Feodalizmin xarakteristikası
Feodalizmin mənşəyi, bu cəmiyyətin mahiyyəti, habelə onun ayrı-ayrı ölkələrdə inkişaf xüsusiyyətləri ortaəsrşünaslığın (mediyevistikanın) əsas məsələlərindən biridir. “Feodalizm” anlayışı idrakın konkret-tarixi deyil, məntiqi sahəsinə aiddir. Tarixi inkişafın konkret variantları əsasında yaradılmış bu anlayış sosial sistemin abstrakt obrazını təşkil edir. Ona görə də anlayışla tarixi gerçəkliyin üst-üstə düşmə dədərcəsi də müxtəlif ölkələrdə və bölgələrdə fərqlidir. Ona görədə “feodalizm” anlayışının xarakteristikası zamanı ictimai inkişafın ümumi hadisələrinə diqqət yetirmək vacibdir.
Bu baxımdan əmək alətləri və vasitələri üzərində mülkiyətin təbiəti önəmli amil sayılır. Feodalizm cəmiyyətində əsas istehsal vasitəsi olan torpaq feodal mülkiyyəti idi. Torpaq bilavasitə feodallara deyil, feodal dövlətlərinə məxsus olduqda belə (məsələn, erkən orta əsrlərdə bir sıra Şərq ölkələrində olduğu kimi), yenə də feodal mülkiyyəti idi. Feodallara məxsus iri topraq mülkiyyətinin mövcud olması feodal istehsal münasibətlərinin xarakterik cəhətidir.
Feodalizm cəmiyyətinin digər mühüm xüsusiyyəti iri torpaq mülkiyyətinin xırda fərdi kəndli təsərrüfatı ilə əlaqədar olması – çulğaşması idi. Kəndlilər becərdikləri torpaqların sahibi deyildilər. Həmin torpaqlar bu və ya digər şərtlə feodallar tərəfindən kəndlilərə istifadə üçün (hətta irsən) verilmişdir. Kəndlilər bu torpaqlardakı xırda təsərrüfatlarını müstəqil idarə edirdilər. Quldarlıq cəmiyyətindəki quldan fərqli olaraq, kəndli ona istifadə üçün verilmiş əsas istehsal vasitəsinə - torağa malik idi. Onun öz əmək aləti, iş heyvanı və s. vardır. “Torpaq iri torpaq sahibləri, mülkədarlar arasında bölünmüşdü, mülkədarlar kəndlilərə bu torpaqdan ona görə verirdilər ki, onları istismar etsinlər, belə ki, torpaq natural əmək haqqı kimi bir şey idi: kəndlinin mülkədardan ötrü izafi məhsul istehsal edə bilməsi üçün torpaq kəndliyə lazımi məhsul verirdi; torpaq mülkədarın xeyrinə kəndlilərin mükəlləfiyyətlər daşıması üçün bir fond idi”.
Xırda, fərdi kəndli təsərrüfatlarının mövcud olması feodalizm cəmiyyətində kəndliləri istismar etmək üçün təhkimçilik və sair kimi qeyri-iqtisadi məcburiyyət formalarının meydana gəlməsinə səbəb olurdu. Şəxsi asılılıq münasibətləri, hər hansı dərəcədə şəxsi qeyri-sərbəstlik və torpağın əlavəsi kimi torpağa təhkim olunmaq, sözün əsl mənasında, təhkimçilik asılılığı lazım idi. Başqa sözlə, feodallar zor tətbiq etmədən kəndliləri istismar edə biməzdilər. “Belə bir təsərrüfat sistemində kəndlinin mülkədardan şəxsən asılı olması lazımdır. Əgər mülkədar kəndlinin şəxsiyyətinə bilavasitə hakim olsaydı, pay torpağı almış və öz təsərrüfatı olan bir adamı o özü üçün işləməyə məcbur edə bilməzdi”.
Feodalizm cəmiyyətinin mahiyyətini müəyyənləşdirməyən, lakin bu cəmiyyət üçün xarakterik əlamətlərdən biri vassallıq münasibətləri idi. Vassallıq münasibətləri feodalizm cəmiyyəti üçün xarakterik torpaq mülkiyyəti forması olan feodala bağlıdır. Bu torpaq mülkiyyəti orta əsrlərdə ən çox Qərbi Avropa ölkələrində yayılmışdır. İri torpaq sahibləri feodu müəyyən xidmət müqabilində verirdilər. Beləliklə, feod alan bu torpağı ona verəndən – senyordan asılı hala düşür, onun vassalına çevrilirdi. Feod irsi keçirdi. Feod sahibləri feodal adlanırdı. Öz növbəsində hər bir feodal da yuxarıda göstərilən şərtlə başqasına torpaq verir və başqa feodalın senyoruna çevrilirdi. Beləliklə, hər hansı bir feodal torpağı təkcə bir nəfərin deyil, eyni zamanda bir-birinə feod vermiş və biri digərindən asılı olan bir neçə feodalın mülkiyyəti idi. Feodallar arasındakı bu asılılıq əlaqələri vassallıq münasibətləri adlanırdı. Feodallar vassallıq münasibətlərindən kəndliləri itaətdə saxlamaq, kəndli üsyanlarını yatırmaq üçün istifadə edirdilər.
Qeyd edək ki, Qərb tarixçiləri feodalizm sistemini səciyyələndirərkən feodal-vassallıq münasibətlərini siyasi pərakəndəlik və s. kimi cəhətləri önəmli hesab edirdilər.
Feodalizm cəmiyyətində əsas istehsalçılar kəndlilər idi. Kəndlilər və onları istismar edən feodallar bu cəmiyyətin antaqonist sinifləri idilər. Feodallar kəndliləri onlardan renta almaq yolu ilə istismar edirdilər. Renta kəndlilərdən qeyri-iqtisadi məcburiyyət vasitəsi ilə alınırdı. Orta əsrlərdə feodal rentasının üç forması vardı: biyar (və ya işləyib ödəmə rentası), natural renta (və ya ərzaq rentası), pul rentası.
Əksər hallarda rentanın bu üç formasına eyni zamanda təsadüf edilir. Lakin feodalizmin müxtəlif inkişaf mərhələlərində, göstərilən renta formalarında bu və ya digəri daha üstün olurdu. Erkən orta əsrlərdə biyar rentası geniş yayılmışdı. Orta əsrlərin ikinci dövründə biyarla yanaşı, natural renta böyük rol oynamağa başlayır. Bəzi ölkələrdə isə əsas renta formasına çevrilir. Bu dövrdə əmtəə-pul münasibətlərinin inkişafı nəticəsində pul rentası da geniş yayılır. Hətta bir sıra Avropa ölkələrində əsas rentaya çevrilir. Pul rentasının geniş tətbiq edilməsi kəndlinin iqtisadi müstəqilliyinin artmasına, qeyri-iqtisadi məcburiyyət formalarının nisbətən yumşalmasına səbəb oldu. Məhsuldar qüvvələr daha da inkişaf etdi. Orta əsrlərin üçüncü dövründə bir çox Avropa ölkələrində pul rentası hakim rol oynamaqda davam edirdi. Lakin bu dövrdə kapitalist istehsal münasibətləri inkişafa başladığına görə feodal pul rentası sistemi dağılmağa, tədricən kapitalist torpaq rentası yayılmağa başlayır.
Feodalizmi xarakterizə edərkən onun daha bir vacib xüsusiyyətini – korporativlik cəhətini də qeyd etmək lazımdır. Bu, ilk növbədə orta əsr cəmiyyətin inkişaf səviyyəsindən irəli gəlirdi: insanın üzləşdiyi çətinliklər kollektivin köməyi ilə kompensasiya olunurdu. Amma orta əsrlərdə Avropada mövcud kollektivçilik sistemi insanlara yardımçı olmaqla yanaşı, onların bəzi şəxsi hüquqlarını məhdudlaşdırdı. Kəndli – kənd icmasının, feodal – vassallıq əlaqələrinin, sənətkar və tacir – sex və gildiyanın çərçivəzində yaşamalı olurdu.
“Feodalizm” anlayışının universal xarakteri
Sovet tarixşünaslığında feodalizm – tarixi inkişafın müəyyən bir mərhələsi kimi qəbul edilirdi və bu mərhələnin bütün Avropa və Asiya, hətta Afrika və Amerika xalqlarının keçdiyi təsdiqlənirdi. Lakin bu müddəa tarix elmində qəti qəbul olunmuş sayıla bilməz, ələxsus Qərb tarixşünaslığı üçün feodalizm sırf Avropa hadisəsi kimi qəbul edilir. Azərbaycan tarixşünaslığında feodalizmin universallığı fikri aşağıdakı şərtlərlə qəbul edilir:
Feodal sisteminin xarakterik xüsusiyyətlərinə əksər ölkələrdə təsadüf olunur. Bununla belə, ayrı-ayrı qitələrdə, hətta ayrı-ayrı ölkələrdə feodalizm cəmiyyətinin bəzi özünəməxsus xüsusiyyətləri olmuşdur. Bu baxımdan Şərq ölkələri daha xarakterikdir. Şərqdə feodal istehsal üsulunun inkişafında nəzərə çarpan bəzi xüsusiyyətlərə Avropada təsadüf olunmur.
Avropada feodalizm sistemi 5-ci əsrin sonlarından 17-ci əsrin oratalarına qədərki dövrü əhatə etdiyi halda, Şərqdə bu cəmiyyət daha erkən - eramızın təqribən 2-ci əsrindən inkişafa başlamış və daha uzun müddət 19-cu əsrin ikinci yarısınadək davam etmişdir.
Məlumdur ki, bir çox Asiya tayfaları əsasən maldarlıqla məşğul olur, köçəri həyat sürürdülər. Köçəri tayfa başçıları, əyanlar daim yeni otlaqlar ələ keçirməyə can atır, əkinçilik və b. oturaq təsərrüfat formaları ilə məşğul olan tayfaları tabe edib varlanmağa çalışırdılar. Tayfa daxilində yoxsullaşmış sıravi köçərilər isə əynlara nökərlik edir, onların sürülərini, ilxılarını otarırdılar və s. Beləliklə, Asiya köçərilərində qeyri-iqtisadi məcburiyyət Avropadakı təhkimçiliyə nisbətən daha yumşaq formada idi.
Şərq ölkələrinin bir çoxunda, Avropadan fərqli olaraq, iri feodal təsərrüfatları yox idi. Bununla əlaqədar olaraq Şərqdə biyar və ya işləyib ödəmə rentası da geniş yayılmışdı. Feodallar torpaqlarını müvəqqəti və ya irsi keçmək şərti ilə ayrı-ayrı kəndlilərin, habelə bütöv icmaların istifadəsinə verir, müqabilində məhsulla (bəzən də pulla) renta alırdılar. Şərq ölkələrində, əksər hallarda, torpaq üzərində mülkiyyət ayrı-ayrı feodalara deyil, ümumiyyətlə, feodal dövlətinə məxsus idi. Bir çox torpaqlar isə bilavasitə dovlətinki idi. Dövlət torpaqlarında kəndlilərin istismarçısı ayrı-ayrı feodallar deyil, bilavasitə dövlətin özü idi. Təbiidir ki, bu torpaqlarda yaşayan kəndlilər rentanı da dövlətə verirdilər. Beləliklə, kəndlidən alınan vergi ilə renta eyniləşirdi.
Feodalizmin son dövründə şərqdə də qüvvətli, geniş ərazili feodal dövlətləri yaranmışdı. Lakin bu dövlətlər Avropadakı mütləq monarxiyalardan fərqli olaraq əmtəə-pul münasibətlərinin genişləndiyi şəraitdə deyil, natural təsərrüfatın möhkəm olduğu şəraitdə meydana gəlmişdir. Beləliklə, Şərq monarxiyaları möhkəm iqtisadi zəmin üzərində yaranmamışdılar. Bundan başqa həmin dövlətlər olduqca müxtəlif xalqları əhatə edirdilər və milli dövlət səciyyəsi almamışdılar.
Feodalizmin üçüncü dövründə Avropa ölkələrində kapitalist istehsal üsulunun yaranması prosesi gedir və daxili iqtisadi əlaqələr getdikcə genişlənirdi. Bu cəhətdən Şərq ölkələri geri qalırdılar; kapitalizmin rüşeymləri olduqca ləng inkişaf edirdi. Belə şəraitdə müstəmləkə işğalları dövrü başlandı və təqribən 13-cü əsrədək iqtisadi-mədəni tərəqqinin daha yüksək pilləsində dayanan Şərq xalqlarının normal tarixi inkişafı pozuldu. Bununla əlaqədar olaraq feodal istehsal üsulunun hökmranığı dövrü Şərqdə daha uzun sürdü.
Dostları ilə paylaş: |