Texnikanın inkişaf səviyyəsi ilə xarakterizə olunan sivilizasiyalar mövcuddur. Qərbdə sivilizasiyanın tədqiqatçıları (D.Bell, Q.Kan, Z.Bjezinski, R.Aron və başqaları) onun «industriala qədər», «industrial» və «postindustrial» kimi xarakterizə etmişlər. Axırıncını hazırda «informasiyalı», «texnotronlu» və s. də adlandırırlar. Həqiqətən də adını çəkdiyimiz texniki sivilizasiyaların hər biri öz texniki səviyyəsinə, insanın istehsal alətləri ilə birləşməsi, onun əmək vərdişləri və istehsal təcrübəsi, istehsalın idarə formaları və s. daxildir. Həmin texniki sivilizasiyaların hər biri üçün texnikanın və texnoloji subyekt kimi insanın inkişafının öz səviyyəsi səciyyəvidir. Texnikanın səviyyəsi bu və digər istehsal aləti tipinin, o cümlədən maşının yayılması dərəcəsindən asılıdır. Məsələn, Ptolomey dövrü Misirində (b.e.ə. 100 və 50– ci illər arasında) «mühəndis» Geron eolepil, bir növ buxar maşını (bu buxarın praktiki olaraq işlənməsindən 18 əsr qabaq olmuşdur) kəşf etmişdi ki, o da öz növbəsində məbədin ağır qapısını müəyyən məsafədən açmağa qadir mexanizm idi. Bu kəşf o zaman digər kəşflərlə (sorucu nasos, termometr və s.) birlikdə çox məşhur olmuşdur. Kəşflər qruplarla, çoxsaylı seriyalarla davam etmişdir. Lakin qədim cəmiyyətdə hətta bütün «günahlar» antik dünyaya şeylərin istehsalı üçün zəruri olan işçi qüvvəsini verən quldarlıq quruluşunda idi. Elə buna görə də horizontal su dəyirmanları yalnız buğdanı döymək üçün yararlı idi. Buxar isə maraqlı və sirli oyuncaqlara xidmət etmək üçün istifadə edilmişdi.
«İndustriala qədər sivilizasiya» üçün keyfiyyətcə yeni texnika xasdır. Su və yel dəyirmanları, onlarla bərabər yaranan ağackəsən, mahud toxuyan, kağız istehsalı da təşkil olunurdu. Burada əməyin ən ümumi bölgüsü baş verirdi ki, bu da öz növbəsində istehsal alətlərinin rəngarəngliyini tələb edirdi. «Üçüncü» bölmənin (sənaye və kənd təsərrüfatından sonra) sürətli tərəqqisi vəkillərin, notariusların, həkimlərin, universitet müəllimlərinin sayının artması ilə müşahidə edilir. Dağ– mədən sənayesi və digər sahələr təşəkkül tapır, şəhərdə sənətkarlıq çiçəklənir.
«İndustriala qədərki sivilizasiya» dövründə, xüsusilə XV əsrdə elmi– texniki kəşflər atmosferi özünü göstərir. Leonardo da Vinçidən sonra yüzlərlə italyan öz qeyd dəftərçələrini möcüzəvi maşınların proyektləri ilə doldururdular. Onda belə bir sual alınır? Nə üçün «industriala qədər sivilizasiya» dövründə, antik dövrdə olduğu kimi, kəşflər kütləvi xarakter ala bilmədi. Buna marksizm belə cavab vermişdir. Həmin dövrdəki mövcud tələbatlara əməyin məhsuldarlıq səviyyəsi tamamilə uyğun gəlirdi. Çünki ucuz işçi qüvvəsi kifayət qədər idi.
«İndustrial sivilizasiya» XVI– XVII əsrlərin sənaye inqilabları və iqtisadi yüksəlişlə əlaqədar idi. Sənaye inqilabı texniki sivilizasiyanın «industrial sivilizasiya» tipini müəyyənləşdirir. Texnikanın keyfiyyət dəyişikliyi təkcə özü ilə, iqtisadiyyatın inkişafı ilə əlaqədar olmuşdur. Yenilik bazarın marağı və tələbatı ilə əlaqədar idi. Kömür sənayesi digər sahələrin, xüsusilə buxarın istifadə olunmasına həvəs oyatmışdır.
«İndustrial sivilizasiyası» cəmiyyətin bütün həyat tərzinin dəyişməsinə, o cümlədən kənd təsərrüfatının, nəqliyyatın, rabitənin, peşə vərdişlərinin, təhsilin, tərbiyənin və mədəniyyətin dəyişməsinə böyük təsir göstərmişdir.
Bu gün filosof və sosioloqlar insan cəmiyyətini yeni, bütün xalqlar üçün ümumi olan vahid postindustrial (informasiyalı, texnotronlu) sivilizasiyaya daxil olduğunu elan edirlər. Belə bir sual yaranır. Görəsən hansı: formasion, yaxud sivilizasion yanaşma düzgündür. Əslinə qalanda onların biri o birisini rədd etmir. «Postindustrial sivilizasiya» üçün səciyyəvi olan cəhət maşınların mexaniki sistemi deyil, mikroenergetika və informatikaya, ən yeni intellektual texnologiyaya əsaslanan istehsalın avtomatlaşdırılmasıdır. Bu yeni texniki və texnoloji baza insan və cəmiyyətin bütün həyat tərzini dəyişir. Asudə vaxt problemi, özü də mənəvi sivilizasiya texniki sivilizasiyanın simasını müəyyən edir, milli mədəniyyətə münasibətini ifadə edir. Mədəniyyət yeni olana laqeyd deyildir. Din, etika, sosial qaydalar, ictimai şüur da cəmiyyətdə mövcud olan maddi və mənəvi sərvətlərə laqeyd deyildir. Bunu alman sosioloqu M.Veber «Protestant etikası və kapitalizm ruhu» adlı əsərində çox yaxşı göstərmişdir. Onun fikrincə, protestant etikası sənaye istehsalının inkişafına, sahibkarlıq fəaliyyətinə həlledici təsir göstərir. Bu etikaya görə allah tərəfindən seçilmiş insan sahibkarlıq üçün yeni əxlaqi keyfiyyətlərə malik olur.
Onda bəs Yapon möcüzəsini nə ilə izah etmək olar? Şübhəsiz, Yapon texniki sivilizasiyası öz kökləri ilə yapon mədəniyyətinə, yapon mənəvi mədəniyyətinə söykənir. Yaponiya çox bacarıqla ənənəvini mədəniyyətdə əks etdirir ki, bu da onun texniki sivilizasiyasına kömək edir. Misilsiz əməksevərlik ən yeni texnika və işləmək bacarığı ilə birləşir. Bəşəriyyətin gələcəyi kimi postindustrial cəmiyyətdən danışarkən texnoloji bazis baxımından bütün xalqlar üçün ümumi olmasına baxmayaraq ayrı– ayrı xalqlara və mədəniyyətlərə tətbiqi öz spesifikasına malik olacaqdır.