K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə74/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   71   72   73   74   75   76   77   78   79
Gəncliyin fəlsəfəsi

 
Qırıq qanad 
Bir mələk yarandı nurdan, işıqdan. Bir mələk yarandı 
ən gözəl hikmətdən. Bir mələk yarandı ən ali bir niyyətdən.
Mələk nur payını ala-ala nurlandı, böyüdü, qanadlanıb 
pərvazlandı, göyün qatlarını gəzdi dolaşdı, özü kimilərindən 
başqalarını görmədi. Bir gün Yaradana yaxın bir məqamda 
bir qapı görüb ora girdi. Nə maraqlı yerdi bura! Bura dolu idi 
ideyalarla, həqiqətlərlə! İlahi bir qüvvə ilə Vahid həqiqətin 
bu zərrələri min bir çeşidə salınıb hara isə göndərilirdi. Ara-
sıra geri dönən həqiqətlər də olurdu. Vətən həsrətindən 
alışıb-yanan bu həqiqətlər fərəhdən başqa həqiqətlərlə 
qucaqlaşır, uçuşurdular.
– Hara gedir bu həqiqətlər? 
– Aşağı, maddi dünyaya. 
– Maddi dünyada nə var ki? 
– İnsan. 
– Nə səbəbə onlara göndərilir? 
– Sən bilmirsənmi, Uca Yaradan hər şeyi onların 
xidmətinə verib? 
– Bəs bunlar niyə rənglənir, çeşidlənir? 
– Bu rənglər, çeşidlər gözlər üçündür. Həqiqətlər hər 
insana verilsə də, heç də hamısı onları dərk edib tanımır, 


- 231 -
rənglər aldadır onları. Allah insanlara könül deyilən bir şey 
də verib, onlar ancaq onunla baxanda bu rənglərin, çeşidlərin 
altındakını görə bilirlər. Görəndə bura yolları açılır. Bura 
qalxanda isə öz insanlıqlarının mənasını dərk edirlər.
– Bunlar nəyin həqiqətidir? 
– Bilmirəm. Onu ancaq Allah, bir də Onun yerdəki 
xəlifəsi – İnsan bilir. 
Mələk bu uçuşan sonsuz həqiqətləri tanımaq istədi, bu 
istəkdən qanadları nur saçdı: 
– Mən də insan olmaq istəyirəm. 
– Olmaz, Allah səni mələk yaradıb. 
– Allah üçün imkansız bir şey yoxdur. O, bir şeyə «Ol» 
desə, olar. 
Dua o qədər səmimi edildi ki, Allah eşitdi və «Ol», – 
dedi. Amma onun mələkliyi də əlindən alınmadı, kiçik şəffaf 
qanadları, nurdan olan ürəyi yerində qaldı. Allah ona sadəcə 
…ağıl verdi, bildiyi bütün adları ona da öyrətdi, bütün 
mələkləri, yaradılmışları ona səcdə etdirdi. Göylərdə heç kim 
bilmədi ki, bu, lütfdür, yoxsa sınaq. 
Yerə enən mələyin gözləri əvvəlcə qamaşdı: burada nə 
çox rəng vardı, hər şey nə gözəldi, ilahi. Bir anlıq əvvəl gör-
düklərini, eşitdiklərini – hər şeyi unutdu. Hər şeyi qucaq-
lamaq istədi, mənimdir deyə qışqırmaq keçdi ürəyindən… 
Amma bu istək ürəyindəki nura toxunan kimi əriyib yox 
oldu. Mələk hər şeyi xatırladı. Rənglərin altındakı işığı sezdi, 
səs-küyün arasından harmoniyanı duydu… Ürəyinin nuru 
daha da artdı, bu nurun işığında ta göylərdəki həmin qapını 
gördü… Kimsə onu itələdi: 
– Yolumu kəsmə. 


-232 -
Yoldan ötən bir insan idi, işə tələsirdi, bir tikə çörək 
qazanmağa. Çəkildi, ancaq indi də başqasının rahatlığını 
pozdu. Ətrafa boylandı. İnsanlar qaynaşırdı. Hamı rənglərlə 
əlləşirdi, amma onların altındakına fikir verən yox idi. İstədi 
onlara gördüyü həqiqət aləmindən danışsın.
– Boş-boş dayanmaqdansa, bir işə yara, – deyə əlinə 
bir bel verdilər. 
«Mən güllər əkəcəm, insanlara həqiqətləri xatırladan 
güllər. Mən ağaclar əkəcəm, malik olduqları hikməti 
yadlarına salmaq üçün», – deyə sevincək düşündü. 
– Burada bir quyu qaz, keçən olmasın, – əmr etdilər. 
– Mən, mən…, – deyə kəkələdi. Kimsə ona əhəmiyyət 
vermədi.
Qaza bilmədi, ürəyindəki nur qoymadı. Quyu qaza bil-
mədiyini görüb: 
– Hə, sən alimsən, – deyib əlinə qələm verdilər. 
«Mən gördüklərimi, eşitdiklərimi yazacam, hər kəsin 
könül gözünü açacam», – deyə sevincək qələmi götürdü. 
İlk hərfindəcə onu saxladılar: 
– Sənin yazdığın bizə maraqlı deyil, insanlar üçün ak-
tual olan, cəmiyyətə xidmət edən şeylərdən yaz, – deyə əmr 
etdilər. 
– Mən fikirləşdim ki… 
– Sən fikirləşmə, bu sənə çörək verməz, sənə nə əmr 
edirlər, onu yaz. 
Yazmaq istəmədi, amma… Mələk ac idi, susamışdı, 
üşüyürdü… və yazdı. Nə dedilər onu yazdı. Nur dolu ürəyi 
qana boyandı, şəffaf qanadları narahat-narahat xışıldaşdı. O, 
hər şeydən yazırdı, amma bu yazdıqlarında əvvəllər görüb-
eşitdiklərinin heç izi-tozu da yox idi. Ürəyindəki nur 


- 233 -
solğunlaşır, qolları daim məşğul olduğundan qanadları 
sızıldaşırdı.
– Bir az qanadlarımı açmaq üçün uçsam nə olar? 
– Sən dəlisən. Bu kimə lazımdır? Qanadların çox in-
cədir, günəş yandırar, – deyib qanadlarına qurğuşun 
bağladılar.
Əvvəllər qurğuşunun ağırlığını hiss etmirdi. İçində və-
təninin həsrəti alışıb-yandıqca qanadları gərilir, ancaq heç 
cür bu ağır qurğuşundan qurtula bilmirdi. Bir gün son 
gücünü yığıb qanadlarını qaldırmaq istədi və …qurğuşunun 
ağırlığından qanadları sındı, iki yanına düşdü. 
İllər keçdi, mələk tanınmış bir alim oldu. Hamı onu 
sevdi, hörmət etdi, onu həqiqi alim, insan adlandırdı. Bircə o 
bilirdi ki, ora, yuxarı qalxmasa, o qapıdan girməsə insan 
olmayacaq. Ancaq bilmirdi bu necə olur. Əllərini açıb 
Allahdan kömək dilədi. 
Göydən onun yardımına gəldilər:
– Niyə sındırdın qanadlarını?
– Uçmaq istəyirdim.
– Sən insan olduğunu niyə unutdun? İnsanlar mələklər 
kimi uçmurlar, uçmaq istəyənlərin sənin kimi qanadlarına 
qurğuşun bağlayırlar. İnsanlar fərqli uçurlar. Axı Allah sənə 
bizə vermədiklərini verdi. Onlardan niyə istifadə etmədin? 
– Bura fərqli bir yerdir. Orada yuxarıda hər şey gözəl-
dir, ucadır, burada hər şey toza-torpağa bulanıb. Burada 
MƏN yoxdur, müdir və işçi var. Burada harmoniya yoxdur, 
əmr və itaət var. Allahın əmri unudulub, insanlar əmr edir, 
Allaha deyil, insanlara itaət edilir. Hamı kardır, kordur, 
rənglərlə oynayırlar, həqiqətə baxan yoxdur.


-234 -
Gözəl yerdə oturub gözəl qalmaq asandır. Bu toz-
torpaqdan o ucalığa yüksəlmək ancaq insanın hünəridir.
Mələyin ürəyi sızıldadı, torpağa bulaşmış sınıq qa-
nadları titrəşdi.
– Mən daha insan olmaq istəmirəm, yenə mələk olmaq 
istəyirəm.
– Gecdir. Səndə ağıl deyilən ağır bir yük var. Ondan 
düzgün istifadə etməyəndə sənin kimi qanadları sınır, nə 
insan olur, nə mələk. 
– Bəs mən neyləyim? 
- Bilmirəm, bunu ancaq insanlar bilir. 
Mələk sınmış qanadlarına, onu ayrı düşdüyü vətəninə 
geri götürə biləcək yeganə vasitəsinə baxdıqca içindəki 
ümidlərin telləri bir-bir sınırdı. Ürəyində bir nur zorla közər-
di: «Allah heç kəsə daşıya bildiyindən artıq yük vermir». 
– Deməli, Allah mənə güc verib, mənim xəbərim 
yoxdur… hanı, hardadır? – ətrafa boylandı. 
– Mən burdayam – içindən zəif bir səs gəldi. Ürəyi idi, 
ürəyinin içindəki könlünün səsi idi.
– Artıq gec deyilmi? 
– Allah üçün zaman yoxdur. Bir şeyə «Ol» dedisə, 
olar. 
– Mən neyniyim? 
– Qoy ürəyindəki nur ağlına qarışsın, ağlının dedikləri 
bu nurla yoğrulsun, ağır yükün sənin zinətinə çevrilsin. Sən 
insansan, mələk qanadlarına ehtiyacın yoxdur, könlün ağlına 
elə bir qanad ola bilər ki, ona heç bir qurğuşun bağlanmaz.
Mələk ilk dəfə idi könlünün səsini eşidirdi və bu səs-
dən yenidən doğulurdu, …yeni qanadlarla, yeni arzularla və 
…insan kimi. 


- 235 -

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin