İslahatların keçirilməsi zəruriliyi
XIII əsrin 80-90-cı illərində Hülakilər dövlətində baş verən siyasi və ictimai-iqtisadi böhran ən yüksək səviyyəyə çatdı. İşğal altındakı ölkələrin müdhiş dağıntılara məruz qalması, arası kəsilməyən feodal çəkişmələri, zəhmətkeş əhalinin amansız şəkildə talan olunması nəticəsində öz yerlərini tərk etməsi və digər amillər kənd təsərrüfatı istehsalının kəskin surətdə azalmasına, şəhərlərin iqtisadi həyatının tənəzzülünə gətirib çıxarmışdı.
XIII-XIV əsrlərdə Azərbaycanda mövcud olan hüquq mənbələrinin içərisində Elxani hökmdarı Mahmud Qazan xanın verdiyi fərmanlar mühüm yer tutur. Qazan xana qədərki hökmdarlar – Hülakü xan, Abaqa xan, Arqun xan və Keyxatu xanın hakimiyyəti illərində də bu və ya digər məsələlərlə bağlı müxtəlif səpkidə fərmanlar vermişdilər. Başlıca cəhət odur ki, Qazan xanın fərmanları istər ictimai-siyasi, sosial-iqtisadi, dini, istərsə də hüquqi baxımdan mükəmməlliyi ilə seçilir və daha mühüm əhəmiyyət daşıyırdı. 1295-ci ildən 1304-cü ilə qədər hakimiyyətdə olan Qazan xan yerli feodalları öz tərəfinə çəkmək və öz hakimiyyətini möhkəmləndirmək məqsədilə əsasən dövlətin sosial-iqtisadi və hüquqi həyatını əhatə edən bir sıra islahatlar həyata keçirdi. Bu islahatlar onun vermiş olduğu 40-a yaxın fərmanında öz təzahürünü tapmışdı.
Qazan xan islahatlarının tənzimlədiyi münasibətlər sistem baxımından aşağıdakı bölgü ilə ayrıla bilər: İslam dininin qəbulu və möhkəmləndirilməsi barədə qanunvericilik; hərbi iş və qoşun saxlanılmasına dair qanunvericilik; təsərrüfat iqtisadiyyatının idarə edilməsi barədə qanunvericilik; torpaq və rəiyyətin hüquqları barədə qanunvericilik; ticarət-maliyyə qaydaları barədə qanunvericilik; saraydaxili idarəçilik barədə qanunvericilik; daxili qayda-qanunlara əməl edilməsi sahəsində qanunvericilik; ədalət mühakiməsi və mülkiyyət tələbləri haqda qanunvericilik.
Qazan xanın həyata keçirdiyi islahatların əsas təşəbbüskarı və həyata keçirəni baş vəzir, təbib, dövrün məşhur tarixçisi Fəzlullah Rəşidəddin idi. İslahat vergi sisteminin sabitləşdirilməsi, vergi zülmünün yumşaldılması, vergilərin yığılması prosesində mövcud olan sui-istifadə hallarının aradan qaldırılması vasitəsilə əkinçiliyin və şəhər iqtisadiyyatının yüksəlişini təmin etmək məqsədi güdürdü.Tədbiri həyata keçirən şəxslərin qənaətinə görə, bu islahat dövlət xəzinəsinin sabit şəkildə gəlirlərlə təchiz olunmasını təmin etməli idi.
Hülakü hökmdarı Qazan xanın adı tariximizdə böyük islahatçı kimi qalmışdır. Qazan xan hakimiyyətdə olduğu qısa vaxt ərzində (1295-1304) dövlət idarəetmə sisteminin və cəmiyyət həyatının demək olar ki, bütün sahələrində islahatlar keçirmişdi.
Qazan xan hakimiyyətə gələn kimi ilk olaraq dini islahat keçirtdi və 1295-ci ildə əyanları və ordusu ilə birlikdə İslam dinini qəbul etdi. O, öz türk adma müsəlman adı da əlavə edərək Mahmud oldu. İslam beşinci ulusun -Hülakülərin rəsmi dövlət dininə çevrildi. Bu, Qazan xan tərəfindən atılmış çox ağıllı bir addım idi, çünki Hülakü dövlətinin ərazisində yaşayan əhalinin əksəriyyəti müsəlman idi. Ondan qabaqkı Hülakü hökmdarları (elxanlan) ölkədə yaşayan xristianlara, bütlərə və şamançılığa inanan monqollara daha çox qayğı və diqqət göstərirdilər. Halbuki onların sayı çox az idi. Avropa dövlətləri və Roma papası Hülakü və Abaqa xanın “xristianlara bu qayğıkeş münasibətindən xəbərdar idilər, ona görə də Hülakü hökmdarlarını xristianlığı rəsmi dövlət dini kimi qəbul etməyə və Misirə qarşı xaç yürüşlərində iştirak etməyə çağırırdılar.” Xristian dünyası monqolların əli ilə müsəlmanları tamamilə məhv etmək niyyətini heç gizlətmirdi. Xristian din xadimlərindən ən murdarı yepiskop Vinçester demişdi: “Gərək imkan verək, bu köpəklər bir-birini udsunlar və büsbütün yoxa çıxsınlar. O vaxta qədər ki, biz onların dağılmış yurdları üzərində müqəddəs kilsənin özülünü qoyaq. Bax, o zaman bütün dünyanın bir çobanı və bir sürüsü olacaqdır.” Qazan xan dini islahat keçirməklə, xristian dövlətlərinin bütün məkrli niyyətlərinin qarşısını aldı. Qazan xanın göstərişi ilə bütün bütpərəst məbədləri, hətta atasının tikdirdiyi məbədlər, habelə kilsə və sinaqoqlar sökülüb yerində məscidlər tikilirdi. Maraqlıdır ki, Qazan xan müsəlmanlıqda olan məzhəb ayrılığına fikir verməyərək imam Hüseynin məzarı ətrafına ağaclar əkdirmiş, buraya hətta su arxı çəkdirmiş, eyni zamanda şəfii və hənəfi mədrəsələri üçün gərəkən əşyaların alınmasını təmin etmişdi. Qazan xan türk xalq inancına sahib olan dərviş və qələndərlərə də hörmətlə yanaşırdı. O, dini islahat keçirməklə hakim zümrə ilə çoxluqda olan müsəlman əhalisi arasındakı ayrı-seçkiliyi aradan qaldırmağa, yerli əyanlar və din xadimləri ilə yaxınlaşmağa çalışmışdı.
Qazan xan və onun baş vəziri Fəzlullah Rəşidəddin dövlətin iqtisadi siyasətini dəyişdirmək üçün ardıcıl islahatlar keçirmişdilər. İslahatların ideoloqu Rəşidəddin, hətta sonrakı dövrlər üçün də böyük əhəmiyyət daşıyan yeni iqtisadi konsepsiyanın məzmununu oğlu Şihabəddinə məktubunda belə izah etmişdi: ‘hər hansı bir dövlətin mədaxil xəzinəsi rəiyyət özüdür, onun halal zəhməti və çalışğanlığıdır. Rəiyyət soyulub var-yoxdan çıxarılarsa, hökmdarlara heç bir qazanc qalmaz və işin kökünə baxsan, hər bir səltənətin özülü ədalətdir, çünki… dövləti ordu qazanır, dövlətin ordudan başqa gəlir ağacı yoxdur, ordunu isə vergi (mal) hesabına saxlamaq olar-vergisiz qoşun yoxdur, vergi isə rəiyyətdən alınır, rəiyyətdən başqa vergi verən yoxdur, rəiyyəti isə ədalət hesabına saxlamaq olar; deməli, ədalət yoxdursa, rəiyyət də yoxdur”.
Qazan xan və onun baş vəziri Rəşidəddin yeni “ədalətli” iqtisadi siyasətin dayağı olacaq rəiyyət, sənətkar və tacirlər zümrəsinə arxalanmağın tərəfdarı kimi çıxış edirdilər.
Qazan xanın 1303-cü ildə verdiyi hərbi iqta torpaqları haqqında qanun onun islahatları içərisində xüsusi yer tutur. Bu qanuna əsasən dövlətə hərbi xidmət göstərən döyüşçülərə iqta torpaqları paylanırdı. Bu torpaqdan gələn gəlir döyüşçünün dövlət xəzinəsindən aldığı məvacibi əvəz edirdi və iqta alan döyüşçü kiçik torpaq sahibinə çevrilirdi. İqta torpağı üzərindəki əkin sahələri, təsərrüfatlar və tikililər də iqtadarın sahibliyinə verilirdi. İqta alan döyüşçüyə orada yaşayan kəndlilərdən dövlətin xeyrinə yığılan bütün vergiləri toplamaq hüququ verilirdi. İqta sahibi həmin torpağı bütün oğullarına deyil, hərbi xidmətdə onu əvəz edəcək oğluna irsən ötürə bilərdi. İqta torpağında yaşayan rəiyyətlər də iqtadarın sahibliyinə keçirdi və bu torpaqlardan başqa yerlərə qaçan rəiyyətlər 30 ildən çox vaxt keçməmişdisə, məcburi qaydada geri qaytarılmalı idi. İqtadar torpağın becərilməsinə qayğı göstərməyib, rəiyyətlə əsir və ya qul kimi rəftar edərdisə, həmin torpaq geri alınmalı idi. Döyüşçü iqta torpağım sata və başqasına bağışlaya bilməzdi. Əks halda onu ölüm cəzası gözləyirdi.
Qazan xanın ardıcıl şəkildə həyata keçirdiyi islahatlardan biri də vergi sisteminin yenidən qurulmasını nəzərdə tuturdu. 1303-cü il qanununa əsasən keçirilən vergi islahatına görə rəiyyətdən vergilər yalnız müəyyən olunmuş vaxtlarda yığıla bilərdi. Taxıl vergisi ildə iki dəfə: yazda (21 mart-11 aprel) və payızda (22 sentyabr-12 oktyabr) yığılmalı idi. Ölkə üzrə vergi ödəyəcək əhalinin siyahısı tutuldu, vergilərin növləri, miqdarı və ödənilmə vaxtı dəqiq müəyyən olundu. Hər bir kənddə və məntəqədə əhalinin ödəməli olduğu vergilərin miqdarının yazıldığı lövhələr qoyuldu. Dövlət torpaqlarından yığılan xərac vergisi məhsulun 60%-ni, xüsusi sahibkar torpaqlarında isə məhsulun 10%-ni təşkil etməli idi. Əsas dəyişikliklərdən biri isə vergi yığılması işinin mərkəzi divana tapşırılması oldu. Bununla Qazan xan vilayət hakimlərinin vergi yığılması işinə müdaxiləsinin qarşısını almağa və bu sahədə məmur özbaşınalığını azaltmağa çalışırdı. İslahata əsasən vergi yığılması işinin iltizama (icarəyə) verilməsi ləğv edilməsə də, bu sahədə qayda-qanun yaradıldı. Bundan sonra vergi yığımı etibarlı və dürüst adamlara iltizama verilirdi və iltizam müddəti üç ildən çox ola bilməzdi.
Azərbaycanda Hülakülər dövründə yarğu və qəza-şəriət adlanan iki cür məhkəmə fəaliyyət göstərirdi. Məhkəmələrin tabe olduğu qazı əl-qüzzat (qazılar qazısı) və yarğu məhkəməsinin başçısı olan yarğu əmiri dövlət başçısı elxan tərəfindən təyin olunurdu. Yarğu məhkəmələri Çingiz xanın “Böyük Yasa” adlanan Qanunnaməsi əsasında fəaliyyət göstərirdi. Həmin məhkəmələr orduda, monqolların öz aralarında və monqollarla yerli türk-müsəlman əhalisi arasında mübahisələrə və şikayətlərə baxırdı. Şəriət məhkəmələrinin fəaliyyəti isə islam dininin ehkamlarına və şəriət normalarına əsaslanırdı. Quranın və şəriətin tələbinə uyğun gəlməyən bütün işlər haram hesab olunurdu. Buna əməl etməyənlər cəzalandırılırdılar. Şəriət məhkəmələrinə qazı əl-qüzzat başçılıq edirdi. Hülakü hökmdarı Keyxatu xana qədər sarayda qazı əl-qüzzat vəzifəsi yox idi. Bu vəzifəni ilk dəfə o, təsis etmişdi. Qazan xana qədər yerli türk-müsəlman əhalisi öz dini adət-ənənəsinə sadiq qalaraq bütün məhkəmə və mühakimə işlərini şəriət qanunlan əsasında həll etməyə cəhd göstərirdi. Yarğu və şəriət məhkəmələri arasında gedən mübarizə ikincinin xeyrinə qurtardı. Bunun əsas səbəbi Qazan xanın islam dinini qəbul edərək məhkəmə islahatı keçirməsi oldu. Bu islahat ilə yarğunun nüfuzu xeyli sarsıldı və onun rolu şəriət məhkəmələri ilə müqayisədə çox zəiflədi. Qazan xan məhkəmə islahatı keçirməyə başlayanda, Hülakülər dövlətinin məhkəmə sistemində çoxlu qanunsuzluq, özbaşınalıq və rüşvətxorluq hökm sürürdü. Ən dəhşətlisi onda idi ki, məhkəmələrdə saxta sənədlərin tərtib olunması və yalançı şahidlərdən istifadə edilməsi adi hala çevrilmişdi. Torpaq mülkiyyəti ilə bağlı çoxlu mübahisəli hal yaranmışdı. Ən təəccüblüsü isə mənfəətli iş olduğu üçün qazı vəzifəsinin icarəyə verilməsi idi. F.Rəşidəddinin sözləri ilə deyilsə “islam hökmdarı” Qazan xan məhkəmə islahatını 1300-cü ildə həyata keçirmişdi. İslahatın əsas məqsədi məhkəmələrdəki özbaşınalıqları və qammsuzluqları aradan qaldırmaqdan ibarət idi. Qazan xan ilk növbədə dövlətin bütün ədliyyə işlərinə nəzarət etməli olan baş qazını, habelə vilayət və iri şəhərlərin qazılarını təyin etdi. Fərmana görə, qazılar ən ləyaqətli şəxslərin içərisindən seçilməli və onlar şəriət qay dalarını dərindən bilməli idilər. Məhkəmə işlərinə başçılıq edən qazılar bütün vergi və mükəlləfiyyətlərdən azad olunurdular. Qazan xan rüşvətxorluğun qarşısını almaq üçün qazıların ehtiyaclarına uyğun vəsaitin xəzinədən ödənilməsinə sərəncam vermişdi. Eyni zamanda şəhər və kənd qazılarının dəqiq səlahiyyətləri və məhkəmə işlərinin aparılması üçün vətəndaşlardan tələb olunan rüsumların dəqiq miqdarı müəyyən edilmişdi. Qazılar şəriət qanunlarına ciddi əməl etmələri haqqında yazılı iltizam verməyə borclu idilər. Yüksək vəzifəli dövlət məmurlarına isə qazıların işlərinə müdaxilə etmək, verəcəkləri qərarlara təsir göstərmək qəti şəkildə qadağan olunmuşdu. İslahata görə 30 ildən cox tarixə malik məhkəmə iddiaları qanunsuz elan olunurdu. Bu o demək idi ki. 30 il ərzində haqqında hec bir iddia qaldırılmayan mülkiyyət (torpaq, əmlak və s.) qanuni hesab olunurdu. Torpaq alqı-satqısında fırıldaqçılığın qarşısını almaq üçün bundan sonra torpaq satan şəxs məhkəmədə mülkün ona məxsusluğunu sənədlər və şahidlərin iştirakı ilə sübuta yetirməli və bu haqda qazıdan yazılı qəbz almalı idi. F.Rəşidəddin yazırdı ki, Qazan xan qazılara qeyri-qanuni şəkildə qəbalələr (mülk sənədləri) yazmağı qəti qadağan etmişdi. Məhkəmə islahatının ən mühüm cəhətlərindən biri torpaq mülkiyyəti hüququnun tənzimlənməsi məsələsinin əsas yer tutmasıdır. Məhkəmə qərarlarının böyük hissəsi (təxminən üçdə ikisi) torpaq məsələlərinin həllinə həsr olunmuşdu.
Qeyd edək ki, məhkəmə qərarlarının düzgün verilməsini təmin etmək üçün verilən qərarlar və onların verilmə vaxtı xüsusi dəftərlərdə dəqiqliklə qeydə alınırdı. Həmin dəftərlərdə qeydiyyatı aparan və bu işdən məsul olan şəxslərin bilərəkdən və ya bilməyərəkdən təhriflərə yol verməsi cinayət hesab olunur və ölüm hökmü ilə cəzalandırılırdı. Bütün bu qərarlara aydınlıq gətirən Qazan xanın fərmanlarından birində qeyd olunurdu ki, “vilayət qazıları bilsinlər ki, bizim bütün fikirlərimiz insanlar arasında ədalətsizliyə, zorakılığa, zülmə və əsassız iddialara qarşı yönəlmişdir. Qoy dünya və insanlar ruhən sakit yaşasınlar, ədalətin nişanələri bütün seçilmiş insanlara və sadə xalqa, uzaqlara və yaxınlara çatsın və onları ağuşuna alsın, insan cəmiyyətində narazılıqlar və mübahisələr aradan qalxsın, haqq onun sahibinə məxsus olsun, yalanın, hiylənin və zorakılığın qapısı birdəfəlik bağlansın”.
Qazan xan ictimai asayişi təmin etmək üçün çox ciddi addımlar atmış, şəhərlərdə mübahisə və dava-dalaşın baş verməsinin əsas səbəbi hesab etdiyi şərab içilməsini qəti qadağan etmişdi. Rəşidəddinə görə bu qadağa fərmanından sonra şəhərlərin küçə və bazarlarında nə bir sərxoşa, nə də nalayiq hərəkət edən bir nəfərə də rast gəlmək olmurdu. Nəticədə dava-dalaş və mübahisələrə son qoyuldu.
Beləliklə, Qazan xanın məhkəmə islahatının tam şəkildə həyata keçirilməməsi haqqında tarixşünaslığımızda olan fikirlər heç bir sənədlə təsdiq olunmur.
Qazan xanın 2 il ərzində həyata keçirdiyi rabitə islahatı ilə dövlətin vahid rabitə sistemi yaradıldı. Ölkənin əsas yollarında hər üç fərsəxdən (20 -21 km) bir rabitə dayanacaqları olan yamlar təşkil olundu. Hər bir yama əmir təyin edilərək onların ixtiyarına lazımi sayda işçi (çapar, qasid və xidmətçi), minik heyvanları (at və s.) və qoşqu vasitələri verildi. Rabitə (poçt) islahatının ən mühüm cəhəti onda idi ki, bundan sonra əhali üzərindən yam (yüklərin əhalinin hesabına daşınması) və poçt mükəlləfiyyəti götürüldü və yam xidməti dövlətin vəsaiti hesabına həyata keçirilirdi. Dövlət məmurları və elçilər yol xərcini rəiyyətdən deyil, xəzinədən almalı idilər. İslahatla yol-gömrük xidməti də yenidən təşkil olundu. Gömrük rüsumlarının miqdarı və gömrükxanaların dəqiq yerləri müəyyən olundu. Yolların qorunması və təhlükəsizliyi məsələlərinin həlli gömrük rüsumu yığan məmurlara tapşırıldı.
Qazan xan ticarətin inkişafını təmin etmək üçün ölkədə vahid pul, sabit çəki və ölçü sistemi yaratdı. Pul dövriyyəsində olan dirhəmin gümüş dəyəri 3,072 qramdan azaldılaraq 2,304 qram saf gümüşə bərabər tutuldu. Daha böyük pul vahidi olan dinar isə dirhəmin 6 mislinə (13,827 qr. saf gümüş) bərabər oldu. Saxta pul kəsilməsinin qarşısını almaq üçün pulun üzərində 3 gizli hərf işarəsi qeyd olunurdu.
NƏTİCƏ
Qazan xanın islahatları Hülakülərin nəzarət etdiyi Azərbaycanda və digər ərazilərdə uzun müddət davam edən böhrandan xilas olmaq üçün atılan çox mühüm tədbirlər sistemi kimi qiymətləndirilməlidir. Bu tədbirlər əhalinin, xüsusilə rəiyyətin vəziyyətinin nisbətən yaxşılaşmasına, ölkəmizin iqtisadi həyatının müəyyən qədər dirçəlməsinə gətirib çıxartdı. İslahatlar məmurların bir sıra qanunsuz hərəkətlərinin qarşısının alınmasında mühüm rol oynadı. Xəzinənin mədaxili artdı. Dövlətin maliyyə vəziyyəti nisbətən yaxşılaşdı. Dövlət gəlirləri 17 milyon dinardan artaraq 21 milyon dinara yüksəldi.
Qazan xanın ölümündən sonra (1304) yeni iqtisadi xətti onun baş vəziri Rəşidəddin davam etdirirdi. 1318-ci ildə islahatın əsas ideoloqu olan baş vəzir F.Rəşidəddinin hərbi-köçəri əyanlar tərəfindən yalançı “dövlətə xəyanət” ittihamı ilə öldürülməsindən sonra islahatın əleyhinə olan qüvvələr dövlət siyasətini dəyişdirməyə nail oldular. Onlar Qazan xandan əvvəlki soyğunçuluq siyasətinə qayıdaraq əməkçi zümrələrə divan tutmağa başladılar. Bunun nəticəsində də Hülakü dövləti özünün sonuncu tənəzzül mərhələsinə daxil oldu və 1357-ci ildə Qızıl Ordanun zərbələrinə davam gətirməyərək çökdü
Ədəbiyyat siyahısı
Azərbaycan Tarixi. I cild. (ən qədim zamanlardan XX əsrədək). Bakı. "Azərnəşr". 1994. 680 səh.
Şahin Fərzəliyev. "Azərbaycan XV-XVI əsrlərdə". Bakı. "Elm". 1983.
https://az.wikipedia.org/
Dostları ilə paylaş: |