42
eyni zamanda aşıq sənətində ötən yüzillikdə Şimali Azərbaycanda baş verən keyfiyyət dəyişikliklərinin hamısını
Güney Azərbaycanına şamil etmək olmaz. Bu bölgədə aşıq sənəti öz klassik ənənələrini daha mühafizəkarlıqla
qoruyub saxlamışdır. Aşığın folklordan ayrılma prosesi güneydə şimal ərazidə olduğundan daha ləng getmişdir.
Son onilliklərdəki milli özünəqayıdış həmin prosesi artıq dayandırmış və ona dovrün bir sıra yeni
xüsusiyyətlərini əlavə etmişdir.
Ağız ədəbiyyatı ilə aşıq yaradıcılığı arasındakı açıqlanan və ya açıqlanmayan, görünən və görünməyən
ümumilik və fərqlər təbii ki, onlar arasında müəyyən sərhədlər və fərdiliklər də yaradır. Ona görə də aşıq
yaradıcılığını mərasim və uşaq folkloru kimi ağız ədəbiyyatının əlahiddə, ayrıca bir sahəsi kimi öyrənmək daha
doğru olardı. Çünki bir neçə xüsusiyyət fərqinə görə onu xalq yaradıcılığından ayırmaq ümumilikdə mümkün
olmadığı kimi, bu yaradıcılığı ağız ədəbiyyatı ilə yazılı poeziya arasında ortaq bir təfəkkür modeli kimi
götürmək də doğru olmazdı. Çünki o, ayrıca və fərqli estetik, yaxud mənəvi-əxlaqi dəyərlər yaratmır, yalnız
xalq ənənələrinə və milli-psixoloji qaynaqlara söykənməklə inkişaf edir.
Aşıq yaradıcılığını davam etdirmək, yaşatmaq, ifa etmək məharəti imkanlarına görə aşıqlar müxtəlif
qruplara və yarım-qruplara ayrılırlar. Bütün hallarda həmin proses şifahi ənənəyə əsaslanır. Sənəti yaşadan
bütün aşıqlar ifa mədəniyyəti imkanından asılı olmayaraq sənətin daşıyıcılarıdır. Onların hər birinin aşıq
yaradıcılığının cilalanmasında, nəsildən-nəsilə ötürülməsində, folklor mətnlərinin variantlaşmasında
özünəməxsus yeri və payı vardır. Onları bir-birinə qarşı qoymaq, hansınınsa xidməti üzərinə kölgə salmaq
yanlışlıqlara aparıb çıxarardı. Çünki onların hamısı ümumilikdə aşıq sənətinə həyat verən, onu yaşadıb etnik
düşüncədəki yerinin pozulmazlığını qoruyan sənətkarlardır.
İmprovizə və ifaçılıq, eləcə də yaradıcılıq imkanlarına, mənəvi-əxlaqi, estetik dəyərlərin ifa qüdrətinə və
aşıq sənəti irsini mənimsəmə səviyyəsinə görə aşıqları aşağıdakı qruplara ayırmaq olar:
Dostları ilə paylaş: