DÜNYA BANKININ KREDİTİ ƏSASINDA TƏHSİL İSLAHATI LAYİHƏSİ (1999-2004) ÜZRƏ GÖRÜLMÜŞ İŞLƏR
1. Dünya Bankının təsnifatına əsasən, Birinci Təhsil İslahatı Layihəsi üzrə ayrılmış Kredit mahiyyətcə Öyrədici və İnnovasiya krediti olmuşdur. Yəni, bu kiçik həcmli kreditin əsas məqsədlərindən biri Azərbaycanın təhsil sistemində Dünya Bankının qaydaları, prosedurları, təlimatları üzrə zəruri bilik və bacarıqların formalaşdırılması, Bankın təlimatlarına uyğun şəkildə fəaliyyət göstərə bilən kadr potensialının hazırlanması, habelə, pilot məktəblərində və institutlarında təhsil innovasiyalarının tətbiqinə başlanması və innovasiya təşəbbüslərinin dəstəklənməsi olmuşdur.
2. Layihənin dəyəri 5,5 milyon ABŞ dolları təşkil etmişdir ki, bu məbləğin 500 min dolları Azərbaycan Hökumətinin payına düşmüşdür.
Ayrılan Kreditin kiçik həcmli olduğunu nəzərə alaraq, Təhsil İslahatı Layihəsi yalnız aşağıdakı üç istiqamətdə islahatların aparılması üçün xüsusi yanaşmaları özündə cəmləşdirmişdir:
- Tədris planı və proqramları, tədris-metodik təminat;
- Müəllimlərin ixtisasartırması;
- Layihənin monitorinqi və qiymətləndirilməsi.
3. Layihəni həyata keçirmək üçün 27 pilot müəssisəsi müəyyən edilmişdir. Buraya Naxçıvan Muxtar Respublikasından 4 məktəb, Bakıdan 8, Gəncədən 3, Sumqayıtdan 1, Lənkərandan 4, yəni, ümumilikdə 20 pilot məktəbi, habelə, Azərbaycan Müəllimlər İnstitutu və onun filialları, Naxçıvan Müəllimlər İnstitutu, Bakı PKİAYH İnstitutu, Təhsil Problemləri İnstitutu daxil edilmişdir.
4. Təhsil İslahatı Layihəsi çərçivəsində Təhsil Nazirliyi, Layihənin İcra Qrupu və pilot müəssisələri tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
İlk dəfə olaraq, 20 pilot məktəbi üçün qərb ölkələrində tətbiq olunan kurrikulumların tələblərinə xeyli dərəcədə cavab verən yeni formatda Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və informatika, tarix, ingilis dili (V və VI siniflər), musiqi, təsviri sənət (I-II, V-VI siniflər), Azərbaycan dili (təlim rus dilində olan məktəblərin I-II, V-VI sinifləri), rus dili və ədəbiyyat (təlim rus dilində olan məktəblərin V-VI sinifləri) fənləri üzrə tədris proqramları hazırlanmış və nəşr edilmişdir (2001-ci il);
İlk dəfə olaraq, vahid komplekt şəklində pilot məktəblərinin V və VI sinifləri üçün "Ədəbiyyat", təlim rus dilində olan məktəblər üçün "Rus dili", "Ədəbiyyat" dərslikləri, iş dəftərləri və müəllimlər üçün metodik vəsaitlər çap olunmuş və şagirdlərin istifadəsinə verilmişdir (1 sentyabr 2003-cü ilədək).
İlk dəfə olaraq, Azərbaycan dili və riyaziyyat fənləri üzrə beynəlxalq tələblərə tam cavab verən kurrikulum nümunələri hazırlanmışdır (2003-cü il).
İlk dəfə olaraq, şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni konsepsiyanın əsas istiqamətləri müəyyənləşdirilmiş və qiymətləndirmə modelləri hazırlanmışdır (2003-cü il);
İlk dəfə olaraq, "Ana dili" və "Riyaziyyat" fənləri üzrə beynəlxalq standartlara cavab verən milli qiymətləndirmənin modeli hazırlanmış, Bakının, Gəncənin, Sumqayıtın, Lənkəranın 8 pilot və 12 qeyri-pilot şəhər və kənd məktəbində 1800 nəfər V sinif şagirdi arasında həmin fənlər üzrə milli qiymətləndirmə aparılmışdır (2003-cü il);
"İxtisasartırma institutları üçün kurrikulumun hazırlanması", "Fəal və interaktiv tədris/təlim metodları" mövzularında 1200 nəfər ixtisasartırma qurumlarının və TPI-nin əməkdaşları, habelə, pilot məktəblərinin müəllimləri üçün məqsədli seminarlar keçirilmişdir (2000-2003-cü illər);
Keçmiş Təhsil Problemləri üzrə Elmi-Metodik Mərkəzin və Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun bazasında tamamilə yeni struktura malik Təhsil Problemləri İnstitutu, habelə keçmiş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun bazasında pedaqoji təhsili və ixtisasartırmanı özündə birləşdirən Azərbaycan Müəllimlər İnstitutu yaradılmışdır.
Təhsil islahatı sahəsində əldə olunmuş nailiyyətləri və təcrübəni öyrənmək məqsədilə Layihənin əvvəlindən başlayaraq, Təhsil Nazirliyinin və pilot müəssisələrinin işçilərindən ibarət müxtəlif nümayəndə heyətləri Türkiyə, ABŞ, İsrail, İtaliya, Hollandiya, İngiltərə, Finlandiya və İsveç ölkələrinə tədris səfərləri etmişlər. Bundan başqa Azərbaycan mütəxəssisləri Təhsil İslahatı Layihəsinin komponentlərini əhatə edən altı mövzu üzrə Təhsil Nazirliyinin xüsusi təqaüdləri ilə İngiltərənin və ABŞ-ın universitet və kolleclərində təhsil almışlar (1999-2003-cü illər);
Bütün pilot müəssisələrində təmir işləri aparılmışdır (2000-ci il);
Bütün pilot məktəblərinə və institutlarına 466 kompüter, 64 printer, 93 televizor, 208 stereomaqnitofon, 91 videomaqnitofon, 184 multimedia və diaskopik proyektor verilmiş, bu təlimin texniki vasitələrindən başqa, onlar 29 surətçıxaran maşınla, 27 faks aparatı ilə, 27 videokamera ilə, 6000 dəst şagird masası/oturacaqları ilə, 470 yazı lövhəsi ilə, akt zalı üçün 1900 ədəd kreslo və s. adda avadanlıqla təchiz olunmuşlar (2000-2003-cü illər).
5. Sadalanan tədbirlərdən əlavə, ümumi təhsilin müasir problemlərinə həsr olunmuş xeyli sayda konfranslar, seminarlar, dəyirmi masalar keçirilmişdir. Bunlar əsasən, fəal və interaktiv təlim metodlarının tətbiqi, məktəb kurrikulumu, ixtisasartırma kurrikulumu, şagird nailiyyətlərinin qiymətləndirilməsi, milli qiymətləndirmə, monitorinq, təhsilin keyfiyyəti mövzülarını əhatə etmişlər.
6. Layihə dövründə bütövlükdə Dünya Bankı tərəfindən ayrılmış 5 milyon ABŞ dollarının 97,08 faizi, Azərbaycan Respublikasının 500.000 ABŞ dolları dəyərində payının isə 89,39 faizi xərclənmişdir.
7. Bu Layihə 31 mart 2004-cü ildə başa çatmışdır. Dünya Bankının təyin etdiyi müstəqil beynəlxalq ekspert tərəfindən "İcra tədbirlərinin başa çatdırılmasında dair Hesabat" tərtib olunmuş, hesabatda Layihə qənaətbəxş qiymətləndirilmişdir.
Dostları ilə paylaş: |