Kosovo- dünəndən bu günə Tural Mustafayev



Yüklə 25.67 Kb.
tarix29.07.2017
ölçüsü25.67 Kb.
Kosovo- Dünəndən bu günə Tural Mustafayev
İkinci Dünya Müharibəsi bitti. Bundan sonra beynəlxalq münasibətlər və beynəlxalq hüquq üçün yeni era başladı. Bu yeni erada dövlətlər hər bir konflikti sülh yolu ilə həll edəcəklərinə “and içib”, sabitliyin təmin edilməsi üçün müxtəlif qurumlarda birləşdilər. Sözsüz ki, bu qurumlarin başında Beynəlxalq Millətlər Təşkilatı gəlirdi. Bu gün bu təşkilatın yaranmasından 60 ildən çox keçib. Amma təşkilat hələ də körpəlik illərini yaşayır. Körpəlik illərini yaşayır çünki ya mövcud beynəlxalq hüquqi problemlə əlaqədar qərar çıxara bilmir, ya çıxardığı qərarı yerinə yetirə bilmir, ya da ki, ümumiyyətlə susmağı üstün tutur. Yox mən burada BMT-in əhəmiyyətini əsla azlatmaq fikrim yoxdu. Sadəcə keçen bu 60 ilin beynelxalq münasibətlər üçün çox kiçik bir zaman dilimi olduğunu vurğulamaq istədim.

XX əsrin sonu XXI əsrin əvvəllərində isə BMT və digər aidiyyatı olan qurumların “masasının üzərinə” yeni məsələ qoydular. Üzərində böyük hərflərlə Kosovo yazilan bu problem bugünki zamanda sözün əsl mənasında açılmaz düyünə çevrilmişdi. Hələ 1999-cu ilin mart və iyun aylarında NATO qoşunlarının Yuqaslaviyaya qarşı hərbi aksiyaları bu problemi regional çərçivədən çıxarıb beynəlxalq çərçivəli bir münaqişəyə çevirdi.

Bəs Kosovo harada yerləşir və əhalisi kimlərdən ibarətdir? Hər şeydən əvvəl bu suali cavablamaq istərdim. Kosovo cənub-şərqi Avropada yerləşən, Çernoqoriya, Serbiya, Makedoniya və Albaniya ilə sərhədlərə malik olan bölgədir. 2.5 milyonluq əhalisinin 90%-i Kosovo albanları, 5%-i serblər və qalan hissəsini isə türk, makedon və.b millətlər təşkil edir. Kosovoda iki rəsmi dil var. Albanca və serbcə. Hətta 1989-a kimi rəsmi dil olan türkcə Kosovonun bəzi bölgələrində hələ də işlədilir. Göründüyü kimi əhalinin böyük bir əksəriyyətini Kosovo albanları təşkil edir, lakin ərazi Serbiyaya bağlı muxtariyyətdir. (1999-cu ildən BMT-in idarəsi altındadır).

İndi isə orta əsrlərdən müasir dövrümüzə kimi Kosovonun qısa tarixinə nəzərə yetirək. 1389-cu il I Kosovo döyüşündən sonra bölgə I Murad tərəfindən Osmanlı imperiyasına keçdi. Beş əsrdən çox Osmanlı imperiyasının səlahiyyətində qalan ərazi 1912-ci ildə I Balkan müharibəsi dövründə Serbiyaya ilhaq edildi. Burada xırda bir nuansı da qeyd etmək yerinə düşərdi. Beş əsrdən çox Osmanlı idarəçilində olan Kosovoya serblər yalnız 1878-ci il Rus-Osmanlı müharibəsi dövründən sonra iddia irəli sürməyə başlamışdılar. İkinci Dünya müharibəsində sonra isə Kosovo Yuqoslaviyaya bağlı bir əyalət statusunu almişdi. Yuqoslaviya 7 aprel 1963-cü ildən etibarən Yuqoslaviya Federativ Sosialist Respublikası adlandırılmağa başladı. Lakin tarix nə Yuqoslaviya Federativ Sosialist Respublikasının nə də SSR-in uzun müddət yaşamasına icazə vermədi. SSR-in parçalanmasından sonra 1992-ci ildən etibarən Yuqoslaviya Federativ Sosialist Respublikası da parçalanmağa başladı. Əvvəlcə Sloveniya, Xorvatiya, Makedoniya, Bosniya-Hersoqoviniya Yuqoslaviya Federativ Sosialist Respublikasından ayrıldı. Bütün bu zaman ərzində Kosovo Yuqoslaviyanın tərkibində idi. Daha sonra isə 2003-cü ildə Yuqoslaviyanın adı Serbiya və Çernoqoriya olaraq dəyişdirildi. Ancaq parçalanma bununla da bitmədi. Bələ ki, 2006-cı il may ayının 21-i referendumda 55.5% səs çoxluğu ilə Çernoqoriya Serbiyadan ayrılıb müstəqil dövlət oldu. (Qeyd edək ki, bu müstəqillik üçün 55% səs çoxluğu lazim idi) Bununla da keçmiş Yuqoslaviya ərazisində 6 müstəqil dövlət yarandı.

Bu yaxınlarda isə bunların sayı 7-ə çatdı. Söhbət əlbəttə ki, Kosovodan gedir. Yuqoslaviyanın 1992-ci ildən parçalanmağa başladığı andan Kosovo da sakit dayanmamışdı. Hər müstəqilliyə can atışında bu qalxınma serb ordusu tərəfindən boğulurdu. Hələ 1995-ci ildə serb ordusu Kosovoya daxil olub bir çox mülki əhalinin öldürülməsinə səbəb oldu.

ABŞ və Avropa Birliyi Kosovanın müstəqilliyi mövzusunda həmfikir idilər. Serbiya və Rusiya isə bu müstəqilliyə qarşı çıxırdılar. Serbiyanın hazırki prezidenti Boris Tadic bütün çıxışlarında digər dövlətlərin Serbiyanın ərazi bütövlüyünə hörmət etməsini vurğulayaraq, Serbiyanın heç vaxt Kosovonun müstəqilliyinə razı olmayacağını bildirirdi. Tadic Serbiyanın ən yaxşı halda Kosovoya yüksək muxtariyyət statusunun verilməsinə razılıq verə biləcəyini qeyd edirdi. Rusiyanın nəyə görə Serbiyaya dəstək olmasına isə birazdan qayıdacağıq. İndi isə Kosovo konfliktinin həllinə dair irəli surulən variantlara nəzər yetirək.

1995-ci ildə Avropadaxili siyasətin yunan fondu “ Kosovoda münaqişənin aradan qaldırılması strategiyası ” mövzusunda layihə hazırladı. Yunan ekspertləri tərəfindən hazırlanan bu layihə konkret tövsiyyələrdən ibarət idi. a) Kosovonun muxtariyyət statusunun bərpası; b) SYR-in( müasir Yuqoslaviyanın) ərazi bütövlüyünə zəmanət; c) serb-alban birgə layihələrinin maliyyələşməsi üçün Kosovoya beynəlxalq yardımın göstərilməsi; ç) Kosovo albanlarının ümumrespublika seçkilərində iştiraka razılıq verməsi; d) hərbi qüvvələrin yaşayış ərazilərindən çıxarılması, hərbi birləşmələrin dağılması. Yunan layihəsində bu tövsiyələrdən əlavə Priştin Universitetinin, KİV-in ikidilli fəaliyyətinin təmin edilməsi və ombutsman vəzifəsinin təsisi daxil edilmişdir. Bu idealar müəyyən dərəcədə 1996-cı ildəki danışıqlarda istifadə olundu, lakin alban dilində təhsil proqramlarının bərpası istisna olmaqla digər heç bir təklif qüvvəyə minmədi.

XX əsrin sonlarında Kosovo probleminin həllinə dair verilən təkiliflər əsasən aşağıdakı 3 variantı əhatə edirdi. a) Serbiya daxilində geniş muxtariyyətin verilməsi; b) ölkənin serb və alban hissələrinə bölünməsi c) Kosovonun serbiyadan ayrılması. 1999-cu ilə kimi Kosovoya geniş muxtariyyətin verilməsi məsələsi daha ağlabatan görünürdü. Bəs geniş muxtariyyət deyendə hansı çərçivədə səlahiyyətlər nəzərdə tutulurdu? “Amerika planına” əsasən geniş muxtariyyət deyəndə Kosovo albanları SYR Assambleyasında yerlərin 1/5 hissəsini, Federal Məhkəmədə nümayəndəlik və SYR Ali təhlükəsizlik Şurasında üzvlük əldə edilməlidir. Bunlardan əlavə, ölkənin vətəndaşları öz prezidentlərini özləri seçir, qanunları qəbul edir, vergi verir, öz polisini formalaşdırırlar. “Amerika planının” məğzi Kosovoya Yuqoslaviya Federasiyası tərkibindən ayrılmadan, onun tərkibindəki respublikaların statusuna yaxın bir status verilməsində idi.

1999-cu ildə BB və Fransanın xarici işlər nazirləri, ABŞ, AB və Rusiya nümayəndələrinin vasitəçiliyi ilə danışıqlar Rambuye (Fransa) şəhərində aparıldı. Aparılan danışıqların nəticəsinə görə Kosovo üçün üç illik “ keçid” dövrü müəyyən edilir. Hansı ki, bu dövr ərzində Kosovo SYR tərkibindən ayrılmadan “geniş muxtariyyət” əldə etməli idi. Üstəlik Belqrad serb qüvvələrinin bir çox hissəsinin Kosovodan çıxarılmasına razılıq verməli idi. Lakin bu danışıqlar da müvəffəqiyyətsizliklə nəticələndi.

Bütün bunlarla birlikdə ABŞ və NATO-un 1999 24 mart tarixində SYR-ə qarşı başlatdığı hərbi əməliyyatlar “geniş muxtariyyət” ideyasına çox ciddi zərbə endirdi. Bununla da ABŞ və onun NATO-u sülhün nizamlanması prosesindeəki vasitəçilik rollarını itirdilər.

Şərait ölkənin serb və alban hissələrə bölünməsi variantını gündəmə gətirdi. Ancaq bu da Kosovo albanlarına serf etmirdi. Çünki iqtisadi cəhətdən inkişaf etmiş şimal hissədə əksəriyyəti serblər təşkil edirdi. Cənubda isə ölkənin Albaniyaya birləşmə prespektivinin olmaması ölkənin müstəqil dövlət kimi fəaliyyət göstərməsini ciddi sual altına alırdı.

Yənə də NATO-un Kosovoya daxil olmasını müsbət hal kimi götürə bilərik. Çünki bundan sonra serb hərbi hissələrini bölgədə sülhməramlılar əvəzlədi və gərgin vəziyyət bir qədər sakitləşdi. Bunlara əlavə olaraq da Yuqoslaviya prezidenti S.Miloseviç 1999-cu ilin 3 iyununda münaqişənin sülh yolu ilə həllinə dair beynəlxalq plan qəbul etdi. Avropanın bu plana çox böyük ehtiyyaci var idi. Uzun müddət davam edən bölgədəki münaqişə Avropanın və hətta dünyanın başqa bölgələrində də münaqişələrin qızışmasına səbəb ola bilərdi.

1999-cu ildən 2006-cı ilə kimi Yuqoslaviyada baş verən siyasi proseslər bir növ Kosovo məsələsini arxa plana atdı. Serbiya xarici siyasət və təhlükəsizlik məsələlərində səlahiyyətləri Kosovoya güzəştə getmək istəmirdi. Rəsmi Priştin isə artıq heç bir növ muxtariyyət yox, müstəqillik tələb edirdi. Bu cür beynəlxalq hüquqi məsələləri həll etmək bəzən çox çətin olur. Çünki istənilən halda münaqişənin bir tərəfin xeyrinə həll edilməsi digər tərəfin narazılığı ilə başa çatır. Buna görə də balanslaşdırılmış bir plan işlənib hazırlanmalıdır.

Bəs digər dövlətlərin bölgədəki strateji maraqları necədi? Başlıca olaraq BMT-in Kosovo məsələlərinə dair baş katibi M.Axtisaaari Kosovoya tam müstəqilliyin verilməsinə dair BMT-in Təhlükəsizlik Şurasına öz təkliflərini təqdim edib. AB və ABŞ da bununla tam razıdı. Avropa Birliyi üçün əsas məsələ regionda təhlükəsizlikdir. Konfliktin Serbiyanın lehinə həll edilməsi AB ölkələrini qani etmirdi. Çünki münaqişə istənilən an yenidən qızışa bilərdi. Öz iqtisadi maraqlarını güdən Avropa özünü risk altına atmaq fikrində deyildi. Balkanların Avropanı qeyri-sabitlik xəstəliyinə yoluxdura biləcəyi fikrini də buna əlavə etsək AB-in qərarinin məqsədini anlamış olarıq. Bəs Amerika Birləşmiş Ştatları? Əlbəttə ki, müasir dövrdə hər nə qədər dünyanın tək qütüblü olmasını qeyd edib, ABŞ-ı super dövlət elan etsək də onun AB həddindən çox ehtiyyacı var. Birincisi, iqtisadi böhranlara qarşi birgə əməkdaşlıq. İkincisi terrorizmə qarşı əməkdaşlıq. Üçüncüsü qlobal istiləşməyə qarşı birgə əməkdaşlıq. Bütün bunlar AB və ABŞ-ı yaxınlaşdırır. Ona görə də ən azından AB-ə görə, ABŞ da müstəqillik variantını dəstəkləməlidir. Yəni “bu gün sən mənə kömək elə, sabah mən sənə” prinsipi. İndi isə gələk Rusiyaya. Rusiya müstəqillik deyil, muxtariyyət planını dəstəkləyirdi. Kosovonun müstəqil olmasına əsas maneə əsasən Rusiya idi. Çünki Kremlin xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov məsələinin BMT-in Təhlükəsizlik Şurasına çıxarılacağı təqdirdə ölkəsinin müstəqillik variantına veto qoyacağıni bildirib. Onun sözlərinə görə, hətta Kosovo müstəqillik əldə etsə belə, Rusiya adekvat olaraq Abxaziyanın və ya Cənubi Osetiyanın müstəqilliyini tanımayacaq. Əslində Rusiyanın bu mövqeyi beynəlxalq hüquq prinsiplərinə tam uyğundu. Çünki İkinci dünya müharibəsindən sonra taninan ərazi bütövlüyü prinsipi dünyanı bir çox münaqişlərdən qorudu. Yani Rusiya riskə getmək istəmirdi. Çünki özünün Kosovonun müstəqilliyini taniması gələcəkdə öz ərazisindəki seperatçi qüvvələri tanimağa məcbur edə bilər. Ancaq burada Rusiya ikiüzlu siyasət yeridir. Özü bir tərəfdən Moldova, Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünə təcavüz etmiş, onu pozmuş qüvvələri dəstəkləyir və bununla da beynəlxalq hüquq normalarını pozur, digər tərəfdən, Serbiyanın ərazi bütövlüyünü müdafiə edir, beynəlxalq qanunlara sədaqət etdiyini nümayiş etdirir. Polotiloqlar düşünür ki, hazırda Kosovonun müstəqil olması Rusiyaya öz xarici siyasətinə bir daha nəzər salmağına səbəb olacaq. Rasim Musabəyovun fikirləşir ki, bununla da Rusiya Qarabağ münaqişəsini uzun bir müddət dondurulmuş halda saxlaya bilməyəcəyini anlayacaq.

Bəs Kosovo məsələsi Dağlıq Qarabağ üçün presedent ola bilərmi? Azərbaycanı ən çox bu sual düşündürür. “Konfliktin həlli Azərbaycan üçün heç bir halda presedent ola bilməz”. Bu cümləni artıq ATƏT və AB dəfələrlə vurğulayıb. Birincisi, BMT və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını öz qətnamələrində təsdiq ediblər. Məsələn, AŞPA 2005-ci ilin yanvarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1416 saylı qətnamə qəbul edib. Qətnamədə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi qeyd olunub və münaqişənin həlli ilə bağlı təkliflər əks olunub. İkincisi, Kosovodan fərqli olaraq Ermənistən Azərbaycan torpağını işğal edib və burada etnik təmizləmə siyasətini həyata keçirib.

Əslində bu məsələnin həllinin presedent kimi götürülməsi heç cür ağlabatan görsənmir. Belə olan təqdirdə nəyə görə Amerikanın Texas ştatında ən azı Venesuela prezidenti Uqo Çavezin tanıdığı “Meksika Texas Respublikası”nı yaratmaq və ya ABŞ-da yaşayan eskimos və aleut millətlərinin “eskimos dövləti” yaratması hansı səbəbə görə mümkün olmasın? Bəs Kanadadakı fransızlar?! Onlar nə səbəbə “Kvabek fransız Respublikası”nı yaratmasınlar? ABŞ bunlara razı olacaqmi? Məncə yox.



Kosovo isə bu yaxınlarda müstəqilliyini elan etdi. Nə Serbiya nə də Rusiya mane ola bildi. Dünyada bir daha təsdiqləndi ki, AB və ABŞ-ın maraqları hər şeydən üstündür. Azərbaycanın hələ tanımağa ehtiyyat etdiyi bu respublikanı ABŞ, Fransa, Avstraliya kimi böyük dövlətlər artıq tanıyıb.
Edebiyyat

History of Kosovo- wikipedia

Notes on the Kosovo Problem and the InternationalCommunity -Diana Johnstone

Kosovo duyunu ve onun acilmasi yollari- Agalar Abbasbeyli,tarix elmleri doktoru,professor

Trend ve APA metbuat egentliklerini materiallari


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə