Milli Kitabxana



Yüklə 9.66 Kb.
PDF просмотр
səhifə10/16
tarix08.12.2016
ölçüsü9.66 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

DANYERİ
Son zamanlar ABŞ-da "Başqa cür düşünən-
lər"in adı "qara siyahıya" düşür. Bu siyahıya
düşənlərdən biri də məşhur fizik, "Xalqlar
arasında sülhü möhkəmlətmək üçün" bey-
nəlxalq Lenin və Nobel mükafatları laureatı
Laynus Polinqdir.
(qəzetlərdəri)
-
Mənim fikrim,
sənin fikrin, onun
fikri... Bu nə demək?
Bir ölkənin milyon-milyon vətəndaşı
Başqa-başqa düşünərsə
Bəs hökumət nəyə gərək?
Biz hamımız bir fikrin
bir səsiyik.
Laynus dedi: - Yox, yox, məgər
Biz hamımız bircə rəngli
İnkubator cücəsiyik?
Yoxmu mənim öz varlığım,
öz nəfəsim?
Axı, neçin boğulmalı

__________________Milli Kitabxana_________________
193
mənim sözüm,
mənim səsim?!
Susdurdular dərhal onu –
"Haqq" adından haqq oğlunu.
"FBR"in düzəltdiyi
Müdhiş qara siyahıya
Artırıldı bir nəfər də.
Adlar deyil,
düşüncələr yanıb susdu.
Susub yandı o dəftərdə.
Hökumətlər cərgəsində
Öz yerin var.
Hidrogenin, atomun var.
Tankların var, topların var.
Nələrin var, Nələrin var!
Qüdrətini, qüvvətini
Ağır-ağır silahlara sən vermisən
Bəs eyləsə, niyə qorxdun?
Qorxun nədir - bilirmisən?
Ürəyinin ortasından
Bir səs dedi: haqqa sığın!
Sənin qorxun - haqsızlığın!
Atomunla, raketinlə
Sən elə zənn eləmə ki,
Hakimisən yerin,
göyün.
Boş havadır səsin, küyün.
Silahlara arxalanan sənin gücün –
zəifliyin,
acizliyin,
gücsüzlüyün.
Haqqın uzun ipinə bax, o yumaqda
əməllərin
düyün-düyün...
Heç xəbərin yox özündən.

__________________Milli Kitabxana_________________
194
Yarpaqları sol tərəfə əyən külək
sağdan əsir.
Onu soldan axtarma sən.
Orda, burda sən özünü çox öyürsən,
Əslindəsə, Sən qorxudan uçunursan,
üşüyürsən.
Qorxmadığın bir məmləkət
de, varmı heç?
Belə qanlı silahları olan ölkə
qorxarmı heç?
Sən qorxursan dünən, bu gün.
Min hidrogen bombasından
qorxuludur sənin üçün
qanan bir baş,
yanan ürək!
Sən atomdan qorxmamısan
Bir fıkirdən, düşüncədən
qorxduğuntək!
Boyalan həqiqətdən,
Həqiqəti rəzalətdən
Öz gözüylə gördüyünü boş nağıldan
Seçə bilən,
bir ağıldan,
niyə qorxdun? –
Bilmirəm mən!
Əgər o, bir böhtançısa,
yalançısa,
Niyə onun dediyini
Məmləkətdən gizlədirsən?
Niyə onu həbs edirsən?
Milyon-milyon qoşunun var.
O isə tək.
Niyə qorxdun?
Təkbaşına Laynus sənə neyləyəcək?
Dəhşətlidir "qara dəftər" –
Qananların,
haqq oduna yananların

__________________Milli Kitabxana_________________
195
siyahısı!
Başlarını yerə dikib
Qoyun kimi otlayanlar –
Əsarəti hürr sayanlar,
Bu Vətənin hər neməti, sizə ehsan!
Ey Vətənçün alışanlar,
Susmayanlar, danışanlar,
Qismətiniz ölüm, zindan!
Atomun var, raketin var,
Sən qorxursan.
Bu qorxunun ağırlığı
Sənin haqsız işlərinin
Çəkisidir,
dəyəridir.
Üfüqdəki al rəngə bax,
Dan yeridir,
Dan yeridir!
1972
ŞAİRLƏRİ ÖLDÜRÜRLƏR
Müstəbidlər başa düşmür şairləri.
O zaman ki başa düşür, fərman verir ölümünə
A. Voznesenski
Öldürdülər Nerudanı.
Öldürdülər ömrü boyu
Qəm çəkəni, dərd udanı,
Öldürdülər azadlığın nəğməsinə
Nəğməsilə saz tutanı...
Öldürdülər şairləri
Kimisini birdən-birə
Bıçaq ilə,
Güllə ilə.
Kimisini

__________________Milli Kitabxana_________________
196
ürəyinə yeridərək söz zəhərin
gilə-gilə...
Öldürdülər,
hədə ilə,
qorxu ilə,
təhdid ilə...
Öldürürlər şairləri,
qana-qana.
Bilə-bilə.
Şairlərin dillərini bağlayanda
Öldürdülər onları öz əllərilə...
Ürəyini dəlib çıxan
fikirləri demək üçün,
Şair dözər hər zülümə.
Dodağını kilidləmək
Şair üçün bərabərdir
min ölümə!
Öldürürlər şairləri –
Öldürürlər, xəyalları,
fikirləri...
Yox-yox!
Fikir ölə bilməz.
O, şairin özündə yox,
sözündədir.
Ədalətlə cilalanan,
Həqiqətdən qüvvət alan
Qadir sözün qabağında
Güllə nədir,
atom nədir?..
O deyəcək öz sözünü.
Qaynayacaq, o daşacaq,
o coşacaq.
Söz - həmişə Ədalətin düşmənilə
vuruşacaq!
Söz - yerlərdə sürünməmiş,
Dodaqlarda çiçək açmış.
Doğru sözün qabağında

__________________Milli Kitabxana_________________
197
Yalan sözün rəngi qaçmış.
Söz-nəbzidir,
haqq səsidir zəmanənin,
Aynasıdır zəmanənin.
Ey müstəbid, dünənə yox,
bu günə bax!
Sən aynanı sındırmamış
O aynada
Öz eybəcər üzünə bax!
Yalanların boyasıyla
bəzəsən də üzünü sən,
O aynada görəcəksən
düzünü sən!
Yaxşı görür
Şairlərin iti gözü
Yalan ənlik-kirşanın
Dalındakı murdar üzü!
Haqla-nahaq,
Gerçəkliklə yalançılıq
üzləşdiyi gündən bəri,
Öldürürlər şairləri...
Haqq istəmək, Düz danışmaq
hələ qalsın bir tərəfə
Göz yaşı da,
hıçqırıq da
Yasaq olan bir ölkədə
Qatı zülmət işıqlıqda,
nur kölgədə...
Buna dözmək?
Necə dözmək?
Xunta qeyri-qanunidir.
Əxlaqsızın törəməsi
bicə dözmək,
Necə dözmək?
Oktyabr, 1973

__________________Milli Kitabxana_________________
198
50 YAŞIM
Mən necə oldu ki, çatdım əlliyə? –
Yox, deyə bilmərəm,
Dedilər: - Niyə?
Bir içim su kimi içdim mən onu.
Əllicə an imiş, demə, əlli il.
İllərin nə təhər sovuşduğunu
Bilərək yaşamaq, yaşamaq deyil.
Bilmədim...
Könlümün həyəcanları,
Qovladı bu dağdan o dağa məni.
Ömrün arzu dolu pilləkanları
Uçurdu budaqdan-budağa məni.
Gün doğdu...
Həvəslə,
Yanan ürəklə
Çalışdım, vuruşdum...
Gün axşam oldu.
İli qarşıladım təzə diləklə,
Bir də ayıldım ki, il tamam oldu.
Yol getdim...
Saymadım yağışı, qarı.
"Məqsədə tələsən dincəlməz" - dedim.
Yanımdan ötüşdü verst ağacları,
Macalım olmadı, saya bilmədim.
Elə qanadlandım,
Mən elə uçdum,
Sürətim döndərdi ayı həftəyə.
Arzular ardınca göylərə uçdum,
Yerin təqvimləri yaramır göyə.

__________________Milli Kitabxana_________________
199
Zəhər də içmişəm, bal da yemişəm.
Ömrümün yolları min keşməkeşdə.
Mən vaxtı heç zaman gözləməmişəm,
Vaxt özü qapımı döyüb həmişə.
Məni yaşadan da təlatüm oldu,
Dalğalar qoynunda ötdü anlarım.
Mənim zaman ölçüm, vaxt ölçüm oldu,
Ölçüyə gəlməyən həyəcanlarım.
Mühit dənizidir önümdə masa,
Ləpədir ömrümün hər anı, qardaş.
Dalğalar ürəkdə baş qaldırmasa,
Həyatda axtarma dalğanı, qardaş.
Yaşadım, bildirib vaxta həddini
Dəli dalğaları mən yara-yara.
Yaşadım...
Eşq olsun vaxtın həddini
Özünə sığdıran çırpıntılara!
Zirvədən ötübdür, döşə qar yağır,
Yel əsir,
qapını qış döyür...
Nə qəm.
Əllimi xərclədim...
Xoşbəxtliyimdir,
Neçəm qaldığını deyə bilmərəm.
Gah müdrik qocayam, cah cavanam mən,
Yadıma salıram gah da ilkimi.
Könlümə sığmayan təlatümümdən
Yaşadım əllimi bircə il kimi.
1975

__________________Milli Kitabxana_________________
200
QOCALAR
Çənə əl üstündə, əl çomaq üstə
Qocalar əyləşir tin başlarında.
Sinə bayatılı, könül şikəsti,
Ömür varaqlanır yaddaşlarında.
Yaşıdlar köç edib, cavanlar işdə
Tək-tənha oturmaq son əlacları.
Həyatın amansız yalqızlığında
Tutur əllərindən əl ağacları.
Yumub gözlərini düşünür onlar.
Durur göz önündə ötən zamanlar.
Yerdə çuxur açır çomağın ucu,
Sonuncu həddinə dirənib ömür.
Dünyadan aldığı, dünyaya borcu
Nəymiş?
Düşüncənin sonu görüm
Çomağın ucuna dikib gözünü,
Onlar saatlarla oturar belə.
Fikir bir gəmi ki, bilinmir yönü,
Çırpmır, çıxammır ancaq sahilə.
Onlar düşündükcə boşalar, dolar.
Birdən düyün düşər fıkrin əvvəli.
Doqqazlar başında bizim qocalar
Düşüncə heykəli, fikir heykəli!
Əvvəllər deyərdim, onlar bu qədər
Bekarca oturub darıxmır məgər?
Kitab oxuyardım darıxmamqçün
Onların yerinə olsaydım əgər.
Bir qalın kitabmış hər ömür, demə,
Oxumaq istəsən, yum gözlərini.

__________________Milli Kitabxana_________________
201
Bukar deyilmişlər...
Ürəklərində
Onlar oxuyurmuş öz-özlərini.
Yanvar, 1976, Ağdaş
TƏSKİNLİK
İlləri dən kimi zaman üyütdü,
Ocaq heydən düşüb, köz qaralıbdır.
Ömrün yayı keçdi, bahan ötdü,
Ömrün iztirablı qışı qalıbdır.
Onu da bilmirəm, qalıb, qalmayıb?
Bəlkə köçəcəyəm qışa çatmamış.
Amma həyat eşqi heç azalmayıb,
Köçmək istəmirəm qışı dadmamış...
Fəsillər gözəli - bahardı, yaydı.
Qış - əzab fəslidir...
Barı - şaxta, qar.
Ömrün dadı-duzu arxada qaldı,
Öndə əzabım var, iztirabım var.
Vaxt boyu kiçiltdi, yaşı böyütdü,
Zaman verdiyini birbəbir alar.
Başımın üstündən ötdü, nə ötdü
İllərin köç edən səfi - durnalar.
Gözümə tor gəlir... Belədi gərdiş.
Başıma gələnlər qədərdən gəlib.
Demirəm, gözlərim toran gətirmiş,
Deyirəm, havaya duman, çən gəlib.
Ağlımla hər şeyi görürəm, nə qəm,
Baxmadan seçirəm qaradan ağı.
Baxıram, yaxını görə bilmirəm,
Uzağı görürəm, ancaq uzağı.

__________________Milli Kitabxana_________________
202
Dəmdən düşdüyümü bildirməsəm də,
Zaman öz işində, öz işindədir.
"Hiss edə bilmirəm yaşı" - desəm də,
Bilirəm yaş nədir, ömür, gün nədir?..
Mənim öz məclisim, mənim öz yerim,
Çılğın duyğulardan yaşım çəkindi.
Gözəl qız görəndə yanan gözlərim
Oğluma gözaltı axtanr indi.
Bəs bu nə sövdadır, bəs bu nə həvəs?
Ölümü özümdən gen sayıram mən.
Cavanlar yanında bu nədəndi bəs
Yaşımı deməyə utanıram mən?
Ürək bu dünyadan küsdü, incidi,
Yaşımı birisi salırkən yada.
Dünya uşaq idi, dünya gənc idi,
Mənimlə bərabər qocalır o da.
Ayları, illəri çəkdim tarıma,
Yoxsa bezdirmişəm qoca dünyanı?
Yaşımı artırıb həmyaşlarıma
Uşaq tək baxdığım günlərim hanı?
Özümdən irəli baxırdım onda,
İndi arxadadır qəsdim, gümanım.
Dumanlı xatirə yağışlarında
İslanır ürəyim, islanır canım.
Kədərli anlarda anıram hərdən
Kimlər gəlib keçdi, dünyadan kimlər?
Bu, niyə belədir?
Yaşlaşdıqca mən
Oyanır ruhumda çox-çox qədimlər...
Atam, babam girir yuxuma tez-tez,
Ardıqca rəngbərəng əməllərimi.
Yuxumda atamla atam kimi yox,
İndi danışıram həmyaşım kimi...

__________________Milli Kitabxana_________________
203
Nədir bu təlaşlar, heç sorma, könlüm,
Üzməsin bu yolda kədər, qəm səni.
İtən gəncliyini axtarma, könlüm,
Axtarsan, qorxuram itirəm səni.
Təzə pöhrələrə o məğrur günəş
Verib istisini qüruba endi.
Mənim itirdiyim o od, o atəş
Oğlumun gözündə alışır indi.
Dünya təzələnsin! Görüşüb qışla,
Bu haqqı həm bilən, həm danan mənəm.
Köhnə dünyamıza təzə baxışla
Övladlar gözündən boylanan mənəm.
İyul, 1978
TAPMAQ - İTİRMƏK
Bir eniş var
sonunda
Hər dikin,
Hər yoxuşun.
Yerə bir enmək də var
Uçuşunda hər quşun...
Bu yollar dolay-dolay,
Fikirlər qoşun-qoşun.
Dolaşırıq dünyanı
Əldə dəmir bir əsa,
Ayaqda dəmir çarıq.
Biz tapdıqca itirir,
İtirdikcə tapırıq.
Həvəsimiz, meylimiz
Gah suyadır, gah oda.
Tapdığımız qədər də
İtiririk dünyada.

__________________Milli Kitabxana_________________
204
Sonda sevincə dönür
Çəkdiyimiz əzablar.
Uduzduğum - ömürdür,
Qazandığım - kitablar.
Nehrəni çalxamadan
Süd də dönüb yağ olmur.
Nəyisə itirmədən
Nəyisə tapmaq olmur.
Hər gəliri-çıxarı
Çəkir mizan -tərəzi.
Hər əyləncə, hər səfa
Bir cəfanın əvəzi!
Qazancın iki ucu:
Həm xeyri, həm bəlası –
Yollardakı qəzalar
Sürətin öz bahası...
Nağıl döndü gerçəyə:
Bu məqamda biz artıq
Sürəti yox,
əyləci
Tapana minnətdarıq.
Hara gedir bu sürət –
Hara gedir bu gərdiş?
Bizim yaratdığımız
Bizə qənim kəsilmiş.
İztirabsız bir fərəh,
Əziyyətsiz bəhər yox.
Həyatın qiymətini
Ölümlərə borcluyuq.
Könül duymaz sevinci
Ona zülüm olmasa.
Həyat bizi bezdirər
Əgər ölüm olmasa.

__________________Milli Kitabxana_________________
205
Həvəsimiz, meylimiz
Gah suyadır, gah oda.
Tapdığımız qədər də
İtiririk dünyada.
İyul, 1980
CAVAB
İranda Azərbaycan xalqının milli varlığını danan,
xalqımızı farslardan dönmə hesab edən "alimlər"
peyda olmuşlar. Bunlardan biri də milliyyətcə azər-
baycanlı olan Yəhya Zəkadır.
Özgə qapısına daş atan – azğın,
Sən özgə daşını özünə atdın.
Özgəyə qənimi çox eşitmişik,
Özünə qənimi sənmi yaratdın?
Nədir bu böhtanlar, bu uydurmalar?
Fitnə kökündədir çaldığm bu saz.
Siyasət fitinə könülsüz, naçar
Zaman oynasa da, tarix oynamaz.
Zamanın süzgəci narından narın,
Keçirir hər sözü neçə ələkdən.
Özünə qalacaq uydurmaların,
Gördünmü zir-zibil keçə ələkdən?
Mən yaxşı bilirəm məqsədin nədir,
Uydurma tarixin məramı nəymiş.
Nəsimi, Füzuli, Xətai, Sabir Səncə,
Firdovsinin yetimləriymiş.
Sənin şanın hanı, şərəfin hanı?
Əyilmə özgəyə öz mənzilində.
Nənən bayatını, anan laylanı
Niyə çağırmadı bəs fars dilində?

__________________Milli Kitabxana_________________
206
Altay dağlarını baban aşanda,
Ağan bu cürəti heç danmamışdı.
Qorqud öz dilində nəğmə qoşanda
Sədinin qəzəli yaranmamışdı.
Tarixlər yaradıb tarixdən qədim
Bu xalqın qılıncı,
Bu xalqın sözü.
Bəs necə oldu ki, ey dönük alim,
Biz olduq özgənin tör-töküntüsü?
Cırtdan nağılını danışdı nənən,
Bu nağıl qanana ibrətdir bu gün.
Divə əyilmədi Cırtdan...
Amma sən
Qarğa qabağında sərçəyə döndün.
Ey sözündən əmin, özündən razı,
Yalanı söylədin kimin adından?
Ananın laylası, atanın sazı,
Babanın ocağı çıxdı yadından?
Anan duasında dedi: "Ya Allah,
Balamın həmişə üzü ağ olsun.
Elə yaşasın ki, el ona pənah,
O da el-obaya bir dayaq olsun".
Dayaq olmalıykən öz elinə sən,
Elin kürəyində bir bıçaq oldun.
Sən igid olmalı, ər olmalıykən,
Özgənin əlində oyuncaq oldun.
Bu halda sən kimsən, nəçisən, düşün,
Xalqının başmda özgə yumruğu!
Ömrünü-gününü qoltuqda sürdün,
Səni isitdimi özgə qoltuğu?
Su töküb özgənin dəyirmanına,
Özün inandınmı öz yalanına?

__________________Milli Kitabxana_________________
207
Çəkdiyin boyalar pozuldu yenə,
Yağanda zamanın gur yağışları.
Tarix sillə kimi çəkdi üzünə
Özgədən aldığın o alqışları.
Özgənin şoruna sən qaymaq deyib,
Demə öz südünə bulama, Yəhya,
Sən bu gün tüpürüb öz boşqabına,
Özgə boşqabını yalama, Yəhya!
De, hardan öyrəndin sən bu oyunu?
Qamış tapılmadı ölçəm boyunu.
Sən öz bostanının kəsib suyunu,
Özgə bostanını sulama, Yəhya.
Onsuz da özgəyə sən yadsan, oyan,
Canını versən də boyatsan, oyan.
Sən onun əlində alətsən, oyan,
Özünü özgəyə calama, Yəhya!
Ağan hökm elədi... haqq bildin onu,
Yerinə yetirdin hər buyruğunu.
Söyüb öz dədəni, sən quyruğunu
Özgənin önündə bulama, Yəhya!
Sən ki, inanansan Allaha, dinə,
Bəs bu nə lotuluq, bəs bu nə fıtnə?
Sən öz çirkabına,üfunətinə
Gəl, bu boyda xalqı bulama, Yəhya!
Qatma yad mayası sən öz nehrənə,
Söymə təndirinə, söymə təhnənə.
Özgə məhləsindən sən öz məhlənə
Belə cani-dildən ulama, Yəhya!
1984

__________________Milli Kitabxana_________________
208
LƏZZƏTİ - AĞRISI
Gülün ləçəyində od varaq-varaq,
Bilmirik hardandır bu rəng, bu ətir.
Gül də iztirabdan doğulur, ancaq
Rəngi də, ətri də yanmaqdan gəlir.
Yanır önümüzdə ocaq gürhagur,
Biz də qızınırıq alışan oda.
Bilmirik, ağacın can ağrısıdır
Alışan kösöyün alovları da.
Oturub evində yalnız həzz üçün
Şerimi oxuyan oxucum,
Düşün!
Sənin ürəyinə istilik verən
Bu duyğu, bu alov hardandır, görən?
Düşün, sən düşün!
Ətrimi iylədin, rəngimi gördün.
"Gözəldir" - dedin!
Ancaq bilmədin,
O rəng, o ətir
Böyük bir yanğıdan bircə qətrədir.
Oxu dərin dərin, duy dərin-dərin,
Ey mənim könlümü təftiş edənim.
Duysan, bilərsən ki, bu şeirlərin
Ləzzəti sənindir, ağrısı mənim.
İyul, 1982
OXUCU MƏKTUBU
Məktublar alıram oxuculardan,
Məktublar nur dolu, təşəkkür dolu.
Bir bələdçi olub mənə çox zaman,
Göstərir haqq yolu, doğru-düz yolu.
Oxucu məktubu! Şirindən şirin

__________________Milli Kitabxana_________________
209
Könlümə dayaqdır onun hər biri.
Dedi bu məktublar
Tənqidçilərin
Deyə bilmədiyi çox mətləbləri.
Oxucu məktubu! Möhtacam mən də
Sənin könül açan sözünə hər gün.
Bəzən öz-özümdən şübhələnəndə,
İnamsız qəlbimdə inama döndün.
Oxucu məktubu!
Düşünənlərin
Könül hıçqırığı, ürək nidası!
Yazdığım nəğmənin, yazdığım şeirin
Bir müddət sonrakı əks-sədası!
Səndən ey oxucum, çox bilmirəm mən,
Məqsədim deyildir ders vermək sənə.
Məqsədim - qəlbimdə alışan oddan
Atəş çiləməkdir sənin qəlbinə.
Həqiqət naminə yaşayanların
Qəlbində alışar, döyünər bu od.
Yoxu var,
əyrini düz sayanların
Könlündə köz tutmaz, tez sönər bu od.
Bu od əmanətdir Nəsimilərdən,
Şairlər qoruyub yaşatmış onu.
Bu odun nuruyla hər xalq, hər vətən
Açmış həqiqətin, haqqın yolunu.
Bu odun istisi yaşatmış bizi,
Zülmətdən keçirmiş mənliyimizi.
Günəş alışmasa, gün doğmaz yəqin.
Həqiqət görünməz!
həqiqət budur!
Bir xalqın sağlığı - şairlərinin
Alışıb yandığı oda borcludur.

__________________Milli Kitabxana_________________
210
Şair - od qaynağı, şeir - güllədir.
Barıtsız şeirə şeir deyilməz.
Şairi olmayan bir xalq kütlədir,
Amalsız bir kütlə xalq ola bilməz.
Oxucu məktubu! Düşünənlərin
Könül hıçqırığı, ürək nidası.
Yazdığım nəğmənin, qoşduğum şeirin,
Bir müddət sonrakı əks-sədası!
Mən tək, siz çoxsunuz...
hər birinizə
Cavab yazammıram...
Ancaq mən sizə
Borclu da qalmıram,
Ürək sözlərim
Kağızlar üstündə şırım-şırımdır.
Ünvanı siz olan mənim hər şeirim
Sizə göndərdiyim məktublarımdır.
İyul, 1981
VAXT
Uşaqlığım,
Gəncliyim,
ahıllığım - eynimi?!
Yox, hər biri başqadır, bir-birinə yad kimi
Gələn qovur gedəni. İnkar edir mən, məni...
Ömrün hər pilləsində başqalaşır təbimiz,
Dünyada məqsədimiz, dünyadan tələbimiz.
Vaxt məni pərvanətək başına dolandırır,
Dünən qanmadığımı bu gün mənə qandırır.
Kim döşünə döyər ki,
Mən vahidəm, mən birəm!
Bircə bunu bilirəm: mən güclüyəm, qadirəm.

__________________Milli Kitabxana_________________
211
Mən gücsüzəm, acizəm təkcə vaxtın əlində.
Ömrün o sahilinə əlim yetə bilməyir
Ömrün bu sahilində.
Hanı gözümün nuru, Hanı qəlbimin qoru?
Kimdir udan, uduzan zaman ilə arzunun
əbədi yarışında?!
Saçımın ağlığında, alnımın qırışında
Zaman necə at çapır, yüyəni öz əlində.
Oğulsansa, tap görək, kimdir atın belində!
Mən öz azadlığıma tanrı dedim, haqq dedim
Bir hökmə, bir fərmana mən başımı
əymədim.
Amma vaxtın dalınca
Ömrüm boyu qul kimi necə sürünmüşəm mən,
Qolumdakı saatın quluna dönmüşəm mən.
1985
LAYİQƏMMİ MƏN?
Atalar sözləri öyüddür bizə
Yüz illər, min illər deyiləcəkdir.
"Elə yaxşılığı, sən at dənizə,
Balıq bilməsə də, xalq biləcəkdir".
Mən xaliq demədim,
Xalq dedim...
Nədən?
Xalqımdır, elimdir xaliqim mənim.
Onun dostlarına dost demişəm mən,
Onun düşmənidir, mənim düşmənim.
İşıqsız, qapalı bir göz, de, gözmü?
Yaşamaz sünbüldən düşən dən, ayrı...

__________________Milli Kitabxana_________________
212
Xalqın zərrəsiyəm...
heç gördünüzmü
Bir zərrə yaşasın kütlədən ayrı?
Sənsən qüvvət verən sətirlərimə,
Sənsiz özüm də heç, sözüm də hədər.
Damla zəhmətimə, zərr şeirimə,
Sənsən qiymət verən dəryalar qədər.
Baxdın şairinə bir ömək kimi,
Dikdin üzümüzə baxışlarını.
Biz hara getdiksə,
Gül-çiçək kimi,
Səpdin başımıza alqışlarmı.
Sevgin gözlərində bizi böyütdü,
Öyündün bizimlə, ey xalq, ey Vətən!
Həmişə qəlbimdən bir sual ötdü:
Sənin hörmətinə layiqəmmi mən?
Onu bilirəm ki, sən elə sənsən,
Gücüm də səndədir, səadətim də.
Yaxşını yamandan yaxşı seçənsən,
Sənə bənzəyəydim dəyanətimdə.
Onu bilirəm ki, öz tanrım kimi
Həmişə fikrimdə, ürəyimdəsən.
Onu bilirəm ki, şeirlərimi
Yazan mən oldumsa, yazdıran sənsən.
Xalqa arxalanan xalq sevərlərin
Özü də xalq üçün arxaya döndü.
Xalqa arxasını çevirənlərin
Arxası həmişə yerdə süründü.
Tanıtdın adınla övladlarını,
Uçdular qırılmaz qanadlarınla.
Xalqlar cərgəsində dönüb özün də
Tanındın namuslu övladlarınla...

__________________Milli Kitabxana_________________
213
Hər bir övladmm qələbəsindən
Boy alıb ömrünə gün qazanmısan.
Ürəyi ürəklə qarşıladın sən,
Sənə qul olanı allah sanmısan.
Sevgin gözlərində bizi böyütdü,
Öyündün bizimlə, ey xalq, ey Vətən!
Həmişə qəlbimdən bir sual ötdü:
Sənin hörmətinə layiqəmmi mən?
1974
1   ...   6   7   8   9   10   11   12   13   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə