaktor S.Xəlilov) və «Qərb və Şərq: sivilizasiyaların dialoqu» (Bakı, baş redaktor Y.Rüstəmov) elmi-nəzəri jurnalların adları xüsusilə çəkilməlidir.

İrrasional idrak da ayrılıqda geniş tədqiq olunan və haqqında saysız əsərlər yazılan mövzulardan hesab edilə bilər. Məsələ burasındadır ki, müasir dövrün ictimai-siyasi şəraitindən doğan bir tələblə və ya ümumiyyətlə dövrün xaosundan dincəlmək istəyilə tədqiqatçılar və ya sıravi şəxslər bu problemə daha çox müraciət etməyə başlamışlar. Buraya mistik, ezoterik biliklə yanaşı, ayrı-ayrı dini-mistik təlim və cərəyanlara həsr edilmiş əsərləri də aid etmək olar, yəni həm filosoflar, həm də tədqiqatçılar bu və ya digər dərəcədə irrasional bilik və idrak problemlərinə toxunmuş, onun müxtəlif tərəflərini öyrənmişlər.

Azərbaycanlı alimlər irrasional idraka ayrıca əsər həsr etməsələr də, müxtəlif tədqiqatlar çərçivəsində problemin ayrı-ayrı aspektlərini araşdırmışlar. Bunlardan Z.Quluzadənin «XIII-XVI əsrlər Şərq fəlsəfəsinin inkişaf qanunauyğunluqları və Qərb-Şərq problemi» (Bakı, 1983) kitabında «Rasionalizm və irrasionalizmin mübarizəsi və çulğalaşması» (səh. 91-116), Ə.Məmmədovun «Dialektik idrak və ümumelmi tədqiqat metodları» (Bakı, 1997) kitabında «İdrakda rasional və qeyri-rasional əməliyyatlar və onların metodoloji rolu» (səh. 240-260), Ə.Abasovun «İdrakın tarixi, nəzəriyyəsi və metodologiyası» (Bakı, 2001) kitabında «Nə üçün mistika?» (səh. 234-245) paraqraflarını göstərmək olar.

Göründüyü kimi, Qərb və Şərq problemi və irrasional idrak ayrılıqda alimləri maraqlandırıb tədqiq olunsalar da, irrasional idrakın Qərb-Şərq kontekstində, yəni hər ikisinin kompleks şəkildə öyrənilməsi müəyyən dərəcədə kölgədə qalmışdır.

Deyilənlərlə yanaşı, onu da bildirək ki, dünya fəlsəfə tarixində bizim tanış ola bildiyimiz əsərlər sırasından yalnız Məhəmməd İq­ba­lın və Səlahəddin Xəlilovun görüşlərində bizim araşdırmamızın ideya istiqaməti və qarşısına qoyduğu məqsəd qismən öz əksini tapmışdır.

Pakistan filosofu Məhəmməd İqbal özünün «İslamda dini düşüncənin yenidən doğuşu» adlı əsərində bəşəriyyətə daha ali məqsədlər aşılayan yeni düşüncənin formalaşması yollarını şərh edərkən məhz irrasional idrak formasına müraciət edir və onu İslam kontekstində təqdim edir.

M.İqbaldan sonra eyni məqsəd və istək azərbaycanlı filosof Səlahəddin Xəlilovun da bir sıra kitab və məqalələrində nəzərə çarpmaqdadır. O, «Şərq və Qərb. Ümumbəşəri ideala doğru» kitabının «Şərq və Qərb: vəhdətə doğru» (s. 289-383) və «Şərq və Qərb: fəlsəfi və ədəbi-bədii inteqrasiya» (s. 383-479) bölmələrində Qərb və Şərq hikmətlərinin müqayisəli təhlili vasitəsilə yeni bir düşüncə istiqamətinin formalaşması yollarını təqdim edir.

Bununla belə, nəzərə alsaq ki, M.İqbal məsələyə yalnız İslam kontekstində yanaşmış, S.Xəlilov isə yeni düşüncənin rasional istiqamətdə inkişaf etdirilməsinin tərəfdarıdır, onda bizim araşdırmamızı hər iki filosof arasında orta bir mövqe kimi də xarakterizə etmək olar.

Tədqiqatda başlıca iki məqsədimiz vardır ki, bunlardan birincisi Qərb və Şərq fəlsəfə tarixində irrasional idrakın inkişaf qanunauyğunluqlarını izləmək və onun hər iki regiona xas spesifik cəhətlərini araşdırmaqla Qərb və Şərq mənəvi mədəniyyətində nisbətən az araşdırılan bir mövzunu işıqlandırıb təhlil etməkdir. İkinci məqsədimiz isə irrasional idrakı idrak nəzəriyyəsinin vacib və ayrılmaz bir mərhələsi, rasional təfəkkürü tamamlayan və kamilləşdirən bir təfəkkür forması kimi təqdim etməklə yaşadığı bölgədən asılı olmayaraq onun hər bir yüksək şüurlu və əxlaqlı insana xas olmasını göstərməkdir. Məqsədimizin tam açıqlanması üçün qarşıya aşağıdakı vəzifələr qoyulmuşdur:


  • İrrasional biliyin mahiyyətini təhlil etmək və əsas mənbələrini göstərmək.

  • İdrak nəzəriyyəsinin əhəmiyyətli tərəfi kimi irrasional idrakın daha sistemli təhlili üçün Qərb və Şərq filosoflarının görüşləri əsasında onun kateqorial aparatını təyinləşdirmək.

  • Rasional və irrasional təfəkkürlərin qarşılıqlı təsirini araşdırmaq və irrasional idrakın ümumiyyətlə idrak prosesinin əhəmiyyətli bir hissəsi olmasını əsaslandırmaq.

  • İrrasional idrakın struktur və metodlarını müəyyənləşdirib Qərb və Şərq düşüncəsinə mü­va­fiq olaraq fərqlərin və onların yaranma səbəblərinin şərhini vermək.

  • Orta əsrlərdə irrasional idrakın inkişaf qanunauyğunluqlarını göstərmək.

  • Qərb və Şərq fəlsəfə tarixində irrasional idrakın daha çox aktuallıq kəsb edən prinsiplərin tədqiqi va­si­təsilə onların hər bölgəyə xas spesifik xüsusiyyətlərini araşdırmaq, oxşarlıq və müxtəlifliklərin səbəblərini aydınlaşdırmaq.

  • İrrasional idrakı qərbli və ya şərqli təfəkkürünün məhsulu olmayıb, Mütləq Həqiqəti axtaran və İnsan adının ucalığını dərk edən İnsana xas olduğunu, yəni onu özünüdərk üsulu kimi göstərmək.

Tədqiqat mövzusu bilavasitə Orta əsrləri əhatə etsə də, problemin təşəkkül və inkişaf tarixini məntiqi ardıcıllıqla izləmək məqsədi ilə bir sıra qədim dövr mütəfəkkirlərə də müraciət edilmişdir. Bunlardan Hermes Trismeqistin, Zərdüştün, Platonun, Plotinin əsərlərini göstərmək olar.

Qeyd etdiyimiz kimi, Orta əsrlərdə müqəddəs kitabların nazil olması və dinlərin təşəkkül tapması fəlsəfi dünyagörüşün formalaşmasında əhəmiyyətli rol oynamışdır. Bunu nəzərə alaraq Bibliya və Qurani-Kərim də tədqiqatın ilk mənbələri sırasına daxil edilmişdir.

Danılmaz faktdır ki, həm Qərb, həm də Şərq fəlsəfə tarixində öz dünyagörüşündə irrasional düşüncəyə kifayət qədər yer ayıran mütəfəkkirlər və tədqiqatçılar vardır. Təbii ki, onların hamısını bir monoqrafiya çərçivəsində əhatə etmək mümkün deyil. Bu səbəbdən biz, müəlliflik hüququmuzdan istifadə edərək, yalnız irrasional idrakın inkişaf tarixində əhəmiyyətli rol oynadığını hesab etdiyimiz bəzi mütəfəkkirlərin yaradıcılığına ilk mənbə kimi müraciət etmək qərarına gəldik.

Tədqiqatın əsas ideya xətlərindən biri irrasional idrakın mahiyyətinin açıqlanması və inkişaf tarixinin izlənməsi olduğundan araşdırmamız zamanı başlıca olaraq irrasional dünyagörüşlü və ya fəlsəfi görüşlərində irrasional təfəkkürün üstünlük təşkil etdiyi mütəfəkkirlərə müraciət etmişik. Qərb filosoflarından Müqəddəs Avqustinin, Dionisiy Areopaqitin, Bonaventuranın, Nikolay Kuzanlının, Nikol Malbranşın, M.Ekxartın və digərlərinin, Şərq mütəfəkkirlərindən isə Mənsur Həllacın, Cüneyd Bağdadinin, Şihabəddin Sührəvərdinin, Əbu Hamid Qəzalinin, Eyn əl-Qüzat Miyanəcinin, Mühyiddin İbn Ərəbinin və başqalarının əsərlərini tədqiqatımızın əsas mənbələri sırasındadır.

Bununla yanaşı monoqrafiyada problemlə bağlı müasir çoxsaylı araşdırma və tədqiqatlardan da istifadə edilmişdir.

İrrasional idrakın orta əsr Qərb və Şərq mütəfəkkirlərinin görüşləri əsasında araşdırılması və əsərin başlıca ideya xəttinin təhlil olunması bir sıra yeniliklərin əldə edilməsinə səbəb olmuşdur:



  • Postsovet məkanında nisbətən az müraciət edilən və idrak nəzəriyyəsinin əhəmiyyətli tərəfi olan irrasional idrak ilk dəfə orta əsr Qərb və Şərq mütəfəkkürlərinin görüşləri əsasında araşdırılmışdır.

  • İrrasional biliyin mahiyyəti xarakterizə edilmiş və mənbələri şərh edilmişdir.

  • İlk dəfə irrasional və mistik biliklər arasında müqayisəli təhlil aparılaraq oxşar və fərqli cəhətləri göstərilmişdir.

  • İlk dəfə irrasional idrakın kateqorial aparatı, prosesin struktur və metodları təhlil və təqdim edilmişdir.

  • İrrasional idrakı ümumiyyətlə idrak prosesinin əhəmiyyətli və ayrılmaz hissəsi kimi təqdim etməklə idrak nəzəriyyəsinin fəlsəfi təhlilinə yeni istiqamət verilmişdir.

  • İrrasional idrakın Qərb və Şərq regionları üçün səciyyəvi xüsusiyyətləri təhlil edilərək mövcud fərqlərin səbəbləri göstərilir.

  • İrrasional idrakın Qərb və Şərq fəlsəfi təfəkküründəki ümumi cəhətlər araşdırılmış və bununla da onun vahid inkişaf xətti və bütöv strukturu təqdim edilmişdir.

  • Tədqiqatın gedişindən yaranan zərurətdən və şərhin daha anlaşıqlı və dolğun olması məqsədilə elmi ədəbiyyata antrpoloji panteizm, vəhdət əl-nur kimi yeni terminlər gətirilmişdir.

  • Problemin daha aydın təsviri və təqdimi məqsədilə irrasional idrak prosesinin, panteizmin və vəhdət əl-vücudun qrafik sxemləri çəkilmişdir.

Tədqiqat mövzusunun aktuallığı, onun elmi ədəbiyyata gətirdiyi yeniliklər və qarşısına qoyduğu məqsədlər onun nəzəri və praktiki əhəmiyyətini artırmış olur:

  • Qərb-Şərq mənəvi mədəniyyətlərinin, fəlsəfi təfəkkürlərinin müqayisəli təhlili, oxşar və spesifik xüsusiyyətlərinin üzə çıxarılması regionlararası dialoqun yeni səhifəsi ola bilər.

  • İdrak prosesinin əhəmiyyətli bir hissəsini təşkil edən və rasional düşüncəni tamamlayan irrasional idrakın struktur və metodologiyasını təqdim və təsvir etməklə idrak nəzəriyyəsinin fəlsəfi təhlilinə yeni istiqamət verə bilər.

  • İrrasional idrakın inkişafının, Qərb və Şərq mü­tə­fək­kir­lərinin fəlsəfi görüşlərində öz əksini tapmasının izlənilməsi ümumbəşəri mənəvi dəyərlərin zaman və şəraitlə bağlı olaraq fərqli formalarda təqdiminə baxmayaraq qırılmaz bir xətlə tarix boyu mövcudluğuna aydınlıq gətirə bilər.

  • İşdə irrasional idrakın təhlilinə dair elmi ədəbiyyata ilk dəfə gətirilən yeni terminlər və kateqoriyalar irrasional təfəkkürə və idrak prosesinə həsr ediləcək gələcək tədqiqat işlərində istifadə edilə bilər.

Rasional düşüncə fövqündə mövcud olub inkişaf etməyinə, fərdi və subyektiv xarakter daşımasına baxmayaraq irrasional yolla dərk edilən həqiqətlərin təsviri, şərhi və təqdimi zamanı tədqiqatçı rasional vasitə və metodlardan istifadə etməli olur, təbii ki, fərqli şəkildə. Məlum olduğu kimi, irrasional təfəkkürə malik mütəfəkkirlərin əsərləri daha çox rəmzi dillə yazılmışdr. Bu üslub xüsusilə sufi mütəfəkkirlər üçün xarakterik olmuşdur. Bu baxımdan mətnlərin təhlilində, fəlsəfi müqayisə və araşdırmalarda tətbiq olunan metoddan (hermenevtika, tarixi-fəlsəfi müqayisə, elmi sistemləşdirmə) asılı olmayaraq sözlərin, kəlamların məhz ezoterik mənasının açılışı ön planda tutulmuşdur.

Tədqiqatın əsas metodu Qərb və Şərq fəlsəfi fikrində irrasional idrakın xüsusiyyətlərinin öyrənilməsində istifadə edilən tarixi-fəlsəfi müqayisəli təhlildir. Aparılan müqayisə zamanı hər iki bölgənin alimləri üçün səciyyəvi olan dünyagörüşləri, sonuncuların təməl prinsipləri arasında paralellər aparmaqla buradakı fi­kir müxtəlifliyi və onun yaranma səbəbləri aydınlaşdırılmışdır. Tədqiqatda həmçinin sistemləşdirmə metodundan istifadə edilmiş və onun əsasında bir sıra təsnifatlar aparılmışdıır.

Tədqiqat zamanı istifadə olunan digər metod kimi her­me­nevtikanı qeyd etmək lazımdır. Məlum olduğu kimi, tədqiq olunan ideya və baxışlara dövrün ictimai-siyasi, dini-ideoloji şəraiti güclü təsir göstərir. İdeya və təfəkkür formasının inkişaf xəttinin iz­lən­ilməsində, onun daha ətraflı və dəqiq araş­dırılmasında, Qərb (Plotin, Müqəddəs Avqustin, M.Ekxart, N.Kuzanlı, N.Malbranş, C.Bruno və s.-nin) və Şərq mütəfəkkirlərinin (Cüneyd Bağdadi, Mən­­sur Həllac, Eyn əl-Qüzat Miyanəci, Müh­yiddin ibn Ərəbi, Şi­ha­bəd­din Sührəvərdi və başqalarının) müxtəlif dövrlərdə eyni ideyaya mü­nasibətlərinin öyrənilib düzgün təhlil edilməsində hermenevtikadan daha məqsədyönlü metod kimi istifadə edilmişdir.

  1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə