M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri


XIX–XX əsrlər Qərb fəlsəfəsi (pozitivizm, ekzistensializm, neotomizm)



Yüklə 276,46 Kb.
səhifə23/59
tarix02.01.2022
ölçüsü276,46 Kb.
#35688
1   ...   19   20   21   22   23   24   25   26   ...   59
C fakepathmuhazir' felsefe'2021

    Bu səhifədəki naviqasiya:
  • M.Şlik
7.3. XIX–XX əsrlər Qərb fəlsəfəsi (pozitivizm, ekzistensializm, neotomizm)
XIX əsrdə geniş yayılmış fəlsəfi cərəyanlardan biri də pozitivizm olmuşdur. Müstəqil fəlsəfi istiqamət kimi pozitivizm keçən əsrin 30– cu illərində formalaşmışdır. Həmin cərəyanların nümayəndələrinin fikrincə, əsas məsələ fəlsəfə ilə elmin qarşılıqlı münasibəti məsələsidir. Onların təsəvvürünə görə, müsbət (pozitiv) bilik ayrı–ayrı xüsusi elmlərin nəticəsində əldə edilə bilər, yaxud da onların sintetik birliyi sayəsində mümkün ola bilər. Ona görə də reallığın məzmununu tədqiq etməyi iddia edən fəlsəfənin xüsusi elmi fənn kimi mövcud olmaq hüququ yoxdur. Pozitivizm öz inkişafında iki mərhələ keçmişdir. Birinci mərhələ öz banisi fransız filosofu O.Kontun (1798– 1857) fəlsəfi məktəbi ilə əlaqədar olmaqla XIX əsrin 30– 40– cı illərini əhatə edir. Kontun məqsədi əhatəli şəkildə elmlərin təsnifatını yaratmaq olmuşdur. Ona görə biliklərin iyerarxiyası sadədən mürəkkəbə, ibtidaidən aliyə, ümumidən konkretə doğru tarixi inkişafı əks etdirməlidir. Elmlərin ierarxiyası belədir: riyaziyyat– astronomiya, fizika– kimya– biologiya– sosiologiya.

Pozitivizmin ikinci tarixi mərhələsi (yaxud forması) maxizm və empiriokritisizmlə (E.Max, R.Avenarius) təmsil olunmuşdur. Deməli, neopozitivizm pozitivizmin inkişafında üçüncü mərhələni (və yaxud formanı) ifadə edir və müxtəlif variantlarda: məntiqi pozitivizm, linqivistik təhlil fəlsəfəsi və yaxud linqivistik fəlsəfə kimi təqdim olunur. Maraqlıdır ki, neopozitivizmin tarixi nitqin müxtəlif təhlil üsullarının bir– birini əvəz etməsi tarixidir. Bu üsullar məntiqdən semantikaya, ondan da linqivistik təhlilə doğru gedir. Məlum olduğu kimi, neopozitivistləri maksimum proqram, başqa sözlə desək, süni formalaşdırılmış nitqin əsasında mütləq formalaşdırılmış biliyə nail olmaq cəhdi birləşdirir. Bu zaman onlar elmin metodoloji problemləri üzərində inhisarçı hüququnu iddia edirlər ki, bu da öz növbəsində, idrakın bəzi cəhətlərini mütləqləşdirməyə aparıb çıxarır. Lakin neopozitivistlər idrakı bütöv hadisə kimi ona daxilən xas olan ziddiyyətləri, çətinlikləri, nitqin formalaşdırılması gedişində yaranan digər problemləri ilə birlikdə əhatə etmək qüdrətinə malik deyillər. Ancaq neopozitivizmin uğurları da qeyd edilməlidir. Bunlar böyük metodoloji yükə malik olan biliyin xüsusi sahələrinin işlənib hazırlanması, xüsusilə riyazi məntiq, semiotika, informasiyanın semantik nəzəriyyəsi və s.– dir. Bununla yanaşı, qeyd etmək lazıdır ki, onların idrakı tədqiqatların xüsusi metodlarına ümumi, universal fəlsəfi metodologiya xassəsi vermək cəhdi müvəffəqiyyət qazandırmamışdır. Onların məqsədi təsirli metodologiya yaratmaq və bu zaman oradan fəlsəfi mənada materiya anlayışını çıxarmaq cəhdi də mühüm xüsusiyyətlər sırasına daxildir. Buraya fəlsəfədən reallıq, elmin anlayışlarının təbiəti haqqında «metafizika» məsələlərini çıxarmaq çağırışlarını da aid edə bilərik. Nəticədə neopozitivist terminlər sırf subyektivist çalarlar əldə edir. Onlar hər hansı hadisə haqqında həqiqi bilik almaq imkanını rədd edirlər.

Neopozitivistərə görə, fəlsəfənin əsas məsələsi elm dilinin məntiqi təhlilindən ibarətdir. Bu təhlilin vasitəsi kimi onlar riyazi məntiq və aksiomatik metoddan istifadə etməyi təklif edirlər. Elmə münasibətdə fəlsəfə bu və ya digər konkret elmi nəzəriyyələri təhlil etmək deyil, nəzəriyyə dilinin (hazır biliyin məcmusunu) məntiqi təhlilini yerinə yetirməlidir. Məlum olduğu kimi, hər bir elmi nəzəriyyə qeyri– mükəmməl konstruksiya olduğundan onu müvafiq hipotetik– deduktiv modellə əvəz etmək lazıdır. Bu nöqteyi– nəzər digər ifratçılığa, elmi nəzəriyyənin aksiomatlaşdırılması metodunun mütləqləşdirilməsinə aparıb çıxarır.

Məntiqi neopozitivizmin əsasları Vyana dərnəyində XX əsrin 30– cu illərində işlənib hazırlanmışdır. Bu dərnəyə tanınmış alim və filosoflar M.Şlik (1882– 1936), K.Gedel (1906), A.D.Ayer (1910), K.Karnap (1891) və başqaları daxil idi.

Linqivistik təhlil fəlsəfəsinin formalaşmasına Lüdviq Vitgenşteynin (1889–1951) yaradıcılığı mühüm təsir göstərmişdir. Bu bö­yük məntiqçi və filosof bir sıra problemlərə toxunsa da, ən çox nit­qin məntiqi məsələləri ilə məşğul olmuşdur. Linqivistik fəlsəfənin məq­sədi kəşf deyil, aydınlaşdırma, həqiqət deyil, əhəmiyyətdir. L.Vit­genşteynin sözləri ilə desək, «fələfə hər şeyi olduğu kimi saxlayır».

Neopozitivizm idrak prosesində yaranan bir çox çətinlikləri aşkara çıxartdı və müəyyən tarixi mərhələlərdə onların həll edilməsinə kömək etdi. Lakin elm daim inkişafdadır və yeni– yeni metodoloji problemlər doğurmağa qadirdir.

XIX əsrin ortalarına qədər fəlsəfədə rasionalizm ideyaları hakim olmuşdur. Lakin bu işdə xüsusilə rasional idrak sahəsindəki çətinliklər də özünü göstərmişdir. Nəticədə fəlsəfi fikrin bir sıra formalarından narazılıq özünü göstərmiş, bir növ alimlər arasında «fəlsəfi qiyam» başlanmışdır. Həmin «fəlsəfi qiyam»ın nümayəndələri sonradan ekzistensializm fəlsəfəsini yaratmışlar.

Ekzistensializmin banisi, XIX əsrin birinci yarısında yaşamış danimarkalı mistik filosof S.Kyerkeqorun (1813– 1855) təlimindən istifadə edən alman filosofu Haydeggerdir (1889– 1976).

Ekzistensialistlərin irəli sürdükləri ən ümumi problem– həyatın mənası, insanın dünyada yeri və onun özünə həyat yolu seçməsi məsələsindən ibarətdir. Bu köhnə problem həmişə xüsusi əhəmiyyətə malik olmuşdur. Deməli, ekzistensialistlər zəmanəmizin ən kəskin məsələlərindən birinə toxunmuşlar.

Bu fəlsəfənin tərəfdarları onu, ümumiyyətlə, varlıq haqqında təlim kimi verirlər. Əslində isə həmin fəlsəfəni yalnız insan şəxsiyyətinin «mövcudluğunu» təhlil etməyə müncər edirlər (latınca: ekzistensiya sözü «mövcudluq» deməkdir). Bəzi ekzistensialistlərin «o dünya» haqqında, başqa sözlə desək, allah haqqında yeritdikləri mühakimə hesaba alınmazsa, ekzistensialistlər üçün yeganə reallıq şəxsi mövcudluqdan, «mən mövcudam» idrakından ibarətdir. Onlar insanı əhatə edən aləmi sirli, insan zəkasının dərk edə bilməyəcəyi və məntiqi təfəkkürə uyğun gəlməyən bir aləm kimi təsvir edirlər. Haydegger deyir ki, aləm ona görə mövcuddur ki, mövcudluq vardır. «Heç bir mövcudluq olmazsa, aləm də mövcud ola bilməz».

İnsanın mövcud olması faktının insan üçün ən mühüm olduğu irəli sürülür. Lakin insanın mövcudluğu intəhalıdır və insanın bütün həyatı ölüm qarşısında qorxu şəraitində keçir. Onların fikrincə, fəlsəfənin də vəzifəsi məhz bu qorxunu oyatmaq və daim bu hissi qoruyub saxlamaqdır. K.Yaspers deyir ki, filosofluq etmək ölümə alışmaq deməkdir. Şərti olaraq ekzistensialistləri dini (N.Berdyayev, L.Şestov, K.Yaspers, Q.Marsel) və ateist (M.Haydegger, J.P.Sartr, A.Kamyu, M.Merlo– Ponti, S. de Bovuar) ekzistensialistlərə bölürlər. Ekzistensialistlər belə hesab edirlər ki, insan başqa adamlarla ünsiyyət xaricində yaşaya bilməsə də, bu adamlar əslində özlrini tamamilə yalqız sayırlar. Bu təlimin tərəfdarları ənənəvi fəlsəfədən fərqli spesifik terminologiyadan istifadə edirdilər. K.Yaspersin II dünya müharibəsindən sonra yazdığı «Günah haqqında məsələ» əsəri vardır. Onun mövzusu müharibəyə görə almanların günahlandırılmasıdır. O, burada günahın təsnifatını verir: cinayətə görə günah, siyasi günah, əxlaqi günah və ən böyük günah– metafizik günah. Metafizik günahın mənbəyi insanın varlığıdır. Almanların günahını K.Yaspers metafizik günah kimi verir. Bu cür günahlar hər yerdə və hər xalqda ola bilər. Ona görə də Fuçik xəbərdarlıq edirdi. «İnsanlar sayıq olsun!»

Ümumiyyətlə, ekzistensializmin həm müsbət, həm də mənfi cəhətləri vardır. Əslində ekzistensialist fəlsəfənin leytmotivi insanın xarici ictimai qüvvələr tərəfindən əsarətinə qarşı etirazdır. Onların fikrincə, mövcudluq insanın özüdür, onun dünyaya gəlişidir. O, nə xeyirxah, nə də bədxahdır. O, xeyirxah və ya bədxah ictimai münasibətlər prosesində olur. İnsan özlüyündə həqiqətdir. Həqiqətə malik olmaq yox, həqiqətin özü olmaq gərəkdir. Bu, Roma hakimiyyət nümayəndəsi Ponti Pilatın həqiqət nədir?–sualına Xristosun-həqiqət mən özüməm!–cavabına bənzəyir. İnsanın mahiyyəti ictimai mü­­na­sibətlərin məcmusudur. İnsan hazır ictimai münasibətlər dün­ya­sı­na gəlir. Burada mövcudluqla mahiyyət arasında toqquşma baş ve­rir və insanın bütün həyatı boyu davam edir. Ekzistensialistlər Marksı özgələşmə probleminə görə özlərinin sələflərindən biri hesab etmiş­lər. Özgələşmə problemi ekzistensialistlərdə də mərkəzi prob­lem olmuşdur. Lakin əgər Marksda özgələşmə sosial özgələşmə idi­sə, onlardakı özgələşmə insan həyaının cəmiyyətdə əsas xarakteristikası idi. Ekzistensializm bir növ «həyat fəlsəfəsi»ndən, xüsusilə Nit­şe fəlsəfəsindən, onun fərdiyyəçilik konsepsiyasından yaranmışdır.

Neotomizm Avkinalı Fomanın ideyalarını inkişaf etdirən dini–fəlsəfi təlimdir. Neotomizm XX əsdə daha sürətlə yayılmış və hazırda da böyük və nüfuzlu cərəyan olaraq qalmaqdadır. Onun tərəfdarları təkidlə qeyd edirlər ki, «yalnız din nicat verə bilər», ən kəskin ictimai suallara yeganə cavab bundan ibarətdir ki, «xristianlıq ruhu həyatımıza daha təsirli nüfuz etməlidir». Əslində Neotomizm orta əsr sxolastı Akvinalı Fomanın Vatikan tərəfindən katolik kilsəsinin rəsmi fəlsəfəsi kimi qəbul edilən təliminin yeniləşdirilmiş variantından ibarətdir. Neotomistlər təliminin ən ümdə əsası bundan ibartdir ki, allah aləmin xaliqi və külli– ixtiyar sahibidir. Neotomistlərin fikrincə, təbiət «ilahi ideyaların tətbiqi», tarix isə «ilahi planın həyata keçirilməsidir». Onlara görə, həqiqəti dərk etmək üçün üç forma vardır: elm, fəlsəfə və din. Bu formaların ən aşağısı elmdir. Onlara görə, elmin verdiyi bilik mötəbər deyildir və yalnız cismani qılafla məhduddur ki, həmin qılaf da aləmin həqiqi mənəvi mahiyyətini gizlədir, bu mahiyyətə elm nüfuz edə bilmir və bunu qismən fəlsəfə, yaxud metafizika kəşf edə bilər. Elmdən fərqli olaraq fəlsəfə aləmin mövcudluğunun ilk səbəbi məsələsini irəli sürür və belə bir nəticəyə gəlir ki, bu ilk səbəb ali mənəvi başlanğıcdır, yaxud aləmi yaradan allahdır. Neotomistlərin təliminə görə, ali həqiqət yalnız vəhy və dini iman yolu ilə dərk edilir ki, elm və fəlsəfə də özünün dünyagörüşü əhəmiyyəti olan bütün prinsipial nəticələrini bu dini imanla uzlaşdırmalıdır.

Neotomizmin ən görkəmli nümayəndələri J.Mariten (1882– 1973), E.Jilson, Q.Vetter və Y.Boxenski hesab olunur.

Ümumiyyətlə, neotomizm təlimi müxtəlif fəlsəfi fənlər sisteminə əsaslanır. Onlardan metafizika, qnoseologiya, naturfəlsəfə, etika, estetika, sosiologiya və s. göstərmək olar. Neotomist fəlsəfəsinin mərkəzində varlığın universal fəlsəfi nəzəriyyəsi rolunda çıxış edən metafizika durur.

Ümumi metafizika özündə ontologiyanı (ümumiyyətlə, varlıq haqqında və necə var o cür varlıq haqqında təlimi) birləşdirir. Xüsusi metafizika dünya və insan haqqında təlimi ifadə edir.




Yüklə 276,46 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin