MƏNİm qohumum çoban rəŞİD



Yüklə 100.63 Kb.
PDF просмотр
tarix01.06.2017
ölçüsü100.63 Kb.

MƏNİM QOHUMUM ÇOBAN RƏŞİD 

Mən,  Kürdmahmudlu  kəndinə  birinci  dəfə  lap  çoxdan,  beş-altı  yaşında  olduğum  zaman 

getmişdim. O zaman məni oraya anamın atası  - rəhmətlik Bayram babam, məşhur kəhər atının 

belində aparmışdı. Əslinə baxsan, məni, anamgilin kəndinə getməyə həvəsləndirən də elə həmin 

at olmuşdu. Aradan uzun illər keçməsinə baxmayaraq, dünyalar yaraşığı olan o kəhər atın şəkli 

mənim  xəyalımdan  silinməmişdir.  Onun  boy-buxunu,  duruşu,  yerişi,  şahanə  qürura,  elə  bil  ki, 

qüdrətdən yaranmışdı. Qarabağ mahalında qaçaraqda kəhər ata çatan bir at yox idi. 0, balaca və 

zərif  başını  irəli uzadıb  Haratın düzü  ilə qaçanda  sanki durna süzürdü. 0, ağıllı qara gözləri  ilə 

sənə baxanda haradansa qəlbimə fərəhli duyğular axıb gəlirdi. Onun cəsur görünüşü məni, nə isə, 

fövqəladə bir mərdliyə çağırırdı. Gümüş sinəbəndli Azərbaycan yəhəri onun qədd-qamətinə elə 

yaraşırdı ki, adam tamaşasından doymurdu. 

Budur, indi mən həmin bu kəhər atın belində Kürdmahmudluya gedirdim. Babam susduğu üçün 

onu  müşayiət  edən  üç  cavan  atlı  da  dinib-danışmırdı.  Yadımdadır,  boz  bir  payız  günü  idi.  El 

yaylaqdan  yenicə  qayıtmışdı.  Yollarda,  hələ  qışlağa  gedib  çatmamış  ucsuz-bucaqsız  qoyun 

sürülərinə, dərilərindən  yağ daman at  ilxılarına, zınqırovlu dəvə köçünə rast gəlirdik. Nəhayət, 

atların asta yerişi və adamların sükutu məni yormağa başladı. 

- Baba niyə çapmırsınız? - deyə mən dilləndim. 

Atlı  cavanlar  kişiyə  baxıb  xəfıfcə  gülümsədüər.  O  zaman  babam  sol  əli  ilə  məndən  yapışaraq 

cilovu  bir  az  buraxıb,  uzunboğaz,  şişburun  çəkmə  olan  ayaqlarını  yavaşca  atın  böyrünə  sıxdı. 

Kəhər dərhal boynunu düz tutaraq irəli atıldı. O biri atlar da onun ardınca. İndi qurumuş çöllərdə 

dörddəmə çapırdıq. Mənim bütün diqqətim kəhərdəydi. Mən, yükü ağır olduğu üçün onun geri 

qalacağını  güman  edirdim.  Lakin  o,  bu  dəfə  də  bütün  atlılardan  qabaqdaydı.  Biz  bir  sürünün 

yanından  keçdiyimiz  vaxt  Qurban  adlı  oğlan  atın  şirin  qaçarağında  əyilib  tək  əli  ilə  bir  qoyun 

götürərək yəhərin qabağına basdı və bir qədər çapandan sonra yenə götürüb yerə qoydu. 

Kürdmahmudlu kəndi mənim xəyalımda nağıllarda eşitdiyim əfsanəvi qalalara bənzəyirdi. Toran 

qovuşub, qaranlıq düşəndə mən qabağında ocaqlar yanan lap kiçik təpəciklər görüb, bunların nə 

olduğunu  babamdan  soruşdum.  Kişi  cavab  verdi  ki,  ora  Kürdmahmudlu  qışlağıdır.  O  balaca 

təpələr də evlərdir. 

Mən ömrümdə  birinci dəfə  idi ki,  yerin  altında olan  bu cür qəribə evlər görürdüm. Onların  nə 

pəncərələri var idi, nə də hörgüsü-filanı. Ətrafda bir ağac, bir xırda kolpan belə nəzərə çarpmırdı. 

Hava qoyun və gərmə qoxusu verirdi. Biz bu yeraltı damlardan birinin qabağında atlardan düşüb 

üzüaşağı  qaranlıq  doqqazla  irəliləyərək  içəri  girdikdə,  mənim  təəccübüm  birdən  vahiməyə 

çevrildi. Mənə elə gəldi ki, başımız üzərində tavanı əvəz eləyən və balaca onluq neft lampası ilə 

güclə  işıqlanan,  üzərini  his,  qurum  basmış  nəhəng  dirəklər  bu  saat  gurultu  ilə  üstümüzə 

töküləcəklər.  Və  mən  hönkürüb  ağlamağa  başladım.  Başıma  yığılmış  qohumlar  ağlamağımın 

səbəbini  bilib  bərkdən  güldülər.  Sonra  məni  nə  qədər  dilə  tutdularsa,  olmadı.  Yeraltı  damın 

yarıqaranlığı içində gözlərimi qaldırıb başım üzərindəki nəhəng, qara ağaclara bax-dıqca dəhşət 

məni götürürdü. Ortalıq ocağından qalxan alovun işığı otların üzərində titrəyirdi və bu mənə bir 

cadu, bir tilsim kimi göriinürdü. Mənə elə gəlirdi ki, Məlik Məmməd kimi işıqlı dünyadan ayrılıb 

zülmətə  düşmüşəm.  Mən,  şəhərdəki  iri  çıraqban  otaqlarımızı,  meydan  kimi  geniş  artırmamızı, 

hər cür ağac bitmiş böyük bağımızı xatırlayıb yana-yana göz yaşı tökürdüm. Məni hey ovudub-

oxşayan qoca nənəmə acıqlanaraq: 

- Evimizə getmək istəyirəm, - deyib dururdum. 

Bu zaman içəri on dörd-on beş yaşlrınnda, çiynində yapıncı, başında tüklü papaq bir oğlan girdi 

və əlindəki çomağı ilə yapıncısını kənara tullayaraq iti addımlarla irəliləyib: 

- Dayı, xoş gəlmisən, - deyə babamın əlini hər iki əli ilə tutaraq bərk-bərk sıxdı. 

Sonra mənim qabağımda yerə çökərək üzümdən öpüb: 

- Qağa, xoş gəlmisən, - deyə təkrar etdi. 

Bayırda çiskin başladığından onun papağı və yanaqları yaş idi. O, üzümə baxıb qoca nənəmdən 

soruşdu: - Bibi, bu niyə ağlayıb? Qoca nənəm mənə baxıb: 

-

 

Heç nə, - dedi. - Bir az dişi ağrayır.  



Mən utanıb nənəmin qarasına hirsləndim. 

Oğlan: 

-

 



Bıy, - deyə təəccüb etdi. - Ə, dayınəvəsi, adam da diş ağrısından ötrü ağlayarmı?  

Mən onun  belindəki gümüş dəstəkli  balaca  xəncərə tamaşa edərək qaşqabaqlı  halda susurdum. 

İndi bu damdakı adamların hamısından artıq məni bu balaca oğlan maraqlandırırdı. 

Babam ona müraciətlə: 

- Rəşid, - dedi, - o günü Haramıda canavarı necə öldürdüyünü danış, bu eşitsin. 

Mən babamın səsindəki məzəmməti duyaraq susurdum. Oğlan gülümsəyib: 

-  Necə  öldürəcəm,  gecənin  bir  vaxtı  eşitdik  ki,  itlər  bərk  hürüb  nəyinsə  üstünə  cumdular. 

Səslərindən  hiss  etdim  ki,  canavara  hürürlər.  Ha  eləyib  mən  çatanacan  itlər  quduz  dəymişi 

aldılar. Mən də xəncəri sivirib özümü yetirərək iki dəfə böyründən ilişdirdim. 

Çoban  Rəşid  bu  sözləri  deyə-deyə  mənə  baxıb  hey  gülümsəyirdi.  Onun  əsmər  bənizi  gündən, 

şaxtadan  yanıb  mis  kimi  qızarmışdı...  Lakin  mən  o  gecə  damda  yatmadım.  Mənə  qamışdan 

tikilmiş çavustanda yer saldılar. Yuxuya gedənə qədər qoca nənəm mənə nağıl dedi. Səhər isə, 

məni boz eşşəyin üstünə qoyub Zülfüqar adlı cavan bir oğlanla şəhərə - evimizə göndərdilər. Bu 

oğlanın üzü fındıq boyda qırmızı yumrularla dolu idi. 

Sonralar  mən,  cavan  Zülfüqarın  da,  onun  ata-anasının,  bacı  qardaşlarının  da  həmin  dəhşətli 

xəstəlikdən məhv olduqlarını eşitdim. 

Mənim Kürdmahmudlu qışlağı və qohumum Rəşidlə ilk tanışlığım belə oldu. 

Sonra aradan illər keçdi və mən Rəşidi orta məktəbi bitirdiyim ilin yayında gördüm. O ili mən, 

həmin Kürdmahmudlu qohuralarımızla yaylağa gedirdim. Qadınlar və körpə uşaqlar qoşa fərməş 

yüklənmiş, üzərlərinə əlvan xalçalar çəkilmiş zınqırovlu dəvələrdə, kişilər, oğlanlar isə, yəhərli 

atlarda  gedirdilər.  Köç,  gecələr  Ay  doğanda  qalxıb,  yoluna  davam  edirdi.  Ağ  köç  yolları  Ay 

işığında sanki çay kimi axıb gedirdi. Hərdən, yaşı  yüzdən keçmiş Mustafa oğlu Mehdinin uzaq 

bayatısı eşidilirdi. Topa halda gedən atlılar məzəli söhbətlər edir, deyib-

gülürdülər.

 

Səhər gün qalxıb hava bərk qızanda köç düşüb dincini alırdı. 



...  Nəhayət,  biz  üç  gündən  sonra  Həkəri-Bərgüşad  çayının  sahilinə  çatdıq.  Çay  daşıb  göylə 

gedirdi.  Sahildə  isə,  bir  neçə  obanın  qoyun  sürüləri  bir-birinə  qarışmışdı.  Səs-küydən  qulaq 

batırdı. Qoyun-quzu mələşir, atlar kişnəyir, adamlar bir-birilərini eşitmək üçün bərkdən-bərkdən 

danışırdılar. 

-  Mən  fıkirləşirdim ki,  bir  neçə obanın  bir-birinə  qarışmış  bu on  minlərlə qoyununu sonra necə 

tanıyıb ayıracaqlar?  

Nəhayət, çaydan keçiş başlandı. Əvvəlcə hər obanın kişilərindən bir dəstə atla o taya keçdi. Su 

yəhərə  qədər  qalxıb  atın  boynundan  aşırdı.  Sonra  qoyunları  vurdular  suya.  Bu  zaman 

Kürdmahmudlulardan  olan  adamların  içində  iyirmi  dörd-iyirmi  beş  yaşlarında  ortaboylu, 

enlikürək bir çoban mənim diqqətimi cəlb etdi. O, ora-bura qaçır, qoyunları  haylayıb çaya tərəf 

qovurdu. Onun günəşdən və ayazdan yanıb qaralmış üzü, bir az qıyıq balaca qara gözləri mənə 

tanış gəlirdi. Mən yanımdakı oğlandan onun kim olduğunu soruşdum. Oğlan cavab verdi ki, bu 

sənin  babanın  bacısı  oğlu  çoban  Rəşiddir.  Çaya  tökülən  qoyunlar  üzə-üzə  gedib  o  biri  sahilə 

çıxırdılar.  Lap  körpə  quzuları  isə  dəvələrdə,  atlarda  keçirirdüər.  (O  zaman  Kürdmahmudlu 

artelində  bir  yük  maşını  da  yox  idi.)  Qoyun-quzunu  keçirib  qurtarandan  sonra  arvad-uşağı 

keçirməyə  başladılar.  Müxtəlif  obaların  bir-birinə  qarışmış  sürülərini  çobanlar  təəccüblü  bir 

sürətlə ayırdılar. Günəş qüruba əyiləndə çoban Rəşid balaca bir dikdirdə dayanaraq öz sürüsünü 

yoxlayırdı. 

- Boz kərə, tayını görmədim... 

O bu qayda ilə iki minə qədər qoyunun hamısııu yoxlayıb dörd qoyunun çatmadığmı müəyyən 

elədi. Sonra çoban  yoldaşlarını  sürünün  yanında  qoyub, özü qoyunları axtarmağa getdi  və çox 

çəkmədi  ki,  dördünü  də  tapıb  gətirdi.  Məlum  oldu  ki,  itən  qoyunlar  Qyamadınli  artelinin 

qoyunlarına qarışıb gediblərmiş. 

O  ili çoban Rəşid yaylaqda bal ayı keçirirdi. O, dayısı qızı Rəbibəylə yenicə evlənmişdi. 0, hər 

gecə saat üçdə-dörddə bütün sürünü qaldırıb yoldaşlrın ilə birlikdə yaylıma aparır və yalnız gün 

çıxıb qızanda qaytanb gətirirdi. Buna görə də, onun qoyun-quzusu kök və gümrah olurdu. Amma 

mən elə artellər də görmüşəm ki, çoban qoyunları səhər saat səkkizdə, yəni, Günəş çıxıb havanı 


qızdıranda otarmağa aparır. Qoyun  isə,  istiyə  davamsız heyvan olduğundan qızmış gün altında 

yaxşı otlaya bilmir, bu da onun hər şeyinə təsir edir, qoyun kökəlmir, bəzən qısır qalır. Südü az 

olur. 

Çoban Rəşidlə  mənim üçüncü gorüşüm 1937-ci  üdə oldu. O zaman  mən  hələ  yazıçı deyildim. 



Özüm  də  Füzulidə  yaşayırdım.  Tutqun  bir  sentyabr  günü  Rəşid  bizə  gəldi,  hal-əhvaldan  sonra 

anam soruşdu: 



-  Mamaoğlu  (bizlərdə  atanın  bacısına  «mama»  deyirlər),  səndən  çıxmayan  iş,  nə  əcəb  ilin  bu 

vaxtında qoyunu qoyub gəlmisən? 

- Məni işdən çıxardıblar, - deyə Rəşid bikef halda cavab verdi. 

- Nə səbəbə? 

- Deyirlər dayın varlı olub sən artel heyvanına can yandırmazsan, ziyançılıq edərsən. 

- Necə yəni ziyançılıq edərsən? - deyə anam təəccüblə soruşdu. 



Yəni, qoyunu zəhərləyib qıraram... 

Anam daha heç bir söz demədi. Anam məsələnin nə yerdə olduğunu hiss edirdi. Rəşidin dayısı 

anamın atası olduğu üçün, deyəsən, arvad özünü də müqəssir hesab edirdi. 

Mən Rəşiddən soruşdum: 

- Bəs, səni çobanlıqdan çıxarıb dedilər nə iş gör? 

-  Heç nə... deyirlər get çayçının əlinin altında işlə. Dedim, əşi, mən özüm heç ildə bir stəkan çay 

içmirəm. Axı, məndən çayçı olar? 

Doğrudan da, Rəşid - çayçı? 

Mən qalxıb öz otağıma keçdim. Bu dəqiqələrdə Rəşidə baxmaq mənə ağır gəlirdi. «Çoban Rəşid 

- ziyançı», «çoban Rəşid - çayçı» sözləri qeyri-şüuri olaraq zehnimdən tez-tez gəlib-keçirdi. Bir 

azdan Rəşid yanıma gəlib: 

- Qağa, - dedi, - mənə bir ərizə yaz. 

- Haraya yazım? 

- Lap yuxanya. 

Mən, kağız-qələm götürdüm: 

- Yaxşı, de görüm nə yazım?  

0, stul çəkib oturaraq dedi: 

-    Yaz  ki,  mən  çoban  Rəşid  on  iki  yaşımdan  qoyım-quzuya  gedirəm.  İndi  də  düz  yeddi  ildir 

artelin sürüsünü otarıram. Bu yeddi ildə mənim sürümdə bir quzunun da burnu qanamayıb, bir 

qoyun da qısır qalmayıb. Bəs, nə səbəbə mənə etibarsız deyirlər? Nə  səbəbə ziyançı ola bilərəm 

ki, mən gecə-gündüz əynimdən paltar çıxmasın, heyvan bəsləyim,  sonra da ziyançı olub onları 

qırım? Yaz ki, çoban Rəşid canavarları qırır, xalqın heyvanını yox. Harda görünüb ki, çoban öz 

sürüsünün qənimi olsun? 

O, bir an susdu. Sonra dərindən nəfəs alıb əlavə etdi: 

-  Onu da  yaz ki, artelin sədri  mənə deyir çayçıya kömək elə. Ancaq ölsəm də elə  iş eləmərəm. 

Çoban Rəşid hara, çayçılıq hara? Dayım Nikolay qulluqçusu olub deyən gərək mən çayçı olum? 

Bir  də  yaz  ki,  düzdür,  dayım  oxumuş  olub,  o  vaxtkı  hökumətə  qulluq  eləyib,  amma  heç  vaxt 

camaatın  haqqını  tapdamayıb.  Həmişə  kasıbın,  yoxsulun  əlindən  tutub.  Əgər,  belə  olmasaydı, 

Sovet hökuməti gələn kimi onu Qaryagin qəzasına milis naçalniki qoymazdı... 

Beləliklə, çoban Rəşid çox danışdı, dayısının o zamankı məşhur qaçaqlarla necə vuruşduğundan 

söylədi. Axırda dedi: 

-  Dayınəvəsi,  möhkəm  yaz.  Yaz  ki,  məni  yenə  də  öz  işimə  qaytarsınlar.  Mən  sürümdən  ayrı 

yaşaya bilmirəm. 

Mən Rəşidin dediklərini yazıb qurtarandan sonra təkrar üzünü 

köçürtdüm. 

... Axşamçağı evə qayıdanda, Rəşidi bizimbağçada dayanıb uzaqlara, kədərli boz səma altındakı 

təpələrə tamaşa eləyən gördüm. 

- Nə olub, Rəşid? - dedim. - Çöllərə nə həsrətlə baxırsan... Çoxdan ayrılmamısan ki... 

O, həmin təpələrə işarə ilə; 

-   Keçən  il  bu  vaxt,  - dedi,  -  biz dağdan  qayıdanda gəlib ora düşmüşdük.  İndi  baxdım, ürəyim 

birtəhər oldu. 


... Sotıra mən Bakıya gəldiyim üçün Rəşidin ərizəsinə nə cavab verdiklərini bilmədim. Ancaq hər 

dəfə şəhərdə Kürdmahmudludan bir adama rast gəldikdə, Rəşidin nə iş gördüyünü soruşurdum. 

Gah  deyirdilər  artelin  bostanlarına  keşik  çəkir,  gah  deyirdilər  dəyirmanda  durur...  Demək,  onu 

hələ də öz istəkli peşəsinə qoymamışdılar. Demək, qoyun-quzudan ötrü burnunun ucu göynəyən 

çoban Rəşid sudan ayrı düşmüş balıq kimi haralarda isə çırpınırdı. Heç kəs onu başa düşmürdü. 

...  Bir  neçə  il  bundan  qabaq  eşitdim  ki,  Rəşid  yenə  də  qoyuna  gedir.  «Nəhayət!..»  deyə  mən 

rahatlıqla nəfəs aldım. 

Bu  il  mayın  əvvəlində  isə,  bizi  Kürdmahmudlu  kəndinə  Xanoğlan  müəllimin  oğlu  Şəfanın 

toyuna  dəvət  elədilər.  Və  mən  bu  dəvəti  məmnuniyyətlə  qəbul  etdim.  Doğrusunu  deyim  ki,  bu 

səfərdə məni ən çox maraqlandıran çoban Rəşid idi. Ayrı düşdüyümüz bu uzun illərdən   sonra 

mən  onu  da,  uşaqlıqda  qaranlıq  yeraltı  damlarından  qorxub  dəhşətə  gəldiyim  Kürdmahmudlu 

qışlağını da görmək istəyirdim. Uşaqlıq   xatirələri  illər keçdikcə sanki anlaşılmaz, romantik bir 

xəyala çevrilir,  bəlkə bu ondandır ki, həmin xatirələr bir də heç bir zaman geri qayıtmayacaqdır. 

... Biz aprelin otuzunda səhər tezdən maşınla Bakıdan çıxıb Füzuli rayonuna tərəf yol aldıq. Bu il 

yaz gecikdiyindən hava boz və soyuq idi. Muğana çatdıqda (biz Bəhramtəpə yolu ilə gedirdik) 

yolun  kənarlarında  tək-tək  lalə  və  yenicə  qalxan  boz  qanqal  gördük.  Çöllər  təzəcə  göyərməyə 

başlamışdı. Biz Əli Bayramlıda Kürün təzə körpüsündən keçib yolumuza davam edirdik. Kürün 

suyu bulanlıq idi. Kür daşmağa hazırlaşırdı. Biz gecəni Sabirabadda həkim Ağabəyovun evində 

qaldıq. Hərdən kiçik hekayələri çap edilən həkim Ağabəyovun böyük kitabxanası müasir dünya 

ədəbiyyatının  ən  son  əsərləri  ilə  xeyli  zənginləşmişdi.  Muğanda  belə  bir  kitabxana  görmək 

adama  çox  xoş  gəlirdi.  Biz  həkimin  aldığı  yeni  kitablarla  tanış  olandan  sonra  televiziya  ilə 

verilən  fılmə  baxdıq.  Sonra  həkimin  çox  həssas  və  düzgün  işləyən  radioqəbuledicisini  açıb 

Moskvadan son xəbərlərə və müxtəlif ölkələrin musiqisinə qulaq asdıq. Şahmat oynadıq. Bu saat 

xaricdə  çox  dəbdə  olan  freydizm  haqqında  sohbət  elədik.  Kafkanın  və  Paustovskinin 

əsərlərindən  danışdıq.  Sonra  yataqlarımıza  uzanaraq,  Muğan  gecəsinin  məxmər  sükutu  içində 

yuxuya getdik.  

...  Səhər  yolumuza  davam  edərək  Bəhramtəpədən  keçdik.  Araz  Kürə  nisbətən  daha  coşğundur. 

Bahar  gələndə  o,  qızmış  pələngə  dönür.  İndi  onun  suyu  Bəhramtəpə  qurğusuna  özünü  elə 

qəzəblə çırpırdı ki, elə bil, bu saat hər şeyi uçurub darmadağın edəcəkdi. Lakin qurğu qayğısızca 

dayanıb  dururdu.  Bir  an  mənə  elə  gəlirdi  ki,  o,  «Xan  Arazın»  həmləsinə  baxıb  istehza  ilə 

gülümsəyir. Babalarımızın yenilməz qəhrəmannı «Sultan Araz, Xan Araz» nə qədər çırpınsa da, 

artıq kəməndə salınmışdır. O özünü Bəhramtəpə qurğusuna çırpıb nərildəyir, biz isə, yolumuza 

davam  edirik...  Haradansa,  vaxtilə  Pompeyin  gəlib  bu  yerlərdən  keçdiyi  tarix  yadıma  düşür  və 

mən dərindən nəfəs alaraq fıkirləşirəm ki, nəcib əcdadımızın sümükləri sürmə olan bu torpaq nə 

qədər zülmlərə, sitəmlərə məruz qalmışdır... Nə qədər istilaçı atlarının tapdağı olmuşdur... Lakin 

onun  çörəyi  ilə  böyüyən  igidlər  heç  bir  zaman  öz  vüqarlarını  itirməmişlər.  Polad  kimi  sınmış, 

lakin əyilməmişlər. Bu gün biz o mərd, dəyanətli babalarımızla fəxr edirik. 

Biz  yolumuza  davam  edirik.  Və  bir  azdan  Muğan  qurtarır,  Mil  çölləri  başlayır.  Göz  işlədikcə 

uzanıb gedən ucsuz-bucaqsız Mil çölləri... Torpaqdan təzə-təzə baş qaldıran, gümüşü rəngə çalan 

yovşanın sərt ətri təkrar xəyalımı çəkib uzaqlara, uzaq illərə - əsrlərə aparır. Və mən «Örənqala» 

şəhərinin  xarabalıqlarını  xatırlayıram.  Bu  acı  yovşanlı  torpağın  altında,  görəsən,  hələ  daha  nə 

qədər qədim Azərbaycan şəhərinin, qədim Azərbaycan mədəniyyətinin xarabalıqları yatır... 

Biz  iyirmi-iyirmi  beş  il  bundan  əvvəl  salınmış  üzüm,  alma,  gilənar  bağlarının,  üstü  şiferli  ağ 

evlərin  yanından  keçirik.  Bunlar  Mil  sovxozlarına  mənsubdur.  Bu  yaşıllıqlar,  bu  meşəliklər 

Arazdan  Mil  düzünə  çəkilən  böyük  kanaldan  sonra  yaranmışdır.  Deyirlər  bir  zaman  Xan  qızı 

Natəvan da Mil düzünə arx çəkdirməyə təşəbbüs etmiş və hətta, arxın müəyyən hissəsi istifadəyə 

verilmişdir.  Keçmişin  Qarabağ  qocalarından  «Xan  qızı  arxı»  sözlərini  indi  də  tez-tez  eşitmək 

olar.  Şuşa  dağlarında  bitən  bənövşələrin,  qərənfıllərin  hüsnünü,  Qarabağ  gözəllərinin  qızılgül 

rayihəsindən  də  incə  duyğularını  tərərmüm  edən  şairənin  aran  Günəşi  altında  susuz  yanan 

Azərbaycan  kəndlisinin  böyük  dərdini  elə  dərindən  duyub  dərk  etməsi  ən  böyük  hörmətə 

layiqdir.  Yadelli  işğalçıların,  qəsbkarların  cəbrinə,  təcavüzünə  baxmayaraq,  Azərbaycan  xalqı 

həmişə müdrik və işgüzar olmuşdur. Heç bir qara qüvvə onun dühasını sarsıda bilməmişdir. 



... Biz, Mil sovxozlarını ötüb keçəndən sonra Füzuli rayonunun Kürdmahmudlu kəndinə getmək 

üçün asfalt yoldan çıxıb torpaq yola düşürük. Və indi biz Qarabağda «Haramılar» adı ilə məşhur 

olan düzənliklə gedirik. Bu tərəflərdə yaşayan köçərilər yaylaqdan qayıdanda, bütün qışı qoyun 

sürülərini  burada  saxlayıb,  mayın  əvvəllərində  təkrar  yaylağa  köçürmüşlər.  Qoyunçuluqla 

məşğul olan kənd təsərrüfatı artelləri indi də belə edirlər. 

Haramılar  yaz  gələndə  dünyanın  ən  nadir  çiçəkləri  ilə  bəzənir.  Sanki  sonu  görünməyən  yaşıl 

çöllərə yüz min naxış vurmusan. Bəzən yaz günəşində alışıb-yanan lalələr üstünlük kəsb edir və 

bu zaman çəmənlər dan yeri kimi qızarır. Bəzən sarı çiçəklər başlarını qaldırıb şahanə bir qürurla 

dayanır,  o  zaman  çöllər  qızılı  rəngə  çalır.  Bəzən  süd  kimi  ağ  duman  altında  bənövşə,  çəhrayı 

güllər görünür. Nə üçün bu düzlərə «Haramılar» deyildiyini bilmirəm. Kim bilir, bəlkə vaxtilə bu 

yerlər qaçaq-quldur yatağı olub... 

Biz  Haramılarda  azmamaq  üçün  hər  yerdə  telefon  xəttini  tuş  tutub  gedirik  və  birdən  göy  bir 

«Moskviç»in toz qaldıra-qaldıra bizə sarı gəldiyini görürük. Yaxınlaşanda şofer əlini pəncərədən 

çıxararaq,  dayanmağımızı  işarə  edir.  O  da,  biz  də  dayanırıq.  İyirmi  iki-iyirmi  üç  yaşlarında 

ucaboylu, qaraşın bir oğlan olan şofer düşüb bizim maşına yaxmlaşır və «xoş gəlmisiniz» deyə 

əlini pəncərədən mənə uzadır. Mən onunla görüşərək soruşuram: 

- Hansı qohumlardansan? 

- Rəşidin oğluyam! 

- Çoban Rəşidin? 

0, gülümsəyərək başı ilə təsdiq edir. 

- Əmim (yəni, atası) dedi ki, get qabaqlarına, nabələddirlər. Haramılarda azarlar. 

Mən soruşdum; 

- «Moskviç» özünündür? 

- Xeyr, - dedi, - artelindir.  

Mən onun adını soruşdum. 

- Adım, deyə o, bir an düşündü, - adım Engelsdir. 

 Mən gülümsədim: 

- Yəqin ki, - dedim çoban Rəşid, Engelsin familya olduğunu bilməyib. 

- Yəqin ki... - deyə oğlan təsdiq etdi. 

«Moskviç» qabaqda, biz də arxada yolumuza davam etdik. Bir qədər gedəndən sonra bağ-bağat 

içində üstü şiferli hündür ağ evlər gördük. Dərin sükuta dalmış Haramılar çölündə birdən-birə bu 

cür yaşıl bağların, pəncərələrində günəş işığı əks edən ağ evlərin zahir olması mənə qəribə təsir 

bağışlayırdı.  Elə  bil  ki,  keçmiş  nağıllardakı  kimi  çöllü-biyabanda  sehrli  bir  qalaçaya  rast 

gəlmişdim. Doğrudanmı, bu, neçə illərdən bəri görmədiyim Kürdmahmudludur? 

Biz «Cin dərəsi» deyilən yeri keçib kəndə (indi bura daha qışlaq demək olmazdı) çıxdıq. Mənim 

uşaqlıqda  qorxub  içində  yatmadığım  yeraltı  qara  damlardan  heç  bir  əsər-əlamət  qalmamışdı. 

Evlərin  əksəriyyəti  ikimərtəbə  olub,  qalın  bağça  içindəydi.  Pəncərələrdən  bəzilərinə,  hətta,  tül 

pərdələr də çəkilmişdi. Mən ətrafa  nə qədər nəzər saldımsa, keçmiş  Kürdmahmudludan  heç  nə 

görmədim. Bağçalarda alma, gilənar, alça, ərik,  şaftalı ağacları çiçək açmışdı. Köndələnçaydan 

ayrılıb gələn arx boyu yeni yarpaqlamış cavan söyüd ağacları düzülmüşdü. 

Biz  kənd  orta  məktəbinin  direktoru  Xanoğlan  müəllimin  ikimərtəbəli  böyük  aynabəndli  evinin 

qabağında  dayandıq.  Evin  arxa  tərəfində  beş-altı  yüz  adam  tutan  iri  toy  mağarı  qurulmuşdu. 

Adamlar tökülüb gəldilər. Rəşidi görən kimi tanıdım.  Balaca, qara gözlərini əvvəlki kimi azca 

qıyaraq baxırdı. Bu uzun illərdə o, çox az dəyişmişdi. Çöhrəsi, əlləri həmişəkitək arıq və dəmir 

kimi möhkəm idi. Gicgahlarında tək-tək ağ tüklər görünürdü. 

Biz görüşəndən sonra mən ona müraciətlə: 

- Heç qocalmamısan, çoban, - dedim. 

0, ağappaq, sağlam dişlərini göstərərək gülümsədi: 

-  Ay  dayıoğlu,  (bu  yerlərdə  ana  tərəfdən  olan  qohumların  hamısına  «dayıoğlu»,  «dayıqızı» 

deyirlər) sənin kimi kitab yazmıram ki, - dedi, - niyə qocalıram. 

Sonra mənimlə bir cavan oğlan görüşdü. Məlum oldu ki, bu da Rəşidin böyük oğlu Yusifdir. O, 

mənimlə köhnə bir dost kimi söhbətə girişərək: 



- Neçə vaxt bundan qabaq, - dedi, - məktəbdə sizin təzə romanınızın disputunu keçirdik. 

Mən: 


- Necədir? - dedim. - Xoşunuza gəlirmi? 

-  Yaxşıdır,  -  dedi,  -  ancaq  o  arvadın  məsələsində  sizinlə  razı  deyiləm.  Necə  ola  bilər  ki,  arvad 

səni atıb başqasına getsin, sonra da qayıdıb gəlsin ki, peşman olmuşam, sən də onu bağışlayasan. 

Mən bəzi başqa oxuculardan da bu sözü eşitmişdim. 

-  Hər  bir  kəs,  -  dedim,  -  həyatında  səhv  eləyə  bilər...  Onu  bu  günahı  işlətməyə  təhrik  eləyən 

səbəbləri, onun o zamankı əhvali-ruhiyyəsini nəzərə almaq lazımdır. 

Yusif qaşlarını çataraq: 

- Nə olursa-olsun, - dedi, - ərinə xəyanət eləyib, qurtardı. Onu bağışlamaq olmaz. 

Söhbəti  çox  diqqətlə  dinləyən  Rəşid  xəfıfcə  gülümsəyərək,  oğluna  işarə  ilə  mənə  göz  vurdu: 

görürsən də... 

Sonra  biz  toyun  təqsirkarı  ilə,  yəni,  Xanoğlan  müəllimin  oğlu  Şəfa  ilə  tanış  olduq.  Şəfa  tibb 

institutunun  beşinci  kursunda  oxuyur.  Onun  nişanlısı  isə,  tibb  texnikumunu  bitirib  həkim 

məntəqəsində işləyir. 

Mən  kənd  təsərrüfatı  artelinin  sədri  Cəlildən  Kürdmahmudludan  nə  qədər  alitəhsilli  adam 

çıxdığını  soruşdum.  (O  özü  Pedaqoji  İnstitutun  biologiya  fakültəsini  qurtarmışdı.)  Gənc  sədr 

müxtəlif ixtisas sahibi olan bir sıra adam adı sadaladı. Müəllim... həkim... mühəndis... aqronom... 

onlarca mexanizator... 

Söhbətə qulaq asan yaşlı bir kişi: 

-    Qırx-əlli  il  bundan  qabaq,  -  dedi,  -  Kürdmahmudluda  savadlı  adam  bircə  sənin  baban  idi. 

Amma indi az qalıb hər evdən bir ali savadlı çıxsın... 

Əlbəttə, mən və mənim müsahiblərim bununla fəxr etməyə bilməzdik. 

Adamların  yalnız  ev-eşiyi  deyil,  geyim-kecimləri  də  mənim  uşaqlıqda  gordüklərimə 

bənzəmirdi... Hər şey o qədər dəyişilmişdi ki... 

Mən,  bütün  bunları  gördükcə,  xalqımızm  istedad  və  bacarığı  haqqında  düşünürdüm.  Bu  xalq 

tarix boyu heç bir yeniliyə, heç bir xeyirxah işə qarşı biganə qalmamışdır. Dinc, yaradıcı həyatın 

hər  bir  günü  onun  üçün  qızıl  kimi  qiymətli  olmuşdur.  Bu  xalq  tarix  boyu  zülm  və  istibdad 

məngənəsində  sıxılmasına  baxmayaraq,  dünya  mədəniyyətinin  zirvələrinə  gedən  yollarda 

yorulub  qalmamışdır.  O  böyük  mədəniyyətin  üluqlərində  bəzən  Nizami,  bəzən  Mirzə  Fətəli 

parlayaraq, Azərbaycanın harada olduğunu öz şəfəqləri ilə bütün dünyaya xəbər vermişdir. 

Çoban  Rəşid  bəlkə  də  bunların  heç  birini  bilmir.  Yeni  əsərlərin  ehtiraslı  bir  oxucusu  olan 

Yusifin, bir sıra Avropa ölkələrini gəzmiş, hətta, Kubada belə olmuş, Fidel Kastronun  nitqini öz 

qulaqları  ilə  eşitmiş  Engelsin  söhbətləri  ona  anlaşılmaz  bir  yuxu  kimi  görünür,  lakin,  o,  aşağı 

aran  çöllərində  həyatımızın  qiymətli  bir  yaradıcısı  kimi  irəliləyir.  Budur, onunla  mən  kənddən 

aralı,  torpaqdan  qaynayıb  çıxan  bulağın  yanında  dayanmışıq.  Hər  tərəf  yamyaşıldır.  Orada-

burada  sümürgən,  qatırdırnağı  çiçəkləri,  lalə,  artıq  özəkləməyə  başlayan  boz  qanqal  görünür. 

Rəşid,  adəti  üzrə,  gözlərini  qıyaraq,  mavi  göylə  düzənliyin  birləşdiyi  üfüqə  baxır.  Mən  ondan 

soruşuram: 

Bəs sürünü Haramılarda kimə tapşırıb gəlmisən? 

O, gözlərini üfüqdən çəkməyərək fıkirli halda cavab verir: 

- Yoldaşlarıma. Sonra əlavə edir: 

- Gecə gedib baş çəkmişəm. Bu gecə də gedəcəm. 

- Bəs, nə vaxt yatıb dincəlirsən? 

- Nə vaxt oldu... Çox vaxt qoyunun içində. 

- Necə yəni qoyunun içində? 

O, gözlərini üfüqdən çəkib mənə ötəri bir nəzər salaraq gülümsəyir: 

- Yapıncıya bürünüb yıxılıram qoyunun arasına. 

- Bəs, yağışda, qarda necə? 

-  Çox vaxt yağışda-qarda da heylə... Kefım istəyəndə də gəlirəm Rəbiyənin qulluğuna. (Rəbiyə 

Rəşidin arvadıdır.) 

O, bir qədər susaraq əlavə edir: 


- Qoyundan ayrı dura bilmirəm. Elə öyrənmişəm ki, bir gün iyi burnuma gəlməyəndə, darıxırarn. 

Kağız-qələmi səndən alıb yazmağa qoymasalar, necə olarsan... Mən də heylə... Mənim də kitab-

dəftərim qoyun-quzudur. Mən də onları kök, tox görəndə, ürəyim açılır. Çöllərə belə ot gələndə, 

elə  bil, dünyanı  mənə  verirlər. Bilirəm ki, heyvan örüşdən tox qayıdacaq. Sağlığına sürümdəki 

dişi qoyunlardan heç qısır qalanı olmur. Əgər, beş yüz dişi qoyunum varsa, beş yüz də quzum 

olur. Südü, yunu da onun kimi. 

Mən zarafatyana: 

- Bura bax, - deyirəm - bircə məni başa sal görüm, axı, səninlə, məsələri, fılan pis çobanın fərqi 

nədədir? 

-  Birinci  fərqimiz  budur  ki,  mən  öz  peşəmi  ondan  çox  sevirəm.  Bayaq  sənə  dedim  ki,  bir  gün 

qoyunun iyini almayanda darıxıram. Düzdür, heyvanın  insan kimi dili yoxdur... Amma hər şeyi 

başa düşür. 

Mən qəsdən ona öcəşərək: 

- Tutaq ki, - dedim, - başa düşür, nə olsun? 

- Necə nə olsun, - deyə o, təəccüblə üzümə baxdı. - Pis rəftar eləyərsən, arıqlayar, südü azalar, 

qısır qalar. Heyvan gərək sıxılmasm, sıxıldı, heç nə. Canın üçün nə qədər yorğun oluram-olum, 

lap  istəyir  on  gün  yuxusuz  qalım,  gecənin  yarısı  gərək  qoyunu  yaylıma  çıxardıb,  ta  səhər  gün 

qalxanacan otarım. 

Bütün  bu  söhbət  zamanı  məni  hər  şeydən  çox  maraqlandıran  ondakı  həvəs  idi.  Rəşid  yağışda, 

palçıqda,  istidə,  soyuqda  qoyun  bəsləməkdən  elə  ilhamla,  elə  ürəklə  danışırdı  ki,  elə  bil,  o, 

həyatda  sənin  dərk  eləyə  bilmədiyin,  nə  isə,  çox  cazibədar,  çox  şairanə  bir  sirr  var.  Bəlkə  bu, 

doğrudan  da,  belədir...  Bəlkə  də,  bu  sirri  dərk  etmək  üçün  Rəşidin  özünü  dərindən  duyub 

anlamaq  lazımdır.  O,  yağışlı,  qarlı  günlərdə  bəzən  iliklərinə  qədər  islanaraq,  yaş  paltarını 

əynindən  çıxarmağa  belə  imkan  tapmadan  yapıncısına  bürünüb  sürünün  içində  yatsa  da,  tox 

qoyunların təzə, ətirli otu gövşəmələrindən aldığı zövqü heç bir şeylə dəyişməz. 

O, ikimərtəbə, işıqlı ev tikdirib. İçini stol, kürsü, xalı-gəbə ilə bəzəyib. Gecələr radioqəbuledici 

vasitəsilə Moskvadan, Bakıdan, Tbilisidən verilən konsertlərə, hətta, ədəbi verilişlərə qulaq asır. 

Doqqıız  uşağının  hamısını  oxudur.  Kimi  görürsə,  oğlu  Engelsin  bu  il  qiyabi  instituta  daxil 

olacağından  sohbət  açır.  Demək,  çoban  Rəşid  müasir  həyatımızm  tələblərinə,  müasir 

mədəniyyətə qarşı heç də biganə deyil. Lakin, bununla belə, onun öz aləmi vardır. Və bu aləmdə 

hər  şey  -  qoyunların  doğub-törəməsi  də,  bol  yun,  süd  vermələri  də,  gecələr  sürünü  yaylıma 

çıxarmaq da onun üçün əziz və vacibdir. O, gecələr Ay işığında kiçik ağızları ilə yuxulu çiçəkləri 

qıra-qıra otlayan qoyunun  yanında dayanıb,  islıqda qədim  bir  Azərbaycan  mahnısı çalarkən  nə 

düşünür?  Bilmirəm.  Lakin  qəlbinin,  ruhunun  anlaşılmaz  bir  şeiriyyətlə  dolu  olduğuna  şübhəm 

yoxdur.  İndi  biz  bu  ucsuz-bucaqsız  düzənliyin  ortasında  dayanıb  söhbət  edərkən,  mənə  elə 

gəlirki,  o,  bizi  bəsləyən,  bizə  ət-qan  verən  bu  ana  təbiətin  mavi  göy  qübbəsinin  bir  hissəsidir. 

Bəlkə Rəşid özü də şüurunun hansı bir uzaq, irişilməz gaşəsində isə bunu hiss edir. Bəlkə onun 

ruhuna, qəlbinə hakim olan şeiriyyətin də mənbəyi budur. 

Mən ona deyirəm: 

- Eşitdim səni rayon sovetinə deputat seçiblər, təbrik edirəm. 

- Seçiblər, - deyə o, ciddi ifadə ilə cavab verdi. Sonra uzaqlara baxaraq əlavə etdi: 

- Etibar yaxşı şeydir. 

- Necə bəyəm? 

- Mənə etibar eləyiblər ki, seçiblər, elə deyil? 

- Elədir. 

-  Kişi  də  gərək  ona  olan  etibarı  cavabsız  qoymasın.  Camaat  üçün  əlindən  nə  gəlirsə,  eləsin. 

Adam istəyir ki, gücünü birə on eləsin. 

Rəşid qırıq-qırıq və adda-budda danışırdı. Lakin mən onun nə demək istədiyini başa düşürdüm. 

Başa  düşürdüm  ki,  insana  münasibətdə  ən  mühüm  məsələ  onun  zəhmətini,  iəyaqətini,  şərəfini 

qiymətləndirməkdir. Ona həqiqətən etibar etməkdir! 

Biz  bulaq  başında  söhbətdə  ikən  uzaqdan  bir  Qarabağ  şikəstəsi  qopub  gəldi.  Azərbaycanın 

məşhur  xanəndələrindən  olan  Ağabala  toy  mağarında  oxuyurdu.  Onun  səsində,  tezə-təzə  lalə 



açan bu geniş Azərbaycan çöllərinin əfsanəvi tarixi ilə həmahəng nə isə var idi. Və bu «nə isə»ni 

Rəşid  tam  aydınlığı  ilə  bilməsə  də,  hiss  edirdi.  O,  kepkasının  ardını  azca  qaldıraraq,  dərindən 

gələn bir səslə: 

- Yaxşı oxuyur, - dedi, - yaylaq yadıma düşdü. Nə üçün məhz yaylaq? 

... Səhəri gün biz Füzuliyə yola düşdük. Oranı son dəfə on beş il bundan əvvəl görmüşdüm. İndi 

də  Kürdmahmudludan  Füzuli  şəhərinə  gedən  yol  o  qədər  bərbad  idi  ki,  hər  addımda  maşının 

qabağına  bir  əngəl  çıxırdı.  Körpüsüz  arxları,  selavları  keçmək  üçün  saatlarla  vaxt  sərf  etməli 

olurduq. Sarıtorpaq yarğanlar adamın yadına keçmiş əsrləri salırdı. 

Nəhayət, çox çətinliklə gəlib çıxdıq Füzuliyə. Mayın biri olduğundan şəhərdə bayram şənliyi idi. 

Biz qəzet almaq üçün maşınımızı bir budkanın yanında saxladıq. Bu zaman yanımızdan keçən üç 

nəfər  ayaq  saxlayıb  mənimlə  görüşdü.  Onlardan  biri  rayon  partiya  komitəsinin  birinci  katibi 

Abdullayev idi. Ləyaqətlə geyinmiş, xoşsifət bir adamdır. Ona demək istəyirdim ki, yoldaş katib, 

çoban Rəşidin həyatında baş verən böyük inqilabı mən hiss edirdim. Onu da hiss edirdim ki, o, 

xalqımızın  və sizin  etibarımzı  doğrultmaq üçün daim  irəliyə, daha  böyük qələbəyə  can atır. 0, 

yorulub  yolda  qalmağı  heç  ağlına  da  gəürmir.  Lakin  Rəşidlə  sizin  kabinetinizin  arasındakı  yol 

uçulub  dağılır.  Siz  isə,  bunu  hiss  etmirsiniz.  Əgər,  sizin  kimi  məsul  yoldaşlar  o  yollara  fıkir 

versəniz,  onları  vaxtında  təmir  etdirsəniz,  yaxşılaşdırsanız,  Rəşid  də  daim  həvəsi  ilə  yaşadığı 

qələbələrə daha tez çatar. 



1965  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə