5. ORTA ƏSRLƏR MÜSƏLMAN ŞƏRQ VƏ AZƏRBAYCAN FƏLSƏFƏSI
Orta əsrlərin başlanğıcı Şərqdə böyük tarixi əhəmiyyətə malik hadisə ilə-olduqca qısa müddət ərzində dünya dinlərindən birinə çevrilən, kifayət qədər böyük ərazilərdə yayılan və bu gün də öz mövqeyini möhkəm qoruyan İslamın tarixi səhnəyə çıxması ilə əlamətdardır. Bu din bir çox tarixi hadisələrə təkan vermiş, cəmiyyətin mənəvi həyatında müxtəlif istiqamətlərin və cərəyanların yaranmasına gətirib çıxarmışdır. Orta əsrlərin həyatında dinin yerini və rolunu nəzərə alaraq hər şey ona uyğun hala gətirilməli, ilk növbədə, Quranın tələbləri ilə əlaqələndirilməli idi. İslamın əsasının əsası olan Quran İslam aləminin ideoloqlarının nümayəndələri, o cümlədən onun filosofları tərəfindən daimi izah olunmuş və şərh edilmişdir. Məsələlərin müxtəlif cür şərhi İslamda çoxsaylı cərəyanların-mütəkəllizm, mötəzilizm, ismailizm, batinizm, peripatetizm, sufizm, panteizm və s.-yaranması ilə şərtlənirdi. Bunların hər biri qoyulmuş problemi özünəməxsus şəkildə izah edirdilər.
VIII əsrin II yarısı – IX əsrin I yarısında dünyəvi biliklər səmərəli inkişaf etməyə başlayır-bu dövrdə təbii elmlər daha böyük rol oynamağa başladı. Orta əsrlərin görkəmli ərəb mütəfəkkiri İbn Xaldun yazırdı ki, şəhərlərdə öyrənilən və öyrədilənin predmeti kimi çıxış edən elmlər iki növə bölünür: 1) insan üçün təbii olan-insan onu mücərrəd yolla əldə edir; 2) ənənəvi-insan onun başlanğıcını qoyanlardan mənimsəyir. Birinci növ-fəlsəfi elmlərdir, müdriklik elmləridir, yəni məşğul olunması, abstrakt mühakiməyə qadir olan varlıq kimi, insan üçün təbii olan elmlərdir. İnsanın təsəvvürrü bu elmin öyrənilməsinə, onun məsələlərinə baxılmasına və dəlillərin gətirilməsinə gətirib çıxarır. İkinci növ-insanın başqa adamlardan mənimsədiyi elmlərdir: onun əsasında şəriətin müddəaları durur, onlar ikinci dərəcəli elmlərdən başqa elmin bütün sahələrində əql üçün sarsılmazdır... Bu elmlərin əsasını Allahın və onun peyğəmbərlərinin Quranda və Sünnədə yazılmış qabaqcadan verilmiş göstərişləri təşkil edir.
Bu dövrdə dünyəvi elmlərin inkişafına kömək etmiş hind, İran və xüsusilə yunan elmi fikirlərinin nailiyyətləri geniş inkişaf etmişdir. Yunan təbii-elmi və fəlsəfi ədəbiyyatlarının tərcüməçiləri kimi Sabit ibn Kurra, Kosta ibn Luka, Yəhya ibn Adi, İshar ad-Dəməşqi, fars dilindən-İbn- Əl-həsən-İbn Səhl, İbn əl-Mükəffa, hind dilindən-İbn Manka və İbn Dəhi və başqaları şöhrətlənmişdirlər.
Fikrimizcə, burada İbn əl-Mükəffanın yaradıcılığı üzərində qısaca dayanmaq məqsədəuyğun olardı, belə ki, o yalnız tərcüməçi deyil, həm də görkəmli alim, istedadlı yazıçı və qeyri-adi siyasi xadim idi. Sosial-siyasi məsələlərlə maraqlanaraq o bir sıra əsərlər, o cümlədən- “Böyük işlər üçün təlimat” və “Kiçik işlər üçün təlimat” kimi sırf peripatetik mövqeli kitablarını yazmışdır. İslamı formal qəbul etsə də o, zərdüştlüyə sadiq qalmışdır. Biruni “Hindistan” əsərində onu maniliyin və kafirliyin təbliğatçısı kimi xarakterizə etmişdir. Əl-Mükəffa Aristotel fəlsəfəsini dərindən öyrənərək onu müsəlman aləmində bacarıqla təbliğ etmiş, öz fəlsəfi mövqeyini peripatetizm istiqamətində müəyyənləşdirməyə çalışmışdır. İslam dini tələblərini zərdüştlük prinsipləri ilə şərh etməyə çalışdığı üçün xəlifə əl-Mənsurun fərmanı ilə edam olunmuşdur.
VIII əsrin sonlarında Bağdadda “Beyt əl-hikmət” (“Müdriklik evi”)-böyük kitabxanası, kitab anbarı və astronomiya üçün rəsədxanası olan o dövr Şərqinin Elmlər Akademiyası yaradıldı-burada xilafətin müxtəlif regionlarındam olan çoxsaylı alimlər elmi və tərcüməçilik fəaliyyətinə cəlb olunmuşdur. “Müdriklər evi”nin yaranması artıq bu dövrdə xilafətin müxtəlif iri mədəni mərkəzlərində geniş möhkəmlənə bilmiş dünyəvi biliklərə meyli cəmləşdirməyə və ona cəhdi müdafiə etməyə imkan verdi.
Bu dövrün görkəmli alimlərindən biri də Əbu Məşər əl-Bəlhi olmuşdur. O tarix, etnoqrafiya, din, coğrafiya və fəlsəfəyə dair 30-a qədər əsər yazmış, o cümlədən “Doğulmanın vaxtı haqqında kitab”, “Dövlət və din kitabı”, “Böyük giriş” əsərlərinin müəllifidir. ”Astrologiyaya dair kitab”, “Yağışlar və küləklər haqqında kitab”, “Ölkələrin təbii şəraiti haqqında kitab” əsərlərinin də onun tərəfindən yazıldığı qeyd olunur. Mənbələrin yazdığına görə Əbu Məşər xəlifə əl-Mükəffanın münəccimi olmuş və uzun ömür sürmüşdür.
Elmin inkişafında ərəblərin bir sıra xidmətlərini qeyd etmək vacibdir-məsələn, ərəblər Yerin şarşəkilli olması haqqına təlim işləyib hazırlamışlar. Bu təlim 1410-cu ildə latın tərcüməsində işıq üzü gördü və Kolumba bilavasitə təsir göstərmişdir. Kordova xəlifəliyinin astronomik əsərləri Avropa astronomiyasının əsasını təşkil etdi. Astronom Zərkəli görkəmli astronom müşahidəçi idi və astronomiyanı təkmilləşdirdi. Onun latın tərcüməsində olan əsərlərindən Kopernik sitat gətirmişdir. Müasir astronomiyada ulduzların ərəb adları ərəblərin bu elmdəki xidmətlərinə dəlalət edir. Cəbr, triqonometriya və analitik həndəsənin əsasını ərəblər qoymuşdur. Ərəb riyaziyyatçıları hindlilərdən indiyə qədər “ərəb rəqəmləri” kimi məşhur olan rəqəmləri götürmüş və onu təkmilləşdirib avropalılara vermişlər. Ərəblər elmə yeni “sıfır” rəqəmini daxil etmişlər ki, bu da hər hansı ədədi rəqəmlərə təsir etməyə imkan verir. Aralarında terapevt (can həkimi), cərrah və göz həkimi ixtisaslarının dürüst müəyyən olunduğu ərəb həkimləri bir çox xəstəliklərin səbəbi kimi infeksiya haqqında baxışlara gəlib çatmışdılar. Ərəb cərrahı Zəhrəvi tibb elminin inkişafı üçün bibiseksiyanı (elmi məqsəd üçün heyvanların yarılması) zəruri şərt hesab edirdi. Cərrahiyəyə dair onun latın dilinə tərcümə olunmuş kitabları XVIII əsrin sonuna qədər Qərbi Avropada nəşr olunmuş, tələbələr və həkimlər üçün stolüstü vəsaitə çevrilmişdir. Biliklərin bu sahəsində Əbu Bəkr ər-Razi, Büzcani, Bəttanı, İbn Haytaş, Sərahai, Hammar, Sabit ibn Kurra, Məsihi, İbn İrak, Əl-Bəlhi və bir çox başqalarının adları geniş şöhrət qazanmışdır.
Səyyahətçilər və coğrafiyaçılar olan İbn Hərdadbeh, Əl-Yaqubi, Əl-Məhsudi, Əl-İstahri, Əl-Mükəddisi, İbn Fəddai və başqalarının Hindistan, Çin, Aralıq dənizi, Rusiya, Afrika və başqa ölkələrə çoxsaylı səyahətləri sayəsində coğrafi biliklər də inkişaf etmişdir.
Ərəbdilli xalqların bədii ədəbiyyat, poeziya və musiqi sahəsində dünya mədəniyyətinə verdiyi tövhələr böyükdür. Ərəb Şərqi məşhur “1001 gecə” nağılını, əxlaqi povest olan “Kəlilə və Diminə”ni yaratmışdır. Ədəbiyyat və poeziya Əl-Mütənəbbi, Rudəki, Əl-Cayhari, Sədi və başqa məşhur söz ustalarını irəli çəkmişdir.
Mürəkkəb ictimai-tarixi proseslər, müxtəlif dini və siyasi cərəyanların olması, ayrı-ayrı ölkələrin mədəni nailiyyətlərinin mənimsənilməsi, təbii-elmi biliklərin artması, xilafətin mənəvi həyatında yaranan ideya istiqamətlərinin müxtəlifliyini və ziddiyyətliliyini şərtləndirdi. Hələ VIII əsrdə İslamın əsaslarını qoymaq və möhkəmləndirmək zərurəti ilə bağlı müsəlman ilahiyyatı-Kəlam yaranmışdır. Kəlam- əqlin (zəkanın) nəql (təqlin) üzərində üstün olduğunu və dini nüfuzdan asılı olmayaraq fəlsəfi mülahizələr vasitəsi ilə həqiqətə çatmağı nəzərdə tutan ilk islam sxolostikası, ortodoksal dini-idealist, fəlsəfi sistem nümunəsidir. Ondan həm illahiyyatçı mütəkəllimlər və sufi tərkidünyaları, həm də filosoflar geniş istifadə edirdi. Kəlam təlimi (elm əl-Kəlam) ilə fəlsəfəni fərqləndirən cəhət ondan ibarət olmuşdur ki, mütəkəllimlərin fikir (mülahizə) mənbəyini islamın normativ prinsipləri (qanun əl-islam), yəni bu dinin problematikası təşkil edirdisə də filosoflar Zəkanın normativ prinsiplərini (qanun əl-əql) əsas götürürdülər, yəni fəlsəfi fikir söyləməyin antik modellerinə istinad edirdilər.
Mütəkəllimlər (kəlam təəssübkeşləri) əqli nəticələri apponentlərinin mühakimələrindən çıxarmağı sevirdilər, yəni antik yunan sofistləri kimi hərəkət edirdilər. Mütəkəllimlər hər bir ehkamı əql vasitəsilə yoxladıqdan sonra qəbul etməyi məsləhət görürdülər. Onların məscidlərdə, bazar və meydanlarda təşkil etdikləri dini-fəlsəfi disputlara çoxlu dinləyici toplandığından kəlamın mənəvi təsiri qüvvətli olurdu. Kəlam ilk dəfə İslamda müxtəlif dini-siyasi qrupların meydana gəlməsi və mübahisə aparması, habelə qeyri-müsəlman dini əqidələrin nümayəndələri ilə keçirilən disputların gedişində formalaşmışdır. Kəlamın nəzəri əsasını cəbrilik və qədərilik adlı dini fəlsəfi qrupların arasında gedən ehkamçılıq mübahisələri təşkil etmişdir.
Hind və yunan fəlsəfi ideyalarının təsiri İslamın daxilində müxalifət sektaların (təriqətlərin) və dönük (kafir) təlimlərin yaranmasına, azadfikirlilik ideyasının inkişafına kömək etmişdir. Artıq VIII əsrdə çoxsaylı müsəlman sektaları mövcud idi ki, onların da hər biri öz mövqeyinin həqiqiliyini sübut etməyə cəhd edirdi.
Ən geniş yayılmış və təsirli müxalifət cərəyanı, ideya ayrılığı nəticəsində mütəkkillizmdən ayrılmış mötəzilizm idi. Həməvilər dövründə yaranmış və Abbasilərin vaxtında geniş yayılmış mötəzilizm xəlifə əl-Möminin dövründə dövlət məzhəbinə çevrildi, lakin xəlifə Mütəvəkkilin dövründə onun davamçıları kafir elan olundular. Bir çox əsərlərdə mötəzilizmə islamın bir sektası kimi baxılır: bəzi müəlliflər mötəzilistləri o dövrün ictimai-fəlsəfi fikrində rasionalist istiqamətin banləri kimi xarakterizə edirlər. Doğrudan da, onlar ərəb xilafətində rasionalist təfəkkürün təşəbbüsçülərindən olmuşlar. Hissi təcrübə və ənənəvi biliklərlə yanaşı biliyin üçüncü meyarını-əqli-irəli sürmələri onların tarixi xidmətlərindən biri olmuşdur. Əqlin idrakın meyarı kimi yüksəldilməsi onların fəlsəfi məsələlərin öyrənilməsinə geniş diqqət ayırmaları ilə bağlı idi.
Mötəzilistlər üçün əql konsepsiyası ədalət prinsipi ilə sıx bağlı idi. Onlar əqlin vəzifəsini onun əxlaqi funksiyalarında-xeyir və şəri, yalan və ədaləti fərqləndirməkdə görürdülər. Onların fikrincə, bu anlayışlar fəaliyyətə qoyulmuş obyektiv mövcud olan keyfiyyətlərin məğzidir. Onlar xeyiri universal dəyər hesab edirdilər, xeyir və şərin fərqləndirilməsi isə, onların fikrincə, əql üçün, yaxşı görən adamın gülləri fərqləndirdiyi səviyyədə mümkündür. Mötəzilistlərin baxışlarına görə, xeyir və şər-Allahın iradəsindən asılı olmayan obyektiv kateqoriyalardır, buna görə də insan ilahi alın yazısı ilə əlaqələndirilmədən mühakimə oluna bilər və olunmalıdır. Xeyirin obyektiv xarakteri haqqında doktrina belə bir fikrə gətirib çıxartmışdır ki, xeyir və şərin fərqləndirilməsində insan və Allah eyni vəziyyətdədir. İnsanın iradə azadlığı haqqında məsələ onların təlimlərinin mühüm anıdır. Mötəzilistlər təsdiq edir ki, insan öz şəxsi hərəkətlərində azaddır. Bu doktrinanın digər mühüm anı Allahda hər hansı atributların olmaması haqqında və Quranın yaradılmışlığı haqqında müddəalardır.
Mötəzilistlər ilk azadfikirlilər idilər və birinci olaraq elmin və fəlsəfənin yayılması uğrunda mübarizə etmişlər. Onlar, müəyyən mənada, yunan irsinin öyrənilməsinə, təbiətşünaslıq elminin inkişafına, ədəbiyyatda mütərəqqi ideyaların yaranmasına və islam teologiyasından fərqli olan fəlsəfi biliyin formalaşmasına, onda mütərəqqi istiqamətin inkişafına kömək etmişlər. Bu dövrün görkəmli şairləri və nasirləri Əbu Tammam və İbn ər-Rumi insan əqlinin qeyri-məhdud imkanlarına həsr olunmuş çoxlu fikirlər yazmışlar: bununla belə, Rumi mötəzilistlərin rasionalist təlimlərini müdafiiə edir, iradə azadlığı haqqında təlimin tərəfdarlarının baxışlarını bölüşdürürdü.
Mötəzilist hərəkatının başçılarından biri, onun daha radikal qolunun başçısı Ən-Nizzamın adını da xatırlamaq lazımdır. O, “Nizzamiyyə” adı ilə şöhrət qazanmış və şəxsi fəlsəfi məktəbinin əsasını qoydu və bu məktəb orta əsrlərdə rasionalist dünyagörüşün yayılmasında böyük rol oynamışdır. Ən-Nizzamın fəlsəfi baxışları bir çox azadfikirli mütəfəkkirlər üçün ideya mənbəyi oldu.
Mötəzilistlərin görkəmli nümayəndələrindən biri də Əl-Kindi olmuşdur-onun haqqında mətnin sonrakı bölməsində ətraflı söhbət açılacaqdır.
Göründüyü kimi, o dövrüm mənəvi həyatında ümumiyyətlə iki bir-birinə əks olan istiqamət var idi: onun biri ortodoksal islamı və onun ehkamçı teologiyasını- kəlamı; digəri isə, təbiətşünaslığı və ona əsaslanaraq və əqlin avtoritetinin qəbul edilməsindən çıxış edən fəlsəfəni təmsil edirdilər. İkinci istiqamət müəyyən səviyyədə rəsmi din normalarından uzaqlaşırdı.
Azadfikirli əcəmi (qeyri-ərəb) şairlərin, alimlərin ilkin orta əsrlərdə mühüm tənqid hədəfinə çevrilmiş ərəb şovinizmi şüubilik (əş-şüubiyyə) hərəkatının yaranmasına səbəb olmuşdur. Şüubilər mötədil və ifratçılara bölünürdülər. Mötədil şüubilərə görə, ərəblərlə başqa xalqlar arasında heç bir fərq yoxdur. Onlar “ictimai bərabərlik” təbliğ edirdilər. İfratçı şüubilər isə ərəbləri hər hansı cəhətdən öz xalqlarından aşağı sayırdılar. VII-IX əsrlərdə Azərbaycanda çox geniş yayılmış şüubiliyin görkəmli nümayəndələri əcəmilərin qızğın təəssübünü saxlayır, ərəblərin yanında öz əsil-nəsəblərindən iftixarla danışırdılar. Xalqlar arasında ictimai bərabərsizliyə qarşı cəsarətlə çıxış edən bu mütəfəkkirlər ərəblərin qədim və zəngin mədəniyyətli başqa xalqlar üzərindəki üstünlüyünü inkar edirdilər.
Ərəb istilaçılarına qarşı ən qəti etiraz, qəzəb xürrəmilik hərəkatında öz əksini tapmışdır. Xürrəmilərin təlimi Azərbaycanda, eləcə də bir sıra başqa Şərq ölkələrində yayılmış dini-fəlsəfi fikrin, ilk öncə, zərdüştiliyin əsasında meydana gəlmişdi. Onlar xeyir ilə şər qüvvələr arasında dərin mübarizə getdiyini deyir, xeyirin şərə gec-tez qalib gələcəyinə ümid bəsləyirdilər. Xürrəmilər hülul (Tanrının insanda həll olması, təcəssüm etməsi) və tonasüx (ruhun ölməyib bir bədəndən başqasına keçməsi) təlimlərindən çıxış edirdilər. Xürrəmilərin beş sayına üstünlük verdikləri, varlığı beş saya nisbətdə nəzərdən keçirdikləri məlnmdur. Cisimlərin od, hava, su, torpaq və göyün cismindən, bitkilərin hissələrinin kök, gövdə, yarpaq, çiçək və meyvədən, duyğuların eşitmə, görmə, iybilmə, dadbilmə və toxunmadan ibarət olması buna misal çəkilir. Beşliyə inam əski türk və çin xalqlarının inamlarında başlıca yer tuturdu.
Bu dövrdə bütün müsəlman Şərq ölkələrində dövlət dili ərəb dili idi. Bədii əsərlərin bir qismi, elmi əsərlərin demək olar ki, hamısı ərəb dilində yazılırdı. Ərəbdilli poeziyanın inkişafına başqa xalqlar kimi azərbaycanlı şairlərin də öz töhvələri olmuşdur. V-X əsrlərdə Azərbaycanda elmin bütün sahələri inkişaf etmişdir. Bu da hər şeydən əvvəl Xilafətin özündə baş verən mədəni hadisələrlə, ictimai-siyasi və elmi-fəlsəfi fikrin tərəqqisi üçün əlverişli şəraitin mövcudluğu ilə əlaqədar idi.
Orta əsrlərdə elmlər dünyəvi və dini olmaqla iki yerə bölünürdü. Dünyəvi elmlərə, adətən, “əqli elmlər”, dini elmlərə isə “ənənəvi elmlər” deyilirdi. Elmlər “şəriət elmləri” və “xarici elmlər” kimi də təsnif edilir. “Xarici elmlər”, yaxud həmin mənada “gəlmə elmlər” təbiri hər şeydən əvvəl dünyəvi elmlərin ərəblərə sonradan keçməsi ilə əlaqədardır. Dini elmlərə Quranın təfsiri, hədis, fiqh, kəlam kimi fənlər daxildir.
Quran (mənası qiraət) islam dininin müqəddəs kitabıdır. O, 114 surədən (fəsildən) ibarət olub, ayələrə bölünür. Bu ecazkar əsər yalnız dinin deyil, hüququn, şəriətin və bütünlüklə müsəlman xalqlarının ideologiyasının qiymətli mənbəyidir. Orta əsrlərdə fəlsəfi, ictimai-siyasi, etik, estetik və s. görüşlərin çoxunu Qurandan təcrid etmək qeyri-mümkündür; əksər ideoloji cərəyan, təlimlər az-çox dərəcədə onunla bağlıdır. İlk müsəlman icması Qurandakı əmrlərlə idarə edilirdi. Xilafətin genişlənib inkişaf etməsi ilə əlaqədar olaraq hüquqi münasibətlər formalaşırdı. Əməvilər dövründə hakimiyyət artıq teokratik xarakterini itirdiyindən dövlət işlərinin idarəsi üçün təkcə Quran kifayət deyildi. İctimai və siyasi məsələlərin həllində lazımi əlavələrə ehtiyac duyulurdu. Bunun üçün peyğəmbərin əshabələrinin və onların ardıcıllarının hədisləri (söhbətləri, rəvayətləri) mühüm vasitə oldu. Hədislər toplusunun–sünnənin köməyi ilə yoluna qoyulmayan məsələlərdə İcmaya (din xadimlərinin yekdil qərarına) arxalanırdılar. Hökm verərkən hədisləri zəruri sayanlara “hədis tərəfdarları”, rəyləri və mühakimələri əsas götürənlərə “rəy tərəfdarları”, “müqayisə tərəfdarlarına” deyilirdi. Birinci halda qatı ortodoksal islam mövqeyindən çıxış edilir, ikinci halda müsəlman hüququ sisteminə rasionalizm ünsürləri yeridilirdi.
Beləliklə, Quran, sünnə, icma və qiyas müsəlman hüququnun əsaslarını təşkil edirdi. Bu əsaslardan istifadə edilməsindən asılı olaraq Müsəlman Şərqində bir neçə sünni hüquq məzhəbi (məktəbi) yaranmışdır. Onlardan ən məşhurları hənəfilik, malikilik, şafiilik və hənbəlilik idi.
Hənəfilər hüquq məsələlərində əqlin müddəalarına üstünlük verdikləri halda malikilər sünnilərə çox meyil edirdilər. Şafıilik bu məzhəblər arasında orta yeri tuturdular. Ancaq müsəlman ideoloqları şəriət ehkamlarını qızğın müdafiəyə qalxır, sərbəst düşüncəyə yol vermək istəmirdilər. Onların bu ideyası öz əksini ortodoksal sünnilikdə - hənbəlilik məzhəbində tapdı. Onlar yalnız Qurana və sünnəyə əsaslanırdılar, dini ehkamlardan kənarda qalan azadfıkirlilik meyillərinə qarşı amansız idilər.
Sünni fəqihlər - hüquqşünas alimlər Azərbaycanda da fəaliyyət göstərmişlər.
“Əqli elmlər” deyilən dünyəvi elmlərə gəldikdə, buraya fəlsəfə, məntiq, tibb, riyaziyyat, kimya və kosmoqrafiya daxil edilirdi. Dünyəvi elmlər xilafətin erkən çağlarından hakim dairələri maraqlandırmış, elmi-fəlsəfi ədəbiyyatın yunan, fars, və digər dillərdən ərəbcəyə çevrilməsinə ciddi əhəmiyyət verilmişdir. “Elm evi” (“Dar əl-elm”), yaxud “Hikmət evi” (“Beyt əl-hikmə”) adlanan tərcüməçilər üçün olan bu məktəb müsəlman Şərqinin mədəni inkişafı üçün misilsiz rol oynamışdır. Qədim elmi, fəlsəfi fikrin ən gözəl nümunələri artıq X əsrdə ərəb dilində vardı. Bu tərcümə ədəbiyyatı içərisində Pifaqoran, Evklidin, Platonun, Aristotelin əsərləri ilə yanaşı, Qalenin, Aleksandr Afrodisinin, Plotkıin, Porfirinin, Ptolemeyin əsərləri xüsusi yer tuturdu. Tərcüməçilərin özlərinin yazdıqları şərhlər və tədqiqatlar ərəb dilində yaranan elmi-fəlsəfi fikri xeyli zənginləşdirmişdir.
Azərbaycanın ictimai-siyasi və mənəvi həyatında şiəlik və sünnülük mühüm hadisə olmuşdur. Son vaxtlar şiə və sünni təriqətlərini qabartmağa çalışan və bundan “siyasi kapital” qazananların sayı, təəssüf ki, həndəsi silsilə ilə artmaqdadır.
İctimai-siyasi hadisələrin kəskinləşdiyi, ideoloji mühitin mürəkkəbləşdiyi VIII əsrdə yeni bir fikir cərəyanı - sufilik (təssüf, sufizm) meydana çıxmışdır. Sufilik əs-suf (yun, qaba yun), os-səff (sıra), əs-səfa (saflıq), əs-suffə (məsciddə: daş çıxıntı) və başqa bu kimi ərəb sözlərin birindən əmələ gəlmişdir. Onu yunanların sofiya (hikmət) sözü ilə əlaqələndirənlər də olmuşdur. Bunlardan əs-suf sözünə daha çox üstünlük verilir, bu söz ilə sufi termini arasında forma və məzmun yaxınlığı göstərilir. Sufilər isti iqlim şəraitində narahat qaba yun paltar geyməklə özləri nəfslərin həzzinə, rahatlığına vaxt ayırmadan birtəhər dolanmaq və axirət işləri ilə dərindən məşğul olmaq məqsədini güdmüşlər. Mürəkkəb, çoxçeşidli və çoxşaxəli olan sufilik orta əsrlər boyu ayrı-ayn vaxtlarda müxtəlif ideya istiqaməti almışdır. Yarandığı ilk çağlarda onu səciyyələndirən fəqirlik və zahidlik (guşənişinlik) idi.
Zahid və fəqir özünü fərdiləşdirir, tənhalaşdırırsa, sufi öz-özlüyündə deyil, Allahla mövcud olduğunu iddia edir-bu fikir sonra panteist ruhda yozulur: “Sufi Allahdır”. İslam zəminində meydana çıxmış sufiliyə şamanlıq, zərdüştilik, buddizm, xristianlıq, neoplatonizm və b. təlimlərin təsir etdiyini göstərmişlər. Bu ideya mənbələrindən sufiliyə başlıca olaraq mistik əhval- ruhiyyə, vəcd və hüluliliyin bir sıra ünsürləri keçmişdir. IX-X əsrlərdə sufilik başlıca müxalifətçi cərəyanlardan sayılırdı.
Allahın atributlarına, o cümlədən onun kəlamlarına, başqa sözlə, Qurana münasibətdə cəbərilər və qədərilər elan edirdilər ki, Allahın heç bir qədim atributu yoxdur, eləcə də Quran sonradan xəlq edilmişdir. Lakin iradə azadlığı məsələsinə cəbərilər ilə qədərilər bir-birlərinə zidd mövqe tuturdular. Cəbərilərin əqidəsinə görə insanın əlindən müstəqil surətdə heç şey gəlmir, o, heç şey bacarmır, gördüyü işləri icbari olaraq yerinə yetirir. İnsanın özünəməxsus nə qüdrəti, nə iradəsi, nə də ixtiyarı vardır, Allah sair təbii şeylərə hərəkət bəxş etdiyi kimi insanın da işlərini bilavasitə özü müəyyənləşdirir. Təbiətə, insana mənsub edilən hərəkət, fəaliyyət, məsələn, ağacm bar verməsi, suyun axması, günəşin, çıxması və batması, buludun hərəkəti, yağışın yağması, bitkinin böyüməsi və i.a., eləcə də insanın bütün yaxşı və pis əməllərini özü icra etməsi ancaq məcazi mənadadır.
VIII əsrdə meydana çıxmış mütəzililik IX əsrin birinci yarısında rəsmi dairələr tərəfindən qəbul edilmişdir. Xariciliyi təmsil edən mütəzililər demokratik mövqe tuturdular. Onlann fikrincə, imam və ya hər hansı başçı müsəlman olan bütün şəxslərdən, habelə müxtəlif siniflərin nümayəndələrindən seçilə bilərdi. Xaricilərin təliminə görə, hakimiyyət başçısı üçün ümdə şərt onun ədalətli və haqq tərəfdarı olmasıdır. Mütəzililərdən bəziləri xaricilərlə həmfikir olsalar da, bəziləri onlara zidd gedərək imamın (başçının) yalnız qüreyşilərdən seçilməsini təkid edirdilər, ifrata vararaq, ədalətli cəmiyyət üçün başçını artıq sayan qruplar da vardı.
Mütəzililər fikrincə, Allah gözlə görünməz. Mütəzililərin təlimində Allahın sifətləri özəli olmadığı kimi, onun kəlamı, başqa sözlə, Quran da sonradan yaranmış sayılır. Mütəzililər iradə azadlığı məsələsində çəbərilərə qarşı olub, qədərilik mövqeyindən çıxış edirdilər. Mütəzililərin yaradıcılığında təbii-elmi fikirlər, ruh haqqında, substansiya haqqında, cisim haqqında, atom haqqında maraqlı ideyalar, mülahizələr irəli sürülmüşdür. Mütəzililik IX əsrin sonlarından etibarən hakim dairələr tərəfindən bidət elan edilərək öz yerini tədricən ortodoksal islam sxolastikasına-əşəriliyə vermişdir.
Hüquq təlimlərində, mütəzililikdə və əşərilikdə dini və dini-fəlsəfi baxışların sxolastik aspekti işlənib hazırlanmışdır. İslam ehkamlarının mistik planda şərhi qismən şiəlikdə, daha geniş surətdə isə sufizmdə verilmişdir. Sxolastlarla mistiklərin məramları, məqsədləri eyni (dini ehkamları əsaslandırmaq) idi. Onların ifrat meyilləri də uyğun gəlirdi. Məsələn, mütəzililər kimi ismaililərdən bəziləri Allahın atributlarının əzəliliyini inkar edirdilər. Lakin onların tədqiqat üsullan, metodları başqa-başqa idi: mistiklər sxolastlardan fərqli olaraq məntiqi sübutlara, dəlillərə deyil, mistik halda intuitiv idrak sayəsində alınan “biliklərə”, “həqiqətlərə” arxalanırdılar.
“Kitabi-Dədə Qorqud” bütövlükdə orta əsrlərdə formalaşıb yazıya alınmasına baxmayaraq onun tarixi islamdan qabağa gedir. “Kitabi-Dədə Qorqud” on iki boydan (dastandan) ibarətdir. Bunlardan hər biri müstəqil, bitkin sənət əsəri olmaqla bərabər oğuz elinin həyat hadisələrinin mühüm cəhətlərini işıqlandıran bədii salnamədir-bu abidə Azərbaycan xalqının etnoqrafiyasını, tarixi coğrafiyasını, dilini, düşüncə tərzini, dünyagörüşünü, sosial-siyasi və əxlaqi baxışlarını, bir sözlə, zəngin mənəviyyatını, mədəniyyətini təcəssüm etdirən misilsiz qaynaqdır. “Kitabı-Dədə Qorqud”un islamdan qabaq yaranmış olduğunu nəzərə aldıqda orada islam dininin prinsiplərinin hələ möhkəmlənmədiyini bilmək çətin deyildir. Əsərdəki düşüncə və ifadə tərzi bu qənaətə gəlməyə əsas verir.
Mövcudatda varlıq formalarından birinin digərinə çevrilməsi, yarananın məhv olması, köhnənin yenini əvəzləməsi labüdlüyünün idrakı Dədə Qorqudun dünyagörüşü, həyata, insana baxışı üçün səciyyəvidir. Məntiqi olaraq cənnətə və cəhənnəmə inamı aradan qaldıran, orta əsrlərdə oğuz düşüncəsində möhkəm yer tutan bu azadfıkirlilik islam mühitində meydana çıxmış bidət deyil, ondan çox qabaq mövcud olan əski əqidədir. Oğuz elində ailənin əsasını bir-birinə qarşılıqlı məhəbbət və rəğbət bəsləyən ər-arvad münasibəti təşkil edir. “Kitabi-Dədə Qorqud”da ata, ana, oğul, qız, gəlin və başqa qohumlar arasında təəssübkeşlik hissi güclüdür.
“Kİtabi-Dədə Qorqud”da müsbət etik-əxlaqi keyfiyyətlər yüksək qiymətləndirilir. İnsanın həm fiziki, həm də əqli yetkinliyinə böyük əhəmiyyət verilir. “Kitabi-Dədə Qorqud”da oğuz təəssübkeşliyi, oğuzlar arasında birlik əzmi güclüdür. Oğuzlar arasında birlik çətin vaxtda, dar ayaqda daha artıq dərəcədə özünü göstərir.
Dədə Qorqud müəyyən dövrdə əxalq mənəviyyatının mücəssəməsi kimi çıxış etmişdir. Bu abidə Azərbaycan xalqının etnoqrafiyasını, tarixi coğrafiyasını, dilini, düşüncə tərzini, dünyagörüşünü, sosial-siyasi və əxlaqi baxışlarını, bir sözlə, zəngin mənəviyyatını, mədəniyyətini təcəssüm etdirən misilsiz qaynaqdır. “Kitabi-Dədə-Qorqud“da verilən kəlamların vacibliyini şərti olaraq müəyyən mövzulara ayırmaqla-ilahi iradənin müəyyənediciliyi, zərurətin dərk edilməsi, təbiət və həyat qanunauyğunluğu, ağlın, idrakın və müsbət xasiyyətlərin qiymətləndirilməsi, qohum-əqrəba, ailə-övlad münasibətlərini və s.-onun möhtəşəmliyini görmək mümkündür. Dastanda tanrıya sitayiş, peyğəmbərlərə alqış, dualar, diləklər və başqa mövzular öz əksini tapmışdır. Müasir dövrdə ailə problemlərində yaranan ziddiyyətlər, gənclərin bu məsələdə bəsit düşüncəyə, el, ailə qayğısı ilə bağlı yetkin fikrə malik olmamasını nəzərə alsaq dastandaki bu məsələlərlə bağlı dəyərli məsləhətlərin bu gün üçün əhəmiyyətini görə bilərik. “Kitabi-Dədə-Qorqud“da müsbət etik-əxlaqi keyfiyyətlər yüksək qiymətləndirilir, insanın həm fiziki, həm də əqli yetkinliyinə böyük əhəmiyyət verilirdi. Bu möhtəşəm abidədə ağıl qəhrəmanın hunərini, son nəticədə isə qələbəsini təmin edən mühüm amildir.
Orta əsrlərdə din ilə bidət arasında gedən açıq mübarizələr çox vaxt ağır faciələrə gətirib çıxarırdı. X əsrin sonlarında yaranan və gizli fəaliyyətə başlayan, xalq kütlələri içərisində təbii elmi biliklər yayan, dini fəlsəfələşdirməyə çalışan, “Saflıq qardaşları“ və “Vəfa munisləri” cəmiyyəti Bəsrədə yaransa da Azərbaycanda da geniş yayılmışdır. “Saflıq qardaşları və vəfa munisləri” cəmiyyəti müxalifətçi sxolastlar kimi özlərini “ədalət əhli və həmd övladları” adlandırırdılar. “Saflıq qardaşları” geniş xalq kütlələri içərisində təbii-elmi biliklər yayır, dini fəlsəfələşdirməyə çalışırdılar. Dörd hissədən ibarət “Saflıq qardaşları” və “Vəfa munisləri “ensiklopediyasındakı 52 traktatın on dördü riyaziyyat, on yeddisi təbiət, onu metafizika və on biri ilahiyyat məsələlərinə həsr olunmuşdur.
“Saflıq qardaşları”nın təlimində təbiət elmi yeddi qismə aynlır: cismani başlanğıclar haqqında elmdə beş şey-ilk materiya, forma, zaman, məkan və hərəkət, habelə onların arasındakı münasibətlər, səma və aləm haqqında elmdə göylərin, planetlərin substansiyaları, əmələgəlmə və məhvolma haqqında elmdə od, hava, su və torpaqdan ibarət dörd ünsürün mahiyyəti, meteorologiyada planetlərin hərəkətləri və ünsürlər üzərinə şüa buraxmaları ilə onlara təsir göstərmələri sayəsində havanın dəyişməsi keyfiyyəti, mineralogiyada minerallar, botanikada bitkilər, onların növlərinin xüsusiyyətləri və nəhayət zoologiyada qidalanan, böyüyən, hiss və hərəkətt edən cisimlər (orqanizmlər) öyrənilir. “Saflıq qardaşları”nın varlıq təlimində Pifaqorun və onun ardıcıllarının ideyaları mühüm yer tutur. “Saflıq qardaşları”nın fikrincə, filosoflar, alimlər və hikmət sahibləri mövcud şeylərin başlanğıclarına dair varlığın əsaslarından bəhs etmişlər.
“Saflıq qardaşları”mn traktatlarında ikiliyə materiya və forma, substansiya və aksidensiya, səbəb və nəticə, işıq və qaranlıq, hərəkət edən və sükunətdə olan, xeyir və şər və s. üçlüyə üç ölçü (xətt, səth və cisim), üç zaman (keçmiş, indi və gələcək) və i.a. dördlüyə dörd ünsür (od, hava, su və torpaq), dörd qatışıq (səfra, qan, bəlğəm və öd), dörd fəsil (yaz, yay, payız, qış), dörd cəhət (şərq, qərb, şimal və cənub) və i.a. birrəqəmlilərdən hər birinə bu qayda üzrə müvafiq misallar çəkilir. Maraqlıdır ki, “Saflıq qardaşları” beşlik tərəfdarı kimi xürrəmiləri təqdim etmişlər. Beş səyyari planet - Satum, Yupiter, Mars, Venera, Merkuri, beş növ cisim - od, hava, su, torpaq və göyün cismi, beş duyğu - eşitmə, görmə, iybilmə, dadbilmə və toxunma, bitkidə beş hissə - kök, gövdə, yarpaq, çiçək və meyvə beşliyə misal çəkilir.
“Saflıq qardaşları” mövcud şeyləri yalnız ikilik, yaxud üçlük, yaxud dördlük, yaxud beşlik və s. ilə məhdudlaşdırmağı düzgün hesab etməyərək onlan tam halda götürən pifaqorçuların fikirlərinə şərik çıxmışlar. Vahidin saya nisbətinə yaradıcının mövcudata nisbəti kimi baxan “Saflıq qardaşları” pifaqorizmi neoplatonizmin emanasiya nəzəriyyəsinə uyğunlaşdırmışlar.
“Saflıq qardaşları”nm emanasiya nəzəriyyəsində əql ikiyə, nəfs üçə, ilk materiya dördə, təbiət beşə, cisim altıya, göylər yeddiyə, ünsürlər səkkizə və qatışıq doqquza müqabildir. Doqquz təkliklər mərtəbəsinin sonuncusu olduğu kimi, qatışıqlar da mineral, bitki və heyvandan ibarət ümumi mövcud şeylər mərtəbəsinin sonuncusudur.
Saflıq qardaşlarının. traktatlarında da “materiya” və “forma” anlayışları bir-biri ilə əlaqəli aydınlaşdırılır: “Filosoflar “materiya” dedikdə formanı qəbul edən bir substansiyanı, “forma” dedikdə isə substansiyanın qəbul etdiyi hər bir fiquru və nəqşi nəzərdə tutmuşlar”.
“Saflıq qardaşları ”nm idrak nəzəriyyəsi peripatetik fəlsəfəyə uyğundur. Onlar göstərirlər ki, təamlar və bütün yemək-içmək bədənin qidası və həyatı olduğu kimi bilik də nəfsin qidası və həyatıdır. Onların fikrincə, insanın biliyi apriori olmayıb, həyatın özündə qazanılır, zira nəfslər elm və etiqada yiyələnməkdən qabaq üzərində heç bir yazı olmayan ağ vərəqə bənzəyir. Vərəqdə düzgün, yaxud səhv bir şey yazıldıqda başqa şeyin yazılmasına mane olduğu kimi nəfslərdə də bir elm, etiqad və ya adət özünə yer tutduqdan sonra oradan çətin pozulub silinir. Bu ideya sonrakı əsrlərdə materialist təlimin əsas müddəalarından biri olmuşdur.
“Saflıq qardaşları”nın idrak nəzəriyyəsinə görə, insan məlumatı duyğular, əql və zəruri sübut yolu ilə əldə edir. Duyğular yolu ilə dərk etmə (daha doğrusu, qavrama) uşaqlıqdan başlayır. İnsan əql yolu ilə dərk etmək sayəsində canlı varlıqlardan ayrılır. “Saflıq qardaşları” “fəlsəfənin əvvəli elmlərə məhəbbət, ortası mövcud şeylərin gerçəkliklərinin insanın imkanı daxilində dərk olunması və axırı elmə müvafiq danışıq və əməldir” - deyərkən bir daha aydın olur ki, son məqsəd qazanılmış fəlsəfi biliklərdən həyati nəticələr çıxarmaqdır.
Orta əsrlər Şərqinin mədəni həyatının xarakterik xüsusiyyətlərinə aşağıdakıları aid etmək olar:
*elmliliyin məcburi əlaməti olan dünyəvi maarifçiliyə can atmaq;
*keçmiş mədəniyyətin, xüsusilə də hind, yunan mədəniyyətlərinin (bu ilk növbədə təbii-elmi və onunla bağlı fəlsəfi irsə aiddir) nailiyyətlərindən geniş istifadə olunması-bu prosesi köhnəyə qayıdış kimi deyil, əksinə unudulmuş mədəni dəyərlərin dirçəldilməsi və ondan yeninin yaradılması üçün yaradıcı istifadə etmək kimi şərh etmək lazımdır;
*təbiətə müraciət edilməsi, onun zənginliyinin öyrənilməsi, onun sirrlərinin açılmasına və istifadə olunmasına can atılması-bunun da nəticəsi təbiətşünaslığın inkişafı oldu;
*nəzəri təbiətşünaslıqla sıx bağlı olan əqlin yüksəldilməsi, rasionallığın həqiqətin ölçüsünə çevrilməsi və bunun nəticəsi kimi məntiqin-onunla tanışlıq alimlik və elmliliyin zəruri əlamətidir- inkişafı;
*ehkamçılığa mənfi münasibət, fəaliyyətsizliyin və müxtəlif qüsurların tənqidi, ortodoksal dindən müəyyən uzaqlaşma, azadfikirliliyin inkişafı;
*insana məhəbbət, onun idraki və əxlaqi bacarığının təriflənməsi-ona təbiətin yüksək məxluqu kimi münasibət;
*sözə, yazılı və şifahi sözə məhəbbət, filologiyaya geniş marağın, meylin artması. Ritorikaya malik olmaq, gözəl nitq və şeir qoşmaq bacarığı-bütün bunlar insanın elmliliyinin ayrılmaz keyfiyyətləridir. Bədii formaya elmi əsərlərin mühüm keyfiyyətlərindən biri kimi baxılırdı. Şeir formasında elmi traktatların yaradılması adi hal idi. Hətta təbiətşünaslar da tez-tez filologiya, poeziya, ritorika məsələləri ilə məşğul olurdular. Biruni və İbn-Sinanın da bu məsələlərə həsr olunmuş traktatlar qoyub getmələri heç də təəccüblü deyildir;
*universallıq, ensiklopediklik, eyni zamanda bir neçə dilləri bilmək. Bu dövrün bir çox alimləri eyni vaxtda biliklərin bir neçə sahələri ilə səmərəli məşğul ola bilirdilər. Hətta gözəl ədəbiyyat yaradıcıları olan şairlər qeyri-adi elmi erudisiyalar göstərirlər. Məsələn, görkəmli şair və mütəfəkkir Cahiz fəlsəfə, tibb, tarix, poeziya, həndəsə və digər elmlərə dair traktatlar yazmışdır; Razi- kimyaçı, həkim, filosof, psixoloq, botanik, mineraloq olmuşdur. Məhz maraqların bu cür universallığı təbiəti bütövlükdə öyrənməyə imkan yaradırdı.
İlkin orta əsrlər müsəlman Şərqinin mədəniyyətinə dünya mədəniyyətinin inkişafında mühüm mərhələ, İtaliya renessansı dövrünü qabaqlayan bir mədəniyyət kimi baxmaq daha düzgün olardı. B.B.Sokolov yazırdı ki, “onların böyük əksəriyyəti Qərbi Avropa ölkələrində oxşar təlimlərin meydana gəlməsindən çox-çox əvvəl formalaşmışdır: Qərbi Avropa ölkələrində bu təlimlər isə Yaxın Şərqin ərəbləşmiş ölkələrindən və İspaniyadan bura gəlmiş alimlərin xeyli dərəcədə təsiri ilə öz sonrakı inkişafını tapmışdır”. Bütövlükdə orta əsrlər Şərq ölkələrinin elminin, ədəbiyyatının və incəsənətinin-bütün dünyəvi mədəniyyətinin nailiyyətləri ümumbəşəri sivilizasiyanın inkişafının zəruri həlqəsi, parlaq və məzmunlu səhifəsidir.
İslam fəlsəfəsinin başlanğıcında iki böyük mütəfəkkir- Əl-Kindi və Əl-Fərabi dayanır. Əbu Yusif Yaqub ibn İshaq əl-Kindi (təq. 800-879) ərəbdilli fəlsəfənin banisi, yeni istiqamətin-Şərq aristotelizm adlanan istiqamətin təşəbbüsçüsü olmuşdur. Onu “ərəblərin ilk filosofu” adlandırırlar-o, biliyin müxtəlif sahələrinə-həndəsə, astronomiya, optika, meteorologiya tibb müsiqi və s.-həsr olunmuş 150-yə qədər əsər yazmışdır. Maşşan fəlsəfəsinin (peripatetizmin) ilk və dəyanətli təmsilçisi Əl-Kindini Qərbdə tanıdan, latıncaya tərcümə olunmuş ən məşhur əsəri “Kitab əl-əql və əl-Makul”dur. Əl-Kindi müxtəlif elmlərin predmetini və onlarla bağlı fəlsəfi problemləri şərh edən çoxlu traktatlar yazmış, antik yunan filosoflarının əsərlərinin tərcümə və şərhində iştirak etmişdir. Filosof fəlsəfənin predmetini dəqiq elmlərin predmetindən fərqləndirirdi. Əl-Kindi “İlk fəlsəfə haqqında” traktatında yazırdı ki, “bəşər incəsənətindən ən yüksəyi və nəcibi fəlsəfə incəsənətidir: o insanın imkanı daxilində şeylərin həqiqi təbiətini dərk etmək kimi müəyyən olunur...”
Orta əsrlərdə münəccim kimi şöhrət qazanmış Əl-Kindiyə görə, ən şərəfli vəzifə fəlsəfənin bütün həqiqətlərin səbəbi olan ilk başlangıcın (Allahın) elmi olan ilahiyyat fəlsəfəsi səviyyəsinə yüksəltməkdir. Həqiqət mütləq qəbul edilməlidir, çünki yaxşı insan üçün həqiqətdən üstün şey yoxdur. Əl-Kindiyə görə, hər bir şeyin varlığı onu mümkün edən beş qarışılıqlı surətdə bağlı olan başlanğıcın- materiya, forma, yer (məkan), hərəkət və zaman olmasını tələb edir. Mütəkəllimlərin əksinə olaraq təbiətdə səbəbiyyət əlaqəsinin sarsılmazlığını təkid edir, Allah və dünyanın qarşılıqlı münasibətinə isə səbəb və nəticə kimi baxılırdı. Filosofun fikrincə, hər şeyin yaradıcısı və hərəkatına təkan verən ilk səbəb Allahdır. Aləmin əvvəli və sonu vardır, bunu isə Tanrının özü müəyyən edir.
Əl-Kindi aləmdəki qanunauygun ardıcıllıgı da Allahın varlığınl sübut edən bir dəlil saymışdır. Varlıq haqqında təlimini hazırlayarkən o, Platon və Aristotel fəlsəfələrini birləşdirməyə çalışmış, dörd ünsürü (torpaq, su, od və hava) dörd səbəb adlandırmışdır, Allahı isə, ilk səbəb və yaradıcı hesab etmişdir. O, kəlamı elmi idrakın 3 mərhələsi haqqında təlimə qarşı qoyur: idrak 1-ci mərhələdən (məntiq və riyaziyyatdan) 2-ci vasitəsi ilə (təbiətşünaslığa) 3-cü mərhələyə (metafizika) yüksəlir. Öz naturfəlsəfi biliyinə əsaslanan Əl-Kindi burada elmi idrakda riyazi və təbii-elmi biliklərin rolunu qeyd edir və fəlsəfənin riyazi biliksiz mümkün olmadıgını təsdiq edirdi.
Əl-Kindi antik yunan filosoflarının fəlsəfi irsinə çox böyük hörmətlə yanaşırdı: Aristotelin fəlsəfəsinin öyrənilməsinə, şərhinə və təbliğinə xüsusi diqqət yetirirdi. O, “Aristotelin kitablarının sayı haqqında traktat və fəlsəfəni mənimsəmək üçün nə zəruridir” adlı əsər yazmış və burada filosof olmaq istəyən hər bir kəsə Staqiritin fəlsəfəsini öyrənməyin zəruriliyini sübut etmişdir. Əl-Kindinin Aristotelin təliminin materialist tərəfinin inkişaf etdirilməsinə həsr olunan aşağıdakı fəlsəfi əsərlərini qeyd etmək olar.
Filosofun aləm haqqındakı fikirlərini də qeyd etmək lazımdır. Əl-Kindiyə görə, aləm iki hissədən ibarətdir: *dövr ünsürün (torpaq, su, od, hava) müxtəlif nisbətdə birləşməsindən əmələ gələn şeylərdən ibarət olan aləmdir. Bu aləm Yerdən Aya qədər olan aləmdir-burada mövcud olan şeylərin isti-soyuq, quru, yaş kimi bir-birinə zidd keyfiyyətləri vardır. Burada yaranma, dağılma, dəyişmələr baş verir, hərəkət düzxətlidir, bütövlükdə aləmlərin hərəkəti isə dairəvidir; *ikinci aləm Aydan o tərəfə dünyanın lap kənarına qədər olan aləmlərin toplusudur-bu aləmdə ilk ünsürlər və onların bir-birinə zidd keyfiyyətləri yoxdur. Əl-kindiyə görə, kainatın mərkəzində Yer durur. Ən uzaqda yerləşən aləmdən kənarda boşluq və məkan yoxdur. Aristotelin 10 kateqoriyasını (mahiyyət, kəmiyyət, keyfiyyət, münasibət, yer, zaman, vəziyyət, malik olmaq, fəaliyyət göstərmək, iztirab), beş “ulu substansiya” (materiya, forma, hərəkət, məkan, zaman) əvəz etmiş filosof bunları maddi şeylərin beş təməli hesab etmişdir. Bunlardam materiya – maddədir, forma-şeyin şəkli, məkan-şeyin yerləşdiyi yer, hərəkət bir məkandan digərinə keçmək, zaman isə həmin keçidin müddətidir.
Əl-Kindiyə görə, ən yüksək fəlsəfə “birinci fəlsəfədir”, bunu da o, ilk həqiqət haqqında elm adlandırır. Əl-Kindidə fəlsəfənin vəzifələrinin müəyyən edilməsi Aristotelə uyğun gəlir. Mötəzilizmin tərəfdarı kimi o öz sələflərinin elmi irsini öyrənməyə çağırırdı. Yalnız özündən əvvəlki nəslin intellektual nailiyyətlərini daha çox mənimsəyən adam müdrik ola bilər. Şərqin böyük mütəfəkkirinin fikrincə, insan təfəkkürü maddi olmayan bir cövhərdir, o əql aləmindən duyğular aləminə enmişdir.İnsan təfəkkürü maddi aləmdə qərar tutmuş və ideyalar aləminə can atır. Maddi aləmdəki şeylər keçicidir, dəyişkəndir, yalnız əql aləmində bir ardıcıllıq, sabitlik mövcuddur. İnsan arzularının gerçəkləşməsini istəyirsə, Allahdan qorxmalı, ilahi əqlin nemətlərinə pənah gətirib, əməli-saleh həyat sürməlidir. Əl-Kindiyə görə maddi aləm duyğularla, mənəvi aləm isə əqldə qavranılır. Əql dörd hissədən ibarətdir: *mövcud olan hər şeyin səbəbi, daim fəal olan əql-bu əzəli əql-Allahdır; *insanın təfəkküründə məlakə halında yaşayan əql; *yenə insanın təfəkküründə bir qüvvə kimi mövcud olan əql; *təfəkkürdən xaricdə istədiyi əməli həyata keçirməyə yönəltmiş əql-bu əql forması insanın fəaliyyətində özünü təzahür etdirir. Əqlin qüvvədən fəaliyyətə keçidi ilk səbəblə bağlıdır, yəni əsil əql Allahdan gəlir.
Əl-Kindinin elm qarşısında mühüm xidmətlərindən biri də ondan ibarətdir ki, o Şərqdə mütərəqqi, təbii-elmi və fəlsəfi fikirlərin inkişafını qabaqcadan xəbər verənlərdən biri olmuşdur.
Əbu Nəsr Məhəmməd ibn-Turhan əl-Fərabi (873-950) orta əsrlər Şərqinin görkəmli mütəfəkkiri, “Şərqin Aristoteli” və “İkinci Müəllim” (birinci Aristotel hesab olunur) ləqəblərini almış, riyaziyyatı, həkim, filosof kimi məşhur olmuşdur. O, 160-dan çox əsər yazmışdır ki, onu da iki qrupa: qədim yunan alimlərinin traktatlarına şərh formasında yazılmış əsərlərə və orta əsrlər təbiətşünaslığının və sosial-fəlsəfi fikrinin aktual probleminin işlənməsinə həsr olunmuş orijinal tədqiqatlara ayırmaq olar. Fərabi ilk ərəbdilli Şərq filosofudur ki, biz onda gerçəkliyin bütün tərəflərini əhatə edən fəlsəfi baxışlar sistemini tapırıq. Təbiət fəlsəfəsindən daha çox metafizik baxışlarla məşğul olan, islam fəlsəfəsi tarixində görkəmli yer tutan əl-Fərabi ilk islam fəlsəfəsi ensiklopediyası olan “Əl-Təlimus Sani” əsərinə görə “Mülayim-Sani”(ikinci müəllim) adını almışdır.
Fərabi Şərqdə yunan müdriklərinin nailiyyətlərinin ən ardıcıl təbliğatçılarından biri olmuşdur. ”Fəlsəfəni öyrənməkdən qabaq nəyin müqəddimə verilməsi haqqında” əsəri filosofun yunan fəlsəfəsi sahəsindəki dərin biliyinə bariz nümunədir. Görkəmli mütəfəkkir əsasən nəzəri elmlərlə: riyaziyyat, məntiq, nəzəri tibb, musiqi nəzəriyyəsi və başqa sahələrlə maraqlanmışdır; lakin eyni zamanda təbiətşünaslığı, filologiyanı, poeziyanı müvəffəqiyyətlə mənimsəmişdir. Fərabiyə görə, elmin obyekti bütün real mövcud olan və onun müxtəlif xassələri və keyfiyyətləridir. Nəzəri biliklər sahəsində əsas yeri fəlsəfə tutur. Fəlsəfəyə varlığın ən ümumi xassələri və qanunları haqqında elm kimi tərif verir, onun konkret elmlərə münasibətini ümuminin təkcəyə münasibəti kimi xarakterizə edirdi.
Filosofa görə, təkcə və ümumini (aləmi) öyrənən və şərh edən fəlsəfəni öyrənməyə başlamazdan əvvəl insan öz cismani tələbatını (gedonik tələbatı) cilovlamalı, haqq və həqiqəti öyrənməyi özünə məqsəd seçməlidir. Hər bir fikir insanın əql süzgəcindən keçirilib təcrübədə yoxlandıqdan sonra fəaliyyət üçün rəhbər olmalıdır. Təbiət elmləri və humanitar elmlər həndəsə və məntiqin nəzarəti altında inkişaf etməlidir. Universal biliyi və geniş elmi erudisiyası Fərabiyə öz dövrü üçün ilk, daha tam elmlərin təsnifatını yaratmağa imkan vermişdir ki, bu da o dövr elmi biliklərin ensiklopediyası hesab olunurdu. Bu ensiklopediyanın məzmunu həm də o baxımdan səciyyəvidir ki, o həmin dövr üçün (hətta daha sonrakı dövrlər üçün) Yaxın Şərq ölkələrində elmin vəziyyətinin Qərbi Avropa ölkələrində elmin vəziyyətindən üstünlüyünü aşkar etmişdir.
“Məntiqə giriş” traktatında elmi biliyə məntiqi forma və proseslər möqteyi-nəzərindən yanaşan Fərabi onu sillogistika və qeyri-sillogistika hissələrinə ayırır. O, sillogistikaya fəlsəfəni, dialektikanı (mübahisə etmək incəsənəti), ritmikanı, poetikanı daxil edir. İkinciyə isə, praktiki məsələlərin yerinə yetirilməsi ilə bağlı olan bilik növlərini aid edir. Bu tibb, əkinçilik, dülgərlik və s. sahələrdir. Bu traktatın özündə də fəlsəfənin müxtəlif bölmələri sadalanır.
“Xoşbəxtliyin əldə edilməsi” traktatında ərəb filosofu bütün məlum bilikləri nəzəri və praktiki hissələrə bölür, ”Xoşbəxtliyə gedən yolların göstəricisi kitabında” isə elmin orta əsrlər üçün məşhur təsnifatını verir. Fərabi ənənələrə sadiq qalaraq fəlsəfəni nəzəri-bura riyaziyyat, fizika, metafizikanı daxil edir və praktiki- etika və siyasəti əhatə edən- hissələrə bölür.
Fərabiyə görə, insan fəaliyyətinin başlıca məqsədi xoşbəxtlikdir. O, idrakdan kənarda və onsuz mümkün deyildir. Fərabi belə hesab edirdi ki, xoşbəxtliyə nail olmağın şərti iradə və onun azadlığıdır. İdarə hissi idrakla, onun azadlığı isə məntiqi mühakimələrlə zəruri bağlıdır ki, bu da hər bir adama istədiyi kimi hərəkət etməyə imkan verir.
Fərabi teologiyanın əksinə olaraq təbiətə və insan orqanizminə xas olan təbii prosesləri öyrənən elmləri ön plana çəkdi. Filosof bilik sahələrini beş iri bölməyə ayırır: *yeddi bölməsi olan dil haqqında elm; *məntiq; *yeddi müstəqil elmə (hesab, həndəsə, optika, ulduzlar haqqında elm, musiqi haqqında elm, ağırlıq haqqında elm, mexanika) bölünən riyaziyyat; *təbii və ilahi elmlər, yxud metafizika və *şəhərin idarə edilməsi haqqında elm (siyasi elmlər), hüquqsünaslıq və kəlam. Bu təsnifatda Fərabi yalnız hər bir elmin obyektinin özünəməxsusluğunu deyil, həm də onun şəxsi qayda və qanunlarının spesifikliyini, eyni zamanda ona xas olan idrak vasitəsini nəzərə alırdı.
İnsan ruhunun dərketmə funksiyası hissə arxalanmadan həyata keçə bilməz. Qavrayış və təsəvvür-hissi biliyin başlıca alətidir. Lakin o mahiyyətə çatmağa qadir deyildir. Buna yalnız əql qadirdir. Fərabiyə görə, əql “heç bir bədən orqanının təsiri olmadan fəaliyyət göstərən qüvvədir...Əxlaq insanın davranış qaydalarna riayət etməsidir. Filosofun fikrincə, əql əxlaqın yolgöstəricisidir. İdrak xeyir əməllərin əzəlidir və əxlaqdan üstündür. İnsan iradəsi xeyir və şəri qiymətləndirə bilir. Yaxşılıq və səadət insanların məqsəd və niyyətlərinin bəhrəsidir. İnsanın iki cür yaxşı hərəkəti:-ətrafdakılara edilən yaxşılıq və öz-özünə edilən (azuqə toplamaq, bilik öyrənmək və s.) yaxşılıq- mövcuddur. Düzgün fikirləşmək xeyir əməllərin başlanğıcıdır.
Göründüyü kimi, Fərabidə elmlərin təsnifatı öz əsasına görə materialist xarakterlidir. O, obyektiv gerçəkliyin xüsusiyyətlərindən çıxış edir. Filosofa görə, hər bir elm maddi aləmin bu və ya digər tərəfini, müəyyən qrupunu və ya müəyyən xassələrini öyrədir. Mütəfəkkirin fikrincə, elmlər və ümumiyyətlə bütün biliklər varlıqdan törəmişlər, subyektiv arzular deyil, insanın ona olan artan tələbatı nəticəsində tədricən və ardıcıl surətdə yaranmışdır. Fərabinin sistemində müxtəlif
elmlər bir-birini istisna və inkar etmir; onlara qarşılıqlı əlaqədə və qarşılıqlı surətdə bir-birini şərtləndirməsi formasında baxılır. Onun təsnifatı yalnız Şərqdə deyil, həm də Avropada böyük rol oynamışdır və sonrakı mütəfəkkirlərə güclü təsir göstərmişdir. Filosofun dövlət və birlik nəzəriyyəsi utopist xarakterli olsa da, o, gerçək birliyi də qəbul edir. Onun dövləti bütün bəşəriyyəti əhatə edən bir dövlətdir, özü də islam icması əsasında, xilafət şəklində olan bir dövlətdir.
Əl-Kindi və Əl-Fərabi-orta əsrlər tarixində parlaq simalardır. Onlar elm tarixində unudulmaz iz qoymuşlar. Bu görkəmli alimlərin elmi biliklərinin geniş diapozonu və təbii istedadları onları dünya elminin Biruni, Bəhmənyar, İbn-Sina və başqa korifeyləri ilə bir sıraya qoymuşdur. Onların təbiətşünaslıq elmləri sayəsindəki elmi tədqiqatları öz müasirlərinə və sonrakı nəsil alim və mütəfəkkirlərinə faydalı təsir göstərmişdir. Onların elmi yaradıcılığı mütərəqqi fikrin sonrakı inkişafı üçün tükənməz mənbə olmuşdur.
Fikrimizi orta əsrlərin iki görkəmli ensiklopedist alimlərinin-İbn Sina və İbn Rüşdü “ərəb fəlsəfəsinin kralları” (ərəb Şərqdə-İbn Sinanı, ərəb qərbində isə İbn Rüşdü) adlandırırlar. Onların dünya elmi və fəlsəfi fikrinin inkişafındakı xidmətlərinə qiymət vermək çox çətindir. Onların hərtərəfli maraqları və bacarıqları (riyaziyyat, tibb, fizika, incəsənət, fəlsəfə, elm, tarixi və s.) yaxşı məlumdur. Bu görkəmli mütəfəkkirlərin təliminin uzunömürlülüyünü yaxşı başa düşmək üçün onların hər birinin üzərində ayrıca daha ətraflı dayanmaq vacibdir.
Dostları ilə paylaş: |