VI fəsil.
YAZILI ƏDƏBİ DİLİN TƏŞƏKKÜLÜ (IX-XII əsrlər)
N ə t i c ə
VI F Ə S İ L
YAZILI ƏDƏBİ DİLİN TƏŞƏKKÜLÜ
(IX-XII əsrlər)
IX-XII əsrlərdə ədəbi dilin təşəkkülünü şərtləndirən amillər
Cəsur sərkərdə və böyük dövlət xadimi Babəkin 20 illik mübarizəsi məğlubiyyətlə nəticələnsə də, mə’nəvi cəhətdən qələbə çalan Xürrəmilər Xilafətə güclü zərbə vurdular və onu sarsıtdılar. IX əsrdə Xilafətin asılılığında olan ölkələrdə azadlıq mübarizəsi gücləndi. Azərbaycanda, İranda, Suriyada, Orta Asiyada yerli feodal dövlətləri yaranmağa başladı. Azərbaycan ərazilərində bir-birinin ardınca meydana çıxan Şirvanşahlar, Şəddadilər, Sacilər, Salarilər, Rəvvadilər dövlətləri belə feodal dövlətlərindən idi.
Şirvan Məzyədilər dövlətinin (861-1108) əraziləri şimalda Dərbənd və Samur çayı, qərbdə Göyçay və Şəki, şərqdə Xəzər dənizi ilə hüdudlanırdı. Cənubda əsas sərhəd Kür çayı olsa da, bə’zən ərazilər Araza qədər uzanırdı. Paytaxtı Ərdəbil şəhəri olan Sacilər dövlətinin (889-942) əraziləri Azərbaycanı və Ərməniyyəni əhatə edirdi. X əsrin ortalarında mərkəzi Gəncə şəhəri olmaqla Şəddadilər dövləti (971-1088) yaranmışdı. Bunlardan əlavə, tarix kitablarımızda Salarilər (942-981) və Rəvvadilər (981-1065) haqqında da müstəqil dövlətlər kimi mə’lumat verilir (4; 273-286), lakin bunlar, əslində, Sacilər dövləti ərazisində sülalə dəyişikliyi ilə dövlətin davamı idi və beləliklə, daha xırda feodallıqları nəzərə almasaq, Azərbaycan ərazilərində Şirvanşahlar, Sacilər (Salarilər, Rəvvadilər) və Şəddadilər dövlətləri yaranmışdı. XI əsrin sonu, XII əsrin əvvəlində Səlcuqların gəlişi ilə bu dövlətlərin varlığına son qoyuldu. Onların süqutu dalbadal 43 ilin müddətində olmuşdur.
XI əsrin ortalarında Oğuzlardan ibarət olan Səlcuq türkləri Xəzərin cənubu ilə hərəkət edərək, Türküstandan Aralıq dənizinə, Dərbənddən Fars körfəzinə qədər böyük bir ərazidə qüdrətli Səlcuq dövləti (1038-1157) yaratdılar. Səlcuqlar 1055-ci ildə Xilafətin paytaxtı Bağdadı işğal edərək siyasi hakimiyyəti ələ aldılar. Lakin cəmi 119 il duruş gətirən Səlcuq imperiyası da ömrünü başa vuraraq, öz yerini Azərbaycan Atabəylər dövlətinə (1136-1225) verməli oldu.
Atabəylər dövründə Şirvan öz müstəqilliyini saxlamağa, qorumağa çalışmış, Arran və bütün cənub torpaqları Atabəylərin idarəsi altında olmuşdur. Qızıl Arslan 1190-cı ildə Səlcuq sultanı Sultan Toğrulun hakimiyyətinə son qoymaqla Azərbaycanın tam müstəqilliyinə nail olmuşdur.
Nəzərdən keçirdiyimiz dövrdə Azərbaycanın ictimai-siyasi vəziyyəti belə idi. Səlcuqlar feodal dövlətlərini ləğv etdikdən sonra Azərbaycanın şimalı ilə cənubu eyni mərkəzdən idarə olunurdu. Atabəylər dövründə bu birlik daha da möhkəmləndirilmişdi və beləliklə, monqol işğalı ərəfəsində cənubla şimal birlikdə idi. İbn əl-Əsir (1165-1234) «Əl-kamil fi-t-tarix» («Mükəmməl tarix») əsərində göstərir ki, «Təbrizin əsl hakimi Özbək ibn-Pəhləvan... fəaliyyətsiz bir əmir idi. Azərbaycan və Arran tamamilə onun ixtiyarında idi». (5; 143)
Oğuzların XI əsrin əvvəllərində Ön Asiyaya axını sərkərdə Səlcuqun adı ilə bağlıdır. X əsrin ortalarında uyğur asılılığından xilas olan oğuzların Qaracuq dağından Xəzərə qədər böyük bir ərazidə yaratdıqları dövlətə Yabğu (hökmdar) dövləti deyilirdi. X əsrin sonlarında qıpçaqların basqını Yabğu dövlətinə son qoydu. Səlcuq Yabğunun yanında sərkərdə (subaşı) idi. O, Yabğudan ayrılıb Sır-Dərya ətrafında məskən salmış, ətrafına yığılan 30 tayfa onun adı ilə Səlcuqlar adlanmışdır. Səlcuqun nəvəsi Toğrulun zamanında (1038-1063) səlcuqlar daha da güclənmiş, İranı, Zaqafqaziyanı, İraqı, Suriyanı, Anadolunu işğal edərək qüdrətli bir Səlcuq dövləti yaratmışlar. (7; 32)
Yanlış konsepsiyanın yanlışlığı səlcuqların bu hərəkatı, bu gəlişi ilə bağlıdır. İddia edirlər ki, yerli «irandilli» əhali oğuzların məhz bu gəlişi ilə öz dillərini itirmiş və türkləşmişdir; Azərbaycanda türk mənşəli dilin tarixi Səlcuqlarla başlanır, monqolların gəlişi türkləşmə prosesini gücləndirmişdir və s.
Bu cür mülahizə Azərbaycan xalqının etnik inkişaf tarixini qeyri-elmi şəkildə izah etməklə, həm də səlcuqların rolunu hədsiz dərəcədə şişirtmiş olur.
