Kompüter texnikasının yaranma tarixi və inkişaf mərhələləri H esabın yaranma tarixi: Hesab rəqəmlərin adlandırılmasından əvvəl yaranmışdır. İnsanlar saymaq üçün eyni tipli əşyalardan istifadə etmişlər: barmaqlar, daşlar, divarda çəkilən xətlər, düyünlər, taxta və ağaclar üzərində çapıqlar və s.
İlk hesablayıcı kimi Romada əlin barmaqlarından istifadə etmişlər.
Sonradan bu məqsədlə daşlardan istifadə etməyə başlamışlar.
B.e.ə. V – IV əsrlərdə ən qədim hesablama vasitəsi – yunanların “abak” adlandırdığı “salamin lövhəsi” yaradılmışdır. Müxtəlif ölkələrdə bu qurğu müxtəlif cür adlandırılırdı. Məsələn, Çində – suan-pan (VI əsr), Yaponiyada – serobyan (XIV əsr), Rusiyada – şotka (XVI əsr).
Kompüter – informasiyanın avtomatik emal olunması üçün elektron qurğular kompleksidir.
Hazırda beynəlxalq termin kimi işlədilən “kompüter” ingilis sözü olub (“computer”) “hesablayıcı” (maşın dilində) deməkdir. Bu söz dilimizə gəlməzdən əvvəl onun yerinə “rəqəm hesablama maşını” (rusca “цифровая вычислительная машина”), “Elektron Hesablama Maşını — EHM” (rusca “Электронная Вычислительная Машина” — ЭВМ) və ya “hesablama maşını — HM” söz birləşmələrindən istifadə olunurdu.
Kompüter texnikasının yaranma tarixi proqramla idarə olunan ilk universal kompüterin yaradıldığı vaxtdan (1946-cı il) başlanır. Bundan xeyli əvvəl isə hesab əməllərinin yerinə yetirilməsi üçün texniki və elektrotexniki qurğular yaradılmışdır.
İlk dəfə olaraq məşhur fransız alimi Blez Paskal 1642-ci ildəcəmləyici maşın hazırlamışdır;
1673-cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini (toplama, çıxma, vurma, bölmə) yerinə yetirən mexaniki arifmometr yaratmışdır. XIX əsrdən başlayaraq arifmometrlərdən geniş istifadə olunmağa başlandı.
1830-cu ildə ingilis riyaziyyatçısı Çarlz Bebbic proqramla işləyən, yəni insanın iştirakı olmadan hesablama aparan hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərdi. Maşına perfokartların daxil edilməsi, verilənlərin və nəticələrin isə “anbar”da (yaddaşda) saxlanması nəzərdə tutulurdu. Lakin o vaxtkı texnikanın səviyyəsi bu cür mürəkkəb maşını yaratmağa imkan vermədi. Bebbicin fikirləri sonradan universal kompyuterlərin yaradılmasının əsasını qoydu. Maşının emalı zamanı Bebbicə Ada Lavleys kömək olmuşdur. İlk dəfə olaraq bu qadın proqramlaşdırmanın nəzəri əsaslarını vermişdir və o, tarixə “ilk proqramçı” kimi düşmüşdür.
Yaddaşla və proqramla idarə olunan universal kompüterlərin yaradılmasının nəzəri əsasları 1930-cu ildə A.Turinq (İngiltərə) və E.Post (ABŞ) tərəfindən inkişaf etdirildi.
Proqramla idarə olunan ilk kompüterin yaradıcısı alman alimi Konrad Zus (Conrad Zuse) hesab olunur. Tələbə ikən Zus Çarlz Bebbicin Analitik maşınına oxşar qurğunun yaradılması işlərinə başladı. Onun Z1 adlandırdığı maşın verilənlərin daxil edilməsi üçün klaviaturaya malik idi. Hesablamaların nəticəsi kiçik lampalardan qurulmuş paneldə əks olunurdu. Sonradan o, perfolentlə işləyən Z2 maşınını yaradır. 1941-ci ildə Zus, ikilik say sistemi ilə işləyən Z3 kompyuterini yaradır. Təəssüf ki, bu kompyuterlər müharibə şəraitində sıradan çıxmışlar.
Rəqəm hesablama maşınlarının yaradılmasının əsas prinsipləri Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Bu nəzəri əsasların praktiki reallaşdırılması isə ilk dəfə olaraq 1946-cı ildə ABŞ-da elektron lampalı elementlərdə qurulan ENIAC (Electronic Numerical Integrator and Computer) adlı universal kompüterin yaradılması ilə həyata keçirildi. Quraşdırılmasına təxminən yarım milyon dollar sərf olunan bu kompüterin çəkisi 28 ton idi və 140 kVt enerji tələb edirdi.
Bu vaxtdan başlayaraq kompüter texnikası yüksək sürətlə inkişaf etməyə başladı. Məhz həmin tarix də müasir kompüter texnikasının yaranma tarixi hesab olunur.
Hesablama texnikasının inkişaf tarixinə uyğun olaraq elektron hesablama maşınlarını (EHM) dörd nəslə bölürlər. Bu nəsillər element bazasına, proqram təminatlarına, texniki və istismar göstəricilərinə görə bir-birindən köklü surətdə fərqlənirlər.
I nəsil (1950-1959) EHM-lər elektron lampalar üzərində yaradılmışdır. Bu tip maşınlar böyük ölçüyə, kiçik əməli yaddaşa, aşağı hesablama məhsuldarlığına malik olub, etibarlı işləmirdi və tez-tez sıradan çıxırdı. Giriş-çıxış qurğularının və xarici yaddaşın funksional məhdudluğu mətni (simvol tipli) informasiyanın emalını çətinləşdirirdi. Odur ki, kompüterlərin tətbiq sahəsi məhdud idi. Onlar əsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu. Keçmiş SSRİ-də istehsal olunan I nəsil kompüterlərə misal olaraq MESM, BESM, “Ural”, “Strela”, M-3, Minsk-1, M-20 maşınlarını göstərmək olar.
Bu hesablama maşınları saniyədə təxminən 10000 əməliyyat yerinə yetirirdi.