Məmmədova Səadət Faiq qızı
Tramp və “köhnəlmiş” NATO
NATO dünyanın ən güclü alyansı və ABŞ təhlükəsizlik siyasətinin ayrılmaz hissəsidir. Yaradıldığı ilk gündən hər bir Amerika prezidenti onun dəyərini anlamış və Transatlantik İttifaqı dəstəkləmişdir. NATO-nun köhnəlmiş adlandıran Donald Tramp isə bu təşkilatı tərk etmək fikri ilə çıxış edən ilk Ağ Ev rəhbəri olmuşdur. 2017-ci ilin yanvarından səlahiyyətlərinin icrasına başlayan Tramp ABŞ xarici siyasətini yeniləyərək Amerikanı birinci yerə qoydu, yəni beynəlxalq öhdəliklərin yerinə yetirilməsi zamanı bəzi məsələlər Amerikanın maraqlarına xidmət etmədiyi təqdirdə arxa plana qoyulurdu. Hələ 2016-cı ilin iyulunda namizədliyi irəli sürülməzdən əvvəl Trampla müsahibə zamanı NATO və Avropa müttəfiqləri haqqında sual veriləndə onun cavabı hər kəsi təəccübləndirdi1. NATO-nu köhnə və terrorizmə qarşı mübarizədə kifayət qədər təsirli tədbirlər görməməkdə ittiham edən Tramp Rusiyanın hədələyici hərəkətləri və Baltik ölkələrinin təhlükəsizliyi məsələsi barədə; “Əgər onlar bizə qarşı öhdəliklərini yerinə yetirirlərsə, o zaman ABŞ da onların köməyinə gedər” deyə əlavə etdi. Trampın NATO-nun terrorizmə qarşı mübarizədə kifayət qədər yaxşı iş görmədiyini deməsi isə NATO-nun Əfqanıstana 15 illik müdaxiləsini sual altında qoyurdu. Təxminən 70 ilə yaxın bir dövrdə ABŞ prezidentləri və qanunvericiləri – demokrat və respublikaçılar NATO-nu stabillik sütunu kimi görürdü. Lakin Trampın alyansla bağlı baxışları onun 2016-cı ildə seçki kampaniyası zamanı hər iki partiya nümayəndələri arasında konsensusu pozdu. “İcazə verin deyim, NATO köhnəlib. Bu, 67 il əvvəl olub, onun 60-dan çox yaşı var. Orada olan çox sayda dövlət terrorizmin qarşısını ala bilmir. Bu təşkilat Sovet İttifaqı üçün qurulmuşdu və Sovet İttifaqı artıq yoxdur.” - deyə, Tramp bildirib2. Qərbli müttəfiqlərini çaşqınlığa salan bu çıxış eyni zamanda qəzəblə də qarşılandı. Çünkü bununla ABŞ NATO-nun beşinci maddəsi ilə “müttəfiqlərin köməyinə” gəlmirdi. 45 dəqiqəlik müsahibədə Tramp ABŞ-ın illərlə üstləndiyi müdafiə xərcləri bütün üzvlər tərəfindən də yerinə yetirilməli idi. Əks halda ABŞ-ın xeyrinə olmayan müqavilələrdən çıxmaqla tədbir görməli olacağını bildirirdi. Rusiyanın Avropanın şərqinə qorxu saldığı bir zamanda Trampın Putini dəstəyi və Rusiyanın Krımdakı aqressiv hərəkətlərini görməzdən gəlməsi Avropalı müttəfiqləri tərəfindən “NATO üzvlərinin ehtiyac olan anda müttəfiqlərin köməyinə gəlməsi” haqqında təşkilatın beşinci maddəsini yerinə yetirməməsi olaraq qiymətləndirilirdi3. Bu müsahibədən bir il sonra 2017-ci ilin Mayın 25-də NATO Liderlərinin Brüssel görüşündə Tramp bu fikirlərini bir daha səsləndirərkən beşinci maddədən söz açmayaraq ikinci maddənin üstünü vurğuladı – NATO üzvlərinin müdafiə xərclərini ödəməsi ilə bağlı narazılığını bildirdi. Trampın Müdafiə Naziri vəzifəsinə seçdiyi keçmiş general Ceyms Mattis də hər bir NATO üzvü dövlətin Ümumdaxili Məhsulun 2%-ni müdafiə xərclərinə sərf etməsi haqqında çıxış edirdi4.
Bu vaxta qədər ABŞ-ın aparıcı siyasi xadimlərindən heç biri ABŞ-ın Avropalı müttəfiqləri qarşısında öhdəlikləri və NATO-nun dəyərini sorğulayacaq qədər irəli getməmişdi. Digər bir yandan Yaxın Şərq məsələsində Trampla müttəfiqlərinin fikir ayrılığı onlar arasında gərginliyi artırmışdı. Xüsusilə də, İraq məsələsində bu ayrılıq tərəflər arasında gələcək narazılıqdan xəbər verirdi. NATO Liderlərinin Brüssel görüşündə müttəfiqləri ilə arasında gərginlik və inamsızlıq yaradan Tramp gələcəkdə bu inamı yenidən qazanmalı oldu. Bir müddət sonra Tramp öz ritorikasından əl çəkməyə məcbur oldu və hətta NATO-nun artıq köhnəlmədiyini də bildirdi. Görünür, Tramp müttəfiqləri və ittifaqı saxlamağın dəyərini anlamağa başlamışdı. Bu isə həm Tramp üçün, həm də Avropa üçün zərurətdən yaranan bir dəyər idi. Şimali Amerika və Avropalı müttəfiqlər arasında bir-birinin təhlükəsizliyində pay sahibiliyinin olması həmişə hər iki tərəfi əməkdaşlığa və bir-birinə güzəştə getməyə məcbur edib. Zaman keçdikcə NATO-nun 28 üzvü olmadan tək başına irəliləmək ABŞ üçün çətin olardı. Avropalılar üçün də Avropadaxili təhlükəsizliyin qorunması ilk növbədə Rusiya təhlükəsinin həllindən başlayır. Avropanın təhlükəsizliyi məsələsində müttəfiqlər etimadsızlıq kimi səhvlərə yol verməməlidir.
Co Baydenin administrasiyası isə keçmiş prezident Donald Tramp administrasiyasının təcridçilik siyasətindən sonra Avropa ilə münasibətləri düzəltmək, NATO-nu gücləndirmək və dünya boyunca demokratiyanı dəstəkləmək əzmində olduğunu bəyan edib5. Bayden ABŞ-ın müttəfiqlərini azadlığın müdafiəsində Vaşinqtona qoşulmağa çağırıb. Fevralın 19-da Münhen Təhlükəsizlik Konfransının onlayn keçirilən görüşündə Bayden Avropada Vaşinqtonun transatlantik öhdəliklərə sədaqətindən olan narahatlıqları aradan qaldırmağa çalışıb. ABŞ prezidenti demokratiyanı sarsıtmağa və NATO-nu zəif salmağa çalışan Çin və Rusiyadan gələn təhlükələrin cilovlanmasının həyati mühümlüyünü vurğulayıb.
Ədəbiyyat siyahısı;
“Trump Worries NATO with ‘Obsolete’ Comment,” BBC News, January 16, 2017, https://www.bbc.com/news/world-us-canada-38635181
JOYCE P. KAUFMAN, The US perspective on NATO under Trump: lessons of the past and prospects for the future
David E. Sanger and Maggie Haberman, ‘Donald Trump sets condition for defending NATO allies against attack’, New York Times, 20 July 2016, https://www.nytimes.com/2016/07/21/us/politics/donald-trump-issues.html
Tramp və NATO, https://www.amerikaninsesi.org/a/nato-tramp-mattis-alyans-/4745523.html
Bayden ABŞ-ın dünyada, Avropada və NATO-da liderliyə qayıtdığını elan etdi, https://www.azadliq.org/a/bayden-m%C3%BCnhen-t%C9%99hl%C3%BCk%C9%99sizlik-konfrans%C4%B1nda-%C3%A7%C4%B1x%C4%B1%C5%9F-edib/31112616.html
Dostları ilə paylaş: |