4. Kadr hazırlığı, təminatı, ixtisasartırma və yenidənhazırlanmanın təşkilati mexanizmininin yaradılması istiqamətində:
Təhsil sahəsi üzrə rəhbər kadrların zəruri biliklərə yiyələnməsinin, onlara qanunvericilik aktlarının şərh edilməsi və yeni mexanizmlərin mənimsədilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistratura pilləsində təhsilin təşkili və idarə olunması üzrə kadr hazırlığı proqramı hazırlanıb təsdiq olunmuşdur.
Azərbaycan Müəllimlər İnstitutunun rəhbər kadrlar üzrə müvafiq kafedrasının potensialından istifadə edilərək təhsilin idarə edilməsi sahəsində fəaliyyət göstərənlərin yeni biliklərə yiyələnməsi üçün seminar-lektoriyalar, Bakı şəhərindəki bütün ümumtəhsil məktəblərinin, həmçinin məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbərləri üçün xüsusi metodikanın tətbiqi ilə qısamüddətli təlim, ABŞ və Fransa təhsil sistemində formalaşmış təcrübədən istifadə olunaraq respublikada ilk dəfə yeni iqtisadi şəraitdə fəaliyyət göstərə biləcək təhsil menecerləri hazırlayan xüsusi təlim kursları təşkil edilmişdir.
1998-2000-ci illər ərzində Azərbaycan Müəllimlər İnstitutunda 2638 nəfər rəhbər işçi ixtisasartırma təhsilinə cəlb olunmuş, "Öyrədənlərin öyrədilməsi" adlı 8 kurs təşkil edilmişdir. Təhsil Nazirliyi mərkəzi aparatının, ixtisasartırma institutlarının və təhsil şöbələrinin əməkdaşlarını əhatə edən ixtisasartırma tədbirlərində bu cür təhsildə Fransa, ABŞ, Almaniya, Macarıstan və Polşadan dəvət olunan alim və mütəxəssislər xüsusi stajkeçmə proqramları əsasında mühazirələr oxumuş, dinləyicilərə müvafiq sertifikatlar verilmişdir.
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda 2000-ci ildə rəhbər təhsil işçiləri üçün 4 dəfə həftəlik seminarlar təşkil olunmuşdur. Seminarlarda 104 nəfər rəhbər təhsil işçisi, o cümlədən Nazirliyin idarə və şöbə rəisləri, məktəb direktorları iştirak etmişlər. Bu tədbirlər ABŞ, Fransa və Almaniya dövlətlərinin Azərbaycandakı səfirliklərinin nümayəndələri tərəfindən həyata keçirilmişdir.
Təhsil Nazirliyi sisteminə daxil olan təhsil müəssisələrində çalışan kadrların uçotunun aparılması və Nazirlik çərçivəsində vahid informasiya bankının yaradılması üçün Bakı Kompüter Kolleci ilə birlikdə "Kadr tərkibi" informasiya-axtarış sistemi üzrə kompüter proqramı işlənib hazırlanmış, ayrıca bir tədris müəssisəsi üçün sistemin imkanları müəyyənləşdirilmiş, mütəxəssislərin iştirakı ilə geniş müzakirə edilərək bəyənilmişdir.
Təhsil sisteminin pedaqoji və sənaye sahələri işçilərinin ixtisasartırma və yenidənhazırlanma kursları xüsusi tərtib olunmuş cədvəllər əsasında müvafiq olaraq AMİ-də və onun regionlarda fəaliyyət göstərən filiallarında, BPKİA və YH institutunda, ali təhsil müəssisələrində fəaliyyət göstərən ixtisasartırma və yenidənhazırlanma fakültələrində, eləcə də ADNA-nın nəzdində fəaliyyət göstərən sənaye işçilərinin ixtisasartırması və yenidən hazırlanması institutunda həyata keçirilir.
Respublika iqtisadiyyatının yeni sahələrini ixtisaslı kadrlarla təmin etmək məqsədilə xüsusi tədbirlər planına uyğun olaraq vergi, büdcə, idarəetmə, əhaliyə servis xidməti sahələri üzrə ali və orta ixtisas məktəblərində müvafiq ixtisaslar (Gömrük işinin təşkili, Gömrük ekspertizası, Maliyyə və gömrük hüququ, Biznesin təşkili və idarə olunması və s.) üzrə mütəxəssis hazırlığına başlanılmışdır.
Dostları ilə paylaş: |