Milli Kitabxana



Yüklə 9.66 Kb.
PDF просмотр
səhifə1/16
tarix08.12.2016
ölçüsü9.66 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   16

__________________Milli Kitabxana_________________
1

__________________Milli Kitabxana_________________
2

__________________Milli Kitabxana_________________
3
BƏXTİYAR VAHABZADƏ
SEÇİLMİŞ
ƏSƏRLƏRİ
İKİ CİLDDƏ
I CİLD
"ÖNDƏR NƏŞRİYYAT"
BAKI-2004

__________________Milli Kitabxana_________________
4
Bu kitab "Bəxtiyar Vahabzadə. Əsərləri" (I-III cildlər, Bakı,
"Azərbaycan", 2001-2002; IV-VI cildlər, Bakı, "Çaşıoğlu", 2002-2003)nəşrləri
əsasında təkrar nəşrə hazırlanmışdır
Ön sözün müəllifi:
Çingiz Aytmatov
Tərtib edəni və redaktoru:
Azər Bağırov
894.361'1 - dc 21
AZE
Bəxtiyar Vahabzadə. Seçilmiş əsərləri. İki cilddə. I cild (Şeirlər). Bakı, "Öndər
nəşriyyat", 2004, 328 səh.
Bəxtiyar Vahabzadə yaşayan, döyüşən, səfərbər edən və Vətən, xalq qarşısında öz
tarixi  vəzifəsini  yerinə  yetirən  çağdaş  Azərbaycan  poeziyasının
görkəmli
nümayəndəsidir. Elinə, torpağına, kökünə bağlılıq, təkrarsız, fərdi, milli çalar Bəxtiyar
şerini  artıq  müasir  poeziyamızın  tarixi-bədii  faktına  və  hadisəsinə  çevrilibdir.  O,
poeziyamızı  dövrün  ağır  sınaqlarında  qoruyub  saxlamağı  bacaran,  "öz  sinəsində  hər
zərbəyə açıq, dərisi soyulmuş ürək gəzdirən" həqiqi milli şairdir.
Əsrin Şərq və dünya şeir prosesi məcrasında Azərbaycanı Bəxtiyar Vahabzadənin
poetik söz dünyası ləyaqətlə təmsil edir.
Oxuculara  dəyərli  hədiyyə  olan  bu  kitabda  xalq şairinin  seçilmiş  şeirləri
toplanmışdır.
ISBN 9952-416-10-4
© "ÖNDƏR NƏŞRİYYAT", 2004

__________________Milli Kitabxana_________________
5

__________________Milli Kitabxana_________________
6
"YARADIBDIR İNAM MƏNİ,
MƏN İNAMIN ÖVLADIYAM"
Bu misralar Bəxtiyar Vahabzadənindir.
Öz şair çağdaşın haqqında mühakimə yürütmək - o, çoxdan tanınmış məşhur söz ustası olsa
belə - həmişə mürəkkəb və məsul işdir. Bir həqiqəti təsəvvür etmək çətin deyil ki, klassikləri
yalnız keçmişdə axtaranlar çağdaşın barədə deyəcəyin tutarlı fikirlərə dodaq büzüb,  çiyin çəkə
bilər. Buna  görə  də,  istər-istəməz  işə  ehtiyatla  yanaşmağı  vacib  bilirsən.  Xoşbəxtlikdən,  elə
hallar  olur  ki,  heç  nə  ilə  hesablaşmadan,  çəkinmədən  öz  çağdaşın  haqqında  ürəkdolusu,  açıqca
fikrini bildirirsən ki, buna da məsələyə hamburqsayağı yanaşma deyərlər.
Bu  yaxınlarda  Bəxtiyar  Vahabzadənin  yeni şeirlər  kitabını  oxudum.  Şeirlər  ruscada  böyük
heyranlıqla oxunur. Həmin şeirlərdə zaman yaşayır - bizim qayğı "yükümüzə" tab gətirən, dərd-
sərimizə şərik  olan,  qoynunda  yaşadığımız  zaman!  Şeirlərin  qüdrəti  də  məhz  bundadır.  Eyni
sistemə  daxil  olan  türk  mənşəli  dillərimiz  bir-birinə  yaxın  olduğuna  görə  azərbaycanlılar  məni
çox  asanlıqla  inandırırlar  ki,  indiki  dövrdə  Bəxtiyar  Vahabzadənin  yaradıcılığı  orijinalda  milli
poetik fikrin ən böyük nailiyyətlərindən biridir. Zəngin Azərbaycan ədəbi ənənələri müqabilində
bu  cür  nüfuz  və şöhrət  qazanmağın  çox-çox  çətin  olduğunu  asanca  təsəvvürümə gətirirəm.
Bununla  belə,  unutmaq  olmaz  ki, ənənələr  yalnız  və  yalnız  müasirliyin  gərdişində,  yeni
yaradıcıların yeni sözündə yaşayır:
Yaşamaq yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa, yaşamır demək,
Onun da həyatı yanmağındadır!
Şeir sənəti barədə mühakimə yürüdərkən, biz tez-tez "poeziyanın sehri", "poeziyanın sirri",
"poeziyanın musiqisi"  ifadələrini  işlədir,  adətən  anlaşılması  asan  olmayan,  predmeti  dəqiq
müəyyənləşməyən qeyri-adi məfhumları, duyğuları açmağa çalışırıq.
Şerlərin fövqəltəbii stixiyası ilham pərisinin qüdrətindədir və bu da gözəldir ki, hər kəs, hər
bir  qabiliyyətli  adam  onlan  oxuyanda  həyəcanlanır,  belə  anlarda  özünü şair  hesab  edir.
Poeziyanın  "sehrli  atributları"  o  zaman  intəhasız  kamilliyə  qadir  olur  ki, şeir  yaradanın  fitri
istedadı, mənəvi təcrübəsi başlıca rol oynasın. Çünki, on yeddi yaşlının poetik ehtizazı və vəcdi
ilə yetkin adamın fikir və hissləri arasında fərq böyükdür. Tarix "ələyinin" dibində qalan inciləri
-dünyanın poetik söz antologiyasını vunderkindlər /onların dühasını inkar etmirik/ deyil, zəngin
mənəvi  təcrübəyə  malik  olan  qüdrətli şəxsiyyətlər  yaratmışlar.  Dünya  mədəni  irsinə  Qərbdə
Homerdən  Puşkinədək, Şərqdə  Füzulidən  Səməd  Vurğunadək  neçə-neçə  nəsillərin  təxəyyül
qüdrəti və təcrübəsi sərf olunmuşdur.
"Bizim müdrik, ağsaçlı
Qəhrəman elimiz var.
Bizim qoç Koroğlumuz,
Bizim Nəsrəddinimiz,
Bizim Füzulimiz var!"
Vallah, bunu çox dedik
Billah, bunu çox dedik.
Keçmişin kölgəsində
Ağzımızı havaya
Açıb yatmaq istədik...
Ancaq bunu bilmədik:
Köhnə hava içində
Ürək susur, boğulur.

__________________Milli Kitabxana_________________
7
Kölgədə yatanların
Öz kölgəsi yox olur...
("Bəsdir!")
Poeziyanın  meyarı  hər şeydən  əvvəl  sənətkarın yetkinlik  meyarıdır,  onun  kollektiv  təcrübəmizlə
həmahəng olan fəlsəfi və mənəvi müdrikliyinin meyarıdır və bundan sonra şəxsiyyətin harmoniyası, epitetlərin
gözəlliyi  və  daha  sonra  dövrün  əsən  yellərinə  istedad  yelkəni  ilə  sinə  gərmək  bacarığı  gəlir.  Dövrlər  dəyişir,
ömür keçir, lakin həqiqi sənət, dünyanı bizim üçün əbədi, həmişəyaşar varlığa çevirir. Əlbəttə, söhbət insandan
- bütün əsrlərdə İnsan olmaq eşqi ilə yanmaqdan gedir.
Bəxtiyar  Vahabzadənin  "Bir  gəminin  yolçusuyuq"  (1983)  kitabında  toplanan əsərlərinin  demək  olar  ki,
hamısında mən qüdrət, aydınlıq və müdriklik görürəm. Şairin təlatümü, inkar və təsdiqi söz oyunundadeyıl, ali
ehtirasdan, "əks-sədalıqdan", qəlb inamından doğur. Bizi əhatə edən aləmdə hər nə varsa, şairi dərindən-dərinə
düşündürür;  xeyirlə şəri,  gözəlliklə  eybəcərliyi,  böyüklüklə  kiçikliyi,  bir  sözlə, insan  ruhunun  ali  və  xırda
duyğularını poeziya səviyyəsinə qaldırmaq ehtırası Bəxtiyarın fitrətindədir. Mütəfəkkir sənətkarın, ustad şairin
başlıca  qayəsi,  uğuru  da  bundadır.  Qadın-kişi  ünsiyyətindən  doğan əbədi mövzu  onun  qələmində  təzələnir,
sevgilisindən  küsənin  nisgili,  qəribəlikləri  və  bunun  əksinə,  misralarda  yaşayan mərdanə  dözüm  və  vəfalılıq
bizi gözlərimiz yaşarıncaya qədər kövrəldir, çünki şair hamıya doğma olan bu əzablı-işıqlı münasibətlərdə sözə
sığışmayan ilahi duyğuları sehrlə "ovlaya" bilir.
Bəxtiyar  Vahabzadə  hamımıza  xas  olan  bu  ehtiraslardan  birbaşa  zaman,  məkan  və  fəzanın mücərrəd
aləminə, bizim günlərin həyəcanlarına - dünyanın nüvə təhlükəsinə körpü-fikirlər, körpü-obrazlar atır, yenidən
hər birimizə, bütün  nəsillərə, yenidən İnsana, öz qonşusuna, onun od-ocağına və bundan sonra bütün  Kainata
üz  tutur. Yaradıcılıgının çiçəklənmə  və  müdriklik  dövrünə  qədəm  qoyan  böyük şairin ölçüsüz  istedadı  bar
verir,  beləcə,  inkişaf  edir.  Zənnimcə,  oxucuların  çoxu  bu  gün  özünü,  öz  dünyasını,  öz  hiss  və  həyəcanlarını
Bəxtiyar poeziyasında tapa bilər.
Vahabzadənin poetik təfəkkür  mədəniyyəti təbiətcə  millidir. Bu,  mustəsna dərəcədə zəruri  haldır ki, sən
övladı  olduğun  xalqın nitq  hissəsində  fel  olmağı  bacarasan,  xalqının canlı  dil  memarlığına  öz  töhfəni verə
biləsən.  Bununla  yanaşı,  Vahabzadənin  poetik  təfəkkür  mədəniyyəti daha  üstün  mahiyyət  kəsb  edir  və
millilikdən  ümum-bəşəri səviyyəyə qalxır.  Milli  və  beynəlmiləl  münasibətlər  problemi  günümüzün  canlı
mübahisələrə  çevrilən  məsələlərindən  biridir  və  bu  problem  dünya  ədəbiyyatında  öz  mütərəqqiliyini,
obrazlılığını,  nadir əhatəliyini və məhsuldarlığını  bir  daha  Vahabzadə  yaradıcılığında  tapır. İndiki  halda,  sən
azərbaycanlı şairi oxuyanda dünyanı oxuyursan.
Bundan  başqa,  mən  Vahabzadənin  görkəmli  sənətkar - şair  üstünlüklərini,  çox  güclü  cəhətlərini  qeyd
etmək  istərdim.  Lirizm  və  vətəndaşlıq Bəxtiyarın yaradıcılığında  ayrılmaz  qoşa  simlərdir  və  bu  simlər  onun
şəxsi  və  ictimai  dünyagörüşünün  qüdrətinə  bir  daha şəhadət  verir.  O,  vətənpərvərdir,  o,  aqildir,  sözün  yaxşı
mənasında nəsihətverən, yolgöstərən sənətkardır. Vahabzadənin başqa kamil cəhətlərindən biri də odur ki, şair
öz əsərlərində tarixi müasirlik qədər yaşada bilir. Keçmişə görə əzab çəkmək, ona bu günün gözüylə baxmaq -
Bəxtiyarın mövzu dairəsinin genişliyindən, mürəkkəbliyindən və zənginliyindən xəbər verir.
Sultanlar milləti qorxuda bildi,
Doğru danışanı asdılar dardan.
Qızıl saraylarda fərman verildi
Tarix gəlib keçdi ac komalardan.
("Topqapı sarayı")
Tarix çoxdan ötüb keçib. Nə haqlılar qalıb, nə haqsızlar. Adama elə gələ bilər ki, keçmiş "fəna mülkünə"
qərq olubsa, əzab çəkməyə dəyməz. Lakin Bəxtiyar tarixi bu günün gözüylə mühakimə edir, bizi inandırır ki,
bunun  bilavasitə  ona  və  müasirlərinə  dəxli  var.  O,  bizi  inandırır  ki,  indiki  zamanın taleyi  keçmişdən  asılıdır.
Əgər  tarixin  təkəri  geri  dönsə,  keçmiş  hökmdarlar,  sultanlar  "Doğru  danışanı  asdılar  dardan"  misrasına,  odlu
sarkazma,  qəzəb  və  nifrət  toxumu  səpdiyinə,  komalarda  tarix  yaradanlara  məhəbbət  bəslədiyinə,  öz  xalqının,
öz millətinin kökünü yaşatmaq cəhdinə görə şairi amansızcasına cəzalandırardılar.
...Dünyada ad çıxaran çox şair var. Qəzet və jurnalları vərəqlədikcə görürsən ki, əsl şair azdır. Tək-tənha
qalanda,  bir  neçə  kəlmə  ilə  "Həyat  nədir?"  sualına  cavab  axtaranda  yalnız  sözü  fikirdən,  obrazdan,  ruh  və
nəfəsdən  yoğrulmuş  həqiqi şairlər sənin  yaşamaq eşqinə, düşüncələrinə qol-qanad  verir. Müasirimiz  Bəxtiyar
Vahabzadə belə şairlərdəndir.
"Yaradıbdır inam məni, mən inamın övladıyam..." Məncə, bu  misralar şairin yaradıcılığı üçün çox rəmzi
və xarakterikdir. Bəxtiyar Vahabzadə öz möhtəşəm poeziya məbədini ucaltmaqdadır. O qüdrətlidir. Bu məbədi
ucaldan əllər mahir və qadir əllərdir. Bu əllərin qoyduğu özül  möhkəm və gözəldir. Oxucu bu  məbədi tez-tez
ziyarət etməlidir.
Çingiz Aytmatov

__________________Milli Kitabxana_________________
8
ANA DİLİ
Dil açanda ilk dəfə ana söyləyərik biz,
"Ana dili" adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.
Bu dil, - bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil, - bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil, - tanıtmış bizə bu dünyada hər şeyi.
Bu dil, - əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.
Bizim uca dağların sonsuz əzəmətindən,
Yatağına sığmayan çayların hiddətindən,
Bu torpaqdan, bu yerdən,
Elin bağrından qopan yanıqlı nəğmələrdən,
Güllərin rənglərindən, çiçəklərin iyindən,
Mil düzünün, Muğanın sonsuz genişliyindən,
Ağ saçlı babaların əqlindən, kamalından,
Düşmən üstünə cuman o Qıratın nalından
Qopan səsdən yarandın.
Sən xalqıının aldığı ilk nəfəsdən yarandın.
Ana dilim, səndədir xalqın əqli, hikməti,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə yol açan Füzulinin sənəti,
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu
Tarixi varaqlanır,

__________________Milli Kitabxana_________________
9
Səndə neçə min illik mənim mədəniyyətim,
Şan-şöhrətim saxlanır.
Mənim adım, sanımsan,
Namusum, vicdanımsan.
Millətlərə, xalqlara xalqımızın adından
Məhəbbət dastanları yaradıldı bu dildə.
Moskvada Puşkinə heykəl qoyulan zaman,
Ona abidə qoydu bu dildə Şirvani də.
Bu dil, - tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil, - əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub nəsillərə biz də hədiyyə verək.
Ey öz doğma dilində danışmağı ar bilən,
Bunu iftixar bilən
Modalı ədəbazlar
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Qoy bunlar mənim olsun.
Ancaq Vətən çörəyi,
Bir də ana ürəyi
Sizlərə qənim olsun.
Noyabr 1954
TƏKLİK
Xəyal gah dağdadır, gah da aranda,
Gah göyə yüksəlir, gah enir insan.
Otaqda bir saat tək oturanda,
Yüz ilin dərdiylə yüklənir insan.
Elə bil divarlar gəlir üstünə,
Qulağın səslənir, qəlbin döyünür.
Alışıb yanırsan sən öz tüstünə,
Nidalar gözündə suala dönür.

__________________Milli Kitabxana_________________
10
İnsanı tez yorar düşüncələr də,
Verib nəfəsini dərd udar insan.
Özündən başqası olmayan yerdə,
İnsan olduğunu unudar insan...
Bir günəş bəs edər, pərişan olma,
Sənin yüz Kür qədər göz yaşın olsa.
Min dərd hücum etsə, könül, sıxılma,
Bir nəfər dərd bilən sirdaşın olsa.
Dünyaya gəlmədik biz əbəs yerə,
İnsanıq, insan da bizə gərəkdir.
Bağatək qınına çəkilənlərə
Ürək nə gərəkdir, dil nə gərəkdir.
Çay çaya qovuşmaz sular daşmasa,
Ulduzun ulduzla ünsiyyəti var.
Göydə buludlar da qoşalaşmasa
Nə ildırım çaxar, nə yağış yağar...
Yol tapa bilərmi saz ürəklərə,
Mizrab asta-asta telə dəyməsə?
Çıxarmı qönçədən tək bircə kərə,
Bülbülün nəfəsi gülə dəyməsə?
Öz el-obasını tərk etdiyindən,
Tək-tənha dolanır bayquş bu gün də.
Kolların dibində tək bitdiyindən,
Boynu bükük olur bənövşənin də.
Od vurmasa, qabda su daşa bilməz,
Quş da tək qanadla dağ aşa bilməz.
Kösöyün ikisi çöldə də yanar,
Biri ocaqda da alışa bilməz.
Qəlbimdə min sözüm, min söhbətim var,
Mən deyim, siz deyin, dil yorulmasın.
Yığılın, yığılın başıma, dostlar,
Mənim bir günüm də sizsiz olmasın.

__________________Milli Kitabxana_________________
11
Dostların qəlbidir yurdum, məskənim,
Ürəkdə bir nisgil gərək olmasın.
Sağlığım bir yana, a dostlar, mənim;
Soyuq məzarım da heç tək olmasın!
Mart, 1956
DAĞDA ŞƏLALƏ KİMİ
Bir rəngi yox, göylərin min rəngini sevirəm
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uca dağ istəyirəm,
Həyatı həyat kimi yaşamaq istəyirəm.
Göydə qürub çağı da, dan yeri də gözəldir.
Həyatın sevinci də, kədəri də gözəldir.
Həyat - bir cıdır düzü, bir döyüş meydanıdır.
Hər kəsi öz cürəti, öz qüdrəti tanıdır.
İnci üzə çıxarmı çalxalanmasa ümman?
Bu meydanda heyif ki, daim eniş axtaran,
"Azca aşım, ağrımaz başım" - deyənlər də var.
Kədərdəki nəşəni, zövqü anlamayanlar
Həyatın nəşəsindən, fərəhindən nə anlar?
Hər kədəri səadət, hər sevinci qəm izlər.
Əsl könül həm qəmi, həm sevinci əzizlər.
Təlatümsüz ürəklər qovuq kimi boş olur.
Daim sevinc axtaran daim qəmə tuş olur.
Düşmənəm yaltaqlanıb təpəyə dağ deyənə.
"Bu dünyada birtəhər qoy yaşayaq", - deyənə,
Ah, birtəhər!.. Lüğətə bu söz hardan gəlmədir?
Yaşamaq yaşamaqdır! Bəs bu birtəhər nədir?
Mən düşmənəm, düşmənəm belə "ölü canlara",
Gündən qaçıb həmişə kölgə axtaranlara...
Onlar ortada yeyib, qıraqdasa gəzdilər,
Namusu xərcləməkdən onlar çəkinməzdilər.
Onlar orta yol tutub nə "hə", nə də "yox", - dedi.
Havaya nə "istidir", nə də ki, "soyuq", - dedi.

__________________Milli Kitabxana_________________
12
Onlar ölçüb-biçdilər hər bir şeyi dərindən.
Özgəsini qorxudub hürkdülər özlərindən.
Onlar qazdan ayıqdı...
Onlar havaya baxdı...
Gah yağışa, gah qara,
Gah qışa, gah bahara,
Gah axşama, gah da ki, səhərə dəm tutdular.
Özlərini düşünüb özgəni unutdular.
Səslərdən səs aldılar, öz səsləri olmadı.
Yaşadılar ölü tək, nəfəsləri olmadı...
Getdilər iş dalınca, ürəkləri getmədi...
Gəzdilər... Hey gəzdilər.
Ayaq səslərinisə tək özləri eşitdi,
bir kimsə eşitmədi...
Atlarını daşlığa salıb səyirtmədilər,
Adları kişi oldu, ömürdə bircə kərə
kişilik etmədilər.
Onlar öləndə belə kimsə xəbər tutmadı.
Bu səssiz, küysüz ölüm kimsəni ağlatmadı.
Çoxdan ölmüş zənn edir, axı, hamı onları.
Diri ikən, sağ ikən,
Öz səsi olmayanın ölümü səssiz keçər.
Min-min dəfə ölənin matəmi yassız keçər.
Qardaş, min duyğu ötsün ürəyindən bir anda.
Sən qımışma güləndə, inləmə ağlayanda.
Ağlasan, hönkür ağla, gülsən, qəhqəhə çək, gül.
Gülsən də, ağlasan da tamam doysun qoy könül.
Yaşamaq istəmirəm sürünüb dizin-dizin,
İstəyirəm ən uca zirvələrə mən qonam.
Xəfif sakitliyini neyləyirəm dənizin.
Onun qasırğasına, dalğasına vurğunam.
Qoy döysün yağış məni, boran məni, qar məni,
Həyatın boranları daim yaşadar məni.
İstəmirəm həyatım sakitcə bir otaqda
gəlib keçsin lal kimi...
İstəyirəm döyüşəm qayaların başında
düşmənlə qartal kimi.
Bağçadakı arx kimi ötüb həzin nəğmələr,

__________________Milli Kitabxana_________________
13
axmağı istəmirəm.
Səyyah olub həyata seyirçi bir nəzərlə
baxmağı istəmirəm.
Çağlamaq istəyirəm dağda şəlalə kimi,
Səpilmək istəyirəm çöllərə lalə kimi.
Dərya olub, nəhr olub, çalxanmaq istəyirəm,
Göylərdə ulduz kimi mən yanmaq istəyirəm.
Şığımaq istəyirəm başsız küləklər kimi,
Bəslənmək istəyirəm bütün ürəklərdə mən
arzu, diləklər kimi.
Bir rəngi yox, göylərin min rəngini sevirəm.
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uca dağ istəyirəm;
Həyatı həyat kimi yaşamaq istəyirəm,
Yaşamaq istəyirəm!
May, 1960
KİMDİR MƏNİM DÜŞMƏNİM?
Kimdir mənim
Ən qorxulu düşmənim?
Kaş biləydim bunu mən.
O zərbə vurmamışdan
Kəsəydim yolunu mən.
Kimdir mənim
Düşmənim?
Yaxşımı qoyub
Yamanımı danışanmı?
Yox!
Eyblərimi deyib
Arxamca gülənmi?
Yox!..
Mənim nöqsanlarımı
Məndən yaxşı bilənmi?
Yox! Yox! Yox!

__________________Milli Kitabxana_________________
14
Onların gözlərini
Taxaydım öz gözümə.
Özgələrin gözüylə
Baxaydım öz-özümə.
Bacarsaydım bunu mən
Bu dünyada nə dərdim...
Mən onda öz-özümü
Daha yaxşı görərdim.
Onda eyiblərimə
Özüm düşmən olardım;
Görsəydim öz-özümü,
Onda mən, mən olardım! Ah!..
Məni məndən gözəl
Görə bilən dostlarım,
Arxamca qəh-qəh çəkib
Mənə gülən dostlarım,
Gülün, elə gülün ki,
Çatsın qulaqlarıma
Sizin gülüşləriniz.
Yamanımı danışın,
Elə danışın ki, siz
Mən də xəbərdar olum.
Danışın, qoymayın ki,
Mən özümə vurulum.
Ən qorxulu düşmənin
Gələrəm öhdəsindən,
Ancaq özüm özümlə
Bacara bilmirəm mən,
Bacara bilmirəm mən.
Özüm öz əllərimlə
Bir gün bal içirəmsə,
Bir gün zəhər içirəm.
Mən həyat yollarından
Ayaqlarımla deyil,
Əqidəmlə keçirəm.
Aprel, 1960

__________________Milli Kitabxana_________________
15
ÖZÜMDƏN NARAZIYAM
Təbiətin könül açan
Min rəngi, min səsi var.
Hər könülün min arzusu,
Min səsli nəğməsi var.
Bu arzular, bu nəğmələr,
Bu səslər bir saz kimi
Mənim solğun sözlərimdə
Heç dil aça bildimi?
Hissim dərin, sözüm solğun,
Qəlbim geniş, sinəm dar.
Məndən əvvəl doğulubdur
Sinəmdəki duyğular.
Səhv atılan addımları
Sonradan anlayıram.
Baxıb vicdan güzgüsünə
Özümü danlayıram.
Six ey yanlış addımlarım,
Məni dərdə saldınız.
Mən sizinlə döyüşdükcə,
Gün-gündən çoxaldınız.
Mən haqq-hesab istəyirəm
Gecələr gündüzümdən.
Narahatam, narazıyam
Ömrüm boyu özümdən.
Bizim sənət dünyasının
Qırıq telli sazıyam.
Bircə ondan razıyam ki,
Özümdən narazıyam.
İyul, 1960, Riqa

__________________Milli Kitabxana_________________
16
ANA HƏDİYYƏSİ
Anam namaz üstə əl açıb göyə
Allaha yalvarır "ya rəbbim! - deyə:
- Sənsən xəlq eliyən göyləri, yeri,
Candan şirin olur bala, ay Allah.
Sən mənim ömrümdən kəsib illəri,
Balamın ömrünə cala, ay Allah!
Bu nədir? Arzuya, diləyə bir bax,
Gör bir nələr keçir ana qəlbindən?
Çoxdur bu dünyada hədiyyə... ancaq
Ömürdən hədiyyə görməmişəm mən.
İstərəm, bir ana, bir bala sözü
Lüğətdə sözlərin önündə gedə.
Uca olduğundan ananın özü
Ucadır, böyükdür hədiyyəsi də.
Çoxdur hədiyyələr insan adına:
Qiymətli ziynətlər, qiymətli daşlar.
Ana həyat verir öz övladına,
Həm də öz ömründən ömür bağışlar.
Avqust 1962, Şəki
VƏTƏNDƏN-VƏTƏNƏ
Arazın
bu tayı Vətənim,
o tayı Vətənim.
Vətəni görməyə amanım yox mənim.
Bu necə vətəndir?
Görmədim üzünü
Çatsam da bu yaşa
Ömründə bir dəfə.
Bəs salam verməzmi
Qardaş da qardaşa?

__________________Milli Kitabxana_________________
17
Bu qəmim, bu dərdim dağlardan ağırdı
Arazın suyuna qarışıb axıram.
Füzuli həsrətlə qürbətdən Vətənə baxırdı,
Mən isə...
Vətəndən-Vətənə baxıram.
Oktyabr, 1962
SƏADƏT NƏDİR?
Nəsir Sadıqzadəyə
Səadət nə demək?.. - bu sualla mən
Özümü çox yordum, tapa bilmədim.
Səadət nə demək?.. Bir tələbəykən,
Məktəbi axıra vurmaqdır, - dedim.
Məktəbi bitirdim, işə də girdim
Səadət bumudur? Yox, bu deyilmiş!
Böyük dahiləri oxuyub gördüm
Çoxları sevgini səadət bilmiş.
Sevdim! Gecə-gündüz yandım şam kimi
İztirab... Göz yaşı... Min qan, min qada.
Tapmadım yenə də səadətimi,
Eşqin əzabları şirin olsa da...
Evləndim, həsrətə son qoymaq üçün,
Qurtardı o şirin iztirablar da.
İndi də, qayğılar artdı günbəgün
Dedim: - Ay səadət, hardasan, harda?
Səadət üfüqmüş... əl çatmaz ona,
Aydın görünsə də o, bizə gendən.
Arzular sığışmır onun yoluna,
Səndən uzaqlaşır yeridikcə sən.

__________________Milli Kitabxana_________________
18
Seyr edib yaxını, gah da uzağı
Bir az seçə bildim qaranı ağdan.
Yaxşı görmək üçün uca bir dağı
Gərək sən baxasan ona uzaqdan.
Evləndim... hicrana son qoymaq üçün
Qurtardı həsrət də, xoş intizar da.
İndi də qayğılar artdı günbəgün.
Dedim: - Ay səadət, hardasan, harda?
Bəlkə də səadət elə budur, bu:
"Hardasan, hardasan, gəl-gəl" - deməkdir.
Bəlkə də səadət ömrümüz boyu
Nəyisə... gözləmək... hey... gözləməkdir.
Tapdım səadəti dara düşəndə,
Alıb öz gücümü xəyallarımdan.
Kiməsə... nəyəsə... hardasa... mən də,
Gərək olduğumu bildiyim zaman.
Çıraq ol! Nurunu artır günbəgün
Hər yerdə həyatın boğ zülmətini.
Məncə, çıraq olub başqalarıyçün
Yananlar tapıbdır səadətini!
Aprel, 1962
  1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə