Mühitin rolu. İnsan müəyyən mühitdə doğulur və böyüyür. Buna görə də istər-istəməz həmin mühitin təsirinə məruz qalır. "Mühit" anlayışı məzmunca geniş olub, insana təsir göstərən xarici amillər sistemini - insanın həyat və fəaliyyəti üçün zəruri olan təbii və ictimai şəraiti əhatə edir.
Mühit insana müsbət və ya mənfi təsir göstərə bilər. İnsanlar üçün yaradılan əlverişli mənzil-məişət şəraiti, mədəni-maarif, təhsil və sağlamlıq ocaqları, əmək və istirahət şəraiti, insan münasibətləri şəxsiyyətin inkişafına güclü təsir göstərən sosial mühit amillərinə daxildir.
Şəxsiyyətin inkişafı ilə bağlı istiqamətlər. I istiqamət- Biogenetik istiqamət.
Biogenetik istiqamət –XIX əsrin sonu XX əsrin əvvəllərində Avropada və Amerikada əmələ gəlmişdir. Bu istiqamət hesab edirdi ki, uşağın psixikasının və şəxsiyyətin inkişafında aparıcı rolu bioloji irsiyyət oynayır. Bu istiqamətlərin nümayəndələrindən Stenli Xollun (1844-1924) Karl Byülerin (1879-1963), E.Kleparedin (1873-1940) adlarını çəkmək olar. Bu istiqamətin çatışmayan cəhəti sosial mühitin rolunu heçə endirmək idi. Z. Freyd-də bu istiqamətin nümayəndələrindəndir.
Şəxsiyyətin inkişfında tərbiyənin rolu.
Tərbiyənin rolu. Şəxsiyyətin inkişafında tərbiyə böyük təsir gücünə malikdir. Mühit insana kortəbii, bəzən də mənfi təsir göstərdiyi halda, tərbiyə məqsədyönlü və planlı təsirdir. İnsanın mühitə münasibəti tərbiyə ilə bağlıdır, onunla tənzim olunur. Tərbiyə mühitin müsbət cəhətlərinə istinad edir, onun mənfi təsirlərini neytrallaşdıra bilir. O, insanda mühitin zərərli təsirlərinə qarşı müqavimət gücü formalaşdırmağa qadirdir. Bunun nəticəsidir ki, heç də hamı mühitin mənfi təsirinə eyni dərəcədə məruz qalmır.
Şəxsiyyətin formalaşmasında insanın şəxsi fəallığının rolu. İnsan mühitin və tərbiyənin passiv obyekti kimi yox, fəal subyekti kimi çıxış edir, mühitə və tərbiyə prosesinə, özünün şəxsiyyət kimi formalaşmasına fəal təsir göstərir. Tərbiyə uşaq və yeniyetmələri ancaq obyekt kimi qəbul edərsə, çox şeydən məhrum olar, öz məqsədinə çata bilməz.
İnsanın şəxsi fəallığı müxtəlif formalarda təzahür edir: zehni, əmək, fiziki, bədii, ictimai-siyasi fəallıq. Uşaq və gənclərin şəxsi fəallığının əsas vasitəsi onları müxtəlif fəaliyyət növlərinə cəlb etməkdir. Təlim fəaliyyəti insanın bilik və bacarıqlara yiyələnməsinə, ideya-mənəvi tərbiyəsinə və psixi inkişafına kömək göstərir. Əmək fəaliyyəti gənc nəslin əmək və peşə hazırlığında, əxlaqi və fiziki tərbiyəsində, xarakter və iradənin formalaşmasında böyük rol oynayır. İctimai fəaliyyət prosesində yeniyetmə və gənclər sosial təcrübə qazanır, ünsiyyət mədəniyyətinə, kollektivçilik keyfiyyətlərinə yiyələnirlər.