42
Tofiq Məsim oğlu Qasımov
may 1992 ‐ 26 iyun 1993
Azərbaycan xalqının XX əsrin sonlarında apardığı müstəqillik uğrunda
mübarizənin rəhbərlərindən, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından
biri T.Qasımov olmuşdur.
Tofiq Məsim oğlu Qasımov 1938‐ci il aprelin 10‐da Azərbaycan
Respublikası Ağdaş rayonunun Ləki kəndində anadan olmuşdur. O, 1955‐ci
ildə 22 №‐li Ağstafa dəmiryol orta məktəbini bitirmişdir. 1955‐ci ildə
Azərbaycan Dövlət Universitetinin fizika‐riyaziyyat fakültəsinə daxil olmuş və
1960‐cı ildə həmin Universitetin fizika fakültəsini nəzəri fizika ixtisası üzrə
bitirmiş, təyinat əsasında Azərbaycan Respublikası Elmlər Akademiyasının Fizika İnstitutunda işə
başlamışdır. Orta məktəbdə və Universitetdə dərs əlaçısı, Universitetdə Stalin təqaüdçüsü olmuşdur.
Aspiranturanı Leninqrad şəhərində A.F.İoffe adına Fizika‐Texnika İnstitutunda «Bərk cisimlərin
nəzəriyyəsi» laboratoriyasında bitirmişdir. 1969‐cu ilin aprel ayında Leninqrad şəhərində SSRİ Elmlər
Akademiyasının Yarımkeçiricilər İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək fizika‐
riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır.
Elmi rəhbərliyi altında Fizika İnstitutunda üç namizədlik, bir doktorluq dissertasiyası müdafiə
edilmişdir. 25 ümumittifaq və beynəlxalq elmi konfransda elmi məruzələrlə çıxış etmişdir. 100 elmi
məqalənin müəllifidir. Onlardan 20‐si Azərbaycanda, 80‐i isə xarici jurnallarda çap olunmuşdur. 1987‐ci
ildən siyasi fəaliyyətə başlamışdır. Elmlər Akademiyasının bir qrup əməkdaşı ilə birlikdə əvvəlcə “Bakı
Alimlər Klubu”nu yaratmışdır. Onun və digər qurumların əsasında sonradan Azərbaycan Xalq Cəbhəsi
təşkil edilmişdir. AXC‐nin Təşəbbüs qrupunun və ilk idarə heyətlərinin üzvü, sədrin xarici əlaqələr üzrə
müavini, AXC Məclisinin üzvü olmuşdur. 1989‐cu ildən başlayaraq deputatlarla iş aparmaq üçün
dəfələrlə Moskvaya SSRİ Ali Sovetinin sessiyalarına ezam olunmuşdur. Baltik ölkələri xalq cəbhələri,
Rusiya, Ukrayna və Belorusiya xalq hərəkatlarının nümayəndələri və xalq deputatları ilə sıx əlaqə
saxlamışdır. Müstəqil Litva Ali Məclisinin 1‐ci sessiyasında çıxış etmiş və AXC adından müstəqillik
gününü təbrik etmişdir. Litva Xalq hərəkatı “Saydis”in qurultayının iştirakçısı olmuşdur.
Moskvada demokratik hərəkat və təşkilatlarının birləşdiyi “Qrajdanskoe deystvie” (Vətəndaş
hərəkatı) təşkilatının Ali Şurasının üzvü seçilmişdir. 1990‐cı ilin iyun ayında Praqada “Demokratiya i
nezavisimost” (Demokratiya və müstəqillik) beynəlxalq təşkilatının konqresində İdarə Heyətinə üzv
seçilmişdir. Moskvada Kremlin “Manej” meydanında keçirilən antikommunist mitinqlərində dəfələrlə
iştirak etmiş və nitq söyləmişdir.
1990‐cı ilin fevral ayında Moskvaya ezam edilmiş və 100‐dən artıq xarici agentlik nümayəndələri
və müxbirlərlə görüş keçirərək 20 yanvar qırğını barədə geniş məlumat vermiş, Qorbaçov başda olmaqla
SSRİ rəhbərliyinin cinayətkar olduğunu dünyaya bəyan etmişdir. Azərbaycan Respublikası Ali
Sovetində 23 sentyabr 1989‐cu ildə qəbul edilmiş “Azərbaycan Respublikasının Suverenliyi haqqında
Konstitusiya
Qanunu”nun
müzakirəyə
çıxarılmasının
təşəbbüskarlarından
olmuş,
onun
hazırlanmasında Xalq Cəbhəsini təmsil etmiş, fəal iştirak etmiş və həmin qanunu Ali Sovetə təqdim
etmək də ona tapşırılmışdır. «QKÇP» dövründə Rusiya Federasiyası Ali Sovetində və demokratik
təşkilatlarla iş aparmaq üçün Moskvaya ezam edilmiş və danışıqlar aparmışdır. AXC‐də «QKÇP»‐ni
qanunsuz dövlət çevrilişi cəhdi kimi pisləyən bəyanatın qəbul edilməsinin təşəbbüskarlarından
olmuşdur.
1991‐ci ilin fevral ayında Azərbaycan Respublikası Ali Sovetində yaradılmış “Müstəqil
Azərbaycan” deputat blokunun sədrlərindən biri idi. Əvvəllər Azərbaycan Respublikası Ali Sovetinin
Dövlət Quruculuğu komissiyasının üzvü, sonra isə sədri olmuşdur. Azərbaycan Respublikası Milli
Məclisinin yaradılması ilə Dövlət Quruculuğu və Hüquq Siyasəti komissiyasının sədri seçilmişdir.
1991‐ci il oktyabrın 18‐də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan edilməsinin
təşəbbüskarlarından və Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya aktının
müəlliflərindən biridir.
43
1992‐ci ilin may ayında Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini icra edən
Azərbaycan Respublikası Ali Sovetinin sədri, ölkənin ilk qeyri‐kommunist rəhbəri İsa Qəmbərin fərmanı
ilə xarici işlər naziri təyin edilmiş və 1993‐cü ilin iyunun 26‐dək bu vəzifədə çalışmışdır. Bu müddətdə
Azərbaycanın 150‐yə yaxın xarici ölkə ilə diplomatik əlaqələri qurulmuş, bəzi böyük dövlətlərin
Azərbaycanda, Azərbaycanın bu dövlətlərdə səfirlikləri açılmışdır. Diplomatik dərəcələrə dair qanunlar
qəbul edilmişdir.
1994‐cü il mayın 31‐dək Milli Məclisin Dövlət Quruculuğu və Hüquq Siyasəti komissiyasının sədri
vəzifəsini aparmışdır. Mayın 31‐də Azərbaycan Respublikası Milli Məclisinin üzvlüyündən azad
edilmişdir. 1995‐ci il parlament seçkilərinədək Azərbaycan Respublikasının millət vəkili olaraq
qalmışdır. 1995‐ci ilin avqustundan Müsavat Partiyası Məclisinin və Divanının üzvü olmuşdur.
Xarici işlər naziri işlədiyi müddətdə Azərbaycanın MDB‐yə daxil olmaması haqqında Milli Məclisin
qərar verməsinə, Qəbələ Radiolokasiya Stansiyasının bağlanması haqqında qərar vermək məqsədilə
komissiya yaradılmasına baxmayaraq, Rusiya ilə normal münasibətlər qurulmasına səylər olundu,
dövlətlərarası müqavilə imzalandı və bununla da Rusiya Azərbaycanın müstəqilliyini rəsmi surətdə
qəbul etdi. 1992‐ci il oktyabrın 12‐də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq,
əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalandı. Lakin bu müqavilə ratifikasiya edilmədi.
T.Qasımov ABŞ Dövlət Departamentində dəfələrlə, bir dəfə Pentaqonda, bir neçə dəfə Konqresdə
görüşlər keçirmiş və danışıqlar aparmışdır. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması haqqında
ATƏM çərçivəsində danışıqlar prosesi bərpa edildi və Azərbaycanın dövlət mənafeyinə uyğun şərtlərlə
aparılmağa başlandı.
Azərbaycan ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı, Asiya
və Sakit okean Əməkdaşlığı Təşkilatiına və bir çox digər təşkilatlara üzv oldu.
Azərbaycan bir çox beynəlxalq konvensiyalara, o cümlədən İnsan haqları bəyannaməsinə, Cenevrə
konvensiyasına, Nüvə silahlarının yayılmaması haqqında konvensiyaya qoşuldu. Kimyəvi və
baktereoloji silahların qadağan olunması haqqında konvensiyaya T.Qasımov imza atmışdır.
BMT‐nin 47‐ci Baş Assambleyasında iştirak və məruzə etmişdir.
BMT Baş Katibi ilə Azərbaycanda BMT‐nin nümayəndəliyinin açılması haqqında sazişi
imzalamışdır. Azərbaycan nümayəndə heyətinin başçısı kimi BMT‐də əsas dövlətlərin və təşkilatların
təmsilçiləri, Assambleyada iştirak edən 25 dövlətin xarici işlər nazirləri və 5 dövlətin prezidentləri ilə
ikitərəfli görüşlər keçirmişdir.
1992‐ci il noyabr ayında ABŞ‐ın əsas sığorta təşkilatı olan OPİC‐lə «Azərbaycana sərmayə qoyacaq
şirkətlərin və sərmayəçilərin iqtisadi risklərinin sığortalanması» haqqında sazişi imzalamışdır. ABŞ
Ticarət Palatasının sədri ilə görüş keçirmişdir. İki ölkə arasında Azərbaycanın bəzi şərtlərini nəzərdə
tutan yeni ticarət müqaviləsi imzalamaq təklif olunmuş, bir müddət sonra amerikan tərəfi buna razılıq
vermiş və xarici işlər nazirinin ABŞ‐a ikinci səfəri zamanı bu müqavilə imzalanmışdır.
1992‐ci il mayın 22‐25‐də Lissabonda Avropa Birliyinin «Yeni yaranmış Müstəqil Dövlətlərə İqtisadi
Yardım Proqramı»nın müzakirə edildiyi sammitdə çıxış edərək «bu gün bizə iqtisadi yardımdan daha
önəmlisi Avropa Birliyinin bizim əsas problemimiz olan ʺErmənistanın Azərbaycana təcavüzü və
ərazilərimizin işğal edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası» probleminin həllində yardım
etməsidir» söyləmiş və Avropa Birliyindən bu istiqamətdə dəstək istəmişdir.
Lissabon sammitində iştirak edən ABŞ Dövlət Katibi cənab Beykerlə görüş zamanı ondan
Azərbaycanın haqq işinin ABŞ tərəfindən dəstəklənməsini, ATƏT çərçivəsində Ermənistan‐Azərbaycan
münaqişəsinin həlli istiqamətində dayandırılmış danışıqların davam etdirilməsinə yardımçı olmasını, bu
münaqişənin Rusiyanın mənafeyinə xidmət etməsi səbəbindən onun səylərinin neytrallaşdırılmasını və
problemin həllini ABŞ‐ın öz üstünə götürməsini Azərbaycan dövləti adından xahiş etmişdir. Cənab
Beyker ABŞ‐ın problemə ciddi yanaşdığını və bu istiqamətdə gərəkli addımlar atılacağını, yalnız
Azərbaycan tərəfinin də atəşkəsin saxlanmasına çalışmasını rica etmişdir.
ABŞ‐ın təşəbbüsü ilə ATƏT çərçivəsində danışıqlar prosesinə başlanmış və danışıqlar Azərbaycanın
maraqlarına və ATƏT‐in Minsk qrupunun mandatına uyğun aparılmışdır. ATƏT‐in mandatına əsasən
münaqişənin tərəfləri Azərbaycan Respublikası və Ermənistan Respublikası, Dağlıq Qarabağın
44
azərbaycanlı əhalisi və erməni icması isə iki maraqlı tərəf kimi göstərilmişdir. İcma nümayəndələrinin
işçi qrupların və Minsk qrupunun toplantılarında iştirak etmək və öz fikirlərini söyləmək hüququ olsa
da, səsvermə hüququ olmamışdır.
Kəlbəcərin işğalına qədərki danışıqlarda ATƏT‐in mandatına uyğun olaraq Minsk qrupunun
vəzifələri əsasən aşağıdakılardan ibarət idi: Şuşanı erməni yaraqlılarından təmizləmək, dinc əhalinin
daimi yaşayış yerlərinə dönməsini təmin etmək və oraya beynəlxalq nəzarətçilər gətürmək; Laçını
erməni silahlı dəstələrindən təmizləmək, dinc əhalinin daimi yaşayış yerlərinə dönməsini təmin etmək
və oraya beynəlxalq nəzarətçilər gətirmək; Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra Minsk
konfransını çağırıb Dağlıq Qarabağın statusu məsələsini müzakirə etmək.
1993‐cü il fevralın 29‐da Romada ATƏT çərçivəsində aparılan danışıqların ikinci mərhələsinin
yekunu olaraq ATƏT çərçivəsində bir komissiyanın yaradılaraq «Dağlıq Qarabağda yerləşdirilmiş ağır
silahların mənşəyinin araşdırılması və onların yararsız hala gətirilərək məhv edilməsi haqqında» sazişi
xarici işlər naziri T.Qasımov və Ermənistan xarici işlər nazirinin birinci müavini Libaridyan
imzalamışlar. Sonradan danışıqlar İsveçin Cenevrə şəhərində daha iki mərhələdə davam etdirildi. Bu
danışıqların nəticəsində Şuşa və Laçının erməni silahlı dəstələrindən təmizlənməsi və dinc əhalinin
daimi yaşayış yerlərinə dönməsi şərtləri razılaşdırıldı və yeganə mübahisə obyekti kimi Laçın dəhlizinin
statusu məsələsi qaldı. Ermənistan tərəfi bu dəhlizin beynəlxalq nəzarətə verilməsinin, Azərbaycan
tərəfi isə bu dəhlizin Azərbaycanın nəzarətində olmasının, dinc erməni vətəndaşlarının və humanitar
yardımların sərbəst buraxılması öhdəliyinin qəbul edilməsinin tərəfdarı idi.
Roma və Cenevrədə aparılan danışıqlarda Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri
başçılıq etmişdir. Danışıqların üçüncü mərhələsinə başlamaq üçün Cenevrədə olan Azərbaycan
nümayəndə heyəti erməni və rus birliklərinin Kəlbəcər rayonunu işğal etdikləri xəbərini aldı.
Azərbaycanın BMT‐dəki daimi nümayəndəsi H.Həsənova BMT Təhlükəsizlik Şurasının sədrinə
təqdim ediləcək sənəd göndərildi. Ertəsi gün H.Həsənov sənədi Təhlükəsizlik Şurasının sədrinə təqdim
etdi. Beləliklə, 1993‐cü il aprelin 6‐da Ermənistan‐Azərbaycan münaqişəsinin tənzimlənməsi məsələsi
böyük zəhmət nəticəsində BMT Təhlükəsizlik Şurasının icraatına verilmiş oldu. Məsələ Təhlükəsizlik
Şurasına verildikdən sonra aprelin 8‐də T.Qasımov Nyu‐Yorka getmişdir. Həmin gün Təhlükəsizlik
Şurasının sədri pakistanlı cənab Makoverlə görüşüb məsələnin Təhlükəsizlik Şurasının növbəti
toplantısının gündəliyinə salınmasını rica etmişdir. Təhlükəsizlik Şurasının daimi və keçici üzvləri olan
ölkələrin təmsilçiləri ilə görüşlər keçirərək problem barədə ətraflı məlumat verib onlardan dəstək
istəmişdir. BMT Baş Katibi və BMT yanındakı təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilmişdir.
T.Qasımov 1993‐cü il aprelin 27‐28‐də yenidən Təhlükəsizlik Şurasının bütün üzvləri ilə təkrar
görüşlər keçirib onların razılığını almışdır. Aprelin 29‐da Təhlükəsizlik Şurasının toplantısı keçirilmiş və
aprelin 30‐da BMT Təhlükəsizlik Şurasının 822 №‐li qətnaməsi dünyaya bəyan edilmişdir. Qətnamədə
erməni silahlı qüvvələrinin Azərbaycanın bütün işğal etmiş ərazilərini dərhal və qeyd‐şərtsiz
boşaltmaları tələb olunmuşdur.
BMT Təhlükəsizlik Şurasının 822 №‐li qətnaməsinin icrası istiqamətində ilk addım olaraq ATƏT
çərçivəsində Finlandiya nümayəndəsinin başçılığı ilə 60 nəfərdən ibarət müşahidəçi dəstəsi hazırlandı.
Sonra Kəlbəcərin erməni yaraqlılardan təmizlənməsi haqqında saziş imzalandı. Sazişi Ermənistan
prezidenti Ter‐Petrosyan mayın 8‐də, Azərbaycan prezidenti Əbülfəz Elçibəy isə mayın 12‐də imzaladı.
Sazişə görə Kəlbəcər bölgəsi iyunun 14‐dən 29‐a qədər erməni silahlı dəstələrindən təmizlənməli, dinc
əhali daimi yaşayış yerlərinə dönməli və oraya beynəlxalq müşahidəçilər gəlməli idi. Lakin Gəncədə 4
iyun hadisəsi səbəbindən Azərbaycan tərəfi onların təhlükəsizliyinə təminat verə bilmədiyindən
tezləşməsini tövsiyə etdi. Lakin bu istəyə nail olunmadı.
T.Qasımov 1993‐cü il iyunun 26‐da xarici işlər naziri vəzifəsindən azad edilsə də, Milli Məclisin
komissiya sədri kimi çalışmış, bir sıra qanunların hazırlanması və qəbul edilməsində fəaliyyət
göstərmişdir. Daha sonra o, siyasi‐ partiya və elmi fəaliyyətlə məşğul olmuşdur. T.Qasımov Türkiyənin
müxtəlif elmi mərkəzlərində, universitetlərində və beynəlxalq proqramlarda çalışmışdır.
45
T.Qasımov xarici işlər naziri kimi Türkiyə, İran, Rusiya, Böyük Britaniya, ABŞ və s. ölkələrin rəsmi
dövlət və hökumət adamları ilə görüşərək ikitərəfli münasibətlərin qurulması və inkişafına dair
danışıqlar aparmışdır.
Dostları ilə paylaş: |