Təsadüf və zərurət. Zərurəti - hadisələrin elə birmənalı şərtlənmiş əlaqəsi adlandırırlar ki, səbəb hadisənin baş verməsi mütləq müəyyən nəticə hadisəni törədir. Təsadüf - zərurətə zidd olan anlayaşdır. Təsadüfi səbəb və nəticənin elə əlaqəsi adlandırırlar ki, bu vaxt səbəbiyyət əsası mümkün olan çoxlu alternativ nəticənin hər hansı birinin həyata keçməsinə yol verir. Bununla belə əlaqənin hansı variantının həyata keçməsi vəziyyətdən, dəqiq hesablamaya və təhlilə gəlməyən şəraitdən asılıdır. Beləliklə, təsadüfi hadisələr qeyri – müəyyən böyük saylı müxtəlif və dəqiq məlum olmayan səbəblərin bəzilərinin qarşılıqlı təsiri (fəaliyyət) nəticəsi kimi baş verir.Təsadüfi nəticə hadisənin olması prinsipcə mümkündür, ancaq qabaqcadan müəyyən edilməmişdir, o baş verə də bilər, verməyə də bilər.
Təsadüfin qabaqcadan bilinməməsi sanki səbəbiyyət prinsipinə ziddir. Lakin bu belə deyildir, ona görə ki, təsadüfi hadisələr və səbəbiyyət əlaqəsi - əvvəlcədən dəqiq məlum olmayan, ancaq real mövcud olan və dəqiq müəyyən olan şərait və səbəbin nəticəsidir. Onlar xaotik və ya "heç nədən" yaranmır: düzdür onların yaranması imkanı qəti və birmənalı olmasa da səbəbiyyətin əsası ilə qanunauyğun bağlıdır. Bu əlaqə və qanunlar böyük sayda eyni tipli təsadüfi hadisələrin öyrənilməsi ilə aşkar olunur - həm də riyazi statistika - aparatının köməyi ilə izah olunduğundan o statistik adlandırılır. Statistik qanunauyğunluq obyektiv xarakterə malikdir, lakin təkcə hadisələrinin qanununauyğunluqlarından köklü sürətdə fərqlənir. Təhlilin kəmiyyət metodunun tədbiqi və təsadüfi prsoseslərin statistik qanunlarına tabe olan xarakterlərinin hesablanması onları riyaziyyatın xüsusi bölməsinin – ehtimal nəzəriyyəsinin predmetinə çevirdi.
Ehtimal – təsadüfi hadisələrin baş verməsi imkanının ölçüsüdür. Mümkün olmayan hadisələrin ehtimalı sıfira bərabərdir, zəruri (doğru) hadisələrin daxil olması ehtimalı mümkündür.
Mürəkkəb səbəb – nəticə münasibətlərinin ehtimal statistik izahı (şərhi) dünyanın inkişaf qanunlarının və strukturunun dərk edilməsinin prinsipcə yeni və faydalı (effektli) metodunu işləyib hazırlamağa və elmi tədqiqatlarda tədbiq etməya imkan verdi. Kvant mexanikası və kimyanın, genetikanın müasir müvəffəqiyyətləri öyrənilən hadisənin səbəb və nəticələri arasındakı münasibətin müxtəlifliyini anlamadan, inkişaf edən predmetin sonrakı vəziyyətini heç də həmişə əvvəlki vəziyyətindən tamamilə çıxarmağın mümkün olmamasını qəbul etmədən mümkün olmazdı.
Təsadüf və zərurət nisbidir : zərurət bir şəraitdə təsadüf kimi dura bilər, digər halda əksinə. Onların etibarlı fərqləndirilməsi üçün hər dəfə konkret şəraiti dəqiq nəzərə almaq lazımdır. Səbəbiyyət münasibətinin konkret təhlilində zərurət və təsadüf imkan və gerçəkliyin qarşııqlı əlaqəsi ilə, imkanın gerçəkliyə keçməsi ilə sıx əlaqəlidir.
Səbəbiyyət prinsipini həyata keçirən səbəb – nəticə münasibəti o vaxt yaranır ki, səbəb-hadisə təsadüfi və ya zəruri nəticə törədir. Əgər hadisə hələ yoxdusa, ancaq səbəb ola bilərsə, deyirlər ki, ona imkanın gerçək səbəbə çevrilməsi daxildir.
Cism və hadisələr arasındaki əlaqələrin öyrənilməsi üçün şərait yaradan kateqoriyalardan biri də zərurət və təsadüfdür. Zərurət cism və hadisələrin daxili təbiətindən, mahiyyətindən labüdən irəli gəlir. Zərurət hökmən baş verməli olan və ya artıq baş vermiş olandır.Təsadüf isə daxili, mühüm səbəblərdən deyil, müəyyən hadisənin mahiyyətindən deyil, hər hansı bir təsir sayəsində baş verəndir. Ona görə də təsadüf baş verə də bilər, baş verməyə də bilər.
Zərurət və təsadüf arasında dialektik əlaqə mövcuddur. Bu əlaqə özünü zərurət və təsadüfün təbiət və cəmiyyətdə mövcud olan əlaqələrin ümumi zəncirində, iki qütb təşkil etməsində göstərir. F. Engels yazır: ”Təsadüf qarşılıqlı asılılığın bir qütbüdür, digər qütb isə zərurətdir”. Zərurət və təsadüfün qarşılıqlı əlaqəsi məsələnin elmi həllnin ilk dəfə marksizim fəlsəfəsi vermişdir. Ancaq Marksdan əvvəlki filosoflar hadisələrdə zəruri və təsadüfü əlaqələrin olduğunu göstərmişdirlər. Lakin onlar təsadüf ilə zərurətin münasibətini düzgün izah edə bilməmişdirlər və hətta bunları qarşı-qarşıya qoymuşdurlar. Filosofların bir qisminin fikrinə görə, cəmiyyətdə və insanın həyatında baş verən bütün hadisələr ya taledən (antik dövr), ya Allahdan (dinə görə) asılıdır. “Olacağa çarə yoxdur, alnıma belə yazılmışdır, qisməti belə imiş “ ifadələri də bu baxışla əlaqədər olaraq yaranmışdır. Hadisələrə bu cür baxış fatalizmə gətirib çıxarır.
Filosofların bir qismi isə, belə hesab edirlər ki, bütün hadisələr təsadüfü hadisələrdir. Onlar zərurəti inkar edirdilər. Lakin dialektikaya görə təbiətdə və cəmiyyətdə zərurət və təsadüf yan-yana mövcuddur. Əgər proseslərdən bəzisi təsadüfüdürsə, bəziləri zəruridir...Bütün məsələ ancaq ondadır ki, bu iki növ bir-birilə qarışdırılmasın. Zərurət və təsadüf arasındakı dialektik əlaqə bir sıra formalarda təzahür edir. Bunlardan biri zərurət və təsadüfün bir-birinə keçməsində özünü göstərir. Yəni bir hadisə üçün zəruri olan digər hadisə üçün təsadüfi hadisə ola bilir və əksinə. Məsələn, yayda qarın yağması fəsilə görə təsadüfdür, lakin atmosferdə baş verən dəyişikliyə görə qarın məhz həmin vaxt yağması zəruridir.
Zərurət və təsadüfdən bəhs edərkən, belə bir cəhəti də göstərmək lazımdır ki, zərurət bir çox təsadüfdən özünə yol açır. Bu xüsusiyyət təkcə təbiət hadisələrində deyil, həm də cəmiyyət hadisələrində özünü göstərir.
Fəlsəfi determinizm obyektiv zərurətin mövcudluğu fikrini irəli sürür. Zərurət səbəb– nəticə əlaqələrində, qanun və qanunauyğunluq anlayışlarında ifadə olunan səbəbiyyət münasibətlərində müəyyənedici xarakteristika kimi çıxış edir. Eyni zamanda determinizmin hər bir konsepsiyasında təsadüflər dünyasında mövcudluğa onun münasibətinin aydınlaşdırılması da tələb olunur. Zərurət– müəyyən şərait olduqda hökmən baş verən hadisədir. Təbiətdə və insan cəmiyyətində baş verən çox müxtəlif hadisələr içərisində elələri də vardır ki, bunlar müəyyən şeyin və ya baş verə bilən, amma baş verməyə də bilən, bu və ya digər bir şəkildə baş verə bilən müəyyən hadisələr silsiləsinin qanunauyğun inkişafından heç də zəruri olaraq irəli gəlmir. Bunlara təsadüfi hadisələr deyilir. Fəlsəfi determinizmin mühüm məsələlərindən biri təsadüf kateqoriyasının obyektiv idrakı statusudur. Təsadüf və zərurət bir– birindən təcrid olunmuş halda, «saf» şəkildə mövcud deyildir. Zərurət bu və ya başqa prosesdə inkişafın başlıca istiqaməti, meyli kimi meydana çıxır, lakin bu meyl özünə çoxlu təsadüflər arasında yol açır. Təsadüf zərurəti tamamlayır, onun təzahür formasıdır. Çoxlu təsadüf arxasında həmişə obyektiv zərurət, qanunauyğunluq gizlənir.
Zərurəti və təsadüfi düzgün başa düşmək üçün nəinki bunların arasındakı fərqləri, həmçinin bunların arasındakı əlaqəni də görə bilmək lazımdır. Zərurət və təsadüfün dialektikası bundan ibarətdir ki, təsadüf zərurətin təzahür formasıdır. Deməli, zəruri proses daxilində də təsadüflər olur. Bundan əlavə təsadüflər zəruri prosesin inkişafı gedişinə təsir göstərir, bunlar həmin prosesi ya surətləndirər, ya da yavaşıda bilər. Çox vaxt inkişafın gedişində təsadüflər zəruri prosesə o dərəcədə qarışır ki, özləri zərurətə çevrilir. Bu o deməkdir ki, zərurət ilə təsadüf arasında heç də keçilməz bir uçurum yoxdur, inkişaf prosesində bunlar bir– birinə təsir göstərir, bir– birinə keçir.
Təsadüf ilə zərurət arasındakı əlaqədən belə bir nəticə çıxır ki, təsadüfi hadisələr də müəyyən qanunauyğunluqlara tabedir və həmin qanunauyğunluqlar öyrənilib dərk edilə bilər. Həm zərurət, həm də təsadüf səbəbiyyət əlaqələrində mühüm olduqlarından onları qarşı– qarşıya qoymaq düz deyildir.
Dostları ilə paylaş: |