Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,54 Mb.
Pdf görüntüsü
səhifə42/54
tarix30.12.2021
ölçüsü2,54 Mb.
#18854
1   ...   38   39   40   41   42   43   44   45   ...   54
Səkkizinci fəsil 
 
Qatar vağzalda dayanıb köksünü ötürəndə zəng səsləndi. Deyəsən bu səs 
o qədər qüvvətli idi ki, dəmir yol ilə şəhər arasında olan bütün həddi-səddi 
vurub dağıtdı. Vağzal qapıları taybatay açıldı.  Əlində çamadan, bağlama, 
patefon, kitab, xurcun, kağız torba, çaydan və qeyri azuqə, qucağında uşaq 
olan, ya tamam əli boş adamlar vaqonlara sarı yönəldilər. Biletini göstərən, 
şeylərini vaqona qoyanlar elə sevinir, elə möhkəm otururdular ki, deyəsən 
ölənəcən bir daha vaqondan yerə düşməyəcəklər. 
Yola salanlar gedənlərdən çox idi. İnstitutda qış  tətili başlanmışdı. 
Tələbələr dəstə-dəstə evlərinə yola düşür, qış istirahətinin bir saatını da 
hədər keçinmək istəmirdilər. Oğlan, qız bir-birinə qarışmışdı. Görüşən, 
ayrılan kim, vidalaşan kim. 
Birinci dəfə idi ki, Rübabə Bakıdan çıxırdı. Birinci dəfə idi rayona 
gedirdi; birinci dəfə idi atasından ayrılır, "yad" bir oğlana qoşulurdu. 
İmtahan kitabçasında yazılan fənlər siyahısının qabağında boş yer 
qalmadığını görəndən sonra Vahid arxayınlaşmış, tətilə evə getməyə 
tədarük görmüşdü. Rübabə ona bir dəfə: "Getməyəcəksən!" deyəndə o uşaq 
kimi yalvardı, ailəni, xüsusilə balaca bacısını könlü istədiyini dedi. Vahidin 
bu görüşdən əsas məqsədi anası idi, ancaq ana sözünü Rübabənin yanında 
dilinə  gətirmədi. Rübabəni də qonaq çağırdı. Rübabə atasından izin aldı. 
Əslinə baxsan Vahid qonaq çağırmasa da Rübabə onunla gedəcəkdi. 
Əvvəla, ona görə gedirdi ki, rayonu, kəndi görsün, vətəni yalnız 
coğrafiyadan tanımaq, kənd həyatını hekayə  və romanlardan öyrənmək 
Rübabə üçün eyib olardı. "Kəndi qoy aqronomlar öyrənsin" deyən qızlara 
Rübabə istehza ilə baxırdı. O, öz ixtisasını, - ev tikmək, insanlara məskən 
qurmaq işini - xalqın zövqündən kənarda təsəvvür edə bilmirdi. "Biz nə 
qədər oxusaq, yenə yaxşı mühəndis xalqın özüdür. Bizim borcumuz elmin 
hökmü ilə xalqın istəyini 
  
 
 
  


291 
 
birləşdirməkdir. Tikdiyimiz binalar kəndlinin, kolxozçunun zövqünə, 
məişətinə, güzəranına uyğun olmalıdır". 
Rübabə ilə  həkim qızlar arasında mübahisə olurdu. Onların bəzisi, 
institutu bitirib kəndə getmədiyini, rayonun mədəniyyətsizliyi,  şəraitin 
pisliyi, bəzi kənd işçilərinin kobudluğu ilə  bəraətləndirirdi. Böyükxanım 
adlı bir uşaq həkimi Rübabəni sadəlövh adlandırıb gülür və deyirdi: 
- Ağzın isti yerdədir. Allah qoysa kəndə  təyin olunarsan, onda 
görərsən... Birinci həftə qapına azı bir yüz elçi gəlməsə  mənə söy! Başda 
rayon icraiyə komitəsinin sədri, ayaqda milis nəfəri, kommunxoz 
buxqalteri, məhkəmə katibi... Hərəsi elində  məktub qapına gələndə onda 
halını soruşaram. Bənd olanların əlindən çamadanını da qoyub qaçacaqsan... 
- A Böyükxanım, niyə gülməli söz danışırsan?! Rayonlarda az məsul 
qadın işçiləri var? Elə bunların hamısına məktub gəlir? Bəzi axmaqları niyə 
nümunə çəkirsən! 
Böyükxanım ciddiyyətlə başını əyərək cavab vermişdi: 
-  Əlbəttə  gəlir. Ancaq öz yerlilərinə o qədər girişə bilmirlər. Elə ki, 
qıraqdan geldi, işi bitdi. Ələ gətirməmiş qapısından çəkilməyəcəklər... 
Rübabə bu mübahisələrdə qətiyyət göstərsə də, aciz qalırdı; çünki kəndi 
görməmişdi, gəzməmişdi. Doğrudur. Rübabə onların rəyinə inanmırdı. Bu 
fıkirləri şəhər mübtəlalığı, ərköyünlük, tacir əhvali-ruhiyyəsi sayırdı. Amma 
yenə də kəndi görmək, aydın təsəvvür almaq istəyirdi. Bunun üçün münasib 
vaxt indi idi. Vahiddən gözəl yol yoldaşı olmayacaqdı. 
Bir də Rübabə şəxsən Vahidin ailəsini görməyi, onun ata-anası ilə yaxşı 
tanış olmağı çoxdan arzulayırdı. Bilirdi ki, qızın oğlana qoşulub getməsini 
söz eləyərlər. Bunları yadına salmaq istəmirdi; çünki nə öz ailəsinə, nə 
Vahidə və onun sadə atasına bunlar yaraşmazdı. 
Kəndə getməyin üçüncü səbəbi Vahiddən ayrıla bilməməsi idi. Vahid ilə 
ünsiyyəti elə yerə  gəlib çatmışdı ki, heç biri o birindən kənarda yaşamır, 
yaşaya bilmirdi. Tətil günləri tələbələrin sevdiyi, intizarını  çəkdiyi bir 
vaxtdır. Ancaq Vahiddən ayrılmaq qeydi olduğu üçün Rübabə bu günləri 
arzulamazdı. 
İllah da anasının vəfatı Rübabənin sevincinin yarıdan çoxunu itirmək 
deməkdi. Vahid de elə buna görə Rübabəni aparmaq, qüssəsini unutdurmaq 
mühitini, havasını təzələmək istəyirdi. 
  
 
  
 
 


292 
 
Vağzalda da, qohum-əqrəba yola salanda da ana kədəri Rübabəni tərk 
etmədi. Vaqonun pəncərəsindən aşağı baxanda özünə  tərəf çevrilən ata 
baxışını, qoca xanəndənin gülər üzünü, nəvazişi və  şəfqətli nəzərlərini, 
tanışların vida gülüşlərini, yaylıq oynadan əlləri gördü. Bunlar bir dəstə 
çiçək kimi sanki, pəncərəyə sarı tutulmuşdu. Rübabə baxıb fərəhlənir, uğura 
doğru getdiyinə inamı artırdı. Ancaq bu gül dəstəsinin ortası yox idi, orada 
qaralan boşluqmu idi, ya lalə sinəsinə  çəkilən dağdı, matəm  əlaməti idi? 
Rübabə o qaranlıq nöqtədən boylanan anasının solğun, həyəcanlı çöhrəsini 
gördü. Şirinxanım qızının uzaq səfərə getdiyini eşidib məzardan qalxmışdı... 
O, yenə xəstədir. Rəngi qaçmış, gözləri qızarmış, dodaqları ağarmışdı. Arıq, 
uzun və qüvvətsiz qollarını açıb zəif səs ilə yalvarır: "Qızım, Rübabə, səni 
sağlığımdakı kimi istəyirəm. Qızım, tez qayıt, qabağına gələcəyəm!". 
İncə bir riqqət Rübabənin könlünü parçaladı. Baxışını anasının xəyalı 
simasından ayırmadı. 
Səttarzadə  qızının bir nöqtəyə dikilən gözlərindən qəlbindən oyanan 
kədəri oxudu. Rübabənin ürəyindən keçənlər sanki gizli bir yol ilə onun 
qəlbinə axdı. Atanın gözlərindən axan yaş balanın yanaqlarında işıldayan 
incilərə cavab oldu. 
Rübabə vaqonun dəhlizinə  çıxıb tamaşa eləmək istəyirdi. Vahid 
stansiyaları, kəndləri, şəhərləri göstərirdi. Kürdəmirdən sonra təbiət dəyişdi. 
Boz, çılpaq, quru və  bəzən də mazutlu çöllər, təpələr  əvəzinə  məhsuldar 
torpaqlar, sıx məskənlər başlandı. Yol kənarları bağ-bağçalıq, otlaq idi. 
Naxır, sürü otlayırdı. Çaylar düzənliklərdə qıvrılaraq sakitcə axır, kəndin saf 
havası adamı  həvəsə  gətirirdi. Azuqə ilə yüklənmiş ovçular uzaqlara 
gedirdilər. Buludlu mülayim hava, qışı yox, payızı andırırdı. Bəzən açılan, 
bəzən inadkar uşaq kimi tutulan üfüqlər, ötəri səpələnən yüngül yağışlar 
sanki Vahidə, vətənin təbiəti haqqında söyləmək istəyirdi. Elə yer olmurdu 
ki, qatar dayananda Vahid düşməsin. Gah böyük və sarı heyvanlar, gah 
Şirvanın gülöyşə,  şirin nan, qırqovul, kərpic kimi camış qatığı, təndir 
çörəyi, bandaxdan kəsilmiş Gəncə üzümü... 
Rübabəni  ən çox maraqlandıran kəndlilər, yerli camaat idi. Bunların 
bəzisi qiyafəsini dəyişməmişdi, lakin çoxusu təzə dəb ilə paltar 

  


293 
 
geymişdi. Ancaq bu libas onların kənd xüsusiyyətini örtmürdü, əksinə, daha 
da qabarıq göstərirdi. Demək olar ki, onların çoxunda paltara bir laqeydlik, 
etinasızlıq gözə çarpırdı. Görürdün, gözəl və yenicə mağazadan alınmış 
kostyum geyinən bir kolxozçu unlu torbanı, ya meyvə  səbətini qoltuğuna 
vurub budur gedir. Bir başqası yun şalvarını uzun-boğaz çəkmənin quncuna 
güc ilə yerləşdirmiş, kostyum üstündən qayış bağlamışdı... 
Bunlar vaqona girəndə  nə danışdıqlanın, nə  hərəkətlərini dəyişirdi. 
Rəftarlarında sərbəstlik, təbiilik hakim idi. Öz evlərinə  gəlirmiş kimi 
arxayın, zarafatlaşa-zarafatlaşa vaqonda özlərinə yer eləyirdilər. Oturan 
kimi hamı ilə yoldaşlaşır, tanış olur, əhvallaşırdılar: 
- Əmioğlu, səfəriniz haradır, allah qoysa? 
Rübabə bunların sadəliyinə, güləşqabaqlığına baxdıqca xoşu gəlirdi. 
Vahiddən soruşurdu. Vahid onları yaxşı tanıyırdı: 
- Kəndli, - deyirdi, - çox böyük sinifdir. Qədim sinifdir. Fəhlə sinfi iki-
üç əsrlik yol gəlirsə, bunlar neçə min illərdir yoldadırlar, kəndlilər həmişə 
əkib-becərib, biçib, yığıb, xırman vaxtı isə taxılı özgəsi aparıb. Həmişə 
başlarına döyüblər. Bunlara yaz əkinçi, qış dilənçi deyiblər. Sabir bəy 
zülmünü yaxşı göstərib: 
 
Vur, vur ki, gətirınəyibdir arpa!  
İnsan dözməz bu şarpa-şarpa? 
 
İnqilabın böyük qələbələrindən biri bunların ayılmasıdır. Görürsən, 
Rübabə, onlar vaqona girəndə ev yiyəsi kimi tərpəşirlər. Keçmişdə 
vaqonlarda kəndli cınqırını çəkə bilməzdi, indi az qalırlar konduktora qanun 
öyrətsinlər. 
Rübabə xoş bir hiss ilə dedi: 
- Nə qədər sadədirlər. Camaat içində öz evlərindən, arvad-uşaqlarından 
danışırlar. 
- Onlar zəhmətlə böyümüşlər. Əmək indi onlara vacib vərdişdir. 
Ürəkləri, süfrələri, qapıları,  əlləri dilləri kimi açıqdır. Səmimiyyətləri, 
səxavətləri, qonaqpərəstlikləri, dostluqları  qəribədir. Başını  kəs, 
istədiyindən dönməz.  Ərəblər neçə  əsr babalarımızın başına qamçı, qapaz 
yağdırıb, dediklərinə inandıra bilmirdilər. Qılınc zoruna "Allahü-əkbər" 
dedirdiblər. Kəndli yaxşı başa düşür ki, "Allahü-əkbər" filan onun əkin-
tikininə faydasızdır. 
  


294 
 
Biz bunların sadəliyindəki səmimiyyəti saxlamalıyıq. Sadəlövhlük, 
avamlıq qalıqlarını isə atmalıyıq. Görürsən, ayaqqabılarını, libaslarını, 
papaqlarını  təzələmişlər. Bu asandır, başlarını  təzələmək isə mürəkkəbdir, 
çətindir. Ona görə  də ziyalılarımızın mühüm işi kənddədir. Kəndlini başa 
saldıqca, özü başlayır köhnə adətlərlə mübarizəyə! 
- Məsələ yalnız köhnəlikdə deyil. Hər köhnəni köhnə olduğu üçün 
atmaq, hər yenini yeni olduğu üçün tutmaq uşaq xasiyyətidir. Yeni 
köhnədən yaxşı deyilsə, yeniliyin mənası yoxdur. Saç burmaq, dodaq 
boyamaq Avropadan gəlmə adətdir, amma yaxşı adət deyil! Xalqın gözü 
sərraf gözüdür. Onun min illər boyu davam edib gələn yaxşı adətləri də var. 
Qocaya hörmət eləmək, qonağın hardan gəlib, haraya getdiyini soruşmaq, 
müsibətə düşən adamın başına yığılıb təsəlli vermək, kömək əli uzatmaq... 
Bunlar hamısı köhnə  şeylərdir, ancaq təki bu köhnəlik insanlarda çox 
olaydı, həmişəlik olaydı. 
- Mən köhnəlik kəndlilərin avamlığına deyirəm. Avamlıq ilə  səadət 
barışmamışdır, barışmayacaq da. 
 
* * * 
 
Rübabə Sadıq kişinin alçaq, daş hasarlı həyətinə girəndə ürəyi döyündü. 
Nabələdliyindən necə  hərəkət etmək lazım olduğunu, bu saat qabağına 
çıxacaq adamlara nə cavab verməli olduğunu kəsdirə bilmirdi. Ürəyində 
arzuladı: "Sadıq kişi özü çıxaydı!". Vahidin qolunu buraxmamışdı, sanki 
ondan kömək istəyirdi. Xəyalına gəldi ki, "kənd yeridir, söz eləyərlər". Tez 
əlini çəkdi, yavaş və müntəzir addımlarla həyətin bir tərəfində təmiz, şüşə 
pəncərələri ilə onlara baxan, qoşa sütunlu eyvanını qucaq kimi açıb çağıran, 
ikimərtəbəli evə doğru yeridi. Alt otağın böyük qapısı cırıltı ilə açıldı. Bir 
dəstə arvad-uşaq şadyanalıq ilə səslənib, gələnlərin qabağına çıxdılar. Onlar 
Vahidin  əmisi qızı Dilara, qonşu qız Gülab, Gülabın uzaq qohumu 
Bədirnisə arvad və  məhəllə  uşaqları idilər. Balaca, uzunsaç, uzuntuman, 
başmağını sürütləyən bir qız uşağı Vahidin boynuna atıldı. 
- Qağam gəldi, ay ana! 
Qabağa çıxanların arasında ortaboy, enlisifət bir qadın vardı. Görən kimi 
Rübabə tanıdı: "Odur, anasıdır". 
Qadın ağır-ağır yeriyib, Vahidin boynunu qucaqladı. Sonra Rübabəyə 
döndü. Onu diqqətlə süzdü, evə gələn bir səadət kimi, sevinc və ürəkaçıqlığı 
ilə qarşıladı: 
  
 


295 
 
- Çox xoş gəlmisən, qızım! Evim-eşiyim sənə qurbandır. 
Rübabə onun ehtiramına bircə "sağ olun!" dedi. Bunun az olduğunu hiss 
edib soruşdu: 
- Bəs Sadıq əmi hanı? 
Qonum-qonşu Rübabə ilə Fatmanın danışığına diqqət yetirirdilər. 
Xüsusilə qızlar, nabələd quş kimi geyimi, gəlişi, duruşu və danışığı ilə təzə 
görünən Rübabənin tamaşasına durmuşdular, maraqla ona baxıb 
pıçıldaşırdılar, pıçıldaşıb baxırdılar. 
Fatma qonaqlara kürsü çəkdi: 
-  Əyləşin! Oxuyanlar dünən, srağagündən gəliblər. Biz də nigaran 
qalmışıq. Pirolmuş, əl boyda kağız yazmır, demir, ata-anadır, gözü yoldadır 
axı? 
Vahid əl-üzünü yuyurdu, dəhlizdən qışqırdı: 
- Ay ana, qonağın yanında az danla məni! 
- Qonaq niyə olur, Rübabə özümüzünküdür. Sənə nə? 
- Özümüzünkü yaxşı bilir ki, mən tez-tez kağız yazıram. 
Rubabə təsdiq elədi: 
- Doğrudur, yazır. 
- Yazmağına sözüm yox, amma bir bizə də yazsın da. 
Rübabə  qızaran kimi oldu, lakin qadının söhbəti göstərirdi ki, o ayrı 
şeydən danışır. 
- Bir çamadan dəftər gətirir. Görürəm, tifıl onları bir-bir əli ilə yazır. 
Deyirəm, ay bala, barmaqların qabar olar, bu nədir? Bakı  dərsi də  ağırdı. 
Amma əl boyda kağıza nə var. Arada yazarsan. 
Vahid bacısını yanına çağırdı: 
- Necəsən, maral bacım. Böyümüsən, yaxın gəl görüm! Sənə  şəkilli 
kitab gətirmişəm. 
Fatma arvad o biri otaqda çay-çörək hazırlayırdı. Gümüş stəkanaltılarını, 
qaşıqlarını tələsə-tələsə dolabdan çıxarır, mürəbbə, gülab tədarük edirdi. 
O, qonağının, bəlkə  də  gələcək gəlininin gəlişinə son dərəcə  şad idi, 
ürəyində deyirdi: "Həyalı balamdır, qapıya gələn inək südlü-bərəkətli olar! 
Yazın sığırçını kimi uçub gəlib, qədəmi xoş olsun, ilahü". 
Vahidin başladığı  iş ata-anası üçün, xüsusilə anası üçün qorxulu bir iş 
idi. Fatma çox görmüşdü, oğlan özgə vilayətlərdə biri ilə danışır. Əvvəllər 
sözləri bir-birinə xoş gəlir, uyuşurlar, ata-ananın yanına 
  


296 
 
gəlirlər.  İki ay keçməmiş evdə  mərəkə qalxır, qohum-əqrəba bir-birinə 
dəyir, gəlin - həyasız qız isə xanimanı dağıdası olur. 
Vahidin gətirdiyi qız özünə bab idi. Sadıq kişi Bakıdan qayıdanda "Bir 
xanəndə  qızının bənd olduğunu, Vahidin də, deyəsən rəy verdiyini" 
söyləmişdi. Hətta onların evinə getdiyini, atasının nəcib adam olduğunu, 
ondan çox hörmət gördüyünü demişdi. 
Bu xəbər ana iftixarı ilə sevinən Fatmanı bir yandan da təşvişə salmışdı. 
"Zamana qızlarını tanımaq olmur. Quzu kimi uşağını lotuya rast gələr. Uzaq 
olsun! Başı pozulandan sonra Allah görsətməsin, yığışdırmaq olmaz..." 
Kişidən hey soruşdu. Qızın əsil-nəslindən, "cəld-əbasından" tutmuş gün-
güzəranına, ev-eşiyinə, boy-buxununa, pal-paltarına,  əndamına qədər, 
duruşuna, oturuşuna, dərsinə, mərifətinə, sözünə-söhbətinə, yar-yoldaşına, 
tay-tuşuna qədər hər şeyi xəbər alırdı. 
Ancaq Bakıda beş günün qonağı olan Sadıq kişi bunları bilə bilməzdi. 
Bilsə  də onda hövsələ  nə  gəzir, qıçını  qıçının üstünə qatlasın, "arvad ilə 
arvad söhbəti" başlasın. 
- Nə bilim, a rəhmətliyin qızı, adamdır də, pis olsa, gedə yaxın getməz. 
Zamana işlərini o səndən, məndən yaxşı bilir. Xeyir olar inşallah! , 
İndi daha Fatmanın nə süala-sifarişə, nə də Sadıq kişinin izahına ehtiyacı 
qalmışdı. Bacasından ay düşmüş - gəlini öz ayağı ilə gəlib çıxmışdı. Fatma 
Rübabənin gözəlliyinə sevindi, çünki o, qız üçün gözəlliyi  şərt sayan 
analardan idi. Oğlunu evləndirmək fikirlərilə uğraşanda bu etiqadı daha da 
bərkimişdi. El arasında gözəlliyə uymağı pis sifət sayırlar, misallar çəkirlər. 
Amma Fatma ağıllı olsa da, çirkin qızların çoxunu ocaq başında qalan 
görmüşdü. Fatma arvad da öz gəlini haqqında tələbkar olacaqdı, kamal 
cəhətinə  bəlkə  də güzəştə gedərdi, amma çirkinliyinə yox. "Kamalı 
qazanmaq olur. Sovet hökuməti məktəblər açıb, çobanları dağdan aparıb, 
dörd-beş ildə oxumuş eləyir, yola salır. Qız uşağını da öyrətmək, 
isinişdirmək olar. Amma çirkinin əlacı yoxdur, hökumət də düzəldə bilmir. 
 
Göz-qaşını min bəzə,  
Biməzəsən, biməzə! 
  


297 
 
Bir də  zəmanə  qızları açıqdırlar: "Bacı, - deyirdi, - oğlan ki, yastıq 
yoldaşını kifir gördü, gözü qıraqda olacaq. Qırağa baxan göz də çaş bitər. 
Axırı düzəlməz. Brilyant kimi qız olmasa Vahidi adaxlamaram. Qoy ayı 
qucağında görsün, ulduza baxanda gözü qamaşmasın". 
Rübabə bu tələblərə münasib idi. Ucaboy, qaraqaş, alagöz, güləş-qabaq, 
gərdənli, durna kimi! 
Bu təsvir Fatmanın xəyalından keçəndə ixtiyarsız dili tərpəndi. Səs ilə 
dedi. Vahid ona yanaşıb pıçıltı ilə soruşdu: "Ana, durna kimə deyirsən?". 
Fatma oğlunun üzünə baxdı, hər ikisi gülümsədi. 
Göyün bir yeri top düşmüş dam kimi sökülmüşdü. Ağ, seyrək buludları 
aralayaraq, günorta günəşi oradan düz Sadıq kişinin eyvanına, əlində güllü 
çaynik dayanıb dəmləyən Fatmaya baxırdı. Fatma çayniki samovarın başına 
qoyub dayandı, üstünə tikmə dəsmal saldı. Gözünü göylərə dikdi. O, fəzada 
günəşi yox, arıçı evinə gəlin gələn Rübabəni görürdü. Rubabə sanki qəsdən 
eyvanın qənşərində dayanıb gülümsəyir, salam verirdi. Fatma sükutu ilə, 
müntəzir duruşu ilə işıqdan və təbəssümdən kiçilən gözləri ilə ona xoşgəldin 
edib içəri qayıdır, analıq sandığını onun "mübarək qədəmlərinə" tökmək 
istəyirdi... Bu sandıqda Fatma arvadın nəyi yoxdur... 
Hələ  oğlu bir yaşa çatmamış, sünnət toyunda kirvənin gətirdiyi 
töhfələrdən tutmuş bu günə  qədər  əlinə keçən qiymətli,  əziz nə varsa 
hamısınm üstünə sanki qızıl su ilə "Vahid" yazılmışdı. Belə  əziz-girami 
oğulun nişanlısı quru evə gəlməməli idi. Bunun üçün Fatmanın hər tədarükü 
var idi. Ağır sandıq seçmə parçalarla dolu idi. Bacı mənə bax, qayçıkəsməz, 
gendədur,  şəmsiqəmər, qaymağıxara, gülməxmər, naz-naz örpək, 
tirməkürdü, güləbətin, zərxara... 
Körpəsini  əlində oynadan zamanlar Fatma nəzərində Vahidi böyüdüb 
gənc bir oğlan eləyər, həmin parçaları geyinən yaraşıqlı bir gəlini onun 
qabağında, fərş döşənmiş zalda süzdürərdi. Qızın qızıl  ətəklikləri xoş  və 
xəfif gülüş kimi səslənər, döşündə babaxanası parıldar, təsəkqabağı yenicə 
doğmuş ay kimi cilvələnərdi. Oğlan buxara papağını  çıxarıb mıxdan asar, 
qollarını dala əyib, çuxasını soyundurmağı  tələb edər, qızüzəncirli saatını 
taxçaya qoyar, arxalığının ögənini qatlayar, bardaş qurub oturar, əl suyu 
istərdi... 
Bunlar indi Fatmaya nə qədər köhnə gəlirdi. Utandığından bu arzularını 
dilinə gətirmirdi. Vahid indi komsomol oğlandır. Mühəndislik 


298 
 
oxuyur. Qələmi, ağlı-kamalı ilə tanınır. Adaxlısı da özü kimi, "Arıçı  oğlu 
Vahid incinar". Fatma bu xəyaldan sonra dayanar, ürəyində deyərdi: "Belə 
də olarmış!.. Nişanlısı da özü kimi!.." 
Fatmaya heç kəs dərs verməmişdi. Heç kəs sandıqdakı parçaları, təsək-
məsəyi, çadra-çarşabı pisləməmişdi. Ancaq nədənsə bunların hamısı onun 
gözündən düşmüşdü. Gəncliyində, qocalıq günlərinin şadlığı, dincliyi üçün 
yığdığı bu şeyləri xəyalına gətirəndə məyus və narahat olurdu, övladı üçün 
elə bir aqibət hazırladığına xəcalət çəkirdi. 
Rübabə gələndən sonra Fatmanın sevinci, təlaşı daha da artmışdı. Uzun 
illərdən bəri gözlədiyi oğul toyu, gəlin gətirmək mərasimi çatmışdı. Xəyal, 
arzu yox, həqiqət olmuşdu. Öz-özünə deyirdi: "Hanı  sənin tədarükün, 
incinar oğula layiq işlərin hanı? Rübabəyə paltolar gərəkdir, sən çaşıb 
saxlamısan. Kostyumlar əvəzinə kürdü almısan. Ağır sandıqların, yüngül 
mücrülərin nəyə lazımdır?.. Kitab şkafları, yazı cihazları, stullar, bufet, 
patefon, belə-belə şeylər gərək..." 
 
* * * 
 
Sadıq kişi Məşədi Qasımla gəldi. Xoş-beşdən, Səttarzadə haqqında 
əhval soruşandan sonra oğluna döndü: 
- Sizin dalınızca çıxmışdım. Son maşın da gəldi, yəqin elədim ki, sabaha 
qaldınız. 
Vahid nəqliyyat ittifaqının maşını ilə yox, ayrı maşınla gəldiklərini dedi. 
Sadıq kişi həmişəki kimi Bakıdan, qəzetlərdən soruşmamış özü söhbətə 
başladı: 
- Məşədi ilə aşağı düşmüşdük. Bakıdan gələn vardı. Nağıl hazırlığına. 
- O nə deməkdir? 
Yığırlar, zaqatovka gedir. Deyir, hərə gerək nağıl borcunu versin. 
Vahid dedi: 
- Siz necə, borcunuzu verdiniz, ya yox? 
- Mən başlasam kağız, mürəkkəb çatmaz. Gedin dedim, özüm Bakıya 
gələcəyəm. 
- Bakıda nə tapacaqsan onları? 


299 
 
- Mən niyə, onlar tapacaq. Şuşada gəlib tapan, Bakı  qəsdinində  məni 
tapmaz? 
Rübabə dedi: 
- Əmi, mehmanxana adı çəkmə, evimizə nə gəlib? 
- Məsəl deyirəm də. 
Vahid kişinin sayıq salmaq istədi: 
- Evinizi o nağıl hazırlayana tanıtsanız, özünüzü də nağıla düzər... 
Sadıq sözü dəyişdi: 
- İstəyirik artel düzəldək. 
- Nə arteli? 
- Fermadır, nədir, arıçılıq barədə. 
- Haqqın yolunu tapdınız axırda. Xahiş eləyən çoxdurmu? 
- Vardır, var bir yeddi-səkkiz nəfər. Binasını qoyandan sonra dalısı 
gələcək. 
Rübabə söhbətə qarışdı: 
- Arılar çoxdanın artelidirlər, bir işləyir, bir də yeyirlər. 
Sadıq kişi öz hünərindən söhbət düşınüş kimi arılardan həvəslə deməyə 
başladı. 
- Onların aləmi var, qızım. Böyüyün sözünə baxmağı, ağzıbir olmağı, 
tənbəli cərgədən çıxarmağı, qənaəti, təmizkarlığı... nəyini deyim, çox pak 
heyvandır. Təki biz insanlar çox şeyi onlardan öyrənəydik! 
Vahid dedi: 
- Ata, onların şüuru yoxdur. Nə eləyirlərsə... 
Bu söz Sadıq kişinin xoşuna gəlmədi: 
- Şüur nəyə deyirsən? Bişüur o adama deyərəm ki, iki əli ilə bir başını 
dolandırmır. Sən onların mərifətinə bax! Ananın başı ağrıyanda hamısı yas 
saxlayır, Özgəsinin başını yarmaq, tikəsini  əlindən almaq üçün olan şüur 
nəyə lazımdır? O şüur deyil, zülmdür. Müsəlman şüuru... 
- Şüuru yaxşı işlərə sərf etmək olar. 
- Arılar eləyir də... Mən də onu deyirəm... 
Sadıq həvəslə anların  əmək bölgüsündən, yazbaşı qaynayan 
həyatlarından söhbət elədi. Sonra dedi: 
- Danışın görək, cavanlar, sizlərdə nə var, nə yox, a Vahid! O nədir, o 
mərdimazar oğlu Gəldiyev yenə oralardadır? 


300 
 
* * * 
  
Bu yerlərin nə gözəl gecələri var! Xüsusilə, qışda hava qaranlıqlaşan, 
çıraqlar işaran kimi tərəddüd kəsilir. Hər  şey istirahət sükutuna batır. Ay 
aşağıdan, dağlar ardından, Araz üstündən qalxanda, yuyunmuş kimi 
tərtəmiz, gümüş  bədəni ilə görünəndə, bütün aləmə - evlərə, həyətlərə, 
küçələrə, dərələrə, təpələrə, düzlərə, dağlara ağ bir örtük çəkilir. Hər  şey 
yatır, dünya xəlvət görünür. Ay səssiz yerişi ilə sanki qalxmaq, göylərin üst 
qatında, piləkli, abı  gərdəyin dalındakı yatağına girmək üçün tələsir. 
Tamaşadan doymaq olmur. Ancaq ayazdır. Fatma arvad Rübabəni səsləyir: 
- Qızım, özünü soyuğa verərsən ha! Bakıya ağlın getməsin. Bura dağ 
yeridir, ayaz kəsir! 
Rübabə içəri qayıdır. Otaqda adam xarici aləmi, sükutu, soyuğu tamam 
unudur. Üzlərdə  şənlik, deyib-gülmək, çalıb-çağırmaq həvəsi görünür. 
Səkkiz gündür ki, Rübabə  gəlmişdir. Bunun beşini kənar evlərdə, 
qonaqlıqlarda keçirmişdir. Vahidin qohumları, dostları növbə ilə onları 
çağırırlar.  Şirin söhbətdə keçən gecələrin xoş  dəqiqələrindən ayrılmaq 
olmur. Ev sahibi gecə qonaqları buraxmır. Səhər çayını da orada içirlər. 
Rübabə cürbəcür insanlar ilə tanış olur. Həkim Böyük-xanımın söhbətini 
xatırlayır. "Bunlar hamıyamı, həmişəmi belə hörmətlidirlər? Bəs yalanmı 
deyirdilər? Bəlkə mənə hörmətləri Vahidin xatirinədir?" 
Vahidin xatirinə  də olsa, elin adeti də olsa, bu ehtimalın hər ikisi 
Rübabəyə xoş idi. 
 
* * * 
 
Bu səhər Vahid Rübabəni Cıdır düzünə tamaşaya aparmalıydı: 
- Rübabə, - dedi, - buraların tamaşalı vaxtı bahardır. Söz ver ki, yayda da 
gələrsən.  İstəyirəm bu düz, bu dağlar al-əlvan geyinəndə, Qarabağın esil 
xanəndələri şeyda bülbüllər səs-səsə verəndə baxasan... 
Rübabə dedi: 
- Baharda, gül-çiçək açılanda çox yer gözəl görünür. Ancaq zəngin 
təbiət qışın qış vaxtında da seçilir. Bu kəmər dağlar, şiş qayalar, 
  


301 
 
günün altında parıldayan təmiz, sədəf qar, bu dərələr, hamısı zehnimdə 
qalacaqdır, unudulmayacaqdır. 
Onlar uşaq sanatoriyasının yanından diklənib düzə çıxdılar. Əl ağacına 
söykənərək, yavaş-yavaş yeriyirdilər. Rübabə Vahidin qolunu buraxmırdı. 
Addımbaşı dayanıb  ətrafa,  şəhəri üzük qaşı kimi əhatə edən qarlı dağlara, 
sıldırım qayalara baxır, buranın nə üçün Qala adlandığını düşünürdü. 
Qayalar içində, qaya biçimində tikilən xan evləri, sanki buzdan sürüşüb 
düşməmək üçün divara yapışmışdı. Vahid böyük bir şairin cəzalandığı yeri, 
xanın qəzəb yerini Rübabəyə göstərdi. Divar kimi dik təpədən göz işlədikcə 
baxırsan, dərənin təki görünmür. Daş tullayıb qulaq asırsan. Bir dəqiqədən 
sonra quyudan gələn kimi səsi eşidirsən. 
- Xanın daş  qəlbi varmış! Adamların qolu dalısına bağlanar, dərəyə 
atılarmış. 
Rübabə bu söhbəti eşidə bilmədi. Əlini ürəyinin başına qoydu. Ayağının 
altındakı sərt qayalara, daşlara, quru kollara, buzlamış qumlara baxdı, sanki 
onların  şahidliyini soruşurdu. Onlardan səs çıxmırdı. Qış günəşi isə  ağır-
ağır əsrlik təmkinilə qalxır, şəhərin üstündən ötür, getmək istəyirdi. Bu da 
həmin günəşdir. Bu da xanın, xaqanın cəza dəstələrini görmüş, 
"müqəssirlər" fəryadını, yetimlər naləsini dinləmişdir... 
Rübabənin xəyalına gəldi ki, meşə ilə bu təpə yapışmalı, bu məzar 
dəstəsini örtməli idi; heç olmazsa qanlı qətllərə təbiət mane olaydı! 
Vahid dedi: 
- Eh, Rübabə, insan çox qəddar olmuşdur. Öz həmcinsini məhv etmək 
üçün, o vasitə tapır. Bu dərəyə baxanda yadıma böyük, lakin bədbəxt bir 
sənətkar düşür. Simnarı,  şahın tələbi ilə  Xəvərnəq sarayı tikən ustanı 
deyirəm. Onu öz əsəri ilə  məhv edirlər: tikdiyi uca sarayın başından yerə 
atırlar. 
- Onun təqsiri nə idi? 
- Təqsiri onun qabiliyyəti idi. Daha yaxşı saray tikmək, hünərini 
artırmaq meyli idi. Şah paxıllıqdan elədi, istəmədi ki, ayrı adamda da gözəl 
mülk olsun... Nizami sənətkarın faciəsini ürək ağrısı ilə təsvir etmişdir. 
Rübabə  dərənin o tayında, lap aşağıda qarda yüyürən bir adam gördü. 
Qarlı günlərdə ətraf kəndlərdən ova çıxan çox olur. Kəklikdə 
  


302 
 
qəribə bir axmaqlıq var. Adamı görən kimi uçub qaçmır, başını qara soxub 
arxayın dayanır. 
Yüyürən adam doğrudan deyəsən quş tutmuşdu. Nə isə çantası ilə 
əlləşirdi. Meşədən pırıltı ilə bir dəstə kəklik uçdu. Güllə elə şaqqıldadı ki, 
deyərdin, dağlar yarıldı, təzədən dərələr açıldı. Bir kekliyin özünü yerə 
çırpdığını Rübabə gördü: "Ovçular nə imansız olurlar..." 
Onlar  şəhərə  tərəf enəndə Muşu kəndi tərəfdən gələn ovçular ilə 
qabaqlaşdılar. Ortayaşlı, başlıqlı plaş geymiş birisinin sol böyründə bir 
dəstə başı kəsilmiş quş vardı. Ovçu Rübabənin dayanıb mərhəmət hissi ilə 
baxdığını duydu: 
- Qızım, - dedi, - ürəyiniz yuxa olur, bilirəm, amma bunlar bizim üçün 
yaranmışdır. 
Bunu dedi, çantasından bir turac açıb Vahidə verdi. Vahid götürmək 
istəmədi. Ovçu təkid elədi: 
- Al deyirəm sənə! 
Rubabə dedı: 
- Nahaq vurursunuz bu yazıqları. Bunlar dağlar üçün yaranıblar. 
Ovçu dedi: 
- Biz də "dağ başına" qoymaq üçün vururuq. 
- Bilirsiniz bunun yamacda uçması nə gözəldir? 
- Buludda olması da yaxşıdır, plov buludunda! 
- Qarlı dağdan pırıldayıb uçması adama ləzzət verir. 
- "Yağlı dağın" başında oturmağı da adama dad verir. 
Rübabə ovçunun üzünə baxıb gülümsədi. Vahid quşu aldı. 
-  Ay Rübabə, - dedi, - söz güləşdirmə. Sən romantiksən, bunlar yeddi 
arxadan realistdirlər! 
 
 
  


303 
 

Yüklə 2,54 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin