Gənclik G ənclik – cinsi yetişkənlik hadisəsindən başlayaraq, yaşlılıq dövrünün başlanmasına qədər davam edən inkişaf prosesini əhatə edir. Gənclər psixoloji və sosial amillərin təsiri ilə inkişaf edib formalaşırlar. Müasir psixologiya gənclik yaşının xüsusiyyətlərini dəqiq müəyyənləşdirmək üçün bu dövrdə gəclərə bioloji, sosioloji və psixoloji amillərin təsiri xüsusiyyətlərinin bir vəhdət halında nəzərə alır – gənclik dövründə kompleks münasibət bəsləyir. Bu gənclik dövrünün inkişaf qanunauyğunluqlarını düzgün müəyyənləşdirməyə və tərbiyə işini düzgün təşkil etməyə imkan verir. Erkən gəclik dövrundə şəxsiyyətin yeni keyfiyyətləri, xüsusilə özünü yaşlı adam kimi aparmaq, özünüdərketmə meylinin surətlə inkişafı nəzərə çarpır. Ozünüdərketmənin inkişafı sahəsində gənc öz şəxsiyyətini, öz mənliyini daha yaxşı anlamağa başlayır, müsbət və nöqsan cəhətlərini görməyi bacarır. Onda özünüidarə, özünütəyinetmə, özünüqiymətləndirmə, özünütərbiyə kimi çox böyük əhəmiyyətə malik olan keyfiyyətlər formalaşmağa başlayır. Bu dövrdə böyük yaşlı məktəblilərın öz psixoloji keyfiyyətlərini dərk etmək və qiymətləndirməklə yanaşı, onların mənlik şüurunun məzmunu və özləri haqqında təsəvvürü dəyişib təkmilləşir. Ilk gənclik dövründə oğlan və qızların özlərinə verdikləri qiymət və başqalarının onları qiymətlərilməsi nəticəsində gənclərdə şəxsi ləyaqət, özünə hörmət hissi formalaşıb inkişaf edir. Erkən gənclik məktəblilər ösünütərbiyə tərzlərini, üsul və vasitələrini mənimsəyir, öz nöqsanlarını islah etməyə, nümunəvi keyfiyyətlərini inkişaf etməyə səy göstərirlər. Özünü müqayisə etmək üçün bədii ədəbiyyatdan etalon obrazlar seçir və onların təsiri ilə öz keyfiyyətlərini təkmilləşdirirlər. Erkən gənclik yaşında mənlik şüurunun formalaşması ilə yanaşı şagirdlərdə əxlaqi şüur, əxlaqi dünyagöruşünün formalaşması, əxlaqi prinsiplər təşəkkül tapmağa başlayır. Bu prinsiplər tədricən gəclərin fəaliyyətində əsas yer tutur və onların ümumi qabiliyyətlər sistemini təşkil edir. Gənc əxlaqi prinsipləri icra etdikcə, öz vicdanı qarşısında sanki hesabat verir və beləliklə əxlaqi prinsiplər vicdanla yerinə yetirilir, vicdanlı davranışının təşəkkülünə səbəb olur. Beləliklə, gənclərdə bir tərəfdən idealların və davranışın normalarının ümümmləşdirilməsi baş verir və bunlar konkret şəraitin və fərdlərin təsirindən azad olur, digər tərəfdən isə ümumi ideallar və prinsiplər fərdiləşir, özlərinin vahid əxlaqi ”mən”inə çevrilir psixoloji cəhətdən müstəqil xarakter daşıyir. Gənclər müstəqil mənəvi prinsiplər sisteminə əsaslanmağa, dünyagörüşü və əqidələrinə uyğun olaraq hərəkət etməyə, qəbul etdikləri qərarlarını sərbəst həyata keçirməyə çalışırlar. Gənclik yaş dövründə, gənclərin sosial varlığı, onların həyat mövqeyi gələcəyə düzgün istiqamətlənməsi ilə fərqlənir. Bu yaş dövründə onlar öz həyat yolunu seçir, peşə sahəsini müəyyənləşdirib, onun haqqında bilik, bacarıq və vərdişlər toplayırlar. Erkən gənclik yaşında səciyyəvi cəhətlərindən biri dünyagörüşün formalaşmasıdır. Gənclərin mənimsədiyi ictimai informasiyalar onlarda siyasi baxışın yaranmasına imkan verir. Gənclərdə siyasi dünyagörüşünün formalaşması onların ontogenetik inkişafının bütün vasitələrində davam edir. Bu zaman gənclərdə siyasi baxışın formalaşmasının psixoloji, sosioloji və iqtisadi cəhətləri öz əksini tapmağa başlayir. Gənclərdə siyasi baxışların formalaşmasına təsir edən psixoloji amilləri nəzərdən keçirərkən aşağıdakı cəhətlərə xüsusi diqqət yetirmək lazımdır: 1. Gənclik yaşının xüsusiyyətlərindən asılı olaraq mənimsəmə prosesinin səmərəli təşkili. 2. Gənclərin fərdi şüurunda varlığının inikasının müasir siyasi baxımdan xüsusiyyətləri 3. Gənclərin siyasi təfəkkürünün formalaşması xüsusiyyətləri. Gənclik psixologiyası ilə məşğul olan mütəxəssislər gənclərdə siyasi baxışlar sisteminin formalaşması dinamikasını öyrənərkən bu kimi cəhətləri əsas götürməlidirlər. Erkən gənclik yaşı intellektual inkişafının mühüm mərhələlərindən birini təşkil edir. Bu dövrdə gənclərin təfəkküründə əsaslı yüksəliş baş verir. Gənclərin təfəkkürü özünün ardıcıllığı, sistemliliyi, mücərədliliyi, müstəqilliyi ilə seçilir. Gənclər hadisələri, faktları, əhvalatları öz keçmiş bilikləri ilə əlaqələndirir, düşüncə və mühakimələrindəki müsbət və mənfi cəhətləri müəyyənləşdirir, başqa şəxslərin davranış və rəftarında üzə çıxan qüsurları müəyyən edirlər. Bütün bunlar gənclik təfəkkürünün müstəqil və tənqidi fəaliyyətini inkişaf etdirir. Gənclər həyat hadisələri ilə rastlaşdıqca, gözlənilməz hadisələri dərk etməyə çalışdıqca ümümləşdirmələr aparır, nəticələr çıxarmağa can atırlar. Belə ümümləşdirmələr bəzən reallığa uyğun olmur, səthi xarakter daşıyır. Bu kimi hallarda müəllimlər və valideynlər gənclərə həyatın bütün çalarlarını başa salmalı, onları mühitə, həyat tərzinə uyğunlaşdırmalı, onların insan və onun həyatda mövqeyi haqqındakı fikirlərini dəqiqləşdirməlidirlər. Yetkin dövründə şəxsiyyətin fərdi xüsusiyyətləri yüksək inkişaf səviyyəsinə çatır. Hər bir gənci öz temperamentinə, xarakterinə və qabiliyyətlərinə görə fərqləndirmək olar.