Məsiağa Məhəmmədinin “Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə qədər” əsəri haqqında bəzi qeydlər



Yüklə 37,13 Kb.
tarix02.01.2022
ölçüsü37,13 Kb.
#36944
Şəm M.Məhəm



Məsiağa Məhəmmədinin “Əfqanıstan: Sovet işğalından Amerika

müdaxiləsinə qədər” əsəri haqqında bəzi qeydlər

Şükürlər olsun uca Yaradana ki, Məsiağa müəllim, hər dəfə olduğu kimi, bu dəfə də elmi ictimaiyyəti, xüsusən də dostlarını və həmfikirlərini özünün növbəti sanballı əsəri-“Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə qədər” kitabı ilə sevindirdi.

Adətən, bir əsər haqqında danışmazdan qabaq onun müəllifini təqdim edirlər. Əslində, haqqında söhbət açacağım “Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə qədər”in müəllifi fil.ü.f.d. Məsiağa Məhəmmədini təqdim etməyə elə də ehtiyac və lüzum yoxdur. Çünki həmkarlarının və onu tanıyanların bir çoxunun ona “Ustad” deyə müraciət etməsi, öz-özlüyündə, onun elmi, arifliyi, həm də nümunəvi şəxsi keyfiyyətləri haqqında çox şeylər deyir. Məsiağa müəllim, sözün həqiqi mənasında, gözəl insandır. Hörmətli Cavanşir Yusifli onun haqqında “Bu adamı sevməyəsən, neyləyəsən” deməkdə çox haqlıdır və bu ifadə həm də Cavanşir müəllimin insan sərrafı olmasının göstəricisidir.

Əbəs yerə deməyiblər ki, “Görünən dağa nə bələdçi?” Bununla belə, biz ənənəni pozmayaq və vaxtı fövtə verməyək. Vaxt demişkən, ingilisin “Vı həv nazinq, bat taym”ı, yəni “Bizim zamandan başqa bir şeyimiz yoxdur” zərbülməsəli yada düşdü, ona görə də bir an öncə Məsiağa müəllimi təqdim edək.

Məsiağa Əhməd oğlu Məhəmmədi 1963-cü ilin 1 mayında, yəni dünya zəhmətkeşlərinin həmrəyliyi günündə Şirvan şəhərində anadan olub. Doğulduğu günün özündə də, yəqin ki, bir hikmət vardır. Bakı Dövlət Universitetinin bütün əski sovet məkanında seçilib-sayılan Şərqşünaslıq fakültəsindən fərqlənmə diplomu ilə məzun olandan sonra 1985-1987-ci illərdə Əfqanıstanda tərcüməçi zabit kimi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vuran M.Məhəmmədi, taleyini elmə bağlayıb: AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda laborant, kiçik elmi işçi, böyük elmi işçi, bölmə müdiri, direktor müavini vəzifələrində çalışıb. 2004-cü ildən həmin institutun İran filologiyası şöbəsinin müdiridir.

1991-ci ildə dünya şöhrətli şərqşünas, professor Rüstəm Əliyevin rəhbərliyi altında “Saib Təbrizinin lirikası və farsdilli poeziyada “hind üslubu” problemi” adlı namizədlik dissertasiyasını iki ixtisas (Azərbaycan ədəbiyyatı və Dünya ədəbiyyatı) üzrə müdafiə edib. Həmin tədqiqat təkcə Azərbaycanda deyil, Rusiya, Özbəkistan, Gürcüstan, İran və Almaniyada yaşayan mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Bundan əlavə, o, Nizami, Sədi, Xacu, Hafiz, Füzuli, Tərzi Əfşar, Kəlim Kaşani, Şəhriyar və s. kimi şairlərin yaradıcılığı haqqında elmi yeniliyi ilə seçilən araşdırmaların müəllifidir.

M.Məhəmmədinin elmi fəaliyyətinin mühüm bir istiqaməti də mənbəşünaslıqdır. Təvazökarlıqdan kənar olsa da, bir neçə əlyazmanı tərcümə və nəşr etdirmiş bir mütəxəssis olaraq deməliyəm ki, orta əsr mənbələri-əlyazmaları ilə işləmək hər bir şərqşünasın işi deyildir, bunun üçün hərtərəfli savad, zəhmət, erudisiya və illərin təcrübəsi lazımdır. Məsiağa müəllimin özünün də, “Mən və başqaları” əsərində çox haqlı olaraq vurğuladığı kimi, əlyazma üzərində iş (mətnşünaslıq) ideoloji qəliblər və hazır sxemlər üzrə monoqrafiya yazmaqdan daha çətindir. M.Məhəmmədi "Qızılbaşlar tarixi" adlı anonim mənbəni, Yusif Qarabağinin "Yeddi bağ" risaləsini məhz əlyazmalarından, həm də geniş şərhlərlə fars dilindən Azərbaycan dilinə tərcümə və çap etdirmişdir. Yeri gəlmişkən, haşiyə çıxım ki, orta əsr mənbəsinin şərhi olmayan tərcüməsi, Məsiağa müəllimin vaxtı ilə ustadı Rüstəm Əliyevə istinadən dediyi “özündə şey”dən başqa nəsnə deyildir. Həmçinin İmam Qəzzalinin "Kimiyayi-səadət" əsərindən müəyyən parçaların, eləcə də, Əbu Səid Əbülxeyr, Baba Kuhi Bakuvi, Şəms Təbrizi, Cəlaləddin Rumi, Şeyx Məhəmməd Xiyabani yaradıcılığından seçilmiş nümunələrin dilimizə tərcüməsi də M.Məhəmmədinin qələminə məxsusdur. O, müasir İran və Əfqanıstan ədəbiyyatından da tərcümələr etmiş, xüsusən fars şairi Söhrab Sepehridən etdiyi tərcümələr elmi-ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır

M.Məhəmmədi, 18 araşdırma, tərcümə və tərtib kitabının, 70-dən çox elmi məqalənin müəllifidir. Kitablarından 1-i, məqalələrindən isə 8-i xaricdə çap olunmuşdur. O, dünya şərqşünaslığında ilk dəfə olaraq farsdilli ədəbiyyatda “hind üslubu”nun təkamül mərhələlərini, bədii-estetik və ideoloji əsaslarını müəyyənləşdirmiş, Azərbaycan ədəbiyyatı, tarixi və fəlsəfi fikrinə dair orta əsr mənbələrindən şərhli tərcümələr etmişdir. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

M.Məhəmmədi, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu nəzdindəki FD 01.151 Dissertasiya Şurasının üzvüdür.

1992-ci ildə yaranmış Vətəndaş Həmrəyliyi Partiyasının qurucularından biri və partiyanın siyasi məsələlər üzrə ilk katibi olmuşdur. Hazırda bitərəfdir.

1993-ci ildə Qarabağ müharibəsində iştirak etmiş, “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. 1993-1994-cü illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) xarici dillər kafedrasının dosenti olmuş, “Azərbaycan” Universitetində və Bakı Dövlət Universitetində Şərq ədəbiyyatı tarixindən mühazirələr oxumuşdur. 2003-2004-cü illərdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi işlər üzrə direktor müavini işləmişdir.

2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin ekspertidir.

Mətbuat sahəsində də fəaliyyət göstərən M.Məhəmmədi, “Cahan” elmi, ədəbi və ictimai jurnalının (1997-1998), "Elita" ictimai-siyasi qəzetin (1998-1999), “Hikmət” elmi araşdırmalar toplusunun (2003-2004) və “Bakı-Təbriz” jurnalının (2006-2010) redaktoru olmuş, elmi yaradıcılıq fəaliyyətinə görə “Dünya ədəbiyyatı” jurnalının “Ustad” mükafatına layiq görülmüşdür.

M.Məhəmmədi, Sovet qoşun kontingentinin tərkibində Əfqanıstan müharibəsində iştirak etmişdir. Bəlkə də, Əfqanıstana dair çox dəyərli strateji araşdırmasının məhsulu olan “Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə qədər” əsərinin bu dərəcədə uğurlu alınmasının bir səbəbi də budur, çünki müəllif müəyyən dövrdə Əfqanıstanda baş verən proseslərin birbaşa iştirakçısı olmuşdur. Bəli, bu, bir səbəb ola bilər, ancaq, yeganə səbəb deyildir. Bizcə, səbəblər çoxdur. İlk növbədə, Məsiağa müəllim çox savadlı, zəhmətkeş, daim öz üzərində çalışan, yüksək intuisiya və erudisiyaya, intellektə və dünyagörüşə malik, hal, hadisə və proseslərin mahiyyətinə vara və onları ümumiləşdirə və qruplaşdıra bilən, dünyada gedən proseslərdən baş çıxaran, dünya və regional siyasətlərin mahiyyətini, onların səbəb və nəticələrini idrak edən, haqq ilə batil arasındakı incə pərdəni fərq edən və bütün varlığı ilə haqqın tərəfində olan və məntiqi nəticələri, həm də sadə bir dillə və özünəməxsus bir üslubla ortaya qoymağı bacaran bir alim, sağlam və geniş təfəkkür sahibi, bütöv şəxsiyyətdir. İdeya-siyasi cəhətdən yetkin olan M.Məhəmmədi, həm də sözün geniş mənasında milli və bəşəri dəyərlərə yüksək qiymət verən demokratik fikirli vətənpərvər ziyalıdır.

“Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə qədər” əsərinin məziyyətləri haqqında çox danışmaq olar. Bu məziyyətləri bütün incəlikləri ilə qiymətləndirmək, bəlkə də, mənim üçün daha asandır, çünki tale elə gətirib ki, mən də Əfqanıstan həyatı yaşamışam, orada baş verən bir çox hadisələrin şahidi və iştirakçısı olmuşam. Ədalət naminə deyim ki, dünyanın bəzi ölkəlrində yaşamış və bir çox xalqların nümayəndələri ilə ünsiyyətdə olmuş bir insan kimi, mən öz xalqım, daha doğrusu, millətim istisna olmaqla, əfqan xalqı qədər dürüst, ədalətli, haqqa yaxın, qonaqpərvər, səmimi ikinci bir xalq görməmişəm. Mən Əfqanıstana gedəndə orada artıq bir neçə il idi ki, sabitlik pozulmuşdu və müharibə gedirdi. Dünya heğemonluğuna çalışan böyük dövlətlər, eləcə də islamın düşmənləri bu ölkədə dostu düşmən, düşməni dost kimi sırımaq üçün əllərindən gələni edirdilər və yerli sadəlövh insanların bir çoxu asanlıqla bu tələyə düşürdülər. Yəni özü də fərqinə varmadan xalq mənən aşındırılır, qruplara, dəstələrə bölünürdü. Çoxsaylı müqavimət (partizan) dəstələrində və birliklərində bu, özünü daha çox göstərirdi. Bununla belə, mən orada, xüsusən hənd yerlərində heç bir qapıda qıfıl görmədim. Hər kəs evindən harasa gedəndə evin giriş qapısının önünə çəpəki bir ağac parçası qoyurdu. Bunun mənası o, idi ki, evdə heç kəs yoxdur. Mən əfqan xalqında bu dərəcədə dürüstlük və saflıq gördüm. Mövzudan kənar çıxsam da, əfqan xalqının məziyyətləri haqqında çox danışmaq olar. Bu məziyyətlərdən ən qabarığı və üstünü əfqanların inanclı, azadlıqsevər və hürr, vətənpərvər, mübariz və döyüşkən olmasıdır. Bu, həmin xalqdır ki, ingilislərin o dövr üçün ən müasir silah, sursatlarına, hərbi nizam-intizamlarına və ən əsası yürütdükləri hiylə və riya dolu siyasətlərinə baxmayaraq, ingilislərə qarşı apardıqları hər 3 müharibədə qalib gəlmiş, öz azadlıqlarını qorumuşlar. Hə, sual oluna bilər necə oldu ki, belə bir qəhrəman xalqın vətəni az qala yarım əsrdir ki, müharibə meydanına çevrilmişdir. Bu sualın elə birinci cavabı odur ki, bu xalq işğalı qəbul eliyən olmamış və deyildir. Digər səbəblər də var, məsələn, gecə-gündüz aparılan düşmən təbliğatı, parçala və hökm sür siyasəti, xalqın birliyinin, liderin və vahid komandanlığın olmaması, bəzi hallarda fərqinə varılmadan edilən xəyanətlər, bir çox fərdlərdə hələ də davam edən mədəni gerilik, savadsızlığın yuxarı səviyyəsi, tayfa-icma strukturunun üstün mövqeyi, etnik-milli rəngarənglilik və s. və ilaxir. Hə, kimsə deyə bilər ki, Sovet oranı işğal eləmişdi. Yalan söhbətdir, işğalçı Sovet qoşunları, Əfqanıstanda olduğu 10 il müddətində ən yaxşı halda ölkənin 12 %-nə nəzarət edə bilmişdir.

“Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə qədər” kitabı ilk növbədə bütün dünyada əsası XIX əsrdən başlamış və XX əsrin 70-ci illərindən bu günə qədər öz təsirini və faciələrini getdikcə daha çox hiss etdirən ictimai, iqtisadi, mədəni, mənəvi, siyasi və hərbi proseslərə, Əfqanıstanın timsalında işıq salır, onları izah edir və qlobal mənada insanları maarifləndirir. Əslində, bu əsər təkcə Əfqanıstanın deyil, bütövlükdə dünyanın, xüsusən də Yaxın və Orta Şərqin, ələlxüsus bir sıra müsəlman ölkələrinin bu günkü hala gəlmələrinin səbəb və nəticələrini, müəllifinin qələminə xas bir incəliklə şərh edir, böyük dövlətlərin kiçik dövlətlərə qarşı məkrli siyasətlərini və onların acı sonuclarını ortaya qoyur.

İkincisi, bu əsər bütövlükdə bəşər övladına, xüsusən dünyanın müəyyən regionlarını, xüsusən də müsəlmanların sakin olduqları əraziləri qan gölünə çevirən bəzi böyük dövlətlərin rəhbərlərinə ünvanlanmış və uca səslə hayqırılan bir mesajdır: ey ağalar, durun, idrak eləyin ki, biz hamımız ucu-bucağı görünməyən okeanın təlatümlü sularında səndərləyən gəminin sakinləriyik. Bu mesaj müəəlifin sağlam və alternativi olmayan düşüncəsinin nəticəsidir.

“Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə qədər” əsərindən belə bir məntiqi nəticə çıxır ki, hər bir dövlət və onun xalqı, çətin anlarda, xilqətin ona bəxş etdiyi təbii instinqlərlə toparlanmağı və vahid mənafe ətrafında birləşməyi və özünü qorumağı bacarmalıdır ki, böyük dövlətlərin siyasət və müharibə meydanına çevrilməsin. Yəni hər bir xalqın, xüsusən tarixin keşməkeşli dövrlərində ümumi milli mənafedən irəli gələn mövqeyi, birliyi, məqsədyönlü mübarizəsi olmalıdır. Heç bir tarixi şərait milləti mübarizədən və onun qələbəsindən yayındıra bilməməlidir. Ulu Atatürkün gəncliyə xitabında dediyi kimi, ey türk gəncliyi! Birinci vəzifən, türk istiqlalını, Türk Cümhuriyyətini, mütləq, mühafizə ve müdafiə etməkdir. Mövcudiyyətinin ve istikbalının yeganə təməli budur. Bu təməl, sənin, ən qiymətli xəzinəndir. İstikbalda da, səni bu xəzinədən məhrum etmək istəyəcək, daxili ve xarici bədxahların olacaqdır. Bir gün, İstiqlal ve Cümhuriyyeti müdafiə məcburiyyətinə düşersen, o zaman vəzifəyə atılmaq üçün, içinde bulunacağın vəziyyətin imkan ve şəraitini düşünməyəcəksən! Bu imkân ve şərâit, çok namüsaid bir mahiyyətdə təzahür edə bilər. İstiqlal ve Cümhuriyyətinə qəsd edəcək düşmənlər, bütün dünyada emsalı görülməmiş bir galibiyyətin sahibi ola bilərlər. Zor ve hiylə ile əziz vətənin bütün qalaları zəbt edilmiş, bütün tərsanələrinə girilmiş, bütün orduları dağıdılmış ve məmləkətin hər köşəsi əməli olaraq işgal edilmiş ola bilər. Bütün bu şəraitdən daha aydın ve daha dəhşətlisi olmak üzere, məmləkətin daxilində, iqtidara sahip olanlar, gəflət və zəlalət, hətta xəyanət içində buluna bilərlər. Hatta bu iqtidar sahibləri şəxsi mənfəətlərini, işğalçıların siyasi əməlləri ilə əlbir edə bilərlər. Millet, yoxsulluq və ehtiyac içinde pərişan ve halsız düşmüş ola bilər.

Ey Türk istikbalinin övladı! İşte, bu vəziyyət ve şərâit içinde də, vəzifən Türk İstiqlal ve Cümhuriyyətini qurtarmaqdır! Möhtaç olduğun güc, damarlarındaki əsl qanda mövcuddur!

Ancaq, təəssüflər olsun ki, təcrübə və zaman göstərir ki, bəzi məzlum xalqların ruhu və əzmi qırılmışdır. Ona görə də düşünürəm ki, təkcə türk xalqlarının deyil, bütövlükdə bəşər övladının başının tacı Atatürkün bu xitabı öz qanı içində boğdurulmağa çalışılan, xüsusən müsəlman xalqları arasında geniş təbliğ olunmalı, oradakı, xüsusən də əli silah tuta bilən hər bir vətəndaşın idealı olmalıdır. İdeal üçünsə ölməyə dəyər! Vətən, onun uğrunda ölməyə övladı varsa, Vətəndir və belə Vətən ölməzdir, həmişəyaşardır!

Əfqanıstanda baş verən və bu gün də davam edən hərbi-siyasi hadisələr və çıxılmaz kimi görünən mövcud durum, tarixdə şəxsiyyətin rolu məsələsini bir daha aydın bir şəkildə ortaya qoydu. Mən, vaxtilə Əfqanıstanda yaşamış və işləmiş, bu üzdən də az-çox məlumatlı bir şəxs kimi düşünürəm ki, çox ləyaqətli, igid, vətənpərvər və qeyrətli əfqan xalqının bağrından Heydər Əliyev kimi bir fenomen-şəxsiyyət yetişsəydi, bu ölkə az qala yarım əsrə bərabər bir müddətdə müharibənin, aclıq və səfalətin, saysız-hesabsız maddi, mənəvi və fiziki xəsarətlərin girovuna çevrilməzdi.

“Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə qədər” kitabı həm birnəfəsə və səmimiyyətlə yazılmış publisistik təkyə, həm də özündə əhatəli şərh və izahları ehtiva edən elmi əsərdir. Onun yazılmasında çox geniş, hətta məxfi mənbələrdən belə istifadə edilmişdir ki, bu, onun reallıqlıqları nə dərəcədə düzgün ifadə etdiyini göstərir.

Maraqlı burasıdır ki, müfəssəl siyasi və həm də strateji araşdırmanın nəticəsi olan bu kitab çox rahat oxunur, ən əsası isə qaldırılan məsələlər, onların mahiyyəti, səbəb və nəticə əlaqələri şox asan anlaşılır. Elə bil ki, bədii ədəbiyyat oxuyursan, ancaq oxuduqca, qəlbindən qara qanlar axır, düşünürsən ki, bizim də aid olduğumuz müsəlman dünyasının bir çox ölkəsində eyni vəziyyət hökm sürür və içindən çox səmimi “Mən bu vəziyyətdə nə edə bilərəm?” sualı doğur. Əslində, bu sualın cavabı çox çətin olsa da, Azərbaycan Respublikası dövləti onun cavabını çoxdan vermişdir. Bu cavab, bəzi böyük dövlətlərin islam və türk dünyasına qarşı pozucu və dağıdıcı siyasətlərinə, xüsusən də Azərbaycanın Dağlıq Qarabağ probleminə və torpaqıarımızın 20%-dən çoxunun işğalına ikili yanaşmalarını davam etdirmələrinə baxmayaraq, ölkəmizin alternativ olaraq multikulturalizm dəyərlərini yaşatmaqda davam etməsi, sağlam, ədalətli və dürüst mövqedə durması, çətin və keşməkeşli sülh yoluna sadiq olması, eləcə də 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməsi və “İslam həmrəyliyi oyunları”nı uğurla keçirməsindən keçir.

M.Məhəmmədinin “Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə qədər” kitabı ilə ilkin və ötəri tanışlıq insanda belə bir fikir yaradır ki, müharibənin alovlandırıldığı bütün ölkələr haqqında bu cür əsərlər yazılmalıdır. Ancaq az sonra, yəni əsərlə daha yaxından tanış olandan sonra dərk edirsən ki, ayrı-ayrı ölkələr haqqında bu səpkidə əsərlərin yazılmasına ehtiyac yoxdur, çünki “Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə qədər” kitabı o qədər müfəssəl və sanballı yazılmışdır ki, onun adındakı Əfqanıstan sözünü məzlum durumuna salınmış ölkələrin adları və içindəki tarixi şəxsiyyətlərin adlarını o ölklərdəki şəxsiyyət adları ilə dəyişsək, yetər. Yəni, müəllif burada elə güclü bir ümumiləşdirmə aparmışdır ki, əsəri oxuyan hər kəs təkcə Əfqanıstanda gedən prosesləri deyil, müharibə ocağına çevrilmiş bütün ölkələrdəki problemlərin və proseslərin mahiyyətinə vara, onları qiymətləndirə, dünyanın zalım və məzlum qütblərinə bölündüyünü dərk edə bilir.

Ən maraqlı məqam isə ondan ibarətdir ki, “Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə qədər” kitabını ürəyinin qanı ilə yazmış müəllif, nə qədər ağrı və acı çəksə də, hadisələri təsvir və şərh edərkən öz bitərəflyini qoruyub saxlaya bilmiş, etik norma və standartlara riayət etmişdir. Nəticədə, kitabda kimin haqlı, kimin haqsız olduğu barədə heç bir söz belə tapmaq mümkün deyildir. Bununla belə, dünyadan ən xəbərsiz bir şəxs belə “Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə qədər” kitabını oxusa, hər şey, yəni bu günkü narahat dünyamızın reallığı ona gün kimi aydın olar. Bu, çox böyük qabiliyyət və istedad tələb edən bir işdir. Yoxsa, Şeyx Nizami aşağıdakı beyti əbəs yerə deməmişdir:

Qol əz qonçe xəndid, dor softe şod,

Soxən, bin ke dər pərde çon qofte şod

(Gül qönçədən açıldı, dürr deşildi,

Gör ki, söz necə pərdəli deyildi.)

Mən, fürsətdən istifadə edərək, belə bir düşüncəmi də paylaşmaq istəyirəm ki, M.Məhəmmədinin “Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə qədər” kitabı bir an öncə lazımi dünya dillərinə tərcümə edilməli və beynəlxalq kommersiya kitab şəbəkələrinin əli ilə bütün dünyaya dağıdılmalıdr. Hətta bu kitabın çapında belə adıgedən şəbəkələrin məsrəfsiz xidmətlərindən istifadə etmək olar.

Sonunda hörmətli Məsiağa müəllimə-Ustada arzum budur ki, o, yaxın gələcəkdə “Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə qədər” kitabına lazımi əlavələr edərək onu “Əfqanıstan ensiklopediyası” kimi ortaya qoysun. Buna nəinki Azərbaycan, hətta dünya şərqşünaslığının çox ehtiyacı vardır. Məsiağa müəllimi yaxından tanıyan və uzun müddət onunla birlikdə çalışan və ünsiyyətdə olan biri kimi, mən bilirəm ki, onun buna geniş mənada potensialı vardır. Uğur olsun, ustad!

Şəmsi Pənahoğlu

AMEA akad.Z.M.Bünyadov adına Şərqşünaslıq

İnstitutunun elmi işçisi, fil.ü.f.d.



24.05.2017
Yüklə 37,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin