Azrəbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanmasının təşkili. Əhaliyə sülh və müharibə dövrlərindəki fövqəladə hallarda mühafizə və fəaliyyət qaydalarının öyrədilməsi əsas vəzifələrdən biridir. Bu vəzifə "Mülki müdafiə haqqında qanun"un və Nazirlər Kabinetinin 193 saylı qərarı ilə təsdiqlənən "Azərbayacan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması qaydaları"nın tələblərinə uyğun olaraq yerinə yetirilir.
Əhali MM-ə hazırlanarkən aşağıdakı əsas prinsiplər rəhbər tutulur:
Mühafizə məsələləri ümumən ölkənin 6 yaşdan yuxarı bütün vətəndaşlarına öyrədilməlidir. Bu zaman 6-16 yaşlı şəxslərə FH-da mühafizə olunmağın üsul və qaydaları, 16 yaşdan yuxarı şəxslərə isə, bundan əlavə, qəzaların və digər fəlakətli hadisələrin nəticələrini aradan qaldırmaq üzrə fəaliyyət qaydaları da öyrədilir;
MM-in əhaliyə öyrədilməsi məcburi xarakter daşıyır və hər bir adamın vətəndaşlıq borcu sayılır. Tabeliyindən, mülkiyyət və təsərrüfat formasından asılı olmayaraq bütün dövlət və qeyri-dövlət orqanlarının, müəssisə və təşkilatların rəhbərləri öz tabeliyindəki şəxslərin FH-da mühafizəyə hazırlanmasını təşkil edir və bu iş üçün məsuliyyət daşıyırlar;
Mühafizə məsələləri konkret yerli şəraiti, təsərrüfatların xüsusiyyətlərini və d. amilləri nəzərə almaqla əhalinin müxtəlif qruplarına fərqli surətdə öyrədilir. MM-in tədrisi üçün ölkənin əhalisi şərti olaraq 5 qrupa ayrılır: Rəhbər heyət; hərbiləşməmiş MM dəstələrinin komandir -rəis və şəxsi heyətləri; MM dəstələrinə cəlb olunmayan qulluqçu, fəhlə və kənd təsərrüfatı işçiləri; istehsalat və xidmət sahəsində məşğul olmayan əhali; dövlət və qeyri-dövlət ali və orta ixtisas məktəbi tələbələrinə, texniki peşə və ümumtəhsil məktəblərinin şagirdləri;
Mühafizə bilikləri, qaydaları və üsullarının öyrədilməsi fasiləsiz və ardıcıl xarakter daşıyır. Bu sahəyə aid tədris tədbirləri istisnasız olaraq bütün obyektlərdə - sənaye və kənd təsərrüfatı müəssisələrində, idarə və təşkilatlarda, tədris və müalicə ocaqlarında, xidmət sahələrində və s. hər il planlaşdırılır və həyata keçirilir. Tədris ili yanvardan başlayır və 10 ay davam edir.
Hər il dekabr ayında MM qərargahı gələn tədris ili üçün "Obyektdə rəhbər heyətin, dəstələrin fəhlə və qulluqçuların MM-ə hazırlanması planı"nı tərtib edir. Plan, rayon (şəhər) MM rəhbərinin əmri və sahə üzrə yuxarı idarənin (nazirlik, şirkət və s.) direktivi əsasında tərtib olunur, bu zaman hazırlıq proqramları, həmçinin MM kurslarında rəhbər heyətlərin toplanışdan keçməsi barədə tapşırıqlar da nəzərə alınır. Mülki müdafiənin əhaliyə öyrədilməsi respublikanın bütün ərazisindəki nazirlik, komitə, idarə və müəssisələrin, təşkilatların rəhbərləri tərəfindən təşkil edilir, kadrların hazırlanması sistemində əsas vəzifələrlə yanaşı mülki müdafiə üzrə vəzifələr də nəzərə alınmaqla həyata keçirilir.
Obyektlərdə mülki müdafiənin öyrədilməsi, tədris qruplarında məşğələ keçməklə və ya mühafizə məsələlərini müstəqil surətdə öyrənmək üsulları ilə həyata keçirilir.
Məşğələlərin mövzuları, keçirilmə qaydası və vaxtı (iş vaxtı və ya işdən sonra) yerli şərait, istehsalın xüsusiyyətləri və öyrədilən şəxslərin hazırlıq dərəcəsi nəzərə almaqla müəyyən edilir.
Kollektiv və ya fərdi əmək müqaviləsi bağlanarkən, mülki müdafiə hazırlığı üzrə işə qəbul edənin və əmək kollektivinin vəzifələri müəyyən olunur.
Mülki müdafiə hazırlığı üzrə mövzular və tədris saatlarının miqdarı müvafiq nazirlik, dövlət komitələri, baş idarələr tərəfindən yerli xüsusiyyətlər nəzərə alınmaqla işlənib hazırlanır və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılır.
Mülki müdafiə təlimləri və məşqləri – fövqəladə hadisələr dövrlərindəki mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi üzrə bütün əhali qruplarını hazırlamağın əsas forması hesab edilir.
Respublikanın əhalisinə mülki müdafiə biliklərinin öyrədilməsində təbliğatın bütün formalarından istifadə olunur.