Kondensator soyuducular Kondensator mayenin qaz halından maye halına çevrilməsi üçün istifadə olunan qurğuya deyilir. Kondensatorlar müxtəlif ölçüdə olur və istehsalat proseslərində istifadə olunur. Məsələn, soyuducularda kondensator istiliyi kənarlaşdırmaq üçün tətbiq olunur. Soyuducu agentlər çoxlu sayda soyuducu qurğularda – güclü gəmi-refrigeratorlardan kiçik mənzil soyuducuları və kondisionerlərinə qədər geniş istifadə olunur.
Daha çox praktiki əhəmiyyət kəsb edən freonlar metan əsasında alınır: diflüordixlor metan (freon-12, mənfi 29.7oC-də qaynayır), triflüorxlor metan (freon-13, mənfi 81.1oC-də qaynayır), diflüorxlor metan (freon-22, mənfi 40.1oC-də qaynayır) və bəzi digərləri.
Adətən məişət soyuducularında freon-12 və freon-114 istifadə olunur.
Kompressorlu soyuducuların (adsorbsiyalı, termoelektrik tip soyuducular da olur) iş prinsipi eynidir. Konkret misala baxaq. Soyuducuda soyuducu agent kimi freon-114 istifadə olunduğunu hesab edək (1,1,2,2-tetraflüor-1.2-dixloretan CClF2-CClF2).
Kondensator adətən soyuducunun arxa divarı üzərində yerləşir və işçi vəziyyətdə həmişə istidir . Odur ki, soyuducunu mənzilin divarına kip yerləşdirmək olmaz. Bəzi modellərdə kondensator yan divarda yerləşə bilər.
Sıxılmış qazın soyuması ona görə baş verir ki, o kondensləşir, başqa sözlə maye olur. Bu da ətraf mühitə istilik verməklə baş verir. Maye freon kondensatordan xüsusi qurğuya – drosserlə daxil olur.
Drosselin funksiyası təzyiqi kəskin aşağı salmaqdır (bu çox sadə həll olunur: maye freon kiçik boşluqdan keçir və böyük həcmli kameraya düşür; bu zaman mayenin bir qismi buxarlanır, temperatur isə azalır.
Sonra freon buxarlandırıcıya daxil olur (soyuducunun buzlaşdırıcı kamerasında yerləşir) və burada maye tam qaynayır və temperatur kəskin azalır. Soyuq freon buxarları kompressor ilə sorulur, sıxılır və sikl təkrar olunur. Qazın mayeyə asanlıqla çevrilməsi soyuducu agentdən asılıdır, çünki hər bir birləşmədə kondensləşmə temperaturunun təzyiqdən öz asılılığı var. Verilən misalda freon-114 onun temperaturu 45oC-dən yuxarı olmadıqda 4 atm təzyiqdə mayeyə kondensləşir. Adətən belə də olur, əgər mətbəxdə çox isti deyilsə, məsələn 25oC-yə yaxın. Amma əgər otaqda temperatur 30oC-ə qədər artırsa, freon buxarları kondensatorda kifayət dərəcədə soyuya bilmir ki, həmin təzyiqdə mayeyə çevrilsin. Drosselləşdirmə zamanı freonun buxarlarının təzyiqinin azalması temperaturu aşağı salır, amma bu zaman mayenin buxarlanmasına nəzərən soyuma xeyli zəif olacaq. Amma əgər kompressor 6 atmosfer təzyiq yarada bilərsə, freon-114-ün buxarları hətta 60oC-də də kondensləşir və heç bir problem yaranmır.