Səlcuqların Azərbaycana əsaslı gəlişi XI əsrin 50-ci illərinə - Səlcuq dövlətinin başçılarından sultan Toğrulun zamanına təsadüf edir. Toğrul Azərbaycana gələn kimi Şəddadi hakimi Şavir və Rəvvadi hakimi Vəhsudan xərac verməklə ölkələrini müharibədən xilas edirlər. Toğrul dərhal Ərməniyyəyə hərəkət edir, oranı işğal etdikdən sonra Bağdada yönəlib 1055-ci ildə Xilafətin paytaxtını tutur və siyasi hakimiyyəti öz əlinə alır. Onun ardınca hakimiyyətə keçən qardaşı oğlu Alp Arslan (1063-1072) Şəddadiləri və Şirvanşahları da vassal asılılığı ilə idarə edir, üsyanları yatırmaqla məşğul olur, Ərməniyyə və Gürcüstan ərazilərinin işğalı ilə məşğul olur, 1071-ci ildə Malazgird şəhəri yaxınlığında Bizans orduları ilə müharibə aparır və qalib gəlir, Kiçik Asiyanın xeyli hissəsini ələ keçirir. Alp Arslanın oğlu Məlikşah (1072-1092) Şəddadilərin hakimiyyətinə son qoyur, Şirvandan güclü xərac alır və başqa ərazilərdə işğalçılıq müharibələri aparır. Məlikşahın oğlanlarının (Börküyarıq, Məhəmməd, Sultan Səncər) vaxtında Səlcuq imperiyası bir neçə yerə parçalanır, tənəzzül edir və məhv olur.
Bu qısa icmaldan göründüyü kimi, səlcuqlar, başlıca olaraq, ordu şəklində idilər və bir yerdə məskən salıb oturmurdular, daim işğalçılıq müharibələri aparır, yerli üsyanları yatırmaqla məşğul olurdular. Onlar nə qədər idilər ki, bütün cənubi Qafqazı, Azərbaycan, Aran, Şirvan ərazilərini türkləşdirə idilər. 119 il ömür sürən bu imperiya yerli əhalinin dilini nə cür dəyişə bilərdi? Doğrudur, bu ərazilərdə türk dilinin üstün mövqeyə yüksəlməsində, qol-qanad açmasında səlcuqların mə’nəvi rolu olmuşdur, lakin Azərbaycan türk dilinin formalaşması onların xidməti ilə bağlı deyildir. Azərbaycanda türk dilinin tarixini vərəqləyə-vərəqləyə gördük ki, türklər Azərbaycanın ən qədim və əzəli sakinləridir. Azərbaycan türk dilinin təşəkkülünü Səlcuqların boynuna bağlamaqla bu dilin ondan əvvəlki dörd min illik inkişaf yolunun üzərinə qara pərdə çəkmək olmaz. Mə’nasız söhbətdir və tarixçilər özləri də artıq həqiqəti dərk etmək və söyləmək iqtidarındadırlar: «Oğuzların mənbələrdə qeyd edilmiş 24 tayfasından bə’zilərinin (Əfşar, Bayandur, Bəydili, Qayı, Bayat, Eymur, Çəpni, Xələc və b.) adlarını əks etdirən toponimlər Azərbaycanın hər iki hissəsində vardır. Lakin onlar gəldikdə Azərbaycan xalqı və onun türk dili vardı. Səlcuq oğuzları Azərbaycan xalqının etnogenezində həlledici rol oynamamışlar. Bu rol onlardan qabaqkı yerli türk etnoslarına məxsusdur». (11; 205)
Səlcuq dövləti daxilində olduğu kimi, Atabəylərin hakimiyyəti illərində də (1136-1225) Azərbaycan və Aran birlikdə idi. Əslində, Makedoniyalı İskəndərin, Parfiya dövlətinin, Sasanilərin, Ərəb Xilafətinin, Səlcuqların və Atabəylərin idarəsi altında Aran və Azərbaycan əraziləri daim bir olmuş, az müddət ərzində davam edən kiçik və nisbi müstəqil feodal dövlətlərini nəzərə almasaq, bir-birindən ayrı düşməmiş və yazılı ədəbi dil tam təşəkkül tapana qədər böyük bir dövrdə birgə həyat yolu keçmişlər. İqtisadi, siyasi və mədəni sahədə milli birlik yaranmış, bir-birini cəzb edən iki peyk kimi enişli-yoxuşlu yollar keçərək, 2500 il əvvəl bir-birinə qovuşmuş, minillikləri birlikdə yola salmışlar. Türk xalqı öz tərkibindəki tatları, talışları, kürdləri, ləzgiləri və başqa qafqaz və irandilli xalqları öz doğmaları saymış, daim onlarla bu yerin doğma övladları kimi davranmışdır. I minilliyin birinci yarısında bütun tarixi proses Azərbaycan xalqının və onun dilinin təşəkkülünü başa çatdırmışdır. Sonrakı 500 illik dövr şifahi və yazılı ədəbi dilin təşəkkülü və cilalanması dövrüdür. Bunu ictimai-siyasi quruluş, ərazi və iqtisadi həyat birliyi, din və dil birliyi, etnik birliklə yanaşı, başqa amillər də şərtləndirirdi.
Türk dili geniş ərazidə yayılmışdı, Ön Asiyanın böyük bir hissəsini, Cənubi Qafqazı, Anadolunun şərq əyalətlərini əhatə edirdi. Ə.Dəmirçizadə sərhədlərini daha dəqiq təsvir etmişdir: «Bu dövrdə (IX-XII əsrlər arası - Q.K.) hətta Dərbənd - Tehran - Bağdad və Şərqi Anadolu dairəsində ümumiləşmiş halda işlədilən dil, demək olar ki, vahid türk - Azərbaycan dili idi». (8; 73)
Ə.Dəmirçizadə Azərbaycan şifahi ədəbi dilinin təşəkkülünü bir qədər sonrakı dövrə aid edərək yazır: «Beləliklə, aydın olur ki, Azərbaycan ədəbi dilinin şifahi qolu yazılı qolundan əvvəl, təqribən VIII-X əsrlərdə formalaşmış(dır)». (8;75) Əgər tarixi faktlar Azərbaycan xalqının təşəkkülünü III-V əsrlərə aid edirsə, onun şifahi qolunun təşəkkülü də bu dövrdən başlanmışdır. V əsrdən VIII əsrə qədərki 300 illik dövrü bir boşluq kimi təsəvvür etmək qeyri-mümkündür. Əksinə, VI-VIII əsrlər Azərbaycan şifahi ədəbi dilinin ən intensiv inkişaf dövrü sayıla bilər. Gələcəkdə əldə ediləcək faktlar göstərəcəkdir ki, hətta bu dövrün ortaları («Albaniya tarixi»nin yarandığı dövr) yazılı ədəbiyyatın təbii nümunələrinin yarandığı dövr olmuşdur. Bunu M.Mahmudovun VII-XII əsrlərin ərəbdilli Azərbaycan şair və ədəbiyyatşünaslarının tədqiqindən aldığı təəssürat əsasında Ə.Dəmirçizadənin öz sözləri də təsdiq edir: «Demək olar ki, azərbaycanlılar arasından çıxan və öz dövrünə görə mükəmməl təhsil almış olan xüsusi ziyalılar təbəqəsi VIII-XI əsrlərdə artıq təşəkkül tapmış, ərəbcə, farsca, hətta türki dildə - azərbaycanca yazan şair və alimlər də yetişmişdi». (8;79)
Ümumiləşmiş halda demək olar ki, VI-VIII əsrlər arasında tam təşəkkül tapan Azərbaycan şifahi ədəbi dili IX-XII əsrlərdə yazılı ədəbi dil kimi təşəkkülünü başa çatdırmışdır. Biz ən’ənənin tə’siri ilə bir qədər o tərəfə gedərək belə bir fikir söyləsək də, yazılı və şifahi ədəbi dilin bu cür sərhədlənməsini daxilən narahatlıqla qəbul edirik. «Dədə Qorqud»un 1300 illiyini beynəlxalq miqyasda qeyd etdik. Alimlərimiz və bu dastanlara şərik çıxmaq istəyənlər onun tarixinin daha qədim olduğunu qeyd edirlər (türkmənlər 1500 illiyini keçirmişlər). «Dədə Qorqud» sadə bir əsər olmayıb, son dərəcə kamil bir yaradıcılıq nümunəsidir, dilimizin bütün fonetik sistemi, lüğət tərkibi, qrammatik quruluşu barədə tam təsəvvür yaradan bir mənbədir. Və biz şəxsən bu fikirdəyik və bir qədər əvvəl qeyd etmişik ki, bu kitab ən yüksək yazılı ədəbiyyat nümunələrindən daha yüksək yazılı ədəbiyyat nümunəsidir. «Dədə Qorqud» - kamil ədəbi dil nümunəsidir.
Tədqiqatçılar «Albaniya tarixi» kimi VII əsrin qiymətli bir abidəsinin Aran dilindən ermənicəyə tərcümə olunduğunu qeyd edirlər. Bu əsərdən aydın olur ki, Albaniyanın məktəbi də varmış, yazısı da, ədəbiyyatı da. 5 min il əvvəl hekayələr, iri poemalar, dastanlar yaradan şumerlərin sonrakı nəsillərinin bizim birinci minilliyin ortalarında ədəbi dili, bədii və elmi ədəbiyyatı olduğuna şübhə ilə yanaşmaq tarixi həqiqətə göz yummaqdır və ciddi qəbul edilə bilməz. O başqa məsələdir ki, qoruya bilməmişik, əlimizdə yoxdur. Olanları da axtarmamışıq, əldə edə bilməmişik. Lakin, eyni zamanda, əlimizdə «Dədə Qorqud» kimi nəhəng və əzəmətli bir əsər var. Bu əsər ədəbi dilimizin orta əsr mənzərəsi barədə tam təsəvvür yaradır. XIII əsrdən gəlib çatan Həsənoğlu qəzəlləri, «Dastani-Əhməd Hərami» poeması, «Qara məcmuə», «Qisseyi-Yusif» kimi əsərlər o qədər təbii, səlis və ədəbi əsərlərdir ki, hər bir oxucu hiss edə bilər ki, bu əsərlər yarandığı əsrin ədəbi dilinin deyil, neçə əsr əvvəldən başlamış böyük yolun sonrakı məhsuludur.
Ərəb işğalı ərəfəsində Azərbaycan xalqının formalaşması müxtəlif türk etnoslarının dilinin ümumiləşməsi, ümumi ədəbi folklor dilinin təşəkkülü prosesi ilə səciyyələnir. Ərəb əlifbası qədim türk əlifbasını, Alban yazısını sıradan çıxarır. Məktəb, mədrəsə təhsili savadlıların sayını artırır. Ərəbdilli elmi ədəbiyyat, farsdilli poeziya azərbaycanlılar arasında geniş yayılır, iste’dadlı alim və şairlər yetişir. Folklor nümunələri qeydə alınır. XI əsrin ortalarında «Dədə Qorqud» kimi bir abidənin yenidən yazıya alınması (1074) folklor nümunələrinin üzünün köçürülməsi prosesinə hələ əvvəlki əsrlərdən başlanmış olduğunu göstərir. Eyni dövrün məhsulu olan M.Kaşğari «Divan»ından (1073-1075) aydın olur ki, türklərdə zəngin folklor nümunələrini qeydə almaq ən’ənəsi qədimdir. Xas Hacib Yusifin eyni dövrün məhsulu olan məşhur «Qutadqu bilik» (1069) poeması böyük məsnəvidir və bu əsərdən əvvəl də belə məsnəvilər olduğuna şübhə yeri qoymur. Bu cür əsərlərin meydana çıxması təbii bir proses idi və bütün bunlar hər bir ərazidə konsolidasiyaya uğramış tayfaların şifahi ədəbi dillərinin yazıda sabitləşməsi idi: «Ədəbi dil - ümumiləşdirilmiş və normalaşdırılmış bir dildir. Belə ümumiləşmə və normalaşma isə əvvəlcə şifahi yolla aparılır və nəticədə, şifahi ədəbi dil yaranmış olur; sonra isə məhz belə şifahi ədəbi dil yazıya köçürüldükdə onun üzərində bir az da yazı tələblərinə uyğun əməliyyat aparılır, beləliklə də ədəbi dil yazıda daha da sabitləşir və qanuniləşir. Bununla da yazılı ədəbi dilin əsası qoyulmuş olur». (8; 75-76) Ömrünü ədəbi dilimizin tarixi üzərində düşüncələrlə başa vuran Ə.Dəmirçizadənin bu tarixi təcrübəsindən aydın olur ki, şifahi və yazılı ədəbi dilin sərhədləri böyük deyil. «Yazı tələblərinə uyğun» əməliyyat şifahi ədəbi dil ilə yazılı dil arasında fonetik sistemi, leksik formalaşmanı, sintaktik strukturu dağıda biləcək fərqlər yaratmır. Şifahi ümumiləşmə yazılı ədəbi dil üçün hazır məqamdır. Birincidən o birinə keçid üçün ciddi əməliyyata, yeni dil strukturlarına ehtiyac yoxdur. Ona görə də yazılı ədəbi dil əksərin şifahi ədəbi dil ilə birlikdə, birinci ikincinin içərisində yetişir. Şifahi ədəbiyyat nümunəsi sayılan hər bir əsərin müəllifi «itdikcə», unudulduqca o əsər daha çox şifahiləşir, folklorlaşır. «Dədə Qorqud» isə elə bir yaradıcılıq nümunəsidir ki, onu bu şəkildə yalnız yazı vasitəsi ilə mühafizə etmək və əsrdən əsrə ötürmək olardı.
Yazının tarixi isə çox qədimdir və ölkəmizin ərazisində hər biri bir ömür yaşamış kutilərin, lulluların, kasların, mannalıların, madalıların, albanların, atropatenalıların yazısı olmuşdur. Türklərin hələ eradan əvvəl runi yazıları var idi və onlar birinci minillikdə bu əlifba ilə misilsiz abidələr yaratmışlar. Türklər uyğur əlifbasından da geniş istifadə etmişlər. Minilliklər boyu müxtəlif yazı ən’ənələri yaranmış və əksər mədəni xalqlar əsasən eyni inkişaf mərhələlərini keçməklə, bir-birindən yazı mədəniyyətini əxz etmişlər. Lakin xalqın yaranması ilə meydana çıxan yazı tamamilə yeni keyfiyyətli yazı sayılır. Bu yazı ümumxalq dilinə xidmət etdiyi üçün əvvəlki tayfa məhdudiyyətlərindən azad olmaqla ümumxalq dilinə xidməti ilə səciyyələnir. Azərbaycan xalqının və ümumxalq Azərbaycan dilinin təşəkkülünün başa çatdığı bir dövrdə meydana çıxan ərəb əlifbası bu dilin fonetik xüsusiyyətlərinə uyğun olmasa da, tədricən türk dilinə uyğunlaşmaqla şifahi ədəbi dil nümunələrinin yazıya köçürülməsi üçün əlverişli zəmin yaratmışdır.
Sasanilər dövründə fars dilindən, Xilafətin hakimiyyəti illərində ərəb dilindən ölkəmizin ərazisində rəsmi dövlət dili kimi istifadə edilmişdir. Lakin bunlar Azərbaycan yazılı ədəbi dilinə aid olmayan məsələdir. Çox qədim dövrlərdən başlayaraq müxtəlif qəbilə və tayfa dillərinə aid olan yazılar da ümumxalq Azərbaycan yazılı ədəbi dili anlayışına daxil edilmir. Bunlar xalqın, ümumxalq dilinin təşəkkülündən əvvəlki mərhələdir. Ə.Dəmirçizadə bu cəhəti çox aydın şərh etmişdir: «Azərbaycan yazılı ədəbi dili dedikdə, biz ümumxalq Azərbaycan dili əsasında yaradılmış bir yazılı dili başa düşməliyik. Buna görə də biz burada qəbilə, tayfa dillərindən, həmçinin qədim dövrlərdə bu və ya digər bir tayfanın dili əsasında qurulmuş olan yazı dilindən və eləcə də gətirilmə yazılı dillərdən bəhs etməyəcəyik». (8; 77)
Yə’ni bütün bunlar o deməkdir ki, düşünmək olmaz ki, Azərbaycanda yazı, yazılı ədəbiyyat ilk dəfə V-XII əsrlərdə təşəkkül tapmışdır. Lap qədim dövrlərdən Azərbaycanda yazı da olmuşdur, məktəb də, təhsil sistemi də, elm və incəsənət də. Lakin ən’ənəvi olaraq ümumxalq dilinin təşəkkülü və ədəbiləşməsi xalqın özünün təşəkkül və inkişafı ilə birlikdə mümkün sayılır. Tarixçilərin gəldiyi qənaət isə Azərbaycan xalqının təşəkkülünü eramızın III-V əsrləri ilə bağlayır. (4; 209-235) «Dədə Qorqud» da bu dövrdən görünməyə başlayır (VI əsrdə Ənuşirəvanın saray kitabxanasında «Dədə Qorqud» boylarının olduğu barədə mə’lumatı unutmamalı). (41; 56) Bu cür nəhəng abidə birdən-birə yarana bilməzdi. Eyni zamanda, «Dədə Qorqud» tək ola bilməzdi. Dediyimiz kimi, o başqa məsələdir ki, qoruyub saxlaya bilməmişik və əlimizə keçən qədim yaradıcılıq nümunələri «Dədə Qorqud»la XIII əsr arasında böyük boşluq yaradır.
Tarixi araşdırmalar göstərir ki, XI-XII əsrlər Azərbaycan türk elminin, türk poeziyasının ən yüksək inkişaf mərhələlərindən olmuşdur. Bu yüksəlişə dövlət quruculuğu, təsərrüfatın və sənətkarlığın, şəhərlərin və şəhər mədəniyyətinin inkişafı və bir sıra başqa amillər imkan yaradırdı. Ən’ənəvi «ərəb, fars elm, poeziya dili» tilsimlərindən qurtarmaq çətin olsa da, ozanların qədimdən davam etdirməkdə olduqları türk folkloru, türk varlığı bu dövrdə el şairlərini, klassik poeziya nümayəndələrini oyadır, vətənpərvərlik hissləri, türk-azəri dilinin sadəliyi, şirinliyi, milliliyi tədricən yad dillərin üstün mövqeyini əyməyə, sındırmağa başlayır. Tədricən gəlmə dillərə deyil, həmin dillərdən alınmalara da şüurlu tənqidi münasibət güclənir.
Gəncə, Təbriz, Naxçıvan, Marağa, Ərdəbil, Dərbənd, Bakı, Şamaxı, Beyləqan kimi iri ticarət, sənətkarlıq mərkəzlərində təsərrüfatla yanaşı, şəhər həyatı, sənət və sənətkarlıq inkişaf edir. Dəmirçilik, dülgərlik, toxuculuq, dərzilik, ipəkçilik, misgərlik, zərgərlik, bənnalıq, boyaqçılıq, sərraclıq, papaqçılıq, xalçaçılıq, dabbaqlıq, silahqayırma kimi sənət sahələri yenidən qurulur. Bu sahələrə aid xüsusi sözlər əksəriyyət e’tibarilə ana dilinə məxsus idi. Xarici bazarlara neft, ipək, pambıq, duz, meyvə, balıq, ədviyyat və s. göndərilirdi. Şəhər həyatının sür’ətli yüksəlişi elmin, mədəniyyətin inkişafına səbəb olurdu. Azərbaycanın bir sıra paytaxt şəhərlərində - Gəncədə, Təbrizdə, Şamaxıda məhz bu dövrdə elmi mərkəzlər yaradılır. «Mənbələrin mə’lumatına görə, Şirvanşahların və İldənizlərin saraylarında dövrün ən yaxşı alimləri toplanmışdı. Onların riyaziyyat, təbiətşünaslıq, tibb, kimya, fəlsəfə, məntiq, hüquq, astronomiya, ərəb və fars ədəbiyyatı və b. sahələrdə böyük müvəffəqiyyət və uğurları olmuş, bir çoxları müsəlman mədəniyyət və elminin ən gözəl xadimləri kimi tanınmışdır.»(10; 147) Elm və bilik sahibləri Şərqin Qahirə, Bağdad, İskəndəriyyə kimi iri şəhərlərində təhsil alır, ərəb dilində qiymətli elmi əsərlər yaradırdılar. Böyük filosof Bəhmənyar (- 1066), ədəbiyyatşünas alim və şair, «Nizamiyyə» mədrəsəsinin müəllimi Xətib Təbrizi (1030-1109), sufi filosof Şihabəddin Sührəvərdi (1145-1234) və b.-nı xüsusi qeyd etmək olar. Qətran Təbrizi, Əbül Üla Gəncəvi, Fələki Şirvani, Mücirəddin Beyləqani, Əfzələddin Xaqani, Məhsəti Gəncəvi, Nizami Gəncəvi kimi böyük sənətkarlar XI-XII əsrlərin yetirmələri idi. Bu dövrdə Azərbaycan poeziyası, Azərbaycan elmi ən yüksək zirvələri fəth etmişdir. Lakin elmi əsərlər əksərən dövrün elm dili sayılan ərəb dilində, yüksək poeziya nümunələri isə dəbdə olan fars dilində yazılırdı. Yerli ərəb və fars əsilli bir sıra hakimlər xalqın səviyyəsinə enmək istəmir, türk dilini öz şah nəcillərinə yaraşdırmırdılar. Lakin tarix öz işini görürdü: elmin də, sənətkarlığın da, poeziyanın da, şəhər həyatının, təhsilin, məktəbin inkişafı da Azərbaycan türk dilini tələb edir, türk dilinə ehtiyacı artırırdı. Rəsmi dövlət dili kimi işlədilən yad dillər ümumi inkişafa mane olurdu. Təhsilin, tərbiyənin açarı ana dili olmadıqca irəliləmək də çətin idi. Varlı və tavanalı beş-on nəfərlə iş bitmir, ərəb və fars dilləri bütün təbəqələrin, o cümlədən aşağı və orta təbəqə nümayəndələrinin inkişafını tə’min edə bilmirdi. Müxtəlif sənət sahələrinə aid bütün xüsusi sözlər xalqın öz dilində idi. Geniş kütlə yalnız öz dilində təhsil almaqla inkişafa qoşula bilərdi.
Əbu Əli ibn Sina, Biruni, əl-Təbəri, əl-İstəxri, Məs’udi, Bəhmənyar, Rudəki, Firdovsi kimi mütəfəkkir alim və şairlərin yaradıcılığı göstərir ki, X-XII əsrlərdə islam dininin yayıldığı Şərq ölkələrində elm və məktəb yüksək inkişaf səviyyəsində olmuşdur. Şəhər məscidlərinin yanında iri mədrəsələr fəaliyyət göstərirdi. Bundan əlavə, mollaxanalar da vardı. Mollaxana və mədrəsələrdə şəriət dərsləri ilə yanaşı, nücum, fəlsəfə, məntiq, ədəbiyyat, təbabət, ərəb dili, fars dili də öyrədilirdi. Təhsil dili yad dil olsa da, təbii ki, ana dilindən istifadəsiz keçinə bilməzdi. Ərəb və fars dillərindən ana dilinə ilk tərcümə lüğətləri, ilk cib lüğətləri mollaxana və mədrəsələrdə yaranmışdır.(8;80-81) Yerli ziyalılar öz ana dillərində şe’rlər yazır, yavaş-yavaş folklor nümunələrini yazıya alırdılar.
Özündən neçə yüz il əvvəl yaradılmış belə folklor nümunələrinə M.Kaşğarinin lüğətində rast gəlirik:
Gög bulutlandı, Gün tutundi.
Tağ tağa qavuşmas,
Kişi kişigə qavuşur.(8; 82-83)
Bunlar anadilli poeziyanın cəsarət tapıb irəli çıxdığını göstərir. Artıq VII-VIII əsrlərdən ərəbdilli mənbələrdə Azərbaycan toponim, etnonim və antroponimlərinin yazılış tərzi sabitləşməyə başlayır. Təkcə ibn Xordadbehin (IX əsr) «Yollar və ölkələr kitabı»nda Beyləqan, Bərdə, Qəbələ, Arran, Şarvan, Ərciş, Ərdəbil, Azərbaycan, Marağa, Təbriz, Muğan, Bəzz, Şirvan və s. kimi yüzlərlə yer adının yazılışı bu cür sözlərin ərəb əlifbası ilə orfoqrafiyasında heç bir çətinlik olmadığını, ərəb əlifbasının artıq türk ifadə tərzinə uyğunlaşmış olduğunu göstərir.
Tədqiqatçılar çoxdan müəyyənləşdirmişlər ki, XI-XII əsrlərin farsdilli Azərbaycan poeziyasında ana dilinə məxsus xeyli söz işlənmişdir. Qətran Təbrizidə tağ, dağ, çöp, çanağ, bəkməz, çuval, yun, ayağ, Xaqaninin əsərlərində uşaq, əkmək (çörək), aqça, tari, yalavac və s. kimi xalis türk sözlərinə rast gəlmək olur. Nizami öz məsnəvilərində xatun, ozan, muncuq, qlavuz, xan, sacaq, yaylaq, tutmac, alaçuq, gərdək, qırmızı (45;1942), amac, baba, bəyrəq, bilək, bitik, börk, çabok, çavuş, ər, qarı, həncəri, xaqan, güc, oraq, taş, təniz, toğan, tuq, yağı, yağma, alaq və s. kimi 100-ə qədər türk sözü işlətmişdir. (43; 84-222) Farsdilli ədəbiyyatın dilində -laq (yaylaq), -daş (xacətaş), -çi (miyançı), -iş (çaliş), -aq (sancaq), -uq (tutuq), --mac (tutmac) və s. milli morfoloji əlamətlərə rast gəlirik. (23; 32-35)
Bu cür araşdırmalar da əhəmiyyətlidir və dövrün fars və ərəbdilli ədəbiyyatını daha ciddi nəzərdən keçirməklə daha zəngin dil faktları müəyyənləşdirmək olar. Lakin «Dədə Qorqud» kimi bir abidə olan yerdə bu cür axtarışlar yalnız bir sıra köməkçi vasitələri üzə çıxara bilir. T.Hacıyevin fikrincə, «Dədə Qorqud»un dili yazıyaqədərki dövrün, bilavasitə isə XI əsrin dil xüsusiyyətlərinin təsəvvürünü verir» (23; 51) və: «Deməli, əslində, Azərbaycan dilinin yazılı dövrünü XI əsrdən başlamalıyıq. Əlimizə ancaq XV əsr nüsxəsi gəldiyi üçün abidəni şərti qəbul etdiyimiz (XIII əsrlə müqayisədə) yazıyaqədərki dövrün faktı kimi nəzərə alırıq». (23; 45) Bunlar göstərir ki, bölgülərimizin hamısında bir şərtilik vardır. Yaxşı bilirik ki, ədəbi dilimizin tarixi azı birinci minilliyin ortalarından başlayır, əlimizdə bir parça sənəd olmadığı üçün çabalaya-çabalaya qalmışıq. «Dədə Qorqud» «Kitab» adlanır. Kitab daha çox yazılı ədəbiyyat nümunəsidir. «Dədə Qorqud kitabı»nın tarixi isə çox qədimdir. Bu əsər ikinci minilliyin ortalarına qədər doğulduğu dilin materialı əsasında qismən təkmilləşdirilib, cilalanıb, «Kitab»a yeni boylar artırılıb, boyların canına islam ayinlərini hopdurmağa çalışıblar. Lakin bu əlavələrin heç biri dastanların dilini hələ XIII-XV əsrlərin poeziya dili qədər ərəb, fars söz və tərkibləri ilə ağırlaşdıra bilməyib. Dastanların dilində saflıq, təmizlik əksərən ilkin yaradılış dövründə olduğu kimi qalıb. Bu dil Sasanilərin tənəzzülə uğradığı, Xilafətin geniş fəaliyyətə başladığı dövrün dil xüsusiyyətlərini mühafizə edir. Hələ nə ərəb, nə də bir qədər sonra güclənən farsdilli poeziya, bədii yaradıcılıq ən’ənəsi bu əsərə öz gücünü tam göstərə bilib. Düşünmək olur ki, ərəb və fars elementləri də, islam ayinləri də dastanlara XI-XV əsr üzköçürmələri prosesində hopdurulub.
Dastanların şe’r texnikası daha çox alliterasiyaya əsaslanır. M.Kaşğarinin divanındakı şe’rlərdə heca vəzni üstündür. T.İ.Hacıyevin özünün də müşahidə etdiyi (23; 53) bu hal dastanların Kaşğaridən neçə yüz il əvvələ aid olduğunu sübut edir. Bütün bunları nəzərə almaqla dastanların dilini VI-VIII əsrlərin ədəbi dili faktı kimi təhlil etmək olar. Bu dil qüsursuz bir ədəbi dil nümunəsidir, XIII-XV əsrlər Azərbaycan ədəbi dilindən dəfələrlə saf və təmiz Azərbaycan türk dilidir. Bu cəhətə əsasən də biz dastanların dilinin sintaktik quruluşu üzərində geniş dayanmalı olduq (əvvəlki fəslə baxmalı).
Ə.Dəmirçizadə və T.Hacıyev bir sıra faktlar əsasında XI-XII əsrlərdə Azərbaycanda yazılı ədəbi dilin təşəkkül tapdığını sübut etmişlər. Qeyd etdiyimiz kimi, yazılı ədəbi dil ümumxalq dili əsasında formalaşmış şifahi ədəbi dilin yazıda sabitləşməsi deməkdir və bir çox dəlillər göstərir ki, IX-XII əsrlərdə dilimizdə artıq bu cür sabitləşmə mövcud idi. V.V.Bartold XI əsrin böyük türkoloq alimi M.Kaşğarinin belə bir fikrini şərh etmişdir ki, Ön Asiyada türklərin öz dillərində zəngin poeziyası mövcuddur, həm də bu poeziya yalnız xalq yaradıcılığı ilə məhdudlaşmır, onların (Ön Asiyada yaşayan türklərin - azərilərin) sün’i ədəbiyyatı da var. Bu məsələdə T.Hacıyev çox düzgün şəkildə iki cəhətə diqqət yetirmişdir: o zamanlar hələ «Türkiyədə - Anadoluda türk dili fəaliyyət göstərmirdi» və «Ön Asiya türkcəsi deyiləndə Azərbaycan ərazisindəki dil nəzərdə tutulurdu; digər tərəfdən, müəllif çox doğru fikirləşir ki, «sün’i ədəbiyyat anlayışında yazılı ədəbiyyatı qavramalıyıq». (43; 32) Kaşğarinin dövründə və bir qədər sonralar da Anadoluda və hətta Türkmənistan ərazilərində də işlənən dilin «türk dili» adı ilə tanınan Azərbaycan dili olduğunu bir sıra mənbələrə əsaslanaraq daha əvvəllər Ə.Dəmirçizadə qeyd etmişdir. Azərbaycan yazılı ədəbi dili XI-XII əsrlərdə tam formalaşmış olduğu üçün yazı ən’ənələri ilə ətraf türk xalqlarına, o cümlədən Anadolu türklərinə ilkin ədəbi dil kimi xidmət etmişdir: «Azərbaycan ədəbi dili XIII əsrin sonlarında və XIV əsrdə Şərqi Anadoluda yetişən bir çox şairlərin şe’r dili kimi işlədilmiş və bu dildə yazılan şe’rlər osmanlı türk yazılı ədəbi dili üçün, demək olar ki, ilkin örnək olmuşdur.» (8; 89) Avropa şərqşünasları da XIII-XIV əsrlərdə Anadoluda yaşayıb-yaratmış şairlərin dilinin osmanlı dilindən fərqli bir dil olduğunu göstərmişlər. Ə.Dəmirçizadə yazır ki, «Diqqətli yoxladıqda aydın olur ki, həmin dil o zaman Anadoluda işlədilən və türki adı ilə tanınan Azərbaycan dilidir». «Bu dil uzun müddət türkmənlər arasında da ədəbi dil kimi işlədilmişdir». (8; 89)
Bizim dil tarixinə yaxşı bələd olmayan, keçmişi bilməyən bir sıra alimlərimiz isə iddia edirlər ki, Azərbaycan dili ilə Anadolu türklərinin dili XVI (və bə’zən ifratla XVIII) əsrə qədər fərqlənməmişdir. Azərbaycanda Azərbaycan türklərinin tarixini hunlardan o tərəfə görməmək bir, bu dediyimiz ikinci böyük tarixi təhrifdir. Azərbaycan ərazilərində türklər neçə minillik yol gəldikləri halda, Azərbaycan dili artıq ədəbi dil kimi tam yetkinləşmiş olduğu bir dövrdə türklər Anadolunu işğal ilə məşğul idilər. Ona görə də bu dilləri (Azərbaycan türk ədəbi və yeni yaranan osmanlı dillərini) eyniləşdirmək olmaz. Heç kəs Yunus Əmrə haqqında «Azərbaycan şairi», Həsənoğlu haqqında «osmanlı şairi» ifadəsini işlətmir. Osmanlı türkü «Dastani-Əhməd Hərami»ni oxuyur, üzərində yazır ki, «Azəri dilindədir». Amma bizim «türkoloqlar» azəri dili ilə osmanlı dilinin XVIII əsrə qədər fərqlənmədiyini iddia edirlər. Ümumi leksik-qrammatik türk strukturu ilə fərdi azəri-osmanlı əlamətlərini və fərqli inkişaf tarixlərini qiymətləndirə bilmirlər. Ən ümdəsi isə tarix e’tibarilə biri o birinin kötücəsi olanları yaşıd hesab edirlər. Bu cür «türk vətənpərvərliyi» Ön Asiyada türkün tarixini bilməməkdən və ya qəsdən saxtalaşdırmaqdan irəli gəlir.
Ə.Dəmirçizadə əldə olan faktları və xüsusən Həsənoğlunun şe’r dilini nəzərdən keçirərək bu qənətə gəlmişdir ki, bu dil (Həsənoğlunun işlətdiyi ədəbi dil) XIII əsrdən çox-çox əvvəl formalaşmışdır. Həsənoğlunun sənətkarlığına bələd olan şəxs düşünə bilməz ki, İzzəddin Həsənoğlu bizim ilk milli türk şairimizdir. Onun şe’r üslubu və dili yeni yaranan ədəbi dil təcrübəsindən tamamilə fərqli, cilalanmış bir ədəbi dildir. «Buna görə də belə səlis, əlaqəli və ahəngdar bir şe’r dilini ilk ədəbi dil nümunəsi saymaq nəinki doğru deyil, hətta mümkün deyil...» (8; 88) Qətran Təbrizini, Əbül Ülanı, Xaqanini, Məhsətini, Nizamini yetirən mühit türk ədəbiyyatına laqeyd ola bilməzdi. Ola bilməzdi ki, bu qədər böyük sənətkarlar doğma ana dilində söz deməyi özlərinə yasaq bilsinlər. Ola bilməz ki, insan bütün hisslərini yad dildə ifadə etməyə çalışsın, öz ana dilinin atalar sözlərini, məsəllərini, ağılarını, bayatılarını, nağıl və dastanlarını, ana dilinin şəhdini-şəkərini bir tərəfə qoysun, onlardan ilham almasın, ana dilinin ətrini duymasın. Həsənoqlu eyni təzahürlə VII əsrdə də yaşaya bilərdi, VIII, IX, X, XI, XII əsrlərdə də.
Artıq XII-XIII əsrlərdə Azərbaycan türk ədəbi dili geniş yayılaraq qonşu xalqlara da tə’sir edirdi. Nümunə olaraq ermənilərin bu dildə şe’r yazdıqlarını qeyd etmək olar. XIII əsrin Bluz Hovannes adlı erməni şairinin:
Sensın ari qız Məriəm,
Yazıxlarıma derman.
Tanqridır sendan doğan,
Tanqrim anası Məriəm -
sözləri ilə başlayan 5 bəndlik şe’rindən də aydın olur ki, Azərbaycan şe’ri Həsənoğludan çox-çox əvvəl ətraf aləmi öz tə’siri altına alıb. Azərbaycan dilində yazan erməni şair və aşıqlarının yaradıcılığından aldığı təəssürat əsasında Ə. İrəvanlı da belə bir qənaətdə olmuşdur ki, »azəri ədəbi dili XIII əsrdən daha əvvəllər formalaşmış, azəri şe’r formaları təkmilləşərək geniş yayılmışdır. Hərgah XIII-XIV əsrlərdə erməni şairləri azəri dilində nəğmələr yaratmışlarsa, Əli, Həsənoğlu və Nəsimi kimi görkəmli azəri şairləri yetişmişdirsə, deməli, azəri dili şe’r dili olanadək böyük bir inkişaf yolu keçmişdir». (42; 365-366)
Azərbaycan yazılı ədəbi dilinin IX-XII əsrlərdə formalaşmış olduğunu göstərən mühüm bir dəlil də alimlərimizin daim haqlı istinad etdikləri «Leyli və Məcnun»un hansı dildə yazılması barədə Şirvanşah Axsitanın Nizamiyə məktubudur. «Leyli və Məcnun» əfsanəsi əsasında yeni bir əsər yazılmasını arzulayan Şirvanşahın məktubunda deyilir:
İstəyirəm ki, Məcnunun eşqi xatirinə
Sədəfdəki inci kimi bir söz deyəsən.
Fars və ərəb dili bəzəyi ilə
Bu təzə gəlini bəzəyəsən.
Türkcəlik bizə vəfalı olmağın sifəti (əlaməti) deyil,
Türkəvara deyilmiş söz bizə layiq deyil. (40; 35)
Şirvanşah Axsitan açıq-aşkar əsəri ərəb-fars sözləri ilə bəzəməyi təklif edir, türk dilində yazmamağı məsləhət görür və hətta «türkcəlik bizə vəfalı olmağın sifəti deyil» deyə, görünür, keçmiş ən’ənəyə vəfalı olmağı nəzərdə tutur. Lakin bu təklifdən çox aydın şəkildə başa düşülür ki, deməli, şah bu cür təklif etməsə, Nizami əsəri ana dilində yaza bilərmiş və bu da məntiqi şəkildə dərk olunur ki, deməli, Nizami ana dilində - türk dilində yazırmış. Artıq bu sahədə başqa türk xalqlarında böyük təcrübə də var idi: ortada bundan 100 il əvvəl «Kutadqu bilik» kimi şöhrətli əsər vardı. Həmin məktub türk dilinə şahın həqir münasibətini bildirsə də, tarixi sənəd kimi çox qiymətlidir. Bunun özü tutarlı bir fakt kimi, M.Kaşğarinin dediyi «sün’i ədəbiyyat»ın Azərbaycanda Azərbaycan dilində XI-XII əsrlərdə geniş yayılmış olduğunu sübut edir. Bütün əqli dəlillər göz önündədir. Yalnız çətinlik buradadır ki, hələ də V-XII əsrlərə aid türkcə yazılı mətnlər əldə edilməmişdir. Lakin bütün mümkün faktlara və əqli dəlillərə əsasən Ə.Dəmirçizadə də belə bir nəticəyə gəlmişdir ki, artıq XI-XII əsrlərdə Azərbaycan yazılı ədəbi dili tam təşəkkül tapmışdı: «Doğrudur, XI və ya XII əsrdə azərbaycanca yazılmış heç bir sənəd hələlik əldə yoxdur, lakin bu dövrdə Azərbaycan yazılı ədəbi dilinin artıq formalaşmış olduğunu, bu dildə o zamankı Azərbaycan şairlərinin şe’r yazdıqlarını təsdiqedici faktlar mövcuddur.»(8; 87) T.Hacıyev də M.Kaşğari və Nizamidən aldığı təəssürat əsasında eyni qənaətə gəlmişdir: «...hələ XI-XII əsrlərdə, yə’ni XIII əsrdən iki yüz il əvvəl türk-Azərbaycan yazılı ədəbi dili olmuşdur». (23; 33)
Parfiya dövründən başlayaraq min ildən artıq bir müddətdə birgə həyat yolu keçmiş Azərbaycanın XI-XII əsrlərə qədər daim yazısı da olmuşdur, ədəbiyyatı da. Orxon-Yenisey abidələrində işlədilmiş run yazıları, uyğurların istifadə etdiyi soğdi əlifbası azəri türklərinə nümunə olmaya bilməzdi. Albanların, qarqarların öz əlifbaları, öz yazıları olmuşdur. Bütün birinci minillik boyu Azərbaycana axınlar etmiş, Azərbaycanın yerli türk əhalisi ilə qaynayıb-qarışmış hunların, xəzərlərin, savarların öz əlifbaları olmuşdur. (44;87) Eyni zamanda Azərbaycan xalqı başqa türk xalqlarından əvvəl islam dinini mənimsədiyi üçün ərəb əlifbasını da başqa türk xalqlarından tez mənimsəmişdir. Buna görə də şe’rə, sənətə böyük marağı olan türk-Azərbaycan xalqının yazılı ədəbi dili Xilafətin işğala başladığı hicrətin ilk əsrindən artıq mövcud idi. Ərəb işğalı və ərəb-fars ən’ənəsi türk ədəbiyyatının üzə çıxmasına, mühafizəsinə imkan verməsə də, böyük ehtiyac duyulan yazılı mənbələr itbata salınsa da (əminik ki, bir vaxt belə yazılı mənbələr haradansa tapılacaq və Azərbaycan dilinin qədim dövrünə daha aydın işıq saçacaqdır; ola bilməz ki, 1000 illik bir dövrün türk yazılı abidələri yalnız «Dədə Qorqud»la məhdudlaşsın), təkcə öz xalqına yox, ətraf aləmə də xidmət edən yüksək bir ədəbi dilin varlığına şübhə yoxdur.
Beləliklə, VI əsrdən təşəkkül və formalaşma prosesi keçirən Azərbaycan ədəbi dili artıq IX-XII əsrlərdə yazılı ədəbi dil kimi öz təşəkkülünü tam başa çatdırmış, təkcə Azərbaycan ərazisində deyil, Şərqi Anadoluda, Ön Asiyanın şərqində, Xəzərin cənub-şərq sahillərində, Cənubi Qafqaz ərazilərində işlək bir dilə çevrilmiş, gürcülər, ermənilər, dağıstanlılar, talışlar, tatlar, kürdlər və b. xalqlar arasında qarşılıqlı anlaşma vasitəsi kimi geniş şöhrət tapmışdır.
Dostları ilə paylaş: |