Ədəbiyyat tariximizdən bizə məlumdur ki, bir şeiriylə, hətta
bir beytiylə də yaddaşlara əbədi həkk olunan şairlər olub, tam
səmimiyyətimlə deyirəm, bu illər ərzində heç nə yazmamış
olsaydınız, təkcə “Gədəbəydədir” şeiriylə ədəbiyyat tariximizdə
əbədi yaşamaq haqqı qazanardınız. Qara sazın yaddaşına köçən
şairlər ölmür, İlyas müəllim! Vaqiflər, Vidadilər, Xəstə Qasımlar,
Səməd Vurğunlar kimi!
Şairin kimliyi, şəxsiyyətini görmək və duymaq istəyirsənsə
onun doğulduğu torpağı yaxından tanımaq gərəkdir. Bu fikri
hansı alim səsləndiribsə çox düzgün fikirdir. Mən İlyas Tapdıqla
onun doğulduğu torpaqda, yer üzünün həqiqi cənnəti Gədəbəydə
bir neçə dəfə olmuşam. Ona görə deyirəm ki, İlyas Tapdığın
yaradıcılığı bizə təbiət qədər əzizdir.