İran iqtisadiyyatının inkişafında .ölkənin beynəlxalq əmək böl-
güsü sistemində müstəmləkə istismarı səciyyəvi amil olmuşdur və bu
amilin təsiri ayrı-ayrı inkişaf dövrlərində müxtəlif olmuşdur. Ölkənin
müstəmləkələşdirilməsi onun milli iqtisadiyyatında kapitalist
bünövrəsinin formalaşmasına səbəb olmuş, dünya ticarət əlaqələrinə
cəlb olunmasına imkan yaratmışdır.
İqtisadi cəhətdən İran inkişaf etməkdə olan ölkələr qrupunda
orta mövqe tutan dövlətlərdən biridir. XX əsrin 60-cı illəri İranın
iqtisadi inkişafında mühüm dövr sayılır, çünki həmin illərdən ölkədə
neft çıxarmanın sürəti artmağa başlamışdı. Bu vəziyyət eyni zamanda
İranın inkişaf etmiş ölkələrdən və dünya bazarından asılılığını da ar-
tırırdı. 1979-cu il inqilabından sonra İran rəhbərliyi başqa ölkələrdən
iqtisadi asılılığa son qoyan tədbirlər həyata keçirməyə başladı. Lakin
1980-1988-ci illərdə İraq – İran müharibəsi ölkənin iqtisadi inkişafını
iflic vəziyyətinə saldı. Ölkə iqtisadiyyatına 700 mlrd. ABŞ dolları
həcmində ziyan dəydi. Müharibə nəticəsində emaledici sənaye
sahələrinin istehsal avadanlığının 60 faizi sıradan çıxmış və ölkə
büdcəsinin 40 faizi hərbi xərclərə sərf olunmuşdu.