Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Laborator müşahidə - eksperimental situasiya müşahidə olunur. Müşahidənin nəticələri
qeydə alınır. Bu zaman protokoldan, qeydiyyat və yazılardan istifadə olunur. Tez-tez
müşahidəçi xüsusi müşahidə cədvəli hazırlayır və burada müşahidə vahidlərinin qeydiyyatını
aparır. Müşahidə aparılıb qurtarandan sonra müşahidə vahidləri statistik cəhətdən işlənir və
təhlil olunur. Şagirdin dərsdə yoldaşına müraciət etməsinin sayı, tənəffüsdə yoldaşları ilə
kontaktı, dərsdə aktivliyi (əlini qaldırması və s.) müşahidə vahidləri kimi nəzərdən keçirilə
bilər. Deməli sosial psixologiyada müşahidə vahidləri dedikdə fərdin qrupdakı davranışının
müxtəlif formaları nəzərdə tutulur. Müşahidə zamanı müşahidə vahidlərinin düzgün seçilməsi,
qarşıya qoyulan məqsədə nə dərəcədə uyğun olması alınmış nəticələrin keyfiyyətinə təsir
göstərir.